AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti pul və banklar



Download 3,5 Mb.
bet17/42
Sana21.03.2017
Hajmi3,5 Mb.
#5010
TuriDərslik
1   ...   13   14   15   16   17   18   19   20   ...   42

Əmtəələrə nisbətən. Burada qiymətlərin ümumi dinamikası əmtəə dəyərinin dinamikasından getdikcə fərqlənir, ayrı düşür. Bu, topdansatış, tədarük, tikinti, nəqliyyat, xarici ticarət və s. qiymət və tariflərdən ibarət vahid, qarşılıqlı tərzdə əlaqəli bütöv bir silsiləyə aiddir ki, onun da zirvəsində əmtəə və xidmətlərin pərakəndəsatış qiymətləri durur. Qiymətlərin ümumi artımına müvafiq olaraq pulun alıcılıq qabiliyyəti aşağı düşür;

  • Qızıla nisbətən. Qızılın keçmişdə pul olması onun indi də kapital və yığımları inflyasiya nəticəsində dəyərsizləşmədən və digər mümkün ola bilən itkilərdən qorumaq məqsədilə maliyyə aktivi kimi alın­masına səbəb olur. Ölkənin iqtisadi çətinliklərlə üzləşdiyi, dəyər­sizləşən milli valyutaya inam­sızlığın artdığı dövrlərdə qızılın maliyyə aktiv kimi əhəmiyyəti artır. Milli valyutanın qızıla nisbətən dəyər­sizləşməsi baş verir ki, bu da qızılın bazar qiymətinin artması şək­lində özünü göstərir;

  • Xarici valyutaya nisbətən. Bu milli valyuta məzənnəsinin xarici valyu­taya nisbətən aşağı düşməsində özünü göstərir.


    İnflyasiyanın inkişaf qanunauyğunluqları.

    Dünya təcrübəsindən məlumdur ki, inflyasiya öz inkişafında üç mərhələ­dən keçə bilər.



    Birinci mərhələdə tədavüldəki pul kütləsinin artım sürəti pulun dəyərsiz­ləşmə sürətini (qiymətlərin artım sürətini) üstələyir. Bu hal müharibəqabağı və müharibə dövrünün iqtisadi artım şəraitində istehsalın süni şəkildə canlandırılmasından ötrü tədavülün pula olan tələbatının müəyyən dərəcədə artması ilə izah oluna bilər. Dövlətin emissiya gəliri artır. Lakin bu və ya digər şəkildə müdafiə (hərb) ilə bağlı olan xərclərin qeyri-məhsuldar səciyyəsi, xüsusilə də belə dövr uzunmüddətli olduqda, ölkə iqtisadiyyatında qeyri-tarazlıqların güclənməsinə, artım sürətinin zəifləməsinə və nəticədə istehsal həcminin azalmasına gətirib çıxarır. Yüksək inflyasiyaya yol verməməkdən ötrü dövlət resursların mərkəz­ləşdirilmiş bölgüsü, məhsulların qiymətlərinə və əmək haqqına nəzarət, ən vacib ərzaq malları üzrə talonların tətbiq edilməsi şəklində sərt tən­zimləmə tədbirlərinə müraciət edə bilər. Məsələn, məhz bu cür tədbirlərin hesabına 1938-1945-ci illərdə Böyük Brita­niyada pul kütləsinin 2,5 dəfə artmasına baxmayaraq, qiymətlər yalnız 75% qalxmışdır.

    Dinc inkişaf illərində inflyasiyanın bu tərzdə tərəqqisi ən qabarıq şəkildə Latın Amerikası ölkələrində, uzun müddət ərzində böyük hissəsinin getdikcə kağız pul emissiyası hesabına ödənildiyi xroniki dövlət büdcəsi kəsiri şəraitində dövlət xərclərinin maliyyələşdirilməsi siyasətinin ilk dövrlərində müşahidə olunurdu.

    Bu mərhələ mötədil inflyasiyadan çaparaq inflyasiyaya keçid dövrünə müvafiq gəlir.

    Tədavüldəki pul kütləsinin qiymətin əmələ gəlməsində məh­dud­laşdırıcı tədbirlərsiz böyüməsi inflyasiyanı inkişafının ikinci mərhələsinə keçirir. Burada pulun dəyərsizləşmə sürəti (qiymətlərin artım sürəti) pul kütləsinin artımından getdikcə kənarlaşır. Buna səbəb pul tədavülünün həcmi ilə dövriyyənin pula olan əsas tələbatı arasındakı qeyri-tarazlığın güclənməsidir. Bu ondan irəli gəlir ki, inflyasiya iqtisadi artımı daha stimullaşdırmır və iqtisadi artımın aşağı düşməsinə maneə olmur, qiymətlərin dövlət tənzimlənməsi mexanizmi isə ya yoxdur, ya da təsirsizdir. Pulun dəyərsizləşməsi ona inamsızlıq yaradır, hər ehtimala qarşı mal və xidmət almaq meyli meydana gəlir və güclənir. Puldan qaçmaq, yəni onu real dəyərlərə çevirmək əhalı arasında tədricən böyük vüsət alır. İstehlakçılar qiymət artımını üstələməkdən və pulun alıcılıq qabiliyyətinin aşağı düşməsindən özlərini qorumaqdan ötrü əmtəə alqısını genişləndirirlər. Pulun tədavül sürəti artır ki, bu da iqtisadi dövriyyənin pula olan tələbatını daha da azaldır və pul kütləsinin böyüməsi ilə yanaşı inflya­siyanı gücləndirir. Qiymətlərin artım sürəti çox yüksək olduqda dövlət pulun çap edilməsində ləngiməyə başlayır və pulun qıtlığı yaranır. Dünya təcrübəsi onu göstərir ki, bu cür şəraitdə dövlət inflyasiya üzərindəki nəzarəti itirə bilər.

    Bu, çaparaq inflyasiyanın hiperinflyasiyaya keçid mərhələsidir.

    Pul kütləsinin artım sürəti ilə pulun dəyərsizləşməsi sürəti arasındakı nisbətin necə dəyişdiyinə bir misal kimi Rusiyada I Dünya müharibəsi dövründə və ondan sonra yaranan vəziyyəti göstərmək olar.



