Qaynaqça
-
DTK-nın “Çənlibel”dəki agenti kim olub? “Yeni Müsavat” qəzeti, 26 yanvar, 2013.
-
Cəsuslar, agentlər həmişə olub. “Şərq” qəzeti, 23 yanvar, 2013.
-
“Çənlibel”in manifesti. “Yenu Müsavat” qəzeti, 2 dekabr 2014.
-
Hatəmi M. T. Acı həqiqətlər. Bakı, Şirvannəşr, 2006.
-
Milli azadlıq hərəkatının adsız qəhrəmanlarından Məhəmməd Hatəmi vəfat etdi. “Xeber.com”, 14.06.2016 (http://agxeber.com/sonxeber/7241-milli-azadliq-herekatinin- adsiz-qehremanlarindan-mehemmed-hatemi-vefat-etdi.html).
-
Pənahlı N. Əbədiyyət yolçusu. Əlyazma. N. Pənahlının şəxsi arxivi.
-
Sabiq DTK polkovniki Milli Hərəkatdakı agentini “Yeni Müsavat”a açıqladı. “Yeni Müsavat” qəzeti, 22 Yanvar 2013.
«Çənlibel» partiya və dövlət rəhbərlərini nədən narahat edirdi?
Şenol (Rauf Arifoğlu) «Çənlibel» təşkilatı və Məhəmməd Hatəmi haqqında yazır: «Azərbaycan milli azadlıq mübarizəsində xüsusi yeri olan Hatəmi alovlu vətənpərvər, dönməz inqilabçı, gözəl insan kimi şöhrət qazanmışdır. Gənclərdə milli şüurun oyanmasında, yeni nəsil mübərizəsinin yetişdirilməsində misilsiz xidmətləri vardır. Represiyalar qılıncının kəshakəs çağında, mənəvi-fiziki terrorlar devrində də M. Hatəmi mübarizə aparmış. Azərbaycanın istiqlalı naminə heç nədən çəkinməmişdir.
Onun 1987-ci ildə bir qrup gənclə yaratdığı "Çənlibel" elmi-ədəbi birliyi son dövr Şimali Azərbaycan xalq hərəkatinda tarıxı rol oynadı. Zaman-zaman, kəsilə-kəsilə davam edən Azərbaycan savaşı bu cəmiyyət vasitəsi ilə sanki leqallığa vəsiqə aldı. Hərəkatın sonrakı mərhələsində "Çənlibel" ər meydanına dönərək, Azərbaycanın ər oğullarını öz qoynuna yığa bildi. Hazırda Şimali Azərbaycanda fəaliyyət göstərən siyasi partiya və cəmiyyətlərin öncülləri "Çənlibel" adlə ustaddan dərs almışlar.
Elin yanan şairi Xəlil Rza "Çənlibel" adlə şerində belə yazır:
Kimdir gör o qarasaqqal,
Qanad gərmiş tribunaya,
Hər cümləsi məşəl tutur
O eradan, bu eraya.
Qarayanız bir az cansız,
Fəqət gücü dəryalarca,
Nitqi-atəş, köksü - təndir,
Ruhu qartal, başı - uca,
TANTƏKİNMİ, məsləkinin
qanadında uça-uça,
Qanadlanır bir nəfəsə
Üç qitəni qüca-qüca.
Hatəminin milli hərəkatın sonrakı mərhələləri üçün kadrların yetişdirilməsində, onların formalaşdırılmasında gərgin əməyi olmuşdur…» (8)
Azərbaycanda «Çənlibel»dən öncə də çox sayda dərnəklər qurulmuş və fəaliyyət göstərmişdilər və göstərməkdə idilər. Fəqət onların heç biri qarşısına siyasi məqsədlər qoymur və sırf ədəbiyyat və incəsənətlə məşğul olurdular. Yəni siyasi məsələlərə qarışmır və bu mövzuya qətiyyən yaxın düşmürdülər. «Çənlibel»in hədəfi isə tamam başqa idi və onu quranlar təşkilatı məhz bu məqsədlə qurmuşdular. Elm və ədəbiyyat isə siyasi fəaliyyəti ilk dövrdə pərdələməyə xidmət edirdi.
Mövzumuz baxımından Nemət Pənahlının mövcud ədəbi dərnəklər və onlardan köklü surətdə fərqlənən «Çənlibel» haqqında müşahidə və xatirələri çox maraqlıdır. O özünün hələ dərc edilməmiş «Əbədiyyət yolçusu» adlı kitabının «Çənlibelə aparan yol» başlıqlı IV fəslində yazır:
«…Səksən beşinci il idi. İşdən macal tapanda müxtəlif kitabxanalarda fəaliyyət göstərən ədəbiyyat dərnəklərinə gedirdim və… bu dərnəklərdə müşahidəçi kimi iştirak edirdim. Məni ən çox maraqlandıran müasir şairlərimizin, nasirlərimizin, ümumiyyətlə yaradacı gənclərimizin nədən yazmaları, nə barədə düşünmələri idi. Çalışırdım ki, hamısını yaxından tanıyım. Eyni zamanda, çalışırdım ki, iş yoldaşlarımı da (zavod fəhlələrini – B. T.) bu dərnəklərə cəlb edim. Çünki fəhlələrin həyatı mənə çox miskin görünürdü. Quruluş (siyasi rejim – B. T.) onları ictimai həyatdan ayırmışdı. Onların əksəriyyəti işdən sonra vaxtını, yeyib-içmək, keflənmək, nalayiq lətifələr danışmaqla keçirirdilər».
Nemət Pənahlı
Dərnəklərdə fəaliyyət göstərən şairlərimizlə yanaşı, yaradacı gənclərlə də yaxından tanış olmaq imkanı qazandığını, onların əksəriyyəti ilə yaxından tanış olduğunu, bəziləri ilə isə hətta tez-tez görüşürdüklərini qeyd edən Nemət bəy Həsən Merac, Əjdər Cəbiyev, Paşa Qəlbinur, Sabir Sarvan, Rəhman Babaxanlı, Akif Səməd, Aydın Uluxanlı, Səfər Alışarlı və başqalarını da bu dərnəklərdən tanıdığını bildirərək yazır ki, «Həsən Meracla, Ərşadla daha çox görüşürdük. Bu şairlərlə fikirlərimiz hər məsələdə üst-üstə düşməsə də, uzun müddət onlarla əlaqəni kəsmədim. Onların içgiyə və tükürpədici içgi məclislərinə meyli mənim gözümdə ictimai bəla idi və bu bəlaya mübtəla olanlarla müəyyən bir bir məfkurə ətrafımda birləşmək mümkün deyildi.
Zəlimxan Yaqublunun, Musa Ələkbərlinin başçılıq etdiyi dərnəklərə bir neçə ay getdim. Məmməd İsmayılın rəhbərlik etdiyi «Yaşıl budaqlar» dərnəyinə isə il yarımdan artıq. Bu dərnəyə daha səviyyəli gənclər toplanırdı və mən il ərzində bu dərnəkdə bircə dəfə də söz alıb danışmadım. Bircə dəfə söz istəyib danışdım, onda da Məmməd İsmayıl sözümü bitirməyə qoymadı. Çünki mən ədəbiyyatdan yox, «Cənlibel»dən danışdım, dərnək üzvlərini tənqid edərək dedim ki, bir ildən çoxdur ki, bu dərnəyə gəlirəm, oxunan şerlərə çox diqqətlə qulaq asıram. Mövzuların əksəriyyəti vətənpərvərlik, məhəbbət və sosial ədalətsizliklə bağlı olsa da, üzvlərin özləri bu mübarizədən kənarda qalıblar.
Məmməd İsmayıl
Bu sözləri deməyim səbəbsiz deyildi. Bakıda döymədiyim qapı qalmamışdı, amma axtardığımı heç cür tapa bilmirdim. Axtarışda olduğum həmin günlərdə qəzetlərin birində «Çənlibel» Elmi-Ədəbi Birliyinin elanına rast gəldim. Elanda bildirilirdi ki, birliyin ilk yığıncağı 1987-ci ilin 3 aprelində «Azərnəşr»in binasında keçiriləcək, giriş azaddır, maraqlananlar iştirak edə bilərlər. Bu dərnəyin iclaslarına qatılmağım üçün «Çənlibel» adı kifayət idi.
Beləcə, mən «Çənlibel»in ilk iclasından onun üzvü oldum və «yaşıl budaqlar»a gələn gəncləri dəfələrlə «Çənlibel»ə dəvət etdim. Amma onlardan ciddi reaksiya görmədim.
«Çənlibel» Bakıda adı ən çox hallandırılan təşkilat idi və mən bir müddət sonra onun büro üzvlərindən biri seçildim. Bu təşkilatdan danışanda Məmməd İsmayıl mənə demişdi ki, biz yalnız ədəbi proseslərə münasibət bildirə bilərik. İctimai-siyasi məsələlər bizim sahəmiz deyil. Mən isə ədəbiyyatımızı siyas-ictimai proseslərin aynası kimi görmək istəyirdim. İstəyirdim ki, ədəbiyyatımız və onun istedadlı nümayəndələri «sənət sənət üçündür» cəfəngiyyatından xilas olaraq, ədəbiyyatın, incəsənətin insanlar, millətlər və ən nəhayət, bəşəriyyət üçün zəruri və əvəzedilməz bir ehtiyac olduğunu anlasınlar, yaradıcılıqla məşğul olan istedadlı adamlar arzusunda olduğum ədalətli cəmiyyətin qurulmasında, sağlam mənəvi ab-havanın yaradılmasında fəal iştirak edərək, mənəvi kamilliyin yaranmasına xidmət etsinlər. Düşünürdüm ki, ədəbi prosesin əsas işi yalnız ictimai-siyasi həyat və mənəvi, ruhani kamillik ola bilər.
