AR SK Bakı, 2011
Məlum olduğu kimi dövlət mərkəzləşdirilmiş kapital qoyuluşunun əsasını «yığım fondundan» ayrılan vəsaitlər tutur. Mülkiyyətin dövlətə məxsus olduğu inzibati-amirlik sistemində hər il yığım fondunun 20%-ə qədəri kapital qoyuluşu xərcləri üçün istifadə olunurdu. Bununla belə o dövrdə əsas fondların texniki səviyyəsi və xüsusilə məhsuldarlığı inkişaf etmiş ölkələrlə müqayisədə olduqca geridə qalırdı. Bunun bir çox səbəbləri var idi. Ən başlıca səbəb isə, fikrimizcə, ayrılan vəsaitin xeyli hissəsinin «yeni tikinti»lərə istifadə olunması idi ki, belə vəziyyət də məlum olduğu kimi, bir qayda olaraq, «passiv fond»ların yaradılmasına səbəb olmaqla, vəsaitin səmərəli istifadəsini xeyli azaldırdı. Soyuq müharibənin nəticəsində Sovetlər birliyi əsas diqqəti silahlanmaya yönəldir, iqtisadi inkişaf – əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına diqqət arxa plana keçirdi.
Müasir şəraitdə, dövlət mülkiyyəti aparıcı mövqeyini itirmiş, mərkəzləşdirilmiş vəsaitlərin kapital qoyuluşuna istifadəsi xeyli azalmışdır. Kapital qoyuluşunun maliyyələşmə mənbəyi kimi daha çox «xüsusi vəsait»lərdən istifadə olunur. «Xüsusi vəsait»lər dedikdə müəssisə və təşkilatların gəliri, eləcə də fiziki şəxslərin vəsaitləri nəzərdə tutulur. Məlum olduğu kimi müəssisə və təşkilatlar öz gəlirlərinin bir hissəsini müəssisələrin inkişafı məqsədilə xüsusi təyinatlı fondların yaradılmasına istifadə edirlər. Bunlardan:
- istehsalın inkişaf fondunu;
- elm və texnikanın inkişaf fondunu;
- kapital qoyuluşunun maliyyələşdirilməsi fondunu;
- sosial inkişaf fondunu göstərmək olar.
Bu fondlardan hər birinin vəsaiti müəssisə və təşkilatlarda kapital qoyuluşunun maliyyələşdirilməsi mənbəyi kimi çıxış edə bilər.
Cədvəl 18
Maliyyə mənbələri üzrə əsas kapitala investisiyalar (mln.man) 63
|
İllər
|
2000
|
2005
|
2006
|
2007
|
2008
|
2009
|
2010
|
Əsas kapitala investisiyalar, cəmi
|
967,8
|
5769,9
|
6234,5
|
7471,2
|
9944,2
|
7724,9
|
9905,7
|
o cümlədən:
|
|
|
|
|
|
|
|
- müəssisə və təşkilatların öz vəsaiti
|
689,2
|
4767,0
|
4407,6
|
4470,7
|
4730,3
|
3811,3
|
5041,9
|
- əhalinin şəxsi vəsaiti
|
45,2
|
331,8
|
239,1
|
254,4
|
294,4
|
309,4
|
373,2
|
- bank kreditləri
|
144,0
|
372,1
|
425,0
|
398,0
|
400,8
|
417,1
|
643,8
|
- büdcə vəsaitləri
|
28,4
|
193,6
|
883,5
|
1852,4
|
3859,9
|
2705,9
|
3255,3
|
-büdcədənkənar fondların vəsaitləri
|
8,2
|
72,7
|
257,7
|
476,3
|
655,6
|
480,4
|
570,5
|
Sair vəsaitlər
|
52,6
|
32,8
|
21,5
|
19,3
|
3,1
|
0,8
|
20,9
|
Müasir şəraitdə kapital qoyuluşunun maliyyələşmə mənbəyi kimi «amortizasiya ayırmaları» da müstəsna rol oynayır. Elmi-texniki tərəqqinin sürətli inkişafını nəzərə alaraq, bütün dünyada olduğu kimi Azərbaycanda da «sürətli amortizasiya ayırmaları»nın tətbiqinə başlanılmışdır. Bu isə o deməkdir ki, tətbiqi sahəsindən asılı olmayaraq hər 5-6 ildən bir maşın və mexanizmlərin, eləcə də avadanlıqların əsas hissəsinin yenilərilə əvəz edilməsinə çalışmaq lazımdır. Ancaq belə şərtlərlə ciddi rəqabətə davam gətirmək mümkündür.
