7.2. Borc kapitallarının bazarı
Əmtəə kapitalının hərəkəti üçün bazar lazım gəldiyi kimi borc kapitalının fəaliyyəti üçün müvafiq bazarın olması zəruridir.
Borc kapitalları bazarı spesifik bir bazardır, onun öz əsasları və xüsusiyyətləri vardır.
Borc kapitalı bazarı – kapitala olan tələb və təklif əsasında vasitəçilərin köməyi ilə kreditorlar və borcalanlar arasında kapitalın yenidən bölüşdürülməsi mexanizmidir.
Borc kapitalı bazarı maliyyə münasibətlərinin borc kapitalının dövriyyəsinin təmin edilməsi prosesi ilə əlaqədar xüsusi sferadır. Borc kapitalı müəyyən edilmiş faizlə geri qaytarılmaq şərti ilə borca verilmiş pul vəsaitidir.
Borc kapitalının dövretmə prosesi borc kapitalı bazarında həyata keçirilir. Borc kapitalı bazarını maliyyə bazarlarından biri olaraq, borc kapitalının dövretmə prosesini təmin edən bazar olaraq səciyyələndirmək olar.
Borc kapitalının mənbələri sırasında dövlət mülkiyyəti sferasında yaranan vəsaitlərin rolu böyükdür. Mənbələr sırasında dövlət büdcəsinin sərbəst pul vəsaitlərinin, sığorta fondlarının, pensiya fondunun, həmkarlar ittifaqları və digər ictimai təşkilatlarda sərbəstləşən pul vəsaitlərin də yeri var. Borc kapitalı bazarı – saziş obyekti borca təqdim olunan pul kapitalı olmaqla, tələb və təklifin formalaşdığı kapitalist əmtəə münasibətlərinin xüsusi sferasıdır. Əhalinin əmanətləri bank əmanətlərində, ehtiyat pensiya fondlarında, sığorta kampaniyalarında, həmçinin qiymətli kağızlar alışında təmsil olunur.
Funksional nöqteyi-nəzərdən borc kapitalı bazarı kapitalist istehsalının kreditlə təmin olunması məqsədi ilə pul kapitalının toplanmasını və yenidən bölüşdürülməsini təmin edən bazar münasibətləri sistemidir.
Borc kapitalı bazarı vasitəsilə müəssisələrin, dövlətin və fərdi şəxslərin cari tələbatlarından artıq qalan hissədən əmələ gələn pul yığımları cəlb olunur və kreditə verilir. Bunlar ölkənin cari və strateji vəzifələrinə uyğun olaraq istehsal və qeyri-istehsal sahələrinin inkişafına kapital qoyuluşu kimi istifadə olunur.
İnstitusional nöqteyi-nəzərdən borc kapitalı bazarı borc kapitalının hərəkətini həyata keçirən maliyyə-kredit təşkilatlarının, fond birjalarının məcmusundan ibarətdir.
Borc kapitalı bazarının əsas xüsusiyyəti odur ki, bu bazar bircinslidir. Belə ki, əmtəə yalnız pul şəklində çıxış edir. Borc kapitalı bazarında borc kapitalının hərəkəti: pul axınlarının bank sistemindən keçməsi ilə, müəssisələr və digər hüquqi şəxslər arasında hərəkəti ilə həyata keçirilir.
Borc kapitalı bazarının iştirakçıları aşağıdakılardır:
- ilkin investorlar – sərbəst maliyyə resurslarının sahibləri;
- ixtisaslaşmış vasitəçilər – pul vəsaitlərini toplayan və onları borc kapitalına çevirən maliyyə-kredit təşkilatları;
- borcalanlar (hüquqi və fiziki şəxslər, dövlət) – maliyyə resurslarına ehtiyacı olan bu kapitaldan istifadəyə görə haqqı ödəməyə hazır olanlar.
Borc kapitalının bazarında kapitalın satıcısı sifətində pul kapitalistləri (borc kapitalistlərinin mülkiyyətçiləri), maliyyə-kredit institutlarının geniş yayılmış sistemi (kommersiya və investisiya bankları, sığorta kompaniyaları və s.), alıcı sifətində isə özəl və dövlət müəssisələri, dövlət və ya xüsusi şəxslər, əhali çıxış edir.
Müasir borc kapitalı bazarı müddət və təsisat əlamətlərinə görə xarakterizə olunur. Müddətə görə pul bazarı və kapital bazarı fərqlənir: Pul bazarı dövriyyə kapitalının hərəkətini təmin edən bütün qısamüddətli kredit əməliyyatlarını əhatə edir və burada dövriyyəyə bir neçə həftədən bir ilə kimi olan kreditlər buraxılır.
Kapital bazarı isə əsas vəsaitlərin hərəkətini təmin edən ortamüddlətli və uzunmüddətli əməliyyatları əhatə edir ki, burada 1 ildən 5 ilə qədər (ortamüddətli kredit bazarı) və 5 ildən yuxarı (uzunmüddətli kredit bazarı) müddətə pul vəsaitləri hərəkət edir.