Əgər özümü bütünlüklə «Çənlibel»ə həsr etməsəydim və bu istiqamətdəki fəaliyyətim boş vaxtımın çoxunu əlimdən almasaydı, yəqin ki, «Yaşıl budaqlar»la əlaqəmi üzməzdim. Amma üzmək məcburiyyətində qaldım. Elə ilk görüşdən «Çənlibel»in mənəvi lideri Məhəmməd Hatəminin rəğbətini qazandım» (6, s. 95-97).
Bütün bu deyilənlərlə yanaşı qeyd etməliyik ki, ölkəmizdə fəaliyyət göstərən bu tip təşkilatın ilk dəfə yaradılmasına rəğmən, keçmişdə bəzi vətənpərvər insanlar da siyasi məqsədlərlə müəyyən ədəbi-bədii tədbirlər keçirməyə və altdan-altdan iş görməyə cəhd etmişdilər. Bu baxımdan Nəsir Ağayevin aşağıdakı xatirələri deyilənlərə misal ola bilər. Onun xatirələrini dilindən qələmə almış E. Cəfərli və T. Ağayev yazırlar:
«1982-ci ilə qədər davam edən, bəlkə də qeyri-rəsmi xarakter daşıyan dindirmələr onunla nəticələndi ki, tanışlar, qohumlar, qonşular Nəsirgilin ailəsi ilə kəlmə kəsməkdən belə qorxmağa, çəkinməyə başladılar. Daim DTK-nın nəzarəti altında olan Nəsir Ağayevin dostları, qonşuları, hətta qohumları ondan yan gəzir, onunla qorxa-qorxa, ətrafına diqqət yetirə-yetirə salamlaşır, tez də ötüb keçirdilər. Bütün bunları Nəsir görür, bilir, amma özünü o yerə qoymurdu. Həmin anlar öz əksini müəyyən qədər onun ilk dindirmədən sonra qələmə aldığı “Taleyimin sonu” adlı bədii - publisistik yazısında tapmışdı.
Artıq bütün gizli təşkilatların və onlarn üzvlərinin, demək olar ki, böyük əksəriyyəti nəzarət altında idi. Onların qrup şəklində yığışmaları təhlükəli idi. Odür ki, Nəsirin göstətişi ilə bütün əlaqə və görüşlərin fərdi qaydada gerçəkləşdirilməsi qərara alındı və bu qərar hər kəsə çatdırıldı. İnsanları bir araya gətirmək və təbliğati işi davam etdirmək üçün isi yeni forma tapıldı. 1983-cü ildən 1986-ci ilə qədər hər il Buzovna, Mərdəkan və digər yerlərdə “Şəhriyar poeziya günləri” adı altında toplantılar düzənləndi. Onları keçirməklə Azərbaycanın birliyi ideyasını geniş kütlələrə, xüsusən də gənc nəslə təlqin etməyə çalışırdılar və əldə etdikləri nəticə gözlədiklərindən də yaxşı oldu.
Bu tip tədbirlərin ilki 1983-cü il fevralın 13-də ilk dəfə 55 saylı texniki peşə məktəbinin foyesində keçirildi. Tədbirdə Söhrab Tahir, Xəlil Rza, Alı Mustafayev, Maştağalı Seyidağa, Nardaranlı Mail, Əhmədağa Muğanlı, Mürsəl Həkimov, qəzəlxan Sərraf, Yusif Bağırov, Sabir Əmiri, Qulamrza Cəmşidi və başqaları iştirak edirdilər. Bu tədbirin ssenarisi və təşkilati məsələləri Nəsir Ağayev tərəfindən hazırlanmışdı. 125 saylı orta və 55 saylı peşə məktəblərinin şagirdləri Şəhriyarın “Vətən həsrətli” və “Heydər babaya salam” poemalarından nümunələr söyləyərək görüş iştirakçılarını vəcdə gətirirlər.
Xəlil Rzanın təlatümlü, qarşısıalınmaz qasırğanı xatırladan çıxışı peşə məktəbinin hüdudlarını aşaraq bütün Bakı kəndlərində əks-səda yaradır. Çıxışın əks-sədası, təbii ki, müvafiq dövlət orqanlarına, o cümlədən təhlukəsizlik orqanlarına da çatır. Səhəri gün Nəsir işə gələrkən məktəbin direktoru Salman Əliyev ona yaxınlaşaraq deyir:
“Ay Nəsir müəllim, Xəlil Rza dünən elə danışdı, elə fırtına qopartdı ki, indi məni KQB-yə (DTK-ya) çağırıblar. Aləm bir-birinə dəyib. Əslinə baxanda, mən heç nədən qorxmuram. Bir də ki, sən nə istəsən, mən ikiəlli onu müdafiə edəcəyəm. Buna əmin ola bilərsən”.
Artıq sözə ehtiyac yox idi, hər şey onsuz da aydın idi, artıq “yuxarılar” 55 saylı texniki peşə məktəbində keçiriləcək bütün tədbirlərə güclü nəzarət edəcəklər. Əslində isə, nəzarət onsuz da vardı və güclü idi.
v
Nəsir Ağayev
Müxtəlif vaxtlarda keçirilən “Şəhriyar poeziya günləri”ndə Balaş Azəroğlu, Əbülfəz Hüseyni, akademik Mahmud İsmayılov, akademik Mirabbas Qasımov, elmlər doktorları Həmid Məmmədzadə, Şövkət Tağıyeva, Hüseyn Çəndirli, Bəhlul Abdullayev, Buzovna şairlərindən Əlabbas Zaki, Ağəmi İslam oğlu, Maştağalı Sərraf, Aslan Meyramlı, Nurəddin İsmayılov və başqalarının maraqlı çıxışları maraqla qarşılanır. Hər tədbirdən sonra gərginlik daha da artırdı. Odur ki, yeni bir üsula əl atmaq lazım idi ki, gərginlik nisbətən azalsın. Odur ki, Azərbaycan tarixinə dair xüsusi kurslar təşkil etmək, bu kurslarda Azərbaycanın müxtəlif rayonlarından zəkalı gənclərin iştirakını təmin etmək, sonradan onları öz rayonlarına göndərməklə, təbliğati işi bütün bölgələrə yaymaq qərara alınır. Bu yolla gizli təşkilat öz əsas hədəfinə daha asan yolla nail ola bilərdi ki, bu da olduqca vacib idi. Seçilən gəncləri ali məktəbə hazırlamaq adı ilə, həm də əslində elə bu mqsədlə Nəsir müəllimin yanına gətirərdilər. Gənclərlə Azərbaycanın tarixi, ermənilərin ərazilərimizə avantürist iddiaları, Azərbaycanın müstəqilliyi, müsavatçılıq ideologiyası haqqında söhbətlər edilir bu mövzular onlara ətraflı izah edilirdi. Bu gənclərin əksəriyyəti sonralar Şərur rayonunda, Ordubadda, Maştağada, Şüvəlanda, Neftçalada, Saatlıda, Qubada, Siyəzəndə, Şamaxıda və digər rayonlarda Azərbaycanın müstəqilliyi ilə bağlı ideyanı yaymaqlaa ciddi məşğul olmağa başladılar. Onlar bu ideyanı yerlərdə Mirzə Ələkbər Sabirə, Hüseyn Cavıdə, Məhəmməd Hadiyə, Cəlil Məmmədquluzadəyə və digər şəxsiyyətlərə istinadən yaymağa çalışırdılar.
Görülən işlər öz nəticəsini gözləniləndən də tez verdi. Günlərin birində, daha dəqiq desək, 1988-ci ilin fevral ayının 19-da Nəsir bəyin Şərurdan olan Nurəddin İsmayılov (hazırda ADP sədrinin müavinidir-müəll.) adlı bir tələbəsi zəng edərək sevinc və həyəcanla deyir:
“Ustad, Bakıda tələbələr ermənilərin Xankəndində olan pozuculuq əməllərinə etiraz olaraq nümayışə çıxıblar. Bu nümayış və mitinqlərdə ADU-nun tələbələri aparıcılıq edir. Bu haqda fikirinizi deyin”.
Bunu gözləməyən Nəsir bəy duruxur, qulaqlarna inanmır. Bəli, uzun illərin gərgin zəhməti öz bəhrəsini vermişdi. Tələbəsi ona müraciət edərək göstəriş almaq istəyirdi. O, Ermənistan-Azərbaycan münasibətlərinin əslində həmişə gərgin olduğunu bilirdi. Ermənilərin ərazı iddialarından da tələbələrinə gen-bol danışmışdı”» (3, s. 42-44).
Yuxarıda təqdim etdiyimiz sitatın önəmli tərəflərindən biri də budur ki, Bakıda 1988-ci ilin 19 fevralında həyata keçirilmiş ilk mitinqin tarixçəsinə müəyyən qədər işıq tutur. Bu, çox önəmlidir. Çünki keçmiş DTK-nın arxivində qorunan gizli materiallar dışında, həmin mitinqin təşkilatçıları barədə heç bir açıq mənbə yoxdur.
