Qalçan - “titrəmək, yerindən tərpənmək, səksənmək”. Söz “Qan Turalı boyu”nda 1 dəfə işlənmişdir: “Qañlı Qoca oğlı Qan Turalı netmiş”- deyələr / “Qara büğa gəldügində qalçanmamış / Qağan aslan gəldügində belin bükmiş / Qara buğra gəldügində nə keçmiş?”- deyələr (D.187).
М.Ergin sözü kılçat - “çekinmek, aldırış etmek, omuz silkmek, terpenmek, kıpırdatmak” şəklində izah edərək qarşısına sual işarəsi qoymuşdur. Müəllif sözün mətnə görə mümkün olan bütün mənalarını (bu mənalar kəskin şəkildə bir-birindən fərqlənsə belə) sadalamaqla kifayətlənmişdir (Ergin, II, 180). O. Ş.Gökyay kılçat - şəklində oxuduğu sözü lüğətdə sual işarəsi ilə “zırhlar bir-birine çarparak ses çıkarmak?” kimi izah etmişdir. Müəllif H. Araslı ilə mübahisələrində yenidən bu sözün üzərinə qayıtmışdır. O, H. Araslının həmin sözü bölərək qıl çatmamış “tükü tərpənməmiş” şəklində oxumasına etiraz edərək göstərir ki, Azərbaycan dilində belə bir ifadə qeydə alınmamışdır. O. Ş. Gökyay sözü V.V. Radlov lüğətindəki kalcay - “öz şəklini dəyişmək” feili ilə bağlayır və KDQ - də həmin formanın kılçat - şəklində yanlış yazıldığını iddia edir. Fikrini isbat etmək üçün “Sənglax”dakı qılcay -“əz xod rəftən (özündən getmək)” feilini arqument kimi göstərir (Gökyay, 315 -316). S. Tezcan bu fikrə “başka sözlüklerde yer almayan ğılcay - her halde bir gölge sözcüktür ve Gökyay’ın bunu DKK’ndaki sözcükle birleştirmesi kabul edilemez” şəklində etiraz edərək sözün abidədə yanlış yazıldığını və onun talçanmamış “uğraşmamış” kimi düzəldilməsini təklif edir (ST, 256 - 258). Naşirlər arasında yalnız H.Ə. Şmidye sözün ilk hecasını “fəthə” ilə kalçatmamış şəklində oxuyaraq qazaxca kalşılda - “titrəmək” feili ilə qarşılaşdırmışdır (Şmiede, 186). Onun sözə verdiyi məna doğrudur və mətnin semantik – qrammatik ovqatına da uyğundur. “Tarama Sözlüğü”ndə də söz kılçat - “korkmak, ürkmek, çekinmək” şəklində verilmişdir (Yalnız KDQ - dən misal verilib – TS, IV, 2480). Bu sözü Azərbaycan naşirlərindən H. Araslı qıl çatmamış “tükü tərpənməmiş”, S.Əlizadə qılçatmamış “döyükməmiş”, Ş. Cəmşidov “qulaçanmaq feilinin keçmiş zaman inkar şəklinin cüzvi təhrifindən ibarət”(?) saydığı və qılçanmamış kimi oxuduğu feili “səndələmək, qaçmaq, oraya - buraya qaçmaq, gizlənmək” şəklində izah edir (9, 209). Hər şeydən əvvəl, Ə. Şmidye istisna olmaqla, naşirlərin dastanın Drezden nüsxəsində قلچا نممش şəklində yazılmış qrafik kompleksin ilk hecasını “kəsrə”li və ikinci hecasındakı “nun” hərfini “tə” kimi oxumaları təəccüb doğurur. Halbuki klassik imla normalarına görə, sözün ilk hecasındakı “əlif” hərfi çox zaman yazılmır. Mətndə ikinci hecadakı “nun” hərfi