XVII FƏSİL. BEYNƏLXALQ VALYUTA-KREDİT MÜNASİBƏTLƏRİNİN ƏSASLARI
17.1. Valyuta sistemi və onun elementləri
Valyuta sistemi – valyuta münasibətlərinin təşkilinin hüquqi formasıdır və tarixən təsərrüfat münasibətlərinin beynəlmiləlləşməsi əsasında formalaşmışdır. Müxtəlif dövlətlər arasında iqtisadi, siyasi, mədəni və digər münasibətlər əldə olunan əmtəə, xidmət, verilən borc, kredit, kapitalın hərəkəti və digər məsələlər üzrə valyuta münasibətləri yaradır.
Beynəlxalq valyuta münasibətləri – valyutanın xarici iqtisadi dövriyyədə işlənməsi zamanı yaranan ictimai münasibətlərin məcmusudur. Valyuta sistemi burada beynəlxalq iqtisadi münasibətlərin intensivliyinin artması və ya azalmasına əhəmiyyətli dərəcədə təsir edir. Valyuta sistemi vasitəsilə iqtisadi resurslar bir ölkədən digərinə axır (və ya bu proses dayandırılır), istehsal və əməyin beynəlxalq bölgüsü üçün əlverişli şərait yaranır.
İctimai təkrar istehsal əmtəələrin, xidmət və kapitalın beynəlxalq dövriyyəsini yaradaraq valyuta münasibətlərinin obyektiv əsasına çevrilir. Valyuta münasibətləri təkrar istehsala münasibətdə törəmə münasibət olsa da, ona güclü təsir edir. Təsərrüfat münasibətlərinin beynəlmiləlləşdiyi dövrdə təkrar istehsalın xarici faktorlardan asılılığı artır: dünya istehsalının dinamikası, beynəlxalq ticarətin inkişafı, xarici kapitalın axını.
Beynəlxalq iqtisadi münasibətlərin inkişafı əhəmiyyətli dərəcədə valyuta sisteminin xüsusiyyətləri və onun institutlarının səmərəli işləməsindən asılıdır.
Valyuta sisteminin xarakterik cəhəti onun daim dəyişməsi, inkişaf etməsidir. Bu dəyişikliklərin ən ümumi səbəbləri: dünya təsərrüfat münasibətlərinin dərinləşməsi, onun mexanizmlərinin mərhələlərlə dəyişməsi, valyuta münasibətlərinin növlərinin formalaşmasına təsir etmək üçün dövlətlərin iqtisadiyyatlara müdaxilələri sahəsində müxtəlif istiqamətli proseslər və sair.
Milli, regional və dünya valyuta sistemləri fərqləndirilir.
Təsərrüfat münasibətlərinin beynəlmilələşməsi əsasında ilk əvvəl milli valyuta sistemi yaranır. Milli valyuta sistemi dedikdə dövlətin digər dövlətlərlə beynəlxalq valyuta münasibətlərini təşkil etməsinin müəyyən qaydası nəzərdə tutulur. O, tarixən yaranır və formalaşması dövlətin iqtisadi və xarici iqtisadi münasibətlərinin inkişafından asılıdır. Dövlətin milli valyuta sistemi pul-kredit münasibətlərini əhatə edir və dövlətin xarici iqtisadi münasibətlərinə xidmət etməsi üçün valyutanın işlək olmasını təmin edir. Milli valyuta sistemi hüquqi cəhətdən beynəlxalq hüquq normalarını nəzərə almaqla dövlətin hüquqi aktları ilə möhkəmləndirilir.
Beynəlxalq valyuta sistemini aşağıdakı elementlər xarakterizə edir:
-
Milli valyuta;
-
Milli valyutanın konvertasiya edilmə şərtləri;
-
Milli valyutanın valyuta pariteti rejimi – iki valyuta arası münasibətlər;
-
Milli valyutanın məzənnə rejimi (fiksasiya edilən, müəyyən hədlərdə sərbəst üzən);
-
Valyuta məhdudiyyətlərinin olub-olmaması;
-
Ölkənin beynəlxalq valyuta likvidliyinin milli tənzimi;
-
Beynəlxalq kredit dövriyyə vasitələrindən istifadənin tənzimi;
-
Ölkənin beynəlxalq hesablaşmalarının tənzimi;
-
Milli valyuta bazarının və qızıl bazarının rejimi;
-
Ölkənin valyuta münasibətlərini idarə edən və tənzimləyən milli orqanlar (mərkəzi bank, maliyyə nazirliyi, xüsusi orqanlar).
