IX FƏSİL. KREDİTİN FORMALARI,
NÖVLƏRİ VƏ İQTİSADİYYATDA ROLU
9.1. Kreditin formaları, növləri və sərhədləri
Kredit kifayət qədər sanballı münasibətləri ifadə etdiyinə, çoxəhatəli və olsun ki, başqa əsaslara görə sadəcə olaraq «kredit» başlığı altında öyrənilməklə qala bilməz. Kredit münasibətlərinin cəmiyyətin inkişafı ilə ayaqlaşıb inkişaf etdirilməsi onun müxtəlif formalarının və növlərinin meydana gəlməsinə gətirib çıxarmışdır. Xüsusən də müasir dövrdə kreditin incəliklərini ayrı-ayrı meyarlar üzrə müəyyən etmək imkanları yaranmışdır. İş belə gətirmişdir ki, vaxtdan-vaxta ölkə iqtisadiyyatında gedən proseslər və dünya təcrübəsi sayəsində kreditin formalarının müəyyən edilmə meyarları çoxalmışdır.
Bunu nəzərə alaraq biz təşəkkül tapmış üsullara kreditin formalırını nəzərdən keçiririk. Eyni zamanda dövrümüzdə yaranan dəyişikliklərdən irəli gələnləri əlavə edək. Adətən kreditin formaları olaraq kommersiya krediti, bank krediti, dövlət krediti, istehlak krediti və beynəlxalq kredit formaları nəzərdən keçirilir. Bunlara ipoteka krediti və banklararası kreditlər də əlavə edilməklə kreditin formaları bu variantda bitirilə bilər, kreditin bu formalarını nəzərdən keçirərək, kreditorun və borcalanın vəziyyətindən, məqsədlərindən, şəraitdən və imkanlarından asılı olaraq kreditin müxtəlif formalarının tətbiq imkanları müəyyən oluna bilər. Eyni zamanda kreditləşmə prosesinin həyata keçirilməsində nisbi sabit müəyyən prinsiplər vardır. Həm də kreditin verilməsi prosesində istənilən halda kreditor mənfəət əldə etmək, borcalan isə öz tələbatlarını ödəmək istəyini reallaşmalıdır.
Kommersiya krediti kreditin elə formasıdır ki, burada borc verilən dəyər daşıyıcısı əmtəələrdən ibarətdir və o, satıcı tərəfindən alıcılara verilir. Bunun xeyri ondadır ki, müvafiq əmtəəni almaq istəyənlər bundan ötrü pul məbləğinin olmadığı, yaxud çatışmadığı bir vaxtda həmin əmtəəni əldə edə bilir. Yəni, kommersiya kreditinin təsərrüfat subyektləri olan müəssisələr (firmalar, şirkətlər) arasında alqı-satqı maraqlarını reallaşdırmaq üçün kredit münasibətləri baş verir. Kreditin kommersiya formasında bilavasitə əmtəə istehsalçısı və yaxud əmtəənin topdan satıcısının alıcı müəssisəyə əmtəəni verməsi, lakin həmin vaxt dəyər ekvivalentini almadan sövdənin hələlik bitirilməsidir. Pulun alınması həmin vaxtda deyil, gələcəkdə olacağı razılaşdırılır. Deməli, kommersiya kreditinin əsasında satıcı müəssisənin əmtəənin dəyərinin ödənilməsi üçün alıcıya möhlət verməsi və müddət çatdıqda onun alıcı tərəfindən ödənilməsi durur.
Müddət çatdıqdan sonra əmtəə dəyərini ödəmək öhdəliyi kimi alıcı müəssisənin veksel verməsi durur. Kommersiya kreditinin veksel krediti ilə əlaqəsini qeyd etmək olar. Mütləq mənada kommersiya kreditinin obyekti dəyərin əmtəə forması, aləti isə kommersiya vekselidir. O, əsasən qısamuddətli xarakter daşıyır. Onun iştirakçıları təsərrüfat fəaliyyətinin subyektləri olduğundan kommersiya krediti nisbətən irihəcmli alqı-satqıda tətbiq olunur.
Kommersiya kreditinin şərtlərində ödəmə möhləti təmsil oulnur.
Bank krediti kreditin ən geniş yayılmış formasıdır. Məhz banklar krediti əlavə maliyyə vəsaitinə ehtiyacı olanlara verir. Çünki əsas fəaliyyəti kredit işi olan banklar akkumulyasiya etdikləri pul vəsaitlərini, geri qaytarılma əsasında ssudalar verməklə kreditləşdirməni həyata keçirir. Bu vəsaitlərin isə – istehsala və tədavülə qoyulmasını təmin edir.
Ödənclik kreditin bank formasının ayrılmaz şərtidir. Həm də bank krediti faizi həmişə kommersiya krediti faizindən yüksək olur. Bu ondan irəli gəlir ki, bank əsasən kənardan cəlb etdiyi vəsaitlərdən kredit resursu kimi istifadə etdiyindən verdiyi kreditlər üzrə faizi mümkün səviyyədə saxlamağa məcburdur.
