XVIII FƏSİL. BEYNƏLXALQ VALYUTA-KREDİT
VƏ MALİYYƏ TƏSİSATLARI
18.1. Beynəlxalq hesablaşmalar
Xarici iqtisadi fəaliyyət pul vəsaitinin dövlətlər arasında dövriyyəsi ilə müşayiət olunur və beynəlxalq hesablaşmaların aparılması ilə həyata keçirilir.
Beynəlxalq hesablaşmalar – dövlətlər və müxtəlif ölkələrin rezidentləri olan hüquqi və fiziki şəxslər arası pul tələb və öhdəlikləri üzrə ödəmələrin tənzimlənməsi sistemidir. Buna əmtəə idxal-ixracı üzrə hesablaşmalar, xidmətlər və qeyri-əmtəə əməliyyatları üzrə hesablaşmalar (mədəni proqramlar, səfirliklərin saxlanması, turizm və sair), maliyyə əməliyyatlarının və borcun xidməti üzrə hesablaşmalar (kapitalın hərəkəti) və sair daxildir.
Beynəlxalq hesablaşmalardakı spesifikalar daxili hesablaşmalardakı spesifikalardan fərqlidir. Əsas xüsusiyyətlər bunlardır:
-
Beynəlxalq hesablaşmaların qaydası. Bir tərəfdən ödəniş edən tərəflərin yerləşdiyi ölkələrin qanunvericiliyi, bank adətləri, tərəflər arasındakı müqavilə ilə tənzimlənir. Digər tərəfdən xarici iqtisadi dövriyyəni tənzimləmək üçün beynəlxalq unifikasiya qaydaları və adətləri mövcuddur.
Hesablaşmaların beynəlxalq unifikasiyası beynəlxalq hesablaşmaların ümumi qaydalarının müəyyən olunduğu beynəlxalq sənədlərin hazırlanması və imzalanması ilə həyata keçirilir (məsələn, Veksel barədə 1930-cu il Cenevrə konvensiyası, beynəlxalq sadə və köçürülən veksellər barədə Birləşmiş Millətlər Təşkilatının 1988-ci il konvensiyası və sair.), həmçinin Beynəlxalq Ticarət Palatasının beynəlxalq hesablaşmalar praktikasına unifikasiya edilmiş qaydalar və işgüzar adətlər daxil etməsi ilə (sənədli akkreditivlər üçün vahid qaydalar və adətlər, inkasso üzrə vahid qaydalar və sair). Beynəlxalq qaydalar əsasən tövsiyə xarakteri daşıyır. Belə ki, onlar əsasən beynəlxalq təşkilatların layihələrində və vahid qaydalarında təsbitini tapır. Onlar hüquqi qüvvəyə malik deyil və onların müddəaları konkret xarici iqtisadi əqdlərdə hesablaşma tərəflərinin razılığı ilə aparılır.
-
Beynəlxalq hesablaşmalar adətən sənədli xarakter daşıyır, yəni əmtəənin göndərildiyini, onun qiymətləndirilməsi və sığortalanmasını və sairi təsdiq edən sənəd təqdim edilməklə həyata keçirilir.
Hesablaşma üçün iki növ sənəddən istifadə oluna bilər: kommersiya (ticarət) və maliyyə (ödəmə). Maliyyə sənədlərinə adi veksel, çek, borc kağızı və pul tələbinin göstərildiyi digər sənədlər daxildir. Kommersiya sənədlərinə nəqliyyat, anbar, sığorta və beynəlxalq və milli ticarətdə qəbul olunmuş digər sənədlər daxildir – hesab-faktura, konassament, qəbz, anbar şəhadətnamələri və sair. Beynəlxalq hesablaşmalardakı əsas kommersiya sənədi hesab-fakturadır.
-
Valyuta qiyməti valyuta ödənişi ilə üst-üstə düşməyə bilər: xarici iqtisadi müqavilə bir valyutada, ödəniş isə digər valyutada və ya əmtəə formasında edilə bilər.
-
Beynəlxalq hesablaşmalarda müxtəlif növ bank təminatları, iki şirkətlərin və dövlət təşkilatlarının təminat və zəmanətləri işlənir. Onların məqsədi ödəyənə əlavə təminat verməkdir. Əlavə təminatlar ona görə zəruridir ki, transsərhəd özəl müqavilələr imzalanarkən mal çatdırılması, xidmət göstərilməsi və ya ödəniş edilməsinin bütün hallarını nəzərə almaq mümkün deyildir. Müqavilə üzrə ödəniş öhdəlikləri vaxtında yerinə yetirilməzsə, mübahisəyə məhkəmə və ya arbitrajda baxılması vaxt (aylar və ya illər) aparacaq və əhəmiyyətli gecikmələrə səbəb olacaq.