Azərbaycan Respublikasının mili valyuta sistemi dünya valyuta sisteminin prinsipləri nəzərə alınmaqla formalaşdırılır, çünki ölkə dünya təsərrüfatına inteqrasiya yolu seçmişdir, 1992-ci ildən BVF üzvüdür və digər beynəlxalq valyuta-kredit və maliyyə təşkilatlarına daxildir. Əsas pul və milli valyuta sistemi Azərbaycan manatıdır. Hazırda Azərbaycan manatı məhdud konvertasiya qaydalarına tabedir, amma ölkənin strateji məqsədi planlaşdırır ki, iqtisadiyyat stabilləşdikcə azad konvertasiya rejiminə keçsin. Çoxlu valyuta məzənnələri rejimi əvəzinə ölkə 1993-cü ildə vahid Azərbaycan manatı kursuna keçdi. Qanunverici orqan qaydaları müəyyən etdi: beynəlxalq ödəniş dövriyyəsinin həyata keçirilməsi və valyuta resurslarından, beynəlxalq kreditlərdən istifadə; valyuta bazarının fəaliyyəti və onun iştirakçılarının tərkibi; valyuta əməliyyatlarının qaydaları və sair. Valyuta tənzimini həyata keçirən orqanların statusu, valyuta siyasətinin əsas prinsipləri, həmçinin Azərbaycan Respublikasının beynəlxalq valyuta likvidliyinin tənzimlənməsi qaydası müəyyən olunmuşdur. Milli valyuta sistemi daxili pul, kredit və maliyyə sistemi ilə qarşılıqlı asılı vəziyyətə gətirilmişdir.
Regional valyuta sistemi – bir sıra dövlətlərin inteqrasiya proseslərini stimullaşdırmağa, milli valyutaların məzənnələrinin dəyişməsinin tənzimlənməsinə və regionun valyuta stabilliyi zonasına çevrilməsinə yönəlmiş, valyuta sahəsində təşkilati-iqtisadi münasibətlər formasıdır. Regional valyuta sistemi valyuta münasibətlərinin tənzimlənməsində öz mexanizmlərinə, əsas valyutalarına və beynəlxalq hesablaşma vahidlərinin təsirinin və rolunun məhdudlaşdırılmasına əsaslanır. Avropa valyuta sistemini, Asiya, Afrika və Latın Amerikasının regional inkişaf banklarını, Asiya Klirinq İttifaqını və sairi göstərmək olar.
Milli və regional valyuta sistemlərinin fəaliyyəti və təsirinin məqsəd və şərtləri müxtəlif ölkələrin iqtisadiyyatlarının inkişafına və müxtəlif dövlət və dövlət qruplaşmalarının maraqlarının uzlaşdırılmasına yönəlib.
Beynəlxalq valyuta sistemi – dünya təsərrüfatının təşəkkülü nəticəsində meydana çıxmış və dövlətlərarası razılaşmalarla hüquqi cəhətdən möhkəmlənmiş beynəlxalq valyuta münasibətlərinin təşkilatlanma formasıdır. Ümumdünya valyuta sistemi xarici iqtisadi münasibətlərə, dövlətlərarası valyuta tənzimlənməsi sisteminə xidmət edən mərkəzi banklar vasitəsilə milli valyuta sistemləri ilə bağlıdır və dövlətlərin valyuta siyasətlərinin koordinasiya edilməsi nəticəsində mövcuddur. Milli və beynəlxalq valyuta sistemlərinin əlaqəsi və fərqi bu sistemləri xarakterizə edən elementlərdə də özünü göstərir. Ümumdünya valyuta sisteminin aşağıdakı elementləri vardır:
-
Dünya pulunun funksional formaları (qızıl, ehtiyat valyutalar, beynəlxalq hesablaşma valyuta vahidləri);
-
Valyutaların qarşılıqlı konvertasiyası şərtləri;
-
Valyuta paritetlərinin və valyuta məzənnələrinin unifikasiyası rejimi;
-
Valyuta məhdudiyyətlərinin dövlətlərarası tənzimi;
-
Beynəlxalq valyuta likvidliyinin dövlətlərarası tənzimi;
-
Beynəlxalq kredit dövriyyə vasitələrindən (veksel, çek və s.) istifadə qaydalarının və beynəlxalq hesablaşma normalarının unifikasiyası;
-
Dünya valyuta bazarlarının və qızıl bazarlarının rejimi;
-
Dövlətlərarası valyuta tənzimini həyata keçirən beynəlxalq təşkilatlar.
Bu elementlər dünya iqtisadiyyatının vəziyyətinin yeni istiqamətlərinə müvafiq olaraq inkişaf edir.
17.2. Dünya valyuta sisteminin təkamülü
Valyuta sisteminin inkişafı milli və dünya iqtisadiyyatının inkişafı və ehtiyacları, onların strukturlarının quruluş prinsiplərinin dünya və milli təsərrüfatlarının qurulması prinsipi və dünya təsərrüfatının əlaqələri ilə müəyyən olunur. Buna görə də, dünya valyuta sisteminin bir neçə növü (inkişaf mərhələsi) fərqləndirilir .
Paris valyuta sistemi 19-cu əsrdə, sənaye inqilabından sonra və müvafiq olaraq dünya ticarətinin genişlənməsi ilə hüquqi cəhətdən isə bu sistem 1867-ci il Paris konfransında qəbul olunmuş dövlətlərarası razılaşma ilə formalaşdı. O, qızıl monometallaşmasına əsaslanırdı, qızılpul standartını tətbiq edirdi. Qızılpul standartı sistemi əlamətlərlə xarakterizə olunur: hər bir valyutanın qızıl təminatı vardı, bazar tələb-təklifindən asılı olan, amma qızıl ehtiyat həddində sərbəst dəyişən valyuta məzənnəsi müəyyən edilirdi, valyutalar qızıla konvertasiya edilə bilirdi, qızıl ehtiyat-ödəniş vasitəsi kimi istifadə olunurdu, qızılın ölkədən-ölkəyə sərbəst idxal-ixracına icazə verilirdi.
