6. Neftin kəhriz üsulu ilə hasilatı.
Artıq 6000 il bundan əvvəl insanlar neftdən enerji mənbəyi kimi istifadə edirdilər.
Maddi mədəniyyətin qədim qalıqlarında ibtidai cəmiyyətdə neftin çıxarılma üsullarıni işıqlandıran məlumatlar tapılmayıb. Bu dövrdə çətin ki, neft laylarını aça bilən xüsusi alətlər mövcud olubdur. O zamanlarda nefti yerin altında axtarmırdılar, insan onu müasir anlayışda başa düşülən kimi hasil etmirdi, adamlara neft laylarının təbii açılmış yerlərində yerin çatlarından üzə çıxan nefti yığmaq bəs edirdi. O təbii yaranmış çalalara rahat axarlar düzəldir və oraya su ilə yanaşı neft də yığılırdı. Neft toplandıqca onu suyun üzündən yığırdılar. Beləliklə insan təbiətdən hazır məhsul götürürdü. Neftin yığılması müəyyən bir insan dəstəsinin məşğuliyyəti deyildi, həyat üçün əldə olunan əsas vasitələrlə birgə həyata keçirilirdi.
Neftin yığılmasında və neft mənbələrinin açılmasında, sürü üçün müalıcəvi olan neftə daıma ehtiyac duyan çobanlar xüsusi rol oynamışlar. Yeri gəlmişkən, neftli layların təbii açılmış yerlərində neftin sadə üsulla üz səthindən yığılması bəzi xalqlarda XVIII və hətta XIX əsrədək qalmışdı.
Hələ e.ə. 347-ci ildə Çində neft almaq üçün ilk dəfə 240 - 300 m dərinliyində quyular qazılır, bunun üçün bambuk ağacının başına burma aləti - bur (vintvari qazma aləti) bağlanılır, boru yerinə isə bambukun oyuq (içi boş) gövdə-saplaqları istifadə olunurdu. Qazma aləti-balta və bambuk ştanqlar quyuya hind qarğısından (qamış) düzəldilmış 1-4 sm qalınlığında burazlarla (kanat) buraxılırdı.
Uzaq zamanlardakı neft işi və onun texnikasının səviyyəsi haqqında dolğun məlumatlar yalnız yazı meydana çıxdıqdan sonra daha müfəssəl olmuşdur.
Quldarlıq dövründə neftin həm dinc məqsədlərlə, həm də hərbi işdə tətbiqinin əhatə dairəsinin genişlənməsi onun hasılatnda texnikanın da təkmilləşdirilməsinə səbəb oldu. Neftin yer səthinə çıxan yerlərdə yığılmasında əvvəllər tətbiq olunan üsul yeni cəmiyyətin ona olan tələbatını ödəmirdi. Ona görə də quldarlıq cəmiyyətində neftin çuxur (və ya əllə qazılmış çala) üsulu ilə çıxarılması ortaya çıxdı ki, bu da müəyyən qədər neft laylarının aşkar edilməsinə imkan verdi. Çalalar çox da dərin olmayan (təqribən 2 m) və divarların uçmaması üçün içərisinə hörmə çəpər salınmış çuxurlardan ibarət idilər. Çalalar neftin yığılmasına xidmət edirdilər. Onların dibində torpaqdan süzülən neft yığılırdı. Neftin çalalara axını az miqdarda və keyfiyyətsiz olurdu.
Azərbaycanda isə neft əsasən kəhriz quyularından çıxarılırdı. Belə ki, atəşpərəstlərin qədim kahinləri müqəddəs od üçün nefti quyulardan çıxarırdılar. Ancaq Abşeronda neft yığılan çalalar da mövcud idi (1823-cü ildə Bakı neft rayonuna gəlmiş N. Voskoboynikov onları belə təsvir edir: “ Qara rəngli qatı neft əsasən Baxça və Şubanı ərazisindədir və dərinliyi ½ -dən 1 arşına (1 arşın – 0,71 sm) qədər olan çalalarda yığılır. Çalalara həmçinin Balaxanı və Binəqədi kəndlərində, qyuların yanında da rast gəlinir…”).
Qədim yunan və roma tarixçiləri və yazarları neftin təbii qurumasından alınan bitumla tanış idilər.
Bizim eradan əvvəl V əsrdə Herodot, Fərat çayının sahilində, İran şahı Daranın malikanəsinin yerləşdiyi Arderikki kəndi yaxınlığında “məşhur quyu”dan neftin çıxarılmasının qədim üsulunu təsvir etmişdir. “Bu quyudan qır, duz və yağ bu cürə çıxarılır. Qır quyudan “durnayabənzər” qurğu ilə çıxarılır, vedrə yerinə isə onun ucuna “çaxır tuluğu” bağlanılır. Quyuya salınmış tuluğa dolmuş mayeni başqa bir qaba tökürlər. Sonra o mayeni daha bir qaba boşaldırlar və o, bu qabda 3 əsas hissəyə parçalanır.Qır və duz həmən anda dıbə çökür”. Herodot müəmmalı “yağ” haqqında da yazır: “ Faslar onu “radanka” adlandırırlar, o qara rənglıdir və pis qoxusu var”.
Bitumun – asfaltın yataqları qədimdə İtaliyada (Parma, Modena yaxınlığında, Toskanada, Papa vilayətində, Appenin dağlarının cənub ətəyində), Yunanstanda, İsveçrədə, Bavariyada, Elzasda, Lotaringiyada, Prussiyada, Qalisiyada da məlum idi. Qədim yunanlar asfaltın (bitumun) Yuxarı Assiriyada olduğunu da bilirdilər.
Hindistanda, Həbəşistanda (Efiopiya), Karfagendə, Apollonidə, Pasinorda, Dirraxidə və Suriyada maye bitum-neft olması haqqında biz Vitruvinin əsərlərindən öyrənə bilərik.
Dioskorid Pedaniy (təxminən eramızın 40 - 90- cı illəri) Sitsiliya adasında (İtaliya) çıxarılan və “sitsiliya yağı” adlandırılan neft haqqında yazmışdır.
Ümumiyyətlə, neft müxtəlif adlar altında məlum idi. Avropada adətən onu “nafta” adlandırırdılar; slavyanlar “ropa”, “ropyanka”; rumınlar - “pakura”; ingilislər - “mineral yağ”; yaponlar - “sekinoyyu”, “kuzodsa”; çinlilər - “yqi-iu”; qədim romalılar və yunanlar - “petroleum” (yəni “dağ yağı”) adlandırırdılar.
Taman körfəzinin sahıllərində aşkar edilmış arxeoloji tapıntılar (neftlə dolu gil qablar – amforalar) təsdiq edir ki, qədim zamanlardan Kerç yarımadası sahillərində də neft çıxarırlarmış və onun mənbələri eramızın VI əsrində artıq məlum imiş. Hələ kəhrız quyularından öncə burada nefti yunun və keçənin köməyi ilə dayaz çuxurlardan (çalalardan) çıxarırdılar, onlara hopdurulmuş nefti şıxaraq qablara doldururdular.