Bank kreditini kommersiya kreditindən fərqləndirən əsas əlamət odur ki, burada vəsaitin mənbəyi ticarət və sənaye kapitalından ayrılmış pul kapitalıdır. Borcalan kimi dövlət, fiziki və hüquqi şəxslər, o cümlədən bankların özü də çıxış edir. Kommersiya kreditinin həcmi hər bir azad ticarət və sənaye kapitalı ehtiyatlarıdır və məhduddur. Əmtəələrin kommersiya krediti yolu ilə hərəkəti ünvanlıdır: əmtəə ya istehsalçıdan istehlakçıya, ya da istehsalçıdan əmtəənin sonrakı satışı ilə məşğul olan ticarət şirkətlərinə nisyə olaraq verilir.
Bank krediti kommersiya kreditinə xas olan məhdudiyyətləri aradan qaldırır. O, kreditləşmənin istiqamətləri, məbləği və müddətli ilə məhdudlaşmır. Bank krediti həm də istiqamətlərinin çoxluğu ilə səciyyələnir.
Kreditin geniş yayılmış forması bank kreditidir. Ümumi yanaşmada iqtisadiyyatın maliyyə vəsaitlərinin çatışmazlığını hiss edən bütün subyektlərinə kreditləri adətən banklar verir. İqtisadiyyatda özünəməxsus yeri olan bankların ən əsas fəaliyyət istiqamətlərindən biri kreditləşmə əməliyyatlarının həyata keçirilməsidir. Bu məqsədlə banklar kredit əməliyyatlarını həyata keçirmək üçün təkcə özünəməxsus kapitaldan deyil, ondan daha böyük olan məbləğlərdə cəlb edilmiş vəsaitlərdən istifadə edir.
Bütün fərqlərə baxmayaraq, kommersiya və bank kreditinin ümumi cəhətləri də mövcuddur. Çünki onların təbiəti eyni anlayışa –kreditə bağlıdır. Kommersiya krediti tarixən bank kreditdən əvvəl yaranmış və məntiqi olaraq kredit münasibətlərində dəyanətli yer tutur. Bu onunla izah olunur ki, kommersiya krediti bilavasitə ticarət və sənaye kapitallarının dövranına, əmtəələrin istehsaldan son istehlaka qədər hərəkətinə xidmət edir.
Dövlət krediti adətən kredit münasibətlərinin o cəhətini əhatə edir ki, burada dövlət özü iştirak edir. Dövlətə məxsus olan vəsaitlər kredit olaraq müvəqqəti istifadə üçün müəyyən borcalanlara verilir. Yerli hakimiyyət orqanlarının da kredit münasibətlərində iştirak etməsinə yol verilir. Eyni zamanda bazar iqtisadiyyatı sistemi dövlətin borcalan olmasını da istisna etmir. Əslində bu hal kəmiyyət etibarilə daha böyük yer tutur və dövlət istiqrazlarının yerləşdirilməsi ilə dövlət bocunu əmələ gətirir.
Digər bir xüsusiyyət ondan ibarətdir ki, bir dövlət digər dövlətlərə də kredit verə və onlardan kredit ala bilər. Yəni, mahiyyət etibarilə bu zaman kredit beynəlxalq kredit münasibətləri sferasına daxil olur.
Dövlət kreditinin bu xarakteristikası indiki dövrdə kök salmış konsepsiyalardan irəli gəlir.
İstehlak krediti forması prinsipcə əhaliyə istehlak məqsədləri üçün verilən kreditləri təmsil etməlidir. Bu halda vurğulanmalı cəhət odur ki, insanlar öz istehlakı üçün zəruri olan əmtəələri ödənişlərdə möhlət verilməsi şərtilə əldə edə bilirlər. İstehlak kreditinin ticarət firmaları tərəfindən, banklar və digər kredit-maliyyə qurumları tərəfindən verilməsi qaydası dünya təcrübəsində qəbul edilən istehlak kreditinin verilməsi qaydasına ölkələrin müvafiq qanunları və adətlərinə əsaslanır. Kreditorların xüsusiyyətlərinin, borcalanların istəklərinin nəzərə alınması istisna edilmir. Çünki belə hallar üçün bank qanunlarında detallaşdırılmış tələblər, sahibkarlıq fəaliyyətində isə bərk məhdudiyyətlər qoyulması münasibətlərin bazar iqtisadiyyatı prinsiplərinin pozulması olardı.
İstehlak kreditləri sahəsində Azərbaycan Respublikasının təcrübəsi məsələsinə baxıldıqda iqtisadiyyatın hər iki sistemində – yəni sovet dövründə və bazar iqtisadiyyatı dövründə istehlak kreditinin olduğu qeyd edilə bilər. Həmin təcrübələrin üz-üzə qoyulub toqquşdurulması bir məna kəsb etmir. Azərbaycan əhalisinin istehlak kreditlərinə ehtiyacı həmişə olmuşdur. Amma belə bir cəhət diqqəti cəlb edir ki, Azərbaycanda bazar iqtisadiyyatının formalaşmış olduğu dövrdə bir sıra istehlak mallarının kreditlə satışında təklif güclənmişdir. Elanlar, reklamlar, telefon çağırışları ilə müəyyən növlərdə əmtəələrin təklifi adi hal almışdır ki, bu istehlak kreditləri bazarındakı vəziyyəti səciyyələndirir. Sovet dövründə istehlak mallarının ümumi qıtlığı fonunda əmtəə şəklində istehlak kreditinin güclü təklifi deyil, ağır və düzəlməz məhdudiyyətlərin olması xarakterik hal idi.
