8.2. Kreditin mahiyyəti
Kreditin rüşeymlərinin, köklərinin qədim dövrlərə gedib çıxması, bütünlükdə iqtisadi inkişafla yanaşı öz fəaliyyətini davam etdirməklə məhsuldar qüvvələrin artmasına xidmət etməsi kreditin mahiyyətinə cəmiyyətin maraq göstərməsini labüd etmişdir. Odur ki, kreditin mahiyyəti haqqında sadəcə deyilərsə – çox yazılmışdır, demək olar. Bununla belə, kredit bəzi elmi məsələlər kimi yalnız elmi dairələrdə müzakirə edilən məhdud və ya qapalı bir obyekt deyildir. Müasir anlamda insanların böyük əksəriyyəti kredit haqqında nə isə bilir, iş adamları isə ondan nə isə umur. İqtisadçılara gəldikdə, onlar üçün kreditin mahiyyətini dəyərli elmi mənbələrə əsasən daha mükəmməl öyrənmək məsləhətdir.
Biz bu məsələdə seçim etməklə, mövcud müddəaların ən layiqlərini öz mülahizələrimizlə birlikdə nəzərə çatdırırıq.
Kreditin mahiyyətinin aydınlaşdırılmasında onun fəaliyyət göstərdiyi mühitin, onunla yanaşı iqtisadiyyata xidmət edən digər iqtisadi kateqoriyalarla əlaqəsinin nəzərdən keçilməsi mətləbə yaxınlaşmağa kömək edir. Kredit məhz hansı kateqoriyalar sırasındadır, hansı münasibətləri ifadə edir kimi sualların cavablandırılması burada yerinə düşər.
Kredit münasibətlərinin pul münasibətləri ilə müqayisəsində onların bir sıra fərqləri müəyyən edilmişdir. Düzdür, kredit də pul münasibətləri sırasındadır. Kreditlərin başlıca olaraq pul formasında hərəkət etməsi bu cəhətdən diqqəti cəlb edir. Lakin kredit pul münasibətlərinin yalnız bir hissəsini təşkil edir və həcm etibarilə heç də onunla tənləşə bilməz.
Pul öz funksiyalarını yerinə yetirməklə özünəməxsus mahiyyətini ortaya qoyur, əmtəə və xidmətlərin ödənilməsində ekvivalent kimi çıxış etməklə, cəmiyyət üçün olduqca faydalı iqtisadi alət olduğunu göstərir. Pulun kredit qismində hərəkəti isə tamamilə başqa münasibətləri səciyyələndirir. Əgər pul funksiyalarının yerinə yetirilməsi konkretləşdirilmiş ifadə ilə deyilsə – satıcı və alıcı arasındakı münasibətləri ifadə edirsə, kredit münasibətlərində iştirak edən tərəflər kreditor və borcalanlar sifətilə qarşılaşırlar. Sadəcə əlahiddə alqı-satqıda iştirak edənlər arasındakı sövdələrdə, başqa şərtlər sabit qaldıqda ekvivalentli mübadilə baş verir. Tərəflər ümumi razılıqla sağollaşıb ayrılırlar.
Kredit münasibətlərində isə, əvvələn faiz şəklində əlavə gəlir əldə edilməsi (ödənilməsi) baş verir, digər tərəfdən haqq-hesab başa çatana qədər tərəflər arasında qanunlar və ənənələrə uyğun olmaqla əlaqələr davam etdirilir. Əlbəttə ki, bu müqayisədə ayrı-ayrı kredit əqdlərinin baş verməsindən irəli gələn hərəkətlər nəzərdə tutulur. Eyni bir kreditorla kredit sövdələşməsinin başqa bir vaxtda, yaxud digər əqdlərlə təkrarlanması istisna edilmir, hər dəfə həmin əqd kredit münasibətləri xarakterində qalır. Əlbəttə ki, alıcının əmtəə satıcısı ilə vaxtdan-vaxta qarşılaşıb yeni partiya mal alması da gözlənilən hadisədir və bu sövdələrin neçə dəfə təkrarlanmasından asılı olmayaraq münasibətlər pulun tədavül və tədiyyə vasitəsi funksiyalarının yerinə yetirilməsindən kənara çıxmır. Başlıcası isə dəyərin artması baş vermir, tələb və təklifin tənləşməsi fərz edilməklə əmtəə və pulun öz sahiblərini, mülkiyyətçisini dəyişməsi ilə iş tamamlanır. Alqı-satqı prsoeslərində dəyərin qarşılıqlı hərəkəti tərəflərdən birinin lazım olan əmtəəni əldə etməsi ilə, o birinin isə pul əldə etməsi ilə nəticələnir ki, bu, mənaca tərəflərin niyyətlərinin baş tutmasını səciyyələndirir.
