AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
PUL VƏ BANKLAR
İqtisad yönümlü ixtisaslar üzrə bakalavr
pilləsində təhsil alan tələbələr üçün dərslik
Azərbaycan Respublikası təhsil nazirinin 12 mart 2012-ci il tarixli 361 saylı əmri ilə dərslik kimi təsdiq edilmişdir.
B A K I – 2 0 1 2
Dərslik «Bank işi» kafedrasının müdir əvəzi, iqtisad elmləri namizədi, dosent Bəşirov Rafiq Alim oğlunun ümumi rəhbərliyi ilə hazırlanmışdır.
Rəyçilər:
|
i.e.d., prof. M.X.Meybullayev
i.e.d., prof. İ.Ş.Qarayev
i.e.d., prof. M.X.Həsənli
i.e.n. Ə.Ə.Əzizova – «Kapitalbank» Açıq tipli Səhmdar Cəmiyyətinin Xəzinədarlıq departamentinin baş mütəxəssisi
|
|
|
Bəşirov R.A., Abdullayev Ş.Ə., Məmmədov Z.F., Sadıqov E.M., Mustafayev R.Ə., Babayev A.A., Kərimov A.E., Qəhrəmanov S.C., Əliyev Q.İ., Rzayev R.M., İbrahimov Z.H.
Pul və banklar.
Dərslik. Bakı: «İqtisad Universiteti» Nəşriyyatı – 2012. - 472 səh.
Dərslik iqtisad yönümlü ali və orta ixtisas təhsili məktəblərində təhsil alan tələbələr, magistrlər, aspirantlar üçün dərslik, həmçinin pul, kredit, banklar, inflyasiya, beynəlxalq valyuta və kredit münasibətlərini müstəqil surətdə öyrənənlər üçün köməkçi vəsait kimi nəzərdə tutulmuşdur
© Müəlliflər qrupu - 2012
© İqtisad Universiteti - 2012
M ü ə l l i f l ə r d ə n
«Pul və banklar» dərsliyi iqtisadi münasibətlərin təhlilinin nəzəri və əməli kursudur. Bu kursda pul-kredit sferasının, eləcə də iqtisadiyyatın bank sektorunun qanunauyğunluqları öyrənilir. İnkişafımızın bütün mərhələlərində pul, kredit və banklar iqtisadiyyatımızın əsas elementlərindən hesab edilir.
Pul, kredit və banklar haqqındakı elm iqtisadi münasibətlər sistemində iqtisadi biliklərin təməl daşını təşkil edir.
«Maliyyə» ixtisasında «Pul və banklar» kursu əsas nəzəri kurslardan biri olmaqla pul, kredit və banklar haqqında biliklərin nəzəri əsasını qoyur. Digər ixtisas fənlərində təcrübi istiqamətləri öyrənilir.
Dərslikdə pulun, kreditin, bankların mahiyyəti açıqlanaraq iqtisadiyyatdakı rolu müəyyənləşdirilir. Bu dərsliyin spesifik xüsusiyyəti ondadır ki, bazar iqtisadiyyatına keçid dövründə və ümumilikdə bazar iqtisadiyyatında pulun, kreditin, bankların rolu, fəaliyyət istiqamətləri, xüsusiyyətləri müəyyənləşdirilir və oxucularda bu barədə nəzəri təsəvvür yaradır.
Dərslikdə pul, kredit münasibətlərinin nəzəri və praktiki aspektləri, bank fəaliyyətinin nəzəri və təşkilati əsasları vəhdət halında şərh edildiyindən onların iqtisadiyyatdakı rolunu dərindən mənimsəmək mümkün olur.
Dərslikdə pul, kredit və banklara inkişafda olan, yeniləşən bir varlıq kimi baxılır. Dərslikdə pul, kredit haqqında nəzəri baxışlar açıqlanır, göstərilən dəyər kateqoriyalarının təkrar istehsal prosesindəki yeri müəyyənləşdirilir.
Dərslikdə tədris proqramında nəzərdə tutulan bütün məsələlər öz şərhini tapmışdır.
Dərslik Azərbaycan Dövlət İqtisad Universiteti «Bank işi» kafedrasının müdir əvəzi Bəşirov Rafiq Alim oğlunun rəhbərliyi ilə təcrübəli elmi-pedaqoji və praktiki təcrübəyə malik kollektivi tərəfindən hazırlanmışdır.
Dərsliyin yazılmasında dos. R.A.Bəşirov (4,15 fəsillər), prof. Ş.Ə.Abdullayev (16-cı fəsil), prof. Z.F.Məmmədov (2, 9-cu fəsillər), prof. E.M.Sadıqov (17, 18-ci fəsillər), prof. R.Ə.Mustafayev (1, 3-cü fəsillər), dos. A.A.Babayev (6-cı fəsil), A.E.Kərimov (11-ci fəsil), dos. S.C.Qəhrəmanov (7, 8, 9-cu fəsillər), dos. Q.İ.Əliyev (12-ci fəsil), dos. R.M.Rzayev (5-ci fəsil), dos. Z.H.İbrahimov (13, 14-cü fəsillər) iştirak etmişlər.