Alban tarixçisi Moisey Kalankatuyski (Kaqanqatvatsi) VII əsrdə “Albanların tarixi” kitabında (Qafqaz) Albaniyası (o dövrdə Azərbaycanın şımalı belə adlanırdı) haqqında danışanda, qeyd edir ki: “Qafqaz dağlarının ətəyində yerləşən Alban ölkəsi təbiətin zəngin nemətləri ilə çox gözəl və valehedicidir. Böyük Kür çayı ondan axaraq, özü ilə böyük və kiçik balıqlar gətirir, və o, Kaspi (Xəzər) dənizinə tökülür.Onun ətrafında torpaqlar taxıl və şərabla, neft və duzla, ipək və pambıqla və çoxsaylı zeytun ağacları ilə boldur...”. Bu məlumatlar, təbii ki, ərazisində ta qədimlərdən neft və duz çıxarılan, zeytun bağları ilə məşhur olan Abşeron yarımadasınada aiddir.
IX əsrdən başlayaraq Qafqazda (Abşeronda) olan məşhur tarixçilər və səyahətçilər: ərəblər Əhməd Əl-Bəlazuri (IX əsrin ortaları), Əbul - Həsən Əbu Əli ibn Hüseyn Məsudi (915 –ci il), Əbu-İshaq əl- İstəxri (930-cu il), Əbu Dulaf (942-ci il), Əl-Biruni (XI əsr), Əbu Həmid əl Andalusi əl-Harnati (XII əsr); venetsiyalı Marko Polo (XIII əsr), ərəb Məhəmməd Bekran (XIII əsr), Yaqub Həməvi (XIII əsr); Həmdullah Qəzvini (XIV əsr); fransız Jurden Katalani de Severak (XIV əsr); venetsiyalı İosоfatо Barbaro (XV əsr); Katib Çələbi (XVI əsr), ingilislər Con Kartrayt (XVI əsr), Ceffri Duket (XVI əsr), Əmin Əhməd ər-Razi (1601-ci il), Adam Elşleqer (Oleari) (1636 –cı ıl), türk Övliya Çələbi (1647-ci il), Eqelbert Kempfer (1683-cü il), İoann Lerx (1733-cü il), İoanas Qanvey (1747-ci il), S. Qmelin (1770 –ci il), A. Yarsev (1812-ci il), Eduard Eyxvald (1825-ci il) və başqaları göstərirlər ki, bu bölgədə siyasi və iqtisadi həyat bir başa neflə baglı olub.
Əhməd Əl-Bəlazurinin (IX əsr) “Ölkələrinin istila edilməsi” adlı (qismən ingilis dilində çap edilən) kitabında da («The origins of the Islamic state», by P. Hitti and F. Murgotten, N.Y., 1916, v.1-2.) Ərəb Xəlifətinin xalqlarının iqtisadi, ictimai munasibətləri və mədəniyyəti haqqında çox mühüm məlumatlar var idi.
Məşhur ərəb alimi və coğrafiyaçısı Əbül-Həsən Əli İbn əl-Hüseyn əl-Məsudi (X əsr) 915-ci ildə Abşeronda qara və ağ neftin iki əsas mənbəyi olduğunu təsdiq edirdi. O, “Mürüc az-zəhəb və mə”dən əl-cövhər” (qızıl və rəngli mədənlərin yuyulması) elmi əsərinin XIV fəslində yazır: “Rusların gəmiləri bütün dənizlərə gedir, Azərbaycan tərəfdə yerləşmiş Gürgan sahilində yerləşən əraziyə - Cilan, əd-Dəylam, Tabarıstan və Abasquna basqın edirdilər. Bu gəmilər Bakux (Bakı) deyilən sahildə yerləşən yeri ziyarət edirdilər. Bura ağ və digər rəngli neftlərin mədənidir və yalnız allah bilir ki, buradan başqa daha harada dünyada ağ neft var? Bu sahillər Şirvan dövlətinə aiddir. Bu neft çıxan yerdə alovun mənbəyi olan vulkan yerləşir. O hər bir zaman təhlükəlidir və çox hündürə od püskürdür.
Eramızın 930-cu ilində ərəb coğrafiyaçısı Əbu İshaq əl-İstəhri Bakıda ağ və tünd boz neftin çıxarılmasından söz açır.
942-ci ildə Bakı şəhərində olmuş ərəb səyyahı Əbu Dülaf Bakını aşağıdakı kimi təsvir etmişdir: “Mən Şirvan əyalətlərinə məxsus olan Baküyə adlı yerə çatmayana qədər böyük Tabarıstan (Xəzər) dənizi sahili boyunca ağacların kölgəsində səksən fərsah gedirdim. Orada mən gündəlik icarə haqqı min dirhəmə çatan neft mənbəyini tapdım, onun yanında isə - gecə və gündüz fasiləsiz axan jasmin yağı kimi ağ olan digər neft mənbəyini aşkar etdim, sonuncunun icarə haqqı birinciyə bərabərdir” . Əbu Dülaf tərəfindən göstərilmiş məlumatlar çox dəyərlidir, çünki hər neft quyusundan min dirhəm təşkil edən, ümumilikdə iki neft quyusundan alınan gəlirlər haqqında təsəvvürlər yaradır. Bu məbləğ o zamanlarda neftin çox miqdarda çıxarılmasını qeyd edir və ərəblərin dövründə icarə haqqı sisteminin və neftin çıxarılamasına dair icarənin mövcudluğunu sübut edir. O ki qaldı bu məlumatda qeyd olunan icarə haqqına, görünür ki, burada söhbət icarəyə verilmiş dövlət neft quyuları barədə gedir və hər quyudan alınan göstərilmiş min dirhəm gəlir dövlət tərəfindən fərdi şəxslərdən alınan icarə haqqıdır. Neft mənbələrinin istismarının göstərilmiş üsulu həmçinin daha sonra səlcuqların və onlardan sonra gələn digər hakimiyyətlərin dövründə də tətbiq edilirdi.
XI əsrin birinci rübündə Əl-Biruni Bakı haqqında çox qısa söyləyir: “Bakı – ağ neftin mədənidir”.
1131-ci ildə Xəzər dənizinin cənub qərb sahilini səyahət etmiş ərəb səyyahı Əbu Həmid əl-Əndalusi əl-Harnati Abşeronun və Bakı yaxınlığında Xəzər dənizində yerləşən adanın neft verən torpaqlarını bu cür təsvir edir: “Orada kömür kimi qara ada var, ondan acı, pis qoxulu su axır; və bu su ilə birlikdə əla sarı misə oxşayan dördbucaqlı daşlar çıxır. Insanlar onları tərəzi daşı kimi istifadə etmək üçün götürür. Bu adanın əks tərəfində isə dənizin yaxınlığında kömür kimi qara torpaq var, orada ot bitir, müxtəlif heyvanlar yaşayır. Həmin qara torpaqdan bitum və həm qara həm də ağ neft çıxır. Bu torpaq Şirvan əyalətində Bakının yaxınlığında yerləşir”.