Əldə olan başq bir mənbə M. H. Tantəkinin «Acı həqiqətlər» kitabında yazılanlardır ki, orada deyilənlərdən belə aydın olur ki, M. Hatəminin həmin mitinqin təşkilindən xəbəri olmayıb və sadəcə Ağası Hun və mitinqdə iştirak edən digər «Çənlibel»çilərin səyi nəticəsində o, tribunaya qalxa bilib, fəqət partiya funksionerlərinin ciddi maneəçiliyi nəticəsində ona söz demək imkanı verilməyib. Amma kütlə onu «Çənlibel»çilərə qoşularaq, coşğulu «Hatəmi! Hatəmi!...» sədaları ilə qarşılayıb (5, 2006, s. 16).
Mövzu ilə bağlı ən geniş məlumatı Ə. Tahirzadənin «Meydan hərəkatı: 4 il, 4 ay kitabından tapırpq. Müəllif yazır: «…Nümayişdə iştirak etmək üçün bir azdan mən də Hökumət evinə tərəf yollandım. Mən bura çatanda Lenin meydanındakı çıxışlar yenicə başlanmışdı. Azərbaycan Politexnik İnstitutu, İnşaat Mühəndisləri İnstitutu və Universitetin tələbələrinin, ya da eşidib gələn ayrı-ayrı adamların sayı 3-4 min olardı. Tələbələrin əllərində özlərinin yazdığı bu şüarlar vardı:
“Qarabağı müdafiə etməyə həmişə hazırıq!”
“Qoy ucalsın elin səsi, Qarabağın şikəstəsi!”
“YaşasınAzərbaycanın qədim torpağı Qarabağ!”
“Rədd olsun şovinizm!”
“Erməni şovinistlərinə ar olsun!” və b (Bunları mən elə oradaca kağıza köçürmüşdüm).
Həmişə partiya və dövlət rəhbərlərini görməyə adət etdiyimiz tribunada xeyli adam vardı, çoxusu tələbələr idi. əllərində səsucaldan tutmuşdular; daha doğrusu, bircə səsucaldan vardı, onunla növbələşərək danışırdılar. Təəssüf ki, danışanların çoxunu tanımırdım, əksəriyyəti də öz adını demirdi. Buna görə də onların adlarını burada çəkə bilməyəcəyəm. Ancaq yadımda qalanları (qeydlərimdən dəistifadə edərək) bura köçürürəm.
Çıxışçılardan biri (tələbə deyildi) dedi ki, bu yaxınlarda Yerevanda kitab çıxıb, orada Oktyabrdan qabaqkı və sonrakı düşmənlərdən danışılır. Oktyabrdan sonrakı erməni xalqınındüşmənləri içərisində Rəsul Rzanın da adı var.
Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix elmləri namizədi Mənsur Əliyev dedi ki, biz Qarabağı heç kimə vermərik. Qarabağ bizim şərəfimizdir. Burada ermənilər üçün hər cür şərait yaradılıb, ancaq onlar buradakı Azərbaycan yer adlarının çoxunu dəyişiblər. İndi öz evimizdən çıxmağı tələb edirlər. Biz də tələb edirik ki, muxtar vilayət bir rayona çevrilsin.
Başqa birisi dedi ki, Qarabağda yox, Ermənistanda, Gürcüstanda saysız-hesabsız yeradlarımızı dəyişiblər. Bakının özündə isə nə qədər küçənin adı yersiz olaraq ermənilərin şərəfinə verilib. Halbuki Stepanakertdə, Yerevanda azərbaycanlılarla bağlı küçə adları tək-tükdür. Bu ondan irəli gəlir ki, biz ermənilərin evində kirayədə qalırıq, özümüz öz torpağımızda kirayənişinik, heç bir ermənini isə Azərbaycanda kirayənişin görməzsən.
Yenə tanımadığım, adını bildirməyən bir oğlan yana-yana danışırdı ki, Qarabağ Üzeyir bəyin operaları, Cabbar Qaryağdıoğlunun, Xan Şuşinskinin cəh-cəhləridir. Biz həmin operaları, Cıdır düzünü heç vaxt ermənilərə satmayacağıq.
Mən tələbələrin içində, meydanın ortasında durmuşdum. Yanımdakı oğlanlı-qızlı hamı birdən “Behrudi!”, “Behrudi!” qışqırmağa başladı. Səsucaldanı Rüstəm Behrudiyə verdilər. Mən onun adını indiyədək eşitməmişdim. Sən demə, şair imiş (Sonra hiss etdim ki, onun tələbələr arasında çox böyük, hətta həlledici təsiri var. Onu da hiss etdim ki, bu yığıncağın təşkilində ağırlıq onun üstünə düşüb).
Şair Rüstəm Behrudi
“Vətən” adlı bir şer oxudu. Kütləni Qarabağı verməməyə çağırdı. Sonra Azərbaycan LKGİ MK-nın birinci katibi Sahib Ələkbərov söz aldı. Tələbələrə müraciətlə dedi ki, bu məsələ dünən Moskvada müsbət həll olunub. Ona görə də bugünkü təlaş artıqdır.
S. Ələkbərov 10-15 dəqiqə danışdı, ancaq dağılışmaq təklifi gələndə ona qulaq asan olmadı. Bu vaxt təklif etdilər ki, Anar danışsın. Anara səsucaldan veriləndə tələbələr əl çaldılar. O da başladı ki, əl çalmağınızdan görürəm ki, məni tanıyırsınız. Onu da soruşdu ki, mənə inanırsınızmı? Tələbələrin çoxu “bəli” cavabı verdi. Bundan sonra Anar dedi ki, mən də öz Vətənimi, xalqımı sizdən az istəmirəm. Ancaq bu məsələ dünən müsbət həll olunub, ona görə də təlaşa ehtiyac görmürəm.
Hər yandan səslər ucaldı: “Bəs orada qırılanlar!”, “Bəs zülm çəkən camaat!”, “Orada millət məhv olur, siz “dağılışın” deyirsiniz!” və s. Anar da çıxışını yarımçıq kəsməyə məcbur oldu. O, sözü Neft və Kimya İnstitutunun rektoru İsmayıl İbrahimova (tələbələri ilə gəlmişdi) verdi, dedi ki, mənə qulaq asmırsınız, gəlin görkəmli alimimizi dinləyək. Ancaq ona da heç kəs qulaq asmadı.
Behrudi camaata dedi ki, gəlin gedək Mərkəzi Komitənin qabağına, öz sözümüzü orada deyək. Anar ikinci dəfə danışdı, fitnəyə uymamağa, ehtirasları cilovlamağa çağırdı, ancaq onu eşitmədilər.
Beləliklə, hamı Neftçilər prospekti ilə Mərkəzi Komitəyə doğru yönəldi. Anar, Elçin, 26-lar rayon partiya komitəsinin birinci katibi Xəlil Xəlilov, raykomun işçiləri və başqaları tribunadan düşüb arxadan gəlməyə başladılar.
Saat 11 olardı.Mən də camaata qoşuldum. Elə bu vaxt vəndamlı eloğlum, Fizika İnstitutunun xüsusi konstruktor bürosunda işləyən Müsavərlə görüşdüm. Onunla birgə söhbət edə-edə getdim. Biz “Azərbaycan” mehmanxanasının tininə çatmağa az qalmış gördük ki, qarşıdan hay-küy qopdu. Ürəyim yerindən çıxdı ki, deməzsən, tələbələr dava salıblar (Nümayiş qurtaranacan o qədər həyəcan keçirirdim ki, beyni qızmış tələbələr hər hansı avantüra iləsə xata qayıra bilərlər və bundan da düşmənlər o saat istifadə edər). Tələsik irəli cumduq, bəlli oldu ki, Pedaqoji İnstitutun tələbələri də camaata qoşulublar, bu səs də əslində “xoş gəldin!” sədalarıdır.
Sonradan məlum oldu ki, pedaqoji, tibb, xarici dillər və başqa institutlarda qapıları bağlayıb tələbələri çölə buraxmayıblar. Gələnlər müqaviməti qırıb qaçanlar imiş. NKİ, Az.Pİ, Az.İMİ və ADU tələbələri öz rektorlarının başçılığı altında gəlmişdilər. Onlar da (rektorlar) tələbələrin qarşısını ala bilməyib, heç olmazsa peşmanlıq olmasın deyə, nəzarət xatirinə tələbələrinə qoşulmuşdular. Yerdə qalan rektorlar “siyasi sayıqlığı” itirməmişdilər. Düzdür, onlar da tələbələrin hamısı ilə bacarmamışdılar, ancaq, hər halda, qapıları bağlatdırmaqla da olsa “vəzifə borcu”ndan çıxmışdılər.
Neftçilər prospektində bütün nəqliyyat dayanmışdı. Tələbələrə yeni-yeni qüvvələr qoşulurdu. Biz Azərneft meydanına yetişəndə gördük ki, izdihamın başı Mərkəzi Komitə binasının qarşısına çatıb dayanıb. Camaatı yara-yara keçdik (yolda Müsavəri itirdim). Onsuz da ağır eşidən qulaqlarımdan şikayətliyəm deyə yaxına düşməyə çalışırdım. Mərkəzi Komitə binasının qarşısındakı hündür səkinin üstünə xeyli adam toplaşıb kütləyə müraciət etmək istəyirdi.
Mən MK ilə Bakı Komitəsi binaları arasında durmuşdum. Ətrafa baxdım - Mərkəzi Komitənin bütün yanları, Filarmoniyanın hər iki qabağı (yolayrıcı) adamla elə dolmuşdu ki, iynə atsaydın, yerə düşməzdi. Burada ən azı 10-15 min adam vardı. Təxminən saat 12-də mitinq başladı. Yenə həmin səsucaldan, yenə Şərqşünaslıq İnstitununun həmin işçisi Mənsur Əliyev. O, ilk söz aldı, Lenin prinsipləri əsasında milli hüquqlara hörmətdən, Qarabağa sədaqətdən danışdı.
