Səfərə hazırliq
Uruda getmək arzuma yetişməyimə ümidim gündən-günə artırdı. Artıq İrəvana getməyimə razılıq verilmişdi. Ancaq mən sıradan bir vətəndaş kimi turist səfərinə çıxmırdım. Azərbaycan Parlamentinin nümayəndəsi kimi beynəlxalq tədbirdə iştirak etmək məqsədi ilə indi düşmən ölkə adlandırdığımız əski Vətənə gedirdim. Tədbir İrəvanda keçiriləcəkdi, oradan Sisyana 230 km yol getmək gərəkdir. Elə bu yolda da da qəza törədə bilərdilər. Sisyanda, ya Urudda bir qəzəbli «sadə» erməninin əli ilə təxribat törədə bilərdilər. Şantaj edə bilərlər, müsahibə götürüb başqa cür verə bilərlər. Hər halda məsləhətləşmək, rəhbərlikdən icazə almaq lazım idi.
Fürsət tapıb təzədən Oktay müəllimin qəbuluna getdim, İrəvandan imkan düşərsə Uruda getmək fikrimi bildirdim. Buxarestdə Ermənistan Parlamentinin Komissiya sədri Qaqik Minasyanla olan söhbətimi danışdım, icazə verməsini xahiş etdim.
Qaçqınlıq dərdi, Vətən həsrəti Zəngəzurun Qafan rayonunun Şəhəcik qəsəbəsində doğulub-böyüyən Oktay müəllimə çox doğma hisslər olduğundan o mənim doğulduğum, adını adıma qoşduğum kəndə getmək istəyimi hamıdan yaxşı başa düşdüyünü söylədi. Lakin səfərin çox ağır ola biləcəyini, qeyri-rəsmi hissəsinə (İrəvan-Urud) heç bir zəmanətin verilməyəcəyini, hər hansı təxribatın olmasının istisna edilmədiyini bildirərək, yalnız orada şəraitə uyğun qərar qəbul etməyimi məsləhət gördü. Bir sözlə, Oktay müəllim mənə nə «get», -demədi, nə də «getmə», - demədi.
Beləcə öz içimdə Urudla görüşə hazırlaşmağa başladım. Hər gecə xəyallarımda «Zor-zor» bulağının, aşağı və yuxarı kəhrizləri, «Şor bulağın», «Cəfər bulağın»ın, «Dəyirman arxı»nın sularından doyunca içdim, Bazar çayda çimdim, «İtisu»da yuyundum, «Qazı bağı», «Pürul», «Gəncalı adası», «Bal bağı», «Güllü bağ» bağlarından meyvə dərdim, Qara qayanın, Çadır daşın, Ağ yastanın, İlan qayasının, Vəli qayasının ətrafını gəzib-dolandım, Şirvanəkənə, Meydanlara, Taxtalara, Sarı güneyə, Çömçə yerə, Təgəzürə gedib çıxdım, qəbiristanlığı ziyarət etdim. Hər gün min dəfə evimizi, həyətimizi, bağımızı, əlimlə basdırdığım meyvə ağaclarını, gül kollarını gözümün qabağına gətirdim.
Fotoaparat, videokamera, kaset hazırlığı gördüm. Hər ehtimala qarşı vacib işlərimi tamamladım, borclarımı qaytardım. Yeri düşdükcə qohumlara, yaxın dostlara İrəvana, oradan da Uruda gedəcəyimi söyləyərkən çoxusu məni bu səfərdən çəkindirməyə çalışırdılar. Hər halda risk var idi. Ermənistandakı vəziyyət, ermənilərin bizə qarşı əhval-ruhiyyələri barədə dəqiq informasiyanın olmaması qarşıdakı səfərin qaranlıq məqamlarını qürub çağının kölgəsi kimi daha da qorxunclaşdırırdı.
Ermənistana səfərimi bircə anama bildirmədim. Ailə üzvlərimizə də tapşırmışdım ki, anama bu barədə heç nə söyləməsinlər.
Do'stlaringiz bilan baham: |