X FƏSİL. KREDİT NƏZƏRİYYƏLƏRİ
10.1. Kreditin tədqiqində nəzəri cərəyanların
metodoloji əsasları
Müxtəlif kredit konsepsiyalarının ümumiləşdirilməsi və sistemləşdirilməsi elm və praktikanın aktual nəzəri problemlərindəndir. Lakin göstərilən məsələlərə hətta, yerli tədris ədəbiyyatlarında da çox nadir hallarda rast gəlinir.
Kreditin mahiyyətini açmaq üçün prinsipcə mühüm məsələlərdən biri hər hansı bir ayrılıqda götürülmüş dövlətin iqtisadi sisteminə kreditin təsiri barədə təsəvvürlərin təkamülünü aşkar etməyə imkan verən tarixi və məntiqi vahidlik prinsipinə riayət olunmasıdır. İlkin irad kimi qeyd edək ki, kreditin təhlilinin başlanğıc bəndi pul və kreditin ayrılmazlığı haqqındakı və istehsala, ümumi ictimai məhsulun bölüşdürülməsi və yenidən bölüşdürülməsi prosesinə xidmət sahəsində bir-birini tamamlamaq barədə müddəalardan ibarətdir. Bununla belə, kredit iqtisadi kateqoriya kimi digər iqtisadi anlayışlardan ayrılmalı, kateqoriyanın strukturu açılmalı, onun mahiyyətindəki başlıca cəhət göstərilməlidir.
Kreditin əsas fərqləndirici xüsusiyyəti faizdir. Kredit nəzəriyyələri məhz bu baxımdan təhlil edilir.
Kreditin sosial-iqtisadi əhəmiyyətinin şərhində dörd nəzəri istiqaməti göstərmək olar:
1) kredit sosial-iqtisadi sistemə bütövlükdə təsir edir;
2) kredit sosial-iqtisadi sistemə olduqca müsbət təsir göstərir, fasiləsiz və hədsiz iqtisadi artımı təmin edir;
3) kredit iqtisadi sistemə münasibətdə neytraldır;
4) kredit iqtisadi sistemdə investisiyaların fasiləsiz təmin edilməsinin ayrılmaz bir elementi kimi çıxış edir.
Kredit nəzəriyyələrinin şərhində başlıca məqamlara aşağıdakıları aid etmək olar:
1) kreditin təyinatı (kreditin iqtisadi mahiyyətinin açılmasında etimadın rolu) və onun maddi nemətlərin istehsalına mənsubiyyəti;
2) pulun mahiyyətinin, pul-kredit emissiyası ilə pul tədavülü qanunları arasındakı qarşılıqlı əlaqənin şərhi;
3) kreditin yaradıcı potensialının sərhədlərinin açılması;
4) kreditin inkişaf etməkdə olan nəzəriyyəsinin xüsusiyyətləri və digər baxışların tənqidindəki mühüm cərəyanlar;
5) kredit sisteminin təşkili prinsiplərinin səciyyələndirilməsi;
6) kreditin sosial əhəmiyyətinin şərhi.
Kreditin tədqiqində elmi cərəyanların əsasını pul konsepsiyaları təşkil edir. Kredit nəzəriyyəsindəki hər bir cərəyanın özünə uyğun «pul» nəzəriyyəsi var idi. Birinci cərəyan adətən əmtəə pullar və əmtəə pul sistemləri ilə; ikinci cərəyan - tam dəyərli pullar və onların təmsilçiləri ilə; üçüncü cərəyan – metal pul sistemləri ilə; dördüncü cərəyan isə dəyişdirilməyən pullar və fidusiar pul sistemləri ilə bağlı idi.
Müxtəlif nəzəriyyələrdə kreditləşmə prinsipləri də müxtəlif cür şərh edilir. Kreditləşmə prinsiplərinin ən geniş siyahısına təminatlılıq, məqsədlilik, müddətlilik, qaytarılmaqlıq, ödənişlilik prinsipləri daxildir.
