- hesabat və yoxlamalar əsasında kredit təşkilatlarının maliyyə vəziyyətini qiymətləndirir və bunun əsasında maliyyə hesabatlarında müvafiq düzəlişlərin edilməsi barədə kredit təşkilatlarına icrası məcburi olan göstərişlər verir;
- banklarda və xarici bankların yerli filiallarında korporativ idarəetmə standartlarını müəyyən edir və tətbiqinə nəzarət edir;
- qanunla müəyyən edilmiş hallarda və qaydada kredit təşkilatlarında, habelə onların törəmə təsərrüfat cəmiyyətlərində yoxlamalar aparır;
- bank xidmətləri bazarında inhisarçılıq fəaliyyətinin qarşısının alınması məqsədilə səlahiyyətli dövlət orqanı qarşısında məsələ qaldırır;
- kredit təşkilatlarına və onların inzibatçılarına qarşı qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada təsir (təshih) tədbirlərini və sanksiyaları tətbiq edir;
- qanuna müvafiq surətdə həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələrini tələb etdiyi hallarda kredit təşkilatlarının idarəetmə orqanlarının iclaslarında müşahidəçi qismində iştirak edir, kredit təşkilatlarının inzibatçıları ilə məsləhətləşmələr aparır;
- qanunla nəzərdə tutulmuş hallarda bankların maliyyə sağlamlaşdırılması tədbirləri çərçivəsində onların Milli Bank qarşısında kredit öhdəliklərinin yerinə yetirilməsinin xüsusi şərtlərini müəyyən edir;
- qanunla nəzərdə tutulmuş hallarda banklara və xarici bankların yerli filiallarına müvəqqəti inzibatçı təyin edir, zəruri hallarda bankın öhdəlikləri üzrə moratorium tətbiq edilməsi barədə məhkəməyə müraciət edir;
- lisenziyası ləğv olunmuş banklar və xarici bankların yerli filialları haqqında qanunvericiliyə müvafiq tədbirlər görür;
- qanunla nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir.
- Kredit təşkilatları üçün prudensial normativləri müəyyən edərkən Milli Bank kredit təşkilatlarının növləri üzrə fərqli normativləri və onların hesablanması metodlarını müəyyənləşdirə bilər.
Mərkəzi Bankın fəaliyyətinə müəyyən qaydalar da qoyulur. Belə ki, Mərkəzi Bank haqqında qanunun 55-ci maddəsinə görə Mərkəzi Banka bu qanunda nəzərdə tutulan şəxslərdən başqa digər hüquqi və fiziki şəxslərlə bank əməliyyatı apara bilmək; istehsal, ticarət, sığorta və qanunda nəzərdə tutulmuş hallardan başqa digər kommersiya fəaliyyəti ilə məşğul olmaq qadağandır.
Mərkəzi Bank tərəfindən həyata keçirilən pul-kredit siyasəti, hesablaşmaların və bank sisteminin sabitləşdirilməsi tədbirlərinin səmərəliliyi bank sisteminin vəziyyəti və inkişaf səviyyəsindən asılıdır. Mərkəzi Bankın iqtisadiyyata real təsiri bank sistemi vasitəsilə həyata keçirilir. Ona görə də Mərkəzi Bank bank sisteminin maliyyə möhkəmliyi və stabil fəaliyyətinə öz fəaliyyətinin əsas istiqaməti kimi baxır.
Bankların maliyyə möhkəmliyi qanunçuluq bazasının möhkəmləndirilməsinə, bank nəzarətinin gücləndirilməsinə və eləcə də bankların real sektorla əlaqələrinin möhkəmlənməsinə əsaslanır.
Bank sisteminin stabilliyi və maliyyə möhkəmliyi xalq təsərrüfatında hesablaşmaların arasıkəsilməz aparılmasının təminatçısıdır.
Azərbaycan Respublikası bank sisteminin möhkəmləndirilməsi üçün daima tədbirlər görür, onların fəaliyyətini inzibati qaydada deyil, iqtisadi normativlər vasitəsilə tənzimləyir.
XVI FƏSİL. KOMMERSİYA BANKLARININ
VƏ İXTİSASLAŞMIŞ KREDİT TƏŞKİLATLARININ FƏALİYYƏTİNİN ƏSASLARI
16.1. Kommersiya banklarının əməliyyatları və maliyyə
xidmətlərinin göstərilməsində onların rolu
Bazar iqtisadiyyatının ən vacib strukturlarından biri bank sistemidir. Bank fəaliyyəti istehsalın səmərəliliyini yüksəldərək əmək məhsuldarlığının yüksəlməsinə təsir göstərir.
Banklar haqqında qanunun ikinci maddəsinə əsasən Azərbaycan Respublikasının bank sistemi Azərbaycan Respublikasının Mərkəzi Banklarının kredit təşkilatlarından ibarətdir.
Bazar iqtisadiyyatının özünəməxsus bank sistemi vardır. Bazar iqtisadiyyatında banklar dövlət inhisarından çıxaraq sərbəst fəaliyyət göstərir.
Bazar iqtisadiyatında bank sistemi ikipilləli prinsip əsasında fəaliyyət göstərir.
Birinci pillədə Mərkəzi Bank;
İkinci pillədə – kredit təşkilatları durur.
Mərkəzi bank hər bir ölkənin bank sisteminin əsas hissəsini təşkil edir. O ümumi milli mənafeyi əks etdirərək dövlətin mənafeyini müdafiə edən siyasət yürüdür, bütün bank fəaliyyətinin başlıca prinsiplərini müəyyənləşdirir. Dövlətin bankıdır.
Kredit təşkilatları öz növbəsində banklara və bank olmayan kredit təşkilatlarına bölünürlər.
Kommersiya bankları öz müştərilərinə – müəssisə və təşkilatlara, eləcə də əhaliyə bilavasitə xidmət göstərən bankdır.
Bank hüquqi və fiziki şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir.
Deməli, aşağıdakı bank əməliyyatlarını məcmu halda yerinə yetirən kredit təşkilatı bank adlanır:
- fiziki və hüquqi şəxslərin pul vəsaitlərini qoyuluşa cəlb etmək (depozit əməliyyatlar);
- cəlb edilmiş vəsaitləri öz adından və öz hesabına qaytarılmaqlıq, müddətlilik və ödənclik şərtləri ilə yerləşdirmək (kreditləşmə əməliyyatları);
- fiziki və hüquqi şəxslərə bank hesabları açıb, hesablar üzrə əməliyyatlar aparmaq.
Banklar kommersiya əsasında fəaliyyət göstərir və fəaliyyətlərinin əsas məqsədi mənfəət əldə etməkdir.