İndiki dövrdə istehlak kreditinin verilməsi kreditorla borcalan arasındakı müqaviləyə əsaslanır. O, kredit müqaviləsinin ümumi qaydalarına əsaslanır, predmeti isə borc verilən dəyərdən ibarətdir. Kreditin qaytarılması və faizlərin ödənilməsi müqavilə şərtlərində təsbit edilir.
Hətta, xidmətlərdən ödənişlərdə möhlət şərti ilə istifadə edilməsi məlumatlarına rast gəlinir.
Əgər istehlak krediti formasında əmtəə almaq lazım gəlirsə bu halda ticarət təşkilatlarının xidmətlərindən yararlanmaq olar.
Banklar isə istehlak məqsədləri üçün pul ssudaları verə bilər. İstehlak krediti formasıında satılan əmtəələr, ümumiyyətlə əhalinin şəxsi ehtiyacları üçün uzun illər ərzində istifadə edə biləcəkləri mallardan ibarət olur. Onların daha çox tanınanları: avtomobillər, mebel, elektriklə işləyən bahalı ev avadanlıqları, kompyuterlər, telefon və s. qeyd edilə bilər.
İpoteka krediti formasının izahı zatən ipoteka anlayışına bağlanmışdır. Bu çox qədim anlayışdır və indi öz başlıca məzmununu saxlamaqdadır. «İpoteka öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq əşyanın və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqi qeydə alınan daşınan əşyaların girovudur» (İpoteka haqqında Azərbaycan Respublikasının Qanunu M.1.01). Buradan da ipoteka girovu əsasında verilən kreditin həmin adı özündə daşıması qəbul edilir.
İpoteka kreditləri mənzil tikintisi, mənzil almaq və torpaq sahəsinin alınması üçün dünya təcrübəsində bu sahədə ixtisaslaşan ipoteka bankları tərəfindən verilir. Amma onun universal kommersiya bankları tərəfindən verilməsi də qanunauyğun hadisədir. Bunu eləcə də həmin kreditlərin resursları barəsində də demək olar. İpoteka kreditlərinin şərtlərinin müxtəlifliyi ayrı-ayrı ölkələrdə fərqli ola bilir. Bu, xüsusən kreditin müddəti, faiz dərəcələri, sənədləşdirmə və s. məsələlərə aiddir. Eləcə də ayrı-ayrı ölkələrdə ipoteka kreditinin inkişaf səviyyəsi fərqlənir. Nəzəri cəhətdən bunlar ipoteka kreditinin xarakterinə xələl gətirmir və kreditin ümumi təməl əsasları çərçivəsində fəaliyyət göstərir.
Beynəlxalq kredit də kreditin əsasında duran ümumi xarakterli cəhətləri özündə saxlayır. Ən başlıca fərq kreditor və borclunun müxtəlif ölkələrdən olmasındadır. Kredit münasibətlərində iştirak edən tərəflərdən biri bu ölkədəndirsə, digəri ikinci bir ölkədən olduqda kredit beynəlxalq arenaya çıxır. Kreditor və ya borcalan sifətində banklar, müəssisələr, beynəlxalq valyuta-kredit təşkilatları, əhali və dövlət beynəlxalq kredit münasibətlərində iştirak edirlər.
Beynəlxalq kredit göstərilən həmin subyektlərin qarşılıqlı razılıqla hərəkətləri sayəsində, valyuta və ya əmtəə şəklində olan dəyərlilərin kreditləşdirmə əsaslarında bir ölkədən digər ölkəyə yeridilməsidir.
Beynəlxalq kredit münasibətlərində bilavasitə konkret iştirakçıların faydalanması və milli maraqların bunlarla qovuşması səciyyəvidir. Məsələnin müsbət həlli beynəlxalq iqtisadi əlaqələrin və istehsalın inkişafına, əmtəə və xidmətlərin realizasiyasının, ümumiyyətlə təkrar istehsalın sürətləndirilməsinə, infrastruktur layihələrinin həyata keçirilməsinə, lazımi istiqamətlərdə struktur dəyişikliklərinin aparılmasına xidmət edir.
Banklararası kredit kommersiya banklarının (olsun ki, ixtisaslaşmış bankların da) öz aralarında qarşılıqlı və ya birtərəfli əsaslarda vaxtaşırı olaraq, yəni ehtiyac yarandıqda kredit münasibətlərinə girməsini təmsil edir. Başqa bir vəziyyətdə kommersiya bankları sonuncu instansiya olaraq kredit almaq üçün Mərkəzi Banka müraciət edir. Bu halda verilən suda Mərkəzi Bankın kreditləri adlanır.
Bəzi hallarda kreditin formaları borca verilən dəyərin növünə görə müəyyən edilir. Bu zaman o, kreditin əmtəə forması, kreditin pul forması və qarışıq forması olaraq təqdim olunur.
Müvafiq surətdə birinci halda kreditlərin maddi daşıyıcısı əmtəələrdən, ikinci halda puldan və üçüncü halda kreditin həm əmtəə və həm də puldan ibarət olmaqla formalaşması göstərilir.