XII əsrdə (1188-ci il) dahi Azərbaycan şairi Nizami Gəncəvinin qələmə aldığı “Leyli və Məcnun” poemasında da (bu poemada Leyli ərəb qızı deyil, türk qızı kimi qələmə alınır və bunu poemada olan bu sətirlər də göstərir: - Qəmzəsi ox kimi süzüb gedərdi, Ərəb türk yurduna hücum edərdi) biz yəqin ki, Bakı neftinə və yanar qazına işarə edilən belə beytlərə rast gəlirik:
O bir yerdədir ki, xərabəzardır (söhbət Leylinin yaşadığı
Baxdıqca qorxuncdur, sanki məzardır yerdən gedir)
Qara bulud kimi o çirkin diyar
Neft kimi alışıb, tutuşub yanar.
Odla su arası olmuşdu yeri (Xəzərin içində və sahilində yanan qazlara işarədir)
Bir pəri üzlüydü o gözəl pəri...
ХIII əsrin əvvəllərində Abşeronda olmuş ərəb tarixçisi Məhəmməd Bekran öz kitabında Balaxanıda kəhriz üsulu ilə neft çıxarıldığını göstərir, yəni bu quyular Abşerondakı ilk neft mənbələri haqqında məlumat verir.
Bakı və Abşeron nefti haqqında avropalıların ilk məlumatı XIII əsrə aiddir. Bu əsrdən başlayaraq bütün dünyada məşhur olan avropalı səyahətçilər - venetsiyalı Marko Polo, Barbaro Ramuzio, İosofato Barbaro, Ambroziy Kontarani, fransalı rahib-missioner Jurden Katalini de Severak və başqaları Abşeronda olublar və şərqli müəlliflər kimi onlarda bu yerlərdə çoxlu neft hasil edildiyini bildiriblər.
Marko Polo Azərbaycan ərazisində “qara qızıl”ın hasilatı faktını qeyd etmiş yəqin ki, ilk avropalı idi. Uzaq Şərqə (1271-ci il) səfəri zamanı yolu Azərbaycanın cənubundan, Təbriz şəhərindən keçən Marko Polo neft haqqında eşitdiklərini belə yazmışdır: “Gürcüstanla sərhəddə yağ mənbəyi var, özü də lap çox......Fəvvarədən o qədər çox neft axır ki, bu neftlə eyni zamanda yüz gəmini doldurmaq olar”. Marko Polonun bu məlumatı o dövrdə artıq Bakı neft mədəninin yüksək inkişafından xəbər verir.
Neft hasılatı və hətta neftə qoyulmuş vergilər barədə başqa mənbələrdən də məlumat almaq olar. Bunu Bakının qala hissəsində yerləşən Cuma məscidinin minarəsinin özülündə Olceys Məhəmməd Xudabəndiyə (1304-1316) məxsu daş yazı da sübut edir. Mətndən məlum olur ki, “ Bu damğanin sahibi-dünyanı fəth etmişın (yəni Olceysin) göstərişi ilə şəhər və əyalət əhlindən neftə görə alınan müxtəlif vergılər ləğv edilir”.
Azərbaycanın və İranın ərazisindən keçib gedən Fransalı missioner-rahib Jurden Katalini de Serverak da (təqribən 1320-ci il) öz qeydlərində Bakının adını çəkir. O yazır: “ Bakı adlanan bir yerdə quyular qazmışlar, bu quyulardan “naft” adlı yağ çıxarırlar. Bu yağ əla yanır və müalicə edir, o, həqiqətən yaxşı alovlanır”. Jurden de Serverakın məlumatı ona gorə daha çox maraq doğurur ki, Marko Polodan fərqli olaraq, o, neft yatağının Bakıda olduğunu , quyulardan çıxarıldığını, həmçinin yanan yağın yerli əhali tərəfindən “naft” adlandırıldığını bildirir.
Həmdullah Qəzvini (1282-1345) “Nüsrət əl-kulub” adlı əsərində (1339-1340-cı illər) Bakı neftinin kol üsulu ilə hasilatını belə təsvir edir: “Onun böyük yataqları Bakıdadır. Və orada neftin üzə çıxması üçün quyu qazılan yer vardır. Neft suyun üzündədir və onu həmən mənbələrdən əldə edirlər”.
İtaliyalı İosofato Barbaronun yol qeydlərində (1474-1479- cu illərə aiddir) bunlara rast gəlmək olar: “Dənizin bu hissəsində (söhbət Xəzərdən gedir) digər Baka adlanan şəhər var. Bu səbəbdən dəniz Bakı dənizi adlanır. Onun yanında qara, çox üfunətli yağ çıxan dağ var...”.
Burada qeyd etmək lazımdır ki, XV-XVII əsrlərdə Avropanın bir çox ölkələrində və Şımali Amerikada nefti çox sadə üsulla əldə edirdilər – dayaz quyulara və gölməçələrə əski parçası salırdılar və ona hopmuş nefti qablara sıxırdılar. Bu dövrdə Abşeronun əhalisi isə dərinliyi 10 sajen (1 sajen- 2,13 m) olan neft quyuları və şaxtalar qazımağı bacarırdılar və nefti quyudan at qüvvəsi tətbiq etməklə çıxarırdılar.
Azərbaycan coğrafiyaçısı Əbdürrəşid ibn - Saleh Bakuvi məlumat verir ki, XVI əsrin əvvəlində gündəlik neft hasilatı 200 xərvər (uzunqulaq yükü) təşkil edirdi, onun yarısını gəmilərdə daşıyırdılar. Şəhər yaxınlığında çox sayda yanan neft qazlarınım çıxdığı yerlər var idi.
1560-cı ildə Bakıda olan ingilis missioneri Con Kartrayt yazırdı: “Bakı ilə əlaqədar – bu qədim şəhərdir... Bu şəhərin yaxınlığında yerin altından vuran çox maraqlı və möcüzəli fəvvarə var, oradan yerin səthinə çoxlu miqdarda qara yağ çıxır”.
1572-ci ildə Bakı neftinə böyük maraq göstərmiş ingilis ticarət şirkətinin agentləri bura gəldilər. Bu şirkətin agentlərindən biri Ceffri Düket öz məktublarında Bakı yaxınlığındakı olduğu yerlərdə çoxlu neftin çıxarılması haqqında məlumat verir: “Bakı adlanan şəhərin yaxınlığında qəribə hadisə müşahidə olunur. Buradan torpağın səthinə çoxlu yağ çıxırdı və bunun üçün bütün İranın müxtəlif sərhədlərindən insanlar gəlirdi... Yağın bu növü qara rəngdədir və neft adlanır... Qeyd olunmuş Bakı şəhərinin yaxınlığında həmçinin ağ və çox qiymətli yağın digər növü mövcuddur və güman edilir ki, bu bizdə petroleum (dağ-mədən yağı) adlandırılan maddə ilə eynidir”.