Kredit nəzəriyyəsində hər bir cərəyan ödənişlilik prinsipini özünəməxsus tərzdə şərh edir. Birinci cərəyan olduqca yüksək faizlərin və qətiyyən real istehsal ilə əlaqəsi olmayan bir faizlərin alınması təcrübəsi ilə bağlıdır; ikinci cərəyan – əsas diqqəti faiz gəlirinə deyil, formalaşan kredit mənbələrinin həcminə yönəldir; üçüncü – faiz gəlirinin dinamikasını sənaye tsiklinə müvafiq əks etdirir; dördüncü – minimum faiz dərəcələrini əsaslandırır.
Kreditin kapitalyaradıcı nəzəriyyəsi kreditin sosial-iqtisadi sistemə müstəsna olaraq müsbət təsiri olduğunu israr edir, belə ki, kredit kapitalyaradıcı effektə malikdir və genişlənmiş təkrar istehsala təkan verir.
Tarixi baxımdan bu cərəyan ilkin kapital yığımı dövrü ilə əlaqədar idi.
XVIII əsrin əvvəllərində kapitalyaradıcı nəzəriyyələrin praktiki olaraq reallaşdırılmasında ən məşhur şəxs Con Lo (1671-1729) idi. XIX əsrdə İngiltərədə bu konsepsiyanın tərəfdarı Q.D.Makleod idi. XX əsrdə Y.Şumpeter onu təbliğ etməyə çalışırdı, A.Qan və b. isə onun praktiki olaraq tətbiq edilməsini təklif edirdilər.
Con Lonun «sistemi». o, Şotlandiya parlamentinə regionun iqtisadi vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə ipoteka bankı təsis etməyi, daşınmaz əmlakla təmin edilmiş qiymətli kağızlar buraxmağı təklif etmişdi.
Con Lonun mühakimələrinin ilkin bəndini metal pulların təhlili təşkil edirdi. Burada əsasən iki fakta diqqət yetirilirdi: birinci, metal sikkə, təbii xüsusiyyətlərinə görə kortəbii surətdə ayrılmış və likvidliyə malik olan əmtəədir. Bununla bərabər pul metalı əlavə dəyər əldə etmiş olur. Əgər metaldan sikkə kəsilməsi dayandırılarsa, metal sahibləri ciddi itkilərə məruz qalarlar. Ona görə də, kağız pullar metal sikkələrə nisbətən daha sərfəlidir, çünki onlar əlavə dəyərə malik deyillər. İkinci fakt: metal pullar əmtəə mübadiləsində nəinki ümumi vasitəçidir, o həm də əmtəələrin dəyər ölçüsüdür. Daxili dəyərə malik olan pul materialı (yəni metal) əmtəələrin qiymətinə təsir göstərir ki, bu da ticarətə mənfi təsir edir. Praktiki nəticə aşağıdakından ibarətdir: uzunluğu ölçən arşının, çəkini ölçən daşın nədən hazırlandığının (fərqi) əhəmiyyəti olmadığı kimi, əmtəələrin dəyər ölçüsünün də nədən hazırlandığının heç bir əhəmiyyəti olmamalıdır. Kağız ucuz materialdır, kifayət qədər vardır və əlavə dəyərə malik deyildir. Kağız pullar əmtəələrin qiymət tərəddüdlərinin səbəblərindən birini aradan qaldırar.
C.Lo pulun hər cür istifadəsinin gəlir gətirdiyini (faiz gətirir) israr edərək, belə nəticəyə gəldi ki, tədavüldəki pulun miqdarının artırılmasında ən yaxşı vasitə emissiya banklarıdır. Əgər bankdakı metal ehtiyatı 15000 livrdirsə və bank biletlərinin miqdarı 75000 livrdirsə, bu pul metalının 60000 artımına bərabər olması deməkdir. Yəni, bank nə qədər çox kredit verirsə, bir o qədər də ölkəyə gəlir gətirən sikkələrin sayı artır; eyni zamanda nəinki məşğulluq artır, ticarət genişlənir, həm də bank gəlir əldə edir.
C.Lonun maliyyə fəaliyyəti 5 il, 1716-cı ildən 1721-ci ilə qədər davam etdi. Bunun nəticəsində bəziləri onu fırıldaqçı və işbaz, digərləri isə maliyyənin dahisi adlandırdılar.
«Lo sistemi»nin ən mənfi nəticəsi o oldu ki, Fransanın maliyyə sistemində hər hansı islahata qarşı qəti şəkildə nifrət yarandı.
