1. Müqəddimənin I hissəsi
Müqəddimə “Bismillahir-Rəhman İr-Rəhim və bihi nəstəin” ifadəsi ilə başlayır. Göründüyü kimi, islam dinində bütün surələr bu ifadə ilə başlayır: “Rəhman və Rəhim Allahın adıyla” (9). Bundan sonra “Rəsul əlеyhissəlam zamanına yaqın Bayat boyından, Qorqut Ata dеrlər, bir ər qopdı. Oğuzun ol kişi tamam bilicisiydi. Nə dеrsə olurdı. Qayibdən dürlü xəbər söylərdi. Haq-taala anın könlünə ilham еdərdi” (8, 19). Burada ilk əvvəl hadisələrin baş verdiyi zaman, sonra isə Qorqud atanın şəxsiyyətinin təsdiqi öz əksini tapır. Maraqlıdır ki, boyların əksəriyyəti bu formulla başlayır: “Bir gün Ulaş oğlı, Tulu quşun yavrısı, bizə miskin umudı, Amit soyının aslanı, Qaracuğın qaplanı, qonur atın iyəsi, xan Uruzun ağası, Bayındır xanın güyəgisi, qalın Oğuzun dövləti, qalmış yiğit arxası Salur Qazan yerindən durmışdı” (8, 37) , “Bir gün Qamğan oğlı xan Bayandır yerindən durmışdı” (8, 24) və s. İki boyun əvvəlində Salur Qazan (8, 37;78), iki dəfə zamanın təsdiqi ilə bərabər Bayandur xan haqqında təyinlər verilir (8, 24; 52), iki dəfə zamanın təsdiqi verilmədən Bayandır xanla bağlı informasiya verilir (8, 119; 135), üç yerdə tamam başqa oğuz qəhrəmanlarının adı çəkilir: “Oğuz zamanında Uşun qoca deyərlər, bir kişi vardı” (8, 145). “Məgər xanım, bir gün Oğuz otururkən üstinə yağı gəldi” (8, 125), “Oğuz zamanında Qanlı qoca deyərlərdi, bir gürbüz ər vardı “ (8, 104), “Məgər xanım, Oğuzda Duxa oğlı Dəli Domrul deyərlərdi, bir ər vardı” (8, 95). Maraqlıdır ki, bu üç boyun üçünün də başlanğıcında Bayandır və ya Qazan xanın adı çəkilməsə də “Oğuz” sözü mütləq işlənir. Oğuz – türk mifoloji sistemində ilkin əcdad, mədəni qəhrəmandır. “Mədəni ənənə onu dövlətin, hərbi quruluşun yaradıcısı kimi təqdim edir” (4, 285). Dastanda verilən Bayandır, Qazan xan Oğuzun paradiqmalarıdır.
Belə ki, boyların başlanğıcının müəyyən formul şəklində olması, bu formulun bir neçə dəfə təkrarlanması kosmoqonik aktın təsvir edilməsinə bənzəyir. (Bizdə günəşin hər səhər açılması təəssüratını yaratdı.) Bayandır və Qazan xan Oğuzun Yer qadından olan Göy və Dağ xanın oğullarıdır. Boyların başlanğıcının bu cür verilməsi kosmik informasiya daşıyır. “KDQ-də əksər boylarda bütün süjet (funksional dinamika) Bayındır xanın, yaxud Qazan xanın məclisindən başlanır və məclislə (toyla) başa çatır. Həmin məclis oğuz kosmosunun bütün sosial, siyasi, sakral və sekulyar nizamının Oğuz xandan başlanan məkan düzümüdür” (13, 294).
B. Abdulla uyğur yazılı abidələrinə istinad edərək istiqamət, səmtlərin rəng simvolikasını açıqlayır. Oğuz kağan və onun ailəsinin oturmasını 5 rəngin səmt işarəsinə uyğun olaraq qeyd edir ki, Oğuz xan özü mərkəzdə (sarı), Səmavi qadın sağda (ağ) əyləşir. Alaçığın qapısı cənuba (qırmızı) açılır, arxası şimala (qara) tərəfdir.
