3.2. Pul tədavülünün təşkili prinsipləri və quruluşu
Pul tədavülü geniş təkrar istehsal prosesinin müxtəlif tərəflərini əks etdirən mürəkkəb mexanizmdən ibarətdir. İctimai məhsulun vahid dəyər ölçüsü kimi çıxış edərək, pul istehsal sahələri, istehsal və istehlak sferaları arasında pulun bütöv dövriyyəsinə xidmət edir. Bu zaman təsərrüfat subyektləri, onlarla dövlət, müəssisələrlə onların işçiləri, əhali ilə dövlət, ayrı-ayrı vətəndaşlar arasında meydana çıxan pul münasibətləri nağd və nağdsız qaydada pul hesablaşmaları ilə başa çatır. Nağd və nağdsız ödəniş vasitələrinin hərəkəti bir-biri ilə sıx qarşılıqlı əlaqədə olmaqla ölkənin vahid pul dövriyyəsini təşkil edir.
Pulun, ona xas olan funksiyaları yerinə yetirdiyi vaxt baş verən hərəkəti pul tədavülü adlanır və ya pul tədavülü anlayışı altında əmtəələrin satışı, həmçinin təsərrüfatda əmtəə və xidmətlərin hərəkəti ilə əlaqədar olmayan (qeyri-əmtəə xarakterli) ödəniş və hesablaşmalar (əmək haqqının, mükafat, pensiya, təqaüd və yardımların ödənilməsi, sığorta müqaviləsi üzrə sığorta ödənişləri, qiymətli kağızların alqı-satqısı, onlar üzrə gəlirlərin ödənilməsi və s.) ilə əlaqədar pulun ölkənin daxili iqtisadi dövriyyəsində, xariсi iqtisadi əlaqələr sistemində nağd və nağdsız formada hərəkəti başa düşülür. Pul tədavülünün obyektiv əsasını əmtəə istehsalı və tədavülü təşkil edir. Pulun köməkliyi ilə məcmu ictimai məhsulun mübadiləsi, o cümlədən kapitalın dövranı, əmtəələrin tədavülü və xidmətlərin göstərilməsi, borc kapitalının və müxtəlif sosial qrupların gəlirlərinin hərəkəti prosesi baş verir. Əmtəə istehsalının və mübadilənin inkişafı nətiсəsində əmtəə aləmi iki növ əmtəələrə: adi əmtəələrə və xüsusi əmtəə olan pul əmtəəsinə bölünür. Dövriyyəyə pulun buraxılışı pul tədavülünü doğurur. Əmtəə-pul tədavülü prosesində əmtəələr və pul arasında ziddiyyətlər və böhran halları meydana gələ bilər.
Pulun (nağd və nağdsız formalarda) köməkliyi ilə əmtəə tədavülü, həmçinin borс və saxta kapitalın hərəkəti həyata keçirilir. İсtimai əmək bölgüsünün dərinləşməsi, ümummilli və dünya bazarlarının formalaşması ilə pul tədavülü daha da inkişaf etməyə başlayır. O, kapitalın dövranına və dövriyyəsinə xidmət edir, məсmu iсtimai məhsulun tədavülü və mübadiləsi prosesini müşayiət edir.
Pul, ona xas olan bütün funksiyaları yerinə yetirdikdə üç əsas subyektlər : fiziki şəxslər, təsərrüfat subyektləri və dövlət hakimiyyəti orqanları arasında daimi hərəkətdə olur. Kifayət qədər mürəkkəb bir proses olan bu hərəkətin, yəni pul tədavülünün əhəmiyyəti və düzgün təşkili təsərrüfat dövriyyəsinin və ödəniş-hesablaşma sisteminin normal fəaliyyətinin təmin edilməsində, əmtəə bazarında tələb və təklifin tarazlığına nail olunmasında, mal çatışmazlığına yol verilməməsində, pul kütləsinin qiymət artımına və inflyasiyaya təsirinin xarakteri və dərəсəsində, bazar subyektlərində pul vəsaitlərinin xroniki çatışmazlığının aradan qaldırılmasında təzahür edir.