Xarici iqtisadi əqdlərin valyuta-maliyyə və ödəmə şərtləri. Qeyd edildiyi kimi, beynəlxalq mal satışı və xidmət göstərilməsi beynəlxalq qaydalar və milli normativ-hüquqi aktlarla yanaşı, xarici ticarət müqavilələri ilə tənzimlənir. Xüsusilə, ödənişin vaxtında və təcili edilməsinə daha çox müqavilənin valyuta-maliyyə və ödəniş şərtləri təsir edir. Bu şərtlərdə beynəlxalq razılaşma və qaydalarla təsbit olunmuş hesablaşmaların ümumi prinsipləri konkretləşdirilir.
Xarici ticarət müqaviləsində valyuta-maliyyə və ödəniş şərtləri müəyyən edilərkən nəzərə alınır: ölkə riskləri, gömrük məhdudiyyətləri, əmtəə bazarı və valyuta bazarına müvafiq konyuktura, valyuta-maliyyə məsələləri üzrə hökumətlərarası razılaşmalar, hesablaşmada iştirak edən ölkələrin bu sahədə milli qanunvericiliyi, beynəlxalq qayda və adətlər və digər faktorlar daxildir.
Valyuta şərtlərinə daxildir: valyutanın dəyəri, ödəniş valyutası, valyuta dəyərinin ödəniş valyutasına keçirilmə məzənnəsi (əgər fərqlənirsə), tərəfləri valyuta risklərindən qoruyacaq qeyd-şərtlər. Üzən valyuta məzənnəsi şəraitində, müqavilənin valyuta şərtləri əsasən xarici iqtisadi əqdin səmərəliliyini əvvəlcədən müəyyən edir.
Qiymətin valyutası– satılan malın qiymətinin müəyyən edildiyi valyuta. Valyuta dəyəri müəyyən edilərkən tərəflərin maraqları fərqlidir: ixracatçıya məzənnəsi yüksəlməkdə olan valyutadan istifadə etmək əlverişlidir, idxalçıya isə əksinə. Əsasən qiymət valyutasını ixracatçı təklif edir, idxalçı onun dəyişməsini nəzərə almağa çalışır və ixracatçı cavab güzəştləri tələb edir (məsələn, malın qiymətinə münasibətdə).
Valyuta qiymətində valyuta risklərini azaltmaq üçün inkişaf etmiş ölkələrin sabit valyutalarından və ya kollektiv valyutalardan (SDR, Avro) istifadə olunur. Bundan əlavə, malın qiymətini bir neçə valyutada vermək olar (valyuta səbəti).
Ödəniş valyutası – ixracatçı və idxalçı arasındakı hesablaşma bu valyutada aparılır. Ödəniş valyutası qiymət valyutasından fərqlənir və əsasən inkişaf etməkdə olan ölkələrə və ödəniş klirinqlə olan hallara xasdır.
İnkişaf etməkdə olan ölkələrdə ticarət dövriyyəsində ödəniş valyutası kimi əsasən həmin ölkələrin milli valyutası istifadə olunur, bu şərtlə ki, həmin valyuta sərbəst dönərli olsun. İdxalçı ölkənin valyutası sərbəst dönərli deyilsə, ehtiyat valyutası ödəniş valyutası qismində çıxış edə bilər. Valyuta klirinqində ödəniş valyutası klirinq əqdinin valyutası ilə eyni olur.
Qiymət valyutasının ödəniş valyutasına çevrilmə məzənnəsi – hesablaşma iştirakçıları öz müqavilələrində çevrilmə şərtlərini müəyyənləşdirir. Müqavilədə göstərilir: çevrilmə tarixi, məzənnənin növü (cari bazar, teleqraf köçürməsi və sair), məzənnənin hesablanması üçün katirovkası əsas götürüləcək valyuta bazarı. Məzənnə enərsə, ixracatçı zərərə düşür, çünki ödəniş valyutasında az məbləğ alır; məzənnə artarsa, idxalçı zərərə düşür, çünki ödəniş valyutasında çox məbləğ ödəyir.
