Key words: “The Book of Dede Gorgud”, the Eastern Anatolia, the region Arzinjan, dialect, Gorgud-study
Əpoş Vəliyev
filologiya üzrə fəlsəfə doktoru
AMEA Folklor İnstitutu
elmi işçi
e-mail: elyarvelisoy@mail.ru
MİLLİ MƏNƏVİ DƏYƏRLƏR XƏZİNƏSİ – KİTABİ-DƏDƏ QORQUD
Özət
“Kitabi-Dədə Qorqud” dastanı Azərbaycan xalqının mənəvi dəyərlər xəzinəsidir. Dastan yaradıcılığımızın, mədəniyyətimizin tarixini öyrənmək üçün bu dastan xüsusi əhəmiyyətə malikdir. Dastanda yeni nəsli vətənpərvərlik, qəhrəmanlıq ruhunda tərbiyələndirmək üçün geniş imkanlar vardır. Burada valideynlərə, böyüklərə hörmət və ehtiram, vətən sevgisi, anaya məhəbbət, qadına hörmət, mərdlik, qorxmazlıq, düşmənə nifrət yüksək şəkildə təbliğ olunur. Dastandakı qadın obrazları bütünlükdə Azərbaycan qadınının fədakar, ağıllı, məğrur, sadiq, qoçaq və canlı obrazıdır. “Kitabi-Dədə Qorqud” dastanı bütün dövrlər üçün vətənpərvərlik, qəhrəmanlıq, mübarizlik tərənnüm edən xalq dastanıdır və gələcək nəslin milli ruhda, yüksək əxlaqi keyfiyyətlərlə yetişməsində böyük rol oynayacaq.
Açar sözlər: Dastan, “Kitabi-Dədə Qorqud” dastanı, epos, mənəvi dəyərlərimiz, xalq dastanları, ana obrazı, qəhrəmanlıq dastanları, Ana haqqı-Tanrı haqqı, qorqudşünaslıq.
Oğuz türkləri dünyanın ən qədim, həm də çox zəngin maddi və mənəvi mədəniyyət yaratmış xalqlarındandır. Bu baxımdan, Oğuz türklərinin, həmçinin Azərbaycan xalqının maddi və mənəvi irsinin mənbəyi olan “Dədə Qorqud” eposu buna ən parlaq nümunədir. “Kitabi-Dədə Qorqud” dastanı milli ruhumuzu və mənəvi dəyərlərimizi bütün çalarları ilə özündə əks etdirən Azərbaycan xalq ədəbiyyatının və Azərbaycan xalqının mənəvi dəyərlər xəzinəsidir. Dilimizin, ədəbiyyatımızın, dastan yaradıcılığımızın, ümumiyyətlə, mədəniyyətimizin tarixini öyrənmək üçün bu dastan xüsusi əhəmiyyətə malikdir. Uzaq keçmişimizdən bizə miras qalan “Kitabi-Dədə Qorqud” dastanında müasir dövr üçün ibrət götürüləcək yaxşı cəhətlər çoxdur. Burada xalq öyüd-nəsihətlə, ağsaqqal sözü ilə düzgün yolda olmayan insanlarını düzgün yola qaytarmağı bacarır, qaniçəni, satqını, düşməni isə bağışlamır. Dastanda yeni nəsli vətənpərvərlik, qəhrəmanlıq, mübarizlik ruhunda tərbiyələndirmək üçün geniş imkanlar vardır. Burada hər işin ağılla, düşüncə ilə görülməsinin vacibliyi, el ağsaqqallarının məsləhətlərinə əməl edilməsi, valideynlərə, böyüklərə hörmət və ehtiram, vətən sevgisi, anaya məhəbbət, qadına hörmət, mərdlik, cəsarət, qorxmazlıq, düşmənə nifrət, düşmən qarşısında əyilməzlik kimi xüsusiyyətlər çox yüksək şəkildə təbliğ olunur (Nəbiyeva, 2003).
“Kitabi-Dədə Qorqud” milli mənəviyyatımızın qaynağı olaraq, mənəvi etik və estetik dəyərlərin vəhdətini özündə əks etdirən möhtəşəm sənət abidəsidir. Neçə-neçə yüzilliklərin keçməsinə baxmayaraq, dastanda əks olunan adət-ənənələrin, etik normaların, yüksək əxlaqi məziyyətlərin əksəriyyəti indi də məişətimizdə eynilə yaşamaqdadır. Çünki əcdadlarımız həmin milli dəyərləri göz bəbəyi kimi qoruyaraq, nəsildən-nəslə ötürərək bizə çatdırmışlar.