C.Lonun sistemi iflasa uğradıqdan sonra kreditin kapitalyaradıcı nəzəriyyəsi uzun müddət yaddaşlardan silindi. C.Lo nəzəriyyəsinin yenidən dirçəlməsi Britaniya Kral Bankının direktoru Q.D.Makleodun (1821-1902) adı ilə bağlıdır.
Öz əsərlərində Makleod iddia edir ki, «kommersiya mühitində bankın fəaliyyəti insan orqanizmində ürəyin fəaliyyətinə bənzəyir. Bank kapitalı cəlb edir, bunlar ticarətin həyat şirəsidir, hər istiqamətdən, hətta ən kiçik bulaqlardan onları ehtiyat anbarına yığaraq sonra onları ticarətin bütün kanallarına axıdır və bununla da ticarəti canlandıraraq, qidalandıraraq bütün ticarət orqanizminə güc və can verir.
Kreditin təsərrüfat baxımından əhəmiyyətini nəzərdən keçirən Q.Makleod kreditdən istifadənin nəyə gətirb çıxardığını belə qeyd edirdi:
1) qiymətləri bərabərləşdirir, onlara daha çox sabitlik gətirir;
2) əmtəə təklifini artırır.
Kredit bank fəaliyyətinin məhsuludur və bank tərəfindən yaradılan kapitaldır. Banklar özləri isə pul və kredit fabrikləridir.
Y.Şumpeter (1883-1950) Avstriyada anadan olmuşdur. Onun praktiki karyerası çox uğursuz olmuşdur. 1924-cü ildə onun rəhbərlik etdiyi bank iflasa uğrayır – bütün varidatını itirən Y.Şumpeter bütün diqqətini müəllimlik fəaliyyətinə yönəldir. Onun kreditin kapitalyaradıcı nəzəriyyəsi barədə irəli sürdüyü əsas müddəaları 1912-ci ildə nəşr edilmiş «İqtisadi inkişaf nəzəriyyəsi» əsərində öz əksini tapır. Makleoda görə sahibkarlıq istehsal amillərinin köhnə tətbiq sferalarından çıxarılması yolu ilə həyata keçirilir. Bu halda pul və digər ödəniş vasitələri onların tətbiq sahələri arasında yenidən bölüşdürülməsində əhəmiyyətli rola malikdir. Kredit nemətlərin bir sahədən çıxarılaraq digər sahəyə ötürülməsi vasitəsidir. Kreditin mahiyyəti yaradılan alıcılıq qabiliyyətinin sahibkara ötürülməsi kimi meydana çıxır, lakin bu, artıq mövcud olan alıcılıq qabiliyyətinin mövcud məhsullara görə kredit ödəniş vasitələri şəklində sahibkara sadəcə ötürülməsi deyildir. Kredit sahibkarlara xalq təsərrüfatı nemətləri axınına onların bunu əldə etmək hüququ olmamışdan əvvəl yol açır; deməli, müəyyən vaxt ərzində hüquq görüntüsü sahibkar üçün real hüququ əvəz etmiş olur. Bu mənada kreditin verilməsi bir növ, xalq təsərrüfatına, sahibkarın məqsədlərinə uyğunlaşmaq, ona lazım olan nemətləri əldə etmək əmri kimi, məhsuldar qüvvələrin ona etibar olunması kimi özünü göstərir. Yalnız bu halda iqtisadi inkişaf prosesi gedə bilər. Kreditin məhz bu funksiyası müasir kredit sisteminin ən mühüm məsələsidir.
Albert Hann (1889-1968) faşistlərin hakimiyyətə gəlməsindən sonra ABŞ-a emiqrasiya etmiş alman bankiridir (bank Frankfurt Maynda idi). O, öz konsepsiyasını «Kreditin xalq təsərrüfatı nəzəriyyəsi» əsərində vermişdir. 1920-ci illərdə A.Hannın nəzəriyyəsi geniş populyarlıq qazandı. Onun ilkin bəndi aşağıdakı müddəadan ibarət idi: tələb istehsala nisbətən ilkindir, onu banklar yaradır və bankların qüdrəti (hökmranlığı) məhz buradan irəli gəlir.