Funksional və təsisat əlamətləri ilə müasir borc kapitalları bazarı kredit sistemi (müxtəlif maliyyə-kredit institutları məcmusu) və qiymətli kağızlar bazarını əhatə edir.
Qiymətli kağızlar bazarı isə öz növbəsində ilkin və ikinci bazara bölünür. İlkin bazarlarda yeni emissiya olunmuş qiymətli kağızlar, ikinci bazarlarda isə əvvəl buraxılmış qiymətli kağızlar alınıb-satılır. Bunlardan başqa, birjadankənar bazarlar da vardır. Burada o qiymətli kağızlar reallaşır ki, həmin qiymətli kağızlar birjada tədavül etmir.
Borc kapitalı bazarının müddət və funkional təsisat əlamətləri bütün ölkələr üçün xarakterikdir. Borc kapitalları bazarının dünya təcrübəsinin öyrənilməsi göstərir ki, kapital bazarları ABŞ, Qərbi Avropa və Yaponiyada daha çox inkişaf etmişdir. Bu ölkələrdə inkişaf etmiş çoxşaxəli kapital bazarları və müxtəlif maliyyə – kredit institutları şəbəkəsi mövcuddur.
Yuxarıda göstərildiyi kimi, borc kapitalı bazarı kapitalizm dövründə borc kapitalına tələb və təklifin formalaşdığı və iqtisadi münasibətlərin xüsusi bir sferasıdır. Borc kapitalı bazarının əsas vəzifəsi fəaliyyətsiz qalan pul vəsaitlərini borc kapitalına çevirməkdən ibarətdir.
Borc kapitalının funksiyaları onun kapitalist təsərrüfatı sistemindəki mahiyyəti və rolu, kapitalist istehsal münasibətlərinin xarakteri və məqsədləri ilə müəyyən olunur.
Borc kapitalı bazarının funksiyaları olaraq aşağıdakılar qəbul edilir:
- o, kredit vasitəsilə əmtəə tədavülünə xidmət edir;
- sahibkarların, əhalinin, dövlətin, həmçinin xarici müştərilərin pul əmanətlərinin (yığımlarının) toplanması və yığılmasını təmin edir;
- onun pul sayəsində fondlarının bilavasitə borc kapitalına çevrilməsi və istehsal prosesində xidmət etmək üçün kapital qoyuluşu şəklində istifadə oluna bilir;
- o, dövlət və istehlak xərclərinin ödənilməsi üçün kapital mənbəyi kimi əhaliyə və dövlətə xidmət funksiyası vasitəsilə büdcə kəsirlərinin ötürülməsində rol oynayır;
- o, kapitalın mərkəzləşdirilməsi və təmərküzləşdirilməsinin sürətləndirilməsi funksiyasını daşıyır.
Ümumilikdə, borc kapitalı bazarının göstərilən funksiyaları iqtisadiyyatın gucləndirilməsinə, inkişafına, iqtisadi sistemin fəaliyyətinin təmininə yönəldilir.
Pul kapitalının yığımları və hərəkətini əks etdirən borc kapitalı bazarı pul formasında dəyərin hərəkəti ilə, qiymətli kağızlar və kredit resursları şəklində müxtəlif pul fondlarının yaradılması və istifadəsi ilə üzvi sürətdə bağlıdır.
İqtisadi münasibətlərin spesifik sahəsi olmaqla, borc kapitalı bazarı vasitəsilə kapitalist təkrar istehsalın inkişafına yönəldilən pul fondlarının hərəkətini, istiqamətini, miqyasını, onun sosial-iqtisadi münasibətlərə təsirini müəyyən etmək olar.
Borc kapitalı bazarının milli və beynəlxalq borc kapitalı bazarı kimi səciyyələndirilməsi mümkündür. Onlar qarşılıqlı surətdə bir-birini tamamlayır. Milli kapital bazarı – həmin ölkənin orta və uzunmüddətli kredit bazarlarından həmçinin ipoteka və qiymətli kağızlar bazarlarından ibarətdir. Milli bazar nisbi müstəqilliyini saxlayaraq beynəlxalq iqtisadi, o cümlədən valyuta-kredit münasibətlərinin inkişafının bazasında formalaşan dünya kapitalı bazarı ilə əlaqədardır.
Borc kapitalı bazarının formalaşması milli və beynəlxalq təsərrüfatın və kredit sisteminin inkişafı prosesi ilə üzvi surətdə bağlı olaraq baş verir. Beynəlxalq borc kapitalları bazarının elmi xarakteristikası iqtisadi ədəbiyyat mənbələrində hərtərəfli verilir. Onlardan ən mühüm olanlarını yığcam olaraq burada əks etdiririk.