Oğuz xanın oturduğu yer sarı rənglə işarələnirsə, demək, bizim intuisiyamız bizi yanıltmamışdır. Bu bir daha onu günəşlə bağlayır. Dastanın özündə də Oğuz xanın möcüzəli şəkildə göydən enən şüa ilə doğulması verilir: “Yine günlerden bir gün Ay Kağanın gözü parladı. Doğum ağrıları başladı ve bir erkek çocuk doğurdu. Bu çocuğun yüzü gök; ağzı ateş (gibi) kızıl; gözleri elâ; saçları ve kaşları kara idi. Perilerden daha güzeldi” (2).
Oğuz öz görünüşü ilə göy oğlunun atributlarını daşıyır (4, 285). Onun göy oğlu olması, ağzının atəş kimi qızıl olması onun günəşi simvolizə etməsinə işarədir. Belə ki, B.Ögəlin qeyd etdiyi kimi, türklərdə müqəddəs olan ən önəmli şey, göydən sonra dünyamızı isidən günəş idi. N.Qurbanov da qeyd edir ki, “Oğuz kağan”, “Yaradılış”, “Şan qızı” və b. arxaik türk dastanlarında zaman sakraldır, hadisələr ilkin yaradılış zamanında baş verir, xaosdan kosmosa keçid təcəssüm olunur. Bütün bunlar bizə belə bir qənaətə gəlməyə əsas verir ki, həqiqətən də arxaik dastanlar, əsasən, kosmoqonik mif mətnlərindən qaynaqlanmışdır (10). Xatırlasaq ki, Bayandır xan, Qazan xan Oğuz xanın Yer qadından dünyaya gələn oğullarından törəyən nəvələridir, onda “Kitabi-Dədə Qorqud” boylarının əvvəlində bu obrazların Oğuz xan sayağı qara yerlərində hündür evlər-alaçıqlar tikdirmələri, min yerdə ipək xalılar sərmələri bir növ kosmoqonik aktı yenidən təkrarlayır. Amma bu dəfə oğuz xanın yerinə Bayandır və Qazan xanın timsalında.
Boyların başlanğıcında yuxarıda göstərilmiş formullarda işlənən saylar da çox önəmlidir. Belə ki, bu formullarda məhz 1000, 90, 80, 9 saylarından istifadə olunmuşdur. Digər maraqlı məqam ondan ibarətdir ki, dastanın boylarında verilən bu formullara dastanın müqəddimə hissəsində də rast gəlmək olar. Burada Dədə Qorqud Bayandır xan, Qazan xan kimi alaçıq qurdurmur, otaq tikdirmir. Lakin unutmaq olmaz ki, burada Dədə Qorqudun Bayat boyundan olması bildirilir. Bayat boyu Oğuz kağanın Yel qızından olan Gün xanın oğlunun adı ilə bağlıdır.
Müqədimənin ikinci abzasında Qorqud atanın dilindən verilən ilk sözlər gələcək haqqındadır: “Axır zamanda xanlıq gerü –Qayıya dəgə, kimsənə əllərindən almaya axır zaman olub qiyamət qopınca. Bu dedügi Osman nəslidür, işdə sürilüb gedə-yürir (8, 19). Dədə Qorqudun dilindən verilən sətirlər ilk baxışdan esxatoloji mahiyyət daşıyır. Amma diqqət yetirilsə, burada Oğuz tarixinin gizli məqamları ortaya çıxır.