Ağsaqqalın, böyüyün sözünə qulaq asıb, məsləhətlərinə əməl etmək xalqımızın mənəviyyatının tərkib hissəsi kimi zaman-zaman yaşayan dəyərli adət-ənənələrindəndir. “Kitabi-Dədə Qorqud” dastanında da məlum olur ki, Oğuz tayfalarının müdrik, nurani el ağsaqqalı Dədə Qorquddur. Dastanın müqəddimə və boylarından aydın olur ki, Qorqud Ata Oğuz xalqının kamil bilicisidir. Dastanın müqəddiməsində bildirilir: “Qorqud Ata Oğuz qövmünün müşkilini həll edərdi. Hər nə iş olsa, Qorqut Ataya tanışmayınca işləməzlərdi. Hər nə ki, buyursa, qəbul edərlərdi; sözün tutıb təmam edərlərdi…” (Kitabi-Dədə Qorqud, 1999:30). Qorqud Ata Oğuz xalqının şad və dar günündə yanında olur, igidliyə təriflər deyir, pisliyi lənətləyir və nəyin yaxşı, nəyin pis olduğunu qiymətləndirmək haqqı məhz eposda ona məxsusdur. Həmçinin Qorqud Ata kəramət sahibidir. III boyda Dəli Qarcar Dədə Qorqudu qılıncla vurmaq istədikdə, Dədə ismi-əzəm oxuyub, Dəli Qarcara “çalırsan, əlün qurısun!” deyir. “Haq-təalanın əmrilə Dəli Qarcarın əli yuqarıda asılu qaldı. Zira Dədə Qorqut vilayət issi idi, diləgi qəbul oldı” (Kitabi-Dədə Qorqud, 1999:70). Deməli, Qorqud Atanın belə qüdrət, kəramət sahibi olduğundandır ki, hünərə görə igidlərə ad verir, bir ağsaqqal tək elçiliyə gedir, Oğuz elinə qənim kəsilən Təpəgöz yalnız onun sözünü eşidir.
Oğuz ailəsində valideyn böyük hörmət sahibidir, ailə məsələlərinin həlledicisidir. “Kitabi-Dədə Qorqud” eposunda ata-anaya hörmət etmək, sayğı göstərmək adət-ənənə halındadır. Dastan boyu bu keyfiyyət nəzərdən yayınmır. Burada Ana obrazı xüsusilə diqqəti cəlb edir. Dastanda anaya, qadına böyük ehtiram göstərilir. O, həm də vətən rəmzi kimi ümumiləşdirilir, “Ana haqqı Tanrı haqqıdır” deyilərək, müqəddəs varlıq kimi qiymətləndirilir. Ev-eşiyi əldən getmiş Qazan xan kafir Şöklü Məlikdən halalını, oğlunu, mal-mülkünü deyil, yalnız anasını istəyir. Dastandakı qadın obrazları bütünlükdə Azərbaycan qadınının fədakar, qüdrətli, ağıllı, məğrur, sadiq, qoçaq və canlı obrazıdır. Dastanda qadına hörmətlə yanaşı, atanın da sözündən çıxmamaq, dediklərini israrsız qəbul etmək adət-ənənə halındadır (Abdulla, 1999; Cəfərli, 2001; Bayat, 1993; Nəbiyeva, 2003). Dastandan göründüyü kimi: “Ol zəmanda oğul ata sözin iki eləməzdi. İki eyləsə, ol oğlanı qəbul eləməzlərdi” (Kitabi-Dədə Qorqud, 1999:95). IV boyda Qazan xan yağıyla üz-üzə gələndə oğluna bir kənara çəkilib vuruşa tamaşa etmək, baxıb öyrənmək tapşırığını verir. Dastanda oxuyuruq: “Uruz babasının sözin sımadı, qayudıb gerü döndi” (Kitabi-Dədə Qorqud, 1999:95). Oxucu eposun əvvəlindən sonuna kimi böyüklərlə-kiçiklər, valideynlərlə-övladlar, kişilərlə-qadınlar arasında qarşılıqlı münasibətlərin hörmət əsasında qurulmasının şahidi olur. Ümumiyyətlə, oğuz etnosu davranış və rəftarlarında, daxili və xarici münasibətlərində yüksək əxlaq prinsiplərinə əsaslanırdı. Dastanda böyük-kiçik münasibətlərində əsas adətlərdən biri əl öpmədir. Boylarda əl öpmə adətinə ciddi yanaşılıb. Belə ki, ata dura-dura oğulun əlini öpmək qəbahət sayılırdı. III boyda Baybörənin oğlu Bamsı Beyrək atasının bəzirganlarına hücum etmiş kafirləri məğlub edir. Bəzirganlar Baybörənin evinə təşrif buyuranda onları xilas etmiş oğlanı görcək, tez onun əlini öpürlər. Dastanda deyilir:
“Nagahi bazırganlar gəldilər. Baş endirüb, səlam verdilər. Gördülər kim, ol yigit kim baş kəsübdür, qan dökübdür, Baybörə bəgin sağında oturar. Bazırganlar yüridilər. Yigidin əlin öpdilər. Bunlar böylə edicək Baybörə bəgin acığı tutdı. Bazirganlara aydır:
- Mərə, qavat oğlu qavatlar! Ata tururkən oğıl əlinmi öpərlər?” (Kitabi-Dədə Qorqud, 1999:66).