Əlbəttə ki, kreditin maddi daşıyıcılarına istinad edilməklə kreditin formalarının izahı da məna kəsb edir və xüsusi etirazlarla qarşılanmadan elmi yanaşmalar sırasında yer almışdur. Biz bunları məhz həmin səbəblərə görə təqdim etdik.
Kredit əqdlərində vətəndaşların iştirakı kreditin bir sıra formalarında yer alır. Bununla yanaşı kreditin formalarından biri olaraq mülki kredit adı ilə təqdim olunan forma da vardır. Bəzən vətəndaş krediti kimi səciyyələndirilən bu kredit formasının başlıca cəhəti vətəndaşların kredit verməsidir. Borc verilən dəyərin pul və ya əmtəə formasında ola bilməsi ikinci mühüm əlamət hesab edilə bilər. Ölkə qanunları ilə yol verilən qaydalarda bu kredit forması ilə bağlı münasibətlər tənzimlənir. Bütün bu hallarda etibar amilinin rolu böyükdür.
Kreditin formaları bütün hallarda onun strukturu ilə sıx əlaqədə olmaqla: 1) kreditor və borcalanın xarakterindən; 2) borc verilən dəyərin xarakterindən; 3) borcalanın krediti nə məqsədlərə almasından asılı olaraq öz xüsusiyyətlərini göstərir.
Bəzi hallarda kreditin formalarının daha çox xırdalanmasına da təsadüf edilir.
Fikrimizcə, yuxarıda xarakterizə edilənlərdən kənar deyilişlər əslində göstərdiyimiz formaların üstələnməsi deyil, sadəcə olaraq onların tərkibindən qoparılmalardır. Bir də ki, bunlara ehtiyac ona görə qalmır ki, kreditin incəliklərinə varmaq üçün daha tutarlı başqa imkan da vardır. Həmin istiqamətdə lazımi məsələ kreditin növlərinin araşdırılması ola bilər.
Baxmayaraq ki, kreditin növləri haqqında son nöqtə qoyulmamışdır, bu barədə yazılar müxtəlif mənbələrdə geniş yer almışdır. Onların sırasında ciddi yanlışlıqlarla təqdim olunanları çoxdur. Təbii ki, bunlar qəbuledilməzdir.
Biz burada kreditin növlərini onun son tədqiqatçısı olmaq rolunda çıxış etməklə deyil, mövcud müddəaların peşəkarcasına hazırlanmış variantlarından seçim etmək baxımından şərh edirik.
-
Sahəvi istiqamətindən asılı olaraq kreditlər növlərə ayrıla bilər: sənaye kreditləri, kənd təsərrüfat kreditləri, ticarətə kreditlər və bu kimi istiqamətlər ssudaların sahələr üzrə istifadəsini səciyyələndirə bilər.
-
Kreditlərin onların obyetkinə görə bölgüsü ümumən həm keçmişdə və həm də indii qəbul edilən bölgüdür. Burada obyektlərin kreditlərə qarşı nəyin durmasını xarakterizə etməsi əsas götürülür. Obyektlərin xarakterindən asılı olaraq onların müəyyən qruplardan ibarət olmasını nəzərdə tutmaqla, kreditin növlərini əmtəə – material dəyərlilərinə görə kreditlər, istehsal xərclərinə (o cümlədən mövsümi istehsal xərclərinə) görə kreditlər, pul vasitələrinin müvəqqəti çatışmazlığına görə və ya başqa sözlə, tədiyyə dövriyyəsində qırılmanın aradan qaldırılmasına verilən kreditlər kimi növlərə ayrılması qəbul edilir.
-
Borcalanların hansı qrupa aid olmasından asılı olaraq kreditlər təsərrüfatlara, başqa hüquqi şəxslərə və əhaliyə verilən ssuda növlərinə ayrılır. Bunlar özlüyündə kifayət qədər aydın məsələdir.
-
Kreditlərin müddətindən asılı olaraq növlərə ayrılması kreditin mddətliyi prinsipinin təcrübədə reallaşdırılmasına xidmət edir. Bu cəhətdən uzunmüddətli kreditlər, ortamüddətli kreditlər və qısamüddətli kreditlərdən ibarət olan bölgü məşhurdur. Həmin müddətlərin kreditlərin tətbiqində doğurduğu fərqlər ondan ibarət olur ki, uzunmüddətli və ortamüddətli kreditlər təsərrüfatlarda əsas fondların yaradılmasına xidmət edir. Qısamüddətli kreditlər isə dövriyyə fondlarının təşkilinə yönəldilir. Təbii ki, kreditin müddətləri bundan asılıl olaraq formalaşır. Daha çox (adətən), orta mddətli kreditlərin 1 ildən yuxarı olmaqla 5 ilədək müddətə, uzunmüddətli kreditlərin isə 5 ildən artıq müddətə verilməsi məlumdur. Konkret əqdlərdə ssudaların ödənilmə vaxtı müvafiq əsaslarda tərəflərin razılaşması ilə müəyyənləşdirilir.