Kommersiya bankları kredit resurslarının işgüzar hissəsini cəmləşdirərək fiziki və hüquqi şəxslərə Mərkəzi Bankın lisenziyası əsasında bank xidmətləri göstərir. Kommersiya bankları bank sisteminin əsas halqasını təşkil edir. Mülkiyyət formasından asılı olmayaraq onlar iqtisadiyyatın sərbəst subyektləridir.
İxtisaslaşma səviyyəsinə görə kommersiya bankları universal, ixtisaslaşmış banklara bölünür. Universal banklar bütün bank əməliyyatlarını yerinə yetiri.
İxtisaslaşmış banklar isə bank əməliyyatlarının müəyyən növü üzrə ixtisaslaşır.
Azərbaycanın bank sisteminin hüquqi əsasını Azərbaycan Respublikasının Konstitusiyası, Mərkəzi Bank haqqında, Banklar haqqında, Kredit ittifaqları haqqında, Bank olmayan kredit təşkilatları haqqında qanunlar təşkil edir.
Bank olmayan kredit təşkilatı öz vəsaiti və ya cəlb edilmiş vəsait hesabına (depozitlər istisna olmaqla) yalnız pul formasında kreditlər verməklə məşğul olur.
Azərbaycanda bank olmayan kredit təşkilatları əsasən kredit ittifaqları və Beynəlxalq humanitar təşkilatlar tərəfindən maliyyələşdirilən kredit təşkilatları ilə təmsil olunurlar.
2011-ci ilin əvvəlinə Azərbaycanda bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyası olan 148 maliyyə təşkilatından 47-si bank, 101-i isə bank olmayan kredit təşkilatı fəaliyyət göstərmişdir.
Banklar haqqında qanuna görə – bank ən azı üç hüquqi və ya fiziki şəxs tərəfindən açıq səhmdar cəmiyyəti formasında yaradılır. Banklar yalnız adlı səhmlər buraxa bilər, imtiyazlı səhm sahibləri səs hüququna malik ola bilməzlər.
Kommersiya banklarının yaradılması çətin və məsuliyyətli prosesdir. Bank yaratmazdan əvvəl təsisçilər bankın fəaliyyət dairəsi və onun səmərəli işləyə bilməsi və müştəri kontingenti haqqında geniş məlumata malik olmalıdır. Bankın gələcəkdə səmərəli fəaliyyətinə əmin olduqdan sonra lisenziya verilməsi və dövlət qeydiyyatına götürülməsi haqqında Mərkəzi Banka ərizə ilə müraciət etməlidirlər. Ərizəyə Mərkəzi Bank tərəfindən nəzərdə tutulan sənədlər əlavə olunmalıdır. Lisenziyalaşdırma zamanı səhmdarların tərkibinə, ilkin kapitalın məbləğinə, bank rəhbərliyinin peşəkarlığına, nəzərdə tutulan əməliyyatlara, bank aktivlərinə xüsusi diqqət yetirilir.
Mərkəzi Bank qanunda nəzərdə tutulan qaydada təsisçilərin müraciətinə baxır. Mərkəzi Bank təqdim olunan sənədlər əsasında müsbət nəticəyə gələrsə, 5 təqvim günü ərzində müraciət edənə yazılı bildiriş göndərir.
Mərkəzi Bank:
-
bankın rəhbər işçilərinin ixtisas səviyyəsi tələblərə uyğun olmadıqda (məhkumluq, peşəkarlıq və s.);
-
təsisçilərin maliyyə vəziyyəti qeyri-qənaətbəxş hesab edildikdə;
-
təqdim olunmuş sənədlər qanunçuluğa uyğun olmadıqda və s. hallarda lisenziya verməkdən imtina edə bilər.
Kommersiya bankları, hər şeydən əvvəl, spesifik kredit institutu kimi çıxış edir. Onlar bir tərəfdən təsərrüfatların sərbəst pul vəsaitlərini cəlb edir, digər tərəfdən həmin cəlb edilmiş vəsaitlər hesabına müəssisə, təşkilat və əhalinin müxtəlif maliyyə ehtiyaclarını ödəyirlər.
Bankların pul vəsaitlərinin cəlb edilib kredit resurslarının yerləşdirilməsi əməliyyatlarının iqtisadi əsasını pul vəsaitlərinin hərəkəti təşkil edir. Banklar bu prosesi təşkil edərkən kommersiya müəssisəsi kimi çıxış edir və cəlb edilmiş vəsaitlərin səmərəli yerləşdirilməsinə nail olmağa çalışırlar.
Kommersiya bankları öz fəaliyyətlərində aşağıdakı prinsiplərə əsaslanır:
1. Faktiki mövcud vəsait müqabilində fəaliyyət göstərmək.
2. Tam iqtisadi müstəqillik.
3. Kommersiya banklarının müştərilər ilə iqtisadi münasibətlərinin kommersiya əsasında qurulması.
4. Kommersiya banklarının fəaliyyətinin iqtisadi metodlarla nizamlaşdırılması.
Kommersiya banklarının faktiki mövcud vəsait müqabilində fəaliyyət göstərməsi prinsipi bankları daha geniş fəaliyyət göstərməsi üçün daha çox vəsait cəlb etməyə sövq edir. Banklar daima yeni resurs mənbələrinin cəlb olunmasına çalışmalıdır.
Kommersiya bankları özlərinin müxbir hesablarındakı vəsait müqabilində hesablaşma apara bildiyinə görə bu hesab daima vəsaitlə təmin olunmalı olduğundan bank öz vəsaitlərini artırmağa çalışmalıdır.
Faktiki vəsait müqabilində fəaliyyət prinsipi resursların artırılmasını tələb etdiyi kimi banklardan cəlb etdikləri vəsaitləri onların cəlb olunma müddətlərinə uyğun sərf etməyi tələb edir. Yəni vəsaitlər hansı müddətə cəlb edilərsə, həmin müddət ərzində yerləşdirilməlidir. Cəlb olunmuş vəsaitlərin cəlb olunma müddəti daxilində istifadə edilməməsi həmin borcların vaxtında ödənilməsini təhlükə altına alır.
Bankın aktivində yüksək riskli ssudaların olması resursların tərkibində xüsusi vəsaitlərin həcminin artırılmasını tələb edir. Bankın aktiv əməliyyatları bilavasitə resurslardan, cəlb olunmuş vəsaitlərdən asılı olduğuna görə bank resursların artırılmasına çalışmalıdır.
Banklar öz resursları daxilində sərbəst qaydada aktiv əməliyyatlar apara bilər, lakin aktiv əməliyyatları inzibati metodlarla məhdudlaşdırmaq olmur.
Bu prinsip depozitlərin cəlb olunmasına marağı artırır, banklararası azad rəqabətin aparılmasını təmin edir və bankların likvidliyinin qorunmasında, yüksəldilməsində həlledici rol oynayır. Bankları cəlb olunan vəsaitlərin həcmini artırmaq üçün müştərilərə xidmət səviyyəsini yüksəltməyə, yeni müştərilər cəlb etməyə sövq edir.