I FƏSİL. PULUN YARANMASI, MAHİYYƏTİ,
FUNKSİYALARI VƏ ROLU
-
Pulun meydana gəlməsi və tətbiqinin zəruriliyi
Pul uzaq keçmişdən insanlara məlumdur, bəşər cəmiyyətinin inkişafının zəruri məhsuludur, əmtəə istehsalının inkişafının vacib şərtidir. Pul cəmiyyətdə məhsuldar qüvvələrin və istehsal münasibətlərinin obyektiv inkişafı nəticəsində meydana gəlmiş və müasir şəraitdə o təsərrüfat həyatının ayrılmaz atributu, iqtisadi sistemin ən mühüm ünsürlərindən biridir.
Müasir dünyanı, xüsusilə də bazar iqtisadiyyatının fəaliyyətini pulsuz təsəvvür etmək sadəcə mümkün deyil. Pul bəşər cəmiyyətinin ən böyük ixtiralarından biri olmaqla iqtisadi həyatın əsas fenomenidir, müasir iqtisadiyyatın ən mühüm atributlarından biridir. O, həm ictimai vəziyyətin simvolu, həm maddi firavanlıq amili, mənəvi inkişafın ilkin şərti və eyni zamanda bir çox cinayətlərin və mənəvi tənəzzülün səbəbkarıdır. Pul müasir təsərrüfatda və insan həyatında iqtisadi münasibətlərin formalaşması və inkişafı üçün zəmin yaradır.
Cəmiyyətdə baş verən hər bir böyük ictimai əmək bölgüsü istehsalın artmasına, yaradılan əmtəə çeşidlərinin çoxalmasına və mübadilə sferasında kökündən dəyişikliklərə gətirib çıxarmışdır. Beləliklə də, mübadilədə vasitəçi rolu oynayan əmtəələrin təkamülü baş vermişdir. Həqiqətən də, mübadilənin inkişafı sonrakı dəyər formalarının (sadə və ya təsadüfi, tam və yaxud geniş, ümumi və nəhayət, pul formalarının) əvəz edilməsinin uzun tarixi yolunu keçmişdir. Onların hər birini nəzərdən keçirək.
Dəyərin sadə, fərdi və yaxud təsadüfi forması tayfalar arasında mübadilənin ilkin pilləsinə xarakterik idi. Pul, hətta onun ilkin formasında, mübadilədən gec meydana gəlmişdir. O vaxta qədər ki, tayfalar və ya ailələr miqyasında təsərrüfatlar tamamilə natural xarakter daşıyırdı, hələ əmtəə mövcud deyildi, məhsul şəxsi istehlak üçün istehsal olunurdu. İnsanlar özlərini bütün lazım olanlarla təmin edirdi, mübadilə vasitəçiliyi olmadan keçinirdilər, pul onlara lazım deyildi. Mübadilə təsadüfi hallarda, yalnız əmək məhsulları şəxsi istehlakdan artıq olduğu vaxt baş verirdi. Bu cür mübadilədə mübadilə dəyəri zaman və məkan baxımından kəskin fərqlənirdi. Lakin artıq mübadilənin bu ilkin, yəni dəyərin həmin sadə formasında gələcək pulun əsası qoyuldu (məsələn, əmtəə A bərabərdir əmtəə B-yə). İctimai əmək bölgüsü əmək məhsullarının daimi mübadiləsinə, yəni əmtəə təsərrüfatının meydana gəlməsinə səbəb oldu. Bir əmtəə öz dəyərini təsadüfi ona qarşı duran digər əmtəədə ifadə edirdi. K.Marks yazırdı ki, bu forma ilk baxışda bizə göründüyü kimi çox da sadə deyil, belə ki, artıq burada əmtəənin dəyər ifadəsinin 2 qütbü mövcuddur: birinci qütbdə - öz dəyərini ifadə edən, aktiv rol oynayan əmtəə (o, dəyərin nisbi formasında çıxış edir), ikinci qütbdə - birinci əmtəənin dəyərini ifadə etmək üçün material xidmətini göstərən, passiv rol oynayan əmtəə, hansı ki, ekvivalent formasında çıxış edir, yəni dəyərcə onun bərabəridir (dəyərin ekvivalent forması).