Burada qeyd etmək lazımdır ki, XV-XVII əsrlərdə Avropanın çox ölkələrində və Şimali Amerikada nefti sadə yolla əldə edirdilər. Məsələn, 1627-ci ilin məlumatına görə Şimali Amerika hinduları suyun üzündə yağlı ləlkələr halında olan neftı əski parçaları ilə onun səthindən yığırdılar; sonra onu şıxırdılar və qablara doldururdular. Bu dövrdə Abşeron əhalisi isə artıq 10 sajen (1 sajen - 2,13m) dərinliyində neft quyuları və şaxtaları qaza bilirdilər və nefti at qoşqusu ilə çıxarırdılar.
O zamanın neft hasilatı, bir texniki qurğu kimi – kəhrizlərin tikilməsinin texnika və texnologiyasından asılı idi. Bakıda kəhriz üsulu ilə quyuların qazılması hələ orta əsrlərdə ən yüksək səviyyəyə çatmışdı və XIX əsrin ortalarına qədər inkişaf edirdi. Kəhriz quyularının dərinliyi 30 metrə çatırdı, nefti onlardan at bağlanmış dolamaçarxların (çığrıqların) köməyi ilə çıxarırdılar. Tarixi faktlara əsasən artıq XVI əsrdə Abşeronda təcrübəli quyu ustaları yaşayıb yaradırdılar. Quyuların dərinliyi 14-16 sajenə (30-35 m) çatırdı. Quyuların dıvarlarını daşla hörürdülər, üstünü qorumaq üçün dam tikirdilər. XVII əsrdə Bibiheybət ərazisində neft quyusu qazmaq üçün yer axtarışı işləri zamanı daşla hörülmüş neft quyusu tapılmışdır. Daşlardan birinin üzərindəki yazıda göstərilirdi ki, bu quyu 1594-cü ildə Allahyar Məmmədəli Nur adlı usta tərəfindən tikilmişdir. Bu fakt onu təsdiq edir ki, mexaniki üsulla neft quyularının qazılmasından 250 il öncə Abşeronda artıq 35 m dərinliyində neft quyuları mövcud imiş və onlar XIX əsrin sonunadək istismar olunmuşlar. Digər məsələ kəhrız qazımaq üçün neft mənbələrinin axtarışı idi. Kəhrizlərin tikilməsi baha başa gələn iş idi, uzun müddət neft mənbəyinin axtarışını tələb edirdi və özündə böyük risk yükü daşıyırdı.
İtaliya səyyahı Pyetro della Balle (1618-ci il) Bakı neftindən bəhs edərək şəhərin yaxınlığında ucuz başa gələn xeyli neft çıxarıldığından və bunun şaha böyük gəlir gətirdiyindən danışır.
Amin Əhməd ər-Razinin məlumatına XVII əsrin əvvələrində Abşeronda 500 quyu mövcud idi Onlarda qara və ya ağ neft hasil olunurdu.
XVII əsrdə Bakı nefti Avropa dövlətlərinin diqqətini cəlb edir. Belə ki, hersoq Şlezviq Qolştinsqi xüsusi olaraq Xəzərin cənub və qərb sahillərinin neft sərvətləri ilə tanışlıq üçün Moskva dövləti və İrana iki səfirlik (1633-1635 və 1635-39-cu illər) göndərmişdir. Bu iki səfirliyin iştirakçısı, ədəbiyyatda Oleari adı ilə məşhur olan alman alimi, fəlsəfə magistri, riyaziyyat sahəsində mütəxəssis, astronom və coğrafiyaçı Adam Elşleger 1639-cu ildə Xəzər sahilinə səyahət etmişdir. Oleari “xüsusi yağın”- neftin Xəzər dənizinin səthi üstündə çox olmasını qeyd etmişdir. Bakı neft quyularını o, belə təsvir edir: “neft burada Bakı və Barmaq dağı (yəqin Beşbarmaq dağı) yanında daimi quyulardan çıxan xüsusi yağdır. O, burada çox böyük miqdarda yığılır və xəzlərdə böyük arablarla biz özümüz gördüyümüz kimi satış üçün daşınır. Martın 2-si biz dağı tərk edib dənizdən dörddə bir hissəs məsafəsində yerləşən düzə gəldik. Hündür “Barmaq” dağının yanından keçərək dəniz yaxınlığında yerləşən neft quyularını gördük. Bu sayı 30-a qədər, bir tüfəng atışı qədər məsafədə yerləşən müxtəlif quyulardır. Onlardan çox güclü surətlə neft çıxır- oleum petroleum. Onların arasında 3 əsas quyu var idi. Bu quyulara iki sajеn (1 sajen =2,13m) dərinliyində aşağı düşmək lazım idi. Bu səbəbdən oraya bir neçə köndələn taxtalar qoyulmuşdu. Onlardan nərdivan qismində istifadə etmək olurdu. Yuxarıdan mənbələrin sanki qaynayan səsini eşitmək olurdu. Onların iyi kifayət qədər güclüdür. Belə ki, ağ neftin qoxusu qara neftə münasibətdə daha xoşdur. Burada həm qara, həm ağ nefti götürmək olar, lakin birincisi ikincisindən çoxdur”.
Övliya Çələbi (XVII əsr) özünün “Səyahətnamə” kitabında Bakı nefti haqqında demişdir: ”Neft hasilatı ilə məşqul olan insanlar quyulara düşürlər, gecə-gündüz neft hasil edirlər və keçi dərisindən tuluqlara doldururlar.Sonra tacirlər onu alıb müxtəlif ölkələrə daşıyırlar.Neft 8 rəngdə olur, ancaq ən yaxşısı sarı neft sayılır.Qara neft şahın mülkiyyətindədir”.
XVII əsrdə Azərbaycanda olmuş hollandıyalı dənizçi səyyah Yan Streys “Səyahət” adlı əsərində yazır: “Ayın 5-də (sentyabr, 1666-cı il) Parmax və ya Barmax (Beşbarmaq) dağının yanından ötdük; bu dağ dənizin yaxınlığında olub ağ və qara petroleumun və neftin yerdən fəvvarə vurub axması ilə məşhurdur... Bu dağın üstündə bir zamanlar güclü qalalar var imiş, Xəzər dənizini və ətraf torpaqları bu yandan qoruyarmış, hələ indi də enli divarların və dəyirmi meydançaların nişanələri və özülü görünməkdədir. Onların arasında qazıldıqdan sonra içi daşla hörülmüş quyular qalmaqdadır.Neft və petroleuma gəldikdə isə o, torpağın təkindən yer qatını oyub çıxaraq, qayaların arası ilə şaxələnib axır. Burada təqribən 40-a kimi neft quyusu vardır, ancaq başlıcası üç quyudur, neft onlardan bulaq kimi qaynayıb çıxır”.
