VII FƏSİL. BORC KAPİTALI
7.1. Borc kaptalının səciyyəsi
Borc kapitalı özlüyündə cəmiyyətin malik olduğu böyük əhəmiyyətli vasitələrdən biri olmaqla, iqtisadi problemlərin həllinə təsir göstərir.
Tarixi başlanğıcı cəhətindən borc kapitalının sələfi sələm kapitalıdır. Borc kapitalından əvvəl sələm kapitalından istifadə edilməsi həmin zamanlar üçün qanunauyğun bir hal olmaqla, uzun müddət ərzində fəaliyyət göstərmişdir.
Sələm kapitalının dünyanın bir çox ölkələrində istifadə olunması başlıca olaraq kapitalizmdən əvvəlki dövrə aid məsələdir.
Sələm kapitalı borc kapitalının olmadığı bir şəraitdə cəmiyyətin borclara olan tələbatının ödənilməsində müəyyən rol oynamışdır. Sələm şəklində verilən borcların istifadəçiləri quldarlıq dövründə xırda istehsalçılar və quldarlar, feodalizm dövründə isə buna oxşar olmaqla xırda istehsalçılar və feodallar olmuşlar,
Sələm kreditini verənlər quldarlıq dövründə tacirlər və otkup qaydasında vergi yığanlar, feodalizm dövründə isə kilsələr, monastrlar və varlı tacirlər olması məlumdur.
Sələm kreditinin qaytarılması mənbələri qulların, xırda istehsalçıların, təhkimli kəndlilərin əməyinin məhsulu hesabına ola bilərdi.
Sələm krediti üçün xüsusiyyətlər onun əsasən qeyri-məhsuldar məqsədlərə istifadəsi, faiz səviyyəsinin çox yüksək olması ilə səciyyələnir.
Amma, ümumilikdə sələm kapitalını cəmiyyətin yaşaması və inkişafına (öz zamanına görə) zidd hesab etmək əsl mənada yanlış olar. Biz bunu aşağıdakılarla isbat edə bilərik:
*Birincisi böyük mütəfəkkirlərin qədim tarixdən məlum olan elmi, mədəni, iqtisadi və s. varlıqlara münasibətinə əsasən.
*İkincisi quldarlar və feodallar sələm ssudalarını alanlar sırasında sayca kiçik bir qrupdan ibarət olmuşlar. Bu borcları alanların çoxları öz miskin həyatlarını təmin etmək üçün olsun ki, sonuncu istinad yeri olaraq sələm kreditinə can atanlar olmuşdur. Retrospektiv yanaşma ilə çox böyük sayda insanın öz dövrünə məxsus azadlıqdan məhrum olmasının qarşısının alınmasında, habelə aclıq və səfalətdən həyatlarının xilas edilməsində ssudaların rolu olmuşdur.
*Üçüncüsü, faizlərin yüksək olmasına görə sələm kapitalının qınanma obyektinə çevrilməsinə gəldikdə, lütfən buna diqqətlə baxaq. Mötəbər elmi kollektivlərin təqdim etdiyi məlumatlara görə qədim Romada illik 36-48% olmaqla borc pul verilirmiş. Müasir dövrdə borc kapitalına tələbin təklifi çox üstələdiyi vaxtlarda kredit faizlərinin bundan da yuxarı olması, hətta 100%-dən də yuxarı dərəcədə olması hallarının baş verdiyi faktlarını qabağa qoysaq, demək olar ki, qədimdə borc verənlərin son dərəcədə az, vəsaitlərin məhdud və tam inhisarda olduğu bir zamanda faizlərin göstərilən səviyyədə olması təəccüblü deyildi. Əksinə, təəccüblüsü odur ki, hətta padişah özü belə, sələmçinin puluna müdaxilə etmədən, onun qoyduğu şərtlərlə yüksək faizlərlə borc alırdı.
*Dördüncüsü sələm kapitalı özünəməxsus yollarla pul yığımına səbəb olurdu ki, həmin moment təkrar-təkrar diqqətə alınmalıdır. Bu pul yığımları digər üsullarla yanaşı olaraq ilkin kapital yığımının mənbələrindən biri olaraq qiymətləndirilir. Bu məsələdə sələmçi ilə sələm kapitalının rolunu eyniləşdirmək olmaz. Əlbət ki, sələmçi istərdi ki, həmişə öz ənənəsinə görə borc verib çox gəlir götürsün. Bu mənada sələmçi, onun peşəkar adətlərinə imkan verən istehsal münasibətlərinin (qeyri-kapitalist quruluşunun) qorunub saxlanmasında maraqlı olardı. Amma, onların iradəsinə zidd olaraq sələm kapitalı yeni mütərəqqi istehsal üsulunun – kapitalizmin yaranması üçün ilkin kapital yığımı mənbələrindən biri olmaqla öz təsirini göstərmişdir.