Qızılpul standartı müəyyən dərəcədə təbii tənzimləyici rolunu oynadı, onunla istehsal, xarici iqtisadi münasibətlər, pul dövriyyəsi, ödəniş balansları və beynəlxalq ödəmələr hesablaşırdı. Qızılpul standartı valyuta məzənnəsinin və ödəniş balansının bazar bərabərləşməsi mexanizminin işlədiyi birinci dünya müharibəsinə qədər nisbətən səmərəli idi. Lakin zaman içində böyüyən təsərrüfat münasibətləri miqyasının tələblərinə və bazar iqtisadiyyatının tənzimlənməsi şərtlərinə cavab verə bilmədi. Birinci Dünya müharibəsi dövründə əksər ölkələrdə kağız pulların qızıla sərbəst dəyişdirilməsi dayandı və daxili qızıl dövriyyəsi ləğv olundu. Birinci Dünya müharibəsi dünya valyuta sisteminin böhranı ilə əlamətdar oldu. Qızılpul standartı artıq işləmədi.
Genuya valyuta sistemi 1922-ci il Genuya beynəlxalq iqtisadi konfransında qəbul olunmuş razılaşma ilə rəsmiləşdi. Bu sistem qızıldeviz65 standartı tətbiq etdi; qızıla və qızıla konvertasiya olunan valyutaya əsaslanırdı.
Milli kredit pulları qızıl paritetinin saxlanması ilə beynəlxalq ödəniş-ehtiyat vasitəsi kimi istifadə edilməyə başlandı. Valyuta qızıla həm birbaşa, həm də dolayı – xarici valyuta vasitəsilə - konvertasiya edilə bilərdi. Valyuta məzənnələrinin sərbəst dəyişməsi rejimi bərpa edildi, amma indi qızıl ehtiyatı tələb olunmurdu. Valyuta sisteminin tənzimlənməsi sistemi işləndi – aktiv valyuta siyasəti yürüdülür, beynəlxalq konfranslar təşkil olunurdu. Ehtiyat valyuta statusu – konvertasiya olunan valyutaların xüsusi kateqoriyası – heç bir valyutaya xüsusi olaraq verilməmişdi. Buna görə də, dövlətlər bu mövqe üçün gərgin rəqabət aparırdılar və nəticədə müxtəlif valyuta blokları yarandı.
1929-1933-cü illər dünya iqtisadi böhranı dünya maliyyə böhranı ilə müşayiət olundu. Genuya valyuta sistemi nisbi sabitliyini itirdi. Daxili dövriyyədə kağız pulların qızıla mübadiləsi dayandırıldı, amma mərkəzi bankların razılaşması ilə valyutaların qızıla xarici mübadiləsi saxlandı. Beynəlxalq valyuta sistemi müxtəlif valyuta bloklarına bölündü.
Valyuta blokları beynəlxalq ödəniş vasitəsi kimi həmin bloka başçılıq edən dövlətin valyutasında istifadə edən dövlət qruplaşmalarını təmsil edir. Valyuta blokları bir neçə dövlətin güclü dövlətdən iqtisadi, valyuta və maliyyə asılılığına əsaslanırdı. Həmin blokların xüsusiyyətləri vardır:
-
Asılı valyutaların məzənnələri qrupa rəhbərlik edən dövlətin valyutasına bağlıdır;
-
Beynəlxalq hesablaşmalar lider dövlətin valyutasında aparılır;
-
Blokun üzvlərinin valyuta ehtiyatları lider dövlətdə saxlanır;
-
Asılı valyutaların təminatı lider dövlətin xəzinə vekselləri və dövlət borc kağızları idi.
Əsas valyuta blokları funt-sterlinq və dollar blokları idi. Onlar dollar standartının ABŞ və Böyük Britaniyada ləğv edilməsindən sonra yarandı.
Dünya valyuta sistemlərinin bir sıra müstəqil valyuta bloklarına bölünməsi, valyutanın qızılla birbaşa əlaqəsinin aradan qalxması, onların həddən artıq etibarsız olması xarici iqtisadi münasibətlərin inkişafına çox mənfi təsir etdi. Valyuta sferası gərgin dövlətlərarası mübarizənin, rəqabətin və qarşıdurmaların sahəsi oldu. İkinci Dünya müharibəsi Genuya valyuta sisteminin çökməsini gücləndirdi. Buna görə də müharibədən sonrakı dövrdə dövlətlərarası valyuta münasibətlərini tənzimləyəcək beynəlxalq normaların yaradılması ehtiyacı yarandı.
Bretton-Vuds valyuta sistemi 1944-cü il müqaviləsi ilə rəsmiləşdi. Təbiətcə həmin sistem qızıl-deviz standartını xatırladırdı, amma ehtiyat valyuta statusu hüquqi olaraq ABŞ dolları və funt-sterlinqə verildi. Bundan əlavə, valyutaların məzənnəsi və qızıl pariteti sabit müəyyənləşdirildi (dəyişiklik paritetin 1% ətrafında, Qərbi Avropada isə 0.75%); dollar ehtiyatının xarici mərkəzi banklar tərəfindən Amerika xəzinədarlığı vasitəsilə rəsmi qiymətə qızıla dəyişdirilməsi mümkün idi. O zaman beynəlxalq valyuta tənzimini həyata keçirmək üçün Beynəlxalq Valyuta Fondu (BVF) yaradıldı.
