Ancaq “elə o(dur), məhz o(dur)”. Bu söz “Bamsı Beyrək boyu”nda hər iki nüsxədə (D. 71, V. 23) 1 dəfə işlənmişdir: Bazırganuñ ulusı tutuldı, kiçisi qaçaraq Oğuza gəldi. Baqdı gördi Oğüzüñ ucında bir ala sayvan dikilmiş, bir imirzə xub yigit qırq jigit ilən, sağında və solunda otururlar. “Oğuzuñ bir yaxşı yigidi ancaqانچق . Yüriyəyim mədəd diləyəyim”– dedi (D. 71 ); Bazırganuñ ulusını dutdılar, kiçisi qaçaraq Oğuza gəldi. Zira ki, Oğuz yaqın yerdə idi. Baqdı gördi Oğuzuñ ucında bir ala eyvan dikilmiş, içində bir mirzə xub cuvan qırq yoldaşı ilə sağ - sol oturmışlardı. Bazırgan aydur: “Oğuzuñ bir yaxşı yigidi ancaq اَنْجَاقْ. Varayım, mədəd istəyəyim”- deyüb sürüb vardı, bağır basdı salam verdi (V. 22-23). Bu parçadakı ancaq sözünü M. Ergin, O. Ş. Gökyay, S. Əlizadə müasir türk və Azərbaycan dillərindəki ancaq “amma, lakin” bağlayıcısı ilə eyni mənada olan leksik vahid kimi qəbul etmişlər. Lakin söz bu mənada mətnin qrammatik və semantik quruluşuna qətiyyən uyğun gəlmir. Çünki bu halda“ Oğuzuñ bir yaxşı yigidi ancaq” cümləsinin yarımçıq olması təsəvvürü oyanır. Elə buna görə də F. Zeynalov və S. Əlizadə cümlənin axırında ancaq sözündən sonra üç nöqtə qoymağa məcbur olmuş (Oğuzuñ bir yaxşı yigidi ancaq… yüriyəyim, mədəd diləyim – Zeynalov-Əlizadə, 53). Ş.Cəmşidov isə cümləni parçalayaraq ancaq sözünü onacaq şəklində oxumaqla çıxış yolu tapmağa çalışmışlar (Oğuzun bir yaxşı yigidi! Onacaq yürüyayim, mədəd deyayim – Cəmşidov, 45). H. Araslı ancaq sözündən sonra cümlənin ümumi məzmununa uyğun hesab etdiyi bu işarə əvəzliyni əlavə etmişdir: “Oğuzun bir yaxşı yigidi ancaq [ bu]1, yüriyəyim, mədəd deyəyim” (Araslı 1978, 47). Şübhəsiz ki, burada da ancaq sözünün müasir mənası əsas götürülmüşdür. Əks halda, mənası “bu(dur)” olan ancaq sözündən sonra bu işarə əvəzliyi artırılmamalı idi. S.Tezcan da cümləni parçalamaq yolu ilə getmiş, sondakıi ancaq sözünü növbəti cümlənin əvvəlinə keçirmişdir: “Oğuzuñ bir yaxşı yigidi. Ancaq yöriyeyim, meded dileyeyim”- dedi. Bu veride ancak “hemen, şu anda” anlamındadır. “Hemen gideyim, yardım isteyeyim”. Buna yaklaşan bir kullanış da şudur: Drs. 88b8-10. Bu otuz iki baş kim burç-da asılmış idi kağan aslanıla kara buğ [r]a- nuñ yüzin görmemişleridi, ancak boğa buynuzunda helak olmışlarıdı. “Burçta asılmış olan bu otuz iki baş, kızgın aslan ile kara buğranın yüzünü görmemişlerdi (daha sıra onlara gelmeden) hemen boğanın boynuzunda paralanmışlardı” (Tezcan,156). Müəllifin verdiyi bu məna nə “Beyrək boyu”ndakı, nə də “Qan Turalı boyu”ndakı cümlələrin məzmununa uyğundur. Qan Turalı boyundakı ancaq forması müasir dildəki ancaq “yalnız, bircə” ədatıdır. Mətn parçasında da işin dərhal, bu anda yerinə yetirildiyindən bəhs edilmir. Beyrək boyundakı məntiqi situasiya və cümlənin məzmunu bu məna ilə heç bir vəchlə uyğun gəlmir: Bazırgan axtardığı çarəni tapdığına sevinir və bunun Beyrək olduğuna işarə edir.
A.Şmidye və S. Özçelik nəşrlərində də cümlə eyni şəkildə oxunmuş, əlavə izah verilməmişdir. M. S. Kaçalin nəşrində həmin cümlə “Oğuzuñ bir yaxşı yigidi ancaq, yöriyeyim, meded dileyeyim”- dedi kimi transliterasiya edilmiş, ancaq sözünün qarşısında “galiba” mənası verilmişdir.