Dəyərin tam və yaxud geniş forması cəmiyyətdə baş verən birinci böyük ictimai əmək bölgüsü - maldarlıq və əkinçilik tayfalarının ayrılması nəticəsində istehsalın artımı və mübadilənin inkişafı ilə meydana gəlmişdir. Mübadilə inkişaf etdikcə hər bir əmtəə bir sıra başqa əmtəələrin istehlak dəyərində öz dəyərinin ifadəsini alır, hansılara ki, o mübadilə olunur. Sadə (təsadüfi) dəyər forması tam və yaxud geniş dəyər formasına çevrilir. İctimai əmək bölgüsü əmək məhsullarının müntəzəm mübadiləsini zəruri edir. Məhsul istehsalının artması mübadiləyə olan meyli və bütün əmtəə kütləsindən ümumi ekvivalentin ayrılmasında olan marağı gücləndirir. Çoxlu miqdar əmək məhsulları mübadiləyə qoşulur, dəyərin nisbi formasında çıxış edən hər bir əmtəə isə çoxlu miqdar əmtəə-ekvivalentlərə qarşı durur. Beləliklə, ümumi ekvivalent rolu oynayan bir əmtəə (qaramal və heyvandarlıq məhsulları) nisbi dəyər , bütün başqaları (əkinçilik və sənətçilik məhsulları) isə ekvivalent rolu oynayırdı. Məsələn: 1 xəz-dəri bərabər idi 1 kisə dənə, 1 arşın kətana, 1 baltaya və i. Lakin dəyərin bu forması mübadilə üçün münasib deyildi, çünki çox vaxt bir yox, iki və daha çox mübadilə aktlarına ehtiyac yaranırdı. Həmin dəyər formasının başlıca çatışmazlığı ondan ibarət idi ki, əmtəə-ekvivalentlərin çoxluğu ilə əlaqədar hər bir əmtəənin dəyəri öz tam ifadəsini ala bilmirdi. Geniş dəyər formasının mənfi tərəfləri ümumi dəyər formasına keçidə səbəb oldu.
Ümumi dəyər forması məhsuldar qüvvələrin və onlarla bağlı istehsalın və mübadilənin sonrakı inkişafı ilə əlaqədar idi ki, bu da yerli (regional) bazarlarda başlıca mübadilə əşyaları rolu oynayan ayrı-ayrı əmtəələrin (duz, xəz-dəri, mal-qara, düyü və başqalarının) əmtəələr aləmindən kortəbii ayrılmasına, bütün digər əmtəələrin istənilən vaxt onlara mübadilə olunmasına gətirib çıxartdı. Məsələn, hamı tərəfindən qəbul edilən (və ya tanınan) ümumi ekvivalent bərabər idi 1 qoyuna, 1 baltaya, 1 arşın kətana, 1 kisə dənə və i. Dəyərin bu formasının xüsusiyyəti ondan ibarət idi ki, ümumi ekvivalent rolu bir əmtəəyə şamil edilməmiş və ayrı-ayrı vaxtlarda həmin rolu müxtəlif əmtəələr oynamışdır. Bu və digər əmtəənin ümumi ekvivalent roluna irəli sürülməsi kortəbii, təbii yolla baş verirdi. Əmtəə münasibətləri yerli bazarların çərçivəsindən kənara çıxdığı zaman çətinliklər yaranırdı, çünki başqa bazarlarda ümumi ekvivalent rolu çox vaxt digər əmtəələrə mənsub idi. Əmtəə istehsalının artması və ictimai əmək bölgüsü nəticəsində daha çox mübadilə olunan əmtəə başqa əmtəələr üçün mübadilə aləti rolunu oynamış olur. Beləliklə, geniş dəyər formasından ümumi dəyər formasına kortəbii keçid baş verir, hansında ki, əvvəlki iki dəyər formasından fərqli olaraq mübadilə prosesi ümumi ekvivalentlə müşayiət olunurdu.
Mübadilənin inkişafı nəticəsində bütün əmtəələr kütləsindən bir əmtəə ayrılır və ümumi ekvivalent, yəni dəyərin ümumi ifadəçisi rolunu oynamağa başlayır. Tədricən ümumi ekvivalentin funksiyası müəyyən bir əmtəənin inhisarı altına düşür. Bu əmtəə, hansı ki, dəyərin pul formasının meydana gəlməsini müəyyən etdiyinə görə pul olur. Həmin vaxtdan etibarən əmtəə aləmi iki hissəyə: adi əmtəələrə və ümumi ekvivalent rolunu oynayan xüsusi əmtəəyə (pula) parçalandı.
Cəmiyyətin tarixi inkişafının hər bir mərhələsində ictimai həyatın və iqtisadi sistemin ən mühüm ünsürü kimi pul haqqında müxtəlif fikir formalaşmışdır. Pulun yaranması haqqında məsələ ilə bağlı iqtisadi ədəbiyyatda başlıca olaraq iki konsepsiya: rasional və təkamül konsepsiyaları mövcuddur. Rasional konsepsiya pulun meydana gəlməsini insanlar arasında razılaşmanın (və yaxud sövdələşmənin) nəticəsi kimi izah edir. Guya bir zaman qədim babalarımız yığışıb öz aralarında belə bir razılığa gəlmişlər ki, ticarətin rahat və faydalı olması üçün pul tətbiq edilsin. İnsanlar yəqin etmişlər ki, mübadilə dövriyyəsində dəyərlərin bir yerdən başqa yerə hərəkəti üçün xüsusi alətlər lazımdır. Bu konsepsiyanı ilk dəfə xatırladan qədim dövrün ən böyük mütəfəkkiri, Platonun şagirdi, Aleksandr Makedonskinin müəllimi və tərbiyəçisi Aristotel olmuşdur. O yazırdı: … mübadilədə iştirak edən hər bir şey hansısa bir surətdə müqayisə oluna bilən olmalıdır…Sonra o təsdiq edir ki, mübadiləni həyata keçirmək üçün hansısa şərti ölçü vahidi lazımdır. (Аристотел. Никомахова этика. 4 cilddə əsərləri 4-cü cild. M., 1983, s.156-157). Həmin ideya öz qanuni təcəssümünü antik və orta əsr cəmiyyətlərində tapdı.
