Gürcüstan üzərindən İrəvana
2006-cı ilin iyun ayının 5-də saat 15.00-da Tbilisiyə uçmaq üçün aeroporta gedirik. Vidadi müəllim bizi yola salır. Uruda getməməyimi israr edir, Asəf müəllimə məni nəzarətdən buraxmamağı xahiş edir.
Nəhayət, Vidadi müəllimlə xudahafizləşib təyyarəyə minirik. AZAL-a məxsus təp-təzə hər komfortu olan Aerobusun salonuna daxil olanda bir azərbaycanlı kimi müstəqil dövlətçiliyimizdən qürur duyuram. Bakı ilə Tbilisinin arasında, yerdən 7000 m yüksəklikdə Asəf müəllim çoxdan götür-qoy elədiyi fikri nəhayət dilə gətirir:
- Mən bu gün səhər Oktay müəllimlə telefonla danışdım, o səfərlə bağlı tövsiyələrini söylədi və bildirdi ki, Musanın Uruda getməsi məsləhət deyildir. Sən heç ürəyini sıxma, Allah qoysa, tezliklə sülh olar, torpaqlar qayıdar, birlikdə gedib sənin Urudunu ziyarət edərik.
Elə bildim ki, təyyarə çəkisizliyə düşdü, içimdə nəsə qırıldı. Gözlərimi yumdum, xeyli müddət danışmadım. Asəf müəllim də keçirdiyim sarsıntını hiss edib, susdu. Tbilisiyə qədər danışmadıq. Təyyarəmiz Tbilisinin üzərində dövrə vuranda nəhayət qərarımı Asəf müəllimə bildirdim:
- Gəl belə danışaq, sənin yadından çıxıb sədrin tapşırığını mənə söyləməmisən, yaxud sən təyyarədə bu sözləri mənə deyərkən mən yuxulu olmuşam, eşitməmişəm.
Asəf müəllim razılaşmır:
- Yox, bu çox ciddi məsələdir, dövlətin ikinci şəxsinin tapşırığını nə yaddan çıxarmaq, nə də yuxulu adama söyləmək inandırıcı görünmür. Həm də qrupun rəhbəri kimi bu səfərdə səndən çox mən məsuliyyət daşıyıram. Digər tərəfdən, Ermənistandakı ictimai-siyasi vəziyyət barədə təbii ki, Oktay müəllimin informasiyası bizimkindən çoxdur və kifayət qədər ciddi əsasları olmasa, o sənin Uruda getməyinə etiraz etməzdi. Döğrudan da, ermənilərdən nə desən gözləmək olar, bir təxribat edərlər, bir qəza törədərlər, çanaq bizim başımızda çatlayar.
Mənim pərtliyimi görüb yumşalır:
- Yaxşı, ürəyini sıxma, İrəvana gedib çıxaq bir şey fikirləşərik. Tbilisi aeroportunun VİP salonunda bizi Gürcüstan Parlamentinin deputatları, Gürcüstan parlamentinin və QDİƏT PA əməkdaşları qarşılayırlar. Özünü Melik kimi təqdim edən bir deputat çox fəaldır, danışır, gülür, zarafatlaşır, pasportlarımız hazır olana qədər çay, su gətizdirir. QDİƏT PA-da təmsil olunan digər gürcü deputatları soruşuruq. Melik cavab verir:
- Onlar Marneulidə Gürcüstan - Ermənistan sərhədində bizi gözləyəcəklər.
Deputat otağından çıxanda Melik bizi öz maşınına dəvət edir. «Mersedes» markalı maşını özü sürür. Yol boyu Bakıdan, İrəvandan, dostluqdan, qardaşlıqdan danışır.
Melikin hədsiz canfəşanlığından dalağım sancır. Şübhəmi astaca Asəf müəllimlə bölüşürəm:
- Bu Melikdən gözüm su içmir, deyəsən, erməniyə oxşayır.
-“ İndi dəqiqləşdirərik”,- söyləyən Asəf müəllim özünə xas olmayan tərzdə birbaşa soruşur:
- Melik, sən Cavaxetiyanın deputatısan?
- Bəli.
- Yəqin ki, ermənisən.
Melikin cavabı ikibaşlı olsa da sərrastdır:
- Gürcülər qoysa, hə!
Sonra şaqqanaq çəkib ürəkdən gülür, biz də gülürük. Daha sonra ciddiləşib əlavə edir:
- Mən Gürcüstan-Ermənistan Parlamentlər arası dostluq qrupunun sədriyəm. Tbilisidən çox İrəvanda oluram. Orada evim, biznesim var. Cavaxetiya ilə bağlı vaxtaşırı yaranan problemləri də rəsmi yoldan çox, qeyri-rəsmi yollarla, hər iki ölkənin rəhbərliyində olan dost-tanışlarımın vasitəsi ilə həll etməyə çalışıram.
Melik danışdıqca mənim gözlərimin qabağına Gürcüstan azərbaycanlıları və onların problemləri gəlir. Düşünürəm ki, hər iki ölkənin parlamentlər arası dostluq qrupunun rəhbərləri Melik kimi eləyə bilməzlərmi?
