Qan Turalı.
Eposda Oğuz elinin gənc nəslini təmsil edib adına ayrıca boy boylanan igidlərdən biri də Qan Turalıdır. Bu adın yazılışına da Türkiyə və Azərbaycan naşirlərinin fərqli mövqedən yanaşıldığı müşahidə edilməkdədir. Belə ki O.Ş.Gökyay, M.Ergin, S.Tezcan-H.Boeschoten nəşrlərində [Gökyay 2006: 123-136; Ergin 1958: 170-198; TB: 125-138] bu ad “Kan Turalı” şəklində ayrı, H.Araslı, F.Zeynalov-S.Əlizadə, Ş.Cəmşidov nəşrlərində [Araslı 1978: 95-108; ZƏ: 85-93; Cəmşidov 1999: 363-383] Qanturalı şəklində bitişik yazılmış söz kimi getmişdir.
Bu şəxs adının etimoloji açımı da sözün hansı şəkildə tpanskripsiya edilməsindən asılı olmuşdur. Tanınmış türk alimi F.Sümər “dastan qəhrəmanının ad və ya ləqəbi” kimi “Qanturalı” sözünün “qantura” sözündən götürüldüyünü və həmin sözün də “bəzəkli bir paltar və ya qaftan kimi geyim adı” olduğunu güman edir. O həmçinin Qanturalı adını ağqoyunlu Tur Əli bəylə bağlayan E.Rossinin fikrinə qarşı çıxaraq, bu adların qətiyyən əlaqəsi olmadığını söyləyir [Sümər 1992: 382].
Ə.Tanrıverdi bu adın etimoloji açımı bağlı Azərbaycan alimlərinə məxsus fikirləri yığcam şəkildə ümumiləşdirdiyindən [Tanrıverdi 1999: 111-113] əlavə araşdırmaya ehtiyac duymadıq. O, “Tural” adını “Tur/dur-maq/” və “al/almaq/ “ feilləri əsasında yarandığını irəli sürən T.Hacıyev və “qan” sözünü “tox, zəngin”, “Tural” sözünü “yaşar” mənalı “durar” sözünün fonetik variantı kimi anlayıb, ümumilikdə, “Qanturalı” adını “zəngin yaşar” kimi izah edən O.Mirzəyev mülahizələrini qeyd etməklə öz baxışlarını ortaya qoyur. Tədqiqatçı alimin fikrincə, “Qanturalının atası “Qanlı qoca” Oğuz dövlətində “Qocalar Şurası”nın üzvüdür, hakimiyyətin nisbətən aşağı təbəqəsini təmsil edir. Şübhəsiz ki, o, oğlunun gələcəkdə xan olması istəyi, arzusu ilə yaşaya bilərdi”. Mənz bu baxış bucağından Qanturalı adının etimoloji açımına yanaşan araşdırıcı onun “xan olaq” mənasını ifadə edən “Qan turalım” əmr cümləsinin sintaktik-semantik transformasiyası əsasında yarandığını irəli sürür [Tanrıverdi 1999: 113].
Aydındır ki, “Qan Turalı” şəxs adındakı “qan//kan” sözü qədim türk yazılı abidələrində titul kimi işlənmiş leksik vahid olub “xan” anlamını bildirir. Abidənin mətnində q~x səsdəyişməsinə uğrayaraq “xan” formasını alan bu qədim söz yalnız Qan Turalı adında ilkin fonetik formasını saxlamışdır. Boyların formalaşdığı dövrdə artıq “xan” şəklini alan bu söz, əsasən, adların sonuna artırılmaqla işlənilsə də, bəzən adların əvvəlində işlənilməklə ilkin mövqeyini saxlamışdır. Nümunələri nəzərdən keçirək:
Bir gün Qam Ğan oğlı Xan Bayındır yerindən turmışdı. [D-10, 1].
