Kegəş - “bir-birinə gizli ədavət saxlamaq, araları dəymək, bir-birinə kin bəsləmək”. Söz dastanın “Əmrən boyu”nda bir dəfə işlənmişdir: Qavumlu qavumı ilə kegəşdimi? کاکشد می (D. 239). Göstərilən qrafik kompleksi M.Ergin, O.Ş. Gökyay, S.Əlizadə gəñəşdimi şəklində oxumuşlar. M. Ergin sözü “danışmak, müzakere etmek, istişare etmek, müşavere etmek, münakaşa etmek, tartışmak, çekişmek, atışmak, (belki) birbirne girmek” şəklində izah etmiş və bir-birindən kəskin dərəcədə fərqlənən bu izahların doğruluğuna əmin olmadığı üçün onların qarşısına sual işarəsi qoymuşdur (Ergin, II, 200) . O. Ş.Gökyay mətndə geñeşdimi oxuduğu sözü lüğətdə kineşmek “danışmak, akıl sormak, akıl almak, istişare etmek, müşavere etmek” kimi vermişdir (Gökyay, 117, 249). F. Zeynalov-S. Əlizadə nəşrində söz gəñəşdimi kimi oxunmuş, muasir mətndə həmin cümlə “Hərə öz qohum - qardaşı ilə deyib -güldümü? ” şəklində şərh edilmişdir. Bu oxunuşdakı gəñəş - sözünün “deyib gülmək” mənasının haradan götürüldüyü məlum deyil. Türk dillərində gəñəş - “deyib-gülmək” feili yoxdur. Digər tərəfdən, mətnin məzmunundan anlaşılır ki, Bəkil Bayındır xanın qonaqlığından pərt və küsmüş halda, gizli düşmənçilik hissi yaranmış vəziyyətdə geri dönmüşdür. Onun xatunu bunu görmürdümü? Görürdü və onun bu halının səbəbini soruşurdu: Qərib başıñ qavğada qaldımı? Qanı, xanım, altuñda yaxşı atıñ yoq! Alnuñda altun işıq cəbəsi yoq! Ala gözlü bəgləriñ oxşamazsan, Ağca yüzlü görklüñlə söyləşməzsən, nədir halın? Bu suallardan sonra qarşısında pərişan vəziyyətdə durmuş Bəkilə gəldiyi yerdə deyib - güldüyü barədə xatunun əlavə sual verməsi heç bir məntiqə sığmır. H. Araslı mətnin məzmunundan çıxış edərək əlyazmasında sözün yazılışını əks etdirməyən qaqışdımı oxunuşunu seçmişdir. Lakin heç bir halda کاکشد می yazılışı qaqışdımı şəklində oxuna bilməz. S.Tezcan sual işarəsi altında kegiş - “birbirine sert sözlər söylemek, karşılıklı sövmek” şəklində həqiqətə daha yaxın olan oxunuş variantına üstünlük versə də, başqa bir oxunuş variantının olmasını, sözün türk dialektlərində işlənən kenneş - “inatlaşmak, kinlenmek”lə eyni mənada ola biləcəyini də istisna etmir (Tezcan, 322, 414). İkinci ehtimal həqiqətdən çox uzaqdır; kenneş - feili kinleş - feilinin fonetik variantıdır. Müəllifin özünün də göstərdiyi kimi, bu forma cəmisi bir dialektdə, həm də köçkün tatarlara məxsus şivədə qeydə alınmışdır. Tatar dilində isə i >ə əvəzlənməsi qanunauyğun haldır: kin>kən. Bu halda sözün kökü kin “kin, nifrət” şəklində müəyyənləşir. Mətndə söz “sağır nun”ladır. Fars mənşəli kin sözünün heç bir mənbədə “sağır nun”la yazılışına təsadüf edilmir.