Burada dünyanın sonuyla, qiyamət günü və ondan sonrakı həyat haqqında təsəvvürləri əks etdirən esxatoloji görüşlər təsvir olunub. Erkən türk təsəvvürlərində zamanın dövrəviliyi konsepsiyası hakim idi. Axır zaman anlayışı ərəb mənşəli olub, ayrı-ayrı türk xalqlarında “axırğı zaman”, “oxir zamon, oxirat və b. şəkillərdə işlənir (4, 21). Tədqiqatçı C. Bəydilinin fikrincə, axır zaman anlayışı zamanın bir-birinin ardınca gələn dövrlərdən və ya silsilələrdən ibarət olub sonsuzluğa qədər davam elədiyi, yəni zamanın dövrəvi olduğu ideyasını qəbul edən dinlərdə də var. Ölüb-dirilməyə həqiqi inamın kökləri bu ideyadan gəlir. Həmin inam isə türk tanrıçılığında –Göy-Tanrı dinində başlıca yer tutur (3, 15). İslam dini ilə bağlı bu təsəvvürlər sonrakı çağlara aiddir. Müqəddimənin bu hissəsində bizim üçün önəmli olan informasiya axır zamanda xanlığın Qayıya dönməsidir. A. Hacıyev göstərir ki, Oğuz elində hakimiyyəti Boz oqlar təmsil edir. Üç oqlar isə ona tabe tərəfi bildirir (1, 8). Bəs niyə Üç oqları təmsil edən Bayandır və Salur tayfalarının törəmələri hakimiyyəti təmsil edir? Bu sualın cavabı F.Rəşidəddinin “Oğuznamə” sində verilib. Qayı İnal xanın ömrünün sonuna yaxın bir oğlu olur. Dədə Qorqudun məsləhəti ilə hakimiyyət Bayandır Denkerin oğlu Erkiyə verilir. Çünki Tuman hələ balaca idi. Otuz iki-otuz beş il hakimiyyətdə olan Erkil sonda hakimiyyəti Tuman xana təhvil verir: “ Bu taxtda oturmaq mənim atamın haqqıdır... hər bir böyük və kiçik bilir ki, bu taxt bizim haqqımızdır. Bundan belə taxtda oturma, aramızdakı dostluq və birlik, düşmənçiliyə və anlaşılmazlığa çevrilməsin” (5, 47).
Dədə Qorqudun mənsub olduğu Bayat boyu eynən Qayı kimi Oğuzun Gün xandan olan oğullarının adını daşıyır. Nəzərə alsaq ki, Bayandır xan, Qazan xan Oğuzun paradiqmalarıdır, Bayat boyundan olan Qayı da, Dədə Qorqud da Oğuzun paradiqmasıdır. Bu səbəbdən də boyların başlanğıcında verilən və kosmogenik informasiya daşıyan formul ( Bir gün Qamğan oğlı xan Bayandır yerindən durmışdı...) müqəddimənin əvvəlindəki formula (Rəsul əleyhissəlam zamanına yaqın Bayat boyından, Qorqut ata deyərlər bir ər qopdı...) bənzəyir.
Beləliklə, həm müqəddimə, həm də ayrılıqda boylar Oğuz xanla bağlı kosmoqonik akta işarə edir, onu təkrarlayır. “Kitabi-Dədə Qorqud”da boyların öz poetik strukturu baxımından bir-birini təkrarlaması (hamısının eyni formulla başlanması, eyni funksional sxemi təcəssüm etdirməsi və eyni sonluqla qurtarması ) mifin mətn vahidlərinin düzüm sxemini ortaya qoyur” (13, 192)
Müqədimənin ikinci abzasında verilən “Bu dedügi Osman nəslidür, işdə sürilüb gedə-yürir” katibin dastanın zamanını öz zamanın uyğunlaşdırmasıdır. Qorqud dеyiminin müdrikliyini, həqiqətə uyğunluğunu şərh еtməyə çalışan katib həmin fikrə münasibət bildirməyi gərəkli sayaraq əlavə еdir: “Bu dеdügi Osman nəslidir, işdə sürilüb gеdə-yürir”. Bəzi tədqiqatçılar bu cümlənin Dədə Qorquda məxsus olduğunu düşünsələr də, A. Hacıyev tarixi şəxsiyyət kimi Dədə Qorqudla Osmanlı imperiyası arasındakı zaman kəsiyini nəzərə alaraq, Dədə Qorqudun bu tarixi hadisəni irəlicədən söyləyə bilməsinin inandırıcı səslənmədiyini qeyd edir (1, 8).
Do'stlaringiz bilan baham: |