Buvaxt Mirzə İbrahimov da xalqlar dostluğunun qüdrətindən, Nizaminin “Yeddi gözəl”indən, Sayat-Novadan söz saldı. Nərimanovdan (yəqin ki, “Bahadır və Sona”dan) da danışmaq istəyəndə qışqırtılar onu çıxışını yarımçıq kəsməyə məcbur etdi. Yenə Anara söz verdilər (Behrudi dedi ki, biz yalnız ona inanırıq).
Anar müəllim kütləni sakitliyə, emosiyalara uymamağa çağırdı. Dedi ki, bir xalq ki öz yazıçısına inanmır, o xalq da, o xalqın yazıçıları da bədbəxtdir. Biz istəmirik ki, bu iş sonra başqa məcraya düşsün, çünki hər hansı bir qığılcım sizi avantüraya çəkə bilər. Qazaxıstan əhvalatını unutmaq gərək deyil.
Bura çatanda tələbələr Anarı da küyə basdılar. O, çox, lap çox pərt oldu. Mən inanıram ki, Anarın bəlkə də ən sərt ürək ağrısı duyduğu anlardan biri bu vaxta düşüb. Sonrakı natiqlərdən birisi təklif etdi ki, Qarabağ məsələsini Qorbaçovla Reyqanın qarşıdakı görüşünə daxil etmək gərəkdir.
Çıxışlarda yenə Qarabağda, Ermənistanda yer adlarımızın kütləvi dəyişdirilməsinə etiraz bildirildi, Avakyan küçəsinin, başqalarının adının dəyişdirilməsi tələb edildi, Qarabağ ətrafında səs-küy qaldıran Ağanbeqyan, Balayan kimi mürtəce ziyalıların cəzalandırılması çağırışları səsləndi.
Bakı Komitəsinin katibi, keçmiş ticarət naziri Svetlana Qasımova danışmaq üçün iki dəfə çalışdı, ancaq ona imkan vermədilər.
Mərkəzi Komitənin inzibati orqanlar şöbəsinin müdiri Məhəmməd Əsədov bildirdi ki, bir neçə gün qabaq Azərbaycan KP MK-nın II katibi Konovalovla birlikdə Qarabağda idim. Orada həyatnormal olmasa da ölüm-itim yoxdur, heç kəsin burnu da qanamayıb.
Ona da inanmadılar. Bu vaxt Süleyman Rüstəm pilləkanlarla qalxmağa başladı (görünür, zəng edib gətirmişdilər). Dedi ki, biz, yə ni mən, Mirzə İbrahimov, Anar, Elçin və başqa yazıçılar Moskvaya məktub göndərib bu hadisəni yaradanlara etirazımızı bildirmişik. Ancaq indi məsələ həll olunub. Gəlin elə edək ki, düşmənlərimiz bundan istifadə etməsinlər.
S. Rüstəmin sözlərinə də baxıb dağılışan tapılmadı. Elçin söz aldı. Doğrudur, mən onu çox dinləməmişəm, şəxsi yaxınlığım da olmayıb, ancaq televiziyadakı bir-iki söhbəti o qədər də xoşuma gəlməmişdi. Bu dəfə isə o, təmkini, iradəsi, bəlağəti və məntiqi ilə camaata güclü təsir etdi (düzdür, o da izdihamı dağıtmağı bacarmadı). O dedi ki, sizin hamınızı bura vətənpərvərlik duyğuları gətirib, o duyğular bizdə də var. Siz torpağınızı sevən kimi biz də özümüzü vətənpərvər sayırıq. Ancaq ən yüksək səviyyədə - Qorbaçov səviyyəsində bildirilib ki, Mərkəzi Komitədə Qarabağ məsələsinə baxılmayıb, baxılmır və baxılmayacaq (Bu üç sözü Anar da demişdi). Düzdür, bir çox həll olunmamış problemlər var ki, onları bu cür qızğın ehtirasla yox, sakitliklə həll etmək olar.
Ona da yerdən qışqırdılar ki, bəs niyə mətbuatda, televiziyada danışmırsınız? Elçin söz verdi ki, bu haqda hökmən televiziyada da, mətbuatda da çıxış edəcəklər (Sonra sözünün üstündə o da, Anar da durdu). Elçinin dağılışmaq təklifi də nəticə verməyəndə mənim ürəyim əsməyə başladı - kütlə qızışıb, qan-qan deyir, hamı “ermənilərə ölüm!” qışqırır, Ağanbeqyanı, Balayanı lənətləyir. Bircə düşmən fitnəsi, bircə araqarışdıran hayı gərəkdir ki, “Neftçi” “Ararat”a uduzanda stadionu yandırmağa, stadion ətrafında mağazaları dağıtmağa, maşınları çevirməyə, hasarları uçurmağa vərdiş etmiş kütləni bu işlərə yönəltsinlər. Sonra isə bu ehtiraslar millətlər qırğını ilə də nəticələnə bilərdi. Ona görə də Elçinin çıxışından sonra da kütlənin hələ yerində möhkəm durduğunu, dağılışmaq istəmədiyini görəndə ürəyimdə düşünürdüm ki, yaxşı, bir saat, iki saatda duraq, sonra nə olacaq? Aradan keçən hər dəqiqə isə ehtirasları cuşa gətirirdi.
Hiss edirdimki, çiynimə getdikcə ağır-ağır yüklər qoyulur. Çıxışçılar duran səkidə də bir müddət qarışıqlıq oldu. Bir də gördüm ki, əlyazmalar İnstitutunun əməkdaşı, özü də qarabağlı (ağdamlı) olan Söhrab Bayramov da buradadır. O, Əsədovla xeyli söhbət edəndən sonra camaata üz tutdu. Düzdür, Svetlana Qasımova “Xvatit mitinqovat!” (Bəsdir, mitinq etdini! – B. T) deyə ona aşağı düşməyi əmr etmişdi (bunu mənə Söhrab sonra danışdı), ancaq yerdən olan tələblərlə Söhrab da söz alıb camaatı sakitləşdirmək istədi. Təəssüf ki, o, səsucaldanın ağzını kənara tutduğu üçün çox sözlərini eşitmədim.
Bəli, çıxış edənlər daha yoxdur, getmək, dağılışmaq həvəsində olanlarsa onlardan da azdır. Bunun axırı, sonu hara gedəcək? Nə ilə qurtaracaq? Həmin Behrudi bu vaxt vəziyyəti öz əlinə aldı və gənclərə üz tutub bildirdi ki, artıq işimizi qurtardıq, gücümüzü göstərdik, sözümüzü dedik, daha dağılışa bilərik. Və saat 1-in yarısında o nəhəng izdiham heç bir xəta törətmədən, çox mədəni şəkildə dağıldı.
Doğrudur, bu mitinq kortəbii təşkil edilmişdi, bir çox qorxaq rektorlar tələbələrini buraxmamışdılar, kütlə də az qoşulmuşdu, hər şeydən qabaq isə bir az gec keçirilmişdi (gərəkən azı 1-2 ay qabaq olaydı!), ancaq, hər halda, sübut etdi ki, Azərbaycan xalqı o qədər də ölü deyil və öz torpaqları uğrunda vuruşmağa hazırdır!» (9).
Sözügedən mitinqdən sonra M. H. Tantəkinin başına gələnlər çox maraqlıdır. O bu barədə yazır: «Bir neçə gündən sonra Azərbaycan KP MK-nın ideoloji işlər üzrə dövlət katibi Ramiz Mehdiyev məni yanına çağırtdırdı. Ə. Daşdəmirovun iştirakı ilə keçən görüşdə katib söhbətə belə başladı: "Sizin haqqınızda əlimizdə kifayət qədər məlumatımız vardır. Energiyalı, təşkilatçı adamsınız. «Çənlibel»dən də xəbərimiz vardır".
Bu kiçik müqəddimədən sonra o, işlərim və necə dolanmağım barədə suallar verməyə başladı. İntizarına qarşı heç nədən şikayətlənmədiyimi görüncə və buna təəccüb edincə, əlacsız qalıb əsil mətləbə keçdi. "Hatəmi müəllim», - dedi,- «bildi-yiniz kimi erməni yoldaşlar Dağlıq Qarabağı Ermənistana qarışdırmaq fikrinə düşmüşlər. Bununla əlaqədar olaraq bizdə də vəziyyət gərginləşmişdir. O gün Bakıda nümayiş olub, nümayişdə siz də iştirak etmisiniz. İki qonşu xalq arasında münasibətlər korlanmasın, kəskinləşməsin deyə, belə nümayişlərin qarşısını almaq, xalqı soyuqqanlılığa, sakitliyə dəvət etmək lazımdır. Ermənilər o tərəfdən, biz bu tərəfdən qızışa-qızışa getsək, bunun axırı pis qurtarar. Bizim hamımızı qıra bilərlər".
Ona cavab verdim:
"Mən ogünkü nümayişin sadəcə iştirakçısı olmuşam. Xalqı soyuqqanlılığa, sakitliyə dəvət etməyə gəlincə, prinsip etibarilə sizinlə razıyam. Məsələ burasındadır ki, Nəriman Nərimanovdan başlamış üzübəri Azərbycanın bütün dövlət başçıları kabinetlərdə oturub, nəyinsə xatirinə, torpaqlarımızı ona-buna dağıtmaqla məşğul olmuşlar. Odur ki, xalq daha heç kimə inanmır, vətənin müdafiəsinə özü qalxmışdır. Sizlərin vəziyyətiniz elədir ki, ermənilərin Dağlıq Qarabağ tələbinin qarşısında dura bilməyəcəksiniz, amma heç olmasa müqavimət göstərməkdə xalqa maneçilik törətməyin".