Beləliklə, qeyri-sosialist ölkələrdə valyuta münasibətlərini sabitləşdirəcək, valyuta məzənnələrini möhkəmləndirəcək və beynəlxalq valyuta əməkdaşlığını təmin edəcək sistem yaradıldı. Lakin bu sistem ABŞ üçün birtərəfli üstünlüklər və faydalar yaratdı. Belə ki, ABŞ dollarına ümumi ödəniş vasitəsi və valyuta ehtiyatı statusu verildi. Dollar valyuta prioritetlərinin əsasında durdu, beynəlxalq hesablaşmalar, valyuta müdaxilələri və ehtiyat aktivlər vasitəsi oldu. ABŞ öz mövqelərini dünyada möhkəmləndirmək üçün digər ölkələrdən istifadə etməyə başladı.
Bretton-Vuds valyuta sisteminin fəaliyyəti bütün qeyri-sosialist ölkələrinin ABŞ-dan asılılığına əsaslanırdı. Sənayeləşmiş ölkələr hərbi potensialını bərpa etdikcə, Qərbi Avropa və Yaponiya iqtisadiyyatları sabitləşdikcə ABŞ-ın rəqiblərinə çevrildilər və buna görə də Bretton-Vuds valyuta sistemi 1971-1976-cı illərdə dağılmağa başladı: nəticədə dolların qızıla dəyişdirilməsi dayandı; qızılın rəsmi qiyməti ləğv olundu; sabit valyuta məzənnələri üzən məzənnələrlə əvəzləndi; valyuta zonaları aradan qalxdı.
Hazırda fəaliyyət göstərən Yamayka valyuta sistemi 1976-cı ildə Beynəlxalq Valyuta Fondu üzvləri tərəfindən qəbul olunan və 1978-ci ildə qüvvəyə minən Beynəlxalq Valyuta Fondunun Yeni Nizamnaməsi ilə yaradıldı. Qızıldeviz Standartı SDR standartı ilə əvəzləndi. Yeni valyuta sisteminin əsasında rəsmi tanınan SDR dururdu – o yeni beynəlxalq hesablaşma vasitəsi idi. Beynəlxalq Valyuta Fondu üzv-dövlətləri onun əsasında öz valyutalarının paritetlərini müəyyən etməli idilər. Lakin faktiki olaraq SDR dəyər vahidi, əsas beynəlxalq hesablaşma və ehtiyat vasitəsinə çevrilmədi. SDR-in tətbiq sahəsi Beynəlxalq Valyuta Fondunun əməliyyatları ilə məhdudlaşdı. SDR-ə təhkimlənən valyutaların sayı azalır. Yəni əslində dollar standartı qüvvədə qaldı. Dollar əvvəlki kimi beynəlxalq ödəniş və ehtiyat vasitəsi kimi istifadə olunur və SDR valyuta səbətinin bir hissəsi onun payına düşür.
Yamayka valyuta sistemi çərçivəsində əslində qızılın puldan ayrılması baş verdi: onun rəsmi qiyməti aradan qalxdı; onun dollara dəyişdirilməsi dayandı; Beynəlxalq Valyuta Fondu və onun üzvləri arasında dollardan hesablaşma vasitəsi kimi istifadə dayandı; milli valyutaların qızıla bərkidilməsindən imtina qanuniləşdirildi; Beynəlxalq Valyuta Fondunun qızıl ehtiyatı qismən istifadə olundu (və ya üzvlərin həmin ehtiyatdakı payı geri qaytarıldı).
Valyuta məzənnəsi rejimini seçmək hüququ ölkələrə verildi: ya üzən məzənnə sisteminə keçərək məzənnənin dəyişməsinə heç bir məhdudiyyət qoymamaq ya da milli valyutanın stabil məzənnəsini təyin etmək və saxlamaq. Lakin hələ 1973-cü ildə Beynəlxalq Valyuta Fondu üzvləri praktiki olaraq birinci varianta keçmişdilər, çünki bu metod daha çevikdir.
Əvvəlki kimi BVF dövlətlərarası valyuta tənzimlənməsini möhkəmləndirməli və valyuta məhdudiyyətlərinin aradan qaldırılması yolu ilə valyuta münasibətlərini liberallaşdırmalıdır. Yamayka valyuta sistemi təkmilləşməkdə və dünya dövlətlərinin valyuta münasibətlərindəki problemləri həll etməkdə davam edir. Xüsusilə də bu problemləri: SDR standartının səmərəsizliyi; qızılın puldan hüquqi cəhətdən ayrılması ilə onun fövqəladə dünya pulu rolu arasındakı ziddiyyətlər; üzən məzənnələrin təkmil olmaması; dövlətlərin dünya valyuta sistemindəki bərabər olmayan mövqeləri; dünya mərkəzləri arasındakı valyuta-siyasi koordinasiyanı gücləndirmək və valyuta mexanizmlərini möhkəmləndirmək.
