Ключевые слова: дастан, Дастан «Китаби-Деде Горгуд», эпос, духовная ценность, народные дастаны, образ матери, героические дастаны, горгудовед.
Əziz Ələkbərli
filologiya üzrə fəlsəfə doktoru, dosent
AMEA Folklor İnstitutu
e-mail: eziz_elekberli@rambler.ru
“KİTABİ-DƏDƏ QORQUD”DA OĞUZ-QIPÇAQ,
ALBAN-ARMAN QARŞIDURMASI
Özət
“Kitabi Dədə Qorqud” dastanında əsas mübarizə İslamı yenicə qəbul etmiş “gəlmə” Oğuzlarla hələ bu dini qəbul etməyən “yerli” ərmən-qıpçaqlar arasında gedir. Üstəlik, bu mübarizə həm də islamı qəbul etmiş Oğuzlarla islamı qəbul etməkdə tərəddüd edən Oğuzların digər qismi – albanlar arasında gedir.
Lakin Oğuz axınları qarşısında duruş gətirə bilməyən xristian ərmən-qıpçaqların bir hissəsi Cənubi Qafqazı tərk edib şimala çəkilir, digər hissəsi monastrlara sığınaraq kilsə icmaları şəklində öz varlıqlarını sürdürür, böyük hissəsi isə islamı qəbul edərək türkmanlaşır, Azərbaycan xalqının formalaşmasında iştirak edirdilər.
Açar sözlər: alban, oğuz, arman, qıpçaq, , türkman, Albaniya, Armaniya
Bütöv Azərbaycan və onun tərkib hissəsi olan Qərbi Azərbaycan (indiki Ermənistan) tarixinin ən qaranlıq məqamlarından biri də VII-IX əsrlərdə Oğuzların bu ərazilərə yeni axınları ilə bağlı bölgədə gedən tarixi proseslərdir ki, bunun da bir sıra təfərrüatlarını biz “Kitabi Dədə Qorqud” dastanlarında görürük. Lakin bu dastanın epik yaradıcılıq nümunəsi olmasına söykənən bəzi tədqiqatçılarımız uzun illər dastanda tarix axtarmağın qəti şəkildə əleyhinə çıxır, əsas diqqəti dastanın bədii, uzaqbaşı mifik təhlilinə diqqət yetirir və başqa tədqiqatçılardan da bunu tələb edirdilər. Lakin heç kəs fərqinə varmırdı ki, tarixsiz dastan olmadığı kimi, dastansız da tarix mümkün deyil. Yəni hər hansı dastan ilk növbədə bu və ya digər tarixi hadisənin bədiiləşdirilmiş formasıdırsa, başqa sözlə, hər hansı dastan konkret tarixi dövrün və tarixi hadisənin məhsuludursa, tarix özü də konkret şifahi və yazılı mənbələrdə mövcuddur. Bu mənbələr sırasında dastanların da özünəməxsus və möhtəşəm yeri var. “Dədə Qorqud kitabı” da bu mənada istisna təşkil etmir. Professor Tofiq Hacıyev demişkən, “Dədə Qorqud kitabı” tariximizin yazılı dərsliyidir” (1). Biz deyərdik ki, həm də sonradan yazıya alınmış şifahi dərsliyidir.
Təsadüfi deyil ki, folklorla tarixiliyin münasibəti məsələsi üzərində xüsusi dayanan B.N.Putilov folklorda “tarixin bədii dərkinin yeni imkanları”nı görür və folklor mətnlərini tarixi gerçəkliyin xalq tərəfindən idrakının və xalqın tarixi təcrübəsinin artmasının əlaməti hesab edirdi (2, 164-181).
“İnsanlıq tarixi yaşının otuz min ildən artıq olmasına baxmayaraq, ilk yazıya təqribən altı min il bundan əvvəl keçmişdir”, – deyən Füzuli Bayat bu qədər uzun bir zaman içində tarixi təcrübənin, mənəvi mədəniyyətin yalnız şifahi şəkildə yaşadığına, şifahi ötürmə yolu ilə varlığını qoruduğuna diqqəti çəkmiş və haqlı olaraq, “Tarix boyunca hər cür sosial, siyasi, iqtisadi və insani hadisələr sözlü şəkildə folklor məhsulu kimi yaşadılmış, bunlardan bəziləri rəsmi tarixin yazılmasına kömək etmişdir”, – qənaətinə gəlmişdir (3, 79).