Odur ki, amortizasiya ayırmaları kommersiya müəssisə və təşkilatlarında kapital qoyuluşunun maliyyələşdirilməsinin əsas mənbələrindən hesab edilir.
Məlumatlardan göründüyü kimi kapital qoyuluşunun maliyyələşmə mənbələri içərisində aparıcı yeri «müəssisə və təşkilatların» xüsusi vəsaitləri tutur. Bu vəsaitlərin xüsusi çəkisi ilbəil artmaqdadır. Bu belə də olmalıdır. Ona görə ki, artıq dövlət öz inhisarçı mülkiyyət hüququndan istifadə edə bilmir. Bununla yanaşı «borc edilmiş» vəsaitlər – bank krediti də ildən-ilə artan xətlə hərəkətdədir. Ölkəmizin müstəqilliyinin ilk illərində büdcə vəsaitlərindən kapital qoyuluşunun maliyyələşdirilməsinə cüzi məbləğdə vəsait ayrılırdısa 2006-cı ildən başlayaraq mərkəzləşdirilmiş büdcə vəsaitlərindən kapital qoyuluşuna daha çox vəsait ayrılmağa başlanılmışdır. Bu da ölkə ərazisində, xüsusilə Bakı şəhərində nəqliyyat infrastrukturunun inkişafına dövlət qayğısının artırılması ilə izah oluna bilər.
12.4. Kapital qoyuluşunun maliyyələşdirilməsi mənbələri
Maliyyələşmə dedikdə müəssisə və təşkilatların, müxtəlif iqtisadi proqram və fəaliyyətin maliyyə ehtiyatları (pul vəsaitləri) ilə təminatı başa düşülür. Maliyyələşmə xüsusi vəsait, kommersiya təşkilatlarının daxili mənbələri, dövlət büdcəsi vəsaitləri, eləcə də kredit ehtiyatları, xarici yardım, hüquqi və fiziki şəxslərin və s. vəsaiti hesabına həyata keçirilir. Kapital qoyuluşunun maliyyələşdirilməsində riskli maliyyələşməni («vençur» maliyyələşməsi) fərqləndirmək lazımdır. Belə maliyyələşmə yeni texnika və texnologiyanın, həmçinin yeni istehsal növünün mənimsənilməsi üçün istifadə edilir.
Kapital qoyuluşunun maliyyələşdirilməsi iki mənbədən – mərkəzləşmiş və qeyri-mərkəzləşmiş mənbələrdən həyata keçirilir. Bir qayda olaraq mərkəzləşmiş mənbələr dövlət plan-tapşırıqlarında nəzərdə tutulmuş obyektlərin maliyyələşdirilməsində istifadə olunur. Bu məqsədlər üçün büdcə vəsaitlərindən istifadə olunur.
Qeyri-mərkəzləşmiş mənbələrdən kapital qoyuluşunun maliyyələşdirilməsi – amortizasiya ayırmaları hesabına, kommersiya təşkilatlarının gəliri hesabına və bank krediti hesabına həyata keçirilir. Büdcə vəsaitləri, bir qayda olaraq, dövlət əhəmiyyətli yeni tikintilərin maliyyələşdirilməsində istifadə olunur.
Mövcud müəssisələrin genişləndirilməsi və yenidən qurulması üçün başlıca maliyyələşmə mənbəyi – amortizasiya ayırmalarının əsas fondların təzələnməsinə nəzərdə tutulmuş hissəsidir.
Qanunvericiliyə müvafiq kapital qoyuluşu planında göstərilən və titul siyahısına daxil edilən obyektlərin maliyyələşməsi mümkündür.
Sifarişçi və podratçı təşkilat özlərinə xidmət edən bankda maliyyələşmə hesabı açmalıdır. Sifarişçi üçün bankda kapital qoyuluşunun maliyyələşmə hesabı, podratçı üçün isə hesablaşma hesabı açılır.