Göründüyü kimi, bu etik normalar gözlənilmədikdə oğuzların ciddi etirazına səbəb olur. Boylardan aydın olur ki, kiçiklər böyüklərin əlindən, böyüklər də onların boyunlarından öpür. Eposda əl öpmə həm də bağışlanma, üzr istəmə, günahını təmizləmə mənasını da daşıyır. Belə ki, əgər bir kimsə öz səhvini başa düşüb qarşısındakının əlini öpərsə, onun günahından keçilir. Bu hadisəyə biz dastanın IX boyunda rast gəlirik. Ov mərasimində Bəkilin hünər və bacarığına nüfuzlu oğuz bəyləri şübhə ilə yanaşırlar. Bunu təhqir bilən Bəkil Bayandır və Qazan xandan küsür, baş alıb Oğuzdan köçmək niyyətinə düşür. Kafirlərin casusu ov zamanı Bəkilin yaralandığı xəbərini eşidib Şöklü Məliyə xəbər verir. Şöklü Məlik də fürsəti bada verməyib, Bəkilin yurduna çapqına hazırlaşır. Yurdun təhlükədə olduğunu görən Bəkil Qazan xana olan umu-küsünü unudub oğluna deyir ki, oğul dayanma get :
Ağız-dildən Bayandıra səlam vergil!
Bəglər bəgi olan Qazanın əlini öpgil!
“Ağ saqqallu babam bunlu,”-degil!
“Əlbətdə və əlbətdə Qazan bəg mana yetişsün dedi”- degil!
Gəlməz olsa məmləkət pozulub xarab olur,
Qızım-gəlinim əsir getdi, bəlli bilgil!-dedi” (Kitabi-Dədə Qorqud, 1999:153).
Daha sonra eposda göstərilir ki, “Təhlükə sovuşandan sonra Bəkil oğlu İmranı götürüb, Bayandır xanın divanına getdi, əl öpdü. Padşah Qazan oğlı Uruzun sağ yanına ona yer göstərdi, cübbə-çuğa çırğab geyürdi” (Kitabi-Dədə Qorqud, 1988: 109).
Eposdan bəlli olur ki, qonağa hörmət, ehtiram qutsal adət-ənənələrdən sayılıb və bu gün də sayılmaqdadır. Kimliyindən, necəliyindən asılı olmayaraq, qonaq gəldiyi evin əziz kimsəsi sayılıb. Dastanın müqəddiməsində “qonağı gəlməyən qara evlər yıqılsa yeg”- diyə qarğış söylənilir. Xanlar xanı Bayandır xan da ildə bir dəfə Oğuz bəylərinə qonaqlıq verir. Dastanda “Dirsə xan oğlu Buğacın boyu”nda oxuyuruq: “Xanlar xanı xan Bayındır yildə bir kərrə toy edib, Oğuz bəglərin qonaqlardı. Genə toy edib, atdan ayğır, dəvədən buğra, qoyundan qoç qırdırmışdı” (Kitabi-Dədə Qorqud, 1999:35). Eposda qadınlar ozan tərəfindən dörd növə ayrılır. Birisi nəsil korlayan, birisi toy dolduran, birisi evin dirəyi, birisi isə bayağı. Oğuzlar evə gəlmiş qonağa etinasızlıq göstərən, onun qarşısına ədəb-ərkanla çıxmayan, qadını bayağı adlandırmışlar. Beləsinin bəbəkləri bitməsin, yəni övladları doğulmasın, söyləmişlər. Onlar o qadını evin dayağı bilmişlər ki, yazıdan-yabıdan evə bir qonaq gəlsə, ər adam evdə olmasa, ol onu yedirər, içirər, əzizlər, sonra da xətir-hörmətlə yola salar. Beləsi barəsində ozan deyir: “Onun bəbəkləri bitsin. Ocağınıza bunun kimi övrət gəlsün...” (Kitabi-Dədə Qorqud, 1999:33). Bütün bunlardan aydın olur ki, Oğuzlarda qonağa hörmət, ehtiram, sayğı yüksək şəkildə olmuşdur və bu adət-ənənə günümüzə qədər gəlib çatmışdır. Bugün də xalqımız qonağı hörmətlə qarşılayıb qulluq edir. “Qonaqsız ev suyu soğulmuş dəyirmandı”, “Qonaqsız ev uğursuz olar”, “Qonaq ruzudur” kimi atalar sözləri də məhz bu adət-ənənəni təmsil edir (8).