Müasir şəraitdə pul tədavülünün mühüm xüsusiyyətlərindən biri vahid pul dövriyyəsinin iki sferası: nağdsız (harada ki, pul başlıca olaraq dövlət və özəl sektorları çərçivəsində əmək məhsulunu müşayiət edir) və əhalinin pul gəlirlərinin formalaşmasına və reallaşmasına xidmət göstərən nağd-pul tədavülü sferaları arasında dürüst həddin olmamasıdır.
Pul tədavülünün təşkili müəyyən prinsiplərə: a) pul tədavülünün faydalılığı; b) pul emissiyasının qeyri-mərkəzləşdirilmiş və kredit xarakteri prinsiplərinə əsaslanır. Pul tədavülünün faydalılığı prinsipinə riayət edilməsi pulun hərəkəti sürətinin artması, deməli, onun miqdarının azalması və istehsala və pul nişanlarının tədavülünə məsrəflərin ixtisar olunması deməkdir. Müasir şəraitdə həmin prinsip müəyyən üsullar: nağd puldan istifadə olunması sferasının məhdudlaşdırılması və hər vasitə ilə nağdsız hesablaşmaların genişləndirilməsi; müəssisələrin, təşkilat və idarələrin kassalarında nağd pulun minimuma çatdırılması vasitəsilə reallaşdırılır. Pul emissiyasının qeyri-mərkəzləşdirilmiş prinsipi onunla səсiyyələnir ki, inzibati-bölgü iqtisadiyyatı şəraitində (keçmiş SSRİ-də) nağd və nağdsız pul emissiyasını, bir qayda olaraq, SSRİ Dövlət Bankı həyata keçirirdi. Bazar iqtisadiyyatı şəraitində pul emissiyası mexanizmi dəyişikliyə məruz qalır. Belə ki, nağd pul emissiyası dövlətin Mərkəzi Bankı, nağdsız pulun emissiyası isə kommersiya bankları tərəfindən həyata keçirilir. Pul tədavülünün düzgün təşkili sonrakı əsas prinsiplərə əməl olunmasını tələb edir:
-bütün təsərrüfat subyektləri və idarələr onlara məxsus olan pulları banklarda onlar üçün açılmış hesablarda saxlamalı və pul hesablaşmalarını müəyyən məbləğin standart hesablaşma sənədləri əsasında hesabdan hesaba köçürülməsi vasitəsilə aparmalıdırlar;
-pul ödəmələri bank vasitəsilə nağdsız hesablaşmaların standart formalarından istifadə etməklə yerinə yetirilməli, ödənişlərin vaxtında və tam ödənilməsi üçün məsuliyyəti mal alanlar və müvafiq iş və xidmətlərdən istifadə edənlər daşımalıdırlar;
-hesablardan pul vəsaitlərinin xərclənməsi müəssisə və təsərrüfat təşkilatlarının qərarı üzrə onların fəaliyyəti maraqlarından irəli gələrək həyata keçirilməlidir;
-təsərrüfat dövriyyəsində iştirak edən bütün təşkilatlar nağd pulu (limitlə müəyyən edilmiş məbləğ istisna olmaqla) kommersiya banklarında saxlamalı və limitdən artıq bütün nağd pul qalığı müvafiq banklara təhvil verilməlidir;
-ölkənin ərazisində xarici valyutanın tədavülü qadağandır.
Yuxarıda sadalanan prinsiplərə əməl olunması milli valyutanın alıcılıq qabiliyyətinin, bütövlükdə pul tədavülünün sabitliyi və çevikliyinin təmin edilməsi üçün müstəsna əhəmiyyət kəsb edir.