Bu hesablaşmaların açılması məqsədilə müvafiq banka müvafiq formada ərizə, təşkilatın nizamnaməsi, maddi-məsul şəxslərin təyini haqqında əmr və onların imza nümunələri, dəyirmi möhürün nümunəsi və s. bank şöbələrində təqdim edilmiş sənədlər yoxlanıldıqdan sonra maliyyələşmə və hesablaşma hesablarının açılmasına sərəncam verilir.
Sifarişçinin maliyyələşmə hesabına, kapital qoyuluşunun maliyyələşmə mənbələrindən vəsait daxil ola bilər. Bu hesabdan podratçı təşkilatın yerinə yetirdiyi işlərin dəyəri ödənilir. Podratçı təşkilatın hesablaşma hesabında onun fəaliyyəti ilə əlaqədar hesablanmış vəsaitlər saxlanılır. Bu vəsaitlərdən fəhlələrin əməkhaqqı, tikinti, material və konstruksiyaların dəyəri, nəqliyyat xərcləri və podratçı təşkilatın fəaliyyəti ilə əlaqədar digər xərclər ödənilə bilər.
Mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş mənbələrdən kapital qoyuluşunun maliyyələşdirilməsi bəzi xüsusiyyətlərə görə fərqlənir.
Mərkəzləşmiş kapital qoyuluşunun maliyyələşməsi qeyd etdiyimiz kimi büdcədən, dövlət plan-proqramına daxil edilmiş obyektlərin tikilməsi üçün istifadə olunur. Mərkəzləşmiş kapital qoyuluşunun maliyyəlşməsi büdcə vəsaiti hesabına Maliyyə Nazirliyinin həmin vəsaiti sifarişçinin hesabına köçürməsindən sonra həyata keçirilir. Maliyyələşmə hesabını açmaq üçün sifarişçi təşkilat banka aşağıdakı sənədləri verməlidir:
- yeni tikinti obyektlərini əks etdirən titul siyahısı;
- podrat müqavilə (kontrakt), yerinə yetirilmiş işlər üzrə hesablaşma forması göstərilməklə;
- tikintinin dəyərini əks edən smeta sənədi;
- smeta sənədləri üzrə dövlət ekspertiza rəyi;
- keçici obyektlər üzrə dəqiqləşdirilmiş kapital qoyuluşu və tikinti-quraşdırma işlərinin məbləği.
Mərkəzləşmiş kapital qoyuluşunu maliyyələşdirən bank sifarişçi tərəfindən təqdim edilmiş sənədləri yoxlamalı, layihə-smeta sənədlərinin dövlət ekspertizasından keçirilməsinə xüsusi diqqət verməlidir. İnvestorların xüsusi vəsaiti və bank krediti hesabına kapital qoyuluşunun maliyyəlşəməsi tərəflərin – sifarişçi və podratçı təşkilatların razılaşması əsasında həyata keçirilir. Tərəflər vəsaitin banka köçürülməsi və yerinə yetirilmiş işlər üzrə hesablaşma qaydalarını müstəqil olaraq razılaşırlar. Bu halda kapital qoyuluşunun maliyyələşməsi qaydası tikinti-quraşdırma işlərinin podrat və ya təsərrüfat üsulunda aparılmasından asılı olaraq fərqli olur.
Podrat üsulunda tikinti-quraşdırma işləri yerinə yetirilərkən, sifarişçi podratçının təqdim etdiyi hesablara müvafiq tələb olunan vəsaiti podratçı təşkilatın hesabına köçürməlidir.
Ümumilikdə isə kapital qoyuluşunun maliyyələşməsi banka aşağıdakı sənədlərin verilməsini tələb edir:
- kapital qoyuluşu planı;
- kapital qoyuluşunun maliyyələşməsi planı;
- tikintinin titul siyahısı və daxili titul siyahısı.
Bunlardan başqa, banka podrat müqavilə də təqdim edilməlidir.
