Açar sözlər: dastan, türk, oğuz, dövlət, hərb, hakimiyyət, mərasim, ənənə
Bəşəriyyətin ümumtürk ədəbi abidəsi sayılan “Kitabi-Dədə Qorqud” dastanı aşkara çıxarılandan 200 ildir ki, öyrənilir, tədqiq olunur, yeni-yeni fikirlər meydana çıxmaqda davam edir. “Kitabi-Dədə Qorqud”, söylənildiyi kimi, oğuz türklərinin həyat tərzini, yaşayışını əks etdirən xalq dastanıdır. Bu ədəbi abidə qəhrəmanlıq dastanları qrupuna aid edilmişdir. Düzdür, dastan, əsasən, oğuzların döyüşlərini, müharibələrini, igidliklərini əks etdirir. Lakin onu da qeyd etmək vacibdir ki, qədim türklərin ömrü elə vuruşmalarda, müharibələrdə keçirdi. Türklər həmişə qılınc sahibi olublar, öz qılıncları ilə imperiyalar qurublar. Tarixdə ən böyük imperiyalar türklərə məxsus olmuşdur. Türklərin məğlubedilməz olduğunu Məhəmməd peyğəmbərdən tutmuş Napoleona qədər böyük tarixi şəxsiyyətlər, hətta türklərin düşmənləri də etiraf etmişlər. Bu baxımdan oğuz türkünün qəhrəmanlıq salnaməsinin bir parçası olan “Dədə Qorqud” dastanı türkün dünyaya meydan oxuduğu çağların kiçik bir hissəsidir ki, əks etdirdiyi zamana işıq salır. Azərbaycan ərazisinin oğuzların vətəni olduğuna bir çox müəlliflər işarə vurmuşlar. Onlar “Oğuznamə”ni türklər haqqında yazılmış milli tarixi əsər adlandıraraq hicrətin 1000-ci ilinə qədər Azərbaycan ərazisində oğuz dövlətinin mövcud olduğunu göstərmişlər (5, 250). “Dədə Qorqud kitabı” bu Oğuznamənin əsas bir hissəsidir. Yazıya alındığı tarix təxminən XV-XVI əsrlər göstərilən dastan islamdan əvvəlki türklərin həyatını, məişətini, qayda-qanunlarını, inamlarını əks etdirir. Dastan Qorqud atanın hekayələri, duaları əsasında yazıya alınmışdır. Köprülü milli dastanın meydana çıxma məsələsinə toxunaraq millətin, bir xalqın həyatında böyük sarsıntılar keçirməsi ilə əlaqələndirir. Yəni xalqın həyatında baş verən proseslər şifahi şəkildə yaddaşlara köçür, sonra həmin hekayələri bir qəhrəmanın ətrafında birləşdirib dastan formasına salırlar (5, 41-42). Sual oluna bilər ki, niyə oğuz türklərinin tarixi bu qədər gec qələmə alınmışdır? Ümumiyyətlə, türk ədəbiyyatının təşəkkül tarixi orta əsrlərdən əvvələ gedib çıxmır. Azərbaycanda türkdilli şeirin meydanaçıxma tarixi XIII əsr Azərbaycan şairi İ. Həsənoğlu ilə başlamışdır ki, onun da türkcə 3 qəzəli məlumdur. Eləcə də “Kitabi-Dədə Qorqud” dastanının yazıya alınma tarixi XV-XVI əsrlər təxmin edilir (1, 144). Halbuki, həmin dövrə qədər türklərin tarixi, ədəbiyyatı, mədəniyyəti də artıq kamillik mərhələsinə çatmışdı, yəni intibah dövrünü keçirmişdi. Heç nə birdən-birə baş vermir və Nəsimi, Xətai, Füzuli kimi şairlər birdən-birə yetişə bilməzdi. Onlara qədər türk xalqlarının içərisində istedadlı adamlar, mükəmməl söz sənətkarları olmuşdur ki, onlar da öz sələflərindən bəhrələnib ölməz əsərlər yarada bilmişlər. Türklər tarix yaratmışlar, amma onun yazıya alınması, qorunması, gələcək nəsillərə çatdırılması qayğısına qalmamışlar. Onlar həmişə hərbdə olmuş, ancaq ölkələr fəth etmək haqqında düşünmüşlər. Bu səbəbdəndir ki, bizim əldə olan əski ədəbi abidələrimiz çox azdır, tapılan nümunələr isə əksərən əcnəbi müəlliflər tərəfindən əcnəbi ölkələrdə aşkara çıxarılır.