-
Kreditlərin təminata görə növlərə ayrılması mühüm əhəmiyyət kəsb edir. Burada iki vacib cəhətə fikir vermək lazımdır. Onlardan biri kreditin nə səviyyədə təminata malik olmasıdır. İkincisi isə təminatın xarakterinin müəyyən edilməsidir. Kreditlər tam təminatlı, qismən təminatlı və təminatsız (blank ssudaları) olaraq növlərə ayrıldıqda bu hal təminatın səviyyəsini səciyyələndirir. Kreditlərin qarantiyalı olması, girovlu olması və sığorta edilmiş olmasıı kreditlərin təminatının xarakterini göstərir.
-
Kreditlərin növlərə ayrılmasında onların müqabilində ödənişlərin hansı şəkildə aparılmasındakı fərqlərə əsaslanma da vardır. Bunun mənası ssudaların istifadəsinə görə faiz səviyyəsinin müxtəlifliyinin nəzərə alınmasıdır. Bu əsasla kreditlərin ödənişliyindən asılı olaraq onun növlərinin olması qəbul edilir. Əgər dünyada haradasa, nə zamansa faizsiz kredit verilibsə və ya verilərsə bu hallar elmi ümumiləşdirməyə mane olmur və əlbəttə ki, müstəsnalardır. Ödənişlərin kreditlərin növlərə ayrılmasında necə fərqləndirilməsinə gəldikdə dünya praktikası, olsun ki, Azərbaycan Respublikasıında da mümkündür. Əmtəə qiymətləri mal-xidmət bazarlarında tələb və təklifdən asılı olaraq formalaşdığı kimi faiz dərəcəsi borc kapitalları bazarında yaranıb sövdələrdə tətbiq olunur. Bu nöqteyi-nəzərdən kreditə görə haqların ödənilməsində bahalı kreditlər və ucuz kreditlər kimi anlayışlar meydana gəlmişdir.
Baxmayaraq ki, bunlar nəzəri əhəmiyyət kəsb edir, amma onların həyatı düzgün əks etdirməsi və praktikadan gündəlik bəhrələnməsi də qeyd edilə bilər. Belə ki, bu və digər kredit borc kapitalları bazarındakından yuxarı faizlə verilirsə (alınırsa) o, bahalı ssudalar hesab olunur. Əksinə bazardakı dərəcələrdən aşağı olmaqla verilən (alınan) kreditlər ucuz kreditlər sayılır.
Faiz alınmadan verilən (ödənilməyən) kreditlərə gəldikdə, hətta onların təsadüfi hallardan ibarət olmasına baxmayaraq, elm onları da kreditin təsnifatından kənarda qoymur. Kreditlərin ödənişli və ödənişsiz növlərə ayrılması həmin məsələni həll etmiş olur.
Kreditin mükəmməl iqtisadi kateqoriya olmasına və müxtəlif növlərə ayrılmaqla şaxələnməsinə baxmayaraq, onun həm ümumilikdə və həm də formaları və növlərinin verilməsi və istifadəsinin imkanları qeyri-məhdud hesab edilə bilməz. Burada həddini aşma, yaxud israfçılıq yolverilməzdir. Odur ki, kreditin normal imkanlar, normal tələbat və şərait nəzərə alınmaqla fəaliyyət göstərməsi zərurəti onun sərhədləri anlayışının meydana gəlməsinə səbəb olmuşdur. Elə burada da kreditin sərhədlərinin praktikanın təsirləri sahəsində elmə keçdiyini, yaxud elmi dairələrdə kreditin sərhədlər daxilində işlədilməsinin anlaşıldığını görürük. Pul tədavülü və kreditin nə dərəcədə həyati olması burada da özünü göstərməkdədir.
Biz kreditin sərhədlərini aydınlaşdırdıqda ölkədə kreditin fəaliyyətini (istifadəsini, qoyuluşunu və s.) nəzərdə tuturuq. Söz yox ki, ölkədə kreditin bütünlükdə kəmiyyət göstəriciləri təkbətək kredit təşkilatlarının verdikləri (müştərilərin aldıqları) kreditlərin analoji göstəricilərinin cəmindən formalaşır. Odur ki, kreditin sərhədləri məsələsinə hər iki istiqamətdə baxılmalıdır. Yəni, kreditin sərhədləndirilməsinin ölkə miqyasında müəyyən edilməsinin öz mənası, ayrı-ayrı hüquqi və fiziki şəxslərə verilmələr nöqteyi-nəzərindən öz əhəmiyyəti vardır. Kreditin tətbiqi sərhədlərinin təyin edilməsi üçün kredit hesabına ödənilə biləcək ehtiyaclar, xalq təsərrüfatı üzrə kreditin istifadə dairəsi, kreditin verilməsi imkanlarının ayrı-ayrı kreditorlar üzrə kəmiyyətinin bilinməsi və buna qarşı duran borcalanlara verilməsi mümkün olan kredit məbləği kimi vəhdət təşkil edən məsələlərin aydınlaşdırılmasının zəruriliyi mötəbər elmi dairələr tərəfindən irəli sürülmüşdür. Bunlar bir həqiqətdir və həyatiliyini təsdiq etmişdir. Buradakı həmin müddəalar sırasında xalq təsərrüfatı miqyasında kredit qoyuluşunun miqyası (həcminin kəmiyyəti) kreditin makroiqtisadi sərhədi kimi qəbul edilə bilər. Mikroiqtisadi sərhədlər isə kreditorlara və borcalanlara aid edilir. Yəni ayrılıqda götürülən bu və ya digər bankın nə qədər kredit verə bilməsi ondan ötrü kreditin sərhədidirsə, ayrılıqda bu və ya digər müəssisnin ala biləcəyi kreditin həcmi bir borcalan olaraq ondan ötrü kreditin sərhədini şərtləndirir.