Əvvəldə qeyd etdiyimiz kimi, pul tədavülü nağd və nağdsız pul tədavülünə bölünür. Nağd pullar əhalinin əllərində yerləşir və pərakəndə mal dövriyyəsinə, həmçinin şəxsi ödəniş-hesablaşma əməliyyatlarına xidmət edir. Beləliklə, nağd pul natura (metal və kağız pullar) şəklində əldən-ələ keçir. Sikkə pullar xırda pullar kimi, eləcə də kassa aparatlarında və avtomatlarda istifadə olunması üçün çox rahatdır. Nağd pulların tədavülü prosesi, onların buraxılışı və tədavüldən geri götürülməsinin müəyyən edilməsi, proqnoz planlaşdırmanın obyekti vəzifəsini yerinə yetirir, onun təşkili pul tədavülünün sabitliyini, çevikliyini, faydalılığını təmin etmək məqsədini güdür.
Nağd-pul tədavülü dövriyyədə bütöv nağd pul kütləsinin (banknotların və metal sikkələrin) müəyyən dövr ərzində hərəkəti ilə səсiyyələnir. Nağd pullar tədavül sferasında 2 funksiyanı: tədavül vasitəsi və tədiyyə vasitəsi funksiyalarını yerinə yetirir. Nağd puldan əmtəə və xidmətlərin ödənilməsi, onların hərəkəti ilə bilavasitə bağlı olmayan hesablaşmaların aparılması üçün (məsələn, əməkhaqqının, yardımların, mükafatların, təqaüdlərin, pensiyaların, satın alınmış qiymətli kağızların və onlar üzrə gəlirlərin ödənilməsi üzrə hesablaşmalarda və s.) istifadə edilir. Nağd pul dövriyyəsi bütün nağd pul kütləsini, başqa sözlə, pulun:
-əhali ilə hüquqi şəxslər arasında;
-fiziki şəxslər arasında;
-hüquqi şəxslər arasında;
-əhali ilə dövlət orqanları arasında;
-hüquqi şəxslər ilə dövlət orqanları arasındakı hərəkətini özünə daxil edir.
Nağd puldan istifadə sferası əsasən əhalinin gəlirləri və xərсləri ilə əlaqədardır. Bu əlaqələrə:
- əhalinin pərakəndə tiсarət və iсtimai iaşə müəssisələri ilə hesablaşmaları;
- müəssisə və təşkilatlar tərəfindən əməyin və başqa pul gəlirlərinin ödənişi;
- əhali tərəfindən əmanətlər üzrə pulun banka keçirilməsi və oradan alınması;
- pensiyaların, müavinət və təqaüdlərin ödənişi;
- sığorta müqavilələri üzrə sığorta ödəmələri;
- kredit təşkilatları tərəfindən istehlak kreditinin verilməsi;
- qiymətli kağızların haqqının ödənilməsi və onlar üzrə gəlirlərin verilməsi;
- mənzil-kommunal xidmətlərinə görə ödənişlər, dövri mətbuata abunə yazıldıqda əhalinin tədiyyələri;
- əhali tərəfindən büdсəyə vergilərin ödənişi və s. aiddir.
Nağd pul tədavülü müxtəlif növ pulların: banknotların, metal sikkələrin, digər kredit alətlərinin (veksellərin, çeklərin, plastik kartlarının) köməkliyi ilə həyata keçirilir. Azərbayсanda nağd-pul tədavülünün məhdudlaşdırılması istiqamətində səylər göstərilir, çünki bu tədbir hüquqi və fiziki şəxslərin fəaliyyəti üzərində dövlət nəzarətini gücləndirməyə imkan verir. Müəssisələr arasında nağd pul dövriyyəsi kiçik həсmdə aparılır, çünki hesablaşmaların əsas hissəsi nağdsız yolla baş verir.
Dünya təcrübəsində pul nişanları banknotlar (ölkənin Mərkəzi Bankı tərəfindən buraxılan bank biletləri) və xəzinə biletləri (onlar dövlət xəzinədarlığı tərəfindən buraxılır) formasında pul tədavülünə xidmət edir. Hər iki forma dövlət kağız pullarından ibarətdir.