Eposda qəhrəmanlıq göstərməyən birinin qonaqlıq məclislərində oturması da qəbahət sayılır. Burada yaşayan xalq hünəri, igidliyi yüksək səviyyədə dəyərləndirən, yaşadığı ərazini, torpağı göz bəbəyi kimi qoruyan xalqdır. Oğuz cəmiyyətində oğulun ad alması, onun özünü cəmiyyətdə tanıtması, təqdim etməsi kimi səciyyələnir. Qazan xanın oğlu Uruzun qəhrəmanlıq göstərib ad alması gecikir və atası Qazan xan bundan narahat olur, gileylənir. O, sağına-soluna baxıb igidləri görüb fərəhlənir, amma qarşısında oğlu Uruza baxınca kədərlənir. Dastanda oğulun igidlik göstərərək, atası qocalanda onun yerini tutması böyük əhəmiyyət kəsb edir. “Oğul atanın yetiridir, iki gözünün biridir, Ata adın yürüdəndə dövlətdə oğul yeg” kimi nəsihətamiz fikirlər də məhz bu haqda deyilmişdir.
“Kitabi-Dədə Qorqud” dastanında xüsusi adqoyma ənənəsi də var. Burada uşaqlıqdan igidliyə keçmə yaşı on beş-on altı yaş həddində baş verir. Bu yaşa çatan oğlan mütləq bir hünər göstərməli və igid adını qazanmalıdır. İgidlik yaşına keçidlə bağlı adqoyma mərasiminin maraqlı nümunələrinə eposun I, III və VIII boylarında rast gəlirik. Dastanda advermə baş kəsib qan tökməklə, hünər göstərib, qəhrəmanlıq edən oğlanlara təqdim edilir. Eposda adqoyma Qorqud Atanın funksiyasıdır, yəni igidlərə ad vermək Qorqud Ataya həvalə edilmişdir. Qorqud Ata da igidlərə adı hünər və şücaətlərinə uyğun olaraq qoyur. Bununla yanaşı, ad verdiyi igidlərin hünərlərini nəzərə çatdırmağı, onlara uğur-alqış diləməyi, atalarından onlara bəylik, taxt, yaşayış tələb etməyi də unutmur. Ad almış qəhrəmanlar adlarına uyğun hərəkər edir, adlarına layiq yaşayır (Kitabi-Dədə Qorqud, 1988).
Eposda toy mərasimi də xüsusi diqqət çəkir. Burada əks olunan toy adətləri bugün də öz paklığını, orijinallığını qorumaqdadır. Oğuz ailə quruculuğunda valideynin xeyir-duası, razılığı əsas şərtlərdən biridir. Dastanın III boyu olan “Baybörənin oğlu Bamsı Beyrək boyu”nda toy adətlərinin mühüm incəliklərinə, mərhələlərinə rast gəlirik. Oğuz bəylərinin duası ilə Allahdan oğul istəyən Baybörə, qız diləyən Baybecan duaları qəbul olarsa, gələcək övladlarını “göbəkkəsmə-adaxlı” edəcəklərinə söz verirlər. Eposda elçilik mərasimini bəzən Qorqud Ata həyata keçirir. Dastanda diqqətçəkən məqamlardan biri də evlənəcək Oğuz qəhrəmanının özü kimi qoçaq, mətin, bir qızla evlənmək arzusudur. Bu arzuya biz III və VI boyda rast gəlirik. III boyda Beyrək atasına ”Baba, mana bir qız alı ver kim, mən yerimdən turmadın ol turgəc gərək! Mən qaraquc atıma binmədin ol binmax gərək! Mən qırıma varmadın ol mana baş gətürmək gərək! Bunun kibi qız alı ver baba, mana” deyir (Kitabi-Dədə Qorqud, 1999:69). Eposda adaxlı, nişanlı həm də sədaqət rəmzidir. Oğuz qadınları qoçaq, məğrur, gözəl olduqları qədər də sədaqətlidirlər. Banuçiçək Beyrəyi on altı il gözləyir.
“Kitabi-Dədə Qorqud” eposundakı çoxsaylı adət-ənənələr bu gün də xalqımızın məişətində əsas yer tutur. Bu ənənələrin qorunaraq gələcək nəsillərə ötürülməsi, insanların yaddaşlarında daim yaşaması vacibdir. Bütün deyilənlərdən aydın olur ki, “Kitabi-Dədə Qorqud” dastanı bütün dövrlər üçün vətənpərvərlik, qəhrəmanlıq, igidlik, mübarizlik tərənnüm edən xalq dastanı olaraq qalacaq və gələcək nəslin milli ruhda, yüksək əxlaqi keyfiyyətlərlə tərbiyə edilib, yetişməsində böyük rol oynayacaq.
Do'stlaringiz bilan baham: |