Banka təqdim edilmiş sənədlər yoxlanıldıqdan sonra sifarişçi üçün maliyyələşmə hesabı açılır. Kapital qoyuluşunun maliyyələşməsi təsərrüfat üsulunda həyata keçirilirsə, bu halda podratçı təşkilat dəvət edilmədən, nəzərdə tutulmuş işlər sifarişçi təşkilatın öz gücü ilə həyata keçirilir. Bunun üçün sifarişçi təşkilat vasitəçi olmadan tikinti materialları, avadanlıq və texnika, habelə inşaatçı fəhlələri işə dəvət edir. Yerinə yetiriləcək işin həcmindən asılı olaraq sifarişçi özündə ya «tikinti şöbəsi» və ya «tikinti idarəsi» yaradır. Sifarişçi təşkilat maliyyələşməni hesablaşma hesabından da apara bilər. Bir qayda olaraq, təsərrüfat üsulu ilə nisbətən kiçik obyektlər, mövcud obyektlərdə genişləndirmə və yenidənqurma işləri həyata keçirilir. Bu işlərin müvafiq tələblərə cavab verməsini təmin etmək məqsədilə sifarişçi təşkilat «əmək müqaviləsi» ilə ixtisaslı inşaatçı mütəxəssisi işə qəbul edir və bu işlərin yerinə yetirilməsini ona həvalə edir.
12.5. Layihə-smeta sənədləri, onların tərtibi,
təsdiqi və qiymətləndirilməsi
İstənilən bina və ya qurğu, böyük və kiçikliyindən asılı olmayaraq layihə-smeta sənədi olmadan tikilib istifadəyə verilə bilməz. Eyni qayda mövcud müəssisələrdə yenidənqurma, genişləndirmə və modernizasiya işlərini həyata keçirmək üçün də gözlənilməlidir.
Layihə dedikdə – tikiləcək müəssisə və ya obyektin konstruktiv, texnoloji, həcmi-planlaşdırma və təşkili həllərini göstərən, onun texniki-iqtisadi göstəricilərini və dəyərini əhatə edən, qabaqcadan işlənib hazırlanmış və müvafiq qaydada təsdiq edilmiş, qarşılıqlı əlaqəli sənədlərin toplusu başa düşülür.
Bu kompleks sənədlərin qarşılıqlı işlənib hazırlanma prosesinə layihələndirmə deyilir. Layihələndirmə tikinti prosesinin ilkin mərhələsidir. Başqa sözlə, layihələndirmə elmi-texniki tərəqqi ilə tikinti istehsalı arasında aralıq mərhələ olub, tikintidə texniki tərəqqinin tətbiqi və səmərəliliyin yüksəldilməsinə xidmət etməlidir. Layihə-smeta sənədlərinin tikintidə tətbiqinin başlıca vəzifəsi, kapital qoyuluşunun qənaətlə istifadəsini təmin etməklə, maksimum vaxt qazanmaqdan ibarətdir.
Layihə-smeta sənədləri xüsusi layihə təşkilatları, layihə sənədlərini tərtib etməyə xüsusi icazəsi olan digər hüquqi və fiziki şəxslər tərəfindən işlənib hazırlana bilər. Bunun üçün sifarişçi təşkilatla müqavilə (kontrakt) bağlanmalıdır. Müqavilə tərəflərin hüquqi və maliyyə münasibətlərini tənzimləyən əsas sənəddir.
Sifarişçi layihə təşkilatına layihələndirməyə aid tapşırıqları aşağıdakı ilkin sənəd və materialları da verməlidir:
- obyektin tikintisi üçün investisiyanın əsaslandırılması;
- yerli icra orqanları tərəfindən obyektin tikiləcəyi ərazinin icazəsi;
- obyektin mühəndis şəbəkələrinə və kommunikasiyalarına birləşdirilməsinin texniki şərtləri;
- sosial-iqtisadi vəziyyət, təbii mühit, tikinti rayonunun sanitar-epidemioloji şəraitini xarakterizə edən materiallar və s.
Layihə-smeta sənədlərinin tərtibi və layihə həlləri dövlət normaları, qaydaları və standartlarına uyğun olmalıdır. Layihə sənədləri maliyyə mənbələrindən və mülkiyyət formalarından asılı olmayaraq dövlət ekspertizasından keçməlidir. Layihə-smeta sənədlərinin tərtibində istifadə edilən normativlər texnoloji və tikinti normativlərinə ayrılır.
Texnoloji normativlər vasitəsilə istifadə ediləcək avadanlıqların məhsuldarlığı, iş rejimi, avadanlıqların yerləşdirilməsi şərtləri, xammalın ehtiyatı və sərfi, işləyəcək fəhlələrin və xidmətçi heyətin sayı və s. müəyyən edilir.
Tikinti normativlərinin köməyilə bina və qurğuların həcmi – planlaşdırma və konstruktiv həllərin düzgün seçilməsində istifadə olunur. Belə normaların köməyilə tikiləcək obyektlərin bünövrə və əsasları, metal və dəmir-beton konstruksiyalar seçilib istifadə edilir.
