Qıyan güc, Dəmür güc.
Qaraca çobanın bu iki qardaşının adı qorqudşünaslıqda fərqli variantlarda verilmişdir. O.Ş.Gökyay, S.Tezcan-H.Boeschoten nəşrlərində “Kıyan Güc”, “Demür Güc” [Gökyay 2006: 40; TB: 51], M.Ergin nəşrində “Kıyan Güç”, “Demür Güç” [Ergin 1958: 97] şəklində ayrı, H.Araslı, F.Zeynalov-S.Əlizadə, Ş.Cəmşidov nəşrlərində isə “Qabangüc”, “Dəmirgüc” variantlarında [Araslı 1978: 33; ZƏ: 43; Cəmşidov 1999: 299] bitişik yazılmışdır. Göründüyü kimi, Azərbaycan naşirləri həm də qardaşlardan birinin adını qaban adı ilə bağlamışlar. Fikrimizcə, bu adlar qədim ənənəyə söykənməklə eposun mətnində özünü qoruyub saxlayan antropoloji vahidlər sistemində açıqlanmalıdır. Təhlil göstərir ki, “güc” sözü tarixən türk şəxs adlarının tərkibində işlənmiş apelyativlərdəndir. Türk igidinin adının əvvəlində verilməklə onun güclü olması ilə tanındığını bildirən bu sözə “Küç Bars”, “Küç Kıyağan”, “Küç Kara”, “Küç Ögə”, “Küç Uyı”, “Küç Kül tutuk”, “Küç tekin” (Tanrıverdi 2009: 33; QTS: 323) antroponimlərin tərkibində rast gəlinir. Görünür, “xan//qan”, “bay//bəy” titulları kimi “güc//güc” sözü də türk igidinin adının əvvəlinə artırılmış və sonradan adın sonunda işlədilmişdir. Maraqlı cəhət odur ki, “Dəmür güc” adı “Küc Təmür” [Caferoğlu 1968: 120], “Qıyan(//Kıyan) güc” adı isə “Küc Kıyağan” formasında getmişdir. “Kıyan” və “Kıyağan” adlarının “kəsmək, doğramaq” mənalı qədim “qıy-(//kıy-)” feilindən [MK: IIIc, 232] düzəldiyi aydın duyulur. Qədim türk adlarının yaranma üsullarını sistemli şəkildə araşdıran Ə.Tanrıverdi də sonuncu “Küç Kıyağan” adını bu feil kökü ilə bağlayır [Tanrıverdi 2009: 33]. İfadə tərzinə gəlincə, “Dədə Qorqud” eposunda “Qazan xan”, “Bayındır xan” adlarının daha qədim çağlara aid “Xan Qazan”, “Xan Bayındır” forması da istifadə olunmaqdadır. “Bay Bura”, “Qan Turalı” şəxs adları məhz həmin qədimliyin izlərini özündə əks etdirən antroponimlərdir. Bu kontekstdə yanaşdıqda “Qıyan güc”, “Dəmür güc” adlarının “Küc Kıyan”, “Küc Təmür” adlarının zamana uyğun dəyişilmə variantı olduğunu söyləmək mümkündür. Odur ki, “güc” sözünün aid olduğu sözə bitişik yazılması özünü doğrultmur. “Qiyan güc” adının “Qabangüc” (-ü mənsubiyyət şəkilçisi deyil, təsirlik hal şəkilçisidir) variantında oxunması isə tarixi ənənənin nəzərə alınmamasından irəli gəlir.
-
Do'stlaringiz bilan baham: |