Modelyer-rəssam
Hacettepe Universiteti Türk Halk Bilimi, doktorant
e-mail: minara.guliyeva85@yahoo.com
“DƏDƏ QORQUD KİTABI”NDA SAVAŞ GEYİMLƏRİ
Özət
“Dədə Qorqud kitabı” öz dövrünün adət və ənənəsi, həyat tərzini əks etməsi ilə yanaşı, geyim mədəniyyətinin incəlik və xüsusiyyətləri haqqında bilgi verən zəngin mənbədir. XVI əsrin sonlarından qalmış olsa da, günümüzə qədər gəlib çatan yazılar, içində var olduğu dövrün savaş geyim xüsusiyyətlərini də qoruya bilmişdir.
“Dədə Qorqud kitabı”nda, Oğuzların geyim tərzini əks etdirən bir çox geyim nümunələrini, eləcə də dövrün savaş geyimlərini görmək mümkündür. Kitabın hər iki nüsxəsində savaş geyim adları və terminlər təsbit edilmişdir ki, bunlardan yola çıxaraq “Dədə Qorqud kitabı”nda savaş geyimi”nin araştırılması hədəflənmiş və üç başlıq altında incələnmişdir.
Açar sözlər: Dədə Qorqud, Folklor, Oğuz, Alp, Savaş, Geyim, Başlıq, Zireh.
Giriş
Folklora aid maddi mədəniyyət ünsürü olan geyim, fərdin ictimai statusunu, mənsubu olduğu toplumun, millətin inanclarını, duyğu və düşüncələrini əks etdirməsi ilə yanaşı, milli kimliyin ən önəmli göstəricilərindən sayılır. Bu mədəni kodların çıxarılması, paylaşılması, birləşdirici olması və s. kimi xüsuslarda “Dədə Qorqud kitabı” nümunə göstərilə bilər. Bu bağlamda “Dədə Qorqud kitabı”, qədim Türk geyim tarixinin, eləcə də, geyim folklorunun araşdırılması baxımından dəyərli mənbələrdən biridir.
“Dədə Qorqud kitabı”, Oğuzların həyatı, onların müxtəlif xalqlarla qəhrəmancasına savaşları və o cümlədən savaş geyimləri haqqında bilgi verir. Lakin Kitabda Oğuzlar, nə tarix, nə də coğrafiya içində dəqiq bir zamana və sərhədləri qətiliklə çizilə bilən bir yerə bağlana bilmir. Buna baxmayaraq “Dədə Qorqud kitabı”nda, savaş geyimlərini təhlil və tədqiq etmək üçün dövrün səyahətnamələrinə, yazıçı və şairlərin əsərlərinə, eləcə də təsviri sənət əsərlərinə müraciət edilmişdir. Araşdırmada, bu kimi qaynaqlara müraciət etmək, savaş geyim tariximizin daha ətraflı öyrənilməsinə yönəlmişdir.
Savaş geyimi keçmiş əsrlərdəki dövlətlərdə olduğu kimi türklərdə də dəyişməz geyim növlərindən sayılır. Belə ki, Mahmud Kaşqarlının (1008-1105) əsərindən öyrəndiyimizə görə müxtəlif coğrafi bölgələrdə yaşayan Türk xalqlarının hər birinin fərqli geyimləri vardır. Hansı coğrafi bölgədə yaşayırsa yaşasın, hansı boya aid olursa olsun, Türk geyimlərinin ümumi xətləri ilə bir-birinə oxşadıqları görünür. Bizans ordusunda xidmət edən peçenek və uz kimi türk boyları, Malazgird Meydan müharibəsində özləri kimi türk soyundan bir boyla toqquşduqlarını dillərindən olduğu qədər geyimlərindən də başa düşmüşlər və kütlələr halında Səlcuqlar tərəfə keçmişdirlər. Deməli, bir insanın geyiminə baxıldığında onun oğuzmu, qıpçakmı, qarlukmu və s. olduğu anında bilinir (Abalı, 2009: 165, 166 ).
Türklərdə bozqır mədəniyyətinin inkişafında atın minik heyvanı olaraq istifadə və dəmirin işlənməsinin əhəmiyyətli bir yeri vardır. At, dəmir və bəylik xarakteri bozqır mədəniyyətinə şəxsiyyət qazandırmışdır. Bu mədəni dairədə, insanın özünü təbiətə görə nizamlama nöqtəsində bu gün şalvar adını verdiyimiz əhəmiyyətli bir geyim ortaya çıxmışdır. "At üstündə doğulub at üstündə ölən millət" (İsmayılova, 2011: 30) deyə xarakterizə edilən qədim Türklərdə şalvar, cinsiyyət ayrı-seçkiliyi olmadan bozqırlının gündəlik, savaş həyatında əhəmiyyətli bir yer əldə etmiş və keçmişdən günümüzə uzanmışdır. “Dədə Qorqud kitabı”nda, Salur Qazanın evi yağmalandığı boyda, bu ifadənin keçdiyini görürük: “Al mahmudi şalvarlı, atı bahri hotazlı Kara Gönə oğlu Budak çapar yetdi.” (Ergin, 2014: 112).