Beynəlxalq borc kapitalı bazarı sosial-iqtisadi inkişaf səviyyəsindən aslılı olmayaraq dünya ölkələrinin təsərrüfatları arasında borc kapitalının toplanması və yenidən bölüşdürülməsi üzrə münasibətlər sistemi kimi çıxış edir. Beynəlxalq borc kapitalı bazarı borc kapitalına olan tələb təklifdən asılı olaraq borc kapitalının ölkələr arasında hərəkətini həyata keçirən maliyyə-kredit müəssisələrinin məcmusundan ibarətdir. Buraya iri banklar, əsasən transmilli banklar, aparıcı fond birjaları və s. aiddir.
Təsisat nöqteyi-nəzərindən beynəlxalq borc kapitalı bazarı təkrar istehsalın fasiləzisliyini və rentabelliyini təmin etmək məqsədi ilə borc kapitalının ölkələr arasında toplanması və yenidən bölüşdürülməsini təmin edən bazar münasibətləri sistemidir. Onun tərkib hissəsinə xarici kreditlərin və avro kreditlərin orta və uzunmüddətli bazarları, qiymətli kağızlar bazarı və avro istiqraz bazarı daxildir.
Dünya borc kapitalı bazarında kreditor və borcalan sifətində iri firmalar və banklar, dövlət, hökumət və beynəlxalq valyuta – kredit təşkilatları çıxış edir.
Borc kapitalı bazarının inkişafının obyektiv əsasını təkrar istehsal prosesində kapitalın dövranının qanunauyğunluğu təşkil edir. Bir tərəfdə müvəqqəti sərbəst pul vəsaitləri yaranır, digər tərəfdə isə borc vəsaitlərinə olan tələbat yaranır.
Kapitalın hərəkətsizliyi kapitalizmin təbiəti ilə ziddiyyət təşkil edir. Borc kapitalı bazarı isə bu ziddiyyəti həll edir. Onun köməyi ilə təkrar istehsal prosesini və pul kapitalistlərinin mənafelərini təmin edərək, müvəqqəti sərbəst pul kapitalları, həmçinin bütün sinif və təbəqələrin gəlir və əmanətləri borc kapitalına çevrilir və yenidən kapital dövriyyəsinə cəlb olunur.
Kapitalizmin hələ yüksək səviyyədə bankları olmadığı dövrdə pul kapitalına tələb və təklif məhdudluğu nəticəsində borc kapitalı bazarı zəif inkişaf etmişdi. Bunun bir sıra səbəbləri var idi. Əhalinin pul əmanətləri və pul kapitalının yığımı üzrə işlər hələ geniş inkişaf etməmişdi. Bu əsasən azsaylı banklar vasitəsilə həyata keçirilirdi və maliyyə – kredit müəssisələrinin başqa formaları yeni yaranmağa başlayırdı. Pul kapitalına tələbat qısamüddətli idi və ayrı-ayrı müəssisələrə qısa müddətə verilirdi. Əhali və dövlət isə borc kapitalı bazarına nadir hallarda müraciət edirdi.
Borc kapitalı bazarının inkişafına kapitalizmin inkişafı təkan verdi. Səhmdar cəmiyyətlərin yaradılması, istehsalın yüksək təmərküzləşməsi və mərkəzləşməsi nəticəsində borc kapitalı bazarı kapitalist ölkələrinin iqtisadi və kredit siyasətlərinin formalaşmasında mühüm rol oynayır.
Sənayecə inkişaf etmiş ölkələrin borc kapitalı bazarının xüsusiyyətləri, onun dünya kapitalist təsərrüfatı sistemindəki aparıcı yeri, beynəlxalq valyuta – kredit münasibətləri, həmçinin kapital yığımının yüksək səviyyəsi, inkişaf etmiş kredit sisteminin və fond birjalarının mövcudluğu, nisbətən sabit siyasi rejimləri ilə müəyyən olunur.
İnkişaf etməkdə olan ölkələrdə borc kapitalı bazarının xüsusiyyətləri onların ümumi iqtisadiyyatında gerilik, həmçinin əsas kapitalın məhdud miqyası ilə əlaqədardır.
Milli borc kapitalı bazarının beynəlxalq əməliyyatlarla əlaqəsi səviyyəsi iqtisadi inkişafın xüsusiyyətləri ilə müəyyən olunur.
