Banı Çiçək.
Eposda yüksək poetik boyalarla təsvir edilən qadın obrazlarından biri də Banı Çiçəkdir. Bu qadın adının yazılışı və etimoloji açımı da maraq doğuran məqamlardamdır. Belə ki türk naşirləri bu adı əslinə uyğun “Banı Çiçək” formasında ayrı yazsalar da [Gökyay 2006: 63; Ergin 1958: 122; TB: 72], Azərbaycan naşirləri “Banıçıçək” formasında bitişik yazmağa [Araslı 1978: 49; ZƏ: 56; Cəmşidov 1999: 315] üstünlük vermişlər. Abidənin Drezden nüsxəsində 19 dəfə Banı Çiçək variantında [D-76,10; Ergin 1963: 37], cəmi bir dəfə isə Banu Çiçək variantında [D-80, 2] yazılışından aydın olur ki, türk naşirləri düzgün seçim etmişlər. Ümumiyyətlə, Bayındır, Turalı, Şəmsəddin və müqəddimə hissəsindəki ərəb mənşəli qadın adlarını çıxmaq şərti ilə, abidənin dilində üçhecalı şəxs adlarına rast gəlinmir. Əksər adlar iki hecalı olub ləqəb, titul və ya mənsub olduqları tayfa adları ilə birgə işlənilmişdir. Bu baxımdan Banı Çiçək adının da iki sözdən ibarət mürəkkəb ad kimi transkripsiya edilməsi özünü doğruldur.
Adın etimoloji açımına gəldikdə isə, fikrimizcə, bir qədər dərin araşdırma tələb olunur. Ə.Tanrıverdi “Dədə Qorud kitabı”ndakı əksər adlar kimi, bu adın da mənşəyini tədqiqat obyektinə cəlb edərək, antroponiminin birinci hissəsini fars mənşəli “xanım” anlamlı banı//banu titulu, ikinci hissəsini isə “gözəllik simvolu çiçək apelyativi” ilə əlaqələndirmişdir [Tanrıverdi 1999: 81-82]. Sözsüz, “Çiçək” adının türk mənşəli olması şübhə doğurmur, lakin “banı” sözünün həmin addan əvvəl işlənilməsi onun “fars mənşəli “banu” sözü ilə əlaqələndirilməsini şübhə altına alır. Klassik ədəbi nümunələrdə və canlı xalq dilində rast gəlinən Məhinbanu, Səhnəbanu, Zəhrabanu, Şəhtəbanu, Xurşidbanu və s. bu kimi qadın adlarının qarammatik quruluşu göstərir ki, əgər “Banı Çiçək” adı da “xanım” anlamlı “banu” sözü əsasında yaransa idi, onda “Çiçəkbanu” şəklində olmalı idi. Məsələyə aydınlıq gətirmək üçün qorqudşünaslıqda dəqiqliyi ilə şərh edilməmiş bir söz üzərində dayanmaq istərdik.
Bamsı Beyrəklə bağlı boyun ekspozisiyasından belə məlum olur ki, Qalın Oğuz bəylərinin Bay Bura bəyə Tanrıdan oğul istəyi qarşısında Bay Becan bəy də ona qız verilməsi məqsədi ilə uca Yaradana dua edilməsini xahiş edir və belə bir şərt kəsir:
“Bəglər, Allah Taala maña bir qız verəcək olursa, siz tanıq oluñ, mənim qızım Bay Bura bəg oğluna beşikkərtmə yavuqlı olsun” - dedi. [D-69, 2-4].
Başqa bir məqamda isə Banı Çiçək Beyrəyin “beşikkərtmə nişanlusı – adaxlusı” kimi [D-76, 10-11] təqdim olunur.
O.Ş.Gökyay “beşikkərtmə nişanlu” sözünə belə şərh verir: “daha beşikteyken kız ve erkek çocuqları nişanlama; daha beşikteyken ana babaları tarafından söz kesilip nişanlanan kız veya oğlan” [Gökyay 2006: 233]. Böyük qorqudşünas türksoylu xalqlar arasında geniş yayılmış bu adət üzərində bir qədər geniş dayanaraq, onun yerinə yetirilməsini uşaqların beşiklərində nişan qoymaq və ya bir-birinə sürtməklə həyata keçirildiyi söyləyir [Gökyay 2006: 1090-1091]. Ola bilsin ki, bu adət hazırda şərh edilən şəkildə yerinə yerinə yetirilir. Ancaq boyun məzmunundan belə məlum olu ki, Bay Bura bəylə Bay Becan bəy hələ övladları dünyaya gəlməmişdən belə bir kəsim kəsirlər. Fikrimizcə, “beşikkərtmə” sözünün etimoloji açımı bu mübahisəli məsələyə də bir aydınlıq gətirə bilər.
Naşirlərin birmənalı şəkildə “beşik” sözü ilə bağladıqları “beşikkərtmə” sözünün mənşəyində başqa bir sözün, daha dəqiq desək, “nəsil, qohum, əqrəba” mənalı “bisük” sözünün [RM: 71; Şükürlü 1993: 218] dayandığını düşünürük. Buradakı “kərtmə” sözü “işarə qoymaq, kəsmək” mənalı “kərt-” feilinə [MK: IIIc, 368; QTS: 301] -mə şəliçisinin əlavəsi ilə yaranmışdır. Öncə qeyd etdiyimiz kimi, “beşik” sözü abidənin dili üçün də yad deyil və oğuz igidlərindən Qara Günəni səciyyələndirən təyinedici “qara buğa dərisindən beşiginiñ yapığı olan” söz birləşməsinin tərkibində işlənilmişdir. Deməli, Bamsı Beyrəklə Banı Çiçəyin bir-birinə ad edilməsi onların dünyaya gəlişindən qabaq ataları tərəfindən kəsilən şərtlə bağlı olduğu üçün “beşikkərtmə yavuqlu və ya nişanlı” ifadəsi qohumların bir-birinə söz verməsi ilə uşaqlarının adaxlanmasını, işarələnməsini bildirir.
Bu yozum “Banı” ləqəbinin düzgün açımına da yardım etmiş olur. Boyun məzmunundan göründüyü kimi, Bay Becan bəyin qızı Çiçək hələ dünyaya gəlməmişdən taleyi Bamsı Beyrəklə bağlanır. Ona görə də “Banı” sözünü “bağlanmış”, “işarələnmiş” anlamlarında açıqlamaq daha məqsədəuyğun görünür. Bu qədim türk mənşəli sözün mənşəyində “bağlanmaq” mənalı “ban-” feili [QTS: 81] durur. Ulu dilçi “ban-” feilinin mənasını şərh edərkən yazır: “Bir bağla bağlanan hər şey üçün belə deyilir” [MK: IIc, 53]. “Banı” sözü qədim türk dilində “bağlamaq” mənasında işlənmiş “ba-” kökünə [Caferoğlu 1968: 32] -n qayıdış növ şəkilçisinin artırılması ilə düzəlmiş “ban-” feilinə -ı ad düzəldən şəkilçinin əlavəsi yolu ilə yarnmışdır ki, kontekstə uyğun olaraq “(taleyi) bağlanmış” anlamının ifadəsinə xidmət edir.
Beləliklə, boydakı hadisələrin məntiqi ardıcıllığı “Banı” ləqəbinin Çiçək adına qabaqcadan müəyyənləşdirilmiş tale ilə bağlı əlavə edildiyini söyləməyə imkan verir.
-
Do'stlaringiz bilan baham: |