Kapitalizmin meydana gəldiyi dövrlərdə bu və ya digər sələmçinin öz fəaliyyət istiqamətini dəyişib pul yığımlarını istehsal, ticarət, xidmət, bankçılıq və s. sahələrə yönəldib işlətməsinə yol açıq idi. İndi, biz bu haqda rəqəm sayını vermək fikrində deyilik. Amma fakt faktlığında qalır ki, ilk kapitalistlər heç də əliboş, cibiboş, fərasətsiz adamlar olmamışlar.
Fərasətli, imkanlı adamlar sırasında şübhəsiz ki, pul yığımlarına malik şəxslərin olmasına yəqinlik bundan irəli gəlir.
Amma, kapitalizmin meydana gəlməsi ilə sələmçiliyin birdəfəlik yer üzündən silinib getməsi baş verməmişdir. Onun izləri, bəzi ölkələrdə isə onun fəaliyyəti imkanları qalırdı. Xüsusilə iqtisadiyyatı zəif olan, feodalizmin qalıqları qalmaqda olan ölkələrdə, əyalətlərdə sələmçilik xeyli uzun müddət davam etmişdir. XX əsrin ikinci yarısında çəkilişi olub həvəslə baxılan, səsləndirilən bəzi kinofilmlərdə sələmçi sürətlərinə (obrazlarına), onların dəbdəbəli həyatına yer verilməsinin şahidi oluruq.
Müasir dövr üçün sələm kapitalı xarakterik deyil və son dərəcədə az hallarda ona təsadüf edilə bilər. Onun yox edilməsi və baş qaldıra bilməməsi üçün qanunçuluqla olan qadağanlar yerli-yerindədir. Eyni zamanda ölkədə sosial-iqtisadi vəziyyətin lazımi səviyyədə olması, kredit təşkilatlarının əhali ilə əlaqələrinin sıx, səmimi və hərtərəfli olması gərəklidir.
Sələm kapitalının öz tarixi rolunu başa vurması qanunauyğun proses idi. Lakin onun yeri boş qala bilməzdi. Onu mütərəqqi bir iqtisadi vasitə əvəz etməli idi.
Borc münasibətlərində sələm kapitalı öz yerini iqtisadi inkişafın tələblərindən irəli gələrək borc kapitalına verməli olmuşdur.
Xarakteri və məqsədlərinə görə sələm kapitalından fərqlənən borc kapitalı kapitalizm dövrü üçün xarakterikdir. O, kapitalist istehsal üsuluna xidmət edən vasitələrdən biri olmaqla, kapitalist istehsal münasibətlərini, bazar münasibətlərinin xüsusiyyətlərini və qaydalarını özündə daşıyır.
Borc kapitalının meydana gəlməsində, fəaliyyətini davam etdirməsində başlıca amil kapital kimi istifadə edilə biləcək vəsaitlərin mövcudluğudur.
Borc kapitalının yaranma mənbələri sırasında əsas yeri sənaye kapitalı tutur. Daha doğrusu, sənaye kapitalının dövriyyəsi əsasında müəssisələrdə müvəqqəti olaraq tətbiq edilməyən sərbəst pul vəsaiti əmələ gəlməsi borc kapitalı üçün başlıca mənbədir. Belə ki, əsas fondların tədricən köhnəlməsi ilə bağlı olaraq pul yığımları təşkil edilir. Bu pul məbləği yeni maşın və avadanlığın alınması və tikinti - quraşdırma məqsədləri üçün bir neçə ildən sonra sərf edilə bilər. Amma bu kapital sərbəst qalan müddətdə boş qala bilməz. Həmin azad kapital başqalarının istifadəsinə verilə bilər.
Dövriyyə kapitalının xüsusiyyətlərindən irəli gələrək demək olar ki, bütün dövlət, səhmdar, fərdi müəssisələrdə müvəqqəti sərbəst pul vəsaitləri müxtəlif vaxtlarda yaranır. Belə ki, əgər hazır məhsul bir ayda satılıb lazım olan xammal başqa ayda alınırsa, bu halda ay ərzində onun sərəncamında sərbəst pul vəsaiti qalır. Dövriyyə kapitalının hərəkəti xüsusiyyətləri aqrar və aqrar – sənaye müəssisələrində, məsələn, bir xammal kimi pambıq, çuğundur, üzüm, meyvə, tərəvəz və s. istifadə edən müəssisələrdə, habelə fermer təsərrüfatında əmələ gəlir.
Əsas kapitalın və dövriyyə kapitalının artırılması üçün mənfəətin bir hissəsinin yığıma getməsi lazımdır. Bu məqsədlə yığılmaqda olan pul ancaq müəyyən kəmiyyətə çatdıqdan sonra istehsal və tədavülə xidmət edən kapitala çevrilə bilər. Odur ki, müəssisələrdə yığım şəklində toplanan kapital borc verilə bilər. Göstərilən qanunauyğunluqlarla müəssisələrdə təkrar istehsalın gedişində pul kapitallarının müvəqqəti azad qalığının yaranması yığılan pulun kapitallaşması ilə də bağlıdır. Deyildiyi kimi yığılan mənfəət ancaq müəyyən həddə çatdıqdan sonra istehsalda və tədavüldə fəaliyyət göstərən əsas fondlara çevrilə bilər. Həmin vaxta qədər mənfəətin yığılması borc kapitalının artmasına xidmət edə bilər.