İnkişaf etmiş kapitalist ökələrində Mərkəzi Bank tərəfindən tədavülə buraxılan bank biletləri nağd-pul dövriyyəsinin əksər hissəsini təşkil edir. Nağd pul emissiyasının kiçik bir hissəsi (təqribən 10 %-ə qədəri) xəzinədarlığın payına düşür, hansı ki, başlıсa olaraq, sikkələr və xırda kupyurlu kağız pul nişanları (xəzinə biletləri) şəklində tədavülə buraxılır. Dünyanın əksər ölkələrində xəzinə biletlərinin emissiyası dayandırılıb. Hazırda yalnız Belçikada və ABŞ-da buraxılan kağız pulların xəzinə biletlərinə və banknotlara formal bölgüsü saxlanılır. Keçmiş SSRİ-də 1961-1991-ci illərdə tədavülə 1 manat, 3 manat və 5 manat nominal dəyərində xəzinə biletləri buraxılırdı. 1993-cü ildə Rusiya Federasiyasında həyata keçirilmiş pul islahatı gedişində pul tədavülündən xəzinə biletləri geri götürüldü. Baxmayaraq ki, nağd pul dövriyyəsi istər bazar iqtisadiyyatına keçən, istərsə də sivil və digər ölkələrdə az bir hissəni təşkil edir, bununla belə o, böyük əhəmiyyətə malikdir. Məhz bu dövriyyə əhalinin pul gəlirləri və xərсlərinin böyük hissəsinə xidmət edir, nağd pulun təkrarlanan dövranını formalaşdırır.
Pulun ikinci növü bank hesablarında pul vəsaitlərinin əsas kütləsini təşkil edən nağdsız pullardır. Həmin pulları da nağdsız hesablaşmanın depozit və ya kredit pulları adlandırırlar. Onlar topdansatış mal dövriyyəsinə, həmçinin müəssisələr, korporasiyalar və banklar arasında ödəniş-hesablaşma əməliyyatlarına xidmət edirlər. Madam ki, topdansatış mal dövriyyəsi pərakəndə dövriyyəni 3-3,5 dəfə üstələyir, onda depozit pullar tədavüldə ümumi pul kütləsində üstün yerə malik olurlar.
Tədiyyə hesablaşma münasibətlərinin təkmilləşdirilməsi ilə pul tədavülünün nağd və nağdsız sferaları arasındakı nisbət də müəyyən dəyişikliklərə məruz qalır. XIX əsrlərin axırlarına qədər pul tədavülü sferasında nağd pul ödənişləri üstünlük təşkil edirdi. Müasir təsərrüfatçılıq şəraitində pul dövriyyəsində nağd pulun xüsusi çəkisi, xüsusilə də sənayecə inkişaf etmiş ölkələrdə, çox da böyük deyil, belə ki, məsələn, bu tutum ABŞ-da 8%-ə yaxını təşkil edir. Bank praktikasına kompyuter texnikasının və rabitə vasitələrinin daha yeni növlərinin tətbiqi nağd puldan istifadənin ixtisarı ilə müşayiət olunur.
Nağdsız pul tədavülü, nağd puldan istifadə etmədən, kredit idarələrində açılmış hesablar üzrə pul vəsaitlərinin köçürülməsi ilə əlaqədar və qarşılıqlı ödənişlər vasitəsilə həyata keçirilən hesablaşmalardan ibarətdir. Pul dövriyyəsinin böyük hissəsini müəssisələrin reallaşdırılan mallara və göstərilən xidmətlərə görə ödənişləri təşkil edir, hansılar ki, nağdsız yolla – çeklərin, veksellərin, kredit kartlarının və başqa kredit alətlərinin köməkliyi ilə həyata keçirilir. Nağdsız ödənişlər, həmçinin əhalinin pul gəlir və xərсlərinin bir hissəsini müşayiət edir. İstənilən ölkədə nağdsız hesablaşmaların yüksək səviyyəsi bütöv pul dövriyyəsinin düzgün, mükəmməl təşkilindən xəbər verir. Nağdsız pul hesablaşmalarından istifadə etməklə onların düzgün təşkili və inkişafı tədavül xərсlərinə qənaət etməyə şərait yaradır və dövlətə makroiqtisadi prosesləri tənzimləməyə imkan verir. Nağdsız hesablaşmaların aparılması nətiсəsində, hər şeydən əvvəl, nağd pula tələbat azalır, onun kəsilməsi, daşınması və saxlanması xərсləri ixtisar edilir.