A Hanna görə kredit etibar əsasında müəyyən edilirdi. O deyirdi: «pul və kapital bazarları mahiyyət etibarilə bazardır, bu bazarda kredit alınıb-satılır, hərfi mənada isə etibar alınıb-satılır». Banklar etibar məsələsində vasitəçidirlər. Buna müvafiq olaraq da verilən kreditlərin həcmi prinsipcə sərbəstdir və heç nə ilə məhdud deyildir, məhz bu etibarın olmasında kök salan ideal məqamdır.
A.Hann ənənəvi bir fikrə qarşı olan bir tezis irəli sürür. Bu ənənəvi fikir aşağıdakından ibarətdir: bankın əməliyyatlarının həcmi bankın xüsusi kapitalının həcmindən asılı olan və təkrar istehsal prosesində meydana gələn əmanətlərin həcmi ilə müəyyən olunur. A.Hannın irəli sürdüyü tezisə «banklar kredit yaradır, kredit kapitaldır və bununla da banklar kapital yaradır» müddəası ilə müqayisədə yeni idi.
A.Hannın fikrinə görə bankların əmanətləri aktiv əməliyyatların yekunu, bank tərəfindən yaradılan kreditin və ya etibarın nəticəsi idi. Bu halda bank müştərisinin cari hesabına verilən kreditin köçürülməsi nəticəsində yaranan törəmə əmanətlərlə (depozit emissiyası) əməliyyat aparmış olur. Aktiv əməliyyatların üstünlüyü A.Hannın bank fəaliyyətinin «onurğa sütunu» adlandırdığı kontokorrent kreditdə əks olunur. Kontokorrent kredit nəticəsində yaranan depozitlər real depozitə qoyulmuş həqiqi əmanətlərdən fərqli olaraq «törəmə» əmanətlərdir. Kontokorrent kreditlər banklara törəmə əmanətlər yaratmağa imkan verdiyindən A.Hann belə nəticəyə gəlir ki, banklar «inflyasiya törədən kredit» yaratmaqda hədsiz imkanlara malikdir və bu iqtisadiyyat üçün heç bir təhlükə törətmir. A.Hanna görə kredit inflyasiyası olmadan xalq təsərrüfatının inkişafı ləngiyər və yaxud tamamilə mümkünsüz olar.
Kontokorrent kredit müştəri ilə əməkdaşlığın yalnız ilk mərhələsində qısamüddətli olur. Sıx və uzunmüddətli əlaqələrin qurulması onun daim prolonqasiya edilməsinə səbəb olur və onu uzunmüddətli kreditə çevirir. Bundan başqa, kontokorrent kredit adətən blank kreditidir. Bu kreditlərin verilməsinin dayandırılması təhlükəsi onu bankların əlində sənayeyə təzyiq göstərmək vasitəsinə çevirir. Belə ki, kredit müəyyən əhəmiyyətli həddə çatdıqda onu sənaye mülkiyyətindən pay verməklə, səhm buraxılışı ilə ödəmək olar.
Faiz dərəcələrini dəyişməklə bank istehsala uzunmüddətli irəliləmə imkanı verə bilər. A.Hann hesab edirdi ki, banklar arasındakı rəqabəti ləğv etmək və limitsiz kredit vermək yolu ilə iqtisadiyyatın böhransız inkişafına nail olmaq olar.
Kreditin mahiyyətinin naturalist klassikləri belə bir mühüm qənaətə gətirib çıxardı ki, kredit – cəmiyyətdəki maddi nemətlərin, yəni nağd ictimai kapitalın yenidən bölüşdürülməsi üsuludur. Bu, D.Rikardonun 1819-cu ildə Lordlar palatasının komitəsinin iclasındakı çıxışından daha aydın şəkildə görünür: «Mən təsəvvür etmirəm ki, əmtəələrin istehsalında kreditin hər hansı bir rolu olsun; əmtəələr xammal, maşın və əməyin köməyi ilə istehsal olunur və bu söylədiyim sonuncular haradasa istifadə olunursa, onların başqa bir yerdən əldə edilməsi zərurətdir. Kredit, faktiki mövcud kapitalın növbə ilə bir şəxsdən digər şəxsə ötürülməsi vasitəsidir; kredit kapital yaratmır, o yalnız bu kapitalın necə istifadə olunacağını müəyyən edir; kapitalın bir istfadə sahəsindən digər istifadə sahəsinə keçirilməsi həm çox sərfəli, həm də çox zərərli ola bilər». D.Rikardo belə bir sual ortaya qoyur: «Hər hansı bir adam bankdan kredit götürüb, bu kreditlə əlavə sayda maşın və ya xammal ala və ya yarada bilərmi və əlavə fəhlələrin pulunu digər sahədə artıq tətbiq olunan (istifadə olunan) kapitalı cəlb etmədən ödəyə bilərmi? Və o qəti şəkildə cavab verir: «bu mümkün deyil! Hər hansı bir şəxs kredit vasitəsilə istehsal alətləri və s. ala bilər, lakin onları yarada bilməz»45.