Elmi nöqteyi-nəzərdən əlbəttə ki, sənaye kapitalının dövriyyəsi və dövranının xüsusiyyətləri borc kapitalı mənbələrinin yaranması və onun istifadəsi üçün həlledici əhəmiyyət kəsb edir. Lakin bu, heç də başqa mənbələrin varlığını və rolunu inkar etmir. Cəmiyyətdə infrastruktur artdıqca, fəaliyyət növləri genişləndikcə, sosial-iqtisadi münasibətlər dərinləşib təkmilləşdirildikcə və s. amillərin təsiri sahəsində müvəqqəti azad vəsaitlərin əmələ gəlməsi mənbələri də getdikcə irəli gedir. Əhalinin gəlirlərinin cari istifadədən yayındırılıb saxlanan hissəsini bu cəhətdən xüsusi olaraq qeyd etmək istərdik. Həm də burada təsərrüfat fəaliyyətli müəssisələrdə çalışanların yaratdıqları dəyərin şərtləndirilən müddət çatanadək (yəni əməkhaqları verilənədək) hüquqi şəxslərin sərəncamında qalmasını da fikrimizcə, həmin kateqoriyanın oxşarı olaraq qəbul etmək olar.
Beləliklə, təkrar istehsalın qanunauyğunluqlarından irəli gəlməklə, labüd olaraq borc kapitalı mənbələrinin əmələ gəlməsi ölkə miqyasında baş verən bir prosesdir.
Yaranan sərbəst pul kapitalları hüquqi şəxslərin özləri tərəfindən pula ehtiyacı olan başqa müəssisələrə borc olaraq verilir, yəni borc kapitallarına çevrilir. Bazar iqtisadiyyatında təcrübə belədir ki, bütün mülkiyyət forma- larındakı müəssisələrə qoyulmuş kapital mənfəət gətirir. Borc kapitalının tətbiqi istehsalı təşkil elmək və mənfəət əldə etmək məqsədlərini daşıyır. Sahibkarların hər iki tərəfi borc kapitalından xeyir götürür. Bu ondan irəli gəlir ki, borc kapitalı mənfəət gətirmək xassəsinə malikdir.
Həmin proseslərə xidmət edib onları həyata keçirən banklar borc kapitalının əsl sahibləri ilə bu borcları alan sahibkarlar arasında vasitəçi kimi hərəkət edirlər. Bu məqsədlə bankların böyük işlərindən biri pul kapitalını toplamaqdan ibarət olur. Bankların bu işi bütün sənaye, ticarət, fermer və başqa sahələrin sahibkarlarına qarşı durur. Həm də qarşıdurma Azərbaycan leksikonuna gətirilmiş bəd qarşıdurma, qondarma qarşıdurmalardan deyil, xoş və xeyirli işbirliyi yapılmasına yönəldilən bank fəaliyyətidir. Bankların borc kapitalları ilə bağlılığı ən müxtəlif mülkiyyətçiləri, ən müxtəlif həcmli kapitalları əlaqələndirir, daha doğrusu onları müəyyən səviyyələrində mərkəzləşdirir.
Bizə müyəssər olan iqtisadi ədəbiyyatlar sırasında borc kapitalı və onun xüsusiyyətləri haqqında daha ətraflı məlumat təqdiqat əsəri olan K.Marksın «Kapital» əsərində verilir. Burada göstərilmiş müddəalardan şərhimizə görə vacib saydığımız bir hissəni verməyi məqsədəuyğun sayırıq: Öz pulundan faiz gətirən kapital kimi istifadə etmək istyən pul sahibi bu pulu üçüncü bir şəxsə verib özgəninkiləşdirir, bu pulu tədavülə buraxır, bu pulu kapital şəklində, - təkcə özü üçün deyil, habelə başqaları üçün də kapital şəklində əmtəə edir. Bu təkcə pulu özgəninkiləşdirən şəxs üçün kapital olmaq deyil, habelə üçüncü şəxsə də lap əvvəldən bir kapital kimi, izafi dəyər, mənfəət yaradan istehlak dəyərinə malik bir dəyər kimi verilir. Bu pul elə bir dəyər kimi verilir ki, o, hərəkət zamanı saxlanılır və öz fəaliyyətindən sonra onu əvvəldən xərcləmiş olan şəxsin əlinə, bu halda pul sahibinin əlinə qayıdır, deməli, bu dəyər ondan ancaq müvəqqəti olaraq öz mülkiyyətçisinin sahibliyindən fəaliyyət göstərən kapitalistin sahibliyinə keçir, ancaq bu şərtlə özgəninkiləşdirilir ki, müəyyən vaxt keçdikdən sonra, əvvələn öz başlanğıc nöqtəsinə qayıtsın və ikincisi, öz istehlak dəyərini, özünün izafi dəyər istehsal etmək qabiliyyətini reallaşdırdıqdan sonra reallaşdırılmış kapital kimi qayıtsın.