Yol boyu Marneulinin kəndlərindən keçirik. Hamısında soydaşlarımız yaşayır. Vaxtilə abad və varlı olan bu kəndlərin kasıblığı və baxımsızlığı diqqəti cəlb edir. Gürcüstanın bu bölgəsinə gürcülər Kvemo-Kartli, azərbaycanlılar isə Borçalı deyirlər. Gürcüstanın ilk Prezidenti Zviad Qamsaxurdianın 1991-ci ildəki Fərmanı ilə Borçalıdakı, eləcə də Gürcüstanın digər bölgələrindəki azərbaycanli kəndlərinin hamısının adı gürcüləşdirilib. Sadaxlı kəndində Gürcüstanın Ermənistana sərhəd buraxılışı məntəqəsi yerləşir. Hər yandan kasıblıq və primitivlik tökülür. Elə erməni tərəf də eyni gündədir.
Sərhəddə Gürcüstan parlamentinin QDİƏT PA-nı nümayəndə heyətinin üzvləri - Gürcüstan parlamentinin vitse-spikeri Mixail Maçavariani, deputatlar Zurab Davitaşvili, Manana Jebaşvili, David Saqanelidze ilə köhnə dostlar kimi çox mehribanlıqla görüşürük.
Pasport nəzarətindən keçəndən sonra Ermənistan Respublikasının ərazisinə - Noemberyan rayonunun məşhur qarapapaqlar və ənsarlar tayfası tərəfindən XVI əsrdə salınmış Ləmbəli kəndinə qədəm qoyuruq.
Bu rayonun əski adı İncəsu, daha sonra Barana olmuş 1937- cı ildə dəyişdirilmişdir. Ləmbəli isə bina olandan, ta 1988-ci ilin sonuna qədər Azərbaycan türklərinin məskəni olmuşdur.
Ermənistan tərəfdə bizi protokola uyğun olaraq Ermənistan Parlamenti Katibliyinin rəis müavini qarşılayır. Ermənistanın sərhəd buraxılış məntəqəsi kiçik bir binadan və 3 ədəd köhnə vaqondan ibarətdir. Ətrafda nə isə tikinti gedir, hər tərəf toz-torpaqdır. Yandırıcı yay günəşindən daldalanmağa kiçik belə bir kölgəlik yoxdur. Pasport yoxlanışı qurtarandan sonra bizi qarşılayan parlament işçisi Asəf müəllimlə məni Melikin maşınına minməyə qoymur.
- Təhlükəsizlik baxımından bizə tapşırılıb ki, Azərbaycanlı deputatları Ermənistan parlamentinin maşınında aparaq.
Etiraz etmirik. Təptəzə BMV maşınının arxa salonuna əyləşirik. Parlament Katibliyinin adını unutduğum rəis müavini sürücünün yanında oturur. Önümüzdə iki yol polisi maşını, arxamızda isə “Şevrole-niva”da təhlükəsizlik xidmətinin əməkdaşları bizi müşayiət edir, arxada isə gürcü deputatlar öz maşınlarında İrəvana doğru yola düşürük.
Yolumuz Gürcüstanın və Ermənistanın ən böyük, bol sulu çaylarından olan Debet çayının boyunca yamyaşıl dağlar və meşələrdən keçib gedir. Noemberyan-Allahverdi-Kalinino-Spitak-Ararat-İrəvan marşrutu ilə gedirik. Yol bomboşdur. Hərdən bir Türkiyədən və İrandan gəlmiş TIR-larla rastlaşırıq. İçərisindən keçdiyimiz rayon mərkəzlərinin heç birində tikinti-abadlıq işlərinin izləri belə görünmür. 1988-ci ildə deportasiya olunmuş azərbaycanlıların tərk edilmiş kəndlərinin xarabalıqları adamın ürəyini ağrıdır.
“Mariott” hoteli
Gecə saat onun yarısında İrəvana çatırıq. Bizi İrəvanın mərkəzi meydanında yerləşən, Sovet hökumətinin vaxtında məşhur «Armeniya» mehmanxanası olmuş, sonralar isə yenidən qurularaq 5 ulduzlu «Mariott» adlanan hotelə gətirdilər. Özlərinin dediklərinə görə QDİƏT PA-nın Ali Sessiyasında iştirak edən qonaqların bir hissəsi «Yerevan» mehmanxanasında, daha hörmətli sayılan Rusiya, Türkiyə, Yunanıstan, Gürcüstan və Azərbaycan nümayəndə heyətləri isə «Mariott» hotelində yerləşdirilmişdir.