    Cədvəl 7

    Tədavüldəki pulun miqdarı, qiymət və real milli gəlir indeksləri

    (1913-cü il = 1)

    İllər

    Pulun miqdarı

    Qiymətlər

    Milli gəlir

    1916

    3,40

    1,43

    -

    1917

    5,57

    2,94

    0,75

    1918

    16,60

    20,76

    -

    1919

    36,8

    164

    -

    1920

    135,2

    2420

    -

    1921

    702

    16800

    0,38


    Mənbə: Вайнштейн А.Л. Цены и ценообразование в СССР в восстановительный период 1921-1926 гг. М., 1972, с. 31; Народное хозячйство СССР в 1958 г. М., 1959.
    Göründüyü kimi, birinci mərhələdə (1913-1917-ci illər) pul kütləsinin artması, hətta real əmtəə təminatının (milli gəlir) azalması nəzərə alınmaqla qiymət artımından üstün idi. İkinci mərhələdə (1918-1921-ci illər), əksinə milli gəlirin hər vahidi hesabı ilə qiymətlərin artımı pul kütləsinin böyüməsindən daha sürətlə gedirdi. İnflyasiya prosesindəki bu cür dəyişiklikdə iqtisad edminə yaxşı məlum olan yüksək inflyasiya zamanı nəqd pula tələbatın kəskin şəkildə azalması halı (buna Keqan effekti32 də deyirlər) özünü aydın göstərir. Qiymətlər sürətlə artdıqda nəqd pulun saxlanılması itkiləri böyüyür, pula tələbat azalır və pulun tədavül sürəti artır ki, bu da inflyasiyanın vüsət almasının artıq pul emisiyası ilə yanaşı digər, hətta ən mühüm amilinə çevrilir. Proses artıq özü özünə zəmin yaradır, özü özünü «qidalandırır», böyük bir selə çevrilir.

    İnflyasiyanın inkişafındakı mövcud ola bilən üçüncü mərhələ pul kütlə­sinin genişlənməsi sürəti ilə qiymət artımı sürəti arasındakı dəyişən nisbətlə səciyyələnir. Pulun orta illik dəyərsizləşmə sürəti tədavüldəki pul kütləsinin artım sürətini ya bir qədər qabaqlayır, ya da ondan bir qədər geri qalır. Bu, iqtisadiyyatın dinc inkişafı zamanı müşahidə olunur. Burada inflyasiya mötədil səciyyə daşıyır və dövlətin nəzarəti altındadır, ya da sabitləşmə proqramı çərçivəsində qəti və sərt tədbirlər nəticəsində mötədil səviyyəyə endirilir (şok islahat).


    6.4. İnflyasiyanın nəticələri
    1929-1933-cü illərin iqtisadi böhranının təsiri ilə qızıl sikkə stan­dartı ləğv edildi. Pul etalonu rolu qızıla dönərli olmayan kredit pullara keçdi. Onların bütün üstün cəhətləri ilə yanaşı bir qüsuru var: kredit pulların hətta ən əsas­lanmış emissiyası iqtisadiyyata labüd inflyasiya təsiri ilə bağlıdır. Təsadüfi deyil ki, nağd pul tədavülünün böyük yer tutduğu ölkələrdə bir qayda olaraq inflyasiya da güclü olur. Eyni zamanda qeyd etmək lazımdır ki, zəif inflyasiya qiymətlərin və mənfəət nor­masının canlanmasına səbəb olmaqla konyunk­turanın da can­lan­masının amili kimi çıxış edə bilər. Lakin, dünya təcrübəsi inflyasiyaya sərt nəzarət edilməsini tələb edir. Bununla belə, bu o demək deyil ki, nəzarət olunan inflyasiya təhlükəli deyil və iqtisadi inkişaf məqsədilə daima tətbiq edilə bilər. Əksinə, dünya təcrübəsi onu sübut edir ki, hətta nəzarət edilən inflyasiya tədricən nəzarətdən çıxır və dərinləşdikcə labüd olaraq iqtisadi inkişafı süni stimullaşdırmaq əvəzinə onu ləngidir, çətinləşdirir. Bunun səbəbi bu cür inflyasiya səciyyəli inkişafın inflyasiya səbəblərinin və amillərinin təsirini gücləndirən mənfi sosial və iqtisadi nəticələridir. Bu nəticələr hansılardır?

    1) Yuxarıda deyildiki kimi, inflyasiyanın köklü səbəbi iqtisa­diyyatın quruluşundakı qeyri-tarazlıqlardır. Buna görə də inflyasiya ilk növbədə bu qeyri-tarazlıqları gücləndirir. İnflyasiya qiymətlərin ümumi artımı kimi başa düşülsə də, bu artım iqtisadiyyatın sahə və bölmələri üzrə qeyri-bərabər baş verir və bir sahələrdə istehsalın genişlənməsinə, digərlərində isə onun azalmasına gətirib çıxarır. Nəticədə iqtisadiy­yatdakı qeyri-tarazlıqlar güclənir. İnflyasiya təsər­rüfat fəaliyyətinin nəticələrini dəyərsizləşdirir və son nəticəyə olan marağı zəiflədir. O, təkcə əhalinin deyil, həm də müəssisələrin pul yığımlarını dəyər­sizləş­di­rir və bu səbəbdən pul, kapital yığımını və deməli, uzunmüddətli inves­tisiyalar etmək stimulları zəifləyir. Bu zəifləmə daha çox maddi istehsal sferasında, onun daxilində isə iqtisadiyyatın mülki sahələrində baş verir. Sahələr arasındakı qeyri-tarazlıqların artması təsərrüfat əlaqələrinə pozucu təsir göstərir.

    2) İnflyasiya kapitalın istehsal sahəsindən tədavül sahəsinə axıb getməsinə gətirib çıxarır. Qiymətlərin sürətli və qeyri-bərabər hərəkəti təkcə əhali (iqtisad elminin dili ilə desək, ev təsərrüfatları) arasında deyil, həm də müuəssisələrdə qərarlar qəbul edən şəxslər arasında da gələcəyə inamsızlıq yaradır. Uzunmüddətli planlaşdırma çətinləşir. Risk artdıqca onu tarazlaşdıran yüksək mənfəət tələbləri də artır. Bununla əlaqədar, qəbul edilən qərarlar daha qısamüddətli və möhtəkir meyilli olur, in­vestisiyalar isə (böyük inflyasiya mənfəəti vəd edənlərdən başqa)33 azalır. Bu investisiyalar əsasən tədavül sahəsinə edilir, çünki burada kapital daha sürətlə dövr edir və daha tez mənfəət gətirir. Öz növbəsində, isteh­salın həc­mi məhdudlaşır ki, bu da uzunmüddətli perspektivdə əhalinin məşğulluğuna və rifahına təhlükə yaradır. Zəif inkişaf etmiş ölkələrdə möhtəkirlik meyilləri ilə yanaşı «gizli iqtisadiyyat», yəni qeydiyyata alınmamış gəlir gətirən təsərrüfat fəaliyyəti, reket, mafiya və d. mənfi hallar da yaranır və yaxud genişlənir.