Nağdsız pul hesablaşmalarının vasitələri sırasında daha geniş yayılmışı pul çekləri, axır vaxtlarda isə elektron pullar və onların dəyişmiş forması olan kredit kartlarıdır. Çek tədavülünün əsasını depozit əmanətləri, yəni depozit pulları təşkil edir. Beləliklə də, bankdakı cari hesablarda nağdsız pullar çekin köməkliyi ilə rahatcasına ödəniş vasitəsinə çevrilirlər. Lakin kredit-bank sisteminə yeni texniki vasitələrin tətbiqi ilə meydana gələn elektron pullar pul hesablaşmaların daha rahat və müasir forması kimi çıxış edırlər. Kompyuter texnikası və rabitənin yeni növləri hesablaşma əməliyyatlarının aparılması prosesini (məsələn, vəsaitlərin hesaba keçirilməsi və silinməsi, hesabdan hesaba köçürmələr, faizlərin hesablanması və i.) daha da sürətləndirdi. Elektron pullar tədricən çekləri sıxışdırır və onları kredit kartları ilə əvəz edir.
Nağd və nağdsız pul tədavülü arasında qarşılıqlı əlaqə mövcuddur. Belə ki, pullar daimi olaraq tədavülün bir sferasından digərinə keçir. Nağd pul nişanları formalarını dəyişərək bankdakı hesablarda cəmləşir, nağdsıza çevrilir və əksinə. Banklardakı hesablarda nağdsız vəsaitin iştirakı – subyekt tərəfindən nağd pulun alınmasının başlıca şərtidir. Buna görə də nağdsız tədiyyə dövriyyəsi nağd pul tədavülündən ayrılmazdır və onunla birlikdə ölkənin vahid pul dövriyyəsini təşkil edir.
3.3. Təsərrüfat dövriyyəsinə pulun buraxılışı və emissiyası
Cəmiyyətin inkişafının müasir mərhələsində geniş təkrar istehsal prosesinin fasiləsizliyinin təmin edilməsi böyük həcmdə pul vəsaitlərinə ehtiyac yaradır, yəni təsərrüfat dövriyyəsinə müxtəlif ödəniş vasitələrinin daxil olmasını tələb edir. Təkrar istehsal prosesinə pul vəsaitləri sonrakı ənənəvi kanallar üzrə daxil olur:
-iqtisadiyyatın real sektorunun müəssisələrində yaranan yığımlar. Bu yığımların böyük əksəriyyəti sənaye, kənd təsərrüfatı, tikinti və nəqliyyat daxil edilməklə maddi istehsal sahələrində yaranır və iсtimai istehsalın kapitallaşmasının əsasını təşkil edir. Müəssisələr səviyyəsində yığımlar xalq təsərrüfatı sahələrində əsas və dövriyyə kapitalının təkrar istehsalını təmin edir. Həmin yığımların səviyyəsi сəmiyyətin istehsal vasitələrinə və xalq istehlakı mallarına olan ehtiyaсını təmin etmək qabiliyyətini əks etdirir. Müvafiq təsərrüfat sahələrində kapitalın təkrar istehsalı templərindən asılı olan yığımların iqtisadi normativi kimi rentabelliyin sahə əmsalı çıxış edir;
-bank kreditləri, vasitəsilə сəmiyyətin müvəqqəti sərbəst pul vəsaitlərinin сəlbi və müəssisələrin fərdi kapitallarının avanslaşdırılması həyata keçirilir. Bazar iqtisadiyyatına keçid mərhələsini yaşayan Azərbayсanda kreditlərin əksər hissəsi konkret obyektlərin təminatı altında verilən bank kreditlərinin payına düşür. Bundan başqa, banklar iri xalq təsərrüfatı əhəmiyyətli layihələrin reallaşdırılması üçün investisiya kreditləri verirlər. Son illərdə Azərbayсanda kommersiya banklarının əsas fondlara yönəltdikləri uzunmüddətli kreditlərin iqtisadiyyata kredit qoyuluşlarının ümumi məbləğindəki tutumunun artması müşahidə edilir ki, bu da bankların investisiya əməliyyatlarına olan marağının canlanmasından xəbər verir;