Pulun meydana gəlməsi məsələsinə subyektiv-psixoloji yanaşma müasir qərb ölkələri iqtisadçılarının əksəriyyətinin baxışlarında da rast gəlinir. Guya, pul insanlar arasında şüurlu surətdə razılaşdırılan, ixtira edilən məhsuldur. Bu şərti ölçü vahidi vasitəsilə mübadilə dövriyyəsində dəyərin bir yerdən başqa yerə hərəkəti baş verir. Bu nəzəriyyə bütünlüklə cəmiyyətdə XVIII əsrə qədər hakim mövqe tutmuşdur. Məsələn, amerikan iqtisadçısı Pol Samuelson (1915-сi ildə doğulmuşdur) pulun mahiyyətini süni sosial şərtilik kimi müəyyən edir. (Caмуэльсон П. Эkoнoмиka. Giriş kursu. M., 1964, s. 69). Onun həmyerlisi, iqtisadçı Con Kennet Helbreyt (1908-сi ildə doğulmuşdur) hesab edir ki, nəcib metallara və digər əşyalara pul funksiyalarının şamil edilməsi - insanlar arasında razılaşma məhsuludur (В.В.Усoв. Dеньги. Денежное обращение. Инфляция. M., 1999. S. 9). Beləliklə, rasionalizm konsepsiyasının nümayəndələri pulu insanlar arasında razılaşma nəticəsində meydana gələn məhsul, texniki mübadilə aləti kimi nəzərdən keçirirlər. Əslində, ictimai əmək bölgüsü əsasında əmtəənin dəyəri və istehlak dəyəri arasındakı ziddiyyətlərin inkişafı və həlli prosesindən irəli gələn pul, tədavülün texniki aləti deyil, dərin ictimai münasibətləri əks etdirir.
Məlum həqiqətdir ki, istehlak dəyəri baxımından bütün əmtəələr keyfiyyətcə bir-birinə oxşar və miqdarca müqayisə olunan deyil, çünki onları müxtəlif peşə sahibləri hazırlayırlar, dəyərcə isə əmtəələr eynidir (yekcinsdir) və miqdarca müqayisə olunandır. Məhz ayrıca istehsalçının fərdi əməyi yox, ictimai əməyi əmtəələri müqayisə olunandır. Ayrı-ayrı əmtəələrin istehsalına sərf olunan əmək eyni olmadığından, təbii ki, əmtəələr də müxtəlif dəyərə malikdir. Buradan da ictimai əməyin və ya dəyərin keyfiyyətcə ölçülməsi zərurəti yaranır, mübadilə dəyəri anlayışı meydana gəlir. Əmtəənin daxili ziddiyyətləri mübadilə prosesində təzahür edir. Nə qədər ki, əmtəə bazara çıxarılmayıb onu dəqiq qiymətləndirmək mümkün deyil. Onun qiymətini digər əmtəələrlə müqayisədə ölçmək olar. Əmtəənin istehsalı ilə əlaqədar məsrəflərin ifadəsinin bu üsulu mübadilə dəyəri adlanır. Başqa sözlə, mübadilə dəyəri – əmtəənin digər əmtəələrə müəyyən proporsiyalarda mübadilə olunmaq qabiliyyətidir. Bu halda əmtəələrin miqdarca müqayisəsi təmin edilir.
Pulun meydana gəlməsinin ikinci, təkamül konsepsiyası bu «sirri» başqa cür açır. Həmin konsepsiya sübut edir ki, pul, insanların iradəsindən asılı olmayaraq mübadilənin uzun müddət (çox min il davam edən) tarixi inkişafı, əmtəə aləmindən dəyərin ümumi ifadəçisi, ümumi ekvivalent rolunu oynayan xüsusi əmtəənin kortəbii ayrılması nəticəsində meydana gəlmişdir. Bu konsepsiyanın ardıcıl davamçısı K.Marks olmuşdur. O, «Kapital»da pulun meydana gəlməsini istehsal münasibətlərinin müəyyən formasının obyektiv kortəbii inkişafı prosesi ilə inandırıcı surətdə izah etdi. Pul nəzəriyyəsinin inkişafında onun tarixi xidməti ondan ibarətdir ki, o, pulun əmtəə mənşəli olmasını sübut etdi. Həqiqətən də qızıl və gümüş əmtəədir, onların hasilatına əmək sərf edilmiş və əmtəələrin obyektiv ümumi əsasından ibarət olan bu ictimai zəruri əmək bütün başqa əmtəələrin dəyərini ölçməyə imkan vermişdir.