    3) İşsizliyin artması. İnflyasiya məşğulluğa ciddi təsir göstərir. Belə ki, yüksək inflyasiya işsizliyin aradan qaldırılması imkanlarını zəiflədir. Təklif etdiyi tələb inflyasiyası modelindən irəli gələn Yeni Zelandiya mənşəli ingilis iqtisadçısı O.Fillips, 1861-1956-cı illərin Britaniya statistikasını təhlil edərək belə bir qənaətə gəlmişdir ki, təqribən 100 il ərzində Britaniya iqtisadiyyatında inflyasiyanın köməyi ilə istehsaldakı tənəzzüllər aradan qaldırılır, məşğulluq artırılır, qiymətlərin sabitliyi isə məşğulluğun azalması və iqtisadi fəallığın zəifləməsi ilə müşayiət olunurdu. 1958-ci ildə O.Fillips əmək haqqının dəyişməsi ilə işsizliyin səviyyəsi arasındakı tərs mütənasibliyi qrafik formada (Fillips əyrisi) ifadə etdi. Təhlil göstərdi ki, işsizlik 2,5%-dən yüksək olduqda qiymət və əmək haqqı artımını kəskin ləngitməyə başlayır. Deməli, işsizlik səviy­yəsinin dəyişməsi qiymətlərin və əmək haqqının artması ilə müşayiət olunur. Başqa sözlə, işsizliyi azaltmaqdan ötrü inflyasiyanı sürətlən­dirmək lazımdır.

    Sonradan, Amerika iqtisadçıları P.Samuelson və R.Solou əmək haqqını əmtəə qiymətlərinin artım sürəti (inflyasiya səviyyəsi) ilə əvəzləməklə Fillips əyrisinə dəyişiklik etmişlər və məhz bu halda ondan iqtisadi siyasətin işlənib hazırlanmasında, ilk növbədə yüksək məşqulluq ilə yüksək istehsalı və müəyyən qiymət sabitliyini mümkün edən şərtlərin təyin edilməsi üçün istifadə edilməyə başlanıldı.

    Şəkil 3. Fillips əyrisi
    Fillips əyrisinin ifadə etdiyi məntiqə əsasən inflyasiyanın mülayim səviyyədə sabitləşdirilməsinin belə bir yolu təklif edilmişdir ki, ya işsizlik yüksək həddə çatdırılır, ya da həmkarlar ittifaqlarının əmək haqqının artırılması danışıqlarındakı mövqeyi daha təmkinli olmalıdır. Bununla bağlı belə bir problem müəyyən olundu ki, işsizlik ilə inflyasiya arasındakı hansı nisbətə nail olunması məqsədi hökumətin sosial və iqtisadi vəzifələrindən asılıdır.

    Lakin əməli iqtisadi tənzimləmə göstərdi ki, Fillips əyrisi qısa dövr üçün yararlıdır, uzunmüddətli (5-10 illik) perspektivdə isə işsizliyin yüksək olmasına baxmayaraq inflyasiya artmaqda davam edir.

    1974-1975-ci, həmçinin 1980-1982-ci illərdə bütün inkişaf etmiş ölkələr həm yüksək inflyasiya (ildə 20-25%), həm də yüksək işsizlik (ən yüksək göstərici – 30 mln. nəfər 1982-ci ildə qeydə alınmışdı) ilə səciyyələnən ağır staqflyasiya böhranına düçar olmuşlar. Bu cür vəziyyətdən çıxmaq təcrübəsi göstərdir ki, yüksək inflyasiya işsizliyin aradan qaldırılmasına mane olur. Buradan belə bir nəticə də çıxır ki, tam məşğulluğa nail olunması inflyasiyanın da qabağını alır və əksinə. Yüksək inflyasiya ölkə daxilində əmtəələri rəqib ölkələrlə müqayisədə daha bahalı edir. Beynəlxalq bazarlarda onların rəqabət qabiliyyətliliyi aşağı düşür. İxrac çətinləşir, vətəndaşlar üçün milli əmtəələr əvəzinə nisbətən ucuz olan xarici malları almaq daha sərfəli olur. Bununla əlaqə­dar olaraq, milli istehsalçılar həm beynəlxalq, həm də milli bazarlardan sıxışdırılır, onlar tədricən bağlanır, işçilər isə işsiz qalırlar. Kapitalın istehsaldan tədavülə axıb getməsi də bununla səciyyələnir.

    Beləliklə, məlum oldu ki, Fillips əyrisi ilə ifadə edilən statistik bağlılıq uzunmüddətli dövrlərdə davamlı qanunauyğunluqu əks etmir. Artıq 1970-ci illərin sonlarından Fillips əyrisini təbii işsizlik səviyyəsi nəzəriyyəsi əvəzlədi. Onun əsas ideyası odur ki, uzun müddətdə cəmiyyət üçün məqbul olan inflyasiyanı yalnız təbii işsizlik səviyyəsi zamanı təmin etmək mümkündür.

    4) İnflyasiya əhalinin bütün təbəqələrinin gəlirlərinin alıcılıq qa­biliyyətini aşağı salır. Bu, ilk növbədə real əmək haqqının və zəh­mət­keşlərin bütün gəlirlə­rinin azalması deməkdir. Bu proses işsizliyin art­ması nəticəsində daha da güc­lənir. Real ödəniş qabiliyyətli tələbin azal­ması əmtəələrin satışını çətinləşdirir və, deməli, iqtisadiyyat sahə­lə­rinin istehsal fəaliyyətinə mənfi təsir göstərir. Öz növbəsində, əhali gəlirlərinin alıcılıq qabiliyyətinin aşağı düşməsi daxili bazarın həcmini, tutumunu məhdudlaşdırır.

    5) İstehlakçı tələbin quruluşundakı dəyişikliklər. İnflyasiya cəmiyyətin bütün təbəqəldərinin gəlirlərinin alıcılıq qabiliyyətinə mənfi təsir göstərir. Lakin ayrı-ayrı təbəqələrin buna reaksiyası fərqlidir. Az təminatlı təbəqələr ərzaqın xeyrinə özlərinin qeyri-ərzaq istehlakını azaldır. Ərzaq malları çərçivəsində isə Giffen paradoksu34 özünü göstərir, yəni az təminatlı ailələr üçün ilkin zərurət əmtəələri olan malların qiymətlərinin qalxmasına baxmayaraq onların istehlakı azalmır, əksinə başqa malların hesabına daha da artır. Giffen paradoksunun şamil edildiyi əmtəələrə Giffen əmtəələri deyilir. Bütün Giffen əmtəələri ucuz qiymətli olur (el dilində «kasıbın malı») və onların bərabər əvəzedicisi olmur. Məsələn, eyni vaxtda ətin və kartofun qiymətlərinin qalxmasına baxmayaraq, az təminatlı ailələr heyvan ətinin istehlakını əvəzedicilərin, məsələn toyuq ətinin, hesabına, kərə yağının istehlakını ucuz bitki yağ­larının hesabına azaldır, bir çox meyvə və tərəvəzdən, qənnadı mə­mu­latlarından ümumiyyətlə imtina edir. Lakin kartofun istehlakını, əksinə artırır, çünki kartofun bərabər əvəzedicisini tapmır.