Kapital olaraq borc verilən əmtəə, öz xassələrindən asılı olaraq, ya əsas kapital kimi, ya da dövriyyə kapitalı kimi borc verilir. Pul hər iki formada borc verilə bilər, - əsas kapital olaraq, məsələn, o halda borc verilə bilər ki, ömürlük renta formasında geri qaytarılsın, belə olduqda həmişə kapitalın bir hisssəsi də faizlə birlikdə geri qaytarılır. Bəzi əmtəələr öz istehlak dəyərinin xarakterinə görə ancaq əsas kapital olaraq borc verilə bilər, məsələn, evlər, gəmilər, maşınlar və i.a.
Lakin borc verilən kapitalın forması necə olursa-olsun və onun istehlak dəyərinin təbiəti onun geri verilməsi üsulunu nə qədər dəyişdirirsə-dəyişdirsin, həmin kapital həmişə pul kapitalının ancaq xüsusi bir formasıdır. Çünki burda nə borc verilirsə, o həmişə müəyyən pul məbləğidir və faiz də bu məbləğə görə hesablanır. Əgər borc verilən nə pul, nə dövriyyə kapitalı deyildirsə, onda onu əsas kapitalın geri axıb gəldiyi üsulla geri qaytarırlar. Kreditor vaxtaşırı faiz alır və əsas kapitalın özünün istehlak edilmiş dəyərinin bir hissəsini, vaxtaşırı aşınmış ekvivalentini alır. Vaxt bitdikdə isə borc verilmiş əsas kapitalın istehlak edilmiş hissəsi natural şəkildə geri qaytarılır. Əgər borc verilmiş kapital dövriyyə kapitalıdırsa, onda dövriyyə kapitalının geriyə axıb gəldiyi üsullarla kreditorun əlinə qayıdır». («Kapital», III c.Azərnəşr. 1960, s.354-355).
Bütünlükdə cəmiyyət və müəssisə üçün borc kapitalının yaranması və səmərəli istifadəsi zəruridir.
Sahibkarlar bir-birinə borc verərkən və borc alarkən kapitalın mənfəət gətirmək qabiliyyətindən ibarət olan xüsusiyyətini əsas götürürlər. Borc kapitalı spesifik bir kapitaldır.
Onun spesifikliyi müxtəlif cəhətlərdən özünü göstərir. O, sənaye və ticarət kapitalından, sələm kapitalından, real kapital anlayışından və habelə puldan belə fərqləndirilir.
Borc kapitalının sələm kapitalından fərqləri mövcud müddəalara əsasən borcalanların xarakterinə görə fərqlərdən, borca verilən pulun istifadəsinə görə, iqtisadi roluna görə, ödənilən faizlərin mənbələrinə və bu faizlərin səviyyəsinə görə fərqlərdən ibarətdir. Borc kapitalının sələm kapitalı ilə düşüncəli müqayisəsində həmin fərqlərin ciddi olduğunu demək olar. Onların mənalandırılması sələm kapitalının, borc kapitalının və borc faizinin xarakteristikasından aydın olur.
Borc kapitalının sənaye kapitalı və ticarət kapitalından fərqləndirilməsi barəsində müddəalara gəldikdə biz bunlara öz əlavələrimizi etmək istərdik. Daha doğrusu, anlaşılmanı təmin etmək üçün bu lazımdır.
Borc kapitalının sənaye kapitalından fərqləri deyil, əlaqəsi daha böyük əhəmiyyət kəsb edir. Bu həqiqət ondadır ki, düzgün olaraq borc kapitalının hərəkətinin sənaye kapitalının hərəkəti sayəsində mümkün olduğu müddəası formalaşmışdır.
Amma, əslində borc kapitalının varlığı və hərəkəti bütün təsərrüfat subyektlərinin, sahələrinin, maliyyə sektorunun fəaliyyəti şəxsi yığımlarla və s. ilə bağlıdır. Ona görə də geniş mənada borc kapitalının əlaqələri bu kapitalın yaranmasına gətirib çıxaran və onun istifadəsini təmin edən bütün qurumlarla, qruplarla, sahələrlə olan təmaslarını əhatə edir. Xüsusən də xidmətlərin böyük vüsət aldığı və bəzi hallarda onların gəlirlərinin pul dövriyyəsində xeyli yer tutduğu dövrdə borc kapitalının xidmətlər sferası ilə əlaqələri müvafiq nəticələrə gətirib çıxarır.
Bütün formalarda əlaqələrinə baxmayaraq borc kapitalı öz məzmunu və xarakterinə görə spesifikdir, o, həm sənaye kapitalından, həm də kapitalın tətbiqinin digər formalarından fərqlənir.