Beynəlxalq (regional) valyuta sistemi – Avropa valyuta sistemi (AVS) 1979-cu ildə yaradıldı: inteqrasiya proseslərini möhkəmləndirmək; Avropa siyasi, iqtisadi və valyuta sistemini – Avropa İttifaqını – yaratmaq; Qərbi Avropanın mövqelərini möhkəmləndirmək; Avropanın öz valyutası ilə stabillik zonasını yaratmaq; Avropa ümumi bazarını dolların müdaxiləsindən qorumaq.
AVS dünya valyuta sisteminin altsistemidir. Qərbi Avropanın inteqrasiya prosesləri AVS-nin müqəddəratını həll edir və bununla da Yamayka valyuta sisteminin prinsiplərindən fərqlənir. SDR-in əvəzində EKYU – Avropa Valyuta Vahidi (1979-1998) buraxıldı. EKYU nəinki dövlət, həm də özəl sahədə işlənirdi, o cümlədən bankların depozit və borc vasitəsi, özəl firmaların beynəlxalq ödəniş vasitəsi kimi və sair. Qızıl və dollar EKYU-nun buraxılma mexanizmlərinə daxil oldu və üzv dövlətlərin qızıl-dollar ehtiyatlarının 20% özündə cəmləşdirdi. Qızılla əməliyyatlar bərpa olundu. Qarşılıqlı üzən valyuta məzənnəsi rejiminə AVS üzvləri valyutalarının bir-birinə nisbətdə üzmə hədləri müəyyən olundu (“Avropa valyuta ərazisi”).
Beynəlxalq Valyuta Fondunun əleyhinə Avropanın öz valyuta tənzimləyicisi 1979-cu ildə yarandı – Avropa Valyuta Əməkdaşlığı Fondu. 1994-cü ildə onun funksiyaları Avropa Valyuta İnstitutuna, 1998-ci ildə isə Avropa Mərkəzi Bankına keçdi. 7 fevral 1992-ci ildə Niderlandda imzalanan və 1 noyabr 1993-cü ildə qüvvəyə minən Maastrixt müqaviləsinə əsasən Avropa Birliyi Avropa İttifaqı adlanmağa başladı.
Maastrixt müqaviləsi siyasi, iqtisadi və valyuta ittifaqının mərhələlərlə yaradılmasını nəzərdə tuturdu.
Birinci mərhələ (1 iyul 1990 – 31 dekabr 1993) iqtisadi və valyuta ittifaqının, o cümlədən hazırlıq tədbirlərinin həyata keçirilməsini nəzərdə tuturdu. Xüsusilə, ölkələrin iqtisadi inkişaf səviyyələrinin bərabərləşdirilməsi gedir, inflyasiya tempi aşağı salınır, büdcə kəsirləri azaldılır, valyuta məzənnələri stabilləşdirilir, dövlət maliyyələşməsi sağlamlaşdırılırdı. Bu illərdə valyuta məhdudiyyətlərinə tam son qoyuldu, kapitalın ittifaq daxili və üçüncü ölkələrlə sərbəst hərəkəti başladı. Bu tədbirlər avronun vahid valyuta kimi tətbiqinə hazırlıq idi.
İkinci mərhələ (1 yanvar 1994 – 31 dekabr 1998) avronun tətbiqini yaxınlaşdırmaq üçün Avropa İttifaqı üzvlərindən daha konkret tədbirlər tələb edirdi. Artıq qeyd edildiyi kimi, Avropa Valyuta İnstitutu 1998-ci ildə fəaliyyətə başladı. O, milli hökumətlərdən və milli hökumətlərdəki Avropa orqanlarından asılı deyildi. O, avronun buraxılmasından əvvəl lazımi hazırlığı görməli idi. İşlərin nəticələri: milli Mərkəzi banklar arasında əməkdaşlıq gücləndi; Avropa İttifaqı ölkələri arasında valyuta siyasəti uzlaşdırıldı, Avropa İttifaqı çərçivəsində valyutaların dəyişməsinə etibarlı nəzarət, valyuta tənzimlənməsi və ödəniş sistemi yaxşılaşdı, Avropa Mərkəzi Bankının yaradılmasına zəmin hazırlandı (hüquqi, təşkilati və maddi-texniki). Dövlət müəssisələrinin mərkəzi bankları tərəfindən maliyyələşdirilməsini, dövlət borclarının mərkəzi banklarına ötürülməsini tənzimləyən (qadağan edən), mərkəzi bankların dövlətdən asılılığını aradan qaldıran qaydalar qəbul edildi.
Beləliklə, Avropa Valyuta İnstitutu Avropa Mərkəzi Bankının yaradılması üçün əsas oldu. 1998-ci ildən fəaliyyətə başlayan Avropa Mərkəzi Bankının əsas məqsədi qiymətlərin stabilliyini və müvafiq olaraq vahid valyutanı qorumaq idi.
Üçüncü mərhələ - (1999-2002) vahid valyuta olan avroya keçidi nəzərdə tuturdu. 1 yanvar 1999-cu ildən Avropa İttifaqı üzv ölkələrinin milli valyutalarına münasibətdə avronun sabit kursu müəyyən edildi və avro ümumi valyuta elan edildi. 2002-ci ilədək milli valyutalar paralel işləndi. 1 yanvar 2002-ci ildən avro banknotları və sikkələri buraxılmağa başlandı və yerli valyutaları əvəz etdi. 2002-ci ilin iyulunda üzv-dövlətlərin təsərrüfatlarının vahid valyutaya keçidi başa çatdı.