Qorqud ata kimdir və onun Oğuz dövlətində, oğuzların çevrəsində nə kimi rolu var? Türkiyəli alim Fuad Köprülü Qorqud atanın Türküstandan Ərəbistana gedib xəlifə Əbu-bəkrlə görüşüb islamı qəbul edən ozanlar piri olduğunu qeyd edir (5, 19). Belə məlum olur ki, o, 7-ci əsrdə yaşamış ozandır. XIV əsr tarixçisi Fəzlullah Rəşidəddin “Oğuznamə” əsərində Qorqudun Bayat nəslindən olub Məhəmməd Mustafa zamanında zühur etməsini, islamı qəbul edən kəramət sahibi olmasını göstərir (6, 43). Eposda tarixilik əsas şərt kimi götürülmədiyinə görə Qorqudun da real şəxsiyyət kimi hansısa dövrdə yaşaması və ya Qorqudun var olub-olmaması folklorşünaslıqda şərti xarakter daşıyır. “Oğuznamə”lərdə Qorqudun 300 il yaşadığı göstərilir, bu isə gerçəkliyə uyuşmayan, lakin xalq ədəbiyyatı üçün xarakterik haldır. M. Kazımoğlunun da vurğuladığı kimi “...eposda tarixilik baxımından başlıca tələb və şərt tarixi gerçəkliyin epik gerçəkliyə uyğunlaşdırılmasıdır” (3, 40).
“Oğuznamə”lərdə Qorqudun Oğuz dövlətini təmsil edən əsas şəxslərdən biri – Kayı elinin padşahı İnal Yavının vəziri olduğu, gözəl hekayələr söylədiyi haqqında məlumat verilir (6, 68). Rəşidəddin Dədə Qorqudun Oğuz dövlətində əsas şəxslərdən biri olduğunu, əsilzadələrə ad qoyduğunu, dövlətdə ağsaqqal, məsləhətçi, sözü keçən bir şəxs olduğunu təsvir etmişdir. Tarixçi oğuz türklərində taxtaçıxma mərasimini belə təsvir edir: “Qorqud digər vəzir Erki ilə birlikdə Kayı İnal xanın varisi Tuman xana ad qoyur və Erkini Tuman xana atabəy təyin edir. Tuman xan azyaşlı olduğu üçün hakimiyyəti Erki idarə edir. Tuman xan böyüdükdən sonra varisi olduğu taxtı tələb edir. Erki isə bunu xüsusi mərasimlə - kasa təqdimetmə mərasimi ilə həyata keçirir və Dədə Qorquda belə müraciət göndərir: “Sən dövlətin dayağısan, işlər elə-belə də ola bilər, lakin şübhə yoxdur ki, haqq Tuman xanın tərəfindədir. Taxt və məmləkət onundur...” Bu xəbəri alınca Qorqud oraya gəldi. Göl Erki xan Tuman xanın şərəfinə toy qurdu. Qorqud isə kasa təqdim etdi” (6, 44). Göründüyü kimi, oğuzlarda taxta oturma xüsusi mərasimlə həyata keçirilirmiş. Burada həmdə Qorqudun hakimiyyəti idarə edən şəxslərdən biri olduğu bəlli olur. Oğuz türklərində hakimiyyət monarxiya qaydası ilə həyata keçirilmişdir. Tuman xana hakimiyyət atası Kayı İnaldan qalmışdı. Göl Erkiyə isə vəzirlik atası Bayandur Denkerdən keçmişdi. Bu dövlətin konstitusiyalı, möhkəm hərbi təchizatı və qoşunu olan güclü türk dövləti olduğunu görürük: “Kayı Yavquy xan çox qorxmaz, ləyaqətli, namuslu bir adam idi, bütün ölkələri yasanın hökmünə tabe etdi və dünyanın hər yerindən ona vergilər göndərirdilər” (6, 48). Əvvəldə deyildiyi kimi, türk dövlətlərində əsas güc hərbiyə verilirdi. Oğuzlarda hərbi struktur yüksək səviyyədə təşkil olunmuşdu. Ordu 7 hissəyə bölünürdü və hər bölümün öz vəzifəsi var idi. Məhz bu təşkilatçılıq sayəsində uzun əsrlər oğuzlar böyük bir əraziyə sahib olmuşlar. Elxanilər zamanından başlamış, Ağqoyunlu, Qaraqoyunlu dövlətləri, sonra isə Səfəvilər imperiyasının da daxil olduğu ərazilər oğuz türklərinin əlində olmuşdur. Köprülünün də qeyd etdiyi kimi, oğuz boylarından qüvvət alan Anadolu Səlcuq dövləti ətrafdakı islam və xristian ölkələrini qorxu altında saxlayırdı (5, 186-187). “Kitabi-Dədə Qorqud” dastanında da oğuzların düşmənləri qorxu altında saxladığının şahidi oluruq. Dastandakı boylardan görürük ki, düşmən heç vaxt açıq hücuma keçmir. Düşmənin casusları daim fəaliyyətdədir. O, xanın ovda olmasını və yaxud hər hansı bir səbəbdən müvəqqəti olaraq yerində olmadığını sezdikdə öz təkuruna xəbər verir. Məsələn, “Salur Qazanın evinin yağmalandığı boy” da düşmənlər qoşun başçısı Qazan xanın Ala dağa ova getməyini fürsət bilib onun yurduna hücum edirlər. Və yaxud digər boyda (Qazan bəg oğlu Uruz bəgin tutsaq olduğu boyu bəyan edər xanım hey!) Qazan xanın oğlu Uruzla “kafir sərhəddi”nə ova çıxdığını görən casus təkuruna xəbər verir: “Hay, nə oturursan? İtini ulatmayan, çətigünü movlatmayan. Alpanlar başçısı Qazan oğlancuqilə sərxoş olub yatırlar” (4, 70). Casus bu ifadələri işlətməklə təkurunu fəaliyyətsizlikdə günahlandırır. Əlbəttə, dövlətin etibar etdiyi əsas şəxslərdən birinin sərhəd zonasında sərxoş olub yatması böyük qəbahətdir, düşmən üçün qaçılmaz fürsətdir və o, bu fürsəti qaçırmır. Açıq döyüşdə isə Qazan xan həmişə qalibdir.