Oğuz dastanlarında, o cümlədən də “Kitabi-Dədə Qorqud”da ideal insan tipi alpdır. Alp əski tayfa strukturunda qoçaqlığına, mərdliyinə görə seçilən, bir zümrə təşkil edən, davranış, rəftar, geyim və silahları ilə başqalarından fərqlənən imtiyazlı təbəqədir. Bunun kökündə türk atlı-köçəri mədəniyyətinin biçimləri olan alplıq durur. XIV yüzilliyin böyük təriqət şairi Aşiq Paşa, “Qəribnamə” əsərində alplara xas olan doqquz şərtdən danışır: möhkəm ürək, güc, qeyrət, yaxşı at, döyüş paltarı, yay-ox, qılınc, cida, yoldaş ( 1: 27.10.2015). Bu baxımdan Türk qəhrəmanlıq dastanlarında, həmçinin “Dədə Qorqud kitabı”nda, Oğuz elinin igidlərinin (alpların) savaş geyimlərinin araşdırılması əhəmiyyətli hesab edilir.
“Dədə Qorqud kitabı”nda “demir ton”, “kara ton”, “cevşen”, “tuğılqa”, “(kunt, altun, ağ) ışuk”, “dizcik”, “karıcuk” və s. savaş geyim ad və terminləri təsbit edilmişdir. Bu təsbit edilən savaş geyimi ilə bağlı ad və terminlər üç ana başlıq və alt başlıqlar altında yer almışdır:
1. Dəbilqə
2. Zireh
3. Savaş geyiminin hissələri
“Dədə Qorqud kitabı”nda, Oğuz igidlərinin eləcə də kafərlərin (düşmənin) savaş geyimləri, onların daşıdığı məna və funksiyalar xüsusi yer tutur. Bu mənada kitabda, savaş geyimləri ilə bağlı rast gəlinən ad və terminlərin hər birini ayrılıqda nəzərdən keçirək.
-
Dəbilqə
Oğuzların savaş zamanı başı müdafiə məqsədilə istifadə edilən dəbilqəyə “Dədə Qorqud kitabı”nda “tuğulqa”, “işıq” adlarının verildiyini görürük. Orhan Şaik Gökyayın hazırladığı lüğətdə tuğulqa və işıq sözü, sinonim söz olaraq dəbilqə mənasını verir. Tuğulqaya, sinonim söz olaraq miğfer və dəbilqə də deyirlər. Miğfer ərəb sözü olub, İslamı qəbul etdikdən sonra Türklər tərəfindən istifadə edilməyə başlanmışdır. Reşad Ekrem Koçu “Geyim Kuşam ve Süsleme Sözlüğü”ndə miğfəri, savaş zamanı başa geyilən dəmir tas və Türk dilində tuğulqa, tolqa, tulqa olaraq adlandırıb. Ona görə, savaş geyimində ilk gözə çarpan miğfərdir və Avropalı savaşçılar dalğıc başlığı kimi yalnız göz yerləri açıq başı tamamən əhatə edən miğfərlər istifadə etmişlər. Yalnız Türk miğfərlərində isə göz üzərində bir sipər qoyulmaqla yetinilmiş, üz açıqda buraxılmış və sadəcə başı qorumuşdur (Koçu, 1967: 173).
Tarixdə Qırğızlara aid qaya rəsmlərində miğfərli (dəbilqəli) süvarilər görülməkdədir. Çin qaynaqları, Yenisey-Qırğızlarının ağacdan hazırlanmış zirehli geyimlərinin tapıldığını ve ayrıca atlarını da bu tip -zirehlərlə qoruduqlarını qeyd edir (Ögel, 1984: 220). Orta Asya üsuluna görə də uzun kaftanlar geyən kurıkan döyüşçüləri də dəbilqə istifadə edirdilər (Ögel, 1984: 205). Belə ki, Baburnamə əsərində (Ögel, 1984: 205) də, düşmənlə savaş zamanı başı zərbələrdən qorumaq üçün dəmir dəbilqədən istifadə olunmasını görə bilərik.
Emel Esinə görə, qədim dövr türk miğfər (dəbilqə) şəkli sivri idi və tasın tulqasında, bəzən tək buynuz, bəzən də bir bəzək olardı (Gökyay, 1973: CCCLXV, CCCLXVI). Tuncer Baykara yazır: “Şimali Asiya atlı boylarının məzarlarının bir xüsusiyyəti də çox sayda və inkişaf etmiş silah cinsləri və zirehlər ilə tulğalardır. Atlı boylar dörd nala gedişdə həm önə, həm arxaya ox atmaq məharəti ilə şöhrət qazanmışdılar. Türklərdə belə üstün oxçuların əlaməti, başa taxılan cüt şahin qanadı idi” (Baykara, 200: 38). Mahmud Kaşqarlının dediyinə görə, tulqanın təpəsinə şahin qanadı taxmaq bir türk xüsusiyyəti idi və Uyqur sənətində görülən bu xüsusiyyət Sasanilərdə də var idi. Bir çox quzey Asiya alplarının rəsmlərində alpların miğfərlərində, perçemlər, lələklər, kiçik bayraqlar vardır və M. Kaşqarlı beçkem (perçem) adlanan bu işarələrin savaşda taxıldığını qeyd etmişdir. O, Türk tulqasının təpəsində Oğuzların “perçem” dedikləri alplıq əlaməti olan lələk, sorğuç (bəzək) və parçanın gözə çarpdığını da qeyd etmişdir (Gökyay, 1973: CCCLXV, CCCLXVI). Lakin Reşad Ekrem Koçu, farsca kəlimə olan “perçem”i, vaxtı ilə başlarını təraş edənlərin təpədə buraxdıqları saç olub, bu saç kəsiminin də xüsusilə əsgər başlarında görüldüyünü deyir (Koçu, 1967: 190).
Oğuz elində zirehlilərin baş geyimi, yəni dəbilqəsi, tuğulqa və işıqdır.
Do'stlaringiz bilan baham: |