Borc kapitalları bazarının Azərbaycan Respublikasındakı vəziyyətinə gəldikdə onun ən başlıca ümumi cəhətləri qeyd edilə bilər. Əvvələn, burada borc kapitalı bazarı nisbətən gənc olması ilə səciyyələnir. Bazar iqtisadiyyatının kateqoriyası olmaqla borc kapitalları bazarı Azərbaycan Respublikasının bazar iqtisadiyyatı sisteminə keçmək yolunda çalışmaları ilə birlikdə paralel surətdə yaranmağa başlayıb inkişaf etmişdir. 1992-ci ildə «Azərbaycan Respublikası Milli Bankı haqqında» Qanunun və «Banklar və bank fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanunun yaradılması borc kapitalları bazarının əmələ gəlməsi üçün hüquqi əsas olmuşdur. Hüquqi əsaslardan bəhs edildikdə iqtisadi islahatların həyata keçirilməsi üzrə bir sıra digər aidiyyətli qanunların qəbulu qarşı tərəflərin (təsərrüfat sferasının) kredit təşkilatları ilə münasibətlərinin bazar prinsipləri əsasında qurulmasına imkan yaramışdır. Kredit sisteminin qanunçuluq bazasını təşkil edən yeni qanunların qəbulu və intensiv olaraq normativ aktlarının hazırlanması bu sistemdə bazar münasibətlərinin dərinləşməsinə xidmət etmişdir. Bununla yanaşı olaraq ölkə iqtisadiyyatının ağır çətinliklərdən çıxmaqla sabitləşməsi, daha sonra sürətli inkişaf borc kapitalının bazasının güclənməsi ilə nəticələnmişdir.
Azərbaycanda iqtisadiyyatın inkişafı ilə əlaqədar borc kapitalları bazarının subyektləri öz fəaliyyətini qaydaya salmışlar. Bu cəhətdən xüsusilə 2003-cü ildən sonrakı dövrün göstəriciləri diqqəti cəlb edir. Bu dövrdə bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyası olan təşkilatların sayında azalma olmamışdır. Onların sayı 2003-cü ilin axırında 104 vahid idisə, sonrakı bütün illərdə onların sayı artmaqla 01.01.2010-cu ildə 142-yə çatmışdır.
Bankların sayına gəldikdə 2002-ci ilin axırında – onlar 46 vahid təşkil edirdisə, 01.01.2010-cu ildə də həmin sayda olmuşdur. Bankların filial şəbəkəsi isə genişlənməkdə davam etmişdir. Bankların yerli filiallarının sayı 2002-ci ildəki 220 vahiddən 01.01.2010-cu ildə 636-ya çatmışdır. Eyni zamanda bankların məcmu kapitalının kəmiyyəti sistematik olaraq artmış, banklara cəlb edilən borc kapitalının kəmiyyəti və yerləşdirilən borc kapitalı məbləği çoxalmışdır.
Eyni zamanda bank olmayan kredit təşkilatlarının sayı 2002-ci ildə 47 vahid idisə, 01.01.2010-cu ildə 96 sayda belə təşkilat borc kapitalları bazarında xidmət göstərmişdir.
Azərbaycan Respublikasında milli borc kapitalları bazarının inkişafında təsisat və funksional cəhətlərdən bankların və onların borcalanlarının potensialı başlıca rol oynayır. Bununla belə, bank olmayan (qeyri-bank) kredit təşkilatlarının yaranması və inkişafının əhəmiyyəti və rolu qeyd edilə bilər. İnkişaf etmiş bazar iqtisadiyyatlı ölkələrin, habelə bir sıra inkişaf etməkdə olan ölkələrin bu yönümdə çoxillik təcrübəsi onların kredit sisteminin daşıdığı vəzifələrin müəyyən hissəsini öz üzərinə götürüb iqtisadi və sosial inkişafa dəstək verdiyini göstərir. Əlbəttə ki, bu tip kredit təşkilatlarının borc kapitalları bazarındakı iştirakı və fəaliyyətinin əsasları ölkələrin milli qanunçuluğu ilə müəyyən edilərək tənzimlənir.
Azərbaycan Respublikasında qeyri-bank kredit təşkilatlarının fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və onların üzərində nəzarət funksiyasını Azərbaycan Respublikasının Mərkəzi Bankı həyata keçirir. Bu zaman «Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında» Azərbaycan Respublikasının Qanuna, «Banklar haqqında», «Poçt haqqında» və «Kredit İttifaqları haqqında» Azərbaycan Respublikasının qanunlarına, Mərkəzi Bankın normativ xarakterli aktlarına, habelə bank nəzarəti sahəsində səmərəli beynəlxalq təcrübəyə uyğun olaraq hərəkət edilməsi tələb olunur. Bu sahədəki qanunçuluq bazası 25 dekabr 2009-cu il tarixli «Bank olmayan kredit təşkilatları haqqında» Azərbaycan Respublikasının Qanunu sayəsində müvafiq qaydada genişləndirilmişdir. Bu da borc kapitalları bazarının inkişafına yönəldilir.