Dastandakı hekayələrdən məlum olur ki, oğuzların qonşu dövlətlərlə münasibəti yaxşı olmayıb. Onlar girəvə düşən kimi Oğuz elinə basqın edirlər. Bir-birlərinə güzəştə getmirlər. Bunu Ə. Əsgər də vurğulamışdır. O, müxtəlif mənbələrə istinad edərək oğuzların qonşu dövlətlərin ərazilərinə həmişə hərbi yürüşlər etdiyini diqqətə çatdırmışdır (1, 23).
Dastanda oğuzların müharibə qanunlarına əməl etməsini müşahidə edirik: tərəflər qarşı-qarşıya dayanır, rəqiblər seçilir, hərb təbilləri döyülür, tunc borular çalınır. Düşmənə aman yoxdur, döyüş meydanındadırlarsa, ya ölməli, ya da öldürməlidirlər. Qazan xan yağının nə olduğunu bilməyən gənc oğluna bunu belə izah edir: “Oğul, onunçün yağı derlər ki, biz onlara yetsəvüz öldürərüz, onlar bizə yetsə öldürər...bin kafir öldürsən kimsə səndən qan dəviləməz”(4, 70). Yəni qan haqqı tutulmaz. Döyüş sonunda məğlub tərəfin bayrağı yerə salınır, tərəflər arasında müqavilə bağlanır, vergi təyin olunur, qalib tərəfin şərtləri məğlub tərəfə qəbul etdirilir. Bundan başqa qul, kəniz, azad edilir, igidlikləri ilə seçilmiş döyüşçülərə torpaq, geyim, pul və s. verilir. Qul, kəniz məsələsinə toxunmuşkən qeyd etmək lazımdır ki, Oğuz dövlətində azad insanlarla bərabər qullar da mövcuddur. Şübhəsiz ki, qullar oğuz bəylərinin ixtiyarında olan, heç bir hüquqa malik olmayan insanlardır. Ə. Əsgər oğuzlarda qul kateqoriyasına daxil olan türkmanların siyasi hakimiyyətə haqqı olmayan, lakin Oğuz yurdunun düşməndən qorunmasında, qənimətlərin daşınmasında, oğuz yürüşlərində iştirak edən etnik birliklər olduğunu göstərmişdir (1, 75).
Oğuz dövlətində hərb qanunları o qədər mükəmməl həyata keçirilirdi ki, bu ancaq uzun əsrlərin təcrübəsindən keçmiş, qazanılmış ənənə ola bilərdi. Döyüşçüdə mübarizlik ruhunu qaldırmaq üçün dövlət öz maddi imkanlarından istifadə edirdi. Döyüş əzmi hər döyüşçüdə olmur, buna görə də düşmən üstünə ancaq adlı-sanlı igidlər göndərilir. 7-ci boyda (Qazılıq Qoca oğlu Yegnəgin boyını bəyan edər, xanım hey!) Yegnək Düzmürd qalasında dustaq olan atası Qazılıq qocanı qurtarmağa gedərkən Bayındır xandan qoşun istəyir. Bayındır xan 24 vilayətin bəylərini, ad-san çıxarmış igidlərini ona qoşur. Yegnək öz yuxusunu yoldaşlarına danışaraq dayısı Əmənə adlı-sanlı igidləri yox, “5 ağçalı ulfaçılar”ı düşmən üzərinə apardığına görə məğlub olduğunu bildirir(4, 105). Yegnək burada çox güman ki, muzdlu döyüşçüləri nəzərdə tuturdu. Dastan yaradıcısı bunu söyləyərkən Oğuz dövlətində pulla tutulmuş muzdlu döyüşçülərin vuruşduğuna işarə vurur. Görünür ki, onlar peşəkar olmayıb yalnız sifarişlə vuruşurdular və onlar üçün düşmənin mütləq məğlubiyyəti əhəmiyyət daşımırdı. Hadisələrin sonrakı inkişafı göstərir ki, 24 vilayətin bəyi təkurun əlində aciz qalırlar. Yenə də Yegnək allahın köməkliyi ilə rəqibi məğlub edib atasını əsirlikdən qurtarır. Dastandakı hekayələrdən məlum olur ki, oğuz bəyləri hara gedirlərsə getsinlər, harda döyüşürlərsə döyüşsünlər Bayındır xana seçilmiş hədiyyələr aparırlar. Bu da dövlət başçısına olan hörmətin, ehtiramın bir nümunəsidir ki, əski türk dövlətçiliyində özünə yer tutmuşdur.
