Etibar Məmmədov
Təşkilatın mübarizə vasitələri üçlük qruplar yaratmaq, gizli dərnəklərin sayını coxaltmaq, digər dərnəklərlə məxvi əlaqələrə girmək, tələbələr arasında təbliğatı gücləndirmək, qəzet buraxmaq, tələbələrin gizli cıxışlarını təşkil etmək və s. məsələlərdən ibarət idi. Təşkilatın yığıncaqlarında «Asiya və Afrika olkələrinin tarixi» fənnindən dərs deyən Əbulfəz Əliyevin (Elcibəy) təqib olunmasına münasibət bildirilir, milli adət-ənənələrimizi bərpa etmək üçün yollar axtarılırdı. Bütün yığıncaqlarda cənubi Azərbaycan məsələsinə xüsusi yer verilir, B. Vahabzadənin «Gülustan» poeması tələbələr tərəfindən mübarizəyə cağırış simvolu kimi həvəslə oxunurdu.
Bu dövrdə digər fakultələrdəki milli ruha malik tələbələrlə sıx əlaqələr yaradılmışdı. Xüsusilə «Novruz» bayramı günü - 1975-ci ilin mart ayının 21-də Fəxri xiyabanda Şıxəli Qurbanovun məzarı üstündə rus müstəmləkəçiliyinin davamı olan sovet müstəmləkəçiliyi əleyhinə mitinq kecirmiş jurnalistika fakultəsinin tələbləri ilə 1-ci kursdan səmimi münasibətlər yaradılmışdı.
Etibar Məmmədovun rəhbərlik etdiyi təşkilat, sonrakı hadisələrdə mühüm rol oynamış divar qəzeti üzərində işi 1974-cu il dekabrın 21-də başa çatdırdı. Gizli yığıncaqda məqalələrin yazılması konkret şəxslərə tapışırılmışdı.
Etibar Məmmədovun rəhbərlik etdiyi həmin gizli iclasda Kərim Şükürov, Gülağa Tağıyev, Əflatun Quliyev, Ələsgər Hahıyev, Boris Sadıxov, Vidadi Sultanov və s. şəxslər iştirak etmişlər. «Odlar yurdu» adlanan qəzetin başlığı alov dilimləri ilə haşiyələnmiş, sağ tərəfdə Babək, sol tərəfdə Səttarxanın üsyankar obrazları əks olunmuşdu.
Etibar Məmmədov və Ə. Əliyev (Elçibəy)
Qəzetdəki «Cənubi Azərbaycan Milli Hökuməti» (1945–1946) adlı məqalənin muəllifi Etibar Məmmədov, «Odlar yurduna müraciət» başlıqlı məqalənin müəllifi Boris Sadıxov, Vyetnamın, Almaniyanın, Çinin və başqa parçalanmış dövlətlərin, o cümlədən Azərbaycanın birləşməsi uğrunda mübarizə ideyasına həsr olunmuş məqalənin müəllifi Kərim Şukurov (hazırda BDU-nun dosentidir) idi. Bundan başqa qəzetdə M. Şəhriyarın «Azərbaycan» şeri də verilmişdi. Qəzetin tərtibatı və şəkillərin çəkilməsi Ələsgər Hahıyevə tapşırılmışdır. Dekabrın 21-də saat 13.30-da qəzetin dekanlığın yaxınlığındakı divardan asılması ilə fakultədə vəziyyət daha da gərginləşmişdi. Əvvəl fakultənin dekanı, professor M. Qazıyev tələbələrə bu cür məqalələrlə qəzet cıxarmağın təhlükəli olduğunu başa salmağa calışaraq, şənbə günü olduğundan bazar ertəsi bir yerə yığışıb onun özünu də redaksiya heyətinə daxil etməklə «Odlar Yurdu»nun əvəzinə yeni bir qəzet cıxarmağı məsləhət görmuşdu. Lakin növbəti tənəffüsə çıxarkən tələbələr fakultənin «Bakı Soveti» yaxınlığındakı binasına universitet rektorunun, DTK-nın universitetə təhkim olunmuş kuratorunun gəldiyinin şahidi olmuşdular. Onlar dekandan fərqli olaraq redaksiya üzvlərinə qarşı hücuma keçərək, tələbələri universitetdən xaric və hətta həbs etdirəcəkləri ilə hədələmişlər. Lakin 19 yaşlı gənclər özlərini ləyaqətlə apararaq bütün məqalələrin «Azərnəşrin» buraxdığı kitablar əsasında yazdıqlarını bildirsələr də, təzyiqlər güclənirdi. 