7.3. Borc faizi
Borc kapitalı onun sahibləri tərəfindən borc verildikdə müqabilində müəyyən məbləğin ödənilməsi şərtləndirilir. Bu əsasla borc kapitalı öz dəyərində olmaqla borcluya keçir. Bu zaman meydanda olan borc kapitalının dəyəridir. Borc kapitalının istehlak dəyəri isə bu kapitalın istifadəsi ilə meydana çıxır. Borc edilən kapital sahibkarın fəaliyyəti sayəsində tətbiq edilməklə, yeni dəyərin yaradılması proseslərinə xidmət edir. Məhsul və xidmətlərin realizasiyasından gələn gəlirin tərkibində yer alan mənfəət işə qoyulan kapitalla müqayisə edildikdə və ya kapitalın həcminə görə qiymətləndirildikdə sahibkarın öz kapitalına və istifadə olunan borc edilmiş kapitallara düşən payları bilmək olar. Buradan da istfiadə edilən borc kapitalına görə haqq ödənilməsinin bazar münasibətlərinin məqsəd və məramına uyğun olaraq ümumi hal alması qanunauyğundur. Əlbəttə ki, haqq alınması, olsun ki, çox mənalar daşıya bilər. Ona görə də borc kapitalına görə ödənilən vəsaitin digər ödənişlərdən fərqli spesifik anlayışı – borc faizi öz mahiyyəti və məzmunu ilə iqtisadi kateqoriyalar sırasında tanınmış yer tutur. O, iqtisadi münasibətlərdə təsirliyini göstərir. Borc faizinin ən qabarıq təzahürləri ümumi mənada sahibkar (işgüzar) adlandırılan kapitalistlər ilə borc kapitalistləri arasındakı münasibətlərdə ortaya çıxır. Elmi məktəblər tərəfindən borc faizinin mahiyyətinin təqdimi də məhz bu nöqteyi – nəzərə müvafiqdir. Borc faizinin yaranması və ödənilməsi ilə bağlı olan münasibətlərin əsasında geniş mənada əmtəə-pul münasibətlərinin durması qəbul ediləndir. Amma, əmtəə-pul münasibətləri hədsiz dərəcədə çoxcəhətlidir, bundan irəli gələrək borc faizinə yönəli elə dəqiqləşdirmə olmalıdır ki, bu kateqoriyanı aydınlığı ilə müəyyən edə bilsin. Belə bir anlaşma ilə borc faizi sahibkar (funksiyaedici) kapitalistlərin borc kapitalından müvəqqəti istifadəyə görə bu kapitalın mülkiyyətçilərinə mənfəətdən verilən (ödənilən) paydır. Borc faizi borc kapitalının tətbiq edildiyi təsərrüfat fəaliyyətindən (məhsul və xidmətlər istehsalı və realizasiyasından) əldə edilən mənfəətin bir hissəsidir. Burada faizin «izafi dəyərin bir hissəsi» deyil, mənfəətin bir hissəsi adlandırmağımız məsələnin daha aydın görüntüsünə xidmət etməklə yanaşı, konkret sahibkarların əməli fəaliyyəti ilə bilavasitə bağlanmasına kömək edir. İzafi dəyərdə xeyli dərəcədə mücərrədlik olmaqla yanaşı, o, bir çox hallarda ardınca siyasiləşmiş ifadələr gətirir, olsun ki, bəzən söz-söhbət doğurur. Əsas məqsəd isə odur ki, borc kapitalının hərəkəti prosesində təsərrüfat əməliyyatlarının yerinə yetirilməsi sayəsində əldə edilən mənfəətin iki yerə ayrılmasının iqtisadi cəhətdən əsaslı olduğu və onlardan bir payının faiz olması dərk edilsin.
Həmin hissələr arasındakı nisbətlərə gəldikdə, bunun mütləq göstəricisi yoxdur və bazar münasibətləri şəraitində ola da bilməz. Amma belə nisbətlərin əmələ gəlməsinin, müvəqqəti sabitləşməsinin, tərəddüdləri və köklü dəyişmələrinin ciddi elmi izahları vardır.
Bunu unutmadan, borc faizinin mahiyyət xarakteristikasına yanaşmalarda daha bir vacib və yetərincə dolğun istiqaməti də qeyd etmək lazım gəlir. Bu yanaşmada borc faizinə borc kapitalının bir əmtəə kimi özünü göstərməsi nöqteyi –nəzərindən baxılır və borc verilən kapitalın qiyməti kimi mənalandırılır. Onu da qeyd edək ki, bu fikir heç də yeni olmayıb, borc faizi haqqında təkzibedilməz müddəalar sırasında olmaqla indi də görkəmli mənbələrdə yer alır. O, zatən marksist təliminə məxsusdur və faiz «qiymətin irrasional forması» adlandırılmışdır.
Borc faizi təbii ki, iqtisadi kateqoriyalardan biri olmaqla müəyyən funksiyalar daşımaya bilməz. Borc faizinin mənfəətin bölüşdürülməsi (yenidən bölüşdürülməsi) və tənzimləmə funksiyalarını daşıması qəbul edilir. Faizin stimuledici funksiyasını daşıması da bəzi mənbələrdə qeyd olunur.
Faiz riyaziyyatda, statistikada nəyin nədə nə qədər yer tutmasını, ümumi həcmdə, sahədə və s. nə paya malik olmasını səciyyələndirir. Maliyyə, kredit və pul tədavülündə (qanunlar və normativ aktları da daxil olmaqla) faiz bir sıra nisbətləri, payları, inkişafın gedişini, dəyişmələri müəyyən etmək üçün mühüm vasitədir.