Avropa mərkəzi banklarının sistemi işə başladı. Ona Avropa Mərkəzi Bankı və avrozona ölkələrinin mərkəzi bankları daxil idi. Avropa mərkəzi banklarının sisteminin məqsədlərinə daxildir:
-
Avropa İttifaqı ölkələrində vahid valyuta siyasətinin yürüdülməsi;
-
Avronun digər dünya valyutalarına münasibətdə məzənnəsinin saxlanması;
-
İttifaq ölkələrinin xarici ehtiyatlarından istifadə;
-
Avrozonada beynəlxalq ödəniş sisteminin işləkliyini təmin etmək;
-
Avro banknotlarının buraxılışını idarə etmək;
-
Hər bir mərkəzi bankın emissiya kvotasını müəyyən etmək;
-
Ümumavropa maliyyə sisteminin stabilliyini təmin etmək üçün Avropa İttifaqı maliyyə institutlarına nəzarət.
Dördüncü mərhələ - 2003-cü ildən başladı və iqtisadi valyuta ittifaqının valyuta sisteminin inkişafı üçün yeni istiqamətlər müəyyən edir. Avronun tətbiqi iqtisadi və valyuta ittifaqında olan dövlətlər arasındakı əlaqələri və qarşılıqlı asılılığı artırmalı, onların valyuta və iqtisadiyyat üzrə hərəkətlərini regiondakı əsas tərəfdaşları ilə koordinasiya etməyə sövq etməlidir.
Avronun tətbiqi beynəlxalq maliyyə-kredit münasibətlərinin iştirakçısı və beynəlxalq təşkilatların üzvü kimi Azərbaycan Respublikasının da beynəlxalq valyuta-maliyyə münasibətlərinə ciddi təsir edir. Bundan əlavə, Azərbaycan Respublikasının ticarət tərəfdaşlarından bəziləri avrozona üzvləridir. Azərbaycan Respublikası Mərkəzi Bankı 4 yanvar 2000-ci ildən avronun katirovkasına və Bakı Fond Birjasında avro alqı-satqısına başladı. Təsərrüfat subyektləri və əhali avroda hesab aça, hesablaşmalar və köçürmələr apara, depozitlər saxlaya, konvertasiya edə və digər əməliyyatlar apara bilərdilər. Azərbaycan bank sistemi nizamnamə kapitalını avroda saxlaya bilər, xarici bank əməliyyatlarını avroda və digər valyutalarda apara bilər.
17.3. Valyutaların konvertasiya qabiliyyəti
Milli valyutanın konvertasiya qabiliyyəti – dövlətin müdaxiləsi olmadan onun xarici valyutaya və geriyə mübadilə edilməklə sərbəst çevrilməsidir. Pul mütləq vasitəçi rolunda xarici iqtisadi fəaliyyəti formasının inkişafına xidmət edir və beynəlxalq əmtəə mübadiləsinin bütün sahələrində iştirak edir. Valyutaların konvertasiya edilməsi mexanizmi ilə beynəlxalq ödəniş vasitəsi problemi və bir dövlətin valyutasının digərinin ərazisində istifadə edilməsi problemi aradan qalxır.
Ölkə daxilində və dünya miqyasında yalnız eyni dəyərli qızıla əsaslanan pul dövriyyəsi özündə dövrilik mexanizmi ehtiva edər və bir valyutadan digərinə keçid üçün heç bir xüsusi vasitə və mübadilə metodları tələb etməzdi. Azad və qeyri-məhdud konvertasiya öz-özlüyündə nəzərdə tutulmuş olardı.
Qızılın puldan ayrılması, banknotların qızıla sərbəst dəyişdirilməsinin dayandırılması, kağız pul və kredit pullarına əsaslanan pul sisteminin işə salınması ilə vəziyyət köklü surətdə dəyişdi. 1929-1933-cü illərdəki dünya iqtisadi böhranı bütün dünya ölkələrinin valyuta sisteminə qarşısıalınmaz təsir etdi və valyutaların konvertasiya edilmə qabiliyyətini əsl problemə çevirdi.
Milli valyutaların konvertasiya olunmasına keçməsi kifayət qədər özünəməxsus bir proses oldu. Bunun üçün müəyyən iqtisadi zəmin yaranmalıdır: idxal-ixrac əməliyyatları inkişaf etməli, rəsmi qızıl valyuta ehtiyatları formalaşmalı, inflyasiyanın qarşısı alınmalı, dövlət büdcəsinin kəsirləri azaldılmalı, ödəmə balansı azaldılmalı, ölkənin xarici borcu idarə olunmalı, ölkədəki sosial-iqtisadi vəziyyət stabil olmalıdır.
Ən arzuolunan variant lazımi şərait yarandıqca sərbəst konvertasiyaya tədricən keçməkdir. Lakin volyuntarist (qəfil) variant da mövcuddur. Bu halda milli valyutanın məzənnəsi dərhal düşür, rəsmi valyuta ehtiyatları tükənir, idxal bahalaşır, inflyasiya güclənir, xarici borc ödənərkən valyuta itkisi artır.