Beləliklə, pul, mübadilənin tarixi inkişafı prosesində kortəbii surətdə meydana gəlmişdir. Buna görə də pulun razılaşma nəticəsində meydana gəldiyini söyləyən burjua alimləri tamamilə haqsızdırlar. Pulun əmələ gəlməsinin bu cür izahı gerçək həyatdan tamamilə uzaqdır. Təkamül (obyektiv) yanaşma üslubuna uyğun olaraq pulun meydana gəlməsi sonrakı obyektiv səbəblərlə: əmtəə istehsalının həcminin artması, mübadilə olunan əmtəələrin miqyasının genişlənməsi; xüsusi əmtəənin (qızılın) əmtəələr aləmindən ayrılması; dəyərin hərəkəti; ixtisaslaşma və ictimai əmək bölgüsü; əmtəələrin mübadiləsində ekvivalentliyə riayət olunması zərurəti ilə əlaqədardır. Beləliklə, pul əmtəə aləmindən ayrılmış və ümumekvivalent rolunu yerinə yetirən əmtəənin xüsusi bir növüdür.
Pul, dəyərin ekvivalent formasının üç xüsusiyyətinə görə, əmtəənin ziddiyyətlərini həll edir. Dəyərin ekvivalent formasının birinci xüsusiyyəti ondan ibarətdir ki, əmtəə B-nin (ekvivalentin) istehlak dəyəri, özünün əksliyinin – əmtəə A-nın dəyərinin təzahür formasıdır. Buradan ikinci xüsusiyyət irəli gəlir: əmtəə B-də (ekvivalentdə) təmsil olunan konkret əmək, özünün əksliyinin - əmtəə A-da ifadə olunan mücərrəd (abstrakt) əməyin təzahür formasıdır. Bununla da artıq burada əmtəə sahibkarları arasında ictimai əlaqə öz ifadəsini alır, onların əməyi ictimai əmək kimi çıxış etmiş olur. Buradan dəyərin ekvivalent formasının üçüncü xüsusiyyəti irəli gəlir: əmtəə B-nin (ekvivalentin) istehsalına sərf olunan xüsusi əmək, özünün əksliyinin - bilavasitə əmtəə A-da təmsil olunan ictimai əməyin təzahür formasıdır.
Müasir şəraitdə də əmtəənin istehlak dəyəri ilə dəyəri arasında ziddiyyətlər mövcuddur, lakin onlar dağıdıcı xarakter daşımır. Məsələn, əmtəələrin keyfiyyəti kifayət qədər yüksək olmadıqda, onların satışı çətinləşir. Bu onunla bağlıdır ki, əmtəələrin yüksək dəyəri keyfiyyətinə uyğun gəlmir. Buna görə də, pulun vasitəsilə istehlak dəyəri reallaşa bilmir və nəticədə əmtəələrin qiymətləri aşağı salınır. Əmtəənin istehlak dəyəri ilə dəyəri arasındakı ziddiyyət bazar iqtisadiyyatı şəraitində məhsulun çeşidini və keyfiyyətini yaxşılaşdırmaq, onun dəyərini aşağı salmaq yolu ilə aradan qaldırılır.
Pulun meydana gəlməsilə əmtəələrin bütün qiymətləri eyni ifadəni alır, müqayisə edilən olur və mübadilə prosesi klassik (Ə-P-Ə) ifadəsini alır. Əmtəə mübadiləsi iki mərhələni özünə daxil edir: əvvəlcə hər hansı əmtəə pula mübadilə olunur, sonra konkret faydalı xassələrə malik olan başqa bir əmtəə satın alınır.
Kapitalizmdən əvvəlki formasiyalarda ümumi ekvivalent rolunu müxtəlif əmtəələr oynayırdı. Yerli təbii və iqtisadi şəraitdən asılı olaraq pul kimi heyvan dəriləri, balıqqulaqları, dən, məişətdə işlənən əşyalar istifadə edilmişdir. İlk pul maldarlıqla məşğul olan tayfalarda meydana gəlir. Çobançılıq tayfalarının əkinçilikdən ayrılması ev mal-qarasını mübadilə alətinə çevirdi. Mal-qara ilə pul funksiyalarının qovuşması xalqların tarixində dərin iz buraxmışdır. Qədim zamanlarda «öküz» adını metaldan hazırlanan pul daşıyırdı. Hələ vaxtilə latın sözü «pekuniya» (pul) «pekus» (mal-qara) sözündən əmələ gəlmişdir. Qədim Rusiyada pul uzun müddət «öküz» adını daşımışdır. Planetin bir sıra inkişaf etməkdə olan ökələrində və zəif inkişaf etmiş regionlarında mal-qara bu günə qədər sərvətin ən yüksək simvolu hesab edilir.