Tərəfləri valyuta risklərindən qoruyan qeyd-şərtlər müqavilə qiymətinin bir neçə valyutada (valyuta səbəti) deyil, bir valyutada göstərildiyi hallarda istifadə olunur. Qeyd-şərtdə valyuta məzənnəsinin əlverişsiz dəyişməsi və ya alıcılıq qabiliyyətinin kəskin azalması halında müqavilə qiymətinin mütənasib korrektə edilməsi nəzərdə tutulur.
Ödəniş şərtləri müqavilədə nəzərdə tutularsa, malın hərəkətinin hansı anında ödənişin olması, hansı ödəniş növ və formalarının tətbiq olunacağı, həmçinin ödəniş olmazsa və ya gecikərsə hansı qarantiyaların olduğu göstərilir.
Beynəlxalq hesablaşmalarda iki əsas ödəniş növü işlənir: nağd ödəniş və kredit ödənişi. Beynəlxalq hesablaşmalarda nağd ödəniş dedikdə nağd pulla ödəniş nəzərdə tutulmur.
Nağd ödəniş – alıcı malı aldıqda, ya da malın göndərildiyi barədə sənədləri müqavilədə tələb edilən qaydada aldıqda edilən istənilən növ ödəniş deməkdir. Başqa sözlə, nağd ödəmə dedikdə mal və ya malın göndərilməsi barədə sənədlər qarşılığında ödəmə deməkdir.
Təcrübədə müqavilənin şərtlərindən asılı olaraq aşağıdakı formalarda nağd ödəmə ola bilər:
-
Yükləmə sənədləri idxalçı tərəfindən alınanadək – əgər o malın yükləndiyi limanda yükləmənin başa çatdığı barədə sənədlər alarsa;
-
İdxalçı yükləmə sənədlərini aldıqda – əgər sənədlərin ötürülməsi yüklərin gəldiyi limana mallar çatdıqdan sonra çatarsa;
-
İdxalçı yükləmə sənədlərini aldıqdan sonra (amma yüklər gələnədək) – əgər müqavilədə idxalçıya güzəşt müddəti (adətən 7 günədək), sənədlərlə tanış olmaq və yüklərlə yoxlamaq müddəti verilirsə.
Nağd ödəmə ixracatçıya sərf edir, çünki əldə olunan gəliri təsərrüfat dövriyyəsinə daha tez daxil etmək şansı əldə edir və bununla xarici iqtisadi dövriyyəsinin səmərəliliyini artırır.
Kredit ödəniş – xarici ticarət müqaviləsində bir tərəfin digərinə kredit verdiyi ödəmələrdir. Kredit avans ödəniş (alıcı avansı) və ya ödənişin təxirə salınması formasında (kommersiya krediti) ola bilər. Qeyd edən ki, alıcının satıcıya bankdan kredit almaqla ödəniş etməsi nağd ödəniş sayılır.
Avans ödəniş – idxalçının malın göndərilməsi və ya xidmət göstərilməsindən əvvəl və hətta müqavilənin icrasına başlanmasından əvvəl tam və ya qismən ödəniş etməsidir. Bu ona görə edilir ki, ixracatçı öhdəliyini yerinə yetirdikdən sonra idxalçı öhdəliyini yerinə yetirməzsə, ixracatçı zərərini təkrar tələb etsin.
İdxalçı üçün avans ödəniş səmərəli. Dövriyyədən vəsaitin vaxtından əvvəl çıxarılıb göndərilməsindən əlavə, bu, riskləri əhəmiyyətli şəkildə artırır: idxalçı malı çatdırmaya bilər, göndərilən mallar müqavilə şərtlərinə cavab verməyə bilər və ya lazımi şəkildə olmaya bilər, halbuki malın pulu qismən və ya tam ödənib.
Kommersiya krediti – ixracatçı tərəfindən idxalçıya çatdırılan mal üçün ödəməni gecikdirmə güzəştidir. Belə güzəşt bir neçə aydan bir neçə ilədək ola bilər. Çətin və ya çox baha mal çatdırılarkən on ilədək möhlət ola bilər (gəmi, aviatexnika və sair).
Tə adətən kredit ödənişinin veksel forması tətbiq olunur. Veksel kreditorun maraqlarının kifayət qədər etibarlı müdafiəsini təmin edir. İdxalçının öhdəliyi həm adi, həm də köçürmə vekseli ilə rəsmiləşdirilə bilər. Açıq hesab formasında kommersiya krediti verilməsi də hazırda geniş yayılmışdır.