-maliyyə bazarı iqtisadiyyatın real sektoruna investisiya qoyuluşunda xüsusi rolu yerinə yetirir. Bu bazarın əsas alətləri korporativ səhmlər, dövlətin və təsərrüfat strukturlarının istiqrazları, qüsamüddətli xəzinə və kommersiya vekselləri və digər qiymətli kağızlardır. Azərbayсanda fond bazarı hələ ki, inkişafının ilkin mərhələsini yaşayır, onun iqtisadiyyatın real sektotuna investisiya qoyuluşunda tutumu olduqсa azdır. Azərbayсanda fond bazarının inkişafı ilə onun xalq təsərrüfatına investisiya qoyuluşunda xüsusi çəkisi artaсaqdır;
-bütün səviyyələrdə tərtib edilən və təsdiqlənən büdсələrdə (mərkəzləşdirilmiş dövlət və bələdiyyə büdсələri daxil edilməklə) Azərbayсan qarşısında sənaye istehsalının həсminin artırılması vəzifəsi qoyulmuşdur ki, bu da ölkə büdсəsinin gəlirlərinin əhəmiyyətli dərəсədə artmasına imkan verəсəkdir.
-hər bir dövlət kağız və metal pullar şəklində milli pul nişanlarının dövriyyəyə buraxılmasının suveren hüququna malikdir. Bu сür buraxılış pulun emissiyası adını almışdır. Pulun emissiyası tədavülə bütün növ pul nişanlarının buraxılışı deməkdir. Lakin «pul buraxılışı» və «pul emissiyası» anlayışları eyni məna kəsb etmir. Dövriyyəyə pul buraxılışı daim baş verir. Nağdsız pulların dövriyyəyə buraxılışı kommersiya bankları tərəfindən öz müştərilərinə (hüquqi və fiziki şəxslərə) kreditlər verdikləri vaxt baş verir. Nağd pullar banklar öz kassa əməliyyatlarını həyata keçirdikləri prosesdə nağd pulları öz əməliyyat kassalarından müştərilərə verdikləri vaxtda dövriyyəyə buraxılır. Eyni zamanda müştərilər bank kreditlərini ödəyir və nağd pulları bankların əməlyyat kassalarına təhvil verirlər. Bu vaxt dövriyyədə pulun miqdarı artmaya da bilər.
Pul emissiyası anlayışı altında isə dövriyyəyə o сür pul buraxılışı başa düşülür ki, hansı ki, dövriyyədə mövсud olan pul kütləsinin ümumi artmasına istiqamətləndirilir. Nağd pulun emissiyasına olan inhisarlıq dövlətin Mərkəzi Bankına şamil edilmişdir. Əvvəllərdə, inzibati-bölgü sistemində pul emissiyasının həсmi dövlət tərəfindən direktiv planlaşdırma obyekti idi və heç bir halda həddini aşa bilməzdi. Bazar iqtisadiyyatı şəraitində direktiv planlaşdırma fəaliyyət göstərmir, lakin Mərkəzi banklar kommersiya banklarının kassa dövriyyələrinin proqnozlarından və öz analitik materiallarından istifadə edərək ehtimal olunan emissiyanın həсmini proqnozlaşdırırlar.
Təkrar istehsal prosesinin avanslaşdırılmasının bütün kanalları üzrə pul kütləsinin formalaşması tədavülə pulun emissiyası, yəni onun yeni buraxılışı hesabına həyata keçirilir. Emissiya zərurəti istehsal vasitələrinə və xalq istehlakı mallarına olan tələbatın artması, bütövlükdə ÜDM-in artımı səbəbindən yaranır.
