3. Müqəddimənin III hissəsi
Müqəddimənin sonunda qadın tipləri verilir və orada Nuh peyğəmbərin və onun eşşəyinin adı çəkilir: “Bin söylərsən, birisini quymaz, ərin sözini qulağına qoymaz. Ol, Nuh peyğəmbərin eşəgi əslidür. Andan dəxi sizi, xanım, Allah saqlasun! Ocağınıza buncılayın övrət gəlməsün” (8, 23).
Dini rəvayətlə verilən məlumata görə, Nuhun gəmisinə axırıncı minən eşşək olur. Şeytan onun quyruğundan tutub saxlayır. Bu zaman Nuh onun gəmiyə minmək istəmədiyini düşünərək deyir: “Məlun, niyə içəri girmirsən?”. Bu zaman şeytan eşşəklə bərabər içəri girir. Nuh şeytanın gəmiyə mindiyinə etiraz etdikdə şeytan deyir: “Özün demədin ki, “Ay Məlun, niyə keçmirsən?”. Bil ki, dünyada məndən məlunu yoxdur” deyərək gəmini tərk etmir. “Kitabi-Dədə Qorqud” ensiklopediyasında Abdulla B. Nuhun eşşəyinin xatırlanmasının iki məqamını işıqlandırılır: “Nuhun gəmisinə aldığı ən son heyvan eşşək olmuşdur və şeytan da onunla birlikdə buraya daxil olmuşdur. O.Şaiqin fikrinə görə, pis qadınlar ona görə Nuh peyğəmbərin eşəgi əsli sayılır ki, o, şeytanı özü ilə gəmiyə keçirmişdir. Bahəddin Ögəl bu mətləblə bağlı başqa bir rəvayətə əsaslanır. Nuh peyğəmbərin Ham, Sam, Yasəf adlı üç oğlu və Vəcilə adlı bir qızı var imiş. Öz adıyla tarixə düşən “Tufan”ın başlayacağını öncədən bilən Nuh gəmi qurdurmaq qərarına gəlir. O bu işi üç qonurgözə tapşırır. Əvəzində isə qızını onlara verəcəyini bildirir. Tufandan sonra qonurgözlülər ondan qızı istəyirlər. O, bir eşşək, bir at və qızını dama salır. Onlar dönüb qız olur. Nuh öz doğma qızının bunlardan hansı olduğunu müəyyənləşdirə bilmir. Sonradan xasiyyətlərindən onların kim olması məlum olur. Deməli, dastançı bu əfsanədən xəbərdar olduğundan KDQ-dəki “dörd dürlü” qadınlardan birini Nuh peyğəmbərin eşşəyindən törənmiş saymışdır” (3).
Sonuc
Nuh peyğəmbərin esxatoloji kosmik tufandan sonra insan nəslinin onunla davam etməsi, “İkinci Adəm” adlandırılmasını nəzərə alsaq, deyə bilərik ki, müqəddimənin sonunda onun adının çəkilməsi təsadüfi deyil. Bu bir növ yeni bir başlanğıca işarədir. Mifik dünyagörüşündə hər bir son yeni başlanğıcdır, hər başlanğıc nəyinsə sonudur. Qapalı zaman konsepsiyasına tabe olan bu mifik görüşlər epik mətnə transformasiya olunaraq dastan yaradıcılığından yan keçməmişdir. Dastanın öz poetik strukturundan irəli gələrək dastanın müqəddiməsi mətn vahidlərinin düzüm qanunauyğunluğuna tabedir. Ona görə də həm başlanğıcı, həm də sonu kosmoqonik Oğuz mifinə işarə edir.
QAYNAQLAR
-
Asif H. (2007). “Dədə Qorqud kitabı”: oxunuşlar, açımlar. Bakı, Elm
-
Baheddin Ö. http://www.oguz-news.net/tur/wp-content/uploads/2014/03/oguz-kagan-destani.pdf).
-
Bəhlul A. (2004). “Dədə Qorqud kitabı”. Ensiklopedik lüğət. Bakı, Öndər
-
Cəlal B. (2003). Türk mifoloji sözlüyü. Bakı, Elm
-
Fəzlullah R. (1992). Oğuznamə. Bakı, Azərnəşr
-
Fidan Q. (2012). Türk mifologiyasında mədəni qəhrəman problemi. Bakı, Elm və təhsil
-
Kamal A. (1999). Gizli dədə Qorqud, yaxud sirr içində sirr-2. Bakı, Elm
-
Kitabi-Dədə Qorqud. (2004). Əsil və sadələşdirilmiş mətnlər. Bakı, Öndər
-
Qurani Kərim. (1993). Bakı, Azərbaycan
-
Qurbanov N. http://www.elibrary.az/cgi/azirbis64r_ft/cgiirbis_64_ft.exe
-
Oğuz Kağan Dastanı.
http://ekitap.kulturturizm.gov.tr/Eklenti/10811,oguzkagandestanipdf.pdf?0
12. Ramil Ə. (2006). Türk mifoloji düşüncəsi və onun epik transformasiyaları. Bakı
13. Seyfəddin R. (2009). Oğuz mifologiyası. Bakı, Nurlan
Do'stlaringiz bilan baham: |