    Cəmiyyətin varlı təbəqələri isə qızıl, ziynət əşyaları, torpaq sahələri, rəsm əsərləri, daşınmaz əmlak və s. əldə edir.

    6) Tələbin quruluşundakı məzmunca müxtəlif olan bu cür dəyişik­liklərin mümkünlüyü inflyasiyanın növbəti nəticəsi ilə səbəblənir: gəlir və kapitalların əhalinin daha təminatlı təbəqələrinin xeyrinə köklü şəkildə yeni­dən bölüşdürülməsi. Uzunmüddətli kollektiv müqavilələrə əsasən təsbit edilmiş gəlirlərə malik olanlar gəlirlərin alıcılıq qabiliy­yətinin aşağı düşmə­sinə məruz qalır. Bunu əmək haqqının artırılması və yaxud təklif etdikləri xidmətlərin qiymətlərinin qaldırılması yolu ilə təzmin etmək imkanına malik olanlar (məsələn, işgüzarlar) özlərinin alıcılıq qabiliyyətini qoruyub saxlamaq­dan ötrü daha üstün imkanlara malik olur.

    Əmanətləri və yığımları olanlar da inflyasiyanın mənfi təsirinə məruz qalır, çünki əmanət və yığımlar dəyərsizləşir. Sabit gəlirləri olan şəxslər qiymətli kağızlara sərmayə etdiyi kapitalın bir hissəsini inflyasiya nəticəsində itirmiş olurlar. Eyni zamanda verilən borcların da dəyəri azalır ki, bu da kreditorlar üçün mənfi haldır. Əksinə, borcu olanlar üçün bu sərfəlidir. Özlərinin pullarını ev, əntiq əşyalar, incəsənət əsərləri, xarici valyuta və yaxud ziynət əşyalarına yönəltmiş şəxslər bu aktivlərin dəyərlərinin inflyasiyadan daha sürətlə artmasının şahidi olurlar. Buna görə də imkanı olanlar yığımlarını nəqd pul və bank əmanətləri formasından inflyasiya baxımından təhlükəsiz və deməli daha sərfəli olan formalara keçirirlər.

    İnflyasiya nəticəsində gəlir və kapitalların yenidən bölüşdürülməsi işgüzarların müxtəlif qrupları arasında da baş verir. Bundan ən böyük xeyri iri şirkətlər, ilk növbədə inhisarçı qiymətlərin əmələ gəlməsini əsas­lan­dırmaq, özlərinin milli və beynəlxalq bazarlarda iştirakını möh­kəm­lən­dirmək və genişləndirmək naminə inflyasiyadan istifadə edən trans­milli şirkətlər, milli valyutanın xarici dəyərsizləşməsi ilə əlaqədar – iri ixracatçılar, həm kənd təsərrüfatı fəhlələrinin real əməkhaqlarının azal­ması, həm də ipoteka borclarının dəyərsizləşməsi ilə əlaqəlar – torpaq sahibləri görürlər. Bu isə o deməkdir ki, inflyasiyanın nəticələrindən biri də kapitalın təmərgüzləşməsinin güclənməsidir.

    7) Sosial vəziyyətin gərginləşməsi. Dünya təcrübəsi göstərir ki, yüksək inflyasiya dalğaları sosial gərginliyə və hətta siyasi çevrilişlərə gətirib çıxara bilər. Müasir dövrün tarixindən buna ən bariz misal 1920-ci illərdə Almaniyada baş vermiş hiperinflyasiyanı göstərmək olar. O zaman bir neçə ay ərzində qiymətlərin min dəfələrlə artması nəticəsində əhalinin orta təbəqəsinin yığımları puç oldu və bir çox tarixçilərin fikrincə, bu hal sonradan faşizmin hakimiyyətə gəlməsinin mühüm amilinə çevrildi. II Dünya müharibəsindən sonra bir çox Latın Amerikası ölkələrində inflyasiya dəfələrlə yüzlərlə və min­lərlə faiz təşkil etmiş, bu isə onların sosial və siyasi sabitliyini sarsıtdı və çoxsaylı dövlət çevrilişldərində təzahür etdi.

    8) Dövlət maliyyəsinin böhranı. Yuxarıda («İnflyasiyanın səbəbləri və amilləri» bölməsində) inflyasiya surətinin artmasının büdcə kəsirinin artmasına təsiri haqqında deyilmişdir. Büdcə kəsiri ya dövlət borcunun genişləndirilməsi, ya da yeni pul emissiyası hesabına ödənilir. İkinci yol inflyasiya problemini daha da kəskinləşdirir. Dövlət borcunun böyüməsi isə borc üzrə faizlərin ödənilməsinə edilən büdcə xərclərini artırır. Bu, inflya­siya amillərindən biri olan büdcə kəsirinin azaldılmasını çətin­ləşdirir ki, nəticədə dövlət daxili bazarda yeni borclar götürür. Güclənən inflyasiya dövlət qiymətli kağızlarının yerləşdirilməsindən əldə edilən məbləğləri dəyərsizləşdirir. Bunun özü də yeni borclara tələbatı artırır. Borc kapitallar bazarında dövlət iştirakının genişlənməsi onun borc alan özəl şəxslərlə rəqabətini gücləndirir. Dövlət qiymətli kağızları üzrə faizlərin dəyərsizləşmiş pullarla ödənilməsi ilə birlikdə bu, yeni borc öhdəliklərinin yerləşdirilməsini çətinləşdirir.