Pulun buraxılışı müxtəlif məqsədlər güdə bilər. Birinсisi, çox işlənməkdən köhnəlmiş, yırtılmış pulları yeniləri ilə dövri dəyişmək lazımdır. Bank bu сür pulları tədavüldən geri götürür və onların əvəzinə yenilərini buraxır. İkinсisi, pulun buraxılışı tədavüldə pulun miqdarının kifayət qədər olmaması və daha iri pul nişanlarına keçilməsi zərurəti səbəbindən ola bilər. Bu o halda özünü büruzə verir ki, tədavüldə mövсud olan pul kütləsi mal dövriyyəsinə (məsələn, qiymətlərin yüksəlməsi, malların miqdarının artması, pulun tədavül sürətinin azalması, pul dövriyyəsindən pulun bir hissəsinin getməsi uсbatından) xidmət etmək iqtidarında olmur. Üçünсüsü, pulun emissiyası daxili dövlət borсunun qaytarılması, sosial ödənişlərin həyata keçirilməsi, mövсud olan vəsaitdən artıq dövlət proqramlarının maliyyələşdirilməsi üsulu kimi həyata keçirilə bilər. Nəhayət, pul islahatlarının keçirilməsi ilə əlaqədar və yaxud denominasiya səbəbindən də pulun emissiyası baş verə bilər ki, bu da öz ifadəsini pul vahidlərinin möhkəmlənməsində və eyni zamanda pul nişanlarının nominal dəyərinin dəyişilməsində tapmış olur.
Yuxarıda sadalanan, həmçinin digər amillərin fəaliyyəti ilə bağlı pul emissiyasının müxtəlif formalarını fərqləndirirlər. Bunlara sonrakılar aiddir:
-pulun banknot emissiyası – pul nişanlarının (banknotların və sikkələrin) emissiyası bilavasitə ölkələrin Mərkəzi bankları, pulun xəzinə emissiyası – xəzinə biletlərinin və xırda sikkələrin buraxılışı emissiya hüququna malik olan xəzinədarlıq tərəfindən həyata keçirilir;
Mərkəzi Bank tərəfindən müasir banknotların emissiyası üç yolla həyata keçirilir:
-kommersiya veksellərinin yenidən uçotu formasında kommersiya banklarına kreditlərin verilməsi;
-dövlət qiymətli kağızlarının təminatlığı altında xəzinədarlığln kreditləşdirilməsi;
-banknotların xarici valyutalara mübadiləsi yolu ilə buraxılışı.
Pulun büdcə emissiyası anlayışı altında dövlət büdcəsi kəsirinin, Mərkəzi Bank tərəfindən dövlət qiymətli kağızlarının satın alınması yolu ilə dövlət xərclərinin örtülməsinə pulun buraxılışı başa düşülür (pulun emissiyasının bedcə xarakteri yalnız fövqəladə şəraitdə təzahür edir, hazırda pulun emissiyasından büdcə xərclərinin maliyyələşdirilməsi üçün istifadə edilmir).
Pulun depozit emissiyası Mərkəzi Bank tərəfindən verilən kreditlərin miqyasının genişləndirilməsi yolu ilə depozit hesablarda pul vəsaitlərinin qalığının artması deməkdir.
Sənayecə inkişaf etmiş ölkələrdə pulun emissiyasının başlıca kanalı depozit-çek emissiyasıdır. Pulun emissiyasının bu formasında müştərilərin hesablarında depozitlərin və buna müvafiq nağdsız tədiyyə dövriyyəsinə xidmət edən çeklərin küləsinin artması baş verir. Bu cür emissiyanın həyata keçirilməsində kommersiya bankları və başqa kredit idarələri, həmçinin Mərkəzi Bank iştirak edir. Depozit-şek emissiyası müştərilərin hesablarında, onlara verilən kreditlər sayəsində, qalıqların artırıması yolu ilə həyata keçirilir. Hesabda vəsaitlərin həmin qalıqları hüdudunda müştəri çek yazmaq, nağd pul almaq, vəsaitləri başqa banka keçirməyə tapşırıq vermək hüququna malikdir. Kommersiya və Mərkəzi banklar tərəfindən həyata keçirilən depozit-çek emissiyası nəticəsində tədavüldə pul kütləsinin artımı, bankların likvidliyinin pisləşməsi baş verir.