3 gündən sonra redaksiya heyətinin universitetdən xaric olunması haqqında əmr hazırlanmışdı. Dekabrın 24-də Etibar Məmmədov və digər redaksiya üzvləri rektorun qəbuluna gətirildi və onlardan tələb olundu ki, bu işə onları «Asiya və Afrika olkələrinin tarixi» kafedrasının müəllimi Əbulfəz Əliyevin təhrik etdiyi barədə izahat yazsınlar. Lakin tələbələr bundan qəti imtina etdikdə rektor qəzəblənərək onların universitetdən xaric olunmaları haqda əmrin gətirilməsini tələb etmişdi. Universitetin qarşısına oz yoldaşlarını müdafiə etmək üçün coxlu sayda tələbələrin yığışması, o zaman üçün görünməmiş mübariz ruhlu həmrəylik, universitet rəhbərliyini güzəştə getməyə məcbur etmiş və əmr icra olunmamışdı. Lakin həmin tələbələrə qarşı nəzarət və təzyiq bütün təhsil muddətində planlı surətdə həyata keçirilmişdir. Əbulfəz Əliyevi coxdan həbsə almağa fürsət axtaran DTK bu hadisədən sui-istifadə edərək, 1975-ci ilin yanvarında onu həbsə almışdı» (11, s. 14-17).
Azərbaycanın dessidentlərindən danışarkən, əlbəttə ki, Əbülfəz Əliyevi (Elçibəy) də unutmamaq lazımdır. Onun və tələbələrinin başına gələnləri ən gözəl şəkildə anladanlardan biri Nəsir Ağayevdir. O, xatirələrinin birində həmin dövrün hadisələrini belə yad edir:
«1974-cü ildə Bakı Dövlət Universitetində Dövlət Təhlukəsizlik Komitəsi bir sıra həbslər keçirdi. Əbülfəz Əliyev həbs edildi. O, ermənilərə, farslara və ruslara qarşı yönəlik qatı millətçilikdə ittiham edilirdi:
“Nəsir Ağayev və digər təşkilat üzvləri, qoyulmuş qadağaya baxmayaraq, müəllimlərinin məhkəməsində iştirak etməyi özlərinə mənəvi borc hesab edirdilər. Əbülfəz Elçibəy o zaman Kommunist küçəsində (indiki İstiqlal) yerləşən Azərbaycan Dövlət Universitetinin tarix fakultəsinin qarşısında tələbələri tez-tez söhbət edər, qorxub çəkinmədən, onlara Azərbaycanın azadlığı fikrini aşılamağa çalışardı. 27-28 yaşı olan bu gənc müəllim tələbələrə qaynayıb qarışmaqla böyük nüfuz qazanmışdı. O, müəyyən çətinliyə, maddi imkansızlığa düçar olan tələbələrindən yardımını heç vaxt əsirgəməzdi. Bir dəfə müəllimlərdən Məmməd Əfəndiyev adlı birisi tələbələrə yaxınlaşaraq deyir ki, “Əbülfəzlə bu görüşlərinizdə nədən danışırsınız, bu toplantıların məqsədi nədir?”
Həmin an tələbələr arasında olan Nəsir Ağayev cavab verir:
“Heç, elə belə görüşürük, bizə lazım olan bilikləri əldə edirik, cavabını bilmədiyimiz suallara cavab tapırıq”.
Şamil müəllim ciddi görkəm alaraq onlara bildirir ki, onun, yəni Əbülfəz müəllimin fəaliyyəti onunla nəticələnəcək ki, Dövlət Təhlukəsizlik Komitəsi bir çoxlarınzı həbs edəcək və belə getsə, Universiteti bütünlüklə tikanlı məftillə əhatəyə alacaqlar.
Əbülfəz Əliyevin məhkəməsində bir vaxt cəsarətdən, qorxmazlıqdan danışanların bir çoxu onun üzünə durdular. Əbülfəz müəllim isə onlara qarşı heç bir söz də demədi. O, tələbələrini zərbə altında qoymamaq üçün bildirdi:
“Bəli, mənə qarşı deyilənlər düzdür və mən onlara qarşı heç nə deyə bilmərəm. Mənə görə onları günahlandırmayın, bütün gunahlar məndədir”.