Sözlərimə bunu da əlavə etdim:
"Azərbaycan dövlətinə tövsiyyəm budur ki, Ermənistana verilmiş torpaqlarımızı geri istəyəsiniz. Bu, Dağlıq Qarabağı müdafiə etməyin ən yaxşı yoludur".
Bir xeyli söhbətdən sonra aramızda fikir birgəliyi alınmadan R. Mehdiyevdən ayrılıb, Ə. Daşdəmirovla onun kabinetinə gəldik. Cənabı Çənlibel maraqlandırırdı. Sorğularına verdiyim cavabda təşkilatı siyasi profildən, fəaliyyətdən uzaq tutaraq, onu sırf elmi-ədəbi birlik kimi qələmə verdim. İnanmıram ki, mənə inandı» (5, s. 16-17).
Bəli, «Çənlibel» artıq o dövrdə çox populyar idi və «yuxarılar»ı narahat etməyə başlamışdı. Bu «narahatçılıq» N. Pənahlının aşağıdaki xatirəsindən də açıq-aydın görünməkdədir:
«…Zavoddakı fəaliyyətimlə «Çənlibel»dəki fəaliyyətim mənim bütün vaxtımı aparırdı. «Çənlibel»də Xudu Məmmədovu gördüm, Məhəmməd Hatəminin, Xudu müəllimin çıxışlarına qulaq asdım. Orada Aydın Məmmədovla, İsmayıl Tariqpeymayla, Tağı Xalisbəyli ilə, Sabir Rüstəmxanlı ilə, Firudin Cəlilovla, Əbülfəz Əliyevlə, Bəhmən Sultanlı ilə, Fərman Kərimzadə ilə və başqalarıyla yaxından tanış oldum.
Xudu Məmmədov
Yuxarıda qeyd etdiyim «Çənlibel»i bir qurum kimi Məhəmməd Hatəmi başda olmaqla, Bəxtiyar Tuncay, Fuad Ağayev, Tofiq Rəsulov, İsfəndiyar Coşğun, Vurğun Əyyubov, Ənvər Börüsoy və s. yaratmışdılar. Adın müzakirəsində bir neçə təklif olmuşdu. Bəxtiyar «Qızıl qoç», Hatəmi «Koroğlu» adını təklif etmiş, xeyli müzakirədən sonra Məmməd Ellinin təklifi hamının ürəyincə olmuşdu. «Çənlibel» Elmi-Ədəbi Birliyi adı altında fəaliyyətə başlamışdılar. Bura toplaşan adamların amalları mənə bəlli deyildi, amma şübhə etmirdim ki, onları eyni məqsəd birləşdirir.
Aydın Məmmədov
«Çənlibel»in ilk iclasından sonra Məhəmməd Hatəmiyə yaxınlaşdım və təşkilata üzv olmaq istədiyimi bildirdim. O, istəyimi məmnuniyyətlə qəbul etdi və dedi ki, «Çənlibel»ə üzv olmaq üçün heç bir məhdudiyyət yoxdur, kim istəsə, üzv ola bilər. Dedim ki, sadəcə üzv olmaq istəmirəm. Mən çox qapılar döydükdən sonra bura gəlmişəm, «Çənlibel»in adı, sizin məruzəniz mənə çox şeylər deyir. Bütün vaxtımı məmnuniyyətlə bu təşkilata sərf etməyə hazıram. Buna görə də xahiş edirəm ki, «Çənlibel»də məndən fəal bir üzv kimi istifadə edəsiniz.
Elə həmin gün söhbət edə-edə, dəniz kənarındakı «Nu poqodi» çayxanasına gəldik. Təxminən gecə saat 11-12-yə qədər çayxanada söhbət etdik. Bu söhbətlərdən sonra mənə artıq hər şey aydın idi. Yanılmamışdım. Bu insanlarla fikirlərim çox şeydə tamamilə üst-üstə düşürdü: Azərbaycanın müstəqilliyi, şimallı-cənublu Azərbaycanın birləşməsi nəyin bahasına olursa-olsun, sovet imperiyasının caynağından qurtarılması…» (6, s. 107-108).
«…Ağambekyanın Fransada çıxan «Humanite» qəzetinə verdiyi müsahibə ilə qızışan hadisələr, Zori Balayan tərəfindən yandırılan «Ocağın» gözlərimizi acışdıran tüstüsü, Siva Kaputikyanın Mərkəzi televiziyada oxuduğu türkləri lənətləyən, erməniləri onlara qarşı intiqama səsləyən şerlərinin ardınca axıtdığı saxta göz yaşları «həyacan təbili» çalmaq üçün ciddi əsas yaratsa da, çoxları «Erməni bizə nə edə bilər ki?» deyirdi. Amma «Çənlibel» öz iclaslarında məsələyə dərhal reaksiya verərək, hürküb-çəkinmədən hadisələrin mahiyyətini açıqlayır və «həyacan təbili» çalırdı. Amma bu təbil respublika rəhbərliyini və ölkə «ziyalı»larını oyatmadı. Nəticədə Milli Azadlıq Hərəkatı başladı. Daha dəqiq desək, Dağlıq Qarabağdan türklərin qovulması Milli Azadlıq Hərəkatına təkan verdi. Hərəkatın liderlərini də tarixi zərurət meydanlara çıxardı. O zaman bu hərəkatı istənilən məcraya yönəldə biləcək yeganə qüvvə «Çənlibel» idi. Bunu düşmən də bilirdi…
Respublika rəhbərliyinin maymaqlığı sayəsində baş vermiş «Sumqayıt təxribatı»ndan sonra Kamran Bağırovun Əbdürrəhman Vəzirovla əvəzlənməsi Moskvanın yeni siyasi gedişi idi. Vəzirovun geydiyi «mələk libası» bunu gizlətmək imkanında deyildi. Mən onunla elə ilk görüşümdən sonra anladım ki, onun məqsədi Milli Azadlıq Hərəkatını pozmaq, onu öz məhvərindən çıxartmaq və düşmən dəyirmanına su tökməkdir.
Azərbaycanda hakimiyyətə gəlməsinin elə ikinci günü bizim zavoda, özü də düz mənim çalışdığım sexə gəldi. Niyə məhz bizim zavoda və niyə məhz bizim sexə? Sualın cavabı çox sadədir. Çünki Milli Azadlıq Hərəkatının ocağı «Çənlibel» təşkilatı, şölələnməyə başladığı yersə bizim zavod idi.
Həmin görüşdə fəhlələrin nümayəndəsi kimi mən də çıxış etdim. Çıxış edən fəhlələrin hamısı sosial-iqtisadi qayğılarından danışır və heç nədən çəkinmirdilər. Məndən daha kəskin danışanlar da oldu və bu məni çox sevindirdi. Fəhlə dostlarımın bu mətinliyi mənə ruh verdi və bir daha əmin oldum ki, illərdən bəri zavodda apardığım mübarizə nəticəsiz qalmayıb.
İşlədiyim 12-ci sexdə baş tutan görüş və fəhlələr tərəfindən edilən sərt çıxışlardan sonra Vəzirov bizə görüşü sabah, onun iqamətgahında davam etdirməyi təklif etdi və bizi qəbul edəcəyini söylədi. Ertəsi gün zavoda gələn Nərimanov rayon Partiya Komitəsinin katibi R. Allahverdiyev mənə yaxınlaşaraq dedi ki, «sən də görüşdə mütləq iştirak etməlisən və səndən başqa daha iki nəfər də gedə bilər. Beləliklə, mən, Qivami və Kamal R. Allahverdiyəvə qoşulub Mərkəzi Komitəyə yollandıq. Yolda Allahverdiyev Vəzirovu ağız dolusu təriflədi və məsləhət gördü ki, onun qəbulunda özümüzü mədəni aparaq» (6, s. 110-111).
Nemət Pənahhlının yazdığına görə, Vəzirov ağzını açan kimi onun sözünü kəsərək, rus dilini bilmədiyini və Azərbaycan dilində danışmasını xahiş edir: «Dedim, əgər məni görüşə çağırmısansa, danışmaq istəyirsənsə, ana dilimizdə danış. Mən rus dilini bilmirəm. O da məcbur olub yarı rus, yarı ana dilimizdə danışdı. Biz də sözümüzü dedik. Sonra yenə o danışdı və görüşün sonunda üzünü mənə tutub «Pənahov, sən qal, səninlə ayrıca söhbətim var» - dedi.
Əbdürrəhman Vəzirov
Təklikdə apardığımız söhbətdən o dəqiqə anladım ki, onu mənim Heydər Əliyevlə və ya onun adamları ilə hər hansı bir əlaqəmin olub-olmaması maraqlandırırmış. O öncə, Heydər Əliyevi təriflədi, dost olduqlarını söylədi və dediyim sualı verdi. Nə Heydər Əliyevlə, nə də onun hər hansı bir adamı ilə heç bir əlaqəmin olmadığını söylədim. Dedim ki, məni narahat edən şey millətimin taleyidir. Bu millət üçün qazılmış quyunu görürəm və məqsədim də milləti fəlakətdən xidmət etməkdir. Bildirdim ki, Ermənistan rəhbərliyi hər şeyi «xalqın iradəsi»nə bağlayır. Bizim rəhbərlik isə millətin başından basır, millətin görən gözünü çıxartmaq istəyir. Sizin yeganə yolunuz xalqla birləşməkdir.