Fikrimizcə, krediti pul kimi puldan fərqləndirən daha mühüm xüsusiyyət bəzi istisnalar olmaq şərti ilə kreditin kapital qismində istifadəsidir.Kreditor və borcalan kreditin təyinatı üzrə səmərəli istifadəsi sayəsində yaranan (əldə edilən) mənfəətdən öz paylarını almaqla faydalanır.
Baxmayaraq ki, kredit başlıca olaraq pul şəklində verilir, bu zaman pul kreditin maddi daşıyıcısı olmaqla dəyərin kredit münasibətlərinə xas olan qanunauyğunluqlarla hərəkətini təmsil edir. Pul alıcıdan, satıcıya keçməklə öz tədavül (və ya tədiyyə) funksiyasının yerinə yetirilməsini başa çatdırır və əvvəlki sahibini həmişəlik olaraq tərk etməklə geriyə qayıtmaz olur. Kredit sövdələşməsi dairəsində kreditordan borcalanın sərəncamına keçən pul isə kreditin əsaslarından biri olan şərtlərlə, artmış şəkildə geri qayıdır.
Kreditin oxşarları sifətində hallandırılan iqtisadi kateqoriyalardan biri də maliyyə kateqoriyasıdır. İndiki dövrdə «maliyyə» anlayışının həddindən artıq yüklənməsini nəzərə alsaq, fikrimizcə, kreditin bilavasitə dövlət büdcəsi ilə, mənfəət kateqoriyası ilə mahiyyət müqayisəsinə istinad edilsin. Dövlət büdcəsinin öz funksiyaları, adı-sanı var və o da gəlirlərini məhz pula toplayır, xərclərini pul şəklində istifadəyə yönəltməklə nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsini təmin edir. Dövlət büdcəsinin kreditdən fərqi bütün aydınlığı ilə dövlət büdcəsinə pulların ölkə qanunlarına riayət edilməklə müvafiq ödəyicilərdən alınması yolu ilə birdəfəlik (yaxud geri qaytarılmamaq) şərti ilə yığılması və təsdiq edilən il üçün büdcə haqqında qanunla pulların birdəfəlik (geri qaytarılmadan) xərclərə yönəldilməsindən ibarətdir.
Kreditin mahiyyətinə isə kreditorlar tərəfindən verilən vəsaitlərin geri qaytarılmaq şərtinə əsaslanması həkk edilmişdir. Fikrimizcə, ölkə iqtisadiyyatı və sosial həyatının pul vəsaitləri ilə təmin edilməsindən ibarət olan böyük gövdənin haçalanıb iki nahəng budağa ayrılmasının əsası bunlardadır. Dəyərli anlayışlar, həm də fəaliyyət (əməliyyat) sahələri olaraq maliyyələşdirmə və kreditləşdirmənin yer alıb cəmiyyətdə qəbulu da həmin təkzibedilməz faktlardan irəli gəlir.
Kreditin muzdlu əməyin haqqının ödənilməsi praktikası ilə müqayisəsinə, kommunal xidmətlərinin ödənişləri ilə, ödənişlərdə hər hansı təxirəsalmalar ilə müqayisəsinə rast gəlmək olur. Amma, bunlardan irəli gələn münasibətlərin kredit münasibətləri olmadığını, bu sferalarda pulun hərəkətinin kreditin hərəkəti olmadığını sübut etmək çətin deyildir. Amma sığortalama (sığortalanma) məsələsində müqayisə mürəkkəbləşir. Burada diskussiyalı cəhət sığorta fəaliyyətinin maliyyə, yoxsa kredit münasibətlərinə aid edilməsindədir. Fikrimizcə, sığorta işinin xarakterindən irəli gələn bu diskussiya nə qədər davam etdirilsə bir o qədər uzanar. Bunun qurtarması diskussiya tərəflərindən birinin sübutları ilə həll oluna bilməz, çünki əks tərəfin də arqumentləri vardır.