Mövcud bank qanunçuluğu bütün kommersiya banklarına öz fondları və gəlirlərindən istifadədə iqtisadi müstəqillik verir. Kommersiya banklarının fəaliyyətinin əsaslandığı vacib prinsiplərdən biri iqtisadi müstəqillik prinsipidir. Bu o deməkdir ki, banklar:
-
xüsusi və cəlb olunmuş vəsaitlərdən azad, müstəqil istifadə edə bilər;
-
əmanətçiləri və müştəriləri sərbəst seçir;
-
bankın gəlirlərini sərbəst bölüşdürür.
Xüsusi və cəlb olunmuş vəsaitlər bankların səhmdarlarının, müştərilərinin xüsusi vəsaitləri olduğundan onlardan istifadədə banklara heç bir vəchlə inzibati qaydada təsir göstərmək olmaz, bank bu vəsaitlərdən səmərəli istifadəyə görə öz səhmdarları və müştəriləri qarşısında məsuliyyət daşıdıqlarından bu vəsaitlərdən müstəqil istifadə təmin olunur.
Vergilər ödənildikdən sonra bankın sərəncamında qalan mənfəət səhmdarların ümumi yığıncağının qərarına əsasən bölüşdürülür. Bank, mənfəətindən müxtəlif fondlara köçürmələri, səhmlərə görə dividendlərin həcmini də səhmdarların ümumi yığıncağında müəyyənləşdirir.
Kommersiya banklarının fəaliyyətinin üçüncü prinsipi bankların müştərilərlə münasibətini əks etdirir. Belə ki, banklar öz müştəriləri ilə iqtisadi münasibətlərini bazar münasibətlərinin tələbləri əsasında qurur. Banklar göstərdiyi xidmətə görə müştərilərdən haqq alır, ona göstərilən xidmətə görə müştərilərə haqq ödəyir. Bankların kommersiya fəaliyyəti onlara «ümumi dövlət mənafeyinə» xidmət etmək imkanı vermir.
Kommersiya bankları fəaliyyətinin dördüncü prinsipinin mahiyyəti ondan ibarətdir ki, bankların fəaliyyəti inzibati qaydada deyil, iqtisadi yollarla tənzimlənir.
Kommersiya bankları öz fəaliyyətlərində müəyyən funksiyaları yerinə yetitir.
Kommersiya bankları fiziki və hüquqi şəxslərin sərbəst pul vəsaitlərini cəlb edib onları ehtiyacı olanlar arasında bölüşdürməklə tərəflər arasında vasitəçi kimi çıxış edir. Deməli, banklar kreditləşmə əməliyyatları üzrə vasitəçilik funksiyasını yerinə yetirir. Bankların vasitəçilik funksiyasının xüsusiyyəti ondadır ki, vəsaitlərin yenidən bölgüsü zamanı, həm bankın, həm də vəsait sahiblərinin mənfəətli mənafeyi təmin olunur. Sərbəst pul vəsaitlərinin banklar vasitəsilə bölüşdürülməsi pul itkiləri riskini əhəmiyyətli dərəcədə azaldır. Bankların iştirakı olmadan pul vəsaitlərinin bölgüsü zamanı tərəflər bir-birini iqtisadi cəhətcə yaxşı tanıya bilmədiklərindən vəsait itkisi və ya borcların vaxtında ödənilməməsi halları baş verə bilər. Bank isə bu nöqsanı aradan qaldırır, borc alanla iqtisadi münasibətlərini bank borc alanın kredit qabiliyyətliliyinə əsaslanaraq qurur.
Bank müştərilərə hesablar açıb, hesablar üzrə əməliyyat aparmaqla malsatanlar, xidmət göstərənlər və iş görənlərlə mal alanlar xidmət və ya iş gördürənlərlə hesablaşmaları həyata keçirərək onlar arasında ödəməyə görə vasitəçilik funksiyasını yerinə yetirirlər. Banklar hesablaşmalarda vasitəçilik etməklə ödənişlərin vaxtında və düzgün aparılmasına ödəniş müddətlərinin, malların göndərilmə müddətlərinə yaxınlaşdırılması işinə xidmət göstərir.
Bankın kredit prosesində vasitəçiliyi ödəniş vasitələrinin emissiyası ilə əlaqədardır. Müştəri bankdan kredit alıb onu öz hesabına daxil edən zaman ödəniş vasitəsinin həcmi artır ki, beləliklə, bank kreditləşmə prosesində yenidən ödəniş vasitəsi yaratmış olur. Kredit ödənilən zaman isə hesablaşma hesabından vəsait silinir, ödəniş vasitələri və ümumi pul kütləsi azalır.
Banklar eyni zamanda təsərrüfatlarda yığımın stimullaşdırılması funksiyasını da yerinə yetirir. Banklar müştəriləri hesablarında əhəmiyyətli dərəcədə pul saxlamağa maraqlandırır. Banklar bu vəsaitlərin toxunulmaz saxlanmasına təminat verməklə onlara yüksək faizlər ödəyir.
Depozitlərin sığortalanması da əmanətçilər üçün yüksək əhəmiyyət kəsb edir. Bununla yanaşı müştərilər bank fəaliyyəti ilə əlaqədar məlumat ala bilirlər.
Ölkədə qiymətli kağızlar bazarının inkişafı ilə əlaqədar bankların qiymətli kağızlarla əməliyyatlarda vasitəçilik funksiyası get-gedə genişlənir. Hələlik qiymətli kağızlar bazarının zəif inkişafı ilə əlaqədar maliyyə resurslarının əsas cəlbedilmə üsulu əmanətlər hesab edilir.
16.2. Kommersiya banklarının əməliyyatları
Kommersiya banklarının funksiyaları öz əksini yerinə yetirdiyi əməliyyatlarda tapır. Kommersiya banklarının əsas əməliyyatları və sövdələşmə əməliyyatlarını yerinə yetitirlər.
Aşağıdakı əməliyyatlar əsas bank əməliyyatları hesab edilir:
-
fiziki və hüquqi şəxslərin pul vəsaitlərinin qoyuluşa cəlb edilməsi;
-
öz adından xüsusi və cəlb etdikləri vəsait hesabına kreditlərin verilməsi;
-
fiziki və hüquqi şəxslərə hesablar açıb, onlar üzrə əməliyyatlar aparmaq;
-
müştərilərin və müxbir bankların tapşırığına əsasən hesablaşmalar aparmaq;
-
pul vəsaitlərinin, veksellərin hesablaşma-ödəmə sənədlərinin inkassasiyası və müştərilərə kassa xidməti;
-
vəsait sahibləri və ya onların sərəncamlaşdırıcıları ilə müqavilə əsasında pul vəsaitlərinin idarə olunması;
-
nağd və nağdsız formada fiziki və hüquqi şəxslərdən xarici valyutanın alınması və onlara satılması;
-
müvafiq qanunçuluğa əsasən qiymətli metallarla əməliyyatlar aparmaq;
-
bank əmanətlərinin verilməsi.