Klassiklər metal pullara qənaət edilməsində kreditin rolunu göstərdilər. Belə ki, A.Smit metal pulları şose yolu ilə müqayisə edirdi; bu yolla bazara çörək və buğda daşınır, amma bu yol onları istehsal etmir. O, bank əməliyyatlarını hava yollarına bənzədirdi, hansı ki, «ölkə yollarının çoxunu yaxşı otlaqlara və taxıl tarlalarına və bununla da torpağın və əməyin illik məhsuldarlığını yüksəltməyə imkan yaradardı»1.
Konsepsiyanın ilkin bəndinə görə kredit verilən pullardan səmərəli istifadə olunduğuna görə A.Smit borc verilən kapitala görə alınan faizi əldə olunan mənfəətlə bağlayır və başqasının kapitalından istifadəyə görə normal ödəniş haqqı hesab edirdi. «Bəzi ölkələrdə, - o qeyd edirdi, - faiz alınması qadağan edilmişdir. Lakin puldan hər hansı bir şəkildə istifadə olunması gəlir gətirdiyindən bu istifadəyə görə də haqq ödəmək daha doğru olardı»46.
Sahibkarın faizi ödədikdən sonra əldə etdiyi mənfəətə gəlincə, A.Smit onu mükafat adlandırırdı, lakin bu kapitaldan istifadə zamanı yaranan risk və əməyin müqabilində çox zəif mükafatdır»47. A.Smitə görə faiz əldə olunan gəlirin bir hissəsi olduğundan faiz norması gəlir normasından asılı olmalıdır. Bu asılılığı o belə əsaslandırırdı ki, kapital gəlir əldə etməklə istifadə üçün borc götürülür, həm də borcalanlar sağlam düşüncəli adamlar olduğundan əldə etdikləri gəlirin müəyyən bir hissəsini kapitaldan istifadəyə görə haqq olaraq ödəyə bilərlər. Buradan da Smit faiz normasının və gəlir normasının paralel hərəkəti qənaətinə gəlir. O yazırdı ki, «əgər kapital qoyuluşundan əldə edilən gəlir azalırsa, …onda kapitaldan istifadəyə görə ödənilən haqq, yəni faiz norması da mütləq azalmalıdır».
Klassik siyasi iqtisadçıların əsas xidməti ondan ibarətdir ki, ilk dəfə onlar kreditlə istehsalın qırılmaz bağlılığını göstərdilər. Smit və Rikardo ədalətli olaraq göstərdilər ki, kredit verilən pul digər pullardan fərqlənir, belə ki, onların hərəkəti məhsuldar kapitalın hərəkətindən ayrlıqıda ola bilməz və borc götürülən pullar bu və ya digər iş üçün istifadə olunduğundan faiz gətirir. C.Lodan fərqli olaraq klassik iqtisadçılar kreditə yeni kapital yaradıcısı kimi deyil, iqtisadiyyatda artıq mövcud olan kapitalın yenidən bölüşdürülməsi üsulu kimi baxırdılar. Onların inkarolunmaz xidməti o idi ki, onlar faizin borcalan – sahibkar tərəfindən əldə edilən gəlirin bir hissəsi olduğunu və faiz norması ilə gəlir norması arasındakı asılılığı göstərdilər. Zamanına görə bu, iqtisad elminə çox mühüm töhfə idi və onun kredit nəzəriyyəsinin sonrakı inkişafına təsiri bu problemin tədqiqi ilə məşğul olan alimlərin əsərlərində birneçə onilliklərərzində öz əksini tapmışdır.