Borc kapitalının puldan fərqinə gəldikdə onu demək olar ki, pul yalnız müəyyən halda – borc olaraq verildikdə, bocalan tərəfindən işə qoyulduqda borc kapitalı qismində olur. Adi hallarda pul ayrıca müstəqil iqtisadi kateqoriyadır, öz funksiyalarına malikdir. Pulun pul olması üçün onun borca verilməsi şərt deyil. Amma, borc verilməsi üçün pulun mövcudluğu şərt ola bilər.
Zahirən borc kapitalının hərəkətindən pul kapitalının alınıb-satılması və xüsusi bir əmtəə olması meydana çıxır. Lakin məsələyə ciddi dəqiqliklə yanaşıldıqda borc kapitalı adi əmtəə kütləsindən çox fərqlənir. Fərq ondadır ki, adi əmtəələr satıldıqda onların ancaq istehlak dəyəri alıcıya keçir və bununla birlikdə satılan əmtəə üzərində mülkiyyət hüququ başqasına verilir. Borc kapitalı verildikdə isə onun həm mənfəət gətirmək qabiliyyəti, həm də dəyəri müvəqqəti olaraq müəssisənin sərəncamına keçir, həmdə borc kapitalının sahibi onun üzərində mlkiyyət hüququnu saxlayır. Borc kapitalının məbləği müəyyən müddət keçəndən sonra faizlə birlikdə öz sahibinə qaytarılır.
Belə nəticə çıxır ki, borc kapitalının hərəkəti ümumi şəkildə, dövr etməkdə olur. Pul kapitalının hərəkəti P-P1 düsturu ilə yazılır. Borc verilən pul artmış şəkildə qayıdır. Bununla məqsədlərə çatırlar. Şübhə yoxdur ki, həmin gedişatın əsasında mənfəətin artmasına xidmət göstərilməsi durur.
Borc kapitalı müəyyən haqq (faiz) alınmaqla öz sahibləri tərəfindən müvəqqəti istifadə olunmaq, yəni qaytarılmaq şərtilə verilən pul kapitalıdır. Bu kapitalı alanlar zatən funksiyaedici şəxslərdən ibarət olur.
Yuxarıda deyilənlər borc kapitalının ən ümumi cəhətlərini xarakterizə edir. Eyni zamanda bizim ölkəmizin də təcrübəsini göstərmək lazımdır. Çünki hər addımbaşı bazar iqtisadiyyatı səslənməkdədir, sosialist mülkiyyəti və ya ümumxalq mülkiyyəti adlanan mülkiyyətin ayrı-ayrı adamlara verilməsi (yaxud alınması), məşhur kolxoz və sovxozların əbədi istifadəsinə verilmiş torpaqların hissələrə bölünərək paylaşdırılması işləri baş vermişdir.
İqtisadiyyatın və iqtisadi sistemin əsasında duran mülkiyyət münasibətlərinin dəyişilməsi gedişində borclar məsələsinin necə dəyişdirilməsi, nəyin nəyə çevrilməsi, nədən nəyə keçilməsi, kimdən kimə çatması kimi bilavasitə mövzumuza dəlaləti olan məsələlərin meydana çıxması ilə üzləşirik.
Qeyd etmək lazımdır ki, kapitalizmdə borc münasibətləri geniş yer tutduğu kimi, bizim ölkəmizdə hakim olmuş planlı iqtisadiyyat şəraitində borc verilə bilən mənbələrin əmələ gəlməsi və onun istifadəsi prosesi mövcud idi.
Müasir şəraitdə borc münasibətləri mövcud bütün mülkiyyət formalarına əsaslanır və onlardan obyektiv tələblərə görə istifadə olunmalıdır.
Borc münasibətlərinin zəruriliyi ilə əlaqədar cəmiyyətdəki sərbəst pul vəsaitlərinin cəmləşdirilməsində və onun sahələr arasında kredit vasitəsilə yenidən bölüşdürülməsində banklar ən mühüm təşkilatlardır.
Ölkədə bazar münasibətlərinin inkişaf etdirilməsində, dövlətin pul-kredit siyasətinin həyata keçirilməsində bank sistemi mühüm vasitələrdən biri olaraq tanınmışdır. Banklar təsərrüfat həyatının müxtəlif sahələri və prosesləri ilə bağlıdır, onlara milli iqtisadiyyatın ən mühüm tərəflərindən biri kimi baxılır. Bankların ticarətlə, sənaye ilə, aqrar sahələrlə borc əlaqələri həmişə olmuş və davam edir. İndi dövlət, özəl müəssisələr və kooperativlərlə borc əlaqələri davam etdirilməlidir.
Bazar iqtisadiyyatı üçün lazım gələn şəkildə borc münasibətlərinin təşkili bazar iqtisadiyyatının ümumi prinsipləri daxilində və onunla yanaşı getməlidir. Borc kapitallarının cəmləşdirilmsi və banklar vasitəsilə kredit kimi milli iqtisadiyyatın müxtəlif sahələrində istifadə olunmasının böyük əhəmiyyəti vardır.