Oğuz dövlətində xəzinədar dövlətin maliyyə işlərinə rəhbərlik edir və xəzinədən dövlətin vacib sayılan sahələrinə vəsait ayırır. Oğuz dövlətində vergiyə, xəzinəyə xüsusi diqqət yetirilir, çünki dövlətin ayaqda durması üçün iqtisadi gücünün olması da vacib şərtlərdən biri kimi nəzərə çatdırılır.
“Oğuznamə” də Təkur, Təkfur xan Bizans imperatoru olaraq nəzərdə tutulur. Oğuz xaqan müharibə elan etməzdən qabaq Təkfurun yanına elçilər göndərib “il olmağı” yəni tabe olub xəzinəyə vergi verməyi tələb edir. Təkfur tələbi qəbul etmir və müharibə aparmağa qərar verir. Oğuz xanın oğlanları Təkfuru müharibəsiz əsir götürürlər. Oğuzların hərb qanunlarına görə onlar şəhəri talan etmirlər, əhaliyə toxunmurlar, çünki Təkfuru şəhərin böyük adamları tutub oğuz türklərinə təslim etmişdi. Təkfur Oğuz xanın təbəəliyini qəbul edir, Oğuz xan isə onu öldürmür, onu öz tərəfinə çəkməklə hakimiyyətinin Bizansda möhkəmlənməsinə nail olur. Oğuz xan Təkfurun öz ölkəsini idarə etməyini məqbul sayır: “Mən sənin günahını bağışlayıram. Mən səni öz ölkəni idarə etməyə göndərirəm və sənə hakimiyyət verirəm, amma bundan sonra açıq qəlblə, təmiz ürəklə itaət edin. Mən harda olsam oraya hər il vergi və pul göndərməlisiniz” (6, 26). Oğuz xan rəqibin öldürülməsinin marağında deyil, əksinə siyasi manevrlə rəqibini öz tərəfdaşına çevirir və ölkəsinin iqtisadi gücünü artırır, xalq arasında isə etibar qazanır.
Oğuz türklərində ticarət əlaqələri geniş inkişaf eləmişdi. Onlar həm elçi sifətilə, həm də tacir kimi bütün ölkələrə səfər edirdilər. Dastanın III boyunda (Qambürənin oğlu Bamsı Beyrək boyını bəyan edər, xanım hey!) Bamsı Beyrəyin tacirləri Onik qalasında dustaqlıqdan xilas etməsi nəql olunur. Sonrakı hadisələr tacirlərin Beyrəyi axtararaq Bayburd hasarına qədər gəldiyini və Yalançı oğlu Yalıncığın Banıçiçəklə evlənəcəyi xəbərini çatdırırlar. Dastanın bu boyu zaman və hadisələrin rəngarəngliyi baxımından o birilərdən fərqlənir. Burada oğuz türkləri arasında mövcud olan qayda-qanunlar diqqəti cəlb edir. Hekayənin əvvəlində Qalın oğuz bəylərindən Baybörə bəyin varisinin olmamasından şikayətləndiyini görürük. Onun qızları olsa da oğlu və qardaşı olmadığına görə yerini tuta biləcək bir adamı yoxdur. Oğuz türklərində hakimiyyət patriarxal idarə üsuluna dayanır. Qız, qadınlar kişilər kimi at minib, ox atıb, küştü tutsalar da cəng meydanında vuruşsalar da, taxta çıxmağa, hökumətə başçılıq etməyə səlahiyyətləri yoxdur. Dastanda xanlar xanı Bayındır xan öləndən sonra onun yerinə kürəkəni, qoşun başçısı Qazan xan keçir. Oğuz türklərində başçı vəzifəni tutmaq yalnız o şəxsin ölümündən sonra ola bilərdi. “Oğuznamə” də Tuman xanın oğlu Kayı Yavquy xan atasının sağlığında taxta oturdulur. Bunu Oğuznamə yaradıcısı onun şəxsi keyfiyyətləri – ağlı və igidliyi ilə əlaqələndirir. Uşaq şah nəslindən gəlirsə doğulandan 9 il sonra taxt-tac iddiasında ola bilərdi. Tuman xanın 9 yaşlı oğlu taxtaçıxma mərasimindən əvvəl atasına belə deyir: “Atası sağ ikən oğulun taxta oturması doğru deyil. Sən bir toy qurub taxta otur. Mən isə yalnız sən qocalandan sonra taxta oturaram” (6, 48). Taxtaçıxma mərasimini oğuzlar toy adlandırırdı. Tuman xan 100 gün hakimiyyətdə olur və sonra öz arzusu ilə yerini oğluna təslim