Xanlar xanı Xan Bayındır yılda bir kərrə toy edib, Oğuz bəglərin qonuqlardı. [D-10, 3-4].
Bayındır xan bənim nə əksikligim gördi? [D-11, 12].
Məgər, xanım, Bayındır xanuñ bir buğası vardı, bir dəxi buğrası vardı. [D-15, 9-10].
Xan Qazanıñ oğlı Uruz bəg üç yüz yigidlən əli bağlu, boynı bağlu getdi. [D-38, 10-11].
Məgər xanım, Tırabuzan təkurı bəglər bəgi olan Xan Qazana bir şahin göndərmişdi. [D-272, 1-2].
...yarın qiyamət günində mənim əlüm Qazan xanın yaqasında olsun, mənim qanım Aruza qorsa, dedi [D-298, 12 – 299, 1].
Deməli, “Qan” sözünün “Turalı” adının önündə titul kimi işlənilməsi əski çağlardan xəbər verir. Adın etimoloji açımı bu fikri daha da qüvvətləndirir. Fikrimizcə, onun kökündə isə “tura” sözü durur. Öncə qeyd edək, “Tura” şəxs adı əski yazılı abidələrin dilində, nadir halda olsa da, rast gəlinir [Caferoğlu 1968: 253]. Bu sözün ümumi isim kimi “sipər, qalxan” [MK: IIc, 236; III, 209] və “istehkam, qala” mənaları da [QTS, 587] daşıdığı müəyyənləşdirilmişdir. Ehtimal edirik, hər iki söz qədim “tur-” feilindən yaranmışdır. Sadəcə, “isteham, qala” mənalı söz M.Kaşğari lüğətində “sığınaq” anlamlı “turağ” sözünün [MK: IIc, 171] son samitini itirmiş fonetik variantıdır. “Turalı” adı “sipər, qalxan” mənalı “tura” kökünə -lı şəkilçisinin artırılması yolu ilə düzəlmiş antroponim olmalıdır. Qan Turalının adı ilə bağlı boyda onun haqqında belə bir məlumat verilir:
“Qan Turalı camal və kamal iyəsi idi. Oğuzda dört yigit niqabla gəzərdi. Biri Qan Turalı, biri Qara Çəkür və oğlı Qırx Qınuq və Boz ayğırlu Beyrək. Qanturalı niqabın sərpdi” [D-179, 13 – 180, 3].
Göründüyü kimi, Qan Turalının adı niqablı igidlər sırasında birinci sadalanır. “Tura” sözünün “sipər” mənasından çıxış edərək, bu antroponimin “sipərli”, konkret şəxsə şamil edildikdə isə, “niqablı” anlamını daşıdığını ehtimal edirik. Digər tərəfdən, qeyri-adi hünəri ilə aslana, buğaya və buğraya (erkək dəvəyə) qalib gələn Qan Turalının qədim mənbələrdə “hərəkətli, canlı, oynaq” mənalı “turalığ” (-ğ samitinin söz sonunda düşməsi türk dilləri üçün qanunauyğun fonetik hadisədir) sözündən [Caferoğlu 1968: 253] törəndiyini də söyləmək mümkündür.
Sonuc. Boyların məzmunundan göründüyü kimi, Oğuz elinin böyük bilicisi Dədə Qorqud igidlərə ad seçərkən onlara xas səciyyəvi xüsusiyyətləri qabartmağa üstünlük vermişdir. Ad hər bir şəxsin xarakterini, göstərdiyi hünəri, hətta görünüşünü, mənsub olduğu eli, tayfanı özündə əks etdirməklə boylardakı obrazlar haqqında müəyyən məlumatın daşıyıcısı rolunu oynayır. Eposda heç bir ad təsadüfi qoyulmamışdır və əksər hallarda türk mənşəli qədim sözlər əsasında açıqlandıqda daşıdığı mənanı tam ifadə edir.
Do'stlaringiz bilan baham: |