Yeni ixrac qaz kəmərləri
“Şahdəniz” yatağının işlənməsinin "Mərhələ-1" layihəsi üzrə 178 mlrd. kub. metr qaz və 34 mln. ton kondensat çıxarılması və bu qazın əsas hissəsinin ixrac olunmasi nəzərdə tutulmuşdur. Bununla əlaqədar, "Mərhələ-1" layihəsinə uzunluğu 970 km olan Bakı- Tiflis-Ərzurum qaz kəmərinin tikintisi daxil edilmışdir, bunun Cənubu Qafqaz Boru Kəməri (CQBK) adlanan hissəsinin 442 km Azərbaycandan, 248 km isə Gürcüstandan keçir. BOTAŞ-ın Gürcüstan-Türkiyə sərhədində CQBK-ya birləşdirilən hissəsi isə 280 kilometr məsafə qət edərək Ərzurumadək uzanır. Qaz kəmərinin tikintisinin ilkin dəyəri 0,9 mlrd. ABŞ dollar təşkil etmişdir.
2006-cı ilin may ayının 25-dən BP- Şahdəniz əməliyyat şirkəti CQBK-nın Azərbaycan hissəsində qaz nəqlinə başlayıb. Boru kəmərinin doldurulması üçün "Azəri" yatağından çıxarılan səmt qazından istifadə olunmuşdur. Ekspertlərin fikrincə, Azərbaycanın qaz ixracatçısına çevrilməsini neftdən də önəmli hadisə hesab etmək olar, çünki tezliklə Azərbaycan qazı Avropa bazarında aparıcı yer tutacaqdır. “Sahdəniz” yatağından isə qaz hasilatı 2006 - cı ilin dekabrında başlanıb. Bakı-Tiflis-Ərzurum qaz kəməri isə 2007-ci ilin iyulunda tam istismara verilmişdir. Hazırda “Sahdəniz” qazı Bakı-Tiflis-Ərzurum qaz kəməri vasitəsilə Gürcüstan və Türkiyəyə nəql olunur. Azərbaycan da bu qazın alıcısı qismində çıxış edir. 2012–ci ilin sonunadək Adriatik dənizinin dibi ilə Yunanıstanla İtaliyanı birləşdirəcək daha bir kəmərin inşası planlaşdırılır ki, bu kəmərə ötürülən yanacağın da məhz azərbaycan qazı olacağı nəzərdə tutulur. Bu layihələrin baş tutması son nəticədə TransAvropa Enerji Şəbəkəsinin yaradılmasına səbəb olacaq.
2006-cı ilin noyabrın 7-də Azərbaycan Prezidenti İ.Əliyevin Brüsselə rəsmi səfəri zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında “Enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair” anlaşma memorandumu imzalanmışdır.
2007-ci ilin avqustunda ARDNŞ ilə ABŞ-ın Ticarət və İnkişaf Agentliyi arasında Transxəzər neft və qaz kəmərinin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasına dair saziş imzalanmışdır. Milli Məclis tərəfindən ratifikasiya edilmiş saziş Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 2007-ci il tarixli Sərəncamıyla təsdiq edilmişdir. Saziş çərçivəsində nəzərdə tutulan işləri həyata keçirmək məqsədi ilə tender elan edilmiş və ABŞ-ın “Kellog Brown & Root (KBR)” şirkəti qalib olmuşdur. Qalib şirkət “Granherne” şirkəti ilə alyans yaratmışdır. Subpodratçılar qismində ARDNŞ-nin “Neftqazlayihə” institutu, “McDermott” şirkəti, eləcə də “Azekoservis” və “KazEcoProject” müəssisələri çıxış edəcəkdir.
2008-ci ilin noyabrin 14-də Bakıda keçirilən IV Enerji sammiti Xəzəryanı dövlətlərin eneji ehtiyatlarının Avropa və dünya bazarlarına çıxarılması üçün yeni ixrac neft və qaz kəmərlərinin marşrutlarının müəyyən edilməsində mühüm rol oynadı. Beləki, Nabukko qaz boru kəməri və Odessa-Brodı-Plotsk-Qdansk neft kəməri kimi, alternativ, kommersiya baxımından əsaslandırılmış layihələrin gerçəkləndirilməsinə yönəlmiş, Xəzər dənizi və Qara dəniz regionları ilə Avropa ölkələri arasında tranzit məkanların istifadəsi enerji təhlükəsizliyi problemlərinin həllinə yeni imkanlar açır. Nabukko konsorsiumu Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriyadan keçərək bu regionları Mərkəzi və Qərbi Avropanın bazarları ilə birləşdirəcək yeni qaz boru kəmərinin tikintisi təşəbbüsü ilə çıxış edir. Bu layihəyə Azərbaycanın, Qazaxıstanın, Türkmənistanın zəngin qaz ehtiyatlarını da qoşmaq sərfəli olardı.
2008-ci ildən respublikamız Avropa bazarına ildə təxminən 5 milyard kubmetr qaz göndərir. 2010-cu ildə Azərbaycan "Şahdəniz" yatağından 8 milyard kubmetrdən çox qaz çıxaracaq ki, bunun da böyük hissəsi Avropaya nəql olunacaq. Sonrakı illər ərzində bu rəqəm 12-16 milyard kubmetrə çatacaq. Proqnozlara görə, ilk mərhələdə ölkəmiz Yunanıstana ildə 3,6 milyard, İtaliyaya isə 8 milyard kubmetr qaz nəql edə biləcək. Azərbaycan öz 4 ixrac qaz kəmərlərindən - Bakı-Tiflis-Ərzurum- illik ötürmə gücü 25 mlrd.kub m, Qazı-Məmməd-Qardabani (Gürcüstan) - illik ötürmə gücü 3 mlrd. kub m, Qazı-Məmməd- Mozdok (Rusiya), - illik ötürmə gücü 10 mlrd.kub m , Qazı-Məmməd – Astara – Binənd (İran) - illik ötürmə gücü 2 mlrd.kub m., ildə 40 mlrd. kub mmaksimum faydalanmaq niyyətindədir. Azərbaycan təkcə "Şahdəniz" yatağından 1 trilyon 300 milyard kubmetr qaz hasil etmək gücündədir. İtaliyanın "Eni" şirkəti də hesabatında bu yatağın qaz ehtiyatlarını nəzərə alıb. Digər yataqlardakı, məsələn, "Bahar" perspektiv blokundakı qaz ehtiyatlarını nəzərə alsaq, bu göstərici 2–3 trilyon kubmetri də ötəcək. Azərbaycanın ildə 12–15 milyard kubmetr qaz ixrac edəcəyini nəzərə alsaq, həmin ehtiyatların 100 il, hətta 200 il kifayət edəcəyini söyləmək olar.
2009-cu ilin 29 iyununda Bakıda ARDNŞ ilə Qazprom (Rusiya) arasında 1 yanvar 2010-cu ildən sonrakı illərdə artırılmaqla, mövcud qaz boru kəmərı ilə ildə 500 milyon kub m qazın Rusiyaya ötürülməsi barədə saziş imzalanmışdır. Bu bizim ölkənin ixrac qaz kəmərlərinin şaxələnməsini daha da artırır.
Do'stlaringiz bilan baham: |