Borc kapitalı əmtəə-pul münasibətlərinin inkişafı üçün mühüm vasitədir. Borc kapitalın hərəkəti forması olan kredit pul münasibətlərinin mühüm tərəfidir. Onun vasitəsilə müəssisələrin və təşkilatların, dövlətin, eləcə də əhalinin sərbəst pulları səfərbərliyə alınır, borc pul vəsaiti kimi ehtiyacı olan müəssisələrə onlarda təkrar istehsalın həyata keçirilməsi üçün geri qaytarmaq şərtilə, müəyyən müddətə və haqq alınmaqla verilir.
Borc kapitallarının hərəkəti kredit kimi meydana çıxır. Dünya təcrübəsində əmtəə-pul münasibətləri kreditsiz təsəvvür edilmir. Bazar iqtisadi münasibətləri kreditin xarakterini müəyyən edir. Borc kapitalı ilə gedən əlaqələr də daim təkmilləşir, inkişaf edir, bəzən də dəyişikliklərə uğrayır.
Borc kapitalı makro və mikro artımın sürətləndirilməsində mühüm vasitələrdən biridir. Odur ki, o, maddi və maliyyə resurslarından səmərəli istifadə olunmasına və məşğulluğa təsir göstərir.
Cəmiyyətdə borc kapitalının fəaliyyətinin təmin edilməsi üçün onun mənbələri müəyyən edilməlidir. Başqa kapitallar kimi təkrar istehsal üçün lazımi qədər borc kapitalları yaradılmalıdır. Ayrı-ayrı ölkələrin, ictimai sistemlərin borc vermək cəhətdən iqtisadi imkanları müxtəlif olur. Kommersiya fəaliyyətində vəsaitlərin fərdi dövranı və dövriyyəsində müvəqqəti olaraq azad olunan pul vəsaitlərinin əmələ gəlməsi prosesi qanunauyğun xarakter daşıyır. Kapitalın dövranı və dövriyyəsi sürəti cəhətdən sahələr və müəssiəslər çox fərqlidir. Bu fərqlər təsadüfi deyil, real proseslərdən irəli gəlir. Kənd təsərrüfatında, yeyinti sənayesi, yüngül sənaye və s. sahələrdə vəsaitələrin dövr etməsi xüsusiyyətləri bu sahələrdə istehsalın və bazar əlaqələrinin xüsusiyyətləri ilə bağlı olur. Bazar iqtisadiyyatı şəraitində bütün mülkiyyət formalarında müəssisə və təşkilatların istehsal etdiyi məhsul satıldıqda o, pul forması alır və toplanaraq müəyyən vaxtlarda və yaxud vaxtaşırı olaraq sərbəstləşir. Bu və ya digər müəssisələrdə azad pul vəsaitlərinin yaradılması və istifadəsi təkrar istehsal prosesində iştirak edən əsas istehsal fondları və dövriyyə fondlarının xarakteri ilə izah olunur. Bir qayda olaraq, təkrar istehsal prosesinin fasiləyə yol vermədən davam etdirilməsi hazır məhsul yaranmasına, onun satılması isə müvəqqəti azad pulların bank hesablarında toplanmasına səbəb olur. Borc münasibətləri borc verilə bilən və hazır məhsul olduğu bir dövrdə başqa bir müəssisənin həmin məhsula ehtiyacı olması, lakin onu əldə etməyə pulu olmaması ilə də bağlı ola bilər. Göstərilən vəziyyət çox hallarda borc münasibətlərinin yaranması üçün obyektiv zərurət təşkil edir. Əsas və dövriyyə fondlarının dövranı və dövriyyəsini dərk etməklə bizə aydın olur ki, pul vəsaitinin müəyyən müddət ərzində azad olması borc kapitalının əmələ gəlməsi və hərəkəti üçün əsasdır. Təcrübə göstərir ki, məhsulun istehsal müddətinə onu alan müəssisənin tədiyyəni ödəmək imkanları arasında uyğunsuzluq yaranmasına tez-tez təsadüf olunur. Faktiki olaraq, pul gəlirinin daxil olması ilə pul xərclərinin baş verməsinin qeyri-nizamlılığı kimi meydana çıxan bu hal kreditə tələbatın əmələ gəlməsini ifadə edən amillərdən biridir. Bir qayda olaraq, əmtəələr satıldıqca pul vəsaitləri banklardakı hesablara daxil olur. Bank bu dövrdə başqa qrup müəssisəyə müvəqqəti istifadə üçün kredit verir. Onun da təsiri vardır ki, sənaye müəssisələrinin pul vəsaiti tədricən həm də vaxtaşırı olaraq xərclənir. Pul gəlirləri müəssisə üçün xammal, material alınmasına sərf olunur. Müəssisələrdə yeni maşın, avadanlıq və s. əsas fondların bərpasına vaxtdan-vaxta tələbat yaranır. Mənfəətin bölgüsü aparıldıqda onun bir hissəsi müəssisələrin sərəncamında qalır. Onun ehtiyacları üçün istifadə edilənədək müvəqqəti olaraq azad olur. Mənfəətdən bir qədər büdcəyə köçürülənədək sərbəst qalır. Başqa təşkilatların da müvəqqəti azad pul vəsaitləri əmələ gəlir və banklarda toplanır. Ayrı-ayrı fondlara ayrılan vəsaitlər təyinatına sərf olunana qədər xüsusiləşmiş şəkildə qalır, ssudalar verilməsi mənbələri olur. Ölkədə borc kapitalının mənbələri sırasında büdcə vəsaitlərinin də payı vardır. Borc kapitalının mənbələri sırasında sığorta fondlarının və ixtisaslaşdırılmış fondların yeri vardır. Həmkarlar ittifaqları və digər ictimai təşkilatlarda da müvəqqəti azad pul vəsaitləri əmələ gəlir.