İkinci böyük ictimai əmək bölgüsü - sənətin əkinçilikdən ayrılıb müstəqil sahəyə çevrilməsi, mübadilənin inkişafında yeni mərhələ oldu və ümumi ekvivalentin təkmilləşməsinə gətirib çıxartdı. Mübadilənin sonrakı inkişafı nəticəsində pul şəklində müxtəlif metallar, əvvəlcə dəmir və qalay, qurğuşun və mis, mübadilənin daha da inkişafı və dünya bazarının yaranması ilə uzun vaxt ərzində nəcib metallar - gümüş, başlıca olaraq, qızıl (XIX əsrin ikinci yarısından yalnız qızıl) ümumi ekvivalent rolunda çıxış etmişdir. Regional maneələrin aradan qaldırılması vahid milli təsərrüfat əlaqələrinin və beynəlxalq bazarın yaranmasına gətirib çıxarır. Bununla birlikdə mübadilədə vasitəçi kimi çıxış edən əmtəənin inkişafı baş verir. Dəyərin pul formasının inkişafı ilə ümumi ekvivalent rolu müəyyən bir əmtəənin, XIX əsrin axırlarında - qızılın inhisarı altına düşdü. Pul rolunu yerinə yetirmək üçün daha çox yararlı qızıl və gümüş oldu, çünki həmin nəcib metallardan kəsilən sikkələr pul əmtəəsinə qarşı irəli sürülən tələblərə daha çox uyğun idi.
Vasitəçi rolunu nəcib metallar oynamağa başladığı vaxtdan faktiki olaraq real pul meydana gəlir. Nəcib metallar ümumi ekvivalent rolunu oynamaq üçün daha vacib olan keyfiyyətlərə malikdir. Digər metallardan fərqli olaraq qızıl və gümüş öz təbiətinə görə yekcinsdir. Məsələn, eyniadlı nəcib metalın eyni çəkidə olan iki parçası biri-birindən heç nə ilə fərqlənmir və bərabər dəyərə malikdir. Həmin nəcib metallar, digər pul materiallarından (xəz dəridən və yaxud mal-qaradan) fərqli olaraq, dəyərini itirmədən daha xırda hissələrə bölünə bilər. Gümüş və qızıl bölündükdə onların ümumi dəyəri azalmır, azacıq çəkisi və həcmində belə yüksək dəyərə malikdirlər. Bir əldən digərinə rahat keçə bilən gümüşün (xüsusilə də qızılın) olduqca az çəki miqdarı yüksək dəyərə malik olduğundan onları asanlıqla aparmaq olar. Həmin pul materialları saxlanıldıqda xarab olmur, yəni korroziyaya məruz qalmır, bu da onları pul şəklində çıxış etməyə və ona xas olan funksiyaları yerinə yetirmək üçün ən çox yararlı edir. Buna görə də həmin nəcib metallar pul rolunu həyata keçirən bütün digər əmtəələri tədricən sıxışdırıb aradan çıxarır. Bu vaxtdan etibarən bütün əmtəələr kütləsi iki qütbə ayrılmışdır. Bu qütblərin birində ümumi ekvivalent rolunu oynayan xüsusi əmtəə - pul, digərində isə çox böyük miqdarda bütün başqa əmtəələr durur.
Əmtəə-pul münasibətlərinin inkişafı üçüncü iri ictimai əmək bölgüsünə – tacirlər, sonra sələmçilər sinfinin və sələm kapitalının ayrılmasına gətirib çıxardı.
Pul - ümumi ekvivalent rolunu yerinə yetirən qızıldır. Ümumi ekvivalent keyfiyyətində qızılın ayrılması istehsal münasibətlərinin ikişafı nəticəsində mümkün olmuşdur. XV-XVI əsrlərdə əmək alətlərinin təkmilləşməsi prosesində əmtəə istehsalı və mübadiləsi genişləndi. Feodal təsərrüfatları əmtəə-pul münasibətlərinə qovuşdu, natural rentadan pul rentasına keçid baş verdi, vahid milli bazarlar meydana gəldi ki, bu da Qərbi Avropada mərkəzləşmiş dövlətlərin yaranması ilə əlaqədar idi. Qızıl ibtidaidən adi bir şey (cisim) idi. Cəmiyyətdə baş verən əmək bölgüsü nəticəsində o əmək məhsulu və yalnız sonra - əmtəə, ümumi ekvivalent kimi çıxış etmişdir. Qızıl elə bir təbii materiyadır ki, hansının ki, bütün nüsxələri eyni ictimai keyfiyyətə malikdir, buna görə də fərqlər yalnız təmiz miqdar xarakteri daşıyır. Qızıl ancaq ona görə pul olub digər əmtəələrə mübadilə oluna bilir ki, o hələ keçmişdə əmtəə şəklində onlara qarşı dururdu. Mübadilənin uzun tarixi inkişafı prosesi nəticəsində kortəbii olaraq digər əmtəələrdən ayrılmaqla meydana gələn pul, əmtəə təbiətini saxlamaqda davam edir. O, spesifik ictimai funksiyanı - bütün başqa əmtəələrin dəyərini ifadə etmək vəzifəsini yerinə yetirməyə, bazarda əmtəələrin mübadiləsi zamanı vasitəçi və bununla da ümumi ekvivalent rolunu oynamağa başlayır. Qızıl, pul keyfiyyətində əmtəə aləmindən ayrılaraq, öz xassələrini ikiqat artırır. O, ikili istehlak dəyərinə (birincisi, zərgərin fəaliyyəti üçün və ikincisi, ümumi alıcılıq qabiliyyətinin mülkiyyət daşıyıcısı kimi) və ikili dəyərə (birincisi, əmtəə və ikincisi ümumi alıcılıq qabiliyyətini təmsil edən nümayəndəlik dəyərinə) malikdir.
