E. ə. II əsr. Çinlə Roma imperiyasını birləşdirən Böyük İpək Yolu yarandı və XVI əsrə qədər yaşadı.
E. ə. I əsr. Romalı alim Pliniy yazırdı ki, bitumdan (neftdən) təbabətdə geniş istifadə olunur.
V əsr. Prisk Paniyski (V əsr bizans diplomatı, tarixçisi və yazıçısı) hunların Xəzər dənizi boyu Midiyaya IV əsrdə olan hərbi yürüşlərini hekayət edərkən qeyd edir: “Sonra onlar başqa yola döndülər və sualtı qayadan qalxan alovu ötüb... vətənlərinə gəldilər”.
VII əsr. Bizanslılar neftin sönmüş əhənglə qarışığı əsasında düzəldilən “yunan alovu”ndan geniş istifadə edirdilər. Bu orta əsrlərin güclü silahı olmuşdur. Onu nə su, nə də qumla söndürmək mümkün idi. Müasir alimlər hesab edirlər ki, onun tərkibinə neft, qatran, şora, kanifol (iynəyarpaqlı ağac şirəsindən alinan qatran) və kükürd daxil idi.
624 -cü il. Bizans imperatoru İraklinin Azərbaycana hücumu zamanı atəşpərəstlərin Suraxanı məbədi Atəşgah yenidən dağıdılır.
636 -cı il. Yerli və İrandan qovulmuş atəşpərərəstlər Suraxanı məbədi Atəşgahı bərpa edirlər.
643 -cü il. Suraxanı məbədi Atəşgah Azərbaycanı zəbt etmiş ərəblər tərəfindən üçüncü dəfə dağıdılır və uzun illər unudulur.
VII əsr. Alban tarixçisi Moisey Kalankatuyski “Albanların tarixi” kitabında (Qafqaz) Albaniyası haqqında danışanda, qeyd edir ki: “Qafqaz dağlarının ətəyində yerləşən Alban ölkəsi təbiətin zəngin nemətləri ilə çox gözəl və valehedicidir. Böyük Kür çayı ondan axaraq, özü ilə böyük və kiçik balıqlar gətirir, və o, Kaspi (Xəzər) dənizinə tökülür.Onun ətrafında torpaqlar taxıl və şərabla, neft və duzla, ipək və pambıqla və çoxsaylı zeytun ağacları ilə boldur...”. Bu məlumatlar, təbii ki, ərazisində ta qədimlərdən neft və duz çıxarılan, zeytun bağları ilə məşhur olan Abşeron yarımadasına da aiddir.
VIII əsr. Ərəb tarixçisi Əbu-İshaq əl- İstəxri göstərir ki, odun olmadığı üçün bakılılar nefti hopduran torpağı istifadə edirdilər.
IX əsr. Ərəb səyyahı Əhməd Əl- Bələzuri Abşeronda quyudan neft çıxaran şəxslərdən vergi alınmasını təsdiq etmişdir.
915 -ci il. Məşhur ərəb alimi və coğrafiyaçısı Əbül-Həsən Əli İbn əl-Hüseyn əl-Məsudi Abşeronda qara və ağ neftin iki əsas mənbəyi olduğunu və ağ neftin qiymətli mal kimi İran, İraq və Hindistana aparıldığını “Mürüc az-zəhəb və mə”dən əl-cövhər” (qızıl və rəngli mədənlərin yuyulması) elmi əsərində təsdiq edir.
Do'stlaringiz bilan baham: |