Hər halda sığortanın kreditlə eyniliyini deyil, oxşarlığını qəbul etmək olar. Bunların qarşılıqlı əlaqəsinə gəldikdə isə, sığortalama sayəsində toplanan vəsaitlərin əsasən uzunmüddətli yığımlar xarakteri daşımasından irəli gələrək, həmin fəaliyyətin kreditə müvafiq səviyyədə əməli dəstək verdiyini qeyd etmək olar. Çünki, bu vəsaitlər bankların cəlb edildiyi dəyanətli mənbələrdən biri ola bilər. Sığorta təşkilatları özləri borcverənlər qismində çıxış etdikdə məsələ xeyli başqalaşır və sığorta fəaliyyətinin kreditləşdirmədən öz xeyri üçün bəhrələnməsi baş verir.
Müasir elmi müddəaların bəzilərində kreditin mahiyyətinin aşkara çıxarılmasında kreditin təbiəti, kreditin məzmunu, habelə kreditin meydana gəlməsi səbəbləri ilə eyniləşdirilməsi, bəzilərində isə belə yanaşmaların inkarı hallarının olması diqqəti cəlb edir. Fikrimizcə, bunların vəhdətinə diqqəti yönəltəmək məsələnin daha dolğun izahına kömək edərdi.
Kreditin meydana gəlməsi üçün hər şeydən əvvəl ona əlverişli mühit olmalıdır. Onun geniş məkanı əmtəə – pul münasibətləridir. Əmtəə istehsalı və mübadiləsinin inkişaf səviyyəsi, onun məqsədləri, pul münasibətlərinin dairəsi kreditin varlığına çoxtərəfli təsir göstərir. Əmtəə pul münasibətləri kreditdən istifadə olunmasına şərait yaradır. Kreditin mahiyyəti müasir şəraitdə iqtisadiyyatın təşkili və idarə olunması xüsusiyyətləri ilə, dəyər qanunun tələblərinin nəzərə alınması ilə əlaqəlidir. Bütün təşkilat formalarında olan müəssisələrin təsərrüfat müstəqilliyi, istehsal və satışla əlaqədar xərclərin ödənilməsi, müxtəlif təsərrüfat subyektləri ilə əlaqələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi tələbləri kredit münasibətlərinin baş verməsinə şərait yaradır. Kreditin mahiyyət xarakteristikası onun resursları bildirilmədən mümkün deyildir. Kredit resurslarının yaranması və onların iqtisadiyyata yönəldilməsi bir sıra obyektiv amillərin təsiri altında olmaqla, kreditin real surətdə təsərrüfat proseslərinə xidmət etməsini şərtləndirir. Bunlardan ən başlıcası iqtisadiyyatda kapitalın dövranındakı qanunauyğunluqlarla bağlıdır. Vəsaitin dövranındakı qanunauyğunluqlar milli iqtisadiyyat sahələri üçün ümumi, ayrı-ayrı təsərrüfat təşkilatları üçün konkret (fərdi) xarakter daşıyır. Ümumilikdə bütün təsərrüfat sahələri üçün kapitalın dövriyyəsi mərhələləri, dövriyyədə olan kapitalın formaları, dövriyyənin başa çatması nəticəsində əldə olunan gəlirlər, təkrar istehsalın bu gəlirlər hesabına davam etdirilməsi xarakterikdir. Bunların çoxsaylı təsərrüfatlarda təzahürü kütləvi xüsusiyyətlərin olmasını ortaya qoyur. Kreditin mahiyyəti nöqteyi-nəzərindən əsas məsələ kredit verilə bilməsi üçün resursların yaranması və onların səfərbərliyə alınıb kredit kimi istfiadəyə verilməsidir. Bazar iqtisadiyyatı şəraitində bu resurslar heç də vahid mərkəzdə toplana bilməz, odur ki, «mərkəzləşdirilmiş ssuda fondu», onun bölüşdürülməsi aradan qalxır. Amma həmin resursların bazar iqtisadiyyatına uyğun qaydalarda toplanıb istifadəsi mütəmadi xarakter daşıyır. İzahın sadə və aydınlığı xatirinə kredit resurslarının yaranması və istifadəsini müəssisələr (təkrar istehsalın həlledici subyektləri) timsalında izah etmək olar. Kredit resursları onların sərəncamındakı kapitalın dövranı prosesində pul vəsaitlərinin «gəlməsi» və «getməsi» sayəsində yaranır. Amortizasiya ayırmaları, mənfəət, müxtəlif təyinatlı fondlar, gəlirlərin digər elementləri müvəqqəti sərbəstləşə bilir. Təbii ki, müasir idarəetmə ilə onlar bank hesablarında olmaqla, məhdudlaşmayan müddətdə qalır. Neçə gün qalmasından asılı olmayaraq sərbəstolma müddətində onlar kredit resursları olaraq istifadə oluna bilir. Bunlar təcrid halında deyil, ümumilikdə kredit üçün sanballı əsasa çevrilir. Bütünlükdə ölkə iqtisadiyyatında, bir şəhər, bir rayon, yaxud yüz müəssisə çərçivəsində bank hesablarındakı azad vəsaitlərin qalığı böyük məbləğə çatır.