Qeyd edilməlidir ki, ixracatçı üçün kreditləşdirmə bir sıra risklərlə müşayiət olunur: təsərrüfat dövriyyəsindən vəsaitin uzunmüddətli çıxarılması, ödənişin yerinə yetirilməməsi riski (və ya uzunmüddətli ödəmə borcu), malın qiymətinin dəyişmə riski66 və ödəniş müddətinin gecikməsi ilə artan valyuta riski. Eyni zamanda, kommersiya krediti verməklə, satıcı bazarda rəqabət qabiliyyətini möhkəmləndirir və əmtəə satışını artırır. Bundan əlavə, o, idxalçıdan müqavilənin digər şərtləri üzrə güzəştlər tələb edə bilər (baha qiymət və sair).
Nağd və kredit ödəmə şərtlərindən əlavə beynəlxalq hesablaşmalarda qarışıq şərtlər və nağd ödəmə opsionu ilə kredit ödəmə şərti ola bilər. Hesablaşmaların qarışıq şərtləri idxalçıya imkan verir ki, idxalın bir hissəsini nağd ödəsin, digər hissəsində isə ödəmədə möhlət alsın. Nağd ödəmə opsionu ilə kredit ödəmə idxalçıya seçim verir – ya mal çatan kimi ödəmək, ya da möhlət götürmək. Son halda idxalçı nağd ödəmə zamanı ola biləcək endirimdən yararlana bilmir.
Xarici ticarət əqdlərində maliyyə təminatlları idxalçının ödəmə öhdəliklərinin icrasını tam və ya qismən təmin edir. Maliyyə qarantiyaları aşağıdakı formalarda ola bilər:
-
Yüksək dərəcəli bankın təminat məktubu – mal çatdırıldıqdan sonrakı müəyyən dövrdə idxalçı ödəniş etməzsə, bank öz hesabına malın pulunu ödəyir;
-
Bank avalı: beynəlxalq hesablaşmalarda veksel öhdəliyinin geniş yayılmış qarantiya formasıdır. Aval - vekselin arxa tərəfində xüsusi yazıdır və avalı kimin əvəzinə vermişdirsə, onun tərəfindən öhdəliyin yerinə yetirilməsinə görə məsuliyyət daşıdığını təsdiq edir. Aval etibarlı və asan realizə olunan qarantiyadır. Belə ki, bankın avala görə məsuliyyəti ümumi mülki hüquqi normalarla deyil, daha etibarlı müdafiə təmin edən veksel qanunvericiliyi ilə tənzimlənir;
-
Bank aksepti – vekselin idxalçı tərəfindən deyil, onun xahişi ilə yüksək səviyyəli bank tərəfindən aksepti. Bu halda, ixracatçıya münasibətdə öhdəliyi idxalçı deyil, vekseli qəbul edən bank daşıyır və buna görə də bu əməliyyata görə yüksək komissiya alır. Bank aksepti əsasən onun üçün istifadə olunur ki, malı üçün köçürmə vekseli alan ixracatçı onu bankda tezliklə nağda keçirsin (yüksək səviyyəli bankda aksept edilmiş vekseli nağd formaya çevirmək daha asandır);
-
Bankların ehtiyat akkreditivi (“stand-by”) – onu verən bankın benefisiar qarşısında idxalçının müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi halda göstərilən hədlərdə ödəməni etmək öhdəliyini göstərir. Benefisiarın borclunun öhdəliklərini yerinə yetirmədiyi barədə sənədləri banka verməsi ilə ödəniş yerinə yetirilir.
Beynəlxalq hesablaşmaların formaları. Xarici ticarət əməliyyatlarında tərəflər riskləri azaltmaq üçün bu və ya digər ödəniş formasından istifadə edirlər. İxracatçı ödəməmə riskini azaltmaq və gəliri maksimum tez əldə etmək istəyir. İdxalçı isə elə forma seçmək istəyir ki, öz ehtiyatlarından maksimum az istifadə etsin və ixracatçının əsaslandırılmamış kreditləşdirməsinə imkan verməsin.
Hesablaşma forması müəyyən edilərkən faktorlar nəzərə alınır: haqqı ödəniləcək əmtəənin forması; ölkə riski; tərəflərin bir-birinə etibar səviyyəsi; ödəniş qabiliyyəti; ödəniş forması (nağd ya kredit) və sair.
Hazırda dünya təcrübəsində beynəlxalq hesablaşmaların formalarından istifadə olunur: akkreditiv, inkasso, bank köçürməsi, açıq hesab və avans.