Borc kapitalının mənbələri sırasında dövlət mülkiyyəti sferasında yaranan vəsaitlərin də rolu və əhəmiyyəti vardır. Bu sferanın da vəsaitləri həmin subyektlərə xidmət göstərən bank təşkilatlarında cəmləşir, həmin vəsaitlərin həcmi və dinamikası milli iqtisadiyyatda onların mövqeyi ilə müəyyən olunur.
Fikrimizcə, borc kapaitalının yaranmasında özəl və dövlətə məxsus kapitalların, onlarla birlikdə şəxsi yığımların birgə iştirak etməsi kapitalın bu formasının hərəkətində mənafe və maraqların geniş dairəli olmasını göstərir və mühüm xüsusiyyətlərdən birini təşkil edir. Borc kapitalına tələb və bu kapitalın təklifi elə bir miqyas almışdır ki, borc kapitallarının bazarı fəaliyyət göstərməyə başlamış, öz imkanlarına görə, bu bazar iqtisadiyyatda tanınmış bir mövqe tuta bilmişdir.
Borc kapitalının əsasında duran məqsəd və tələblər faiz kateqoriyasının qalmasını zəruri edir. Bütün bazar iqtisadiyyatlı ölkələrdə faizin mahiyyəti ümumidir. Kapitalizmdə faiz borc kapitalına bağlıdır. Borc kapitalından istfiadə edənlər işgüzar fəaliyyətdən əldə etdiyi mənfəətin bir hissəsini faiz kimi ödəyirlər. Bu da öz növbəsində mənfəət kütləsini artırmağa xidmət edir. Borc kapitalının də- yərli xarakteri kapitalın digər formaları ilə bağlı olması faizdə qabarıq surətdə ifadə olunmuşdur.
Bazar iqtisadiyyatında faizin mahiyyətinin dəyişilməsinə onun daşıyıcı olan kreditin təbiətinin dəyişilməsi ilə əlaqədar baxılmalıdır. Bununla bankın təkcə aktiv əməliyyatları ilə deyil, eləcə də, passiv əməliyyatları ilə faizin bağlı oduğunu göstərmək mümkündür.
Bazar iqtisadiyyatında faiz mənfəətin bir hissəsi olub, istifadə edilən borc kapitalından asılıl olaraq ödənilir və bank kreditlərinin, eləcə də başqa kreditlərin əsaslarından biri olaraq özünü göstərir. Kredit idarələri aktiv əməliyyatları üzrə faiz aldıqları halda bəzi passiv əməliyyatları üzrə faiz ödəyirlər. Bu axırıncı ödəniş müəssisə və təşkilatlardan bankın almış olduğu gəlir hesabına aparılır. Odur ki, burda faizin mahiyyəti dəyişmir.
Faiz şəklində kredit idarələrində toplanan vəsaitlər onların fəaliyyəti ilə əlaqədar xərclərin ödənilməsinə və bankın ehtiyat fonduna yönəldilir, müəyyən qədəri isə dövlət büdcəsinə göçürülür. Faizin rolu bununla bitmir. Ondan kommersiya hesabının möhkəmləndirilməsində, vəsaitlərdən səmərəli istifadə olunmasında təsirli bir alət kimi istifadə edilə bilər.
Dövlətin milli iqtsiadiyyatın tənzimlənməsini həyata keçirmək funksiyasının yerinə yetirilməsində iqtisadi qanunların tələbləri nə dərəcədə dürüst nəzərə alınırsa cəmiyyət üçün bir o qədər sərfəlidir. Odur ki, bazar iqtisadiyyatının ayrı-ayrı mərhələlərində faiz səviyyəsinin dəyişilməsinə milli iqtisadiyyatın inkişaf tələblərinin inikası kimi baxıla bilər. İqtisadi islahatlar şəraitində faiz dərəcələri yenidən müəyyən edilmişdir. Bazar iqtisadiyyatında kreditləşmə və hesablaşmaların yeni əsaslarla qurulması, kreditin stimuledici rolunun yüksəldilməsi vacibdir. Kredit faizləri bazar iqtisadiyyatı sisteminə uyğunlaşdırılmağa başlandı. Bu faiz dərəcələri bir-birindən xeyli fərqlənməklə yanaşı, o kommersiya banklarının işinin bir hissəsi olmağa başlamışdır.
