Lələsi köçmüş yurdlar
Ağdü kəndindən keçirəm. Zəngəzurun ən böyük, haylı-küylü, vurub-tutan kəndi idi Ağdü. İgid, mərd, qabağından yeməz kişiləri ilə, qoçaq, namuslu-ismətli qadınları ilə tanınardı.
Anabata baxıram. Yeddi novlü bulaq, Göl yeri, Arpa təpəsi, Buğda təpəsi, Qızoğlan qayası, İşıqlı dağı gözümün qabağından keçir.
Yol boyu gördüklərimi xəlvəti çəkirəm, qalanını gözümə yığıram. Gözümdə ki, yaşla dolulu…..
Mən aşiqəm baxtı kəm,
Yar zülfünə bağ tikəm.
Fələyə neyləmişdim
Fələk mənə baxtı kəm
Hər qarışı, hər addımı tanış olan, hər qayası, hər daşı, hər kolu, hər otu doğma olan el yolu ilə üzü Vağədi kəndinə tərəf irəliləyirəm. Yol həmin yoldu, yoldaşlar isə….
Qəlyanı çək ucunnan,
Doldur, bir çək ucunnan.
Nə namərdə yoldaş ol,
Nə bəla çək ucunnan.
Qabaqda Əjdaha dərəsi görünür, sağda isə Təgəzür dağlarıdır. Uşaq vaxtı quzu nobatına gedəndə bu dağlarda çox olmuşam. Həmin dağlardır. Ancaq bir az kövrək, bir az yorğun, bir az kədərli….
Başı bəlgəli dağlar,
Dibi kölgəli dağlar.
Yol üstə gözlər aşıq,
Nə vaxt el gəli dağlar.
Aşıq deyər yüz yal var,
Bir gədik var, yüz yol var
Fələk bildiyin eylər,
Yüz ətəklə, yüz yol var.
Qarşıda Vagədi kəndinin yolu, əkin yerləri, bağları görünür. Çox ürəyimdən keçir ki, 9-10-cu sinifləri oxuduğum Vagədi kəndinə qalxım, Hovuz arxının suyundan içim, tanışların, dostların ağlar qalmış yurdlarından bir xəbər bilim. Fəqət buna imkanım yoxdur. Bazar çayın sol sahilində yerləşən Vağədi kəndi mahalda tanınmış azərbaycanlı kəndi olmuşdur. 1918-ci ildə Andronikin daşnaqları kəndi dağıdıb yandırmış, Sovet hökümətinin vaxtında isə Türkiyədən, Gorusun və Sisyanın erməni kəndlərindən köçüb gələnlərin hesabına qarışıq kəndə çevrilmişdir. Kəndin əhalisinin yarıdan çoxunu azərbaycanlılar təşkil edirdi. Mahalın ən abad kəndlərindən idi Vağədi.
Vağədinin alt yanından keçəndə Hovik soruşur:
- Ara, bizim kənddən Bakıda vəzifədə olanlar varmı?
Orta məktəbdən oxuyandan yoldaşlıq və dostluq etdiyim Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Namaz oğlu Abbasovun adını çəkirəm.
- Ara, o komsomol olan?
- Bəli.
- O burada da fəal idi, atası Namaz kişi də fəal partiyaçı idi. Namaz kişi durur?
- Durur, deyirəm.
- Məndən salam deyərsən. Daha kim var, tanınmış adam?
- Əjdər müəllimin oğlu Azay Quliyev həm Milli Məclisin deputatı, həm də Milli QHT Forumunun Prezidentidir.
- Ara, o hansı Əjdərdir, yoxsa o “nasionalist” müəllimin oğludur?
-Nasionalist, ya qeyri-nasionalist olduğunu bilmirəm, Azayın atası Əjdər müəllim uzun illər Vağədi orta məktəbində dərs deyib, 1988-ci ildə Qarabağ davası başlayanda vəfat edib.
- Ha, ara, “nasionalist” onun kliçkası idi.
(Bakıya qayıdanda Əjdər müəllim haqqında eşitdiyim bu ”nasionalist” söhbətini atasını erkən itirmiş Azaydan soruşmağa ürəyim gəlmədi. Bu məsələni İlqarın atası Namaz əmiyə danışanda, o bir xeyli susdu, xəyalında elə bil o yerlərə, o illərə gedib qayıtdı:
- Hə, erməni doğru deyir, Əjdər müəllim çox vətənpərvər, milli ruhlu bir ziyalı idi, milli məsələlərlə bağlı söhbətlərdə erməniləri həmişə yerində oturdardı. Ona görə də Vağədi erməniləri Əjdər müəllimə “nasionalist” deyərdilər. Qarabağ məsələsi başlayanda Əjdər müəllimin ürəyi dözmədi, məktəbdə erməni müəllimləri ilə mübahisə edərək bərk əsəbiləşmiş, evə çatar-çatmaz isə ürəyi partlamışdı. Allah rəhmət eləsin.)
“Zor-zor” bulağı-uşaqlıq yaddaşımın ən işıqlı xatirələrindən biri, hünəri adına yaraşan, sopsoyuq, dum-duru ilahi çeşməsi.
İlk dəfə “Koroğlu” dastanını eşidəndə sehrli atın dəryadan çıxıb Alı kişinin ilxısına qarşılıqlı yeri “Zor-zor” bulağının dəhnəsi kimi təsəvvür edirdim.
İndi isə Zor-zorun suyu xeyli azalıb, dəhnəsi daşla dolub, baxımsız qalıb.
Bulaq başdan qurudu,
Dəhnə daşdan qurudu.
Göz aşım qurumadı,
Gözüm yaşdan qurudu
Zor-zorun suyundan doyunca içirəm, hamımızın əvəzinə bulaq suyunun həsrətini çəkən, dağ adamları.
“Zor-zor” bulağının üstündəki tək salxım söyüd xeyli böyüyüb, şaxələnib. Həmişə kölgəsində süfrə açdığımız beş guşəli dəmir çətir də, çətirin ətrafındakı taxta skamyalar da rənglənib, bulağın gözündən çəkilmiş su kranı böyük bir xaç daşın ortasına salınıb, ətraf təmiz və səliqəlidir. Xaç daşın xatirə olduğunu o saat anlasam da, özümü o yerə qoymuram:
- Deyəsən “Zor-zorun” ətrafını düzəldiblər.
- Ara, mən düzəltmişəm, Qarabağda ölən qardaşım oğlunun xatirəsinə.
Nə ağ, nə qara dillənmirəm. Nə “Allah rəhmət eləsin”, - demirəm, nə də “sənin qardaşın oğlunun Qarabağda nə işi var idi”, - soruşmuram. Ancaq üzümdəki pərtliyi və gərginliyi də gizlədə bilmirəm.
Mənim tutulduğumu hiss edən Hovik, heç gözləmədiyim halda, çox maraqlı bir etiraf edir:
-Ara, mən Qarabağda beş il “polevoy komandir” olmuşam. Ehtiyatda olan polkovnikəm. Gözümün qabağında sizinkilər bizimkiləri öldürüb, bizimkilər sizinkiləri öldürüb, əsir də götürmüşük, əsir də vermişik. Bütün bunları görən adam kimi deyirəm, dava çox pis şeydir.
Do'stlaringiz bilan baham: |