Bu kəmiyyət dəyişikliyi sayəsində əhəmiyyətli bir keyfiyyət dəyişikliyi baş verir ki, bu da ayrı-ayrı yerlərdə xeyli həcmdə kredit resursları yaradıb kredit fəaliyyəti ilə məşğul olmağa şərait yaradır.
İqtisadiyyatda yaranan müvəqqəti azad pul vəsaitlərinin hərəkətsiz qalması ölkə üçün böyük itki demək olardı. Kredit münasibətləri təkcə müvəqqəti azad pul kapitalları və yığımlarının səfərbərliyə alınmasını deyil, eləcə də onların məqsədəuyğun, məhsuldar istifadə olunmasını əhatə edir. Kreditin mahiyyətində bu iki cəhət xüsusi əhəmiyyət kəsb edir. Kreditin əmələ gəlməsində digər mənbələrin də özünəməxsus rolu vardır ki, bunlar da kreditin mahiyyətinin daha dolğun ifadəsinə xidmət edir. Bunların sırasında dövlət büdcəsinin icrası prosesində əmələ gələn, əhalinin əmanətləri hesabına yaranan, müxtəlif qeyri-maliyyə təşkilatların hesablarında qalan pul vəsaitləri əhəmiyyətli yer tutur. Bu vəsaitlərin akkumulyasiyası və istifadəsi kredit münasibətləri dairəsində baş verir.
Kreditin mahiyyət xarakteristikasında etibar məsələsi ixtisasa aid ədəbiyyat mənbələrində vurğulanır, bəzən də bunun izahı geniş bir mənzərə alır. Burada obyektiv olan cəhət kredit sözünü latıncadan tərcüməsindən «etibar», yaxud «inam» mənasının alınmasıdır. Fikrimizcə, kreditin mahiyyətini heç cür etibarla eyniləşdirmək olmaz. Etibar psixoloji yanaşmanın bir növüdür. Birinə biri etibar edir, başqası yox. Tutaq ki, nə zamanlardasa etibarla borc verilib. Axı, insan xarakterlərində dərin dəyişikliklər baş vermiş, münasibətlər də başqalaşmışdır. Hətta bunu da kənara qoyub müasir kreditləşdirmə praktikası öyrənildikdə kreditin verilməsinin əsl mənada süzgəcdən keçirilən əsaslara söykəndiyinin şahidi oluruq. Kreditin mahiyyətini haradasa, nə vaxtsa etibar zəminində pul ssudası, yaxud əmtəənin borc verilməsi kimi təsadüfi hallar müəyyən edə bilməz.
Mahiyyət kütləvilik, mütləq çoxluq əsasında meydana çıxa bilər. Bu isə borcalanların kredit qabiliyyətinin ümumən yoxlanması ilə şərtləndirilən kreditləşdirmə prosedurlarından keçir.