edir. Dastanda bir taxtın, bəyliyin yalnız igidlik göstəriləndən sonra verildiyini görürük; Dirsə xan oğlu Buğac, Baybörənin oğlu Bamsı Beyrək, Aruz oğlu Basat Dədə Qorquddan ad sonra bəylik alan igidlər olublar. Əgər bəy həddi büluğa çatana qədər igidlik, qəhrəmanlıq göstərməyibsə ona taxt-tac verilmir, seçki keçirilirdi. IV boyda (Qazan bəg oğlu Uruz bəgin tutsaq olduğu boyu bəyan edər xanım hey!) Qazan xan oğlu Uruza hünər göstərmədiyindən “taxt-tacımı sənə verməzlər” deyə narahatlığını bildirir (4, 69). Bu barədə “Oğuznamə” müəllifi də öz əsərində seçki keçirildiyini vurğulamışdır. Burada Qara xanın oğlu Buğra xanın padşahlığı və məmləkətin taxtına çıxması” bölümündə yazır: “Buğra xan qocalmışdı və zəifləmişdi, getdikcə də daha da gücdən düşür, geri gedirdi. Onun bu halını görən bəylər nəhayət soruşdular: üç oğlundan hansını öz yerinə xan seçirsən? Buğra xan cavab verdi: Məsləhətləşin, bəylər kimi istəsə, onu da qoyun”(6, 50). Düzdür, burada Buğra xanın övladlarının 3-ü də şah nəslindən gəlirdi, seçki ancaq onlar arasında keçirilirdi, lakin “Oğuznamə” nin başqa fəsillərində də də əgər varis yoxdursa, layiqli namizədin seçilməsindən bəhs olunur. Taxta hər adam oturdula bilməzdi, hətta o şah nəslindən olsa belə. Şahdan ədalət, doğruluq, yaxşılıq tələb olunurdu. “Oğuznamə” də adı keçən Toğrul şah Toqsurmuş adlı çadır düzəldən kasıb bir ustanın oğlu idi. O, öz bacarığı sayəsində oğuz taxtına sahib oldu. Belə ki, o öz zalımlığı ilə seçilən oğuz bəylərinin varisi Əli xanın oğlu Məliyi məğlub edib öldürtdürür: “Şah Məliki qoşunun gözü qabağında 2 parça böldülər. Toğrul dedi: kim padşah olmaq istəyirsə, gərək yaxşı qayda-qanun yaratsın. Şah Məlik pis hərəkətlərinin və çirkin davranışının, günahının cəzasını aldı”(6, 58). Və beləliklə də Şah Məliyin taxtına yiyələnir. Onun padşah olacağını isə Kınık Qazıqurd (Qorqud) qabaqcadan söyləmişdi.
Oğuz türklərində və onların düşmənlərində cəza tədbirləri orta əsrlərdə Avropada və Şərqdə olduğu kimi sərt şəkildə həyata keçirilirdi. Dastanın bəzi boylarında biz bunu müşahidə edirik. Məsələn, 2-ci boyda (Salur Qazanın evi yəğmalandığı boyını bəyan edər) Şöklü Məlik Qazan xanın yurduna basqın edəndən sonra onun əyal-əşrəfini də əsir götürür. Şöklü Məlik Qazan xanın xanımını tanımaq üçün qəddar üsula əl atır: “Kafir dedi: Mərə varın Qazanın oğlu Uruzu dartın çəngələ asın. Qiymə-qiymə ağ ətindən çəkin. Qara qavurma bişirib, qırq bəy qızına elətin. Hər kim yedi, ol degil, hər kim yemədi oldur, alın gəlin sığraq sürsün” (4, 37). Əlbəttə, Burlaxatun Oğuz dövlətinin əsas şəxslərindən birinin arvadı olduğu üçün onu tanımaq çətin bir iş deyildi, bunu əsir götürülmüş adamlardan, ya da Şöklü Məliyin öz casuslarından istifadə etməklə öyrənmək olardı. Görünür ki, dastançı, o dövrdəki cəza tədbirlərinin mövcudluğunu göstərmək və əxlaq, namusun oğuz türklərində başlıca amil olduğunu qabartmaq üçün bu vasitədən istifadə etmişdir. “Oğuznamə”də də dəhşətli cəza üsulları yer almışdır. Burada göstərilir ki, Buğra xanın taxta çıxan oğlu Qoru xan atasını evləndirərək ona Küncə bəyin qızını alır. Qız isə Qoru xanı əldə etməyə çalışır və istəyini ona bildirir. Qoru xan atasının arvadını cəzalandırmağı qərara alır. Qadın isə ondan