Konvertasiya edilən valyutaya keçid problemlidir və seçim məsələsidir: konvertasiya edilən mərhələləri, kimin üçün nəzərdə tutulması (rezident ya qeyri-rezident), əməliyyatların növü, valyuta məhdudiyyətlərinin lüzumluluq dərəcəsi.
Valyuta siyasəti aləti kimi bir sıra dövlətlər zaman-zaman valyuta məhdudiyyətlərindən istifadə edirlər: rezident və qeyri-rezidentlərin valyuta və digər valyuta dəyərliləri ilə əməliyyatlarının qanuni və ya inzibati qadağası, məhdudlaşdırılması və reqlamentləşdirilməsi.
-
Valyuta məhdudiyyətlərinin məqsədləri:
-
Ödəniş balansının bərabərləşdirilməsi;
-
Valyuta məzənnəsinin saxlanması;
-
Valyuta dəyərlilərinin dövlətin əlində cəmləşdirilməsi.
Valyuta məhdudiyyətləri prinsiplərinin tətbiqi nəzərdə tutur: beynəlxalq ödənişlərin və kapital köçürülməsinin, qızılın hərəkətinin, qiymətli kağızların tənzimlənməsi; xarici valyuta və digər valyuta dəyərlilərin sərbəst alqı-satqısının məhdudlaşdırılması və ya qadağası; valyuta əməliyyatlarının mərkəzləşdirilmiş qiymətli kağızlarla aparılması; valyuta əməliyyatlarının lisenziyalaşdırılması; valyuta hesablarının tam və ya qismən dondurulması, valyuta məzənnələrinin çoxluğu və sair.
Valyuta məhdudiyyətlərinin iki əsas tətbiq sahəsi fərqləndirilir: ödəniş balansının cari əməliyyatları (ticari və qeyri-ticari əqdlər) və maliyyə əməliyyatları (kapitalın, kreditlərin və digər transfertlərin hərəkəti). Konvertasiya edilmə dərəcəsi ölkədəki valyuta məhdudiyyətlərinin həcmi və sərtliyinə tərs-mütənasibdir və valyuta mübadiləsinin və beynəlxalq əqdlər üzrə ödənişlərin həyata keçirilməsi imkanlarını azaldır.
İlk maliyyə məhdudiyyətləri Birinci Dünya müharibəsi də müharibə edən ölkələrdə tətbiq olunmağa başladı. Müvəqqəti stabilləşmə dövründə (1924-1928) bu məhdudiyyətlər aradan götürülsə də, dünya iqtisadi böhranı zamanı (1929-1933) geniş tətbiq olunmağa başladı və İkinci Dünya müharibəsinin başlaması ilə bir neçə ölkə istisna olmaqla bütün dünyada tətbiq olunmağa başladı. Müharibədən sonrakı dövrdə beynəlxalq valyuta məhdudiyyətləri ilə Beynəlxalq Valyuta Fondu məşğul oldu və valyuta məhdudiyyətlərinin aradan qaldırılmasına başlandı. Lakin belə məhdudiyyətlər indi də bəzi ölkələrdə qalmaqdadır.
Valyuta məhdudiyyətlərindən asılı olaraq konvertasiyanın bir neçə rejimi fərqləndirilir. Belə ki, konvertasiya qabiliyyəti xarici və daxili ola bilər. Xarici konvertasiya zamanı eyni dövlətin rezidentləri – hüquqi və fiziki şəxsləri – xarici ölkə valyutasından istifadə edə bilməz, lakin ölkə daxilində pulla qeyri-rezidentə hesablaşma məqsədilə xarici valyutada pul köçürə bilərlər. Bu xarici investorların aktivliyini stimullaşdırır, kapitalın repatriasiyası problemini və əldə olunan gəlirin ölkədən çıxarılması problemini aradan qaldırır; həmin valyutaya bu və ya digər dərəcədə sabit beynəlxalq tələb yaranır və ölkənin valyuta məzənnəsinə və valyuta vəziyyətinə müsbət təsir edir. Qeyri-rezidentlər valyutadan sərbəst istifadə edə bilərlər, yəni onu xaricə apara bilər, onunla lazımi əmtəələr ala bilər və ölkəyə ixracı artıra bilərlər. Belə rejim daha az iqtisadi və maliyyə dəyişiklikləri tələb edir, çünki qeyri-rezident valyuta sahibləri adətən rezidentlərə münasibətdə çox azdır.
Daxili konvertasiya rejimində ölkənin rezidentləri daxili valyutanı sərbəst şəkildə xarici valyutaya dəyişə bilərlər, lakin qeyri-rezidentlərin belə hüququ yoxdur. Daxili konvertasiya həm hüquqi, həm də fiziki şəxslərə tətbiq olunur. Bu ola bilər: milli valyutanın xarici valyutaya dəyişdirilməsinə məhdudiyyətin aradan qaldırılması, o cümlədən xaricə gedərkən; milli valyutaya xarici əmtəələrin alınmasına hüquq verilməsi və sair.
Konvertasiya edilmə dərəcəsinə görə azad və məhdud konvertasiya edilən valyutalar fərqləndirilir.