Kreditin varlığı obyektiv iqtisadi amillərdən irəli gəlir. Onun mahiyyəti borc kapitalının hərəkətini təmsil etməsi ilə müəyyən edilə bilər. Kreditin mahiyyət xarakteristikasında bəlli olan mühüm müddəalar sırasında kreditin strukturu, prinsipləri və hərəkətinin ümumi əsasları mühüm yer tutur. Kreditin strukturu anlayışında kredit münasibətlərində qarşılıqlı əlaqədə olan tərəfləri, borc verilən vəsaitlər (dəyər daşıyıcıları) və kreditin hərəkəti mərhələləri nəzərdə tutulur. Tərəflər və onların kredit əlaqələrindəki mövqeyi aydın surətdə görünməkdədir.
Ssudaları verən subyekt kreditor, ssudanı olan subyekt borcalan adlanır. Kredit münasibətlərində iştirak edənlərin özünəməxsus yeri və vəzifələri vardır. Bazar iqtisadiyyatı ideyalarına əsasən kreditor və borcalan bərabərhüquqlu, maraqları qarşılıqlı surətdə uyğun gələn hüquqi və fiziki şəxslərdir. Onların kredit sövdələşməsinin yekunu kredit müqaviləsinin bağlanması ilə tamamlanır ki, razılaşma tərəflərin bu məsələdə vəzifələrini, hüquqlarını və məsuliyyətini müəyyən edir.
Kredit münasibətlərinin struktur elementləri olaraq səciyyələndirilən məsələlərdən biri kreditordan borcalana keçən (verilən) obyektdir ki, o, ssuda olaraq kreditordan borcalana keçən dəyər adlandırılır.
Kreditin əsaslarından biri kimi xarakterizə edilən məsələlərdən biri kreditin hərəkəti mərhələləridir. Məlumdur ki, kredit əvvəlcə yerləşdirilməli olur, müəssisələr və digər borcalanlar onu alıb istifadə edir, müəyyən vaxtdan sonra krediti qaytarmaq imkanı yaranır və alınmış kredit məbləğinin (faiz əlavəsinin də) kreditora qaytarılması baş verir.
Kreditləşdirmə müəyyən prinsiplərə əsaslanmaqla həyata keçirilir. Xüsusi diskussiyasız surətdə kreditin aşağıdakı prinsipləri göstərilə bilər:
- kreditlər borclu tərəfindən kreditora qaytarılmalıdır. Dünya praktikasına görə benefisiarın nəzərdə tutulduğu müstəsna hallar məlumdur;
- kredit maddi təminata malik olmalıdır. Təminatsız kreditlər müstəsna hallarda ola bilir;
- alınan kreditlərə görə haqq ödənilməlidir;
- hər bir kredit əqdinin müddət müəyyənliyi olmalıdır.
Kreditin prinsipləri haqqında digər deyilənlər, fikrimizcə, ayrı-ayrı müəlliflərin subyektiv yanaşmalarıdır. Onların sırasında nisbətən ağlabatan kreditin məqsədli xarakter daşımasıdır. Kreditin prinsiplərinin müvafiq izahları vardır.
Ümumilikdə kreditləşdirmə prinsipləri kreditin əsaslarından biridir.
8.3. Kreditin funksiyaları
Adətən iqtisadi kateqoriyaların öyrənilməsində onların mahiyyətindən sonra funksiylarının verildiyi özünü göstərir. Maliyyənin funksiyaları, pulun funksiyaları, bankların funksiyaları nə dərəcədə əhəmiyyətlidirsə kreditin funksiyaları da ondan ötrü əhəmiyyətlidir.
Kreditin funksiyalarına kreditin ətraf mühitlə qarşılıqlı əlaqələri kimi baxılır. Kreditin funksiyaları kreditə xas olan elə əlamətləri özündə birləşdirir ki, onlar bu kateqoriyaya xas olmaqla daimi olaraq onda qalır. Əlbəttə ki, funksiyalar da öz növbəsində inkişaf edir.
Bu cəhətləri ifadə etdiyi üçün obyektiv xarakter daşıyır, onun sabitliyi də buna əsaslanır.
Kreditləşdirmə müəyyən bir spesifik proses olduğuna görə kreditin funksiyaları da öz spesifikliyi ilə fərqlənir. Kreditin funksiyalarına xas olan ümumi cəhətlər onun bütün formaları ilə bağlıdır.