Banklar göstərilən bank əməliyyatları ilə yanaşı aşağıdakı sövdələşmələri də həyata keçirirlər:
-
lizinq;
-
pul formasındakı öhdəliklərin ödənilməsini üçüncü şəxs əvəzinə himayədarlıq verilməsi;
-
üçüncü şəxsdən pul formasındakı öhdəliklərin icrası üçün hüququn əldə edilməsi;
-
məsləhətləşmə və informasiya xidmətlərinin göstərilməsi;
-
fiziki və hüquqi şəxslərə xüsusi binaların və oradakı sənəd və qiymətlilər saxlanılan seyfləri icarəyə vermək.
Bütün bank əməliyyatları və sövdələşmələrini üç qrupa: passiv, aktiv, komisyon vasitəçilik əməliyyatlarına bölmək olar.
Kommersiya banklarının resurslarının formalaşması ilə əlaqədar əməliyyatların məcmusu passiv əməliyyat hesab olunur. Bank resursları dedikdə bankın sərəncamında olub aktiv və digər əməliyyatların yerinə yetirilməsi üçün istifadə olunan pul vəsaitlərinin məcmusu başa düşülür.
Passiv əməliyyatlar bank fəaliyyətinin əsasını təşkil edir. Yalnız keyfiyyətli və möhkəm resurs bazalı banklar ona mənfəət gətirən kredit və resurların yerləşdirilməsini və digər əməliyyatları müvəffəqiyyətlə həyata keçirə bilər. Ona görə də kommersiya bankları resurs bazalarının artırılmasına çalışır.
Bankların passiv əməliyyatlarına daxildir: fiziki və hüquqi şəxslərin hesablaşma hesabı və cari hesablarına cəlb edilmiş vəsaitlər, müəssisə və təşkilatların müddətli depozit hesabları; əhalinin əmanətləri; qiymətli kağızlar buraxılışı; digər banklardan alınan borc vəsaitləri.
Kommersiya banklarının resursları təşkili mənbələrinə görə xüsusi vəsaitlərə və cəlb olunmuş vəsaitlərə bölünür.
Bankın xüsusi vəsaitləri bilavasitə bankın özünə aid olan vəsaitlərdir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan digər müəssisələrdən fərqli olaraq bankların xüsusi vəsaitləri bankın ümumi kapitalının 10 %-ə qədər təşkil edir. Bankın xüsusi vəsaitlərinə daxildir:
- nizamnamə fondu;
- ehtiyat fondu;
- bankın mənfəəti hesabına yaradılan xüsusi təyinatlı fondlar;
- il ərzində bölüşdürülməmiş mənfəət.
Bankın xüsusi kapitalının xüsusi çəkisinin az olmasına baxmayaraq o vacib funksiyanı yerinə yetirir. Bankın xüsusi kapitalının əsas funksiyası əmanətçilərin mənafeyini müdafiə etməkdir. Belə ki, bankın ləğvi zamanı əmanətçilərin əmanətlərinin ödənişinə təminat verir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan digər qurumlardan fərqli olaraq bankların ödəmə qabiliyyəti xüsusi vəsait hesabına təmin olunur.
Depozitlərin səmərəli sığortalanması sisteminin qurulmadığı, iqtisadi situasiyaların qeyri-sabitliyi, bank sektorunda rəqabətin kəskin artması, təcavüzkar bank siyasətinin həyata keçirilməsi və digər amillər tez-tez bankların müflisləşməsinə, əmanətçilərin öz əmanətlərini itirməsinə səbəb olur. Bu baxımdan xüsusi kapitalın mövcudluğu bankın etibarlılığının əsas amili hesab edilir.
Bankın xüsusi kapitalı müdafiə funksiyası ilə yanaşı əməli və nizamlaşdırma funksiyalarını da yerinə yetirir.
Banklar öz bankçılıq əməliyyatlarını yerinə yetirməyə başlayarkən ona ilkin kapital lazım olur ki, bu kapital hesabına torpaq, bina, avadanlıqlar əldə edilir və nəzərdə tutulmayan itkilər ödənilir. Bütün bu xərclərə eyni zamanda xüsusi kapital da istifadə edilir.
Xüsusi kapitalın nizamlaşdırıcı funksiyası bankların müvəffəqiyyətlə fəaliyyət göstərməsinə ictimaiyyətin xüsusi marağı, eləcə də aparılmış əməliyyatlara dövlət nəzarətini təmin edən qanunlar ıə qaydalarla əlaqədardır.
Banklar xüsusi kapitalın artırılmasında səhmlərin emissiyasından istifadə edirlər. Kommersiya bankları həm sadə, həm də güzəştli səhmlərin emissiyasını həyata keçirirlər. Güzəştli səhmlər investisiya obyekti olmaqla sadə səhmlərə nisbətən risklidir. Bu səhmlərə görə ödənilən dividentlər də adi səhmlər üzrə olduğundan aşağıdır.
Banklar xüsusi kapitalının artırılması məqsədi ilə istiqraz buraxılışlarından da istifadə edirlər.
Bank resurslarının tərkibində əsas yeri cəlb olunmuş vəsaitlər təşkil edir. Beynəlxalq bank təcrübəsində səfərbər olunma qaydasına görə cəlb olunmuş vəsaitlər depozitlərə və s. vəsaitlərə bölünür. Cəlb olunmuş vəsaitlərin əsas hissəsini depozitlər təşkil edir.
Depozit – banka saxlanmaq üçün köçürülən, müəyyən olunmuş şərtlər daxilində və müddəti çatdıqda qaytarılmalı olan pul vəsaitləridir. Müasir bank təcrübəsi əmanət qoyuluşlarının və depozit hesablarının müxtəlifliyi ilə xarakterizə edilir. Banklarda resursların yaradılmasında istifadə edilir:
- tələb edilənədək depozitlər;
- müddətli depozitlər;
- əmanət qoyuluşu;
- qiymətli kağızlara qoyuluşlar və s. Sair cəlb edilmiş vəsaitlərə borc və ya bankın pul bazarında borc öhdəliklərinin satılmasından əldə edilən vəsaitlər daxildir.
Kommersiya banklarının resurslarının formalaşmasında borc vəsaitləri də xüsusi yer tutur. Müvəqqəti sərbəst resursa malik olan bank onu hərəkətsiz saxlamaqdansa, müəyyən faizlə başqa banklara satmağı daha üstün tutur. Əlavə resursa ehtiyacı olan banklar tərəfindən həmin resurs satın alınır.