Öz tarixi təkamülü gedişatında pullar müxtəlif formalarda (metal, kağız, kredit və nəhayət, yeni müasir pul növü olan elektron pullar kimi) çıxış etməyə başladı. Metal pulun erkən forması müxtəlif formalı məftillər, müxtəlif geometrik fiqurlar, təsərrüfat məişətində işlənən əşyalar (bıçaqlar, toxalar) olmuşdur. Bizim eramızdan əvvəl XIII əsrdə tədavüldə müxtəlif çəkili metal külçəklər mövcud idi. İctimai əmək bölgüsünün daha yüksək pilləsində, bazar münasibətlərinin inkişafı nəticəsində metaldan sikkələr, yəni qanunla müəyyən edilmiş formaya və çəki məzmununa malik olan pul nişanları kəsilməyə başlanıldı. Sikkənin meydana gəlməsi pulun formalaşmasında həlledici mərhələ oldu. Sikkə, bir tərəfdən, əmtəə istehsalının və mübadilənin inkişafı, digər tərəfdən, quldarlıq dövlətlərinin iqtisadi və siyasi qüdrətinin güclənməsi, tacirlər sinfinin yaranması nəticəsində meydana gəlmişdir. Metalların emalı texnologiyasının təkmilləşdirilməsilə sikkələr gümüş və qızıldan kəsilməyə başlanıldı. İlk qızıl sikkələr bizim eramızdan əvvəl VII əsrdə meydana çıxmışdır. İlkin olaraq sikkədə öz profilini təsvir edən Aleksandr Makedoncki olmuşdur. Azərbaycan ərazisində tapılan ilk pullar Makedoniyalı İskəndərin (Aleksandrın) dövrünə aiddir. Artıq eramızdan əvvəl III əsrin ikinci yarısından beynəlxalq ticarətə qoşulmuş albanlar və atropatenalılar daxili bazarın ehtiyaclarını ödəmək məqsədilə İskəndərin gətirilmə sikkələrinə bənzər pullar zərb etməyə başladılar. IX-X əsrlərdə Qədim Rusiyada sikkənin kəsilməsinə başlanılmışdır. Rus dilində «pul» sözü XII- XIII əsrlərdə meydana gəlmişdir. Həmin dövrdə rus sikkələri ilə yanaşı tədavüldə türk sikkəsi «tenqa» mövcud olmuşdur. Bu, o vaxtlar müxtəlif xalqlar arasında sıx ticarət əlaqələrinin mövcud olmasından xəbər verir.
Pulun ilkin növlərinin öyrənilməsi olduqca böyük əhəmiyyət kəsb edir, çünki onlarda (metal pullarda) pulun meydana gəlməsinin əmtəə təbiəti daha aydın izlənilir. Metal pulların mübadilə dəyəri (yəni miqdar nisbəti, hansında ki, onlar başqa əmtəələrə mübadilə olunurdu) kəsildikləri metalın real dəyərinə tamamilə uyğun gəlirdi. Pul materiallarının təbii seçimi nəticəsində, yuxarıda qeyd etdiyimiz kimi, pul rolunu uzun müddət nəcib metallar oynamışlar.
Pulun meydana gəlməsinin elmi təhlili məqsədilə müasir nəzəriyyə ondan irəli gəlir ki, cəmiyyətin təsərrüfat sisteminin inkişafında iki mərhələ: barter iqtisadiyyatı (pulsuz fəaliyyət göstərən iqtisadi sistem) və pul iqtisadiyyatı mövcuddur. Barter iqtisadiyyatı (ingilis sözü olan barter - mübadilə ticarəti deməkdir) birbaşa əmtəə mübadiləsinin həyata keçirilməsi ilə xarakterizə edilir, bir faydalı şey bilavasitə başqa əhəmiyyətlisinə mübadilə olunur, ticarət sövdələşmələri «əmtəə – əmtəə» (Ə - Ə) sxemi üzrə həyata keçirilir, yəni natural mübadiləyə əsaslanan iqtisadi sistem pulun vasitəçiliyi olmadan fəaliyyət göstərir. Lakin barter iqtisadiyyatında, ayrı-ayrı dövrlərdə ona xas olan bəzi üstnluklərə baxmayaraq, ticarət baha başa gəlir, çünki arzuların iki dəfə üst-üstə düşməsini tələb edir. Mübadilə nisbəti mübadilə aparan tərəflər tərəfindən müəyyən edilir və müqavilədə təsbit edilir. Barter, (yəni pulla ödənilməyən əmtəəyə sahiblik hüququnun ötürülməsi ilə əmtəə mübadiləsi sövdələşməsi) pul tədavülünün alternatividir. Lakin pul tədavülünün üstünlüyü açıq-aşkar görünür. O, barterdən fərqli olaraq daha az vaxt və gərginlik tələb edir.