D.Rikardonun məşhur ardıcıllarından biri olan C.S.Mill klassik iqtisadi nəzəriyyəçilər tərəfindən kreditin öyrənilməsi üzrə bilgilərə müəyyən bir yekun vurdu. Klassik nəzəriyyəçilərin ardınca Mill də kreditin kapitalyaratma nəzəriyyəsinin tənqid edirdi. O yazırdı: «Kredit böyük gücə malikdir, lakin o bir çoxlarının hesab etdiyi kimi sehrli gücə malik deyil və o heçdən bir şey yarada bilməz. Çox vaxt kreditin genişlənməsini kapitalın yaradılmasına bərabər tuturlar, hətta onunla eyniləşdirirlər. Qəribədir, lakin deməyə məcburuq ki, kredit – başqa şəxsə verilən kapitaldan istifadə üçün yalnız icazədir, istehsal vasitələri kredit vasitəsilə başqalarına btürülə bilər, artırıla bilməz… Eyni bir məbləğ həm sahibi, həm də onu borcalan başqası tərəfindən kapital kimi istifadə oluna bilər. Onun əməkhaqqında, əmək vasitələrində və materiallarda ifadə olunan tam kəmiyyəti iki qrup işçiləri eyni vaxtda təmin edə bilməz»48.
C.Mill həm də ictimai istehsalda kredit və bankların əhəmiyyəti barədə ideyanı bir qədər də inkişaf etdirdi. Onun fikrincə, kredit, xüsusən də bank krediti cəmiyyətdəki məhsuldar qüvvələrdən istifadənin səmərəliliyini əhəmiyyətli dərəcədə yüksəltməyə imkan yaradır. O qeyd edirdi ki, «kredit ölkənin məhsuldar ehtiyatlarını artırmasa da, məhz onun sayəsində istehsal fəaliyyətində daha dolğun şəkildə istifadə olunur. Etimadın artması ilə ən xırda kapital hissəcikləri belə: hər bir insan tərəfindən yığılan (saxlanılan) məbləğ də istehsala cəlb edilə bilir. Bunun üçün başlıca alət depozit banklarıdır… Beləliklə, kredit, ölkənin bütün kapitalının məhsuldar kapitala çevrilməsi üçün zəruri olmaqla, həm də ölkənin məhsuldar ehtiyatlarından daha yaxşı istifadə vasitəsi kimi çıxış edir.
C.S.Mill kreditin tədavüldəki pulların əvəzlənməsi üçün istifadə olunduğu dörd üsul və ya formasını nəzərdən keçirmişdir. O yazırdı: «Ticarət kitabında hər hansı kredit formasının kredit gücü yalnız bir alqı üçün əsas verir, vekselin verilməsi həmin kredit vahidinə vekselin sahibi neçə dəfə dəyişərsə, o qədər də alqı üçün imkan yaradır; hər banknot buraxılışı bankirin kreditini bu banknotun kimin əlinə keçməsindən asılı olmayaraq alıcılıq qabiliyyəti ilə təmin edir». O sonra qeyd edirdi ki, «kredit verilməsinin dördüncü forması da vardır – bankirin adına verilən çeklər, yaxud bank kitabları üzrə köçürmələr də, hansı ki, bütün xüsusiyyətlərinə görə banknotları xatırladır, kreditin genişləndirilməsi üçün imkan açır…». Bu konsepsiya Millin sayəsində geniş yayıldı və daha geniş kredit nəzəriyyələri üçün əsas oldu və bu nəzəriyyə K.Marks tərəfindən işlənib hazırlandı.
Böyük depressiya dövründə ABŞ hökuməti heç də asan olmayan bir müəmmanı həll etmək məcburiyyətində qaldı: durğunluq vəziyyətində olan və bununla belə tam tarazlıq halına çatmış milli iqtisadiyyatı necə hərəkətə gətirmək? Firmalar özünü maliyyələşdirmir, ev təsərrüfatları heç nə yığmırlar, heç kim kredit vermir, irimiqyaslı xarici investisiyalar yoxdur. Bəs onda iqtisadiyyatın real sektoruna investisiyaların kütləvi şəkildə cəlb edilməsi, ev təsərrüfatlarının fəaliyyətində əhalinin yığıma cəhdləri hansı amillərdən asılıdır?. C.Keyns üç belə amilin olması qənaətinə gəldi:
Birinci amil – bu insanların psixologiyasıdır. Yığıma təsir edən fundamental psixoloji amillər aşağıdakılardır: 1) istehlaka olan psixoloji meyil; 2) likvidliyin qavranılması; 3) kapital aktivlərindən gözlənilən gəlirlərin psixoloji olaraq qiymətləndirilməsi.