Kommersiya banklarının resurs mənbələrindən biri də Mərkəzi Bankın kreditləridir. Bu kreditin əsas mənbəyi emissiyadır və kommersiya banklarının resurs mənbəyinin sonuncu mərhələsi hesab edilir.
Aktiv əməliyyatlar kommersiya banklarının əsas əməliyyatlarından biridir. Bu əməliyyatlar cəlb olunmuş vəsaitlərin yerləşdirilməsi ilə əlaqədar olub banka gəlir gətirir. Aktiv əməliyyatlara daxildir: müəssisə və təşkilatların qısa və uzunmüddətli kreditləşdirilməsi; əhaliyə istehlak kreditinin verilməsi; lizinq; faktorinq və forfeytinq əməliyyatları; xarici valyuta və qiymətli kağızlarla əməliyyatlar.
Bank bu əməliyyatları yerinə yetirərkən kreditor rolunu oynayır.
Aktiv əməliyyatlar passiv əməliyyatlardan sonra gələn əməliyyatlardır. Onların həcmi və müddətləri passiv əməliyyatların parametrlərindən asılıdır. Belə ki, kommersiya bankları passiv əməliyyatlar nəticəsində cəlb etdikləri resursları yerləşdirə bilərlər. Passiv əməliyyatların da əsas hissəsini xüsusi vəsaitlər deyil, cəlb edilmiş vəsaitlər təşkil edir. Aktiv əməliyyatları yerinə yetirərkən banklar vəsaitlərin yerləşdirilmə müddətlərini onların cəlb olunma müddətləri ilə uzlaşdırmalıdır. Yalnız bu halda bank ödəniş qabiliyyətliliyini, maliyyə möhkəmliyini qoruyub saxlaya bilər və əlavə müştəri cəlb edə bilər.
İqtisadi məzmununa görə bankların aktiv əməliyyatları: ssuda, hesablaşma, kassa, investisiya, zəmanət və s. bölünür.
Ssuda əməliyatları borcalana müddətlilik, qaytarılmaqlıq, ödənclik və təminatlıq şərtləri əsasında borc verilməsi ilə əlaqədar əməliyyatlardır.
Kommersiya banklarının yerinə yetirdiyi aktiv əməliyyatlar arasında əsas yeri ssuda əməliyyatları tutur. Ssuda əməliyyatları – bankların kredit müqaviləsi əsasında qaytarılmadıq, müddətlilik və ödənclik şərti ilə vəsait verməsidir. Qaytarılmaqlıq borc məfhumunun mahiyyətindən irəli gəlir. Banklar ssuda əməliyyatlarını əsasən cəlb etdikləri vəsaitlər hesabına həyata keçirdiklərinə görə verdiyi borcların geri qaytarılmasını təmin etməlidir. Əks təqdirdə o, özü cəlb etdiyi vəsaitlərə görə öz kreditorları qarşısında məsuliyyət daşıyır.
Ssudaların qaytarılmaqlı olması onların təkrar dövriyyəsini təmin edir.
Kredit – qaytarılmaqla yanaşı dəqiq nəzərdə tutulmuş müddətlərdə qaytarılmalıdır. Müddətlilik prinsipi kreditləşmənin vacib prinsiplərindən biri olmaqla borcun geri qaytarılma müddətinin resrusların cəlb olunma müddəti ilə uzlaşdırılmasını tələb edir.
Kreditləşmə əməliyyatları bank fəaliyyətində riskli əməliyyatlardan biridir. Alınmış kreditlərin vaxtında geri qaytarılmaması halları realdır. Ona görə də banklar verilmiş kreditlərin təminatlı olmasını tələb edir. Təminatlıq bir növ kreditin vaxtında ödənilməsinə zəmanət deməkdir. Bank kreditinin təminatı kimi: girov, himayədarlıq, zəmanət müqavilələri və kreditin ödənilməyəcəyi halda borc alanın məsuliyyətinin sığortalanması çıxış edir.
Kreditləşmənin vacib şərtlərindən biri onun ödəncli olmasıdır, yəni borcalan aldığı borca görə faiz şəklində haqq verməlidir. Bu bir növ kreditin qiyməti kimi qəbul edilir. Bank kreditinə görə faizlərin həcmi cəlb olunmuş resursların dəyərindən asılı olaraq müəyyən edilir. Kreditə görə faiz dərəcələri:
-
Mərkəzi Bankın yenidən maliyyələşməyə görə müəyyən etdiyi faiz dərəcələri;
-
banklararası kreditə görə faiz dərəcələri;
-
depozitlər üzrə orta faiz dərəcələri;
-
resursların quruluşu;
-
tələb və təklif;
-
inflyasiya səviyyəsi;
-
kreditin müddəti;
-
kreditə görə risk səviyyəsi nəzərə alınmaqla müəyyən edilir.
Bankların kreditləşmə əməliyyatları çoxşaxəlidir. Hər bir ölkə kredit münasibətlərini özünün inkişaf səviyyəsi, kreditlərin verilməsi, ödənilməsi ənənələrinə əsasən qurur.
Bank krediti əsasən aşağıdakı əlamətlərə görə qruplaşdırılır:
-
Borcalanlar qrupu. Bu baxımdan borcalan qismində kommersiya və sənaye müəssisələri, kredit-maliyyə orqanları, xırda sahibkarlar, fiziki şəxslər, hökumət, yerli hakimiyyət orqanları çıxış edirlər.
-
Sahə istiqaməti. Bu əlamətə görə sənayeyə, kənd təsərrüfatına, ticarətə, nəqliyyata, rabitəyə və s. verilən kreditlər fərqləndiridir.
Tətbiqi sferasına görə kreditlər istehsal və tədavül sferalarına verilən kreditlərə bölünür;
-
məqsədli təyinatına görə məqsədli və məqsədsiz kreditlər mövcuddur. Məqsədli kreditlər maddi qiymətlilərin dəyərinin ödənilməsinə, ticarət-vasitəçilik əməliyyatlarının həyata keçirilməsinə, dövriyyə vəsaitlərinin formalaşmasına, mənzil və tikintinin aparılmasına verilir;
-
fəaliyyət sferasına görə kreditlər əsas kapitalın alınmasına (uzunmüddətli) və dövriyyə kapitalına (qısamüddətli) yönəldilən kreditlərə bölünür;
-
həcminə görə iri, orta və xırda kreditlər mövcuddur.
-
ödənilmə müddətlərinə kreditlər tələbedilənədək (onkol) və müddətliyə bölünür. Onkol ssudalarının dəqiq ödəniş müddətləri göstərilmir. Bank istənilən vaxt onu geri tələb edə bilər.
Müddətli ssudalar üzrə ssudaların dəqiq ödənilmə müddətləri müəyyən edilir. Bu baxımdan ssudalar qısa və uzunmüddətli ssudalara bölünür. Təminatlıq səviyyəsinə görə tam, natamam və təminatsız ssudalar mövcuddur. Təminatsız kreditləri banklar etibarlı müştəriyə verir və nisbətən bahalı kredit hesab olunur.