Hiss etdim ki, səmimiyyətimə inanmır və məni Heydər Əliyevin adamı sayır, Heydər Əliyevin adamlarının ssenarisi ilə hərəkət etdiyimi düşünür. Şübhəsiz ki, mənim Heydər Əliyevlə bağlı olmağım düşmən şaiyəsi idi» (6, s. 111).
Daha sonra zavodda keçirdikləri Novruz bayramından söz açan N. Pənahlı R. Allahverdiyevin ondan «Çənlibel»ə getməməsini və fəhlələri də özü ilə aparmamasını xahiş etdiyini yazaraq bildirir: «…Rəfail müəllim məndən xahiş etdi ki, bir daha «Çənlibel»in iclaslarına getməyim. Mən güldüm… O dedi ki, özün getsən də, fəhlələri ora aparma. Razılaşmadım. «Çənlibel»in məqsəd və hədəflərindən söz açaraq dedim ki, «Çənlibel» elmin, tarixin, ədəbiyyatın müxtəlif sahələri üzrə qavramların genişləndirilməsinə xidmət edir. Və biz ora heç kəsi zorla aparmırıq. Fəhlələr də mənim kimi şüurlu insanlardır. Mən onlara deyə bilmərəm ki, «Çənlibel»ə gedin və ya getməyin…» (6, s. 111).
Beləliklə, «Çənlibel» artıq «yuxarı»ları əməlli-başlı narahat etməyə başlamışdı. Və bu narahatçılığın səbəbi məlum idi. Onlar da qarşıda bəzi hadisələrin gözlənildiyini hiss edir və ölkədə baş qaldıra biləcək etirazların önündə getmək potensialında olan tək qüvvənin «Çənlibel» olduğunu bilirdilər. Konkret olaraq, Nemət Pənahlıya gəlincə, onun fəhlə olması onları daha çox qorxudurdu. Çünki ortada Polşada baş vermiş Lex Valensa hərəkatının təcrübəsi vardı. Nemətin Azərbaycanın Lex Valensası ola biləcəyi ehtimalı onları narahat etməyə bilməzdi.
Söhbət həmin dövrdə Polşa siyasətinin ən parlaq simalarından biri olan və haqqında mübahisə və diskussiyalar dövrümüzədək səngimək bilməyən elə bir şəxsiyyətdən gedir ki, adını Polşanı kommunist zülmündən və Rusiyanın təsir dairəsindən xilas edən qəhrəman kimi əbədi olaraq tarixə həkk etmişdir (11; 2).
Məlumat üçün bildirək ki, 29 sentyabr 1943-cü il doğumlu Lex Valensan 1967-ci ildən Qdansk şəhərində yerləşən V. Lenin adına tərsanədə fəhlə işləmiş və uzun müddət siyasətlə qətiyyən maraqlanmamışdı (7, s. 49). Bununla belə, dindar katolik idi, ruslara nifrəti ilə fərqlənir və sosializmə inamsızlıqla yanaşırdı (1, s. 64).
Maraqlıdır ki, Nemət Pənahlı da dindar müsəlman idi, rusları sevmir və mövcud rejimi bəyənmirdi. O da Valensa kimi fəhlə idi.
A. Makarkinin yazdığına görə, Lex Valensanın, çox güman ki, marksizm-leninizm klassiklərinin fəhlə sinfinin rolu barədə ehkamçı fikirlərindən heç xəbəri belə yox idi, bununla belə, günlərin birində gəldiyi fikir onların fikri ilə üst-üstə düşməyə başladı və o, fəhlə sinfinin hüquqları uğrunda mübarizə meydanına atıldı (10, 2009). Nəticədə Varşava Bloku ölkələrinin birində, bu ölkələrin tarixində «Solidarnost» («Həmrəylik») adlı ilk müstəqil Həmkarlar İttifaqı yarandı və Polşa xalqının rus imperializminə qarşı Milli Azadlıq Hərəkatının öndərinə çevrildi.
Eyni sözləri Nemət Pənahlı haqqında da söyləmək olar. Çünki «Çənlibel»ə gəlməmişdən öncə o da işlədiyi L. Şmidt adına zavodda fəhlələrin həyat şəraitinin yaxşılaşdırılması uğrunda mübarizə aparan şəxs kimi ad çıxarmışdı. Onun gələcəkdə «Azərbaycanın Lex Valensası» ola biləcəyi fikrini isə ilk dəfə «Çənlibel»çi rəssam dostumuz Əhməd Rza dilə gətirmişdi. Və o dövrdə çoxları bu fikrə normal yanaşırdılar.
Əhməd Rza
«Yuxarı»ları narahat edən ən başlıca məsələlərdən biri də fəhlələrin ziyalı və tələbələrlə birləşərək, ölkədə böyük bir milli hərəkata təkan verə biləcəkləri ehtimalı idi. Və bu ehtimal çox qısa zaman sonra özünü tamamilə doğruldacaqdı.
Burada «Çənlibel»in bətnindən doğan, «Çənlibel»dən sonra yaranmış ikinci milli təşkilat kimi tarixə düşən «Oğuz» Folklor Həvəskarları Birliyinin ölkədə yaxşı mənada təlatüm yaradan fəaliyyəti barədə də bir neçə söz demək lazımdır. Bəri başdan qeyd edək ki, onun yaradılması öncədən planlaşdırılmamışdı. Bu zərurət Fuad Ağayev, Tofiq Rəsulov və mənim bir araya gələrək Vurğun Əyyubu «Çənlibel» təşkilatının sədrliyindən uzaqlaşdırmaq istəməmizlə bağlı idi. Səbəb isə Hatəminin ondan şübhələnməsi, dəfələrlə onu öz aramızda gedən söhbətlərdə «Çənlibel»ə yerləşdirilmiş «KQB agenti» adlandırması idi. Hatəmi bu barədə fikrini «Acı həqiqətlər» kitabına da salmışdır: «DTK ilə əməkdaşlıq edən ziyalı bir həmyerlisilə gəzib-dolaşan Vurğun Əyyubovdan şübhəli idik (bu şübhəmiz sonralar özünü doğruldacaqdır). Belə bir gənci qabağa verib arxasında iş görmək pis məsləhət deyildi» (5, s. 23).
Əlbəttə ki, biz Vurğunun «agent» olduğuna qətiyyən inanmırdıq, fəqət bu mövzuda şaiyələrin genişlənməsi və onların da qaynağının Məhəmməd Hatəmi olması bizi çox narahat edirdi. İstəmirdik ki, bu şaiyələr gələcəkdə «Çənlibel»in DTK tərəfindən yaradıldığı barədə daha pis şaiyələrə səbəb olsun. Çox düşündükdən sonra yaranmış problemdən qurtulmanın tək çıxış yolunun Vurğunun sədirlikdən uzaqlaşdırılması ola biləcəyi qərarına gəldik. Və bu təkliflə Qurumun İdarə Heyətində (Bürosunda) məsələ qaldırdıq. Fəqət təklifimiz Hatəminin sərt təpkilərinə səbəb oldu. Tofiq Rəsulovun Məhəmməd bəyin təzyiqlərinə tab gətirməyərək geri çəkilməsi və Fuadla mənim təklikdə qalmamıza səbəb oldu. Belə olan halda, İH-dən çıxdığımızı, sıravi üzv kimi fəaliyyətimizi davam etdirəcəyimizi bəyan etdik. Boşalan iki yerə M. H. Tantəkin və N. Pənahlı seçildilər.
M. H. Tantəkin həmin olayı «Acı həqiqətlər»də belə təsvir etmişdir: «Bəxtiyar Tuncayla Fuad Ağayev, Tofiqi də tərəflərinə çəkərək, Çənlibelin idarə heyətində gözlənilmədən fitnə-fəsad çıxartdılar. Onlar, heç bir səbəb olmadan, idarə heyətinin iclasında Vurğunun sədrlikdən çıxarılması məsələsini qaldırdılar. Xatirini çox istədiyim Tuncay qırmızı-qırmızı mənə də elan etdi ki, heyətin üzvü olmadığım üçün burada heç kiməm. Çənlibelin əlimdən çıxması təhlükəsi yaranmışdı. Bu olay həmin gün baş verdi ki, Nemət Pənahovu idarə heyətinə daxil etməyə gətirmişdim. Gənc əleyhidarlarımın siyasi təcrübəsizliyindən faydalanaraq, Vurğunun sədrlikdən çıxarılması səsə qoyulmazdan qabaq özümü və Neməti idarə heyətinə seçdirib qüvvəmizi gücləndirdim. Bunu görən Tofiq, Bəxtiyarla Fuadın tərəfində durmaqdan çəkindi. Əleyhidarlarım beləliklə təklənərək yenildilər və Çənlibel Təşkilatından uzaqlaşdırıldılar. Buna baxmayaraq, Çənlibelin ümumi yığıncaqlarına yenə gəlib-gedirdilər. Mən də onların Çənlibelin etkisi ilə yaratdıqları "Oğuz Etnoqrafiya Həvəskarları Birliyi"nin məşğələlərində iştirak edirdim» (5, s. 24).