İstifadə edilən tikinti materialları və elementlərinin texniki xarakteristikaları dövlət standartları və texniki şərtlərə uyğun olmalıdır. Obyektlərin layihələndirilməsi və tikintisinin təşkili qüvvədə olan layihələndirmə normalarına, binaların və qurğuların tikinti müddəti, tikintidə normalaşdırılan zadelin (yarımçıq tikinti) həcmi nomraları və istismara verilən obyektlərin layihə güclərinin mənimsənilmə normalarına uyğun aparılır.
Qüvvədə olan qanunvericiliyə əsasən layihə hazırlığı üç əsas dövrə bölünür:
Birinci dövrdə kapital qoyuluşunun (investisiyanın) məqsədi, tikiləcək obyektin gücü və vəzifəsi, buraxılacaq məhsulun çeşidi və ya göstəriləcək xidmətlərin siyahısı, obyektin yerləşəcəyi ərazi, maliyyələşdirmə mənbələri və nəzərdə tutulmuş texniki-iqtisadi göstəricilərə nailolma imkanları qiymətləndirilir. Birinci dövrün əhatə etdiyi işlər yerinə yetirildikdən sonra icra hakimiyyətinin yerli orqanına öz niyyəti barədə bəyannamə təqdim edir. İstehsal xarakterli obyektlər üçün bəyannamədə müəssisə haqqında texniki və texnoloji məlumatlar, işçilərin və texniki heyətin təxmini sayı, obyektin xammal və materiallara, su və enerji ehtiyatlarına tələbatı, müəssisənin ətraf mühitə təsiri və digər məsələlər üzrə mülahizələr, işçilərin və onların ailə üzvlərinin yaşayış yeri, sosial-məişət obyektləri ilə təminat məsələləri, maliyyə mənbələri və hazır məhsulun istifadə olunması haqqında məlumatlar öz əksini tapır. Sifarişçi təşkilat öz niyyəti haqqındakı bəyannaməyə müsbət rəy aldıqdan sonra «tikintiyə investisiyanı əsaslandırma»nı işləyib hazırlamağa başlayır.
İkinci dövr investisiyanın təsərrüfat zəruriliyi, texniki mümkünlüyü, kommersiya və iqtisadi cəhətdən məqsədəuyğunluğu haqqında qərar qəbul etmək məqsədilə aparılır.
Üçüncü dövr, sifarişçi tərəfindən hazırlanmış «əsaslandırmanın» razılaşdırılması, ekspertizası və təsdiqini əhatə edir.
Layihələndirmə zamanı layihədən əvvəlki mərhələ və obyektin bilavasitə layihələndirmə mərhələsini bir-birindən fərqləndirmək lazımdır.
Layihələndirmədən əvvəlki mərhələ investisiya prosesində tikintinin layihə hazırlığının birinci və ikinci dövrlərini birləşdirir.
Obyektlərin mürəkkəbliyindən asılı olaraq müəssisələrin, bina və qurğuların layihə-smeta sənədləri bir və ya iki mərhələ üzrə işlənib hazırlanır. Tikintisi adətən kütləvi və təkrar olunan işlərin tətbiqi ilə həyata keçirilən, texniki cəhətdən mürəkkəb olmayan obyektlərin, həmçinin texnika ilə yenidən silahlanan mövcud obyektlərin layihə-smeta sənədləri bir mərhələdə işlənib hazırlanır və birtipli layihə adlanır. Belə layihələrə «işçi layihə» deyilir və burada tikiləcək obyektin dəyəri smeta hesablamaları ilə təyin edilir.
Tikintisi mürəkkəb hesab edilən obyektlərin (çoxlu fərdi konstruksiyalar tələb olunur, tikinti istehsalında çoxsaylı iştirakçı olur və s.) layihə-smeta sənədləri iki mərhələdə işlənib hazırlanır və fərdi layihə adlanır. Belə layihələndirmənin birinci mərhələsində layihə, tikintinin dəyərinin yekun smeta hesablamaları ilə təyin edilməsi, ikinci mərhələdə isə texnoloji avadanlıqların quraşdırılması üzrə işçi cizgiləri (çertyojları) işlənilir.