    9) Pul-kredit sisteminin fəaliyyətinin pozulması. Pulun dəyər­siz­ləşməsi pul yığımları etmək stimullarını zəiflədir. Bu isə kredit-maliyyə qurumlarının resurs mənbəyini sarsıdır. Bundan başqa, kapitalın dövran sürəti zəiflədikcə borc kapitalın təklifi azalır, kredit qurumlarından əmanətlərin çox vaxt kütləvi şəkildə geri götürülməsi baş verir. Bunun səbəbi ondadır ki, inflyasiya gücləndikcə kredit qurumları depozitlərə cəlb etdikləri vəsaitlər üzrə müsbət real faiz təmin edə bilmir, bu isə vəsaitlərin bu qurumlarda saxlanılmasını əlverişsiz edir. Vəsaitlərin çıxıb getməsinə yol verməməkdən ötrü kredit qurumları verdikləri kreditlər üzrə faiz dərəcələrini qaldıra bilərlər. Lakin qiymətin tərkib hissəsi olan kredit faizinin artırılması inflyasiyanı daha da sürətləndirir və əvvəllər verilmiş kreditlərin məbləğini daha da dəyərsizləşdirir. Kreditorlar dəyərsizləşmiş pullar ilə verdiklərini geri aldıqda itkilərə məruz qalır. Bu, xüsusən uzunmüddətli kapital dövranı ilə səciyyələnən istehsalçılara verilmiş uzunmüddətli kreditlərə aiddir. İnflyasiya gücləndikcə faizin artması istehsal məqsədləri üçün kreditə olan tələbatı azaldır. Eyni zamanda, kredit-maliyyə qurumlarının resurslarından möhtəkircəsinə istifadə edilməsi fəaliyyəti genişlənir.

    10) Ölkənin xarici iqtisadi mövqelərinin pisləşməsi. Yuxarıda göstərilən inflyasiyanın bütün nəticələri milli iqtisadiyyatın tənəzzülü deməkdir. Tənəzzül xarici iqtisadi sahədə də özünü göstərir. İlk növbədə bu, valyuta məzənnəsinə aiddir. Valyuta məzənnəsinin inflyasiyanın sürətindən uzunmüddətli asılılığı mövcuddur. Lakin müxtəlif ölkələrdə bu asılılıq müxtəlif cür özünü göstərir. İnkişaf etmiş ölkələrdə valyuta məzənnəsi ilə pul vahidinin alıcılıq qabiliyyəti arasındakı bağlılıq hər zaman nəzərə çarpmır, çünki milli pul vahidinin val­yuta məzənnəsinin formalaşmasında digər amillər də iştirak edir. Lakin yu­xarıda deyilən asılılıq inkişaf etməkdə olan ölkələrdə özünü daha tez və aydın göstərir. Belə ölkələrin əksəriyyəti üçün səciyyəvi olan pul emissiyası hesabına kəsirli maliyyələşdirmə valyuta məzənnəsini aşağı salır. Hökumət məzənnənin aşağı düşməsinə yol verirsə, çox vaxt daxili əmtəə qiy­mət­ləri milli pul vahidinin dəyərsizləşməsi ilə paralel artır. Daxili qiy­mətlərin artması milli əmtəələrin rəqabət qabiliyyətini aşağı salır, onların ixracını çətinləşdirir, ixracdan olan valyuta gəlirlərini və onların alıcılıq qabiliyyətini azaldır, eyni zamanda idxalı həvəs­ləndirir. Bu, ticarət balansının vəziyyətinin pisləşməsinə səbəb olur. İdxalın genişlənməsi isə ölkədən xarici valyutanın axıb getməsi deməkdir.

    İnflyasiya gücləndikcə milli kapital daha mənfəətli tətbiq yerlərini tapmaq məqsədilə xaricə yönəlir, bunun ardınca isə ölkədə olan xarici kapitalın axıb getməsi baş verir. Nəticədə, ölkənin xarici hesablaşmalar balansı pisləşir, bu isə tədiyyə balansının vəziyyətinin pisləşməsi və ölkənin rəsmi qızıl və valyuta ehtiyatlarının azalması ilə birlikdə ölkənin kredit və ödəniş qabiliyyətinin zəifləməsi deməkdir.

    İnflyasiyanın bütün mənfi nəticələri inflyasiya zəif, ləng inkişaf etdikdə, mötədil olduqda gizli halda mövcuddurlar. Lakin inflyasiya nəzarətdən çıxdıqda və caparaq mərhələsinə keçdikdə, qarşısının alın­ması çətin olan, öz-özlüyündən törəyən kəskin bir prosesə çevrildikdə, onun nəticələri də üzə çıxır və qısa müddətdə ən yüksək zirvəyə, nöqtəyə çata bilərlər.

    Beləliklə, ictimai təkrar istehsal prosesindəki pozuntulardan doğan inflya­siya onları həm istehsal, həm də tədavül sahələrində daha da ağırlaşdırır. Bu­nunla da inflyasiyanın təkrar istehsal ilə birbaşa və əks əlaqəsi aşkar olunur.
    6.5. İnflyasiyanın tənzimlənməsi
    Yuxarıda bütün deyilənlərdən belə nəticə çıxarmaq olar ki, pulun sabit dəyəri sabit iqtisadi inkişafa, milli iqtisadiyyatın səmərəliliyinin yüksəldil­məsinə nail olmaqdan ötrü məşğulluğu, sosial sabitliyi, həyat üçün vacib olan nemətlərin ədalətli bölüşdürülməsi, ölkənin beynəlxalq iqtisadi mövqelərinin qorunub saxlanılması üçün böyük əhəmiyyət kəsb edir. Lakin sual olunur: inflyasiya ilə necə mübarizə aparmalı?

    İnflyasiya ilə mübarizə inkişaf səviyyəsindən asılı olmayaraq bütün ölkələrin ümumiqtisad və pul-kredit siyasətinin ən mühüm problemlərinə aiddir. Bu, onunla izah olunur ki, inflyasiya müasir təkrar istehsalın ayrılmaz tərkib hissəsidir.

    İnflyasiyanın şərti olaraq tələb inflyasiyasına və xərclər inflya­si­yana ayrılması ilə əlaqədar antiinflyasiya tədbirləri iki əsas istiqamətdə həyata keçirilir:


    1. deflyasiya siyasəti. Tələb inflyasiyasına qarşı yönəlmişdir. Pul-kredit və vergi mexanizmləri vasitəsilə dövlət xərclərinin müəyyən maddələrinin və dövlət büdcəsi kəsirinin azaldılması, kredit faizlərinin qaldırılması, vergilərin artırılması, pul kütləsi artımının məhdud­laş­dırıl­ması və digər yollarla pullu tələbin məhdudlaşdırılmasına istiqamətlənən tədbirləri əhatə edir. Deflyasiya siyasəti tədbirləri bütövlükdə iqtisadi konyunkturanı sıxdıqına görə onların yalnız iqtisadi yüksəliş mərhə­ləsində və qısa müddətdə tətbiq edilməsi məsləhət görülür.