Faiz norması bu və ya digər dövrdə faizlərin səviyyəsini xarakterizə edir. O, iqtisadi vəziyyətdən asılıdır və dəyişkəndir.
Borc kapitalı bir sıra görkəmli iqtisadçı-alimlərin diqqətini cəlb etmişdir. Xüsusən borc kapitalı ilə həqiqi kapital arasında vəhdət və asılılıq məsələlərinə diqqət cəlb edilmişdir.
Borc kapitalının cəmiyyətdə fəaliyyət göstərən kapitallar sırasında özünəməxsus yeri olduğu kimi, spesifik xüsusiyyətləri də bəllidir. Həmin xüsusiyyətlər borc kapitalının mahiyyətindən irəli gəlir və iqtisadiyyatın inkişafı səviyyəsi və tələblərindən irəli gəlməklə təkmilləşir.
Keçmiş sovet iqtisadi ədəbiyyatlarında borc kapitalının xüsusiyyətlərinə baxılarkən onun hərəkəti xüsusiyyəti, fərqli əmtəə olması göstərilməklə yanaşı, həmin kapitalın tüfeyli xarakterindən bəhc edilirdi.
Fikrimizcə, həmin məsələlərə obyektiv və tənqidi münasibətlə yanaşılmalıdır.
Marksçıların tənqid hədəflərindən biri kiçik pül məbləğlərinin banklarda yığılması faktına qarşı yönəldilmişdi.
«Bank sistemi inkişaf etdikdə, yəni banklar əmanətlər üçün faiz verməyə başladıqda, buraya daha sonra, bütün siniflərin yığdığı pul və müvəqqəti sərbəst olan pulu qoyulur. Özlüyündə pul kapital kimi işləyə bilməyən kiçik məbləğlər birləşib böyük pul kütləsinə çevrilir və beləliklə, böyük pul gücü alır. Bank sisteminin xüsusi bir nəticəsi olmaq etibarı ilə kiçik məbləğlərin belə yığılmasını əsl pul kapitalistləri ilə borc alanlar arasında onun vasitəçi rolundan fərqləndirmək lazımdır. Nəhayət, ancaq tədriclə istehlak edilməsi nəzərdə tutulan gəlirlər də banklarda depozitə qoyulur». (K.Marks, «Kapital», Azərnəşr, 1960, s.416).
Həmin müddəa ətrafında sovet iqtisadçıları borc kapitalına qarşı xeyli dedi-qodu etmişlər. Bununla yanaşı, həmin iqtisadçılar keçmiş SSRİ əhalisinin qənaətlərinin hesabına əmələ gələn pulların əmanətlər kimi kredit idarələrinə yığılması üçün əsaslandırma və təbliğatın önündə gedirlərdi.
Zahirən məcburiyyət qarşısında kreditin rolu etiraf edilsə də, əslində o, cəmiyyətdə ziddiyyətlər yaradılması tərəfinə çəkilirdi. «Buna görə də kredit məhsuldar qüvvələrin maddi inkişafını və ümumdünya bazarı yaranmasını sürətləndirir ki, yəni istehsal formasının maddi əsasları olan bunları müəyyən inkişaf dərəcəsinə çatdırmaq da kapitalist istehsal üsulunun tarixi vəzifəsidir. Bununla birlikdə kredit həmin ziddiyyətlərin zorakı partlayışlarını, böhranları sürətləndirir, bununla da köhnə istehsal üsulunu dağıdan ünsürləri gücləndirir. (K.Marks «Kapital», III c., 1960.- S.455). Bu müəllifi özlərinin sələfləri adlandıran sovet iqtisadçıları keçmiş SSRİ-də kreditdən hərtərəfli istfiadə olunmasına çağırırdılar. Əgər kredit dağıdıcıdırsa, o hər yerdə dağıdıcı olmali idi. Fəqət belə deyildir. Bazar iqtisadiyyatı məramlarına görə borc kapitalının istifadəsi və onun nəticələri haqqında müddəalar da kapitalın bu formasından cəmiyyətdə həmrəyliyə, iqtisadi mənafelərin əlaqələndirilməsinə yönəldilməlidir. Bununla belə, nəzərdə tutmaq lazımdır ki, borc kapitalının rolu intəhasız deyildir. Onun hərəkətinin, həcminin və s. cəhətlərinin obyektiv hədləri vardır. Bunlar təcrübədə çox böyük götür-qoyla, ölçülüb-biçilmələrlə, tərəf-müqabillərin mənafelərinin uzlaşdırılması ilə şərtlənən proseduralara əsaslanır.
Do'stlaringiz bilan baham: |