O zaman Əbülfəz müəllimin milli məsələyə görə həbs edilməsi böyük siyasi hadisə və demək olar ki, çoxları üçün böyük gələcəyə malik möhtəşəm məktəb idi...”
Məmməd Əlizadənin Nəsir bəyin sözlərinə istinadən yazdıqlarından belə məlum olur ki, həmin dövrdə, bütün bu mürəkkəb hadisələrin fonunda yüzlərlə mübariz ruhlu insan, xüsusilə də Nəsir Ağayev hər gün təhlukəsizlik komitəsi tərəfindən çağırılacaqları anı gözləyirdi. Fəqət, o anın nə zaman gələcəyini bilmirdilər. Həyəcanverici məqamlardan biri də o idi ki, 1978-ci ilin avqust-sentyabr aylarından etibarən Əbülfəz Əliyevin tələbələrinin məskun olduqları bütün evləri, xüsusən də Nəsir Ağayevin yaşadığı Cəlil Məmmədquluzadə küçəsi 42 ünvanındakı ev ciddi nəzarətə götürülmüşdü. Ev, demək olar ki, bir çox istiqamətdən ciddi nəzarət altında idi.
Nəsir Ağayev həmin dövrü belə xatırlayır:
“Bunu məhəlləmizə heç bir aidiyyatı olmayan adamların tez-tez görünməsindən hiss edirdim. Qonşuluqdakı 44 № - li evdə məskunlaşan hündür boylu birisinin hər səhər işə gedərkən məni müşayiət etdiyini görürdüm. Sən demə, bu şəxs mənim arxamca gələn maşınların nömrələrini, seriyalarını qeyd edir, gələn adamların siyahısını, adlarını müəyyənləşdirirmiş. Günlərin birində 44 N-li evin sakini Kəbirə Kamil qızından soruşdum:
“Kəbirə, mən hər səhər işə gedəndə sizin qapıdan bir kişi çıxıb nəzərləri ilə məni yola salır. O, kimdir?”
Kəbirə cavab verdi:
“O, qardaşım Abdullanın dostudur. Ağdamdan Bakıya iş dalınca gəlib, bizdə qalır”.
Əslində isə həmin bu şəxs mənim haqqımda hər gün müvafiq orqanlara məlumat verirdi. Artıq ciddi şəkildə bir gün həbs olunacağımı düşünməyə başlamışdım. Amma həbsimin hansı səbəbdən bu qədər uzandığını heç cür anlaya bilmirdim. Bəzən gecələr də küçədə şübhəli adamlar görünürdü. Sən demə, bizim təşkilatla qətiyyən heç bir əlaqəsi olmayan, əsgərlikdə olan Bəxtiyar adlı bir həmkəndlimiz əsgərlikdə tez-tez Buzovnada gizli təşkilatın olduğunu və mənim bu təşkilata rəhbərlik etdiyimi deyibmiş.
Hərbi hissədə olan xüsusi şöbə Bəxtiyarı istintaqa cəlb edir. Şöbənin əməkdaşları belə bir qənaətə gəlirlər ki, mən BAİB zavodu üçün kadrlar hazırlayan peşə məktəbində dərs deməklə, həm də bu zavodu nəzarətim altında saxlayıram. Əslində isə, bu zavodda işləyən 5 mindən artıq işçinin özləri bir-birinə nəzarət edirdilər. Bu zavodda raket başlıqları və digər hərbi sursatlar istehsal edilirdi. Sən demə, o vaxt Buzovna südçülük, tərəvəzlik sovxozunun direktoru olan Abdulla Səlimov oğlu Kamili yanına çağırıb ondan DTK – ya gedərək, mənim barəmdə, eləcə də başçılıq etdiyim təşkilat haqqında bildiklərini danışmasını tələb edibmiş. Kamil Səlimov da atasının təhriki ilə gizli təşkilatda aparılan danışıqlar və söhbətlər haqqında təqribən 3 vərəqlik məlumat yazaraq DTK-ya təqdim edibmiş. Artıq Fəxrəddin Zeynalov, Qəni Mövsumov, Məmmədəli Məmmədov, Vaqif Heybətov istintaqa cəlb edilmiş, onlardan izahatlar alınmışdılar. Yalnız Fəxrəddin Zeynalovdan məlumat yazmağı tələb etmişdilər. Bununla da DTK əməkdaşları izi itirməyə və onlara təşkilatımız barədə ilkin məlumatları ötürmüş şəxsi gizli saxlamağa çalışırdılar. Artıq məhəllədə, müəllimlik etdiyim məktəbdə gərginlik hiss edilirdi.