Funksiyalar kreditin bütün formalarının qarşılıqlı təsirlərini səciyyələndirir. Bu o deməkdir ki, kreditin ayrı-ayrı formalarının ayrı-ayrı növlərinin funksiyaları yoxdur. Funksiya vahid iqtisadi kateqoriya olmaqla kreditin maliyyəti ilə bağlıdır.
Funksiyalar kreditin tamlığının saxlanmasına xidmət edir.
Qeyd etmək lazımdır ki, kreditin funksiyaları elmi dairələr üçün çoxdan bəri diqqəti çəkən məsələlərdən biri olmuş və ixtisas sahəsində müxtəlif müəlliflərin yazılarında yer almışdır. Həm də kreditin funksiylarının qəbulunda və təhlilində fərqlər vardır. Bəzi müəlliflər kreditin iki funksiyasının üzərində dayanır, bəziləri üç, bəziləri daha çox sayda funksiyasının olmasında israr etmişlər. Nisbətən qısa müddət ərzində Azərbaycanda ixtisas fənlərinin öyrənilməsi üçün buraxılan kitablarda da vahidlik olmadığı görünməkdədir. Aydındır ki, müəlliflər bəyəndikləri nöqteyi – nəzərlərdəki müddəaları yazmışlar.
Əksər hallarda müəlliflərin göstərdiyi funksiyalar sırasında onlardan ikisinin öz yerini saxladığı göstərilə bilər. Bunlar kreditin yenidən böluşdürmə funksiyası və həqiqi pulların kredit əməliyyatları ilə əvəz alınması funksiyasıdır. Həmin funksiyalar müəyyən mənada mübahisə doğurmadan kreditin xarakteristikasına yazıla bilər. Kreditin funksiyaları barəsində digər müddəaları burada ətraflı təftiş etmədən qeyd etmək mümkündür.
Kreditin yenidən bölüşdürülmə funksiyasında kredit vasitəsilə kreditor borcluya bir halda müvəqqəti istifadə edilmək üçün əmtəə- material dəyərliləri, başqa halda isə pul vəsaitini verir. Pul vəsaitinin borca verilməsi müasir dövr üçün daha çox xarakterikdir.
Onların arasındakı fərq obyektin müxtəlifliyindədir.
Kreditin yenidən bölüşdürmə funksiyası üçün dəyərin yenidən bölüşdürülməsi əsasdır. Yenidən bölüşdürmə ərazi və sahə prinsipləri üzrə gedə bilər. Kredit münasibətlərinə müxtəlif hüquqi və fiziki şəxslər yerləşdiyi asılı olmayaraq girə bilər. Kreditor və borclunun harada olmasından asılı olaraq, yenidən bölüşdürmə ərazilərarası bölüşdürmə xarakterini alır.
Yenidən bölüşdürmə ilə bir təsərrüfat sahəsinə məxsus pul vəsaiti kreditor tərəfindən başqa təsərrüfat sahəsinin borcalanına fərq qoyulmadan verilir. Müəssisələr ilə banklar arasındakı münasibətlərin sıxlaşdığı şəraitdə sahələrarası yenidən böluşdürmə əsas yer tutr. Bankların cəlb etdiyi vəsaitlər idarəçilik xarakterini itirir, onlar bankın ümumi resurslarına birləşir, bu və ya digər borcalana kredit hara daxil olan resurslardan asılı olmayaraq verir. Ümumən ərazidaxili yenidən bölüşdürmə qaytarlımaq şərtilə müəssisələr tərəfindən kreditin banklardan alınmasında özünü göstərir. Kredit əsaslarında vəsaitlərin yenidən bölüşdürülməsi təsərrüfatdaxili bölüşdürülmə sayıla bilməz. Çünki, bir müəssisə daxilində kredit əqdi baş verə bilməz. Yəni, müəssisə özü-özünə kredit verməz. Kreditin hərəkəti müstəqil olan iki subyekt arasında ola bilər.