Sərbəst konvertasiya edilən valyuta – xarici valyutalara sərbəst və qeyri-məhdud konvertasiya edilən valyutadır. O tam daxili və xarici dönərliliyə malikdir, yəni eyni mübadilə rejimindədir. Sərbəst konvertasiya olunan valyutanın tətbiq dairəsi gündəlik xarici iqtisadi əməliyyatlarla əlaqədar cari əməliyyatlara (xarici ticarət dövriyyəsi, qeyri-ticari ödənilər, xarici turizm) və həmçinin xarici kreditlərin və ya xarici investisiyaların hərəkəti üzrə əməliyyatlara tətbiq olunur. Bu rejim bütün hüquqi və fiziki şəxslərə tətbiq olunur və bütün regionları əhatə edir. Konvertasiya edilən valyutanı emissiya edən ölkə dünya əmək bölgüsündən yararlanmaq üçün hesablaşmalarda məhdudiyyət tətbiq etmir, ölkə iqtisadiyyatını dünya ticarətinə açır. Lakin belə valyuta dünya valyutası rolunu oynamır, yəni ondan heç də həmişə beynəlxalq ödənişlərdə və əmtəələrin alınmasında, depozit toplanmasında istifadə oluna bilməz. Belə qabiliyyətə müəyyən dərəcədə ehtiyat sərbəst dönərli valyutalar malikdir. Bunlar möhkəm maliyyə potensialına malik və güclü bank sistemi olan inkişaf etmiş ölkələrin valyutaları olur. Xarici ölkələrin mərkəzi bankları beynəlxalq hesablaşmalarda istifadə edilmək üçün bu valyutalarda ehtiyatlar saxlayır.
Bəzən sərbəst dönərli valyuta dünya praktikasında beynəlxalq hesablaşmalar üçün ümumqəbulolunmuş valyuta kimi işlənir. Bu halda emitent dövlət passiv ticarət və ödəmə balansına malik olsa da, bu onun üçün təhlükəli deyil və daxili iqtisadiyyat üçün mənfi nəticələr doğurmur. Ölkənin ödənişlərindəki fərqi onun özünün milli pulu ilə örtülə bilməsidir. Bu pullar beynəlxalq ödəmə dövriyyəsində iştirak etdikcə əmtəə çatdırılması tələbi ilə və ya xarici valyutaya dəyişdirilməsi üçün qayıtmır.
Məhdud dönərli valyutalı ölkələrdə dövlət valyuta məhdudiyyətlərindən istifadə edir. Xarici iqtisadi dövriyyənin müəyyən əməliyyatlarına və ya valyutanın müəyyən sahiblərinə dönərlilik tətbiq olunmur. Müəyyən dövlətlərə və ya dövlətlər qrupuna münasibətdə də məhdudiyyətlər tətbiq edilə bilər.Hansı istiqamətlərdə hansı əqdlərin və kimlərə münasibətdə həyata keçirilməsindən asılı olaraq ən müxtəlif variantlar mümkündür. Valyuta məhdudiyyətinin səbəbi ola bilər: xarici borclanmanın təsiri; ödəniş balansının mənfi saldosu; xarici valyuta qıtlığı; iqtisadiyyata digər mənfi təsirlər.
Milli valyutanın sərbəst dönərliliyinə keçilməsi milli və dünya təsərrüfatları arasında geniş münasibətlərin formalaşması, bu iqtisadiyyatların dərin inteqrasiyası prosesinin nəticəsidir.
Milli valyuta dönərliliyi ölkədə aşağıdakıları təmin edir:
-
İstehsalçının həm daxildə, həm də xaricdə daha əlverişli xammal bazasına və satış bazarına çıxışı;
-
Xarici sərmayənin cəlbi və xaricə sərmayə qoyulması üçün daha yaxşı imkanlar;
-
Milli müəssisələrin dəyişən şəraitə öyrəşməsi və xarici rəqabətin təsiri altında daha səmərəli, çevik və şəraitə uyğunlaşma qabiliyyəti əldə etməsi;
-
Milli istehsalın keyfiyyət, qiymət və kəmiyyət baxımdan dünya standartlarına uyğunlaşması;
-
Milli valyutada beynəlxalq hesablaşmaların aparılması;
-
Xarici ölkələrlə aparılan iqtisadi əməkdaşlığın nəticələrinin mötəbər qiymətləndirilməsi;
-
Valyuta ehtiyatlarından istifadənin səmərəliliyinin artırılması.
Milli valyutanın dönərli olması üçün ölkə iqtisadiyyatı bazar iqtisadiyyatlı olmalıdır, ona görə ki, o, pul sahiblərinin sərbəst iradə ifadəsinə əsaslanır. Milli valyutanın sərbəst konvertasiya edilməsi üçün lazımi şərtlər və zəmin hazırlanmalıdır. Bunlara aiddir: iqtisadiyyatın sabitləşdirilməsi və bazar münasibətlərinə keçid; milli ixracın rəqabət qabiliyyəti; istehsal və valyuta bazarı vasitələrinin real bazarı; qiymətəmələgəlmədə islahatlar aparılması və daxili qiymətlərin dünya qiymətlərinə yaxınlaşması; maliyyə sahəsinin sağlamlaşdırılması və maliyyə axınının möhkəmləndirilməsi; kifayət qədər maliyyə ehtiyatı; real valyuta məzənnəsi; valyuta məhdudiyyətlərinin tədricən aradan qaldırılması və sair.
Do'stlaringiz bilan baham: |