Dərs dediyim 8-ci otağın qarşı tərəfində hərbi kabinet yerləşirdi. Burada TOZ- tipli silahlar var idi. Bu silahlara el içində “Mantikres” də deyirlər. Tez-tez həmin hərbi kabinetə məndə heç bir şübhə doğurmayan orta boylu, bir qədər şişman görünən, xəz paltolu, “Jiquli” avtomobili olan (nömrəsi 12-55 idi) bir şəxs gəlib - gedirdi. Sonralar bildim ki, bu şəxs ona görə hərbi kabineti gəlib yoxlayırmş ki, mənim vasitəmlə təşkilat üzvlərinin buradakı silahların müəyyən qismini ələ keçirə biləcəklərindən ehtiyatlanırmışlar. Onu da bildim ki, hərbi kabinetə gələn bu şəxs Əzizbəyov rayon Dövlət Təhlukəsizlik Şöbəsinin rəis müavinidir.
Əbülfəz Elçibəyin məhkəməsindən sonra insanlarda cəmiyyətdəki haqsızlıqlara qarşı mübarizə ruhu formalaşmağa başlamışdı. Moskvanın Azərbaycana yad, düşmən münasibəti gəncləri daha da radikallaşdırmışdı. Günlərin birində, daha dəqiq desəm, 1978-ci ilin sentyabır ayının ortalarında o vaxt 55 saylı texniki peşə məktəbinin azad komsomol katibi işləyən Ağabala Ağayev məni 55 saylı texniki peşə məktəbinin müəllimlər otağının sağ tərəfində yerləşən metodiki kabinetə dəvət etdi.
Mən içəri daxıl olanda o içəridən qapını bağladı. Oturduq. Həddindən ziyadə gərgin və ciddi görünürdü. Bilirsən, - deyə o, mənə müraciət etdi:
“KQB (DTK) səni dindirə bilər. Nə deyə biləcəksənsə fikirləş. Artıq bir çox adamları dindiriblər. Hamısından da iltizam alıblar ki, Nəsir Ağayev haqqında burda aparılan danışıqlar və alınan izahatlar haqqında heç yerdə, heç kəsə danışa bilməzlər. Əgər bu iltizamı pozsalar, onlara qarşı cinayət işi qaldırıla bilər”.
Ağabala Ağayev həmçinin bildirdi ki, DTK-da başçılıq etdiyim gizli təşkilat və onun üzvləri barədə müfəssəl məlumat var. Təəccüblə bunları haradan bildiyini soruşdum. Cavab verməyəcəyini sanırdım, amma gözlədiyimin əksinə olaraq, cibindən diyircəkli qələmini çıxarıb ağ bir vərəqdə “Fəxrəddin Zeynalov” yazdı.
Artıq hər şey mənə məlum olmuşdu. Fəxrəddinin, əslində təşkilatımızdan xəbəri yox idi. O, tez-tez bizə gələr, toplandığımız günlərdə də bəzən bizdə olardı. Amma çox zaman ikinci mərtəbədə olar, zərurət olmasaydı aşağı düşməzdi. Nə üçün toplaşdığımız, nəyi müzakirə etdiyimizlə də heç vaxt maraqlanmazdı. Ancaq o bilirdi ki, yanıma gələnlərin əksəriyyəti müəyyən vaxtda siyasi məsələlər və təşkilati işlər üçün gəlirlər. Onun “Moskviç - 412” markalı maşını vardı. Tez-tez maşını ilə müxtəlif kəndlərə gedər, orada görüşlər keçirərdim. O, toplantılarda iştirak etməz, kimlərlə görüşdüyümü bilməzdi. Görünür, bəzi şeyləri sezə bilibmiş.
Yaxşı bilirdim ki, həyat yalnız əyləncə və oyundan ibarət deyil, onun sərt imtahanları da olur və onlardan şərəflə çıxmaq hər kişinin işi deyil, amma bu imtahanlardan üzü ağ çıxmaqdan böyük şətəf ola bilməz. Bu söhbətdən sonra başa düşdüm ki, ən ağır, ən çətin bir yükü öhdəmə götürəndə necə sevinmişdimsə, indi onun ağırlığını, əzabını çəkməyə də eyni dərəcədə hazır olmalıyam.