Kredit vasitəsilə vəsaitlərin yenidən bölüşdürülməsinə müxtəlif səviyyələrdə baxıla bilər. Müəssisələr səviyyəsində onlar kredit münasibətlərinin subyektləri hesab edilməklə fərdi dövriyyə çərçivəsində əmtəə-material dəyərlilər və pul vəsaitləri hərəkət edir. Xalq təsərrüfatı miqyasında dəyərin məcmu dövriyyəsi miqyasında kredit vasitəsilə ümumi daxili məhsulun və milli gəlirin yenidən bölüşdürülməsi təmsil olunur. İstər xalq təsərrüfatı miqyasında və istərsə də vəsaitin fərdi dövriyyəsində kredit vasitəsilə yenidən bölüşdürmə material dəyərlilərin, məhsulun və milli gəlirin hərəkəti sayəsində mümkün olur. Kapitalın pul, məhsuldar və əmtəə formaları alması buna şərait yaradır.
Kreditin resurslarının yenidən bölüşdürülməsinin mühüm cəhəti odur ki, o, həm yeni yaradılan dəyərə və həm də əvvəlki dövrlərdə yaradılmış dəyərə şamil edilir.
Kreditin yenidən bölüşdürülmə funksiyası vasitəsilə ümumi məhsul və milli gəlirin yenidən bölüşdürülməsi təcrübədə maddi nemətlərin yenidən bölüşdürülməsinə gətirib çıxarır, bu da onun xüsusiyyətlərindən biridir.
Kreditin yenidən bölüşdürmə funksiyasının xarakterinə gəldikdə göstərilə bilər ki, kreditor borc alana kredit verir, o isə bu krediti özündə vəsait azad olduqda qaytarır. Kreditor özündə təsərrüfatla bağlı olan vəsaiti ssuda kimi verə bilməz. Yəni, borcalan özündə vəsaitin azad edilməsi baş verənə qədər krediti qaytara bilməz.
Kreditin yenidən bölüşdürmə funksiyası dəyərin yalnız müvəqqəti azad olan hissəsinə aid edilə bilər. Başqa bir halda bu yenidənbölüşdürmə həm də realizasiya prosesinin davamı ola bilər.
Kreditin kommersiya formasında istehsalçı müəssisə öz məhsulunu alıcıya ödənişin təxirə salınması yolu ilə satır, yəni kredit əsasında verir. Satılan əmtəələrin nisyə verilməsi, başqa sözlə, ödənişdə möhlətin verilməsi üçün bu məhsulun dəyəri ödənilənə qədər kreditor müəssisənin özünün kifayət qədər vəsaitləri olmalıdır. Yaxud da başqa mənbədən vəsait almalıdır. Bütün bu hallarda yenidən bölüşdürülən dəyər təsərrüfatın müxtəlif halqalarında yaradılmış dəyərdən ibarət ola bilər.
Kreditin yenidən bölüşdürmə funksiyasının başqa bir cəhəti də nəticə etibarilə məhsuldar xarakter daşımasıdır. Borcluya verilən kredit onun vasitəsilə təsərrüfat dövriyyəsinə qoşularaq gəlirlərin yaranmasında iştirak edir.
Müəssisələr tərəfindən alınmış ssudalar müxtəlif təsərrüfat ehtiyaclarına sərf olunur. Yenidən bölüşdürmə funksiyası üçün müvəqqəti azad olan pulun istifadəsi də müvəqqəti xarakter daşıyır.
Bir qayda olaraq kreditlər əksər hallarda bilavasitə ssuda alana verilir. Bəzi hallarda hüquqi və fiziki şəxslərdən ibarət aralıq həlqənin olmasına təsadüf olunur.
Kreditin ikinci funksiyası həqiqi pulların kredit əməliyyatları ilə əvəz olunmasından ibarətdir.
Təsərrüfatlara kreditin verilməsi prosesində belə əvəz edilmə üçün zəruri şərait vardır. Əmtəə və xidmətlərə görə nağdsız hesablaşmalarla bağlı olaraq bir hesabdan başqa hesaba pulun köçürülməsi, ödənişlərin qarşılıqlı zaçot üzrə qalıqların köçürülməsi nağd pulla ödənişləri azaltmağa, pul dövriyyəsindəki strukturu yaxşılaşdırmağa şərait yaradır.
Məlumdur ki, indiki dövrdə tam dəyərli metal pulların tədavülü yoxdur. Tədavüldə kredit əsasında buraxılan pullar işlədilir.