Mehmanxananın qeydiyyat zalında bizə bildirdilər ki, bizim hərəmizə 2 cangüdən ayrılmışdır və Ermənistanı tərk edənə qədər onlar hər yerdə bizi müşayiət edəcəklər. Nədənsə bizə otaqları mehmanxananın müxtəlif qütblərində, mənə sol qanadda 5-ci mərtəbədə, Asəf müəllimə isə sağ qanadda 7-ci mərtəbədə ayırmışdılar. Hər iki nömrə geniş, işıqlı, hər şəraiti olan iki lüks otaqdan ibarət idi. «Cangüdənlərimizin» müşayiəti ilə nömrələrimizə getdik, yuyunub əynimizi dəyişdirdikdən sonra foyeyə düşdük. «Cangüdənlərin» 4-ü də foyedə oturub gözlərini lift meydançasına dikmişdilər. Bizi görən kimi dördü də ayağa qalxıb bizə yaxınlaşdılar, çox nəzakətli şəkildə bildirdilər ki, onların xəbəri olmadan nömrədən çıxmayaq, harasa getmək istəyəndə daxili telefonla qeydiyyatçıya zəng vurub «cangüdənlərin» nömrəyə qalxmasını tələb edək. Razılaşdıq.
Gürcü deputatlarla birlikdə Hotelin girəcəyindəki yay kafesində oturub çay içir, söhbətləşir, İrəvanın mərkəzi meydanının gecə həyatına tamaşa edirik. Sərin yay axşamı olmasına baxmayaraq şəhərin mərkəzi meydanında dolaşanları barmaqla saymaq olardı. Gəzintiyə çıxanların çoxusu sadə, nimdaş və ucuz geyimdə idilər. Bu da dolayısı ilə Ermənistanda həyat tərzinin və yaşayış səviyyəsinin vəziyyətindən xəbər verirdi.
İrəvanın qışı sərt olsa da, yayı da, yazı da, payızı da gözəldir. Yayda günduzlər cox isti olmasına baxmayaraq axşamlar Ağrı və Ələyəz dağlarından əsən meh şəhərin havasına qəribə bir sərinlik və təmizlik gətirir.
Mən Sovet hökumətinin vaxtında bu şəhərdə bir neçə dəfə olsam da, İrəvanla əsl tanışlığım görkəmli şair-publisist, tanınmış ictimai xadim Hidayətin “Burdan min atlı keçdi” və “İrəvana 7 məktub” kitablarından başlanıb. Mən bu kitabları bir neçə dəfə oxumuşam, hətta səfərə gedındə də özümlə götürmüşəm. Bu kitablar, xüsusi ilə, “Burdan min atlı kecdi” əsəri, İrəvan şəhəri, bu şəhərin 1960-80-ıi illərdəki ədəbi-içtimai mühiti barədə olduqca dolğun məlumatları özündə əks etdirir.
“Mariott” hotelinin yay kafesində çay içərkən birdən-birə Hidayət və onun “Burdan min atlı keçdi” kitabı yadıma düşdü. 1966-83-cü illərdə İrəvanda yaşamış, “Sovet Ermənistanı” qəzetində işləmiş və 17 il Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru olmuş Hidayət müəllimin vaxtilə yaşadiğı Nork məhəlləsinə getmək, Bakıda hələ də özünə yurd-yuva tapa bilməyən İrəvan Teatrının ləlsi köçmüş yurduna baxmaq keçdi könlümdən. Lakin buna nə vaxtım, nə də imkanım olmadı. (Mən Bakıya qayıdandan sonra Hidayət müəllimə Ermənistana səfərim barədə yerli-yataqlı danışsam da, “Mariott” hotelinin yay kafesində ürəyimdən keçənləri ona söyləmədim.)
Ermənistan Parlamenti Katibliyinin nümayəndəsi bizə yaxınlaşıb bir istəyimizin olub-olmamasını soruşdu. Asəf müəllim sabahkı tədbirin proqramını gətirməyi, mən isə imkan daxilində, Qaqik Minasyanla telefon əlaqəsi yaratmasını xahiş etdim. O, bir azdan sabahkı tədbirlərin proqramını gətirdi və mənə dedi:
- Cənab Minasyan ürəyindən əməliyyat olunub, xəstəxanada yatır. Sizin gəlməyinizdən xəbərdardır. Söylədi ki, əgər Sisyana getmək istəsəniz, o sizin səfərinizi təşkil edə bilər. Sabah yalnız nümayəndə heyətləri rəhbərlərinin iclası olacaqdır, qalan üzvlər üçün isə Eçmiadzinə və Cermuka ekskursiya nəzərdə tutulmuşdur. Cermuk isə Sisyanla həmsərhəddir.
2005-ci ilin noyabrında Səfa Mirzəyevin otağındakı söhbət, Səfa müəllimin son cümləsi yadıma düşdü:
- Bəlkə qismət oldu, Ermənistana getdin, onda Urudu da ziyarət edə bilərsən!
Həmin an bir daha beynimdən keçdi ki, dünyada hər şey idarə olunur, hər şey Allah-təala dediyimiz o sirli-sehrli ucalığın nəzarəti altındadır. Onun istəyinə qarşı getmək olmaz, O istəmədiyi heç nəyi əldə etmək olmaz.
Dərhal nömrəyə qalxıb, səfər hazırlığına başlayıram: Videokameranın akkumulyatorunu şəbəkəyə qoşub doldururam, kasetləri yoxlayıram, kənddə görəcəyim işlərin planını tuturam. Səhərə kimi gözümə yuxu getmir, dağı-arana, aranı-dağa daşıyıram.
Do'stlaringiz bilan baham: |