Təminat formalarına görə kreditin təminatı kimi girov, himayədarlıq, zəmanət və borcalanın məsuliyyətinin sığortalanması müqavilələri çıxış edir. Girov müqaviləsinə əsasən ssuda üzrə borc ödənilmədikdə bank girov götürdüyü əmlakı sataraq borcunun ödənilməsi hüququnu əldə edir.
Himayədarlıq müqaviləsindən fiziki şəxslərin kreditləşdirilməsində istifadə edilir. Bu zaman hamı kimi fiziki və hüquqi şəxslər çıxış edə bilərlər. Kreditin geri qaytarılmamasında hamilər məsuliyyət daşıyırlar. Hüquqi şəxslərin kreditləşməsində təminat kimi zəmanət müqavilələrindən istifadə olunur. Zəmanətçi kimi yuxarı təşkilat, icarə verən, təsisçi və banklar çıxış edə bilər. Kreditin ödənilməməsi üzrə borcalanın öhdəçiliyinin sığortalanma müqaviləsinə əsasən kreditin qaytarılmaması riski sığorta kompaniyasının üzərinə düşür.
-
Ödənilmə qaydasına görə bank kreditləri: birdəfəlik ödənilən və ödəniş müddətinin uzadılması ilə ödənilən kreditlərə bölünür. Birinci halda kredit ödəniş vaxtı çatan kimi tam məbləğdə ödənilir. Ödəniş vaxtı uzadılmaqla ödənilən kreditlər üzrə ödənişlər müqavilənin qüvvədə olduğu müddət ətrzində ödənilə bilər.
-
Borc faizlərinin ödənilməsi üsuluna görə kreditlər aşağıdakı kimi təsnifləşdirilir: faizin əsas borcun ödənilməsi ilə birlikdə ödənilməsi, kredit müqaviləsinin qüvvədə olduğu müddətlə bərabər hissələrlə ödəniş; kreditin verilmə anında faizlərin tutulması.
-
Verilmə qaydasına görə kreditlər ödəmə və bərpa xarakterli kreditlərə bölünür. Bərpa xarakterli kreditləşmədə kredit faktiki çəkilmiş xərcin bərpasına verilir. Ödəmə xarakterli kreditdə isə kreditləşən mallar və xidmətlər üzrə hesablaşma sənədlərinin ödənilməsinə yönəldilir.
Kommersiya banklarının yerinə yetirdikləri hesablaşma-kassa əməliyyatları bank əməliyyatlarının vacib hissəsini təşkil edir.
Hesablaşma əməliyyatlarını yerinə yetirərkən bank müştərilərin hesablarına vəsait daxil edir və ödənişlər aparır. Hesablaşmaların aparılmasında kommersiya bankları Mərkəzi Bankın müəyyən etdiyi qaydaları, prinsipləri əsas götürür. Hesablaşmalar Mərkəzi Bankın müəyyən etdiyi formalarda aparılır. Hesablaşmalar zamanı bankların əsas vəzifəsi ödənişləri mal materialların yola salınma müddətlərinə maksimum yaxınlaşdırmaqdır.
Banklar müvafiq hesablaşma sənədini qəbul etdikdən sonra hesablaşma sənədində göstərilən əməliyyatları sənəd alınan kimi bir gündən gec olmayaraq aidiyyatı üzrə əməliyyatları başa çatdırmalıdır.
Kommersiya bankları hesablaşmalar zamanı əməliyyatların qanuniliyinə və sənəddəki rekvizitlərin tam göstərilməsinə xüsusi diqqət yetirir.
Banklar pul vəsaitlərinin hesablara düzgün və vaxtında daxil edilməsi və ya silinməsinə görə məsuliyyət daşıyır.
Hesablaşma kassa əməliyyatları üzrə müştərilərin münasibətləri bank hesabı müqaviləsi ilə tənzimlənir. Bu müqavilə tərəflərin hüquq və vəzifələrini əks etdirməklə göstəriləcək bank xidmətlərinin siyahısını, onların tarixini və yerinə yetirilmə müddətlərini də əks etdirir.
Kommersiya banklarının hesablaşma əməliyyatlarının bir hissəsi nağd qaydada aparılır ki, bu da bankların kassa əməliyyatları ilə əlaqədardır. Kommersiya bankları müxtəlif məqsədlərə müştərilərə nağd pul verir və onlardan nağd pul qəbul edirlər. Bu məqsədlə kommersiya banklarında əməliyyatların həcmindən asılı olaraq mədaxil, məxaric, mədaxil-məxaric kassaları yaradılır.
Müəssisələrin hesabına daxil olan nağd pullar müəssisənin bankdakı hesabına daxil edilməsi üçün ləngidilmədən banka verilməlidir.
Kommersiya bankları kassa dövriyyələrini tənzimləmək məqsədi ilə bankın xidmət göstərdiyi müştərilərdən kassa sifarişlərini qəbul edir. Həmin sifarişlər əsasında bankın kassa dövriyyəsi proqnozu tərtib edilir. Bu sənəd əsasında proqnozun tərtib edildiyi dövrə emissiya nəticələri müəyyən edilir, ya dövriyyəyə əlavə pul buraxılışı və ya dövriyyədən nağd pulun ehtiyat fonduna köçürülməsi proqnozlaşdırılır.
Bankın kassasına nağd pullar müəssisələrin özləri tərəfindən və ya inkassasiya qaydasında daxil edilir. Bankın kassasından nağd pul pul çeklərinə əsasən müəssisənin bankdakı hesabındakı vəsait müqabilində verilir.
Kommersiya banklarının aktiv əməliyyatlarından biri də onların investisiya fəaliyyətidir. Bu zaman banklar investor kimi çıxış edirlər, yəni öz resurslarını qiymətli kağızlara yerləşdirir və ya birgə təsərrüfat faliyyəti hüququ qazanır. Belə qiymətli kağızlar qismində güzəştli səhmlər, istiqrazlar, dövlətin borc öhdəlikləri, maliyyə alətləri (veksellər) çıxış edirlər.
Qiymətli kağızlara investisiya qoyarkən banklar mənfəət əldə etmək və öz aktivlərinin müəyyən hissəsinin likvidliyinin təmin edilməsi məqsədi güdürlər. Bankın fəal investisiya siyasətinin əsasını vəsait yönəltməyə daha sərfəli qiymətli kağızları müəyyən etmək, hər bir dəqiq dövr üçün investisiya portfeli quruluşunu optimallaşdırmaq təşkil edir. Kommersiya banklarının investisiya əməliyyatlarının kreditləşmə əməliyyatlarından fərqi ondadır ki, bu zaman təşəbbüs müştəridən deyil, bankın özündən irəli gəlir.