Bir də unutmaq lazım deyil ki, “hətta ən fantastik folklor obrazlarının belə tarixi gerçəklikdə öz kökləri var” (4,115)
Bəs nə üçün “Dədə Qorqud kitabı”nda bizim tarix axtarışlarımız bu günə qədər lazımi nəticəni verməyib və bu gün də vermir? Cavab çox sadədir: həmin dövrün və bölgənin (Qafqazın) şifahi tarixi dastanın qəhrəmanları – islamı qəbul etmiş oğuzlar tərəfindən dastan şəklində yaradılıb və yaşadılıbsa, yazılı tarixi əks cəbhənin nümayəndələri – xristian qıpçaqlar, dastanın dili ilə desək, kafərlər tərəfindən qələmə alınıb və çox sonralar, təxminən XVI-XVIII yüzillərdə kilsələrin hücrələrində üzü köçürülərək və ya qədim ermənicə dediyimiz kilsə dilinə – qrabara tərcümə edilərək saxtalaşdırılıb, mətnlərin əsli isə ya məhv edilib, ya da gizlədilib. Digər tərəfdən, unutmayaq ki, islamda dini mənsubiyyət etnik mənsubiyyəti arxa plana keçirir, əridir, məhv edir, ərəbləşdirirdi. İslam dinində təkcə təqvim tarixi (hicri) sıfırdan başlamırdı, həm də xalqların, mədəniyyətlərin tarixi sıfırdan başladılırdı. İslam içinə aldığı xalqları bu yolla tarixindən, mədəniyyətindən və dilindən qoparmağa, ərəb tarixi, ərəb mədəniyyəti və ərəb dili içərisində əritməyə çalışırdı. Bunun üçün uğurlu termin də tapılmışdı: müsəlman milləti, müsəlman tarixi, müsəlman mədəniyyəti, müsəlman dili. Əslində, bu anlayışların hər biri milli-etnik məzmundan çox uzaq idi, Xilafətin imperiya maraqlarına xidmət edirdi. SSRİ zamanında sovet xalqı, sovet mədəniyyəti anlayışları kimi.
“Dədə Qorqud kitabı”nda tarix axtarışlarının lazımi nəticə verməməyinin bir səbəbi də ondadır ki, əks cəbhənin nümayəndələri (xristianlar) tərəfindən qələmə alınsa da, biz bu yazılı tarixi mənbələrdən həmişə uzaq olmuşuq, bu gün də uzağıq, onları müqayisəli təhlilə cəlb etməyə ya imkanımız olmayıb, ya da təşəbbüs etməmişik. Ümumiyyətlə, ərəb-müsəlman mənbələrini çıxmaq şərtilə, Qafqazşünas alimlərimizin Qafqazın islamaqədərki tarixi mənbələrdən çox az məlumatı olub.
Beləliklə, “Kitabi Dədə Qorqud” dastanında nədən bəhs olunur? Bu sadə sualın cavabını aparıb mifoloji dərinliklərə, mifin hələ fəaliyyətdə olduğu ən qədim dövrlərə çıxarmaq və oradan üzü bəri gəlmək olar. Amma biz alt qata enmədən, elə üst qata ötəri nəzər yetirərək deyirik: “Kitabi Dədə Qorqud” dastanında əsas mübarizə İslamı yenicə qəbul etmiş “gəlmə” Oğuzlarla – Qazan xan və onun təmsil etdiyi düşərgə ilə hələ bu dini qəbul etməyən “yerli” ərmən-qıpçaqlar – Qıpçaq Məlik, Şöklü Məlik və onların başçılıq etdiyi düşərgə arasında gedir. Üstəlik, bu mübarizə həm də islamı qəbul etmiş “gəlmə” Oğuzlarla – Qazan xan və onun təmsil etdiyi düşərgə ilə islamı qəbul etməkdə tərəddüd edən “yerli” Oğuzların digər qismi – Dirsə xan və onun başçılıq etdiyi albanlar arasında gedir. Bu, Azərbaycan tarixinin çox ağrılı bir dövrüdür. Burada həm də gəlmə və yerli Oğuzların öz aralarında hakimiyyət uğrunda daxili mübarizəsi var – Qazan xan və onun təmsil etdiyi düşərgə ilə Aruz xan və onun başçılıq etdiyi düşərgə arasında.
Lakin tarixdən bildiyimiz kimi, Oğuzlarla Qıpçaqlar arasındakı mübarizə o qədər də uzun müddət davam etmir, bir tərəfdən Oğuz axınları qarşısında duruş gətirə bilməyən, digər tərəfdən həm “gəlmə” Oğuzlar, həm də “yerli” Oğuzların – Albanların bir qismi islamı qəbul etdikdən sonra vahid qüvvəyə çevrilən Oğuzlar qarşısında sarsılan xristian ərmən-qıpçaqların bir hissəsi Cənubi Qafqazı tərk edib, şimala çəkilir, digər hissəsi monastırlara sığınaraq kilsə icmaları şəklində öz varlıqlarını sürdürür, böyük hissəsi isə islamı qəbul edərək türkmanlaşırdılar. Bu böyük tarixi etnik prosesin nəticəsidir ki, bu gün bütün Azərbaycan xalqı qədim Oğuz etnomədəni sisteminin faktı kimi mövcuddur, qıpçaq, bulqar və s. etnoelementləri isə onun bu və ya digər etnostrukturunda qorunub saxlanmışdır.
“Erməni” adı əvvəllər xristian qıpçaqlara məskun olduqları coğrafi ərazinin (Ərməniyyənin) adı kimi şamil edilirdisə, bölgənin islamlaşmasından sonra artıq “erməni” dedikdə məhz bölgədə öz etnik varlığını hələ də sürdürən bütün xristian türklər nəzərdə tutulurdu.
Yeri gəlmişkən, ərmən-qıpçaqlar müsəlman Oğuzların təzyiqi altında Ərməniyə ölkəsini tərk edib, Şimali Qafqaza köç etdikdən sonra Ukraynadan tutmuş Qazaxıstana qədər böyük bir coörafiyada bu gün “erməni əlifbası” kimi tanıdığımız əlifbada yüzlərlə ərmən-qıpçaq mətnləri yaratmışlar ki, onların da böyük bir hissəsi professor Aleksandr Qarqavets tərəfindən toplanaraq “Erməni-qıpçaq yazıları” adı ilə nəşr və tədqiq edilmişdir (5).
Do'stlaringiz bilan baham: |