qabaq tərpənərək Qoru xana böhtan atır. Buğra xan oğlunun gözlərini çıxarıb əjdahalara yem olmağa göndərir. Günahsız olduğuna görə əjdahalar ona toxunmur, əksinə gözlərini sağaldır. Qadını isə cəzalandırırlar. Necə? “Qoru xan beş dayça gətirməyi əmr etdi. Qadını bir atın quyruğuna bağladılar. Sağ qolunu başqa bir atın quyruğuna, sol qolunu və ayaqlarını da beləliklə o biri atlara bağladılar. Atları birdən qamçıladılar və beləcə bədəni parça-parça oldu... Qoru xan dedi: Bundan sonra kim yalan danışıb böhtan desə, axırı belə olacaq” (6, 52-53). Yeri gəlmişkən qeyd edək ki, bu epizod Firdovsinin “Şahnamə”sində Səyavuşun əhvalatı ilə eynidir. Oxşar epizod olduğuna görə F. Rəşidəddin əsərinin bu yerində Firdovsi “Şahnamə” sindən götürülmüş parçanı – qadının öldürüldüyü səhnəni də ora əlavə etmişdir (Yenə orada, 53).
“Kitabi-Dədə Qorqud” dastanı sadəcə oğuz bəylərinin kafirləri öldürməsindən bəhs edən, oğuzları mədh etmək üçün uydurulmuş nağıl deyildir, burada elə məsələlər var ki, yalnız müasir dövr dövlət quruculuğu ilə müqayisə oluna bilər. Yuxarıda deyildiyi kimi hərb qanunları, qul-azad insan münasibətləri, evlənmə, matəm mərasimləri, döyüş başçılarının Bayındır xanın divanında hesabat verməsi, müqavilələr bağlanması, Qazan xanın ildə 1 dəfə evini yağmalatması, yəni kasıb-kusuba paylaması, öldürülən adamın qan pulunun verilməsi və s. yalnız hərtərəfli dövlətçilik ənənəsinə malik quruluşda ola bilərdi. Oğuz türklərinin zindanında günahkarlar saxlanılır, günahı ağır olanlar öldürülürdü. 10-cu boyda (Uşun qoca oğlu Səgrəg boyını bəyan edər) adı çəkilən Əlincə qalası istehkamdır, əsirlər orada saxlanılır. Ümumiyyətlə, dastanda göstərilir ki, hər qalanın öz hakimi var: Tumanın qalasının, Əlincə qalasının, Dərbənd qalasının öz hakimləri vardır. Onlar müsəlman olmayan tərəf kimi göstərilmişdir.
“Kitabi-Dədə Qorqud” dastanının bütün boylarında qanuni bir dövlətin olduğu və bu qanunlara riayət edən xalq kütləsinin olduğu göz önündə canlanır. Təkcə 5-ci boya bunu aid etmək olmaz. “Duxa Qoca oğlu Dəli Domrul” boyunda Domrul qayda-qanun tanımayan dəli-dolu cəngavər kimi təsvir olunur. O qayda-qanun tanımır və tanımaq da istəmir: quru çayın üstünə körpü saldırır, keçəndən 33 ağça, keçməyəndən döyə-döyə 40 axça alırmış. Onun azğınlığı, qudurğanlığı o həddə çatır ki, Allahın da işinə qarışır, Əzrayılı tanımır. Azğınlıq edənə insanların gücü çatmırsa, tanrının gücü çatar. Dəli Domrul körpüsünün yanında vay-şivən edənləri görüb ölümün Əzrayıldan gəldiyini öyrənir və Əzrayıla meydan oxuyur. Lakin Allahın əmri ilə al qanadlı ölüm mələyi onun canını almaq istərkən Dəli Domrul Allaha yalvarır və mərhəmətli tanrı onun tövbəsini qəbul edib cana-can əvəzi verməklə günahından keçir. Dastan yaradıcısı bu hekayəni daxil etməklə insanı həddini aşmamağa, hər nə qədər güclü olursa olsun, müvəqqəti yaşadığını, fani olduğunu, canlı-cansız hər şeyin əzəli və əbədi Allaha tabe olduğunu göstərmək istəmişdir. Dastanın müqəddiməsində də Qorqud hikmətli kəlamları ilə Allahın qüdrətinin və qüvvətinin sonsuzluğunu dinləyiciyə çatdırır. Qorqud türkün peyğəmbəridir, onda peyğəmbərliyə məxsus bütün əlamətlər var: qeybdən xəbər vermək, möcüzə göstərmək, müqəddəs kəlamlar söyləmək və s.