Bütün baş verənlərə görə heç kimi günahlandırmaq da olmazdı. Ona görə olmazdı ki, bu yolu özüm könüllü olaraq seçmişdim. Madam ki, özüm seçmişəm, təqib, təzyiqlərə də dözməliyəm, necə ki, məndən öncəkilər dözmüşdülər.
1978-ci ilin oktyabr ayının əvvəlləri idi. Müəllimlər otağından sinif jurnalını götürəndə hiss etdim ki, arxamdan kimsə mənə nəzarət edir. Cəld geri dönərək ucadan dedim:
“Aparacaqsınızsa, kişi kimi gəlin, üzümə deyin. Hər gün bu gizlanpaç oyunu kimə lazımdır? Bilirəm ki, aparacaqsız. Bunu gecikdirməyə dəyməz”.
Məni nəzərləri ilə müşayiət edən həmin şəxs tələbələrin və müəllimlərin içərisində görünməz oldu. Bir neçə gün keçdi. bir gün Nazim Məmməd oğlu Məmmədov evimizə, mənim yanıma gələrkən, Gilavar tərəfdə yaşayan qonşumuz ondan hara getdiyini soruşur və deyir:
“Nəsirin yanına gedirsənsə, getmə, o, bugün-sabahlıqdır, onu tutacaqlar”.
Bütün bunları mənə Nazim söylədi. Bir sözlə, artıq Buzovnada Təhlukəsizlik Komitəsinin bütün ciddi cəhdlərinə baxmayaraq gizli təşkilatın və mənim həbsimə dair söhbətlər böyüməkdə, yayılmaqda idi. Oktyabrın hər günü həyəcan və gərginliklə keçirdi, gecələri isə sonsuzluq qədər uzun gürünürdü. Oktyabrın 18-də səhər peşə məktəbinə gəldim. Həmişə ciddi, etik münasibətlərə çox dəqiq əməl edən müdirimiz Zöhrab Qədirov mənə yaxınlaşdı və dedi:
“Nəsir müəllim, sizi “raykom partiyaya” çağırırlar, sizi mən aparmalıyam”.
On dəqiqədən sonra mən artıq Zöhrab müəllimin “Jiquli” maşınında əyləşmişdim. Yola düşərkən əlimlə Məmmədəliyə aparıldığımı işarə etdim. Yol boyu Abbas Səhhət, Sabir və Şəhriyardan millətçi ruhlu şerlər deyirdim. Mərdəkanın girəcəyində Abbas Səhhətin şerindən iki misra məni yerimdən oynatdı. Həmin misraları xüsusi şövqlə dilə gətirdim:
“Şişə çəksəz də diriykən ətimi,
Atmaram mən Vətəni, millətimi”.
Dəqiq bilirdim ki, məni rayon Partiya Komitəsində deyil, DTK- nın yerli şöbəsində gözləyirlər. Zöhrab müəllim mənə çevrilərək, əlini dizimə qoydu:
“Nəsir müəllim, məni bağışla, səni arxadan gələn maşın mənə tapşırıb. Çalış ürəyindəkiləri açma. Ətrafındakıların hamısı heç də millətini sənin kimi sevmir. Ehtiyatlı ol”.
Söhbət kəsildi ...”
Nəsir bəyi DTK-nın dar dəhlizi ilə kiçik bir otağa gətirirlər. Dəhlizi geçərkən yaxınlıqdakı otaqda kimisə dindirildiyini və onu dindirən müstəndiqin ucadan hədələyici səsini eşidir. Bu onun, istər-istəməz, bir qədər həyacanlanmasına səbəb oldu, amma özünü ələ almağı bacardı. Nəsir bəyi gətirdikləri otaq çox cansıxıcı idi. Bu otaqda tam bir saat gözləməli oldu. Nəhayət, içəri Əzizbəyov rayon DTK-nın rəis müavini Ağabala Manafov daxil olur. Əvvəlcə Nəsir müəllimə diqqətlə baxır, sonra ciddi, zəhmli baxışlarla soruşur:
“Özünü burda necə hiss edirsən?”.
Nəsir bəy sakitcə:
“Dövlətimdə olduğu kimi”.