Borc faizinə gəldikdə, o müəyyən səviyyə ilə xarakterizə edilə bilər. Təcrübədə faiz dərəcəsi olaraq tanınan bu göstəricinin səviyyəsi konkret haldakı vəziyyəti əks etdirən bu və ya digər rəqəmin arxasında % işarəsinin qoyulması ilə təqdim olunur. Borc faizinin dərəcəsi ən müxtəlif variantlarda olsa belə, faiz səviyyəsinin əyani ifadəsidir.
Faiz səviyyəsinin faiz norması adı altında hesablanması ssuda məbləği ilə gəlir arasındakı nisbəti səciyyələndirir. Ssuda (borc) kapitalından əldə edilən gəlirin borc verilən kapitalın məbləğinə bölünməsi və 100-ə vurulması ilə alınan nəticə faiz normasını əks etdirir. Həmin hesablama üsulu faiz səviyyəsini güzgü kimi göstərdiyi üçün heç bir əks reaksiyaya səbəb olmur, diskussiya doğurmur.
Faiz normasının riyazi mənalandırılmasına əsaslansaq onun mənfəətdən asılı olması qarşıya çıxır. Mənfəətin faiz və sahibkar gəlirinə bölünməsi faktına görə faiz nə qədər yuxarı olarsa sahibkar gəliri bir o qədər azalar və əksinə faizin azalması sahibkar gəlirinin artmasına gətirib çıxarar. Amma bunların hər ikisi üçün mənfəətin olması lazımdır, mənfəətin artması onların bazasını möhkəmləndirir, hər iki tərəfin maraqlarına uyğun gəlir.
Müəyyən mənada belə görünə bilər ki, borc faizinin səviyyəsinin izahına bununla nöqtə qoyula bilər. Amma qətiyyən yox.
Bazar iqtisadiyyatının başqa qanunauyğunluqları, ödkədaxili və habelə beynəlxalq miqyaslı təsirlər və hadisələr faiz səviyyəsini, onun normasının dəyişilməsini müxtəlif cəhətlərdən diktə edir.
Xüsusilə bazar iqtisadiyyatında hökm sürən tələb və təklif qanununun təsirləri qeyd edilməlidir. Borc kapitalları bazarında ssudaların təklifi ona olan tələbi üstələdikdə faiz dərəcəsi azalmağa istiqamət götürür. Ssudalara tələb artaraq borc kapitalı təklifini ötüb keçdikdə və ya başqa sözlə, ssudaların verilmə imkanı tələbə nisbətdə azaldıqda faiz səviyyəsi azalmağa doğru gedir. Amma nə qədər azalsa belə F>0 olaraq qüvvədə qalır, əks təqdirdə borc verilməsi mənasız olardı. Lakin normal iqtisadiyyat şəraitində faizin sahibkar gəlirindən yuxarı olması da qəbul ediləsi hal deyildir. Faizin yuxarı həddi, yaxud sərhədi bazar iqtisadiyyatının qanunauyğunluqlarından irəli gəlir və sahibkar gəlirinin müvafiq kəmiyyəti ilə məhdudlaşmalı olur.
Faiz normasının asılı olduğu tələb və təklifin özü də bazar iqtisadiyyatının qanunauyğunluqlarından irəli gələn bir sıra təsirlərin altındadır. Bütün bunlar borc faizinin dinamik olmasını, bazar iqtisadiyyatında gedən proseslərdən qaynaqlandığını, həssas olmasını göstərməyə əsas verir.
Azərbaycan Respublikasında borc faizi bazar iqtisadiyyatına xas olan qaydalarla fəaliyyət göstərir, müvafiq təsirlərə məruz qalır.
Ümumi əlamətlərə böyük əhəmiyyət verilir. Borc faizinin xüsusiyyətlərinə gəldikdə onun əsasında Azərbaycan Respublikasında iqtisadi islahatlar, inkişaf prosesləri, pul və kapitallar bazasındakı vəziyyət, kredit sisteminin strukturu və inkişaf səviyyəsi durur.
Azərbaycan Respublikasında müasir dövrdə faiz dərəcələri aşağıdakılarla təmsil olunur:
*Depozit və əmanətlər üzrə faiz dərəcələri.
*Verilmiş kreditlər üzrə faiz dərəcələri.
*Banklararası kreditlər üzrə faiz dərəcələri.
Bunlardan başqa, Azərbaycan Respublikası Mərkəzi Bankının əməliyyatları üzrə faiz dərəcələri mövcuddur. Onlar aşağıdakılarla təmsil olunur:
*Yenidən maliyyələşdirmə faiz dərəcəsi.
*Lombard faiz dərəcəsi.
*Notlar üzrə faiz dərəcəsi.
*Repo əməliyyatı üzrə faiz dərəcəsi.
*Əks Repo əməliyyatı üzrə faiz dərəcəsi.