də açıq - aydın görünür; hərfin ortada yazılış şəklinə uyğun olaraq dişin üzərində bir nöqtə vardır ki, bu da yalnız “n” kimi oxuna bilər. Buna görə də biz qrafik kompleksin qalçanmamış “titrəməmiş, səksənməmiş” şəklində oxunmasını düzgün hesab edirik. Səs təqlidi mənşəli bu sözün kökünə qırğızcadakı kalç “titrəmə, əsmə” yamsılamasında təsadüf edilir. Həmin kökə feil düzəldən - a şəkilçisi artırılmaqla qalça - feili yaranmışdır. Bu səs təqlidi kökdən yaranmış derivatlara türk dillərində olduqca geniş şəkildə təsaduf edilir:
Türkmən dilində: qalqa - “yellənmək; çırpınmaq; o tərəfə - bu tərəfə atılmaq”, qaldav “nadinc, sakitlik bilməyən”, qaldıravuk “əsmə, titrəmə”, qaldıra - “titrəmək, silkələnmək: qorkudan yaña qaldıramak “qorxudan titrəmək”, kalkıcakla - “çırpınmaq, yırğalanmaq; yırğalana - yırğalana yerimək”, qalpılda - “titrəmək, əsmək” və s. ;
Qırğız dilində: kalkay “qorxu nidası”, kalbalanda - “vurnuxmaq, sakit dayanmamaq”, kaldakta - “çırpınmaq”, kaldak - “vurnuxmaq”, kaldalañ “vurnuxan”, kalk: kalk et -“tərpənmək, yırğalanmaq”, kaltakta - “titrəmək, əsmək; vurnuxmaq”, kaltañ “oynaq, qərarsız”, kaltılda - “titrəmək, silkələnmək”, kaltıra - “titrəmək, lərzəyə düşmək”, kaltırak “titrəmə”, kalç: kalç et - “titrəmək, diksinmək, səksənmək”, kalçılda - “titrəmək, əsmək (soyuqdan, qorxudan)” və s.
Qazax dilində: kalbalak “vurnuxan”, kalbalakta - “vurnuxmaq, çırpınmaq”, kalbañ “vurnuxaraq”, kaltakta - “özünü itirərək çırpınmaq”, kaltañda - “vurnuxmaq”, kaltılda - “yırğalanmaq, silkələnmək, titrəmək”, kaltıra - “titrəmək, əsmək (soyuqdan)”, kalş: kalş - kalş et - “titrəmək, əsmək (soyuqdan); titrəmək (qəzəbdən), özündən çıxmaq”, kalşılda - “titrəmək, əsmək” və s.;
Qaraqalpaq dilində: kaljakla - “yırğalanmak”, kaltakla - “vurnuxmaq, çırpınmaq; titrəmək, əsmək”, kaltañ “yırğalanan, oynaq, qərarsız”, kaltañla - “titrəmək; yırğalanmaq”, kalt - kalt: kalt - kalt et - “silkələnmək, titrəmək, yırğalanmaq”, kaltılda - “titrəmək, əsmək; tərəddüd etmək; özünü itirmək, çırpınmaq”, kaltıldak “tərəddüd”, kaltıra - “titrəmək, əsmək (soyuqdan ); qorxmaq, özünü itirmək; məc. əsmək (xəsislikdən)”, kalş - kalş “(təql. söz) titrəmə bildirir”: kalş - kalş et - “(soyuqdan və ya qəzəbdən) titrəmək, əsmək”), kalşılda - “titrəmək, əsmək; həddindən çox pərişan olmaq” və s.
Noqay dilində: kaltañla - “vurnuxmaq”, kaltıra - “(qorxudan, soyuqdan) titrəmək, əsmək” və s.;
Karay dilində: kaltır - “titrəmək”, kaltıra - “titrəmək, əsmək, diksinmək”, kaltıramak “titrəmə” və s.;
Tatar dilində: kaltıra - “titrəmək, əsmək, silkələnmək”, kaltıran - “(qorxudan) titrəmək, əsmək, silkələnmək” və s.