Akkreditiv ödəmə – həm pul, həm də sənədli akkreditivdən istifadəni nəzərdə tutur. Pul akkreditivindən ödəmə almaq üçün əlavə kommersiya sənədləri təqdim etmək lazım deyil. Sənədli akkreditivdən istifadə zamanı isə, akkreditivdə göstərilən sənədləri təqdim etmək lazımdır. Xarici ticarət əməliyyatları zamanı sənədli akkreditivlər istifadə olunur.
Sənədli akkreditiv – razılaşmadır. Ona əsasən emitent bank (akkreditiv açan bank) idxalçının göstərişləri əsasında ixracatçıya ödəniş etməyi (nağd) öhdəsinə götürür. Bunun üçün akkreditivdə tələb olunan sənədlərin təqdim edilməsi və digər şərtlərə əməl edilməsi şərti ilə ya benefisiarın təqdim etdiyi vekseli aksept edir, ya da ödəyir.
Aksept akkreditivi və ya tələbi ödəmək akkreditivi ixracatçı idxalçıya kommersiya krediti verdikdə işlənir. Orada nəzərdə tutulur ki, ixracatçı yükləmə sənədləri ilə köçürmə vekselini göndərir. Veksel idxalçının, təqdim edənin, akkreditivi verən və ya akkreditivdə göstərilən digər bankın adına verilə bilər.
Hesablaşmanın akkreditiv formasında tərəflər yalnız sənədlərlə üzləşirlər və buna görə də, xarici ticarət müqaviləsində akkreditivlə təqdim olunmalı sənədlərin tam siyahısı və təfərrüatı göstərilməli və akkreditivin açılması təlimatında və akkreditivin özündə isə konkret hansı sənədlər qarşılığında ödəniş ediləcəyi dəqiq göstərilməlidir.
Beynəlxalq təcrübədə müxtəlif akkreditivlərdən istifadə olunur. Hər biri hansı növə aid olmasını dəqiq və aydın göstərməlidir.
Akkreditivlər geri çağırılan və çağırılmayan; təsdiqlənən və təsdiqlənməyən; əhatə edən və etməyən; köçürmə; yenilənən və sair ola bilər.
Geri çağırılan akkreditiv – ixracatçıya xəbər vermədən onu verən bank onu ləğv edə və ya dəyişə bilər. Geri çağırılmayan akkreditiv emitent bankın dəyişməz öhdəliyidir və yalnız ixracatçının razılığı ilə dəyişdirilə və ya ləğv edilə bilər.
Təsdiqlənən akkreditiv – üçüncü bankın (təsdiq edən) dəyişməz öhdəliyi qismində əlavə ödəmə təminatının alınmasını tələb edir. Təsdiqlənməyən akkreditiv əlavə təminat tələb etmir və yalnız emitent bank üçün məcburidir. Əgər akkreditivi verən bank ixracatçının müxbir bankı deyilsə, üçüncü bankın təsdiqi lazım gəlir.
Əhatə olunan akkreditiv –emitent bank bu akkreditivi açarkən eyni zamanda icraçı67 və ya təsdiq edən bankın səlahiyyətinə öz öhdəliyinin qüvvədə olduğu dövrdə akkreditivin məbləğində hesabı akkreditivin hesabına köçürür. Əhatə olunan akkreditiv o zaman istifadə olunur ki, hesablaşma iştirakçısı olan ölkə qanunvericiliyi yerli valyutanın istifadəsini məcbur edir və həmçinin emitent bank ixracatçının müxbir bankı deyil. Akkreditiv açılarkən vəsait köçürülmürsə, əhatə olunan hesab olunmur. Hazırda beynəlxalq təcrübədə əhatə olunmayan akkreditivlər daha çox istifadə olunur.
Köçürmə akkreditivlər – akkreditivdən istifadə hüququnu qismən və ya tam başqa şəxslərə ötürmək imkanı verir. Bu o halda tətbiq olunur ki, məsələn, ixracatçı malın hamısını çatdırmır və bir hissəsini digərlərindən alır. O halda, ixracatçı ödəniş almaq hüququnu tam ya qismən ötürür.
Bərpa olunan (revolver) akkreditiv – onun şərtlərinə dəyişiklik edilmədən akkreditiv məbləğinin avtomatik artması şərtini nəzərdə tutur. Müntəzəm əmtəə təchizatlarında istifadə olunur.
