Нянямин, бабамы, атамын, ямимин, дайымын вя диэяр язизляримин гябирляри даща йохдур
Urud qəbiristanlığındakı bəzi qəbir daşlarında əllərini göyə qaldırmış, adam - dua edən şaman təsvirinin həkk olunması, yazı olmasaydı belə, bu daşların yalnız türk xalqlarına mənsub olmasını göstərən tutarlı dəlildir.
Urud qəbiristanlığı ən azı Qaraqoyunlulardan və Ağqoyunlulardan bu yana bu yerlərdə Azərbaycan türklərinin yaşadığını sübut edən təkzib edilməz maddi-tarixi dəlil, belə bir tarixi-mədəniyyət abidəsinin dağıdılması isə erməni vandalizminin əyani nümunəsidir. Ən azı bunlara görə necə olursa-olsun 150 addımlığında dayandığım o müqəddəs yerə getmək, onun vəziyyətini gözümlə görmək mənim tək bir azərbaycanlı olaraq, tək bir urudlu olaraq deyil, bir sivil bəşər övladı olaraq da insanlıq borcum idi.
Digər tərəfdən atamın, babamın, nənəmin, əmimin, dayımın, uzaqlı-yaxınlı hamısı bir-birinə qohum olan kəndimizin əzizlərinin uyuduğu ötən əsrdə bütün Zəngəzur mahalında müqəddəs ocaq kimi tanınan Seyid Mir İsmayıl ağanın kümbəzi olan qəbiristanlığa getmək, bütün məzar əhlinə fatihə oxuyub rəhmət diləmək mənim bir övladlıq, bir müsəlmanlıq borcum idi.
İrəvandan gələn ermənilər yəqin ki, qəbiristanlığı tanımırlar və bu qədər yaxında olduğunu da bilmirlər. Qalır Hovik, onu da ya aldatmalı, ya da razı salmalıyam. İlk öncə Hovikin gözündən yayınaraq yavaş-yavaş təpənin üstünə qalxmaq və cəmi 50 addımlıqda yerləşən qəbiristanlığı lentə almaq planını fikrimdən keçirirəm. Bu məqsədlə özümü çayı, körpünü, qalanı, kəndi, ətraf dağları çəkirmiş kimi göstərərək təpəliyin sol döşü ilə nəzərə çarpmadan yalun başına yaxınlaşıram. Təpənin üstünə çatmağa 7-8 addım qalmış birdən Hovikin qəzəbli bağırtısını eşidirəm:
-Ara, hara gedirsən, demadıx ki, qəbiristanlığa getmək olmaz? Düş gəl bəri!
Müqavimət göstərməyi, yaxud tərsliyə salıb təpənin üstünə qalxaraq qəbiristanlığı çəkməyi mənasız hesab edərək (istəsələr lenti əlimdən alar, özümü də oradanca geriyə qaytara bilərlər) əmrə tabe oluram. Ermənilərin yanına gəlib çatanacan beynimdəki ikinci variantı işə salmağa qərar verirəm. Hovikə çatar-çatmaz kameranı ona uzadaraq son arqumentlərimi işə salıram:
- Mən bilirəm ki, Urud qəbiristanlığı kimi tarixi əhəmiyyətli, strateji bir yerdə çəkiliş aparmağıma icazə yoxdur. Ona görə də al kameranı saxla! Amma dinimiz ayrı olsa da Allahımız birdir. Və o bir olan Allah şahiddir ki, bu müqəddəs yerlərə 16 ildir ki, müsəlman ayağı dəymir. O qəbiristanda yatan müsəlmanlar 16 ildir ki, “fatihə” kəlməsinə həsrətdirlər. Burada mənim atamın, babamın, nənəmin, əmimin, dayımın qəbri vardır. Mən gedib o qəbirlərin üstündə dua oxumasam, Allah məni bağışlamaz. Yox, əgər sən buna mane olsan Allah qarşısında günahkar sən olacaqsan. Hovikin kameranı məndən alaraq təəccüb və heyrətlə üzümə baxdığını görüb əlavə edirəm:
- Bu müharibə gec-tez qurtaracaq. Bizimkilər bura qayıdacaq, sizinkilər Azərbaycana gələcəklər. Bax onda indiki hərəkətindən xəcalət çəkməmək üçün icazə ver, beşcə dəqiqəyə qəbiristanlığa gedim, bir dua oxuyum qayıdım.
Do'stlaringiz bilan baham: |