Alman səyyahı Egelbert Kempfer (O, 1651-ci ildə Almaniyanın Lemqo şəhərində doğulmuş, təhsilinə görə həkim imiş) 1683-1693- cü illərdə İsveç səfirliyinin İranda katibi vəzifəsində çalışarkən Rusiyada, Azərbaycanda və Hindistanda da olmuş və öz təəssüratlarını beş hissədən ibarət əsərlər şəklində nəşr etdirmişdir. Bu əsərlərin ikinci hissəsində “Bakı yarımadasının Yeddi möcüzəsi” adlı kitabında Bakının və Abşeron yarımadasının (müəllif onu Okesra adlandırır) neft quyularından danışılır. O, bu yerlərə 6-8 yanvar 1683-cü ildə şəxsən gəlmişdi. Onun yazdığına görə:“ Suraxanıda əbədi atəşlərdən 1000 addım şimal-qərbə tərəf möcüzəli bir şey var.Yəni ağ nefti mənbələri. Amma onlar elə bir ucqar yerdə yerləşirlər ki, əvvəldən onların burada olmağı bilinməz. Uzunluğu təqribən 100, eni 200 addım olan sahədə ağ neft çıxarmaq üçün qazılmış iki işləyən quyu, səkkiz işləməyən quyu vardı. Dar quyuların dərinliyi təqrıbən 40 hörgü olardı. Quyuların ağzına daş və kol döşənmişdı. Quyular adi üsulla – bel və külünglə qazılmışdı. E. Kempfer zəngin ağ neft yataqlarının nəzarətsiz, başlı-başına buraxıldığını bildirib yazırdı ki, “buna avropalı mat-məəttəl qalır”. O, həmin mənbələrdən (quyulardan) birini təsvir edərək yazır: “Quyuları heç bir çəpər və ya divarla dövrəyə almamışdılar,üstünü qapaqla örtməmişdilər; ağzına daş düzüb torpağı bərkitməmişdilər, daşlar burada quyu olduğunu bildirir, qoymurdu ki, içəriyə zir-zibil düşsün. Məni iki şey heyrətə saldı:1) zərif maye açıq quyunun dibində qalsa da azalmırdı, öz təsirini və büllur saflığını itirmirdi, halbuki ağzı kip bağlanan bardaqlarda saxlananda korlanırdı və 2) təbiətin nadir dəfinəsi qıfılsız və mühafizəsiz qalırdı.” O, sözünə davam edərək bildirirdi:” Bizim ölkədə heç kəs dəfinəni belə saxlamağa ürək eləməz....”
Alman səyyahı Balaxanıda qərbdən şərqə 100 addım uzanan sahədə qara neft yatağı ərazisini də gəzmişdi: “Qərbdə ağ neft yatağından iki saat uzaqlıqda qara nefti istehsal edən möcüzəli məntəqə yerləşir. Neftin hasilatı üçün çoxlu nazik şaquli quyular qazılıb, onların bəzilərində neft daimi və çox miqdarada çıxır... Gilli süxur quyunun divarlarını möhkəmlətməkdə, kankanların həyatı üçün təhlükə doğurmadan istənilən dərinliyə çatmağa imkan verir… Burada neft çıxarılması üçün müxtəlif yerlərdə nizamsız şəkildə çoxlu quyu qazılmışdı, amma hamısı işləmirdi”. O, daha sonra yazırdı: “Quyular 30 qulac ( 1 qulac təqribən 90 sm – dir) və daha çox dərinliyə qazılmışdır, ona görə yox ki, neft damarları bu dərinlikdən axır, ona görə ki, səhər açılanda fəhlələrin çıxaracaqları mayenin gecə sızılıb yığılacağı çox dərin xəndək olması gərəkdir... ”. E. Kemfer quyulardan neft çıxarılması üsulunu da təsvir etmişdir: “Neft quyudan dəri tuluqlar vasitəsilə əllə və ya kiçik dolamaçarxlarla çıxarılır... Tuluqları qaldırmaq xüsusi mexanizimlər vasitəsilə yerinə yetirilir, yəni vaxtaşırı dəyişdirilən bir cüt atın hərlətdiyi dolamaçarxlar vasitəsilə quyudan çıxarılırdı. Bir neçə gecə saatlarını istisna etməklə, iş burada heç vaxt dayanmır... Dıgər quyular arasında daha çox neft verən quyunun ağzına bayırdan daş düzülmüş, üstündə qurğu düzəldilmlşdi. Neft güclü şırıltı ilə ora axırdı”. E. Kempferin sözlərinə görə: “...neft xüsusi olaraq düzəldilmlş tağlı tikililərdə saxlanılırdı- eni yeddi addım, uzunluğu on yeddi addım idi, dərinliyini ölçmədim... Təkcə neft saxlanılması üçün deyil, həm də oradan götürülməsi üçün çox münasib idi, çünki hər iki tərəfdən açıq idi, istənilən səviyyəyə enməkdən ötrü pıllələr düzəltmişdilər”. E. Kempferin məlumatına görə quyularda qan-tər içində işləyən fəhlələr hər ay 7-8 abbası əmək haqqı alırdılar. Hər gün 80 arabada neft daşınırdı; hər arabaya müxtəlif ölçülü 7-8 dəri kisələrdə 10-20 batman (1batman – 8,2 kq) neft yüklənirdi.Gün ərzində 8 mindən 10 min batmanadək neft çıxarılıb daşınırdı. Neft tuluqlarda 4 təkərli arabalarda Şamaxı və Bakı şəhərlərinə daşınır; birinci məntəqədə o dəvələrdə ölkənin içinə göndərilir, ikincidə isə su ilə Girkan, Özbək və Çerkez vilayətlərinə və Dağıstana...”(Bakı xəbərləri, 1883, №5-7). Neft quyuları əsas etibarı ilə şah (Səfəvilər) xəzinəsinə məxsus idi və il ərzində 7 min tümən gəlir gətirirdi. Lakin Kempfer bu rəqəmə şübhə etdiyini vurğulayır.
Bundan başqa E. Kempfer öz yazılarında Abşeronda təbii qazların yer səthinə çıxmasını təsdiq edir. O, “yanan çölü” belə təsvir edir: “ O özünəməxsus və gözəl görüntüdür. Bəzi çatlar böyük alovlarla yanır. Digərləri isə daha sakit alov saçır və bununla da onlara yaxınlaşmağa imkan verirdi; üçüncüləri isə tüstü, bəzən isə çöx üfunətli ağır neft qoxusu olan buxar saçırdı. Bu uzunluğu 88, eni 26 addım olan sahəni əhatə edirdi”.
Bakıdakı neft quyularının bir qismidə Bibiheybət türbəsi vəqfinə məxsus idi və gəlir şeyxlərin ixtiyarına keçirdı. Quyuların digər bir hissəsinin sahibləri olan ayrı-ayrı şəxslər dövlətə vergi ödəyirdilər.
Qeyd etmək lazımdır ki, əgər XVIII əsrin əvvəllərinə qədər Azərbaycan (bu dövrdə Azərbaycan ərazisi 17 xanlıqlara bölünmüşdü) əlverişli hərbi-strateji və ticarət yolu baxımından dünya dövlətlərinin diqqətini özünə cəlb edirdisə, artıq həmin dövrdən başlayaraq onların xarici siyasətində bu region zəngin neft mənbəyi kimi də mühüm yer tutmağa başlayır.