Ulaşıban sular daşsa, dəniz dolmaz,
Təkəbbürlük eyləyəni Tanrı sevməz,
Könlün yuca tutan ərdə dövlət olmaz...
Yad oğlu saqlamaqla oğul olmaz, böyüyəndə salır gedər
Gördüm deməz... (4, 14).
Dastanın maraqlı boylarından biri də 8-ci boydur ki, burada bəzi məqamlara diqqət yetirmək vacibdir. Baxmayaraq ki, bu boy (Basat Təpəgözü öldürdügü boyını bəyan edər xanım hey!) nağıl-süjet üzərində qurulmuşdur, Oğuz dövlətinə məxsus bir sıra qanunları burda görmək mümkündür. Belə ki, qeyri-qanuni izdivacdan törəmiş Təpəgöz Oğuzun başına bəla olur. Əgər Dəli Domrul qayda-qanun tanımayan insani varlıqdırsa, Təpəgöz özbaşına, öz gücünə arxalanan yarı əcinnə, yarı insan məxluqdur. Onun öhdəsindən gəlmək olmur, çünki bədəni tilsimlidir. Təpəgözü oğuzlar qovduqdan sonra dağda quldurluqla məşğul olur. Adlı sanlı igidlər Təpəgözün əlində məhv olur. Oğuzlar Təpəgözlə bacara bilməyib Dədə Qorqudu vasitəçi olaraq göndərirlər. Təpəgözlə oğuzlar arasında müqavilə bağlanır. Oğuzlar məğlub tərəf kimi Təpəgözün şərtlərini qəbul edirlər. Şərtə görə gündə 2 adamla 500 qoyun, 2 nəfər də aşpaz daimilik verirlər. Maraqlıdır, o, çiy ət yeyə bilirsə, aşpaz onun nəyinə lazımdır? Hər gün göz görə-görə 2 adamı bədheybətin gödəninə qurban vermək soyqırım deməkdir, hər gün 500 qoyun əksiltmək isə dövlətin iqtisadiyyatına zərbədir. Doğrudan da bu zərbə Oğuzu sarsıdır, Təpəgözün özünün dediyi kimi “sındırır”. Hadisələrin inkişafı Basatın Təpəgözü öldürməsinə qədər davam edir. Təpəgöz güclü və hiyləgərdir. Təpəgöz Basatı onu öldürmək fikrindən daşındırmaq üçün deyir: “Qalqıbanı yerimdən duram, deyərdim. Qalın Oğuz bəglərindən əhdim pozam-deyərdim. Yenidən doğanın qıram-deyərdim. Bir gəz adam ətinə doyam-deyərdim. Qalın Oğuz bəgləri üzərimə yığılıb gələ-deyərdim. Qaçubanı Sallaxana qayasına girəm-deyərdim. Ağır mancalaq daşı atam-deyərdim. Enib daş başıma düşübən öləm-deyərdim (4, 116). Əlbəttə, o, müqaviləni pozacaq deyildi, adam ətindən doyan da, özünü öldürən də deyildi, sadəcə canını qurtarmaq üçün son çarəyə əl atırdı. Bu mövzunu dastanın hekayələri sırasına qatmaqda məqsəd təkcə Basatın qəhrəmanlığını önə çəkmək, yaxud da qeyri-qanuni izdivacın fəsadlarını göstərmək deyil. Daha mühüm bir ideya vardır ki, onu dastan yaradıcısı üstüörtülü formada təlqin edir. O da bundan ibarətdir ki, insan nəsli yalnız öz genindən törəməlidir, başqa yaradılmışlarla, qeyri-insani varlıqlarla törəyiş insan nəslini təhlükədə qoya bilər. Təpəgöz doğulmamışdan əvvəl pəri qız çobanı bu barədə xəbərdarlıq eləmişdi.
Dastanın diqqətçəkən məqamlarından biri də oğuz bəylərinin ovaçıxma adətləridir. Bu, qədim türk ənənələrinə söykənən xüsusi bir mərasimdir ki, özünəməxsus cəhətləri ilə seçilir. Qədim Şərqdə şah və onun yaxın adamları ova çıxarkən şahin, qartal, qızılquş kimi ov quşları götürərdilər. Ov quşlarını saxlamaq üçün saraylarda şahinbaşı, bazban, quşçu vəzifələri olardı. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan sufi şairi Bayrək Quşçuoğlunun atası Yaqub da sarayda məhz bu vəzifənin sahibi olmuşdur. Oğuz şahlarının saraylarında da belə bir vəzifə olmuşdur. Oğuz dövlətində bəylər şahinsiz ova çıxmazlar. 11-ci boyda (Salur Qazan tutsaq olub oğlu Uruz çıqardığı boyu bəyan edər) hadisələr belə başlanır: “...Tirəbozan təkurı bəglərbəgi olan xan Qazana bir şahin göndərmişdi. Bir gecə yeyib otururkən şahinçibaşına ayıdır: Mərə, sabah şahinləri al, xəlvətcə agva binalim”(4, 135). Və yaxud Qazan xanın düşmənini hədələyərək “qolundakı şahini sağ qoymaram” deməsi fikrimizə aydınlıq gətirir. Ümumiyyətlə, ov adət ənənələri geniş mövzudur, burada yalnız ovun oğuz türkləri arasında dövlətçiliklə bağlı mövqeyinə toxunulmuşdur.