Sonra Manafov həyatından, təhsil illərindən və orqana necə gəlməsindən danışmağa başlayır. Mənalı baxışlarla Nəsir bəyə baxır və onun da öz həyatından, təhsil aldığı ali məktəbdən danışmasını istəyir. Nəsir Ağayev ona qısaca məlumat verməklə kifayətlənir. Bu tanışlıq xarakterli görüş iki saata yaxın davam edir. Sonra Manafov ayağa qalxıb, -bir azdan gəlirəm, deyərək otaqdan çıxdı. Otaqda tək qalan Nəsir bəy bir anın içərisində keçdiyi mübarizə dolu ömür yolunu gözləri önündən keçirir. Buraxdığı səhvləri götür-qoy edir, harada və nə dediyini yadına salmağa çalışır. Özünü necə aparmalı olduğunu, ehtimal edilən suallara verəcəyi cavabları düşünür. Özünü dialoqun sonrakı hissəsinə hazırlamağa başlayır. Ürəyində özü-özünə suallar verir, özü də onları cavablandırır. Sonra yenidən harada səhvə yol verdiyini düşünməyə başlayır:
-Mən nəyi düşünürdüm? Rüşvətsiz, korrupsiyasız Azərbaycanı. Dövlət hakimiyyətində tam milli kadrların yerləşdirilməsini və nəhayətdə azad, bütöv Azərbaycanı...
Mühakimə və düşüncələrində məntiqsizlik və səhv yox dərəcəsində idi. Səhv onun ətrafında olan insanlarda və cəmiyyətin acı reallıqlarında idi. Çünki o zamankı reallıq millətçilərin, vətənpərvərlərin, iman sahiblərinin qənimi və düşməni idi.
Birdən həyəcanlı şəkildə ayağa qalxı və tənha qaldığı otağı diqqətlə nəzərdən keçirdi. Əvvəlcə diqqətini divardan asılmış “Politiçeskaya karta mira” xəritəsinə cəmləmək istədi, xəyalı Hüseyn Cavidin əsərindəki qırxdan bir əskik yazısının 39-cu kamerada olmasını tarixin yaddaşına ismarlaması idi. Birdən cibindən qələmi çıxarıb Azərbaycanın tarixi ərazisini işarələdi və cəld arxaya çəkilib yana çevrildi.
Masanın arxa tərəfində Heydər Əliyevin ağ-qara rəngdə şəkli asılmışdı. O, general-mayor formasında idi. Ortalıqda telefondan başqa diqqəti, demək olar ki, heç nə çəkmirdi. Divarda kabinetdə olan əşyaların adları göstərilən siyahı asılmışdı. Artıq bir saatdan çox idi ki, tənha qalmışdı. Bəlkə də kənardan özünü necə apardığını müşahidə edirdilər, bunu bilmirdi. Odur ki, bayaqdan üstündə oturduğu stulu, guya yerini dəyişmək məqsədilə, döşəməyə bərk vurdu. Beləcə, otaqda olduğunu xatırlatmaq istədi. Bircə dəqiqə belə keçməmiş, içəri hündür boylu, sarışın rus qızı daxil olur:
“Çto nado?” (Nə lazımdır?)
Nəsir bəy “Heç nə” - deyərək, Azərbaycan dilində cavab verir...
Artıq 2 saata yaxın vaxt keçirdi. Nəhayət qapı açılır, Manafov içəri daxil olur və Nəsir bəyi rəisin yanına aparır. O dövrdə Əzizbəyov rayon Dövlət Təhlükəsizlik Komitəsinin rəisi Dağ Quşçu kəndindən olan Fərəc Babayev idi. Telefonla danışa-danışa nəyisə qeyd edən Fərəc müəllim və bir qədər danışdıqdan sonra telefonun dəstəyini yerinə qoyur və ayağa qalxır:
“O,...Ağayev.... Nəsir müəllim, buyurun oturun” - deyir.
Təbii ki, hadisələrin hansı ssenari üzrə inkişaf edəcəyini Nəsir bəy bilə bilməzdi. Bircə onu bilirdi ki, qəlbinə və şüuruna Böyük və Bütöv Azərbaycan ideyası hakimdir və o özünü bu müqəddəs ideyanın daşıyıcısına yaraşacaq bir şəkildə, şərəf və ləyaqətlə aparmalı idi. Rəis təmkinlə soruşur:
- Yəqin bilirsiz sizi nə üçün çağırmışıq?
- Hər halda, lazım bilmisiniz ki, çağırmısız, - deyə Nəsir Ağayev cavab verir.
- Bu otaqda hansı hissləri keçirirsiz?