Uyğur dilində: kaltiri - “titrəmək, əsmək, silkəlnmək” və s.;
Özbək dilində: kaltira - “titrəmək, əsmək, silkələnmək”; kalt - kalt titra - “güclü şəkildə titrəmək, çırpınmaq” və s.;
Altay dilində: kalak “qorxu bildirən nida”, kalañda - “yırğalanmaq, yellənmək”, kaltañ “vurnuxan”, kaltañda - “vurnuxmaq, özünü itirərək çırpınmaq”, kaltıra - “(soyuqdan) titrəmək; (qorxudan) əsmək”, kaltırak “titrəmə; titrəyən, silkələnən” və s.;
Krım - tatar dilində: kaltıra - “titrəmək, əsmək, çırpınmaq”;
Yakut dilində: xalçay - “qəzəblənmək” və s.
Əski uyğur yazılarındakı kal “quduz, dəli, divanə” (DTS, 162), “Ət - töhfə” dəki kaldıra - “titrəmək, əsmək” (Ət-töhfə, 182), V.V.Radlov lüğətindəki kalañna - “yırğalanmaq”, kaltıra - “titrəmək, əsmək”, kaltra - “əsmək, titrəmək, silkələnmək”, kaltravuk “titrəmə, əsmə”, kalşılda - “titrəmək”, kalbañ “yellənmə, yırğalanma”, kalbañda - “yırğalanmaq, o yana - bu yana hərəkət etmək”, kalbıra - “o yana - bu yana hərəkət etmək”, kalyak - “dinclik bilməmək, daim hərəkətdə olmaq”, kaluy “vəhşi, quduz”, kalyur - “qudurmaq, özündən çıxmaq”, kalyımak “vəhşi, quduz, sərt, kobud”, kalt “qəzəb” (Radlov, II, 1, 229, 233, 260 - 262, 257, 267, 270 - 271), L. Z. Budaqov lüğətindəki kalañda - “yırğalanmaq”, kalbañ “yırğalanma”, kaltıra - “titrəmək, əsmək”, kalşa “sakit dayanmayan, nadinc”, kalşılda - “titrəmək, əsmək”, kalpında - “o yana - bu yana hərəkət etmək” (Budaqov, II, 20 - 22, 62) və s. sözlər də kalçan - “titrəmək, əsmək, yerindən tərpənmək, səksənmək” feili ilə bağlıdır. Bütün bu derivatların kökünü kal / qal təqlidi sözü təşkil edir. Bundan başqa, karay, qumıq, qazax, qaraqalpak, noqay, tatar, başğırd və s. dillərdə, habelə V.V.Radlov, L.Z.Budaqov və V.Vamberi lüğətlərində qeydə alınmış kalğı - “yavaş - yavaş hərəkət etmək, yırğalanmaq, mürgüləmək” feilini də bu tipli sözlərə aid etmək mümkündür. L.S.Levitskaya areal söz kimi qiymətləndirdiyi kalğı - feilinin monqolcadan alındığını və “yavaş addımlarla getmək → mürgüləmək (at belində gedərkən) → mürgüləmək (durarkən, oturarkən)” şəklində semantik inkişaf yolu keçdiyini göstərir və bu feili karaycadakı kalğı - “yırğalanmaq, yellənmək”, tatarcadakı (dial.) kalqıt - “yelləmək, yırğalamaq” və kalqın - “yırğalanmaq, yellənmək” feilləri ilə birləşdirir (ESTY, V, 232). Bizcə, burada semantik inkişaf əksinə istiqamətdə baş vermişdir. Sözün ilkin mənası “yırğalanmaq, titrəmək” olmuş, digər mənalar bu əsas mənadan törəmişdir. Bu halda sözün türk dillərindən monqol dillərinə keçdiyini ehtimal etmək daha məntiqi görünərdi. Eyni kökdən yaranmış və yaxın mənalı sözlərin türk dillərində çox geniş yayıldığını, o cümlədən də KDQ - də qalçan - “titrəmək, səksənmək” feilinin mövcudluğunu nəzərə alsaq, kalğı – feilinin də türk dillərinə məxsus olduğunu, səs təqlidi mənşəli kal / qal kökündən yarandığını söyləmək mümkündür.
Do'stlaringiz bilan baham: |