    2. gəlirlər siyasəti. Xərclər inflyasiyasına qarşı yönəlmişdir. Gəlirlər siyasəti tədbirləri iqtisadi silsilənin istənilən mərhələsində tətbiq edilə bilər. Paralel şəkildə qiymətlərin qalxmasının və əməkhaqlarının art­masının məhdudlaşdırılmasına, milli valyuta məzənnəsinə nəzarət olunmasına, inhisarçı qiymətqoyma fəaliyyəti ilə mübarizəyə istiqa­mət­lənən tədbirləri əhatə edir. Qiymətlərə və əməkhaqlarına paralel nəzarət ya onların tam dondurulması, ya da onların artımının yalnız əvvəlcədən müəyyən edilmiş həddlərdə baş verə bilməsi şəklində həyata keçirilir. Gəlirlər siyasətinin aparılmasının bir yolu da vergi variantıdır ki, bu da qiymətlərin qalxması və əməkhaqlarının artması sürətindən asılı olaraq mənfəətdən verginin cərimələndirici, yaxud həvəsləndirici dərəcələrinin təyin edilməsini nəzərdə tutur.

    Lakin xərclər inflyasiyanın əleyhinə yönəlmiş tədbirlər bununla bitmir. Onlar daha çeşidlidir və həm istehsalı stimullaşdıran tədbirləri, həm də iqtisadiyyatın quruluşundakı qiymətlərin artımını sürətləndirən zəif yerləri aradan qaldırmaq məqsədilə struktur dəyişikliklərinin həyata keçirilməsi tədbirlərini əhatə edirlər.

    İnflyasiya ilə mübarizə üsulları birbaşa və dolayı üsullara ayrılırlar. İqtisadi vəziyyət nə qədər böhranlı olsa iqtisadiyyata və deməli, pul kütləsinə dövlət təsirinin birbaşa üsulları bir o qədər zəruri olur.

    Pul vahidinin alıcılıq qabiliyyətinin tənzimlənməsinin, yəni inflyasiya ilə mübarizənin, birbaşa üsullarına aiddir:


    1. kreditlərin və bununla da pul kütləsinin dövlət tərəfindən birbaşa və bilavasitə tənzimlənməsi;

    2. qiymətlərin dövlət tənzimlənməsi;

    3. həmkarlar ittifaqları ilə razılaşma əsasında əmək haqqının dövlət tənzimlənməsi;

    4. xarici ticarətin, kapitalın idxal və ixracının, valyuta məzən­nəsinin dövlət tənzimlənməsi.

    Kreditlərin bölüşdürülməsinin dövlət tənzimlənməsi bir tərəfdən bank­ların kredit resurslarının tam həcmdə qısamüddətli möhtəkir əmə­liyyatlarına sərf edilməsinə yol verməmək, digər tərəfdən isə resursların likvidli olmasına nail olmaq məqsədlərini güdə bilər.

    XX əsrin 30-cu illərindən başlayaraq dövlət qiymətin əmələ gəlməsinin bazar mexanizmini tənzimləmək vasitəsilə iqtisadiyyatın inkişafına vaxtaşırı müdaxilə edir. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə qiymətlərin nəzarətsiz artımının qarşısının alınmasının müxtəlif formalarından daima istifadə edilib və edilir. Bu formalar həm müəyyən əmtəə qiymətlərinin dondurulmasında, həm də qiymətlərin səviyyəsinin müəyyən hüdudlarda saxlanılmasının daha çevik mexanizmlərinin tətbiq edilməsində təzahür edir­.

    Yüksək inflyasiya şəraitində qiymətlərin müvəqqəti dondurulması və sonradan onlara yenidən baxılması üsulundan istifadə edilə bilər. Xalis mə­nada qiymətlərin dondurulması əhalinin, təsərrüfatçıların, kredit sisteminin inflyasiya gözləmələrinə son qoyur, iqtisadiyyata müəyyən təskinlik gətirir. Qiymətlərin dondurulması açıq möhtəkirliyə son qoyur və burada istifadə edilən kapitalları başqa sahələrə yayındırır. Çox vaxt, eyni vaxtda qiymətlərə və əmək haqqına nəzarət edilir. Bu, onunla izah edilir ki, əmək haqqına nəzarət yalnız qiymələrə nəzarət edildikdə səmərəli olur. Əgər qiymətlərə nəzarət olunursa, əməkhaqları isə indeks­ləş­dirilirsə, onda tələb və inflyasiyanı məhdudlaşdırmaq üçün əmək­haqının artımını qiymətlərin artım indeksi ilə məhdudlaşdırmaq kifayət edə bilər. II Dünya müharibəsi illərində vuruşan ölkələrdə bu cür hərəkət edirdilər. 1970-ci illərdə ölkədə məcburi sabitlik yaratmaq məqsədi ilə ABŞ-da iki dəfə qiymətlər dondurulmuşdur. İnkişaf etməkdə olan ölkələrdə çoxsaylı antiinflyasiya proqramlarının tərkib hissəsi kimi tez-tez və geniş miqyasda qiymət və əmək haqqına dövlət nəzarətindən isti­fadə olunub və olunur. Bundan məqsəd «qiymətlər – əmək haqqı» silsiləsinin (spiralının) aradan qaldırılmasıdır.

    Məlumdur ki, əhalinin hədsiz alıcılıq qabiliyyətinin, daha dəqiq desək, tezliklə xərcləmək istəyinin qarşısının alınmasının bir yolu var – bu da pulun sabitliyidir. Bu, artıq fəaliyyət göstərən, bütün əhalini, iqtisadiyyatın bütün sahə və bölmələrini əhatə edən bazar münasibətləri şəraitində aşağı qiymətlər və zəif inflyasiyanın əsas ilkin şərtidir. Lakin hətta belə olduqda da, qiymətlərə dövlət nəzarəti saxlanılır. Bu isə o deməkdir ki, II Dünya müharibəsindən sonrakı dövrdə heç bir qabaqcıl ölkədə tamamilə sərbəst qiymətqoyma mövcud olmamışdır. Bu, xüsusilə pərakəndəsatış qiymətlərinə aiddir, çünki onların tənzimlənməsi əhalinin, ilk növbədə onun ən kasıb təbəqələrinin, sabit həyat səviyyəsinin təmin edilməsinə istiqamətlənir. Bu cür nəzarət bütün qabaqcıl ölkələrə xasdır.

    Əmək haqqının dövlət tənzimlənməsinə gəldikdə isə, deyildiyi kimi, bu yalnız qiymətlərə nəzarət edildikdə səmərəli olur. Qiymətlər sabitləşdikcə əmək haqqı üzrə tətbiq edilən məhdudiyyətlər də yumşalır.