XVIII əsrin ilk rübündə Bakını Rusiyanı Şərq ilə ticarətinin inkişafı üçün dayanacaq məntəqəsi qismində qiymətləndirən I Pyotr Bakı rayonu ilə maraqlanmışdır. Onu xüsusən “ağ neft” adlanan məhsul cəlb edirdi. 1723-cü ildə general Matyuşkinə I Pyotr əmr etmişdi:” Bakıya get və tezliklə Allahın köməyi ilə bütün bu işlərə yol tap. Lakin Bakı çox keyfiyyətli neftlə zəngindir. Əmr elə bir neçə put ağ nefti Bakıdan alsınlar və bizə göndər”. Əmri yerinə yetirən general Matyuşkin 1723-cü ildə Bakını zəbt etdi. Gələn il o yenə də Matyuşkinə əmr etdi: “Min pud ağ neft və yaxud nə qədər mümkündürsə göndərsinlər və burada usta axtarın”. Matyuşkin Abşeronda bir neçə dəfə olmuş, neft quyularını müfəssəl siyahıya almış və neftli qaz yataqlarının planını tərtib etmişdir. O, 1719-cu ildən 1727-ci ilədək Xəzəri tətqiq edən F.İ. Soymonovun rəhbərliyi altında 1731-ci ildə Xəzər dənizinin birinci mətinli atlasını çap etdirmişdir.Onun Bakı və Abşeronun palçıq vulkanlarının və neft mənbələrinin təsviri ilə bağlı yazdıqları çox maraq doğurur: “Səhərdən 12 verst məsafədə quru düzənlikdə bir neçə verst uzunluğunda neft yataqları vardır və bəziləri burada alovlanır. Yeraltı oddan yanan buxar (o, yəqin ki, yanan qazın buxara çevirdiyi suyu nəzərdə tuturmuş) yer üstünə qalxir və o müxtəlif məqsədlər üçün istifadə olunur. Ətrafında 4-10 metr dərinlikdə ağ neft olan , daşla kilidlənmiş quyular və daima od püskürən torpaq sahələri yerləşib. Bütün ərazıdə o qədər yeraltı qaz mənbələri var ki, əgər 2-3 verşka (0,13-0,19 m) dərinlikdə yeri müəyyən “istənilən düzülüşdə” qazsan və ora od yaxınlaşdırsan, onda “alov bu quyudan yarım arşın hündürlüyə qalxacaqdır”. Ona görə də evlərin (həyətlərin) qum döşəməsindən 4-5 verşka (0,25-0,31 m) hündürlükdə quyunun ağzına borucuq qoyurlar və “elə ki, oradan gələn buxara yanan yonqar və ya saman yaxınlaşdıran kimi o elə alovlanır ki, insanlar yandırılan tonqalda özlərinə xörək bişirirlər”. Bakının yaxınlığında “çox yerlərdə quyular və mənbələr var, orada su qumla birgə maye məcun şəklində hər müəyyən vaxtdan bir həll olunur və hündürlüyə püskürür”.
Ən çox neft mənbələri Abşeron torpaqlarına yayılmışdı. 1730-cu ildə Bakıda artıq neft mədənləri qurulmuşdu və o dövr üçün onlar çox neft verirdilər. Qafqazda xidmət edən mayor İ.Herber Bakı neft mədənlərini belə təsvir etmişdir: “ Neft kəhrizlərdən əxz edilir, hansılar ki, Bakıdan yarım gün məsafədə daşlıq yerdə yerləşirlər, bu kəhrizlərdən bəziləri qara və bəzisi də ağ neft vurur...”.
1733-cü ildə Abşeron müvəqqəti Rusiyaya tabe edilən zaman ( I Pyotrun 1722-1723-cü ildəki işğalçı yürüşləri ilə zəbt olunmuş Azərbaycan torpaqlarını Rusiya 1735-ci ildə bağlanmış Gəncə müqaviləsinə əsasən İrana qaytardı) İrandakı rus səfirliyinin əməkdaşı doktor İoann Lerxe Bakı neft rayonuna gəlmişdir. O yazmışdır: “ 30 iyunda mən Balaxanıya qara neft mənbəyinə tərəf 5 verst keçdim. Bu quyuların vasitəsilə İran şahı ticarət aparırdı və onların sayı 52 idi. İndi isə onların normal vəziyyətdə olanının sayı yalnız 26 idi. 26 sajen dərinliyində olan quyulardan yetərincə güclü surətdə neft çıxır və onun hasilatı gündə 500 batmandır (1 batman-8.2kq). Neft fəvvarəsi o qədər güclü vurur ki, onun səsini eşitmək olur. Quyulardan götürülən nefti böyük və dərin quyulara tökürlər.Ordanda böyük dəri tuluqlarda arabalar ilə Bakıya daşıyırlar, qalıqları 3 quyu və ya anbarlara tökürlər və Gilan, Şamaxı və digər yerlərdə satırlar və qalan hissəsini şəhərdə istifadə edirlər”.
1739-cu ildə akademik İ.V. Veytbrextin içində Abşeron nefti haqqında çoxlu məlumat olan “Neft haqqında” adlı ilk əsəri çıxmışdır. Neft haqqında yazılan bu elmi əsər tanınmış hidroqraf F.İ Saymonovun hələ 1728-ci ildə Rusiya Elmlər Akademiyasına göndərdiyi dürüst məlumatlara əsaslanırdı.
O illərdə ingilislər yenidən Bakı neftinə maraq göstərdilər. 1741-ci ildə ingilis-rus ticarət şirkətinin müdirlərindən biri С.Hanvey Bakıya ezam olunmuş və ona Bakı neft mədənlərinin vəziyyətini yerində öyrənmək tapşırılmışdı. Bakıdan qayıtdıqdan sonra C.Hanvey 1754-cü ildə “Xəzər dənizində İngilis ticarəti barədə tarixi xülasə” adlı geniş əsərini yazmış və orada Bakı rayonunda neft işinin mövcud vəziyyətini, o cümlədən Bakıda və Çələkən adasında neftin zəngin olmasını qələmə almışdır.