Depozit və əmanətlər üzrə faiz dərəcələri hüquqi şəxslər üzrə və fiziki şəxslər üzrə faizlər olmaqla iki böyük qrupa ayrılır. Eyni zamanda manatla və xarici valyuta ilə olmaqla fərqləndirilir. Verilmiş kreditlər üzrə faiz dərəcələri də analoji olaraq hüquqi şəxslər üzrə və fiziki şəxslər üzrə faiz dərəcələrinə, onlar da öz növbəsində manatla kreditlərə görə və xarici valyutada kreditlərə görə faizlərə ayrılır.
Banklararası kreditlər üzrə isə, faiz dərəcələrinin kreditlərin milli pula və xarici valyutada olmasından asılı olaraq fərqləndirilməsi vardır.
VIII FƏSİL. KREDİTİN ZƏRURİLİYİ,
MAHİYYƏTİ VƏ FUNKSİYALARI
8.1. Kreditin zəruriliyi
Kreditin varlığı onun zəruriliyi ilə bağlıdır. O heç zaman ötəri xarakter daşımamış, tək-tək şəxslərlə, ayrı-ayrı təsərrüfat subyektləri ilə, habelə bu və ya digər ölkə ilə məhdudlaşmamışdır.
Bu və ya digər şəraitdə kreditin həcmcə azalmasına gəldikdə, bu müxtəlif səbəblərdən irəli gəlir və başqa bir şəraitdə onun artması ilə inkişafı davam edir.
Elmi yanaşma digər iqtisadi kateqoriyalar kimi kreditin də başlanğıcını diqqətə almağı, xatırlatmanı tələb edir. Kreditin meydana gəlməsinin aydınlaşdırılmasında əsas məsələ bu və ya digər konkret tarix, hansısa qədim ölkə deyil, kredit münasibətlərinin hələ rüşeym halında olduğu bir vaxtda yavaş-yavaş öz əlamətlərini göstərməsidir. Bunlar elə əlamətlərdir ki, böyük inkişaf yolu keçməklə bu günə kimi gəlib çatmışdır. Yəni kredit zərurətlə yarandığı kimi onun inkişafı da zərurətdən irəli gəlmişdir.
Kredit münasibətləri başlanğıcda pulsuz müəyyən maddi dəyərə malik əşyanın bir şəxsdən digərinə borc olaraq keçməsi şəklində fərz edilə bilər. Sonra həmin borcun eyni məhsulla, razılaşdırılan kimi qaytarılması olmalı idi ki, cəmiyyətdə borc vermək və borc olaraq lazım gələn məhsulları əldə etmək adətləri yaranıb möhkəmlənsin. Hər halda bu primitivlik borc alanın və verənin başqalarından mülkiyyətcə ayrılığı, öz malına müstəqil sərəncam verə bilmək imkanını ehtiva etmişdir. Biz bu xüsusiyyətə daha çox əhəmiyyət veririk, nəinki borc verilən əşyanın növünə. Kreditin zəruriliyi məsələsində əhəmiyyətli cəhətlərdən biri cəmiyyətdə borc almağa ehtiyacın yaranmasıdır. Əgər ehtiyac olmasa borc alınmaz. Müasir anlamda «ehtiyac» ifadəcə kasıblıq, zəiflik kimi düşünülə bilər. Amma kredit münasibətlərinin yaranıb çox uzun müddət ərzində yoxsul və aztavanlı insanların karına gəldiyini bilsək, aydın olar ki, ehtiyacı nəinki zəiflik, hətta yazıqlıq kimi də qəbul etmək olardı. Belə vəziyyətlə üzləşmiş insanların heç bir sosial təminat və güvənc yerinin olmadığı üçün borc almaq, bəlkə də yeganə çıxış yolu idi. Şübhəsiz ki, zərurətin reallaşdırılması imkanı da vacibdir. Kredit münasibətləri nöqteyi-nəzərindən borc vermək imkanı olanlar olmasaydı ehtiyaclar ödənilə bilməzdi. Bəlli olur ki, hər bir dövrün özünə görə tələbatından artıq məhsula, vəsaitə malik şəxsləri olmuşdur və onlar borc verilməyi əlverişli hesab edirmişlər. Pulun meydana gəlməsi kredit münasibətlərinin inkişafında böyük rol oynamışdır. Pul şəklində kreditlər cəmiyyət üçün daha əlverişli və deməli, daha zəruri olmuşdur.