Kreditin sərhədlərinin müəyyən edilməsinin ölkə iqtisadiyyatı üçün, maliyyə və pul tədavülü üçün böyük əhəmiyyəti vardır. Kredit və bank fəaliyyəti nöqteyi-nəzərindən isə, kreditin sərhədlərinin müəyyən edilməsi müstəsna əhəmiyyətə malikdir. Sərhədlərə riayət olunmasının kreditin rolunun yüksəlməsinə xidmət etdiyini bilməklə yanaşı, bu sərhədlərin pozulmasının mənfi proseslərə yol açmasını da qeyd etmək lazımdır. Yəni, təcrübədə kreditlərin ifrat həcmdə iqtisadiyyata və sosial tədbirlərə qoyulması zərərli təsirləri ilə səciyyələnir. Kreditin əsassız ixtisarı isə təsərrüfatda maliyyə çətinlikləri əmələ gətirə bilər.
9.2. Kreditin iqtisadiyyatda rolu
Hesab edilir ki, kreditin bütün başqa aspektlərdə təhlili, o cümlədən kreditin rolunun izahları bu kateqoriyanın mahiyyətinin bilinməsindən asılıdır. Bu mənada artıq kreditin mahiyyəti aydınlaşdırıldığı üçün, ona müvafiq surətdə kreditin rolu açıqlana bilər.
Kreditin mahiyyətinə baxılmaqla aydın olur ki, kreditin roluna ilk növbədə kreditorun və borclunun mövqeyindən baxılmalıdır. Eləcə də ümumilikdə təkrar istehsal üçün, kapitalın hərəkəti nöqteyi-nəzərindən kreditin rolu böyükdür. Bu o deməkdir ki, kreditin rolu həm ictimai təkrar istehsal prosesində makroiqtisadi səviyyədə və həm də konkret təsərrüfat subyektlərinin maliyyəsinin təşkilində iştirak etməsi sayəsində pul dövriyyəsində əks olunur. Yəni, kapitalın dövriyyəsi və dövranına kreditin qoşulması baş verir. Kreditin təsərrüfatlarının maliyyə vəsaitləri ilə təmin edilmə mənbəyindən ibarət olmaqla rolu onunla tamamlanır ki, tədavülə pulun kreditləşdirmə kanalı ilə daxil olması baş verir. Məsələnin digər tərəfi odur ki, kredit əməliyyatlarının baş verməsi sayəsində ölkədəki müvəqqəti azad pul vəsaitlərinin real təsərrüfat tədbirlərinə yönəldilməsi baş verir. Bu mənada kreditin rolu kredit resurslarının yaranması ilə onların yerləşdirilməsi arasında uyğunluqla bağlıdır.
Kredit resursları ilə kreditin verilməsi əqdləri arasındakı asılılıq ondadır ki, ictimai nöqteyi-nəzərdən bununla müvafiq surətdə kredit resursları yaranmış olur.
Müəssisə və təşkilatların pul vəsaitlərinə əlavə tələbatı elə vaxtlarda, elə günlərdə yarana bilir ki, onların özlərinə məxsus vəsaitlər hesabına həmin ehtiyacların ödənilməsi mümkün olmur. Həmin situasiyalarda əmələ gəlmiş maliyyə çətinliyindən çıxmağı təmin etməklə, kredit faktiki olaraq təkrar istehsalın ahəngini təmin edir. Əlavə pul vəsaitlərinə ehtiyac istehsal və satışın mövsümi amillərinin təsirindən də əmələ gələ bilir. Həmin tələbatın ödənilməsində kreditin rolu həm mövsümilik amillərinin təsiri altında olan təsərrüfat subyektləri üçün və həm də ictimai nöqteyi–nəzərdən olduqca qiymətlidir.
Bir çox hallarda kreditin rolu onun tətbiqinin nəticələri ilə – ümumiyyətlə təsərrüfatla, dövlətə və əhaliyə onun xeyri ilə əlaqələndirilir. Burada həqiqət vardır. Əlbəttə ki, kreditin rolunun özünü göstərdiyi başlıca istiqamət onun təsərrüfat fəaliyyəti sferasında tətbiqidir. Amma burada qarşıya qoyulan məqsədlər, xərclər və tədbirlər olduqca müxtəlifdir. Onların həyata keçirilməsində istifadə edilən kreditlərin forma və metodlarının müxtəlifliyi bundan irəli gəlir. Yəni, bu və ya digər tədbirin həyata keçirilməsində kreditin fərqli forma və növü üstün rola malik ola bilir. Məsələn, kommersiya krediti əmtəələrin möhlətlə satıldığı şəraitdə öz rolunu göstərir. Ödəniş öhdəliklərinin vaxtlı-vaxtında və tam yerinə yetirilməsində kreditin pul forması üstünlüyə malikdir. Dövriyyə vəsaitlərinə olan artan tələbatın ödənilməsində kreditin rolu istehsal və satışın fasiləsizliyinin təmin edilməsində özünü göstərir. Bu tələb kreditin qısamüddətli sudalar şəklində təsərrüfat subyektlərinə verilməsi ilə ödənilir.