Beyrək boyundakı ancaq sözünün mənasını biz mətnin məntiqi - situativ xüsusiyyətlərindən və bu sözün yazılı abidələrdəki mənasından çıxış edərək “məhz onun kimidir, elə bu(dur)” şəklində müəyyənləşdiririk. XIV əsrə aid Fəxrəddin Hinduşah Naxçıvaninin “Sihahül-əcəm” adlı farsca - türkcə lüğətinin Bratislava nüsxəsində bu söz iki yerdə farsca həmin və həman sözlərinin qarşılığı olaraq “elə(dur), elə bu (dur” mənasında göstərilmişdir (Naxçıvani, 129). Nemətullah lüğətinin Kazan nüsxəsi adı ilə Q. Bəgdilinin nəşr etdirdiyi “Sihahül - əcəm”də ancaq sözü bir yerdə həmin “bu”, başqa bir yerdə isə həmanəst “odur” sözünün qarşılığı kimi verilmişdir(SƏ, 466, 472). Əbu Həyyanın “Kitab əl - idrak li - lisan əl - ətrak” lüğətində ancaq sözü qarşısında“بمعنی حَسْبُ تقول (son budur ancaq)” şəklində qeyd vardır (Abu Heyyan, 24). Bu qeydi də “elə odur” şəklində qəbul etmək mümkündür. Ancaq ədatının cümlə sonunda və şəkilçinin vurğusuz işlənməsinə aid A.Tietzenin “Fərəcnamə”dən (1451) verdiyi nümunə KDQ-dəki cümlə ilə quruluşca eynidir: Bir ər var, güzaf kələcilər söylər yanır yakılur ancak (Tietze, 174). Tədqiqatçılar ancaq sözünün ança/ anca “onun kimi” zərfinə ok ədatının birləşməsi yolu ilə yarandığını göstərirlər (Clauson, 174; Tietze, 174). A. Tietze ancaq sözünü “sadece, yalnız” mənasında izah etmiş, anca “onun kimi” formasına əski türkcədəki ok ədatının əlavə edilməsi ilə yarandığını irəli sürmüşdür. Ok/ ök ədatı Orxon-Yenisey abidələrində, Uyğur yazılarında, habelə M. Kaşğarlı lüğətində təsdiq - fərqləndirmə formantı kimi geniş şəkildə işlənmişdir: Ol - ok tün “məhz o gecə” (Ton., 42); İsig küçig bertim-ök, bən özim uzun yəlməg yəmə ıttım -ok “Məhz işimi - gücümü xalqa sərf etdim, məhz mən uzaq səfərlərə döyüşçü dəstələri göndərdim” (Ton., 52), Emdi - ok aydım “Məhz indi mən dedim” (MK, I, 37); Munta -ok “Elə (məhz) burada” (TTx ,543); Anta ayguçı bən-ök ertim “O zaman müşavir məhz mən idim” (Ton., 50) və s. (DTS, 369, 382). Müasir türk dillərində bu ədat əvəzlik, feili bağlama və zərflərə qoşularaq ekspressiv - fərqləndirmə (seçmə) mənası yaradır: baya - uk “indicə” (basq.), ol - ox ”məhz o” (xak.), toşda - ok “məhz daşda”, üy oldida - ok “məhz evin qarşısında” (özb) və s. (Şerbak, 95, 98, 100). Bəzi türk dillərində bu ədat daşlaşmış şəkildə qorunmuşdur: daşarık (< daşarı + ok “bayıra, çölə”), yokarık (< yokarı + ok) “yuxarıya” (türkm.), pazox (< paza + ok) “sonra; yenə”, andox (< anda + ok) “orada” (xak.), anarok (< anarı + ok) “məhz oraya” (şor.), bayaq (< baya + ok) “bir az əvvəl” (azərb.) və s. Nümunələrdən də göründüyü kimi, ok / ök ədatı həm ayrı-ayrı sözlərə, həm də bütövlükdə cümlənin məzmununa aid ola bilir, sintaktik konstruksiyanın sonunda gələrək cümləyə tamamlayıcı informasiya verir. Eyni funksiyanı o işarə əvəzliyinə - ca zərf şəkilçisi və ok ədatının birləşməsi ilə yaranmış ancaq “məhz onun kimidir, elə o(dur), elə bu (dur)” ədatı yerinə yetirir. Dastanın bir sıra boylarında ədatların cümlənin sonunda işlənməsi hallarına təsadüf olunur: Qara qıyma gözlərüñ uyxu almış, açğıl axı! (D.27); Kafir aydur: “Oğuzuñ arsızı Turkmanıñ dəlüsinə bəñzər! Bağ - a şuna!” dedi (D.249). Müasir Azərbaycan dilində də müəyyən hallarda ədatlardan cümlənin sonunda müxtəlif modal mənaların ifadəsi üçün istifadə edilir.
Do'stlaringiz bilan baham: |