«Müəssisələrin, binaların və qurğuların tikintisinin layihə-smeta sənədlərinin hazırlanması, razılaşdırılması, tərkibi və təsdiqi qaydaları» SNİP 11-01-05 təlimatına müvafiq həyata keçirilir. Layihələndirmə mərhələlərindən asılı olmayaraq layihə sənədləri bütün zəruri və qarşılıqlı əlaqəli layihə hissələrini əhatə edir.
Layihə-smeta sənədlərinin tərtibi sifarişçi təşkilatdan xeyli vəsait tələb etməklə, investisiya fəaliyyətinin vacib hissəsini təşkil edir. Nəzərə almaq lazımdır ki, layihələndirmədən əvvəlki mərhələnin ən vacib işlərindən biri müəssisə və ya obyektlərin layihələndirilməsinin və tikintisinin iqtisadi əlverişliyini, texniki mümkünlüyünü, onun həyata keçirilmə şəraitini müəyyən edən və layihələndirməni ilkin materiallarla təmin edən mühəndis axtarışlarının təşkilidir.
Mühəndis axtarışları dedikdə tikinti rayonunun və ya meydançasının kompleks araşdırılması başa düşülür. Mühəndis axtarışları öz məzmununa və aparılma ardıcıllığına görə iki növə bölünür:
- iqtisadi axtarışlar;
- mühəndisi və ya texniki axtarışlar.
İqtisadi axtarışları layihə təşkilatı sifarişçidən təsdiqlənmiş «layihə tapşırığı» aldıqdan sonra həyata keçirirlər.
İqtisadi axtarışlarda tikinti rayonunun iqtisadi amilləri – tikintinin xammalla, yerli materiallarla, yanacaqla, elektrik enerjisi, su, qaz, istiliklə, nəqliyyat vasitələri, fəhlə və ixtisaslı kadrlarla, yaşayış evləri, mədəni-məişət, təhsil, səhiyyə və digər xidmət növləri ilə təminatı məsələləri müəyyən edilməklə əsaslandırılır. İqtisadi axtarışlar nəticəsində müəssisənin və ya obyektin layihələndirilməsinin və tikintisinin iqtisadi cəhətdən əlverişliliyi əsaslandırılır.
İqtisadi axtarışların nəticələri layihələndirmənin sonrakı dövrü – layihə və işçi sənədlərinin işlənib hazırlanması üçün ilkin məlumatlar rolunu oynayır. Layihə-smeta sənədləri mövcud norma və qaydalara təlimat və dövlət standartlarına tam uyğun işlənib hazırlanmalıdır. Çünki bu gün tikilən obyekt ən azı 50-100 il fəaliyyət göstərməyə hesablanmalıdır. Bu isə elmi-texniki tərəqqinin, qabaqcıl üsulların, dünya təcrübəsinin öyrənilməsi və tətbiqini tələb edir. Layihə-smeta sənədləri maliyyə mənbələrindən, mülkiyyət formasından və mənsubiyyətindən asılı olmayaraq Dövlət ekspertiza baş idarəsində dövlət ekspertizasından keçməlidir.
Müvafiq təşkilatlarla razılaşdırılmış və dövlət ekspertizasından keçmiş müəssisə və obyektlərin, bina və qurğuların tikintisinin layihə-smeta sənədləri təsdiqə təqdim edilir. Dövlət mülkiyyətinə aid obyektlərin layihə-smeta sənədləri onların iriliyindən, əhəmiyyətindən və nəhayət smeta dəyərindən asılı olaraq hökumət, bələdiyyə və yerli icra orqanı, habelə müəssisə rəhbərləri tərəfindən təsdiqlənir.
Xüsusi mülkiyyətə aid obyektlərin layihə-smeta sənədləri firma və ya şirkət rəhbərləri, eləcə də onların göstərişi ilə müəssisə rəhbərləri tərəfindən təsdiqlənir.
Qeyd edildiyi kimi layihə-smeta sənədlərinin maliyyələşdirilməsi sifarişçi təşkilatların vəsaitləri hesabına həyata keçirilir. Əgər vəsait çatışmazlığı olarsa, bu zaman bank kreditindən də istifadə oluna bilinər. Layihə-smeta sənədlərinin keyfiyyətinə, obyektlərin qənaətli və təhlükəsiz olmasına, layihələndirmə üzrə normativ sənədlərə düzgün əməl edilməsinə məsuliyyəti baş layihə təşkilatları daşıyırlar. Layihə-smeta sənədlərinin müəllifləri obyektin tikintisi zamanı layihənin düzgün reallaşmasına müəllif nəzarətini həyata keçirirlər.