İkinci amil – yığım birbaşa gəlirdən asılıdır, hər şeydən əvvəl isə əmək haqlarından, hansı ki, sahibkar və işçi arasında sövdələşmə ilə müəyyən edilir.
Üçüncü amil – ümumi iqtisadi vəziyyətə məcbu tələb təsir edir, ona isə pulun miqdarı təyinedici təsirə malikdir ki, bu da mərkəzi bankın fəaliyyətindən asılıdır.
Göstərilən amillər sisitemli şəkildə təsir etdikdə böhrandan çıxış yoluna və iqtisadi artıma gətirib çıxara bilər ki, bu da borc iqtisadiyatının yaradılması hesabıan baş verir: hökumət saxta tələb formalaşdırır və bunun sayəsində gəlirlər artır, istehlaka meyil güclənir, kapital əmlakından gözlənilən gəlir yüksək qiymətləndirilir.
Əhalinin gəlirləri iki hissəyə bölünür: bir hissə istehlaka, digər hissə isə yığım üçün ayrılır. C.Keynsin mühakimələrinin ümumi əsasını (BVF tərəfindən Rusiya və digər zəif inkişaf etmiş ölkələr üçün şərh edilən monetarizm konsepsiyasından fərqli olaraq) əhalinin əldə etdikləri pul gəlirlərinə görə alıcılıq qabiliyyətinin stimullaşdırılması təşkil edir.
Ehtiyatlılıq, Tədbirlilik, Qənaətcillik, Yaxşıya can atmaq, Müstəqillik, Təşəbbüskarlıq, Məğrurluq və Xəsislik kimi xüsusiyyətlər yığıma meyil stimulları ola bilər.
Yığım ikinci dərəcəlidir, istehlakdan törəyir. Əgər gəlir aşağıdırsa, o, bütövlükdə istehlak olunacaq və yığım sıfra bərabər olacaq.
C.Keyns hesab edirdi ki, yığımların likvidliyi və yığıma görə faiz bir-biri ilə tərs mütənasibdir: likvidlik nə qədər yüksəkdirsə, gəlirlik bir o qədər aşağıdır. Doğrudan da, əgər siz pulu evdə «corabın içində» saxlasanız, o sizə faiz gətirməyəcək. Tələb olunanadək əmanət minimal faiz gətirir, müddətli əmanət isə müddət artdıqca və müvafiq olaraq likvidlik aşağı düşdükcə faiz artır.
Qeyd edək ki, likvidliyə üstünlük verilməsi dünyanın bütün xalqlarına xas olan xüsusiyyət deyildir. Məsələn, hiperinflyasiya şəraitində insanların davranışlarında əsas psixoloji amil kapitallaşmaya deyil, sərvəti qorumağa cəhd etməkdir. Nəticədə inflyasiya gözləmələri investisiya qoyuluşlarının artımasına deyil, istehlak məhsullarına tələbin sürətlə artmasına səbəb ola bilər. O zaman pul yığımları real yığıma çevrilməyəcək.
Ölkə iqtisadiyyatının tipindən və inkişaf səviyyəsindən asılı olaraq sərvətin yüksək likvidli deyil, azlikvidli (daşınmaz əmlak) və ya hətta qeyri-əmtəə formalarına üstünlük verilə bilər. Yalnız kifayət qədər sabit pul tədavülü şəraitində inkişaf etmiş əmtəə istehsalı zamanı sərvətin yüksəklikvidli formalarına üstünlük verilir.
10.2. Faiz haqqında iqtisadçıların nəzəri düşüncələrinin təhlili
Faiz nəzəriyyəsi makroiqtisad elminin tədqiqat mövzuları içində ən ziddiyyətli və mürəkkəb məsələlərindən biridir.