Bankın qiymətli kağızlara qoyuluşu təhlil edilərkən birbaşa və portfel investisiyalarını fərqləndirmək lazımdır.
Birbaşa investisiya qoyuluşunun məqsədi investisiya obyektlərini idarə etməkdir. Bank bu və ya digər kompaniyaların nəzarət paketini əldə edərək onun idarə olunmasında bilavasitə iştirakı təmin olunan halda birbaşa investisiya qiymətli kağızlara qoyuluş formasını alır. Bu zaman bank ona məxsus olan səhmlərə görə öz səsini reallaşdıra bilir. Məsələn, bank öz müştərisi olan sənaye və ticarət müəssisələrinin səhmlərinin nəzarət paketinə sahib ola bilər. Bank nəzarət paketinə sahib olmaqla bu müəssisələrin fəaliyyətinə nəzarət etmək imkanı əldə edir və bununla həmin müəssisələrlə kredit münasibətlərində riskin azalmasına nail olur.
Portfel investisiyası müxtəlif emitentlərin qiymətli kağızlar portfelinin yaradılması formasında həyata keçirilir. Portfel investisiyasının məqsədi portfeldə olan qiymətli kağızların dəyəri kursunun artmasından gəlir əldə etməkdir.
Kommersiya bankları investisiya əməliyyatları ilə yanaşı fond əməliyyatlarını da yerinə yetirir. Fond əməliyyatları qiymətli kağızlarla olan əməliyyatlardır. Fond əməliyyatlarına: veksellərlə əməliyyatlar və fond birjalarında qiymətləndirilməyə qəbul edilən qiymətli kağızlarla əməliyyatlar daxildir.
Veksellərlə əməliyyatlara veksellərin uçotu, yenidən uçotu, veksellərə etiraz; inkassasiyası, aksepti, indossiyalaşdırılması, saxlanılması, satışı üzrə əməliyyatlar daxildir.
Kommersiya bankları aktiv əməliyyat kimi komisyon əməliyyatlarını yerinə yetirir. Müştərinin tapşırığına əsasən onun adından və onun vəsaiti hesabına həyata keçirilən əməliyyat komisyon əməliyyat adlanır. Bu əməliyyatlar banka komisyon mükafatı qaydasında gəlir gətirir. Bu əməliyyatlara daxildir:
-
debitor borclarının inkassasiya edilməsi;
-
köçürmə əməliyyatları;
-
ticarət-komisyon əməliyyatları;
-
etibarlılıq (trast) əməliyyatları;
-
müştəriyə hüquqi və digər xidmət göstərmə əməliyyatı.
Debitor borclarının inkassasiyası dedikdə müştərinin tapşırığı ilə müxtəlif pul sənədləri üzrə pulların əldə edilməsi başa düşülür.
Ticarət-komisyon əməliyyatlarına: müştəri üçün qiymətli kağızların, qiymətli metalların alınıb-satılması; faktorinq, lizinq və digər əməliyyatlar daxildir.
Bankın komisyon əməliyyatlarından biri də balansarxası əməliyyatlardır. Hal-hazırda dünyanın aparıcı banklarında balansarxası əməliyyatlar geniş vüsət alır. Balansarxası hesablaşmalar geniş mənada bankların balansında əks olunmayan əməliyyatlardır. Bu əməliyyatlar bank tərəfindən həm vəsaitlərin cəlb edilməsi, həm də yerləşdirilməsi formasında həyata keçirilə bilər. Banklar müəyyən mükafat müqabilində müştərilərin tapşırıqları əsasında müxtəlif balansarxası əməliyyatları yerinə yetirə bilir. Bankların balansarxası əməliyyatlarının xüsusiyyəti ondadır ki, onların əksər hissəsi əvvəlcədən danışılmış müəyyən şərait yarandıqda bank aktiv əməliyyat aparmağı öhdəsinə götürür. Beləliklə, balansarxası hesabların əsas hissəsi şərti xarakter daşıyır.
Kredit təşkilatlarının trast, forvard valyuta sövdələşmələri, sənədli və ehtiyat akkreditivlərlə əməliyyatlar bu qəbildən olan əməliyyatlardır. Son zamanlarda balansarxası əməliyyatlar bank fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil etməklə banklara gəlir gətirir.
Balansarxası əməliyyatlar banklara aşağıdakı vəzifələrin yerinə yetirilməsinə yardımçı olur:
-
risklərin sığortalanması və yenidən bölgüsünün bazar iştirakçıları arasında bölüşdürülməsi;
-
kredit resurslarına müdaxilənin genişləndirilməsi;
-
aktivlərin gəlirliliyinin artırılması və əlavə mənfəət əldə edilməsi;
-
aktivlərin və passivlərin idarə edilməsi;
-
möhtəkirlik əməliyyatlarının aparılması.
Bankların komisyon-vasitəçilik əməliyyatları içərisində əsas yerlərdən birini trast (etibaretmə) əməliyyatları tutur. Kommersiya bankları öz müştərilərinin tapşırığına əsasən trast əməliyyatlarını yerinə yetirir.
Trast əməliyyatları dedikdə müştəri ilə müqavilə əsasında müştərinin tapşırığına görə onun vəsaitlərinin idarə edilməsi başa düşülür. Bu kommersiya banklarının öz müştərilərinə göstərdiyi xidmətin bir növüdür. Banklar etibaretmə əməliyyatlarının yerinə yetirilməsinə maraqlıdır. Bu əməliyyatlar nəticəsində banklar xüsusi cəlb etdikləri və borc aldıqları resurslardan əlavə resurs əldə edir, etibaretmə əməliyyatları xərclərinə nisbətən artıq gəlir əldə edir, müştərilər və digər banklarla əlaqələrini genişləndirirlər.
Bankın trast əməliyyatlarına xüsusi marağı ondadır ki, banklar onlara etibaredilən kapitalı yüksəkrentabelli, maliyyə cəhətcə möhkəm kompaniyaların səhm və istiqrazlarına yerləşdirirlər.
Trast əməliyyatları ilə əlaqədar bankların qiymətli kağızlar bazarına, xüsusən də fond birjalarına təsiri artır. Bu əməliyyatları yerinə yetirərkən banklar pul kapitalını toplayıb onları istehsala yönəltmək funksiyasını yerinə yetirir.
Qərb ölkələrinin təcrübəsinə əsaslanaraq trast əməliyyatları genişləndirilə bilər. Səhmdar cəmiyyətlər özlərinin fərdi pensiya təminatı sistemini qura bilir. Belə sistemlərin yaradılmasında məqsəd pensiya yaşlı və pensiya ərəfəsində olan işçilərdə əmək məhsuldarlığının yüksəlməsinə, kadr axınının qarşısını almağa, əmək qabiliyyəti itirildikdə müavinət almağa marağını artırır. Perspektivdə trast əməliyyatları xətti ilə bankların qeyri-dövlət pensiya fondu münasibətlərin qurulması da mümkündür. Bu fondlar öz vəsaitlərinin idarə edilməsində bankın trast bölməsinin xidmətlərindən istifadə edə bilirlər.