Eyni zamanda uzunmüddətli kredit növündən istifadə edilməklə istehsalın genişləndirilməsi və yeni əsas fondların yaradılmasında kreditin rolu böyükdür. Kredit bu halda öz rolunu investiya mənbələrindən biri xidmətini göstərməklə yerinə yetirir. Bununla istehsalın texniki səviyyəsinin yüksəldilməsi sürətləndirilir, habelə sosial səmərəyə nail olunur. Konkret olaraq bu zaman aparılan kapital qoyuluşu sayəsində kredit istehsalın inkişafı və genişləndirilməsi üçün zəruri olan maşın və avadanlıqların alınması sahəsində müəssisələrin imkanlarını artırır, texniki tərəqqi amillərindən biri rolunu oynayır.
Bazar iqtisadiyyatında, o cümlədən Azərbaycan Respublikasında kredit formaları arasında həlledici əhəmiyyət kəsb edən bank kreditləridir. Deməli, ölkə iqtisadiyyatında bank kreditləri böyük rola malikdir.
Ümumiyyətlə, fəaliyyətdə olan müəssisələrdə dövriyyə fondlarının təşkili, problemlərinin həlli mənbələrindən biri bank kreditidir. Mülkiyyət formasından asılı olmayaraq müəssisələrdə dövriyyə vəsaitlərinin çatışmazlığının aradan qaldırılması üçün bank kreditlərindən istifadə edilməli olur. Bu mənbə müəssisələr üçün ona görə sərfəlidir ki, bank onlar üçün müqavilə əsasında əlverişli variantlarda, mövcud qaydalarla lazım olan müddətdə, istənilən məbləğdə vəsaitləri ayıra bilir. Belə ki, mülkiyyətçinin pul vəsaitlərinə olan ehtiyaclarının ödənilməsi aralıq vasitəçilər, dövlət idarəetmə instansiyalarının qarışması olmadan təmin edilir. Müəssisə ideyaca sərfəli şəkildə bu tələbatı ödəyə bilir. Digər mənbələrdən vəsait cəlb etmək məsələsinə gəldikdə başqa ağır şərtlərin meydana çıxması halları ola bilər. Çox vaxt itkisi, iş qrafikinin pozulması, əlavə xərclər, mənfəətin azalması və başqa fəsadlar üzə çıxa bilər.
Bank kreditlərindən istifadə zamanı müəssisə bazarın tələbatı və öz iradəsi ilə sərbəst hərəkət edir, bank tərəfindən edilən təklifləri müstəqil tərəfdaş kimi götür-qoy edir, fəal surətdə məqsədlərinə çatmağa çalışır, kreditin rolunu dərk edir.
Bank özü də maraqlı tərəf kimi çıxış edir, öz tələb və təkliflərini ortaya qoyur. Bank kredit vasitəsilə maliyyəşmə prosesini apararaq ölkə iqtisadiyyatının inkişafında iştirak edir, sosial problemlərin həllinin yardımçısı olur. Borcalanlarla qarşılıqlı razılaşma əsasında bağladığı müqaviləyə görə sərəncamında olan kredit resurslarını yerləşdirərək mənfəət əldə etmək üçün kommersiya məqsədlərini reallaşdırılmış olur. Kreditin tətbiqi sayəsində yaranan mənfəətdən vergi ödənişləri dövlət büdcəsinə daxil olur. Bazar iqtisadiyyatı dövründə kreditin rolunu bu iqtisadi sistemin xüsusiyyətləri bilavasitə şərtləndirilir. Bu cəhətdən kreditin rolu ilə onun funksiyalarının bir-birinə yaxın olması özünü göstərir. Bu əslində kreditin funksiyalarının onun rolunu diktə etməsindən, eyni zamanda kreditin rolunun bu funksiyaların yerinə yetirilməsinin təzahürü olmasından irəli gəlir. Kreditin rolu heç də sadə deyildir. O, meydana çıxması etibarilə geniş bir dairəni əhatə edir.
Kreditin rolu onun formalarının tətbiqində, ayrı-ayrı kredit növlərinin təsərrüfatlarda istifadəsində üzə çıxır. Kreditin rolu onun bütün formaları və növlərində, kreditin istifadə edildiyi bütün müəssisələrdə, əhali tərəfindən kreditlərin istifadəsinə özünü göstərir.
Bazar iqtisadiyyatı dövrünün özünəməxsusluğu ondan ibarətdir ki, müəssisələr ayrı-ayrı kreditorlardan kreditlər cəlb edə bilər. Normal şərait və şərtlərlə kredit iqtisadi inkişafı sürətləndirən, istehsal və tədavülün fasiləsizliyinə xidmət edən vasitə rolunu oynayır.
Kreditin rolu eləcə də iqtisadiyyatın tənzimlənməsində ondan istifadə edilməsində özünü göstərir. Dövlət kreditdən iqtisadiyyatın tənzimlənməsinin güclü aləti kimi istifadə edə bilər və edir.