10.2.1. Klassiklərin faiz haqqında nəzəri düşüncələri
Klassiklərin faiz nəzəriyyələri haqqında əsərlərində - faiz həddi kapital bazarında, tələb edilən sərmayə ilə təklif olunan sərmayə miqdarları tərəfindən təyin edilməklə, sərmayə təklif və tələbinin kəsişdiyi nöqtəni isə tarazlı faiz həddi olaraq qəbul etmişlər. Sərmayə təklifi yığıma bərabər olub, yığım bir fədakarlığın qarşılığında gözlənilən mükafata bağlıdır. Faiz həddi yüksəldiyi zaman, gözləmə və fədakarlığın mükafat həddi artacağından yığım da avtomatik artacaqdır. Faiz həddi endiyi zaman gözləmə və fədakarlıq kifayət dərəcədə mükafatlandırılmadığından, yığım da azalacaqdır. Başqa bir sözlə, yığım faiz həddindəki dəyişmələrə qarşı həssasdır. Bazar tazazlığı sərmayə təklifi ilə sərmayə tələbinin bərabər olduğu faiz həddində meydana gəlir. İnvestisiya tələbi (I), yığım təklifi (y) və faiz həddi (F) hərfi ilə göstərilirsə, klassik faiz nəzəriyyəsinin funksional münasibətini aşağıdakı kimi göstərə bilərik: F= f (I,y) bərabərliyi ilə ifadə edilir.
Klassik faiz nəzəriyyəsində faiz həddi finans bazarında, yəni tələb edilən sərmayə ilə təklif olunan sərmayə miqdarları tərəfindən təyin edilməkdədir. Ümumiyyətlə, faiz, sərmayə təklif və tələbin kəsişdiyi nöqtədədir. Hər hansı bir bazarda sərmayənin istifadəsi üçün ödənilən bir qiymətə faiz deyilməkdədir. Sərmayə təklifi yığıma bərabər olub, əmanət bir fədakarlığı, gözləmə külfətinə qatlanmağı gərəkdirir. Faiz yüksəldiyi zaman, gözləmə və fədakarlığın mükafatı artmış olacağından yığım artar. Faiz həddi düşdüyü zaman gözləmə və fədakarlıq yetər dərəcədə mükafatlandırılmamasından dolayı yığımı azaltmaqdadır. Bunu başqa bir cümlə ilə ifadə etsək, yığım faiz həddindəki dəyişmələrə qarşı elastikdir. Sərmayə tələbi şirkətlərin investisiyalarına, dövlət və istehlakçıların sərmayəyə olan ehtiyaclarına bağlı olub, investisiyadan əldə edilməsi nəzərdə tutulan gəlirliyinin böyüklüyünə bağlıdır. Bu baxımdan sərmayə tələbi faiz həddindəki dəyişmələrə qarşı elastikdir. İnvestisiya tələbi (I), yığım təklifi (S) və faiz həddini (Q) hərfi ilə göstərsək klassik faiz nəzəriyyəsinin funksional münasibəti Q=F(I,s), bərabərliyi ilə ifadə edilir.
Beləliklə, klassik iqtisad nəzəriyyəsinə görə, faiz, yığımın, yəni istehlakın qənaətinin qarşılığıdır. Bu nədənlə, faiz həddi ilə yığım həcmi arasında bir bağlantı, yəni funksional bir ilişki vardır. Bu bağlantı iqtisadiyyat dilində, yığım həcminin faiz həddi qarşısında əsnək (elastik) olduğu mənasında da ifadə edilir. Buradakı fikir, yığım həcminin faiz həcminə bağlı olaraq artıb və ya azalmasıdır. Buna görə, fərdlərin və dolayısı ilə ölkənin yığım meyli sabit ikən, faiz həddi yüksəlirsə yığım miqdarı artar, istər isə yığım miqdarı azdır. Əgər bir ifadə ilə, faiz yığımın təklif qiymətidir. İqtisad dərslərindən bildiyiniz kimi, hər hansı bir malın qiyməti artdıqca və əksilincə təklifi də artar (ya da əksilirsə), eyni formada, faiz yüksəlincə ya da düşüncə yığım həcmi də artar (ya da azalar).
Do'stlaringiz bilan baham: |