Trast əməliyyatlarında:
-
əmlakını idarə etmək üçün müqavilə əsasında onu etibarlı mülkiyyətçiyə etibar edən;
-
etibarlı idarəedən – trast müqaviləsinə əsasən əmlakı idarə etmək hüququnu öz üzərinə götürən tərəf;
-
qazanc əldə edən – xeyrinə əmlakı idarə olunan şəxs iştirak edir.
Etibarlı idarəedən qismində çıxış edən etibarlı idarəetmənin obyekti qismində yerli pul vahidində və xarici valyutada olan pul vəsaitləri, qiymətli kağızlar, təbii qiymətli daşlar və metallar çıxış edə bilər.
Bu zaman tərəflər arasında müqavilə imzalanır. Müqaviləyə əsasən bir tərəf öz əmlakını digər tərəfə müəyyən müddətə idarə etməyə verir. İdarə etməyə qəbul edən tərəf isə əmlakdan onun xeyrinə idarə etmək öhdəliyini qəbul edir. Hər iki tərəf müqavilədə nəzərdə tutulmuş qaydada gəlir götürürlər.
Trast xidməti üç əməliyyat qrupunu əhatə edir:
-
miras qalmış əmlakın sərəncamlaşdırılması;
-
himayəçilik ilə əlaqədar əməliyyatlar;
-
agent xidməti.
Bu əməliyyatları kommersiya banklarının xüsusi şöbələri yerinə yetirir. Kommersiya bankları idarə edilməsi onlara tapşırılmış qiymətliləri səmərəli yerləşdirməyə çalışır.
Çoxsaylı səhmdarları olan kompaniyalar səhmlərə görə dividendlərin ödənilməsini banklara həvalə edə bilər. Bu zaman bank agentlik kimi çıxış edir. Kommersiya banklarının trast əməliyyatlarında fiziki şəxslərin əvəzinə yerinə yetirilən işlər yüksək xüsusi çəkiyə malikdir. Buraya daxildir: müştəri öldükdən sonra onun vəsiyyətnaməsinə və ya məhkəmənin qərarına əsasən miras qalmış əmlakın sərəncamlaşdırılması; benefisarın xeyrinə əmlakın və onun idarə olunmasının etibar edənə verilməsi; depozitariya funksiyalarının yerinə yetirilməsi; daşınmaz əmlakın, qiymətli kağızların qiymətləndirilməsi, alınması və satılması üzrə məsləhətləşmələr.
Bankların yerinə yetirdiyi əməliyyatlardan biri də lizinq əməliyyatlarıdır. Lizinq əməliyyatları öz iqtisadi məzmununa görə aktiv əməliyyat, təşkilati formasına görə vasitəçilik əməliyyatı hesab edilir. Lizinq sahibkarlıq fəaliyyəti olub istehsal təyinatlı əmlakın kirayəyə verilməsi deməkdir. Bu zaman bir şəxs digər şəxsə ona lazım olan əmlakı özünün sərbəst vəsaiti hesabına əldə edərək haqqı ödənilməklə müvəqqəti istifadəyə verir. Lizinq fəaliyyəti – investisiya fəaliyyətinin bir növü olub, əmlakı əldə edib onu lizinqə vermək fəaliyyətidir. Lizinq – lizinq müqaviləsinin, o cümlədən lizinq əşyasının əldə edilməsinin reallaşması ilə əlaqədar yaranan iqtisadi və hüquqi münasibətlərin məcmusudur. Lizinqin subyekti kimi – lizinqverən, lizinqalan, satıcı çıxış edirlər.
Lizinqverən qismində özünün xüsusi vəsaiti və ya cəlb olunmuş vəsait hesabına lizinq müqaviləsində nəzərdə tutulan əmlakı əldə edərək onu lzinq əşyası kimi müəyyən haqq əsasında lizinqalana müəyyən şərtlərlə müəyyən müddətə istifadəyə verən fiziki və ya hüquqi şəxs çıxış edir. Bu zaman lizinq əşyasına mülkiyyət hüququ lizinqalana da keçə bilər. Lizinqverən qismində lizinq kompaniyaları və iri bankların qız kompaniyaları çıxış edirlər. Bu kompaniyaların fəaliyyətinin əsas problemi lazımi əmlakı əldə etmək üçün vəsait mənbəyinin tapılmasıdır. Banklar resurs verməklə lizinq kompaniyalarının kapitalında iştirak edir və lizinq əməliyyatlarında dolayısı ilə iştirak edirlər.
Lizinq alan qismində lizinq müqaviləsinə əsasən müəyyən müddətə müəyyən şərtlərlə, müəyyən haqq ödəməklə müqavilədə nəzərdə tutulan lizinq əşyasını qəbul edən fiziki və ya hüquqi şəxslər çıxış edirlər. Bununla lizinqalan əsaslı vəsait xərcləmədən əsas fond əldə edir, onu istismara buraxır, sahibkarlıqla məşğul olaraq qazanc əldə edir.
Satıcı qismində lizinq əşyası hesab edilən əmlakı alqı-satqı müqaviləsinə əsasən əmlakı müəyyən olunmuş müddətdə lizinqverənə satır. Satıcı lizinq əşyasını lizinqverənə və ya lizinqalana alqı-satqı müqaviləsi ilə təhvil verməlidir.
Lizinqin predmeti kimi sahibkarlıq fəaliyyəti üçün istifadə oluna bilən istehlak edilməyən bütün əşyalar, o cümlədən müəssisələr, digər əmlak kompleksləri, binalar, qurğular, avadanlıqlar, nəqliyyat vasitələri, digər daşınan və daşınmaz əmlak çıxış edə bilər.
Lizinq əməliyyatları bir növ uzunmüddətli kreditləşməni xatırlatsa da, onunla oxşar cəhətlərlə yanaşı müəyyən üstünlüklərə də malikdir.
Ssuda pul və natural formada olduğu halda lizinq natural formadadır. Bank pul formasında ssuda verərkən təminatlı olmasını tələb edir və ssudaların geri qaytarılmaması zamanı onun qaytarılması üçün girov obyektindən istifadə edilir.
Lizinqdə isə lizinqverən özü kreditor kimi çıxış edir və öz əmlakını icarəyə verir.
Lizinq münasibətləri müxtəlif variantlıdır. Bu baxımdan lizinqin maliyyə lizinqi, əməli lizinq, qaytarılmalı lizinq formaları mövcuddur.
Do'stlaringiz bilan baham: |