İki növ barter sövdələşməsini fərqləndirirlər: təmiz barter və ticarət barteri (təşkil edilmiş barter). Təmiz barter sövdələşməsində bir tək əmtəə başqa bir tək əmtəəyə mübadilə olunur. Fərdlər bir-birlərinə lazım olan əmtəələrə malik olurlar və onların ehtiyacları həm məkan, həm vaxt, həm də əmtəələrin keyfiyyəti və miqdarı baxımından üst-üstə düşür. Sövdələşmənin bu forması mübadilə gedişində çətinliklər yaradır, çünki inkişaf etmiş əmtəə tədavülü şəraitində eyni dəyərə malik olan iki əmtəəni tapmaq çətin olur. Ticarət barterində, təmiz barterdən fərqli olaraq, əmtəə mübadiləsi müntəzəm və daimi birbaşa xarakter daşıyır. Lakin birbaşa əmtəə mübadiləsi əməliyyatlarının sonrakı öz mənfi və müsbət cəhətləri vardır. Əvvəla, həmin barterin mənfi tərəfi ondan ibarətdir ki, ölkədə iqtisadi inkişafın qeyri-sabitliyinə gətirib çıxarır, əmtəə-pul münasibətlərində pozuntu halları yaranır, inflyasiya şəraitində kağız pulların praktiki olaraq əmtəə aləmi ilə əlaqəsi tam itir, pul əmtəə əsasından məhrum olur və öz funksiyalarını yerinə yetirə bilmir. İkincisi, əmtəənin əmtəəyə, xidmətin xidmətə barter mübadiləsi vergilərdən yayınmağa səbəb olur. Lakin bununla belə, barter sövdələşməsi, həmçinin əmtəələrin mübadiləsi ilə əlaqədar əməliyyatların aparılmasına olan xərcləri ixrisar etməyə imkan verir. Məhz bu baxımdan bu cür sövdələşmə bir sıra hallarda bizim dövrümüzdə də saxlanılır. Müasir şəraitdə barter, yəni əmtəənin əmtəəyə birbaşa mübadiləsi dördayağa çapan inflyasiya, hiperinflyasiya və yaxud kəsirli iqtisadiyyat şəraitində zəif inkişaf etmiş ölkələr ilə beynəlxalq ticarətdə geniş tətbiq edilir. Normal iqtisadi duruma malik olan ölkələrdə barterdən istifadə olunması pul tədavülündə nağd pulun çatışmazlığı ilə bağlıdır. Beynəlxalq ticarətdə bu gün də barter sövdələşmələri həyata keçirilir.
Bütün bu deyilənlərlə yanaşı qeyd etməliyik ki, barter sövdələşməsinə, əmtəə təsərrüfatının inkişafını məhdudlaşdıran digər qüsurlar da xasdır. Əvvəla, vahid dəyər ölçüsünün olmamasıdır. Satılası əmtəənin qiyməti eynimənalı olmur və ondan asılıdır ki, hansı cür əmtəə satın alınır. Hər bir yeni sövdələşmədə mübadilə nisbətləri yenidən müəyyənləşdirilməlidir. İkincisi, vahid tədavül və tədiyyə vasitəsinin yoxluğudur. Nəticədə alıcı və satıcı üçün mübadilənin məqsədləri üst-üstə düşməyə bilər, satıcı üçün faydalı olan, alıcı üçün lazımsız ola bilər. Üçüncüsü, barter iqtisadiyyatı şəraitində alıcılıq qabiliyyətinin vahid yığım vasitəsi mövcud deyildir. Nəticədə, yığım, ictimai formada yox, fərdi proses kimi həyata keçirilir.
Barterə xas olan bir çox qüsurlar nəticəsində insanlar mübadiləni sadələşdirmək üçün müxtəlif vasitələrdən istifadə etməyə əl atırlar və bununla da birbaşa əmtəə mübadiləsindən pul iqtisadiyyatına keçid baş verir. Pul iqtisadiyyatı şəraitində əmtəələrin mübadiləsi bilavasitə pul vasitəsilə həyata keçirilir.
Barterin əvəzinə gələn pul, sövdələşmələr aparıldıqda tədavül xərclərinin ixtisarına və ticarətin inkişafına imkan verməsinə baxmayaraq, barter tamamilə aradan qalxmadı, hətta müasir dünyada yüksək inflyasiya dövrlərində yenidən dirçəldi, çünki inflyasiya şəraitində barterin köməkliyilə ticarət nağd puldan istifadə etməkdən daha üstün tutulur, belə ki, sövdələşmələrin aparılması üçün pulun saxlanılması ilə əlaqədar xərclər barterə xas olan itkiləri və naranatçılığı geridə qoyur.
Ölkədə inflyasiyanın aşağı səviyyədə olduğu normal iqtisadi şəraitdə birbaşa əmtəə mübadiləsi səmərəsizdir, çünki alqı-satqı prosesində iki tərəfin maraqları üst-üstə düşmür, əksər hallarda təsadüfi olur. Bu səbəbdən də mübadilə prosesində vasitəçi rolu oynayan puldan istifadə edilir ki, bu da tədavül xərclərinin ixtisar edilməsinə, əmtəə mübadiləsinin inkişafına təkan verir.
Do'stlaringiz bilan baham: |