1770-ci ildə Bakıda olan akademik Samuel Qotlib Qmelinin yazılarında Abşeronun neft mənbələri haqqında səhih məlumatlar tapılır. Akademik S. Qmelin Bakıda neft qyuylarının inşaası üsullarını öürənmiş, ilk dəfə qaz quyusu qazmağın imkanı və onun yanacaq kimi istifadə olunması fikrini söyləmışdir. Neft quyularını təsvir edərkən o, qeyd edir ki, Balaxanıda quyuların dərinliyi 19-23 sajenə (40-50 m) , quyunun diametri və ya kvadrat tərəflərin en kəsişi 2-3 futa (1fut - 30,48 sm),yəni 0,7-1 m-ə çatır. Öz hesabatında (1771) alim qeyd edir:” Ağ neft burada indi yalnız bir mənbədən çıxır. Amma yerli əhali iddia edir ki, onu vaxtaşırı istifadə edirlər. Bəzən o bir mənbədən, bəzən isə digər mənbədən çıxır. Bəzən isə olur ki, biri o birisindən zənginliyinə görə üstünlük təşkil edir. Bu quyu sönməz məşəldən çox az məsafədə yerləşir. Təxminən yarım verstə qədər ondan qərbə tərəf. Onun dərinliyi 30 fut, dairəsi isə 2 futdur.Quyu daşlarla bağlanıb,onların arasına gil qoyulub.Onun üstündə Bakı xanının adı yazılıb və buna görə xan tərəfindən təyin edilmiş nəzarətçi möhürü götürmüyənə qədər nefti heç kim dəyə bilməz. Yerli sakinlərin dediklərinə görə Bakı xanının duz və neftdən əldə edilən gəliri otuz beş mindən qırx min rubula qədər təşkil edirdi. Duzun 1 pudu 7-8 qəpiyə, 15 funtlu (girvəngəli) qara neftin batmanı isə (yandirmaq üçün istifadə olunan) 5 qəpiyə satılır. [Гмелин С.Г. «Reise durch Russland zur Untersuchung d. drei Naturreiche» (СПб., 4 части, 1770-1784гг.)].
1776-cı ildə çap olunmuş “Xəzərə səyahət” kitabında məşhur rus səyyahı A.S.Kriçavski yazır ki, sakit dənizdə çıxıntılı qaya daşlarının ətrafının yağlı maye ilə örtülü olması, suyun dibindən qaz qabarcıqlarının püskürməsi sahədə qaynayan vulkan kraterinə bənzəyirdi.
1781- 1782-ci illərdə Xəzər dənizinin coğrafi və geoloji xüsusiyyətlərini öyrənən admiral M.Voynoviçin ekspedisiyası da Çılov adaları yaxınlığında su üzərində nazik neft laylarının üzməsini müşahidə etmişdir.“ M.Voynoviç yazırdı – Bu görüntü başqa cürə izah oluna bilməz, necə ki, dənizin səthində üzən neft onun dibində olan təbii çeşmələrdən çıxır, və bütün Bakı sahilləri belə çeşmələrlə boldur, və yəqin ki, onların bəziləri yeraltı keçidlərlə dənizin dərinliklərinə uzanır”. Donanmanın yürüşü barədə 1809-cu ildə Peterburqda nəşr olunan “ İstoriçeskiy jurnal”da alim Karl Qoblits tərəfindən böyük material dərc olunmuşdur və orada maraqlı faktlar bildirilir: “ ... Bakı yaxınlığında Renos (Çılov) adası rayonunda dəniz suyu ağır və yağlıdır, kəskin neft qoxusu verir. Adanın yanında ekspedisiyanın üzvləri böyük neft gölməçələri aşkar etmişlər”.
1796-cı ildə Bakıda olmuş məşhur təbiətşünas marşal Fridrix fon Biberşteynin də söylədikləri maraqlıdır: “Abşeron yarımadası tükənməz neft ehtiyatına malikdir...”.
ХVIII axırında Bakıda dəmir borularla bir neçə metrə dərinləşdirilmış çoxsaylı neft quyuları artıq məlum idi. Abşeron nefti haqqında XIX əsrin əvvəllərində burada olmuş məşhur səyyah, alim və coğrafiyaşünas, əslən azərbaycanlı olan Hacı Zeynalabdın ibn Axund İskəndər Şirvaninin də əsərlərində maraqlı məlumatlar vardır.
S.Qmelinin məlumatlarını Azərbaycanın Rusiyanın tərkibinə girməzdən öncə Bakıda olan digər məşhur səyahətçi A.Yarsev təsdiq edir.1812-ci ildə A.Yarsevin “Rusiya dağliq tarixi” əlyazısında Bakı mədənlərinin təsviri belə verilir. “Bakının yanında ağla sığmayan miqdarda dağ yağı və ya neft var, çünki Bakıya 12 verst qalmış Balaxanı vilayətinin bir sıra kəndində 25 açıq yağ quyusu var, hərçənd yağ bulaqları tez-tez quruyur və buna görə də yeni quyuları basdırmağa məcbur edirlər; lakin köhnələri də tez vaxtda basdırılmır və onları ehtiyatla bir müddət açıq qoyurlar, ona görə ki, adətən bir neçə aydan sonra orada neft bulaqları əmələ gəlir”.
Sonra A Yartsev yazır: ”Yalnız Bakı xanının ölkədə olan bütün dağ yağını satmağa hüququ var. Balaxanıda hasil olunmuş neftin satıldıqdan sonra artıq qalan miqdarı Bakıya göndərilirdi. Şəhərin kənarında 15 dənə qazılmış və daşla hörülmüş quyu var. Ehtiyatda olan yağ bu quyulara tökülür və alıcılar götürənə qədər orada saxlanılır”. [Ярцев А. Российская горная история (рукопись), ч.7, кн.1, № 43. Из книги К.А. Пажитнова. Очерки по истории Бакинской нефтедобывающей промышленности. М.-Л., 1940, с.11].
Sənədlər təsdiq edir ki, ən qədim neft quyuları (cəmi 20 sajen dərinliyində) Abşeronun aşağıdakı kəndlərində yerləşirdi: Balaxanı, Suraxanı, Bibiheybət, Sabunçu, Romanı və Şubanı. Onların çoxu Balaxanıda yerləşirdi.
Balaxanı əhalisi tərəfindən tapılmış yazılı daşa əsasən Xələfi quyusu 200 il bundan əvvəl yenidən qurulmuşdur. Aşağıda göstərilən qədim quyular: Çambu, Hacı Zurabi, Dostakov, Salahi,Urusi, Kazı, Şah-səfi, Ağai, Əlibəyi, Həsənəli, Hənəli, İrzaqulu və s. XVIII əsrdə tikilmiş və Azərbaycan Rusiyanın tərkibinə daxil olandan çox əvvəl bərpa olunmuşdur.
1803-cü ildə bakılı Qasım bəy Mənsurbəyov- dünyada ilk dəfə olaraq Bibiheybət buxtasının sahilindən 18-30 metr məsafədə yerləşən iki quyuda neft hasilatına başlayir. Lakin 1825-ci ildə Xəzərdə baş verən güclü fırtına hər iki quyunun dağılmasına səbəb oldu və bu ilk “neft mədəni”nin fəaliyyətinə son qoydu (Amerikalılar dəniz neft mədəninin başlanğıcını 1896-ci il hesab edirlər, onun ilk banisini isə - Kaliforniyadan olan Uilyamsı, beləki, o, dənizdə torpaqla doldurulmuş sahədə quyular qazmışdır).
Bakı xanlığında neft mənbələri Bakı xanı Huseynin mülkiyyəti idi və onlardan ildə 200 min pud neft çıxarılırdı və onun satışından xan xeylı gəlir əldə edirdi. 1806-cı ildə burada 50 neft quyusu var idi.
1806-cı ildə Bakı xanlığı Rusiyaya birləşəndən sonra neft quyuları dövlətin mülkiyyətinə keçdi və 1808-ci ildə hökumət xanın neft quyularından gəlir mənbəyi kimi istifadə etməyə başladı. Bakı xanlığının tamamilə Rusiyaya birləşdirilməsi ərəfəsində burada 116 ədəd quyu qara neftlə və bir quyu ağ neftlə mövcud idi.