Kredit münasibətləri təkcə ölkə daxilində deyil, ölkələr arasındakı əlaqələrdə mühüm yer tutur. Belə ki, bu sferada kredit kapital ixracının formalarından biri kimi çıxış edir. Bu zaman kreditin forması olan beynəlxalq kredit ön plana çıxır. Beynəlxalq kredit ölkələr arasında əlaqələrə xidmət edir və kredit sövdələşməsinin tərəflərinidən biri xarici ölkələrin bankları, təsərrüfat subyektləri və ya dövlət qurumları olur. Beynəlxalq kreditin rolu kreditin bu formasının xüsusiyyətlərini təmsil etməklə, tərəflərin qarşılıqlı maraqlarına uyğun olmaqla valyuta və digər maddi sərvətlərin ölkələrarası hərəkətinə, tərəflərin faydalanmasına xidmət edir.
Kreditin ölkənin iqtisadi sistemində öz spesifikasına uyğun yer tutması və iqtisadi inkişafda ümumən pozitiv rol oynaması obyektiv prosesdir. Laikn onun bütün hallarda, bütün vaxtlarda yüz faizli müsbət nəticələrə gətirib çıxardığını demək olmaz, ona görə ki, dünya təcrübəsinin göstərdiyi kimi, kredit münasibətlərində ziddiyyətli proseslər və böhranlı hallar da olur. Yəqin ki, bunlar da səbəbsiz deyildir. Həm borcalan tərəfində və həm də kreditor tərəfində (aidiyyəti üzrə baxılmaqla) qeyri-obyektiv yanaşmalar, situasiyanın düzgün qiymətləndirilməməsi, səhvlər və s. hallar kreditin təməl prinsiplərinin pozulmasına səbəb ola bilir. Əlbət ki, bu kimi halların çoxluğu, təkrarlanması, riskli əməliyyatların kəmiyyəti və s. kredit münasibətlərdəki pozuntuları xarakterizə etməklə onların miqyasını göstərir. Bunlar ayr-ayrı kredit təşkilatlarında olursa onların fəaliyyətini ağırlaşdırır, çətinliklər yaradır. Bütünlükdə kredit sistemində ağır vəziyyətin yaranmasına gəldikdə, bunlar böhranlı halların əmələ gəlməsini səciyyələndirir. Kredit münasibətlərində böhranlı halların aradan qaldırılmasının ən dərin və mürəkkəb üsulu bu sahədə islahatların aparılmasından ibarət olur. Qeyd etmək lazımdır ki, hər bir islahat kimi kredit islahatı da dövlət səviyyəli işdir. O, hər zaman ola biləməz, olduqca az hallarda kredit islahatının keçirilməsinə təsadüf olunur. Məsələn, keçmiş SSRİ-də 1930-1932-ci illərin kredit islahatı həyata keçirilmişdir. Onun məqsədi və nəticələri kredit münasibətlərinin sosialist iqtisadi sisteminə uyğun qurulmasından ibarət olmuşdur. Həmin kredit islahatının bazasını təşkil edən əsaslar SSRİ dağılana qədər davam etdirilmişdir.
Amma, lap axır dövrlərdə artıq bu ölkədə bazar iqtisadiyyatı sisteminə keçilmə meyilləri başlanmışdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra bazar iqtisadiyyatı yolunu gələcək inkişafı üçün qəbul etmişdir. Azərbaycan Respublikasında kredit münasibətlərinin bazar iqtsiadiyyatı sisteminə uyğun qurulması bundan irəli gəlmişdir.
Azərbaycanda iqtisadiyyat sahəsində aparılan islahatlar dövründə eləcə də kredit sistemində islahatlar keçirilmişdir.
İslahatlar dövründə Azərbaycan Respublikasında kredit münasibətlərinin inkişafındakı başlıca meyillər bu münasibətlərin bazar iqtisadiyyatı əsasında qurulması olmuşdur. Artıq bu proses başqa çatmışdır.
Bununla bağlı Azərbaycan Respublikasında kredit münasibətlərinin indiki vəziyyəti onun bazar iqtisadiyyatının kredit münasibətlərini özündə ehtiva etdiyini deməyə əsas verir.
Bu özünü onda göstərir ki, Azərbaycanda xalis bazar iqtisadiyyatı üçün xas olan kredit formaları və növlərinin tətbiqinə yol verilir, təsərrüfat subyektlərinin yalnız bir kreditora bağlanması aradan qalxmış və kreditorun seçimində sərbəstlik verilmişdir. Kreditin verilməsi (alınması) bərabərhüquqlu tərəflərin bağladıqları müqaviləyə əsaslanır. Kredit faizlərinin müəyyən edilməsində müqavilə şərtlərindən biri olaraq qəbul edilən dərəcələr əsas götürülür. Kreditdən ölkə iqtisadiyyatının tənzimlənməsi alətlərindən biri kimi istifadə olunur və bu, kredit tənzimlənməsinə əsaslanır. Kredit münasibətlərində dövlət banklarının inhisarı aradan qaldırılmışdır. Rəqabətə yol verilir.
Do'stlaringiz bilan baham: |