    İnflyasiyaya uyğunlaşmağın üsullarından biri də indeksləşdirmədir. 1970-ci illərdə yüksək inflyasiya ilə əlaqədar ona uyğunlaşmağın üsulu kimi indeksləşdirməyə meyil xüsusilə artmışdır. İndeksləşdirmə infl­yasiya nəticəsində gəlirlərin itkisini tam və yaxud qismən təzmin etmək vasitəsilə əmək haqqının, təqaüd və müavinətlərin, b. gəlir növlərinin real həcminin qorunub saxlanılması üsulu kimi tətbiq edilir. Belə hallarda əməyin ödənilməsi haqqında razılaşma və müqavilələrə indeks qeyd-şərtləri daxitl edilir. Əmək haqqının indeksləşdirilməsində pərakəndə satış qiymətldəri indekslərindən istifadə olunur. Təqaüd və müavinətlərin indeks­ləşdirilməsində isə pərakəndəsatış qiymətləri indek­sindən başqa orta əmək haqqının və digər gəlirlərin səviyyəsinin dəyiş­məsi də nəzərə alınır. İndeksləşmə geniş şəkildə 1940-cı illərin sonu – 1950-ci illərin əvvəllərindən tətbiq edilir. Bu dövrdə hərbiləşdirilmiş və yaxud müharibə nəticəsində dağılmış iqtisadiy­yatdan normal bazar iqti­sadiyyatına keçidlə əlaqədar olaraq yüksək inflyasiya halları müşahidə olunurdu.

    İndeksləşmənin miqyasları ölkə hökumətinin məqsədləri ilə müəyyən olunur: əhali üçün inflyasiya yükünü yüngülləşdirmək və yaxud inflyasiyanın özünü zəiflətmək. Əksər qabaqcıl ölkələrdə indeksləşmə zəhmətkeş əhalinin az hissəsini əhatə edir (məsələn, ABŞ-da 10%-dən bir az çox). Yalnız İtaliyada həmkarlar təşkilatları kifayət qədər geniş və müəyyən mənada imtiyazlı indeksləşmə sisteminin tətbiq edilməsinə nail ola bilmişdir.

    Eyni zamanda, indeksləşmə «əmək haqqı – qiymətlər» inflyasiya spiralının güclənməsinin amilinə çevrilə bilər. Buna misal kimi yenə də İtaliyanı göstərmək olar: 1970-80-ci illərin əvvəllərində pərakəndə satış qiymətlərinin orta illik artımı 17,9% təşkil edirdi (1980-cı ildə 21,2%).

    İnflyasiya ilə mübarizənin dolayı üsulları aşağıdakıları əhatə edir:


    1. Mərkəzi Bank tərəfindən banknot emissiyasının idarə edilməsi vasitəsilə pul kütləsinin tənzimlənməsi;

    2. bankların tətbiq etdikləri faiz dərəcələrinin Mərkəzi Bank tərəfindən tənzimlənməsi;

    3. kommersiya banklarının məcburi ehtiyatlarının tənzim­lənməsi;

    4. açıq bazarda Mərkəzi Bankın qiymətli kağızlarla əmə­liyyatların keçi­ril­məsi.

    Bunların vasitəsi ilə pul kutləsi və kreditləşdirmə imkanları genişlənir və yaxud məhdudlaşır.

    İnflyasiyanın tənzimlənməsinin əsas üsulları əksər ölkələr üçün eynidir. Lakin, bu üsulların konkret tərkibi, bir-biri ilə əlaqələndirilməsi, tətbiq ardı­cıllığı, konkret məzmunu ölkədən-ölkəyə fərqlənə bilər.

    İnflyasiyaya qarşı mübarizənin dünya təcrübəsi onu göstərir ki, deflya­siya siyasətinin səmərəsi onun tətbiqinin ardıcıllığından çox asılıdır. Bu siyasətin bir qayda olaraq iqtisadi artımı zəiflətməsi və hətta böhran hallarına gətirib çıxarması səbəbindən onun yürüdilməsi ardı­cıl­lığının pozulmasına tez-tez rast gəlinir: təhülkəli böhran əlamətləri gö­rünən kimi deflyasiya xəttindən imtina edilir. Gəlirlər siyasətinə gəldikdə isə, onu tətbiq edən ölkələrin təcrübəsi (ABŞ 1968-1972-ci illər, Skan­dinaviya ölkələri, Böyük Britaniya, xüsusilə leyborist­lərin hakimiyyəti zamanı) bu siyasətin məhdud səmərəli olduğunu göstərib. Qiymətlərin artması bir qədər zəifləsə də, bu, bir tərəfdən bəzi malların qıtlığını yaradır, digər tərəfdən isə inflyasiyanın zəifləməsi müvəqqəti olur və məhdu­diyyətlər ləğv edilən kimi qiymətlərin artması yenidən davam edir.

    Ümumiyyətlə, uzun illər ərzində iqtisadi inkişafı həvəslən­dir­məkdən ötrü istifadə edilən zəif inflyasiyanın 1960-cı illərin ortalarından başlayaraq nəzarət­dən çıxıb yüksək inflyasiya mərhələsinə keçməsi ilə əla­qədar həyata keçi­rilməyə başlanan antisilsilə tənzimlənməsi ya defl­yasiya siyasəti, ya da gəlirlər siyasəti üzərində qurulurdu. Antisilsilə tən­zimlənməsi iqtisadi artımın qarşısının alınmasına istiqamətlənirdisə, üstünlük deflyasiya siyasətinə verilirdi. Əksinə, məqsəd iqtisadi artımı həvəsləndirməkdən ibarət idisə, üstünlük gəlirlər siyasətinə verilirdi, çünki hesab edilirdi ki, bu xətt həvəsləndirici tədbirlərin inflyasiya tə­sirini zəiflədir35. İnflyasiyanı cilovlamaqdan ötrü paralel olaraq həm defl­yasiya tədbirlərindən, həm də gəlirlər siyasətindən istifadə edilməsi halları da olub.