İxtisas yönümlü məşhur elmi kollektivlər kreditin yaranmasını pulun yaranmasından sonra cəmiyyətin dahiyanə kəşfi adlandırır. Biz bunu çoxdan qəbul etmişik və inamımız bir daha artır ki, bunların vasitəsilə iqtisadiyyatda çox böyük problemlər həll olunur. Bu mənada kreditin müasir dövrdə zəruriliyi daha tutarlı dəlillərə əsaslanır. Amma bunları incələmək o qədər asan deyildir. Bizim fikrimizcə, burada çətinlik ilk növbədə kreditin zəruriliyi, mahiyyəti, funksiyaları və rolu məsələlərinin hədsiz dərəcədə yaxın olmalarında, sanki bir –birinin daxilində olması kimi görüntülərindədir. Çətinliyin ikinci isə mövcud iqtisadi ədəbiyyatlarda, hətta onların ən mötəbərlərində belə, həmin anlayışların verilməsindəki bu və ya digər əngəllərdir ki, bunlar subyektiv acizlikdən deyil, əsasən obyektiv səbəblərdən irəli gəlir.
Müasir iqtisadiyyat şəraitində kreditin zəruriliyini təsərrüfat subyektlərinin yoxsulluğu ilə izah etmək olmaz. Fikrimizcə, təsərrüfat subyektlərinin kreditə meyil göstərməsi, onların nəzərində bu və ya digər vaxtda ssuda alınması zərurəti əsas iki səbəbdən irəli gəlir. Birincisi kapitalın dövriyyəsi prosesində meydana çıxan uyğunsuzluqların ram edilməsi zərurəti, ikincisi isə kreditin xeyirliliyinin müəyyənliyidir. Borc almaq istəyənlərin həmin mövqeyinə qarşı əl uzadıb duranı odur ki, cəmiyyətdə təkrar istehsal prosesində yaranan, nisbi mənada artıq olan vəsaitlərini kredit şəklində verilmək imkanları olanlar vardır. Onlar da vəsaitlərin kredit formasında verilməsinin xeyirliyindən faydalanmaq istəyir. Yəni, kredit vermək peşəkar zəruri fəaliyyət şəklini alır. Elə bazar iqtisadiyyatı dövründə də kreditin zəruriliyi və mümkünlüyü bir birini tamamlayır. Təkrar istehsalda kapitalın dövriyyəsinin qanunauyğunluqları kreditin zəruriliyinin və onun imkana çevrilməsinin əsasını təşkil edir. Qanunauyğunluq isə obyektiv surətdə meydana gələn elə halların məcmusudur ki, kapitalın dövriyyəsi prosesində bir tərəfdən vəsaitlərin azad olması, digər tərəfdən isə təsərrüfat subyektlərinin kənardan vəsaitlərin cəlb edilməsinə ehtiyacları yaranır. Başqa təsirlər, situasiyalar istisna deyildir, hətta labüddür. Amma, kreditin zəruriliyinin izahında bu amillər həlledicidir, dəyanətli istinad yeridir. Bununla belə, kreditin zəruriliyi dərəcəsi, yaxud onun istifadəsinin labüdlüyü əmtəə-pul münasibətlərinin inkişafı səviyyəsindən, tempindən, pulun kapitala çevrilməsi imkanlarından, iqtisadiyyatın təşkili və idarə olunması xüsusiyyətlərindən və s.-dən asılıdır. Elə, iqtisadi tsikllərdə kreditə tələb və onun təklifində gedən dəyişmələrin kəskinliyini misal gətirmək olar. O ki, qaldı inzibati – amirlik sistemində kreditin zəruriliyi ilə bazar iqtisadiyyatı şəraitində kreditin zəruriliyinin müqayisəsinə, buradakı fərqlər elə həmin iqtisadi sistemlərin fərqlərindən irəli gələn səbəblərlə izah edilə bilər. Baxmayaraq ki, inzibati – amirlik sistemi istehsal, satış, maliyyənin təşkili və s. cəhətlərdən bərk məhdudiyyətləri ilə səciyyələnirdi, hətta bu rejimin özü də kreditsiz keçinə bilməmişdir. Həmin çərçivə daxilində kreditin özünə yol tapması, yaxud təsərrüfat subyektlərinin kreditə can atması, nəhayət ki, hakimiyyəti də kreditin zəruri olması faktı ilə barışmağa və daha sonra siyasi rejimin tələbləri daxilində onu dəstəkləməyə vadar etmişdir. Müstəqil Azərbaycan Respublikasının timsalında kreditin zəruriliyini əsaslandırmağa gəldikdə, bu hələ ölkənin bazar iqtisadiyyatına keçmək yolundakı çalışmaları dövründə (həm daxili dövriyyədə və həm də beynəlxalq əlaqələrdə) kredit münasibətlərinin təşkil edilməsində özünü göstərmiş, indi isə yeni inkişaf mərhələsinin tələblərinə görə inkişaf etdirilməsində təsdiqini tapır. İndi artıq bazar iqtisadiyyatlı ölkə olan Azərbaycan Respublikasında kreditə ehtiyac da, zərurət də vardır. Əlbəttə ki, kredit münasibətlərinin baş verməsi üçün bunlar vacibdir. Kreditə olan tələbatın ödənilməsinə gəldikdə, bu kreditin mahiyyəti və mühüm atributları nəzərə alınmaqla təmin edilməli olur.
Do'stlaringiz bilan baham: |