“Oğuznamə”lərdə oğuzların dövlət səviyyəsində qeyd olunan hər hansı bir bayramına rast gəlinmir. Amma bəzi mənbələrdən məlum olur ki, oğuzlar Novruz bayramını ilin başlanğıcı kimi qeyd edirmişlər. Prof. Salim Koca türk ellərindəki bayramları tədqiq edərkən göytürklərdən qalmış bu bayram ənənəsini “Ərgənəkon” uyğur dastanı ilə əlaqələndirir. Müəllif qeyd edir ki, oğuzların düşmənləri ilə müharibə edəndən sonra evə qayıtmaları mart ayının sonlarına təsadüf edirdi. Həmin vaxta oğuzlar “özgür, bağımsız gün” (müstəqillik günü) deyərdilər. Oğuzlar həmin gün böyük bir tonqal qalayıb içinə bir parça dəmir atardılar və sonra dəmiri zindanda çəkiclə döyərdilər. Beləliklə onlar suyu və torpağı oyandırdıqlarını, soyuğu isə uzaqlaşdırdıqlarını düşünərdilər (2, 21). Məlumatdan göründüyü kimi Novruz bayramı onlarda həm qələbə, həm də ilin başlanğıcı kimi qeyd olunurmuş.
Oğuz türklərində hər şey qalibiyyətə, uğur qazanmağa bağlı idi. Hətta onların qopuzla çalıb oxumaqları da bilavasitə oğuzların qəhrəmanlığını əks etdirirdi. Prof. Dr. Fuad Koprülü qopuzun ən qədim türk milli musiqi aləti olduğunu və ozanların Atilladan başlayaraq əski türk ordularının hökmdarlarının yanında yer tutduqlarını qeyd edir: “Onların qopuzlarla çaldıqları qəhrəmanlıq şeirləri bütün bir qövmün zövqünü oxşayırdı... Onlar qəhrəmanlıq haqqında şeir və ölüləri vəsf edən mərsiyələrlə yanaşı Oğuz dastanını da tərənnüm edirdilər” (5, 243). Həm Köprülü, həm də digər türkiyəli tədqiqatçılar (Mehmet Aça, Metin Ekici) XV əsrə qədər Anadoluda ozanların olduğunu, sonra isə ozanların aşıqlarla əvəz olunduğunu göstərmişlər. M.Ekici bu mövzuya aydınlıq gətirərək aşıqlardan fərqli olaraq ozanların yalnız orduları həyəcana gətirmək, millətin keçmişini xatırlatmaq üçün qəhrəmanlıq nəğmələri düzüb-qoşan xalq sənətkarlarının bu sahədəki rolundan bəhs edir (7, 163). “Kitabi-Dədə Qorqud” dastanında da Qorqudun söylədiyi nəğmələr oğuzların keçmiş vaxtlardakı qəhrəmanlıqlarını, onları öyüb təriflədiyi zamanların əhvalatlarını yaddaşlarda hifz eləmək məqsədi daşıyır. El ağsaqqalı Qorqud ata hekayələri danışandan sonra sanki keçmişlə, öz-özünə danışır kimi “qanı dediyim bəy ərənlər, dünya mənim deyənlər” deyərək dünyanın faniliyini, Allahdan başqa hər şeyin müvəqqəti olduğunu, ölümün hər şeyi silib-süpürdüyünü dinləyiciyə çatdırır.
“Kitabi-Dədə Qorqud” dastanı milli qəhrəmanlıq dastanı kimi oğuz türklərinin qurduğu möhkəm, güclü, yenilməz Oğuz dövlətinin quruluşunu hərtərəfli əks etdirməsi baxımından əvəzedilməzdir. 200 ildir öyrənilməsinə baxmayaraq bu epos milli ədəbi abidə kimi aktuallığını bu gün də qoruyub saxlayır. “Kitabi-Dədə Qorqud” da heç bir söz boş yerə söylənməyib və heç bir hekayə də məqsədsiz yazılmayıb. Lap əvvəldə deyildiyi kimi, türk öz sənətinə, sözünə sahib çıxsaydı, təbliğ etsəydi ərəblər, farslar və kökü-mənşəyi məlum olmayan qeyri millətlər kimi, bugün türkün dini də, dili də dünyada özünə məxsus və birinci yerdə olardı.
Do'stlaringiz bilan baham: |