İxracatçı üçün akkreditiv mübahisəsiz variantdır, xüsusilə idxalçını yaxşı tanımadığı və ona tam etibar edə bilmədiyi hallarda. Bu hesablaşma forması ixracatçını ödəniş olmaması variantından qoruyur, çünki akkreditiv idxalçının yox, bankın ödəmə öhdəliyidir. Lakin, akkreditiv açan bank akkreditiv üzrə verilən sənədlər üzrə müəyyən səbəblərdən ödəniş etməyə bilər (məsələn, emitent bankın ölkəsində valyuta problemləri var). Belə riski azaltmaq üçün akkreditivi ixracatçının ölkəsindəki bankın təsdiq etməyi lazımdır.
İdxalçı üçün akkreditiv zəruri deyil: o, akkreditivin bütün müddəti ərzində təsərrüfat dövriyyəsindən pul vəsaiti çıxarmalı və beləliklə, dövriyyəsini azaltmalıdır. Bankların akkreditiv xidmətinə görə aldığı komissiya inkasso əməliyyatlarına görə alınan komissiyadan çoxdur və müqavilə məbləğindən asılıdır. Bundan əlavə, idxalçının riski var ki, ixracatçı müqavilə ilə tələb olunan çeşid və keyfiyyətdə olmayan mal göndərəcək. Bu riski azaltmaq üçün idxalçı tələb edə bilər ki, yükləmə sənədləri ilə birgə ixracatçının ölkəsindən müstəqil auditor tərəfindən verilən təftiş sertifikatı göndərilsin.
İdxalçı üçün akkreditiv ödəmə formasının aşağıdakı üstünlükləri ola bilər: bank yalnız o zaman ödəniş edir ki, mallar idxalçıya göndərilib və akkreditivin bütün şərtlərinə əməl edilib; akkreditivin açılmasına razılıq verməklə, idxalçı öz maliyyə sabitliyini təsdiq edir. Bundan əlavə, ödənişə zəmanət verməklə, müqavilə bağlanarkən daha əlverişli ödəniş şərtləri tələb edə bilər.
Hesablaşmanın inkasso forması – sənədləşməsi asan olduğundan beynəlxalq hesablaşmalarda daha çox istifadə olunur.
İnkasso – elə bank əməliyyatıdır ki, bank ixracatçının tapşırığı ilə idxalçıdan onun ünvanına göndərilən malların və ya göstərilən xidmətlərin ödənişini qəbul edir və alınan vəsaiti ixracatçının hesabına yerləşdirir.
İki növ inkasso vardır. Sadə inkasso maliyyə sənədlərinin inkassolaşdırılmasıdır (veksel, çek və s.) və kommersiya sənədləri ilə müşayiət olunmur. Sənədli inkasso əməliyyatlarında bank kommersiya sənədləri və ya kommersiya sənədləri ilə müşayiət olunan maliyyə sənədləri üzrə ödənişi qəbul edir. Beynəlxalq ticarət dövriyyəsində sənədli inkasso ixracatçı tərəfindən öz bankına idxalçının kommersiya sənədlərini verməsi qarşılığında ödəniş və ya köçürmə vekseli üzrə aksepti almaq səlahiyyəti verir.
Sənədli inkasso əməliyyatı aşağıdakı formalarda həyata keçirilir:
-
İdxalçı ilə müqavilə imzaladıqdan sonra ixracatçı malları yükləyir;
-
Yüklədikdən sonra öz bankına (remitent bank) nəqliyyat və digər lazımi sənədlərlə birgə inkasso tapşırığı68 verir;
-
İxracatçının bankı sənədləri yoxladıqdan sonra onları idxalçının ölkəsindəki müxbir banka (inkasso edən bank) göndərir;
-
İdxalçının bankı idxalçıdan təqdim olunan sənədlər qarşılığında pul köçürmək tapşırığı alır;
-
İdxalçının bankı ödənilən vəsaiti remitent banka köçürür və orada həmin vəsait ixracatçının hesabına oturur.
İnkasso hesablaşmada banklar sadəcə vasitəçi qismində çıxış edir və ödənişin olmamasına və ya ödəyənin inkasso sənədlərini qəbul etməməsinə görə məsuliyyət daşımır. Lakin sənədlərin banklardan keçməsi xeyli vaxt aparır.