Metal pulların kredit ilə əvəzlənməsi prosesi qızıl sikkələrin yerinə banknotların tədavül etməsində təzahür edirdi. Lakin qızılın tam demonetizasiyası, yəni qızıl sikkələrin banktonlarla tam əvəzlənməsi və banknotların öz qızıl əsasını itirməsi vəziyyətin buna uyğun düşməsinə gətirib çıxartmadı. Əksinə, kreditin artması, onun əmtəə təsərrüfatının inkişafında mühüm vasitəyə çevrilməsi nəticəsində borcalanın cəlb edərək təsərrüfat dövriyyəsinə daxil etdiyi dəyər pula xas olan vəzifələri icra etməyə başlayır. Bunun nəticəsində ictimai kapitalın hərəkəti sürətlənir. Tədavül vaxtı minimuma endirilir və tədavül xərclərinə qənaət edilir ki, bu da kapitalın fəaliyyət səmərəsinin yüksəlməsi deməkdir, çünki kapitalın məhsuldar fəaliyyəti genişlənir.
Yenidən bölüşdürmə əsasında kreditin təsərrüfat dövriyyəsində pulu əvəz etməsi, ümumiyyətlə pulun əvəz edilməsi deyil, iqtisadi dövriyyədə pulun müvəqqəti əvəz edilməsi kimi anlaşılır.
Bütün hallarda yenidən bölüşdürmə əsasında təsərrüfat dövriyyəsinə daxil olan kredit pula məxsus olan işləri yerinə yetirməyə başlayır. Ondan material dəyərlilər alınmasına, əməkhaqqının ödənilməsinə və başqa məqsədlərə istifadə edilməsi baş verir.
Yuxarıda göstərildi ki, kreditin funksiyaları barəsində müxtəlif fərqli yanaşmalar var və bir sıra digər funksiyalar da hallandırılır. Onlar qeydsiz-şərtsiz qəbul edilməsə də diqqəti çəkir və fikirlər oyadır. Biz həmin istiqamətdə irəli sürülən iki funksiyanı qeyd etməyi məqsədəuyğun hesab edirik: kreditin təmərküzləşmə və mərkəzləşməni sürətləndirməsi funksiyası; müvəqqəti azad pul vəsaitlərinin akkumulyasiyası funksiyası. Onların özünə görə mənalandırılması və izahı vardır. Hətta, xüsusi bir qeyd-şərt qoyulmadan bildirilir ki, kreditin mühüm funksiyası kapitalın təmərküzləşməsi və mərkəzləşməsinin sürətləndirilməsi funksiyasıdır. Kredit mexanizminin vasitəsilə izafi dəyərin kapitallaşması prosesi daha sürətlə baş verir. Kapitalın təmərküzləşməsinin güclü amili kimi çıxış etməklə kredit fərdi yığımın hüdudlarını genişləndirir. Kreditin köməyi ilə fərdi kapitallar onlara digər fərdlərin kapitallarını əlavə etməklə artırılır. Bu mənada kredit fərdi müəssisələrin səhmdar cəmiyyətlərə çevrilməsi və yeni şirkətlərin yaradılması, inhisarların və beynəlxalq şirkətlərin meydana gəlməsi amillərindən biridir. Kapitalların mərkəzləşdirilməsi vasitələrindən biri kimi çıxış etməklə kredit ondan istifadə edənlərin imkanlarını artırır. Buradan da onun müəssisələrdə rəqabət qabiliyyətinin güclənməsinə təsiri meydana çıxır.
Kreditin müvəqqəti azad pulların akkumulyasiyası funksiyasının məzmunu onunla izah edilir ki, müəyyən dövr ərzində gələcək investisiyalar üçün pul yığılması prosesi gedir. Bu vəsaitin toplanaraq müəyyən qədər yüksək səviyyəyə çatdıqda böyük məbləğlə investisiyaya qoyulması nəzərdə tutulur. Hesab edilir ki, kreditin bu funksiyasının arxasında «yığılma - investisiyalaşdırma» durur. Tədriclə yığılan pullar onların investisiya olaraq istifadəsinə qədər azad bir şəkildə qala bilir. Buradan nəticə ondan ibarət olur ki, həmin azad vasitələr kredit resursu kimi akkumulyasiya edilə və yerləşdirilə bilər.
Do'stlaringiz bilan baham: |