Həmin olay N. Pənahlının «Əbədiyyət yolçusu» kitabında öz əksini belə tapıb: «…Elə birinci gündən Hatəmiyə «quşum qonmuşdu». Həmin gün məlum oldu ki, «Çənlibel»in büro üzvləri növbəti iclası keçirmək üçün «Azərnəşr»in binasına toplaşırlar. «Çənlibel»in iclasları ayda bir dəfə keçirilirdi. İclasların keçirilməsini isə Məhəmməd Hatəminin rəhbərliyi ilə büro üzvləri təşkil edirdi. Məhəmməd Hatəmi məni büronun iclasına dəvət elədi. Elə büronun ilk yığıncağında mən çox acınacaqlı bir vəziyyətlə üzləşdim. Büronun iclasında Bəxtiyar Tuncayla Fuad Ağayev «Çənlibel»in formal sədri olan Vurğun Əyyubovun üstünə düşdülər və ondan şübhələndiklərini bildirərək, onun «Çənlibel»in sədrliyindən uzaqlaşdırılması təklifini irəli sürdülər. Məhəmməd Hatəmi isə Vurğun Əyyubovu müdafiə etdi. Mübahisələr çox kəskin forma aldı. Bəxtiyar Məhəmməd Hatəmiyə dedi ki, sən büro üzvü deyilsən və bu məsələyə qarışmağa haqqın yoxdur.
Məhəmməd Hatəmi həqiqətən də büronun üzvü deyildi. Çünki onun Azərbaycan (SSRİ – B. T.) vətəndaşlığı yox idi, əksər mühacir cənublu qardaşlarımız kimi «bez qrajdan» pasportu daşıyırdı. Elə buna görə də «Çənlibel»in bütün təşkilati məsələlərini öz çiyinlərində daşımasına baxmayaraq, Vurğun Əyyubovu önə çəkmişdi. Səsvermədən öncə Məhəmməd Hatəmi çeviklik göstərərək mənim namizədliyimi irəli sürdü. Beləliklə, mən yekdilliklə büroya üzv qəbul edildim. Çünki baş verən bu hadisə ilə çox emosional bir çıxış etmiş və çıxışım hamının xoşuna gəlmişdi…
Bəxtiyar və Fuad etiraz əlaməti olaraq bəyanat verib büro üzvülüyünü tərk elədilər… Sonralar Bəxtiyargil «Çənlibel»in ümumi yığıncaqlarında iştirak etməklə yanaşı, dəmiryolçular klubunda «Oğuz» Birliyi yaratdılar və məndən ona sədrlik etməyimi xahiş etdilər. Mən imtina etdim, amma söz verdim ki, onlara əlimdən gələn bütün köməkliyi edəcəyəm. «Oğuz» Birliyi «Çənlibel»dən sonra yaranmış ikinci bənzər təşkilat idi. Daha sonra Azərbaycan Dövlət Universitetində «Yurd», Tibb Universitetində «Karvan», Yevlaxda «Azərbaycan tarixini, mədəniyyətini öyrənən Birlik», Şəkidə «Ocaq» və s. yarandı…» (6, s. 108-109).
«Oğuz»un Nizamnamə və Məramnaməsini hazır etdikdən sonra vaxtilə «Çənlibel» üçün etdiyim kimi, bu dəfə də «Oğuz» üçün fəaliyyət göstərə biləcəyi bir klub tapmalıydım. Və yenə də tələbə yoldaşlarımdan hər hansı birinin hər hansı bir klubda işləyib-işləmədiyini araşdırmağa başladım. Öyrəndim ki, tələbə yoldaşlarımdan Oqtay Şeyxov adlı biri Dəmiryolçular Klubunda bədii rəhbərdir. Dərhal onun yanına yola düşdük. O da bizi klubun direktoru şair R. Muxtarla tanış etdi. Razılaşdıq və ilk tədbirimizin vaxtını müəyyənləşdirdik.
«Oğuz»un ilk və son tədbiri «Azərbaycan dilinə həsr edimişdi. Məruzə etmək üçün Firudin Cəlilovu dəvət etdik. Tədbir anşlaqla keçdi. Kontingent isə bütünlüklə «Çənlibel»çilərdən ibarət idi. «Çənlibel»in iclaslarından fərqli olaraq, tədbirdən sonra Azərbaycan SSR Kommunist Partiyasının Mərkəzi Komitəsinə «Azərbaycan dilinin tətbiqinin və işlədilməsinin genişləndirilməsi barədə Müraciət» qəbul etdik. Mətnini Fuad Ağayevin yazdığı Müraciətin altında təşkilatın sədri kimi mənim adım yazılmış, iş və ev ünvanım göstərilmişdi. Tədbir iştirakçılarının, demək olar ki, hamısı sənədə imza atdı və onu ünvanına göndərdik. Bununla da yetinmədik, Müraciətin çox sayda surətini çıxarıb daha çox adamın imza atması üçün fəaliyyətə başladıq. Bu işdə Yaşar Türkazərin xüsusi xidməti oldu.
Yaşar Türkazər
Yaşar Türkazər «Çənlibel»in ən ilk iştirakçılarından biri idi. Və onun sözügedən təşkilata gəlişi çox məzəli və gülməli hadisə ilə hamının xatirinə həkk olunmuşdu. Bu barədə «Yeni Müsavat»a «Çənlibel»lə bağlı verdiyim müsahibəmdə də söyləmişəm: «Birinci tədbirimizdə çox gülməli bir hadisə də oldu. Toplantıya gələnlər birinci sırada oturmurdular. Sanki o yeri kiminçünsə saxlayırdılar. Sovet dönəmindən beyinlərdə qalmışdı ki, birinci sıra rəsmilər üçündür. Birdən zala bizim tanımadığımız hündür, qəribə görkəmli bir cavan adam daxil oldu və gəlib birinci sırada oturdu. Oturmağı ilə də stulun sınmağı və onun yerə dəyməyi bir oldu. Bu, bizim Yaşar Türkazər idi...» (4).
Yaşar elə sabahı gün Müraciətin surətlərini götürüb Bakının çayxanalarını gəzməyə və insanlardan imza toplamağa başladı. Və inana bilməyəcəyimiz hadisə baş verdi. İnsanlar nəinki toplu şəkildə imza atmaqdan çəkinmir, hətta bunu böyük məmnuniyyətlə edirdilər. Çox çəkmədi ki, müxtəlif müəssisə və rayonlardan bizdən imza toplamaq üçün həmin sənədin surətlərini istəməyə başladılar. Tələb o qədər çox idi ki, surət çıxarmağa macal belə tapmırdıq. Nəticədə Mərkəzi Komitəyə «imzalar yağışı» yağmağa başladı.
Bir-iki gün sonra isə öncə Fuad Ağayevi, ardınca da məni DTK-ya dəvət etdilər.
Sonra isə fəaliyyətimizin qarşısının alınması məqsədi ilə klubu «təmirə» bağladılar. Amma artıq gec idi, ox yaydan çıxmışdı.
Qaynaqça
-
Ash T. Polska rewolucja. Solidarnosc. / T. Ash. – W.: W.: Swiat Ksiazki, 1992. – 224 s.
-
Cenckeiewicz S., Gontarczyk P. SB a Lech Wałęsa: przyczynek do biografii. / S. Cenckeiewicz, P. Gontarczyk. – Gdańsk:Instytut Pamięci Narodowej, 2008 (www.ksiazka.net.pl/rnews,1,13355.htm).
-
Cəfərli E., Ağayev T. Nəsillərə örnək həyat yolu. “Qanun” nəşriyyatı, B., 2011. 384 s.
-
“Çənlibel”in manifesti. “Yenu Müsavat” qəzeti, 2 dekabr 2014.
-
Hatəmi M. T. Acı həqiqətlər. Bakı, Şirvannəşr, 2006.
-
Pənahlı N. Əbədiyyət yolçusu. Əlyazma. N. Pənahlının şəxsi arxivi.
-
Sebestyem, V. Rewolucja 1989. Jak doszlo do upadku komunizmu / Victor Sebestyem. – Wroclaw : Wydawnictwo Dolnoslaskie, 2009. – 453 s.
-
Şenol. Xalqın fədakar oğlu. "Yeni Müsavat" qəzeti, 09.09.90.
-
Tahirzadə Ə. Meydan hərəkat: 4 il, 4 ay (https://ru.scribd.com/doc/61649371 /Meydan-gundeliyi).
-
Макаркин А. Реабилитация пана Леха. – 2009 (http://www.polska.ru/artykuly/reabilitacja_lecha.html).
-
Филиппов, Б.А. Политический портрет Леха Валенсы / Б.А. Филиппов. – М.: Книга, 1992. – 50 с.
Azərbaycan xalqının «Çənlibel» təşkilatının tarix səhnəsinə çıxışına qədərki dövrdə rus-sovet imperializminə qarşı apardığı milli mücadilə tarixinə ötəri bir nəzər
N. Ağayev haqlı olaraq bildirir ki, «Azərbaycan Xl Qızıl Ordu tərəfindən işğal edildikdən dərhal sonra ölkəmizdə müxtəlif miqyaslı, gizli və açıq müqavimət hərəkatları müşahidə edilmişdir. Bunlardan birincisi Gəncədə rus – bolşevik işğalna qarşı polkovnik Kazım bəyin başçılığı ilə baş qaldıran və qanlar içində boğulan silahlı üsyan idi. Daha sonra isə yurdumuzun ayrı-ayrı dağlıq bölgələrində işğalçılara qarşı qaçaq hərəkatlarının baş qaldırdığı da məlumdur. Məmməd Əmin Rəsulzadənin yazdığna görə, Azərbaycanın kommunust rəhbərlərindən Xanbudaqov adlı birisinin ölkəmizin Sovetlər Birliyinin tərkibindən çıxaraq müstəqil olması istiqamətində fəaliyyəti və bu şəxsin repressiyaya uğraması hadisəsi də baş vermişdir ki, bu barədə tarix kitablarnda heç bir məlumata rast gəlmirik. Eyni zamanda Azərbaycanda 1937 – ci ilə qədər Cəfər Cabbarlınn öndərlik etdiyi gizli “İstiqlaliyyət” təşkilatının varlığı və fəaliyyəti barədə də bizə Mirzə Bala Məmmədzadə məlumat verməkdədir. Yəni 70 illik işğal dövründə xalqımız əlini - əlinin üstünə qoyub boş oturmamışdır. Bu dövr ərzində bir çox gizli təşkilatlar qurulmuş və gizli təbliğat işi aparmışdır ki, onlardan bir neçəsi barədə bu kitabda məlumat verilməkdədir. 1956 – cı ildə azərbaycanlı tələbə Cahid Hilaloğlunun qız qalasının başına üçrəngli Azərbaycan bayrağını asması da belə təşkilatların fəaliyyətinin nəticəsi idi.