    1970-ci illərin sonu – 1980-ci illərin əvvəllərində monetarizm ideyalarının ön plana çıxması ilə əlaqədar inflyasiya ilə mübarizənin mühafizəkar variantlarına üstünlük verilməyə başlandı. Monetarizmə görə inflyasiyanın əsas səbəbi tədavüldə artıq pul kütləsinin olmasıdır. Buna görə də, bu dövrdə deflyasiya tədbirlərindən daha ardıcıllıqla istifadə edilməyə başlandı. Dövlət xərcləri, xüsusilə sosial və təsərrüfat yönümlü xərclər, kəskin şəkildə məhdud­laşdırılır, pul kütləsinin artımının qar­şısı alınırdı. Lakin bu dövrdə də deflyasiya siyasətinin həyata keçi­ril­məsində ardıcıllıq dəfələrlə pozulmuş, ana xəttdən məcburi kənar­laş­malar baş verirdi. Bunun əsas səbəbi sosial xərclərin həddən atıq azal­dıl­masının mümkün olmaması idi. Əks halda böhran dövründə sosial ziddiyyətlərin kəskinləşməsi baş verə bilərdi. Digər mühüm kənarlaşma dövlət büdcəsi kəsiri ilə mübarizədən imtina edilməsi idi. Əsas səbəb bu idi ki, iqtisadi artımı həvəsləndirməkdən ötrü vergilər aşağı salındı və nəticədə büdcə gəlirlərinin kəskin azalması baş verdi. Bununla əlaqədar, xərclər inflyasiyası ilə mübarizə çərçivəsində gəlirlər siyasətindən imtina edildi. Həm vergilərin, müxtəlif məhdudiyyətlərin zəiflədilməsi, həm də investisiya mənbəyi kimi şəxsi yığımları həvəsləndirən tədbirlər hesabına işgüzarlığın canlandırılması tədbirlərinə geniş yer verliməyə başlandı.

    Ümumən, 1980-ci illərin antiinflyasiya tədbirlərinin nəticəsi müs­bət oldu, qabaqcıl ölkələrdə inflyasiya mötədil səviyyəyə düşdü. Burada bey­nəl­xalq bazarlarda enerjidaşıyıcılarının qiymətlərinin kəskin aşağı düşməsi də öz rolunu oynadı. Lakin əsas səbəb o idi ki, 1980-ci illərin antiinflyasiya tənzimlənməsi bu və ya digər təlimin dəyişməz ehkamları üzərində deyil, sağlam düşüncə üzərində qurulmuşdur.

    Qərb ölkələrində sonrakı illərin antiinflyasiya tənzimlənməsi təcrübəsi həm uzunmüddətli, həm də qısamüddətli tədbirlərdən istifadə edilməsinin, onların uzlaşdırılmasının məqsədəuyğunluğunu bir daha təsdiqlədi. Bununla əlaqədar, antiinflyasiya tədbirlərini ümumi şəkildə aşağıdakı kimi təqdim etmək olar:

    1) uzunmüddətli tədbirlər əhali arasında cari tələbatı şişirdən infl­yasiya gözləmələrini ciddi zəiflədir. Bundan ötrü mərkəzi hökumət aydın və ardıcıl antiinflyasiya siyasəti aparmaqla əhalinin etibarını qazan­malıdır. Bunun yolları istehsalın həvəsləndirilməsi, antiinhisar tədbirlərin gəbul edilməsi və onların həyata keçirilməsi, qiymətlərin liberallaşması, inzibati gömrük təzyiqinin zəiflədilməsi, bazarın səmərəli fəaliyyətinə imkan yaradılmasıdır. Bütün bunlar istehlakçı psixolo­giya­sının müsbət istiqamətdə dəyişməsinə təsir göstərir.

    2) büdcə kəsirinin Mərkəzi Bankın kreditləri hesabına maliyyə­ləş­dirilməsinin inflyasiyaya xidmət etdiyindən, kəsirin verigilərin artırılması və dövlət xərclərinin azaldılması hesabına məhdudlaşdırılması.

    3) pul kütləsinin illik artımına sərt limitlərin qoyulması vasitəsilə inflyasiyanın səviyyəsinin nəzarət altına alınması.

    4) xarici amillərin təsirinin zəiflədilməsi. O cümlədən, büdcə kə­si­rini maliyyələşdirməkdən ötrü mərkəzi hökumət tərəfindən xaricdən qısa­müddətli borc vəsaitlərinin və kreditlərin cəlb edilməsi şəklində xarici kapitalın yerdəyişmələrinin iqtisadiyyata inflyasiya təsirinin azaldılması.

    Qısamüddətli antiinflyasiya siyasəti inflyasiya sürətinin müvəqqəti azaldılmasına yönəldilir. Burada uğurlu nəticə məcmu tələbi artırmadan məc­mu təklifin genişləndirilməsi istiqamətində mümkündür. Bu məq­sədlə, dövlət əsas istehsala əlavə olaraq mal və xidmətlər buraxan müəs­sisələrə güzəştlər tətbiq edir. Dövlət mülkiyyətinin bir hissəsi satılmaqla dövlət büdcəsinə daxilolmalar artırılır və budcə kəsiri probleminin həlli asanlaşır. Həmçinin, dövlət özəl şirkətlərin ona məxsus olan səhmlərini böyük miqdarda satmaqla inflyasiyalı tələbi azaltmış olur. Təklifin genişləndirilməsinin bir yolu da idxalın artırılmasıdır.

    Təklif dəyişməz qaldıqda da inflyasiya sürətinə müəyyən müsbət təsir göstərilə bilər. Bunun üçün tələbin azalmasına nail olmaq lazımdır. Məsələn, əmanətlər üzrə faiz dərəcələrinin daha yüksək yığım normasını həvəsləndirən səviyyəyə çatdırılması vasitəsilə.


    Download 3,5 Mb.

    Do'stlaringiz bilan baham:
  • 1   ...   13   14   15   16   17   18   19   20   ...   42




    Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©hozir.org 2024
    ma'muriyatiga murojaat qiling

    kiriting | ro'yxatdan o'tish
        Bosh sahifa
    юртда тантана
    Боғда битган
    Бугун юртда
    Эшитганлар жилманглар
    Эшитмадим деманглар
    битган бодомлар
    Yangiariq tumani
    qitish marakazi
    Raqamli texnologiyalar
    ilishida muhokamadan
    tasdiqqa tavsiya
    tavsiya etilgan
    iqtisodiyot kafedrasi
    steiermarkischen landesregierung
    asarlaringizni yuboring
    o'zingizning asarlaringizni
    Iltimos faqat
    faqat o'zingizning
    steierm rkischen
    landesregierung fachabteilung
    rkischen landesregierung
    hamshira loyihasi
    loyihasi mavsum
    faolyatining oqibatlari
    asosiy adabiyotlar
    fakulteti ahborot
    ahborot havfsizligi
    havfsizligi kafedrasi
    fanidan bo’yicha
    fakulteti iqtisodiyot
    boshqaruv fakulteti
    chiqarishda boshqaruv
    ishlab chiqarishda
    iqtisodiyot fakultet
    multiservis tarmoqlari
    fanidan asosiy
    Uzbek fanidan
    mavzulari potok
    asosidagi multiservis
    'aliyyil a'ziym
    billahil 'aliyyil
    illaa billahil
    quvvata illaa
    falah' deganida
    Kompyuter savodxonligi
    bo’yicha mustaqil
    'alal falah'
    Hayya 'alal
    'alas soloh
    Hayya 'alas
    mavsum boyicha


    yuklab olish