- Çox adi hisslər keçirirəm.
- Həyəcən və qorxu hissiniz varmı?
- Mən Dövlət Orqanında nə üçün qorxmalıyam? Axı, bu orqan Dövlətin və Millətin Təhlukəsizliyini təmin edən təşkilatdır.
- Siz doğrudanmı bura nə üçün çağırıldığınızı hələ də başa düşmürsünüz?
- Axı, sizin mənim haqqımda nə düşündüyünüzü mən haradan bilə bilərəm.
- Hər şeyi etiraf edin. Cəzanız yüngül olsun.
- Axı, mənim günahım nədədir, mən nədə günahlandırılıram?
- Vətəndaş Ağayev, siz hər şeyi gözəl bilirsiniz. Onu da bilin ki, Moskva hər həftə bizdən sizinlə əlaqədar məlumat istəyir. Yaxşı olar ki, nə özünüzü yorasınız, nə də bizi. Elə etməyin ki, yaxın yoldaşlarınızı sizinlə üzləşdirək.
Nəsir cavab verdi:
- Mən üzləşmədən çəkinmirəm və məni ittiham edənlərin üzümə durmasını istərdim.
Rəis soruşdu:
- Yaxşı, Universitetdə sizə kimlər dərs deyib? Adlarını yaz.
Onlar, şübhəsiz ki, Nəsir Ağayevdən Əbülfəz Əliyevin adını çəkməyini istəyirdilər. O isə Əbülfəz bəyin adını nə əvvəl də, nə də axırda, ona dərs demiş müəllimlərin siyahısının tam ortasında yazdı.
- Millətçiliyi hardan öyrənmisiniz? Nə üçün nərd oynayanda “Türk qanım coşdu” deyirsən və evinizdə Atatürkün portretini saxlayırsan?
- Millətçiliyi mənə tariximiz, Azərbaycanın bölünmüşlüyü, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Məhəmməd Hadi, Süleyman Rüstəm öyrədib. Türk qanım isə mənim Türk olmağımla əlaqədardır. Çünki dilimiz Türk dillərinin Oğuz qrupuna aiddir. Türk dilləri on iki budaqdan ibarətdir. Atatürkün portretinə gəldikdə isə, Leninlə Atatürk arasında yazışmalar olub. Belə çıxır ki, buna görə Lenin də məsuliyyət daşımalı idi.
8 saata yaxın aparılan sorğu-sual nəhayət bugünlük başa çatdı. Bu bir gün təkcə Nəsirə deyil, onun kimi istintaqa çəkilən yüzlərlə mübariz insana haqq yolunda olduqların bir daha təsdiqlədi, onları gerçək həqiqətin nədən ibarət olduğunu öyrətdi. Bu həqiqət inandığını və bildiyini sübuta yetirməkdir. Qorxsan, cəsarətini itirsən, biliyinə inanmasan, həqiqəti inkar etsən, yaltaq, qorxaq, xain olarsan.
18 oktyabr 1978-ci il tarixi Nəsir bəyin yadından heç vaxt çıxmayacaq. Həmin gün ilk dəfə xüsusi xidmət orqanlarına çağırılmış, dindirilmiş və özünü ləyaqətlə aparmağı bacarmışdı. Bir sözlə, imtahandan üzü ağ, alnı açıq çıxmışdı. Elə bu da onun sonrakı dindirmələr zamanı daha mətin ola bilməsi üçün zəmin hazırlamışdı. Ən əsası isə o idi ki, tutduğu yolun yeganə doğru yol olduğuna əminliyi daha da artmışdı. Bu yolu axıra qədər getmək lazım idi, bunu millətimizin, dövlətimizin nənafeyi tələb edirdi. Xosrov Ruzbeh demişkən, “yol hədəfi inkar etməməlidir”.
Nəhayət, Nəsir bəyi gətirən maşın 8-ə qalmış Mərdəkandan Buzovnaya istiqamət aldı. DTK-nın rəis müavini Manafov bildirdi:
“Nəsir müəllim, mütləq 55 saylı orta texniki peşə məktəbinə getməliyik ki, Zöhrab müəllim sizi görsün. Çünki o sizə görə çox həyəcan keçirir və siz burda dindirilərkən mənə zəng edərək bildirib ki, Nəsir müəllimi görməmiş evə getməyəcəyəm”.