Sovetlər Birliyində Mixail Qorbaçovun hakimiyyətə gəlişindən və imperiyada “Aşkarlıq” və “Yenidənqurma” siyasətinə rəvac verilməsindən sonra bu tip təşkilatların leqallaşması üçün müəyyən şərait yarandı. İlk qaranquş 1987-ci ildə Bəxtiyar Tuncay, Tofiq Rəsulzadə (Rəsulov B. T.), Fuad Ağayev, Məhəmməd Hatəmi Tantəkin, Ağası Hun, Vurğun Əyyub və digər ziyalılarımızın təşəbbüsü ilə qurulan “Çənlibel” təşkilatı oldu ki, bu təşkilatın tarix səhnəsinə çıxışı ilə bu günə qədər gizli və pərakəndə şəkildə aparılan milli fəaliyyət leqallaşdı və vahid təşkilat ətrafında cəmləşdi. Bu təşkilatın təsiri ilə Bakıda və ölkənin bütün bölgələrində çox sayda bənzər təşkilatlar qurulmağa başladı. 1988-ci ildən geniş vüsət alan Milli Azadlıq Hərəkatının əksər aparıcı simaları, o cümlədən Əbülfəz Əliyev (Elçibəy), Məhəmməd Hatəmi, Nemət Pənahlı və s. bu təşkilatlarla, ilk növbədə də “Çənlibel”lə bu və ya digər dərəcədə bağlı olmuşlar.
“Çənlibel”in bətnindən doğulan milli təşkilatlar içərisində dilimiz uğrunda geniş hərəkata vüsət verən “Oğuz” təşkilatının da adını xüsusi çəkmək lazımdır. Bu tip təşkilatlarda aparılan iş sonda Qarabağ probleminin partlaq verməsi ilə böyük bir hərəkata çevrildi» (2, s. 170-171).
Bəli, Azərbaycan xalqının «Çənlibel» təşkilatının tarix səhnəsinə çıxışına qədərki dövrdə də rus-sovet imperializminə qarşı zəngin milli mücadilə tarixi olub və həmin tarixə ən azı ötəri nəzər salmadan, prosesin daha dərinlərə gedən köklərini araşdırmadan ən yeni tariximizin təkanverici amillərini tam mənası ilə dərk etmək mümkün deyildir. Bu mücadilə tarixindən söz açarkən isə, ilk növbədə albay Cahangir bəy Kazımbəylinin adını çəkmək və onun başçılıq etdiyi Gəncə üsyanını yada salmaq lazımdır.
Daha əvvəl rus ordusunun, sonra isə Azərbaycan Cümhuriyyatinin (1918-1920) zabiti olmuş Cahangir bəy Kazımbəyli Rusiya Hərbi Hava Akademiyasını bitirmiş, I Dünya Savaşının iştirakçısı və Gəncə alayında briqada komandiri olmuş, sonralar Polşaya mühacirət etmiş, albay rütbəsinədək yüksəlmişdir. Azərbaycanın müstəqilliyi əlindən alınanda onun düşmənlərinə qarşı mübarizəyə qalxan Cahangir bəy peşəkar hərbçi idi. Bilirdi ki, işğalçılara qarşı müqavimət silahlı yolla aparılmalıdır. O, Gəncə üsyanından bir qədər əvvəl həyat yoldaşı Valiyə Xoyskini, altı aylıq oğlu Abbası qayınatası Hüseynqulu xanla Güney Azərbaycana yola salıb özü doğma şəhərinə dönmüş, mübarizəyə başlamış və Gəncə üsyanına başçılıq etmişdi.
Əldə olan məlumatlardan belə aydın olur ki, «Cahangir bəy də, silahdaşları da ilk gündən Sovet hökumətinə düşmən münasibət bəsləyirdilər. Onlar "XI ordu"nun işğalçılıq məqsədilə gəldiyini yaxşı bilirdilər. Ancaq ona qarşı dərhal silahlı mübarizəyə qalxmadılar. Bunun səbəbini o dövrdə yaranmış siyasi, iqtisadi və sosial vəziyyətdə axtarmaq lazım gəlir. Bolşeviklər xalq kütlələrini yaxşı tanıyırdılar. Ona təsir etmək üsulunu bilirdilər.
Cahangir bəy xatirələrində qeyd edirdi ki, 1920-ci ilin may ayının 24-dən 25-nə keçən gecə artıq onlar şəhərdəki bolşevik ordusunu tərk-silah eləyib, burada hakimiyyəti ələ almışdılar. Şiddətli döyüşlərdən biri mayın 28-də oldu. Həmin vaxt həm Sovet hökuməti "XI ordu"nun zərbə qüvvəsini Gəncəyə göndərmişdi, həm də mayın 28-i Azərbaycanın istiqlalı günü idi. Camaatda bayram əhval-ruhiyyəsi var idi. Belə bir gündə bolşeviklər Gəncə üsyançılarına elə divan tutmaq istəyirdilər ki, bu, Azərbaycanın digər əraziləri üçün dərs olsun, Sovet hökumətinə qarşı mübarizəyə qalxmağın böyük faciələrə gətirib-çıxaracağını anlasınlar.
Mayın 28-də qanlı döyüş oldu. Bolşeviklər məqsədlərinə çata bilmədilər. Cahangir bəyin bu həlledici döyüşdən əvvəl bir neçə hərbçi ilə Gəncənin ətrafını gəzib, düşmənlərin hücum istiqamətini düzgün müəyyənləşdirərək əsas qüvvəni məhz o istiqamətə yönəldə bilməsi, eləcə də hərbçilər arasında aparılan söhbətlər, yerli əhalinin köməyi mayın 28-də şəhərin "XI ordu" tərəfindən tutulmasına imkan vermədi.
Ancaq vəziyyət son dərəcə ağır idi. Cahangir bəyin planları pozuldu. Qarabağa yola saldıqları zabitlər qırmızılar tərəfindən Gəncə-Yevlax yolunda saxlanılaraq qətlə yetirilmişdilər. Gürcüstandan isə səs-soraq yox idi. Həmin gecə - mayın 28-də Gəncə üsyançılarına çatan xəbər ürəkaçan deyildi: Gürcüstan Rusiya ilə müqavilə imzalamışdı (1).
Albay Cahangir bəy Kazımbəylinin əldə olan yeganə fotosu
Rus-sovet imperializminə qarşı aparılan şanlı mübarizə tariximizdə Rəsulzadənin yaratdığı, Mirzə Bala Məmmədzadə, Cəfər Cabbarlı, Məmməd Sadıq Quluzadə, Məhəmməd Həsən Baharlının daxil olduqları "Gizli Müsavat” təşkilatının da xüsusi rolu olub. Həmin təşkilatın ən fəal üzvlərindən biri olan Yurdsevər bu barədə belə yazırdı: «27 aprel axşamı Mirzə Bala ilə birlikdə Rəsulzadənin evinə gedərək məsləhət almış, yoldaşlarımızdan Məmməd Sadıq Quluzadə və Məmməd Həsən Baharlı ilə birlikdə C. Cabbarlının şəhər kənarındakı evində ilk gizli Partiya mərkəzini qurmağa qərar vermişdik» (5).
1923-cü ilə qədər komitənin sədrinin müavini vəzifəsində Əbdülvahab Yurdsevər «Azərbaycan İstiqlal Savaşından səhnələr» adlı kitabında yazır ki, partiya qurulduqdan sonra vəzifə bölgüsünə başlanılıb və komissarlar təşkil olunub: "Əmin bəyin də razılığı ilə gizli təşkilatın başına M. B. Məmmədzadə gətirildi. Müavini sifətilə Bakı Komitəsinin təşkili mənə tapşırıldı. Ümumi Mərkəzin Baş Katibliyinə isə C. Cabbarlı seçildi”. "Gizli Müsavat” təşkilatının qayəsi haqqında Yurdsevər yazırdı ki, partiyanın ən ümdə məqsədi Rəsulzadənin Rusiyadan qaçırılması idi: "Komitənin ən mühüm təşəbbüslərindən biri bu olub. Əvvəlcə bir yoldaş vasitəsilə, sonra isə sabiq parlament üzvü mərhum Rəhim Vəkilovu və Bakı hərbi təşkilatının rəisi doktor Dadaş Həsənzadəni bir qədər pul ilə Moskvaya göndərməklə Rəsulzadə ilə əlaqə yaratdıq. Rəsulzadəyə təklif olundu ki, elmi tədqiqat adı ilə Leninqrada getsin. O, oradan tatar maarifçilərindən Musa Cərullah Bigeyevin yardımı ilə qayıqla Fin körfəzi üzərindən üzərək Finlandiyaya getdi» (4).
Do'stlaringiz bilan baham: |