Akkreditivlə müqayisədə inkasso idxalçı üçün daha faydalı və ixracatçı üçün az faydalı variantdır. İxracatçı üçün vəsaitlərin ləng dövriyyəsi69 gedir və ödəniş taminatı yoxdur (idxalçı ödənişdən imtina edə bilər və ya mal sənədləri onun bankına çatanda ödəmə qabiliyyətsiz ola bilər). Ödənişdən yayınma riskini azaltmaq üçün ixracatçı inkasso növünə yalnız idxalçını tanıdığı, onun reputasiya və ödəniş qabiliyyəti barədə əmin olduğu halda razılaşmalıdır. Əks halda əlavə şərtlər tələb edə bilər: idxalçının ixracatçının xeyrinə bank təminatı verməsi və s.
Bu hesablaşma formasının üstünlüyü ixracatçı üçün odur ki, idxalçı malın pulunu vermədikcə onları ala bilməyəcək. Bu təminat onunla şərtlənir ki, əmtəəyə sərəncam vermə barədə sənədlər idxalçıya yalnız ödəniş edildikdən və ya köçürmə vekseli aksept edildikdən sonra verilir.
İnkasso ödənişinin idxalçı üçün üstünlüyü odur ki, həqiqətən çatdırılan mallara görə ödəniş edilir. Akkreditivdən fərqli olaraq, ilkin deponentləşdirmə üçün dövriyyədən vəsait çıxarılması üçün vəsait tələb etmir, yüklənən əmtəəyə mülkiyyət hüququ ödəniş edilənədək və ya veksel aksept edilənədək saxlanır.
Bank köçürməsi – sadəcə bir bankın digər banka benefisiara köçürmə edənin xahişi ilə müəyyən məbləğin ödənilməsi barədə tapşırığıdır.
Xarici ticarət hesablaşmalarında bank ödənişləri istifadə olunur: avans ödənişlərdə, inkasso ödənişlərdə, açıq hesabda borclanma üzrə, reklam üzrə tənzimləmə və digər əməliyyatlar.
Bank köçürməsi ilə əmtəənin çatdırılması üzrə hesablaşmalar aşağıdakı qaydada aparılır:
-
Müqavilə imzalandıqdan sonra ixracatçı malları idxalçıya yola salır və ona mal sənədlərini göndərir;
-
Sənədləri aldıqdan sonra idxalçı vəsaitin ixracatçıya köçürülməsi barədə bank təlimatı verir;
-
İdxalçının bankı ödəniş təlimatı ilə ödəniş vəsaitini ixracatçının hesabına ödəyir;
-
İxracatçının bankı qəbul olunan vəsaiti ixracatçının hesabına yerləşdirir.
Bu hesablaşma formasının üstünlüyü odur ki, köçürmə əməliyyatının xərci azdır və icrası sadədir: banka ödəniş tapşırığından başqa heç bir sənəd təqdim etmək lazım deyil. Bank köçürmələrində hesablaşmaların sürəti böyükdür, çünki hazırda onların əksəri teleqraf, teleks və ya S.W.İ.F.T. sistemi ilə aparılır və bu halda köçürmələr beynəlxalq bank kompyuter əlaqəsi kanalları ilə kağızsız əsasda baş verir.
Eyni zamanda, bank hesablaşmalarında heç bir tərəf riskə məruz qalmır. Xarici ticarət müqaviləsində avans ödəniş nəzərdə tutulmamışdırsa, ixracatçı üçün göndərilən malın dəyərinin ödənilməmə riski vardır. Bu riski azaltmaq üçün bank təminatı tələb oluna bilər. Avans ödəniş varsa, idxalçının riski var: ixracatçı ya malları təqdim etməyə bilər, ya da malları təqdim etməməklə yanaşı avansı qaytarmaya da bilər.
Açıq hesab üzrə ödəmələr. Müasir şəraitdə dünyada xarici ticarət dövriyyəsində geniş yayılıb, xüsusilə də Qərbi Avropada. Onlar uzunmüddətli müntəzəm əmtəə çatdırılması üzrə istifadə olunur; bu zaman tərəflər uzunmüddətli münasibətdə olurlar. Bu həm də şirkətlə onun müxtəlif törəmə müəssisələri və filialları arasındakı hesablaşmalarda da istifadə olunur. Əmtəə konsiqnasiya70 üzrə realizə olunarkən də istifadə olunur.