Məlumdur ki, obyektlərin layihələndirilməsi mürəkkəb və çoxcəhətli prosesdir. Bununla belə layihələndirmə prosesi ümumi prinsiplərin gözlənilməsini tələb edir. Bu prinsiplər – ardıcıllıq, variantlılıq, layihənin kompleksliliyi və vahid normaların gözlənilməsi.
Layihənin ardıcıllığı. Layihə-smeta sənədlərinin işlənilməsində əsas şərt kimi ümumi prinsiplərdən fərdi yanaşmaya gəlməkdir. Layihə prosesində əvvəlcə ümumi məsələlər – ən başlıcası obyektin tikintisinin məqsədəuyğun olması, daha sonra obyektin texnoloji konstruktiv, arxitektura və digər proseslərin dəqiqləşdirilməsidir. Bu prinsipin gözlənilməsi layihələndirməni mərhələlərlə aparmağa imkan verir.
Layihələndirmədə variantlılıq – kapital qoyuluşunun səmərəliliyini yüksəltmək məqsədilə obyektin layihələndirilməsi çoxvariantlı aparılmalıdır. Belə yanaşma sifarişçi təşkilatın ilk baxışda layihələndirməyə daha çox vəsait xərclənməsini göstərsə də, sonradan texniki-iqtisadi göstəricilər əsasında daha əlverişli variantın seçilməsi və buna müvafiq tikinti prosesində daha az xərclərlə obyektin istismara verilməsi, çox variantlılığın daha səmərəli olmasını göstərir. Seçilmiş variant əsasında tikintinin aparılması maksimum səmərə və minimum ictimai əmək sərfinə səbəb olur.
Layihənin kompleksliliyi. Bu prinsipin gözlənilməsi imkan verir ki, layihənin tərtibi bir çox işlərin – texnoloji, tikinti-arxitektura, sanitar-texniki, smeta dəyəri və s. qarşılıqlı əlaqədə aparılsın. Layihənin kompleks tərtibi, layihələndirmə qarşısında qoyulmuş başlıca tələbdir.
Layihələndirmədə vahid normativlərdən istifadə.
Tikintinin layihələndirilməsi vahid normativlərə əsaslanır. Bu işlərin mürəkkəb və çox cəhətli olmasına baxmayaraq, layihə-smeta sənədlərinin tərtibində vahid norma və qaydalardan istifadə edilir. Maddi istehsalın digər sahələrində belə vəziyyət mövcud deyildir.
Tikintidə layihələndirmə vahid dövlət normativlərinə əsaslanır. Tikintinin layihələndirilməsində istifadə edilən normativlər iki qrupa bölünür:
- tikinti normativləri;
- tikinti materialları və elementlərinin standartı.
Tikinti norma və qaydaları (TN və Q) dövlət normativ sənədi olub, həm yeni tikintilər üçün, həm də mövcud obyektlərdə genişləndirmə və yenidənqurma işləri üçün istifadəsi vacibdir. Bu norma və qaydalar mülkiyyət münasibətlərindən və tabeçiliyindən asılı olmayaraq bütün layihəçilər üçün məcburidir.
Tikinti norma və qaydaları beş bölmədən ibarətdir:
-
tikintinin təşkili, idarəedilməsi və iqtisadiyyatı;
-
layihələndirmə normaları;
-
istehsalın təşkili və işlərin qəbulu;
-
smeta normaları;
-
material ehtiyatları və əmək sərfi normaları.
Bu bölmələrin hər birinin tətbiqi üzrə müxətlif təlimat və göstərişlər də mövcuddur ki, onların da istifadə edilməsi məqsədəuyğun hesab edilir. Tikinti təşkilatları və layihəçilər öz fəaliyyətlərində material və elementlərin standartlara cavab verməsini nəzərə almalıdır. Standartları gözləmədən nə layihə, nə də tikinti işləri aparmaq olmaz.
Ümumiyyətlə layihələndirmə prosesi 3 mərhələdə aparılır. Bunu aşağıdakı cədvəldə verək.
Do'stlaringiz bilan baham: |