Söhbət əslən Şamaxıdan olan Zöhrab Qədirovdan gedirdi. Həqiqətən də çox sərt, ciddi görkəmli Zöhrab müəllim onu gözləyirdi. O, ikinci mərtəbədən həyətə düşərək Nəsirə yaxınlaşır:
“Şükür Allaha, səni gördüm!”
O, Manafovdan əziyyət verdiyinə görə üzr istədi və təşəkkürünü bildirdi. Nəsir bəy DTK-ya yola düşərkən onu bir vasitə ilə xəbərdar edə bilmişdi.
Evlərində Nəsiri böyük iztirab və həyəcanla gözləyirdilər, evdə də, qonşuda da hər kəs narahat idi. Axı, oktyabrın 29-da onun toyu olacaqdı...
Nəsir evə daxil olanda anası Sitarə xanımla atası Zərbəli bəy intizar dolu baxışlarla, bir qədər də qorxu ilə ona baxırlar. Çox zaman evə gec gələndə aynabəndin qapısını ehmalca açıb içəri pəncələrinin üzərində girərdi ki, səs çıxmasın. Atası Zərbəli kişi yataqda olsa da həmişə oyaq olardı. Başını qaldırıb “Ay laməzhəb, yenə Sovet hökumətini yıxmaqdan gəlirsən?”- deyərdi.
Atası həyəcanlı olsa da bunu qətiyyən bürüzə vermək istəmirdi. Çünki, o bilirdi ki, onun kimilərin Sovetlər olkəsində yaşamaları, necə deyərlər, “gözlə kiprik arasındakı məsafə” kimidir. 37-ci illərdə vətəndaşlığı olmayan güneylilərin ölkədən çıxarılması, elcə də bir çox həmyerlisinin həbs, sürgün edilməsi, güllələnməsi hələ də yadından çıxmamışdı. Çıxa da bilməzdi. Belə şeylər yaddaşlara əbədi olaraq həkk olunur. O çox yaxşı bilirdi ki, eyni aqibət oğlunun da başına gələ bilər.
Zaman hər şeyi yerinə qoyur. Bu günü dünənə, sabahı isə bu günə çevirir. Millətin də taleyini, gələcəyini zaman, zamanla bir-birini əvəz edən nəsillər müəyyənləşdirir. Bu universal qanun, təbii ki, Azərbaycandan da yan keçə bilməzdi və keçməmişdi» (2, s. 34-42).
Qaynaqça
-
Cahangir bəy Kazımbəyli. Vikipediya (https://az.wikipedia.org/ wiki/Cahangir_b%C9%99y_Kaz%C4%B1mb%C9%99yli).
-
Cəfərli E., Ağayev T. Nəsillərə örnək həyat yolu. “Qanun” nəşriyyatı, B., 2011. 384 s.
-
Elcibəy Ə. Deyirdim ki, bu quruluş dağılacaq Bakı, Gənclik,1992.
-
«İldırım» təşkilatı. Vikipediya (https://az.wikipedia.org/wiki/%C4% B0ld%C4%B1r%C4%B1m_t%C9%99%C5%9Fkilat%C4%B1)
-
İsmayıl. Azərbaycançı istiqlal fədaisi. «Şərq» qəzeti, 23 may 2014.
-
İsmayıllı S. Sovet vaxtı Azərbaycan bayrağını Qız Qalasından asan Cahid Hilaloğlu kimdir? I hissə. «Azadlıq» radiosu (https://baxh.wordpress. com/2015/09/19/dissidentl%C9%99r-ensiklopediyasina-dus%C9%99n-2-az% C9%99rbaycanli/comment-page-1/).
-
İsmayıllı S. Sovet vaxtı Azərbaycan bayrağını Qız Qalasından asan Cahid Hilaloğlu kimdir? II hissə. «Azadlıq» radiosu (http://www.azadliq.org/a/24987911.html).
-
Kamal N. Alatoran (http://alatoran.org/Jurnal_2004_3/jurnal_ 2004_3_03.html).
-
Rahimov İ. Tribute: In Defense of My Mother Tongue. «Azerbaijan İnternational». Winter 2004 (12.4).
-
Şamil Ə. «Diaspora ədəbiyyatı», 23 dekabr 2013” (http://litdiaspora. az/?p=165).
-
Zülfüqarlı M. Istiqlal tarixini yaradanlar ( 1972 – 1992 – ci illər). Bakı, 2002. 211 s.
Do'stlaringiz bilan baham: |