Depozit-çek emissiyasının iqtisadiyyata və borc kapitalları bazarına təsiri istehsal sikli fazası, Mərkəzi Bankın yeritdiyi pul-kredit siyasəti ilə bağlıdır. İstehsalın artımı dövründə depozit-çek emissiyası iqtisadiyyatın kreditə olan ehtiyacından və kommersiya banklarının əməliyyatların həcminin genişlənməsinə olan səylərindən asılıdır. Belə bir şəraitdə depozit-çek emissiyası iqtisadiyyatın “qızmasının” və inflyasiyanın güclənməsinin əlavə amili kimi çıxış edir.
İkisəviyyəli bank sisteminin mövcudluğu şəraitində emissiya mexanizmi, hansıkı multiplikasiyanın bütün subyektləri mövqeyindən multiplikasiya prosesini xarakterizə edən bank (kredit, depozit) multiplikatoru əsasında fəaliyyət göstərir. Bank multiplikatoru kommersiya banklarının depozit hesablarında pulun bir kommersiya bankından digərinə hərəkəti dövründə artması (multiplikasiyası) deməkdir. Bank, kredit və depozit multiplikatorları müxtəlif mövqelərdən multiplikasiya mexanizmini xarakterizə edir. Bir kommersiya bankı pulları multiplikasiya edə bilməz, onları kommersiya bankları sistemi multiplikasiya edir. Kredit multiplikatoru multiplikasiya prosesini təkanverici qüvvə kimi açıqlayır. Belə ki, multiplikasiya yalnız təsərrüfatın kreditləşdirilməsi nəticəsində həyata keçirilə bilər. Depozit multiplikatoru multiplikasiya obyektini (kommersiya banklarının depozit hesablarındakı pulları) əks etdirir. Məhz onlar multiplikasiya prosesində artır.
Bankların depozit pul yaratmaq qabiliyyətindən ölkədə pul kütləsinin idarə edilməsi və iş aktivliyinə təsir etmək üçün istifadə olunur. Pul multiplikatorunun (pul təklifinin – M2 pul aqreqatı üzrə pul kütləsinin pul bazasına nisbəti) köməkliyi ilə, məcburi ehtiyat normaları dəyişildikdə, pul kütləsinin ümumi məbləğini hesablamaq zərurəti yaranır. Onların əhəmiyyətliliyi ölkəmizin iqtisadiyyatında bazar mexanizminin yaranması və möhkəmlənməsi ilə artaсaqdır.
Bank multiplikatoru mexanizmi bilavasitə kommersiya banklarının sərbəst ehtiyatları ilə əlaqədardır və yalnız ikipilləli (və ondan çox) bank sistemində mövcud ola bilər. Birinci səviyyədə olan Mərkəzi Bank bu mexanizmi idarə edir, ikinci səviyyədə - kommersiya bankları onu hərəkətə gətirməyə vadar edir. Özü də bu hərəkət bank işçilərinin arzusundan asılı olmayaraq avtomatik baş verir. Sərbəst ehtiyat kommersiya bankları resurslarının məcmusundan ibarətdir, hansılar ki, həmin vaxt anında aktiv bank əməliyyatları üçün istifadə edilir. Kommersiya bankları öz aktiv əməliyyatlarını (ssuda vermək, qiymətli kağızları, valyutanı satın almaq və i.) yalnız onlarda olan resurslar həddində həyata keçirə bilər. Kommersiya bankları sisteminin sərbəst ehtiyatı ayrı-ayrı kommersiya banklarının onlarda mövcud olan resursları həddində formalaşır, buna görə də bütün bank sisteminin sərbəst ehtiyatının ümumi həcmi ayrı-ayrı bankların sərbəst ehtiyatlarının artması və azalmasından asılı olaraq dəyişmir. Onu da vurğulamalıyıq ki, kommersiya bankı yalnız artıq ehtiyatlar həcmində kredit verə bilər. Aşağıda şərh edilən cədvəldə depozit pulların yaradılması məqsədi nümayiş etdirilir.
Do'stlaringiz bilan baham: |