Bu formanın mahiyyəti ondan ibarətdir ki, ixracatçı idxalçının ünvanına malları göndərir və bankdan yan keçməklə, ona malın sənədlərini göndərir və eyni zamanda öz borc kitablarında göndərilən malın dəyərini yazır (hesabın açıq alıcısının borcuna). İdxalçı öz kitablarında eyni qeydi edir – ixracatçının hesabına kreditin qeydi. Müqavilədə göstərilən müddətlərdə idxalçı bank köçürməsi, çek və ya veksel yolu ilə çatdırılan mallara görə ödəniş edir. Ödəniş edildikdən sonra ixracatçı və idxalçı öz kitablarında müvafiq qeydlər edirlər.
Açıq hesab şərtləri ilə hesablaşma zamanı idxalçının ixracatçı qarşısında borcu yaranır. Onun ödənməsi şərti müqavilədən asılıdır: göndərilən malların hər bir hissəsinə görə, tələblərin qarşılaşdırılması yolu ilə (qarşılıqlı çatdırılma üzrə) və ya müəyyən olunan müddətlərdə müntəzəm ödənişlər yolu ilə hesablaşma aparıla bilər. Son halda açıq hesab üzrə ticarətə ixracatçının idxalçıya kommersiya krediti verməsi kimi baxıla bilər.
Hesablaşmanın bu forması hesablaşma iştirakçıları üçün və asan üsuldur. Eyni zamanda, ixracatçı üçün bu heç də ən sərfəli üsul deyil, çünki çatdırılan malların ödəniləcəyi təminatı yoxdur. Bu səbəbdən, açıq hesab üzrə hesablaşmalar adətən qarşılıqlı mal çatdırılması zamanı tətbiq olunur: bu zaman bir tərəfin öz öhdəliyini yerinə yetirməməsi digər tərəfin öz öhdəliklərinin icrasını saxlaması ilə nəticələnə bilər. Həmçinin qeyd etmək lazımdır ki, açıq hesab üzrə hesablaşma ixracatçının vəsait dövriyyəsinə mənfi təsir edir. Təchizatçıların bu formadan istifadə etməyə razılaşması həmin malların dünya bazarında bol olduğundan onun satışının çətin olması ilə bağlıdır. Ödəniş riskinin və ya ödənişin gecikməsi riskinin azaldılması üçün adətən ixracatçılar idxalatçılardan bank təminatı tələb edirlər.
İdxalatçılar üçün açıq hesab şərtləri ilə hesablaşmalar ən sərfəli və risksiz variantdır: əlavə vəsait cəlb etməyə ehtiyac yoxdur, bank krediti yoxdur, əldə olunmamış malın əvəzinin ödənilməsi riski yoxdur.
Avans formasında ödəniş beynəlxalq təcrübədə əsasən aşağıdakı hallarda işlənir: ödənməmə riski böyük olduqda (ölkə riski və idxalçının ödəniş qabiliyyəti ilə bağlı risklər); müqavilənin icrası müddətinin uzanması; strateji təyinatlı, bahalı və dünyada çatışmayan malların çatdırılması. Avans ödənişlərində idxalçı ixracatçıya kredit vermiş sayılır.
Tam (yüzfaizli) avans ödənişi ixracatçı üçün ən sərfəli və idxalçı üçün ən sərfəli olmayan variantdır. Amma bu zaman ixracatçı əhəmiyyətli qiymət endirimi etməli olur ki, bu da heç də həmişə ixracatçı üçün əlverişli etmir. Xüsusiyyətlərinə görə bu hesablaşma formasında tam avans çox nadir hallarda istifadə olunur – ixracatçının ödənməmə riskinin çox yüksək olduğunu, idxalçının isə həmin malı almaqda həddən artıq maraqlı olduğu halda istifadə olunur.
Qismən avans ödənişindən daha çox istifadə olunur ki, bu da adətən ümumi qiymətin 10%-30% həcmində olur. Bu, idxalçının öhdəliklərini yerinə yetirməsinin təminatı rolunu oynayır və ixracatçının dövriyyə vəsaitinin xeyrinə işləyir. İdxalçı müqavilə üzrə göndərilən malı almaqdan imtina edərsə, ixracatçı avans ödənişi öz zərərini örtmək üçün istifadə edə bilər.
Bununla əlaqədar qeyd edək ki, avans ödəniş heç nə ilə təmin edilmir və bu zaman idxalçının riskini azaltmaq üçün bank təminatından istifadə olunur. İxracatçı malı verməz və ya müqavilə şərtlərinə əməl etməzsə, belə təminat avansı qaytarmaq üçün istifadə olunur. Belə təminat idxalçının xeyrinə və ixracatçının tələbi ilə onun bankı tərəfindən avans məbləğində verilir.
Do'stlaringiz bilan baham: |