Bizim kegəş - şəklində oxuduğumuz söz kekə - / kegə - “kin bəsləmək, gizli ədavət saxlamaq” feili ilə bağlıdır. Bu feil V.V.Radlov lüğətində kekə - “əl ilə təhdid etmək, qorxutmaq”, kegə - “təhdid etmək”, kigə - “təhdid etmək, qorxutmaq”, L. Budaqov lüğətində kigə - (کیگا مک ) “təhdid etmək, qorxutmaq”, qazaxcada keke - “istehza etmək, lağa qoymaq”, qırğızcada keke - “söymək”, keken - “intiqam almaqla təhdid etmək, nifrət etmək, kin bəsləmək”, altaycada keken - “intiqam almaqla təhdid etmək, gizli ədavət saxlamaq, kin bəsləmək”, keket - “danlamaq, məzəmmət etmək, söymək, istehza etmək”, qaraqalpakcada keket - “danlamaq; istehza etmək”, özbəkcədə (dial.) kəkəş - “yola getməmək, bir-birinin acığına hərəkət etmək” və s. formalarda əks olunmuşdur. Tədqiqatçılar feilin kökünü kek “kin, nifrət, acıq, düşmənçilik” sözü ilə əlaqələndirirlər. Həmin söz Köl Tigin abidəsində (Bodun iligi kegi boltuqınta “xalqda böhtan və düşmənçilik yarandıqda”- KT, b 43), M. Kaşğarlı lüğətində, “Qutadgu bilig”də (Negü ter eşitgil bilür kegi yoq “Bilici, nifrəti (düşmənçiliyi) olmayan adam nə deyirsə, eşit (QBH, 96), V.V. Radlov lüğətində (qırğ, qaz), L. Budaqov sözlüyündə (qırğ), karay, qırğız, qazax, qaraqalpak, noqay, özbək dillərində qeydə alınmışdır (ESTY,V, 24 - 26; DTS, 295). Kek sözü qədim türk yazılı abidələrində, M. Kaşğarlı lüğətində öç “öc, intiqam” sözü ilə qoşa şəkildə işlənir: Öç kek tuttaçı yağı yavlaq adası “Nifrət bəsləyən (kinli) düşmənlərdən və pis adamlardan gələn təhlükə” (Suv. 332); Erən arığ örpəşür / Öçin kekin irtəşür “Adamlar yaman qabarırlar, öcünü, kinini almaq üçün didişirlər” (MK, I, 230); Öçlüg keklig kişi “öcü və kini olan adam” (MK, II, 283) və s. G. Clauson kek sözünün semantik inkişafını bu şəkildə bərpa edir: ‘kin, nifrət’ → ‘gizli nifrət, gizli düşmənçilik’ → ‘intiqam arzusu’ → ‘intiqam’ (Clauson, 707). G. Clausonun bu sxemi “Kitabi-Dədə Qorqud”dakı nümunə ilə səsləşir; buradakı kegəş - feili yarandığı söz kökünün ən qədim mənasına yaxın olan “bir – birinə kin bəsləmək, gizli ədavət saxlamaq” mənası bildirir. Yazılı abidələrdə və türk dillərində kek formasından yaranmış kegə - feilindən əlavə bir sıra başqa derivatlar da mövcuddur: keknə - “qeyzlənmək, qəzəblənmək” (QB, 308); kekçür - “bir-birinin üzərinə salışdırmaq” (MK, II, 196); kektəş - “bir-birinə düşmənçilik etmək, kin bəsləmək” (MK, II, 222); kekte - “kiməsə gizli ədavət saxlamaq, kin bəsləmək; danlamaq, tənbeh etmək” (V.V. Radlov); kekle - “düşmənçilik etmək, mübahisə etmək; söymək, məzəmmət etmək” (V.V. Radlov); kekte - “intiqam almaq, kin saxlamaq”, kekteş - “bir-birinə qarşı kin bəsləmə”, kekçil “kinli”, kekəər “kin, nifrət; danlaq, məzəmmət” (qırğ); kekle - “gizli intiqam hissi bəsləmək, kimdənsə intiqam almaq”, kekli “kiməsə kin bəsləyən, intiqamçı” (qaraqalp.) və s. Çox güman ki, müasir türkmən dilində işlənən kəəye - “söymək, danlamaq”, kəəyiş - “söyüşmək, dalaşmaq” (Olar öz aralarında kəəyişdilər “Onlar öz aralarında söyüşdülər” (TRS, 425), habelə Azərbaycan dilinin Quba dialektində təsadüf edilən gigirtdə - “ara vurmaq, birini başqasına qarşı qızışdırmaq” (ADDL, 282) sözlərinin kökləri də kek / keg / kik / kig formasına bağlıdır.
Do'stlaringiz bilan baham: |