Qafqazın baş komandanı general N.F. Rtıişevin 30 iyul 1813-cü il tarixli raportuna əsasən (neft quyularından və digər vergilərdən xəzinəyə gələn gəlirlər haqqında) iltizam vergisi 4 il ərzində 450 min rubl gəlir gətirdi. Burada qeyd etmək lazımdır ki, Abşerondan başqa neft az miqdarda Quba və Şirvan qəzalarında da hasil edilirdi. Bu qəzalar Rusiyanın tərikibinə daxil olduqdan sonra onların neft quyuları da xəzinə idarəsinə daxil olunmuşdular və iltizama verilmişdiər. Quyuları iltizama verən Quba şəhər komandanı nəzarət etməliydi ki, neftin hasilatı öz başına quyuların sayının artması yolu ilə çoxalmasın, çünki əks halda Quba neftindən xəzinə üçün daha faydalı olan, mühüm Bakı neft mədəninə ziyan vura bilər.
Abşeron yarımadasında neft hasilatının sistemli şəkildə aparılması, Rusiyaya məğlub olan İranla 1813-cü ildə imzalanmış Gülüstan (indiki Goranboy rayonunun Gülüstan kəndi) müqaviləsinə əsasən Bakı, Quba və Dərbənd xanlıqlarının Rusiya imperiyasına tam “birləşməsi”ndən sonra baş verdi. Çar höküməti bütün neft buruqlarını 7-8 il müddətinə vergilərdən azad etdi və iltizam (otkup) sistemini tətbiq etməyə başladı.. Bununla da əhaliyə təmənnasız olaraq neftin hasilatı və ticarəti ilə məşğul olmağa şərait yaratdı. 1813-1816 –cü-ı illərdə quyuların sayı 116 ədəd təşkil edirdi ki, bunlardan 77 quyu Balaxanıda, 19-u –Bibiheybətdə, 5-i – Binəqədidə və yalnız ağ neft olan 15-i isə Suraxanıda idi. 1818-ci ildə 240 min pud neft istehsal edilmışdi. 1821-ci ildə quyuların sayı 120 – yə çatmışdı. 1813-cü ildən başlayaraq XIX əsrin ilk Bakı buruğu qurulan dövrə, yəni 70-cı illərinin əvvələrinə qədər bütün Bakı bölgəsinin neft hasilatı 20 min ton təşkil etmişdir.
Şimali Azərbaycan Rusiya tərəfindən işğal olunandan sonra (1813 və 1828-ci illər) neft quyuları dövlət xəzinəsinin sərəncamına keçdi; rəsmi olaraq quyuların hökumət tərəfindən gah icarəyə (iltizama), gah da xəzinənin idarəçiliyinə verilməsi sistemi tətbiq olunur.
İltizam sistemi – neft quyularının yerləşdiyi torpağın sahıbı və onu müəyyən şərtlərlə müvəqqəti istifadəyə götürən icarəçi arasında olan qarşılıqlı öhdəliklər sistemidir. Tarixçilər iltizam sisteminin Azərbaycanın Rusiyaya birləşdirilməsindən, yəni 1806-cı ildən əvvəl də mövcud olduğunu bildirirlər. Bu torpağın sahibi olan xanlar müvəqqəti istifadəyə yalnız neft quyularını deyil, neft anbarlarını, duz göllərini və d. obyektləri də verirdilər. Rusiya hökuməti Abşeron işğal olunduqdan sonra xanlardan bu sistemi irsən qəbul etmişdi.
Abşeron neft quyuları 1806-cı ilin axırindan 1824-cü ilə qədər, 1826-cı ildən 1834-cü ilə qədər və 1850-ci ildən 1872-ci ilə qədər iltizamçılara məxsus idilər, bu illər arasında isə xəzinənin idarəçiliyində idilər.
Qeyd etmək lazımdır ki, Rusiyanın hakim və ictimai dairələrində neft siyasəti ilə bağlı fikirlər müxtəlif idi: ümumiyyətlə, iltizam sisteminin həm tərəfdarları, həm də əleyhidarları var idi. İltizam sisteminin ən qızğın tərəfdarlarından biri Qafqazın baş komandanı general N.F.Rtişev və çar senatoru P.P.Qaqarin idi. Bu sistemin əleyhidarları (Bakı neft mədənlərinin nəzarətçisi Reut, Dağ-mədən ekspedisiyasının rəisi E.Eyxfeld, st.- katib M.P.Vronçenko, iri neft sahibkarı V.İ.Raqozin, alim D.İ.Mendeleyev və b.) isə Baki neft mədənlərində iltizam sisteminin ləğvinə və birbaşa dövlət idarəçiliyinə verilməsinə çalışırdılar.
18 il ərzində Bakı neft quyuların ilk iltizamçısı 1808-ci ildən başlayaraq quberniyanın katibi M.M.Tarumov olmuşdur. 1819-cu ildə Dağ-mədən ekspedisiyasının rəisi E.Eyxveld, mədən təsərrüfatının maliyyə vəziyyəti ilə tanış olduqdan sonra hökumətə məruzə edirdi ki, iltizamçı M. Tarumov hər il iltizam məbləğindən artıq 12128 rub. xalis mənfəət əldə edir. O iltizamı ləğv etmək və neft və duzu xəzinə idarəçiliyinə götürməyi təklif edirdi.
Çar xəzinəsi diqqətlə iltizamçıların hərəkətlərinə nəzarət edərək, eyni zamanda onların inhisarçı maraqlarını və hüquqlarını qoruyurdu və onlardan başqa heç kəsə neft satmağa icazə vermirdi. Məsələn, 1821-ci ildə Xəzinə və M. Tarumov arasında bağlanmış müqavilənin 6-cı bəndində yazılıb: ”Birinci dəfə kənar şəxsin gizli şəkildə nefti satmağına görə 1000 rubl məbləğində xəzinəyə pul keçirməlidir və bütün neft iltizamçıya verilməlidir, əgər bu hadisə ikinci və ya üçüncü dəfə təkrar olunursa bu cərimədən başqa gizli satıcılar məhkəməyə verilir. [ЦГИА Азерб. ССР (сейчас ГИА АР), ф.24, оп.24, д.109, с.24].
Müqavilə iltizamçıya aşağıdakı hər şeyi təmin edirdi: qazımaq və quyunun təmiri üçün iş qüvvəsi, neftin quyudan çıxarılması və şəhər anbarlarına daşınması, habelə qazımaq və yeni neft mənbələrini axtarmaq hüququnu. İltizamçı öz növbəsində bağlanmış müqaviləyə əsasən Bakıda neft hasilatina görə iltizam məbləğini ödəyirdi. İki yüzdən çox neft quyusu bu üsulla istismar edilirdi. Bu sistem neftşıxarma sənayesinin sosial-iqtisadi strukturuna yeni ünsür gətirirdi.
XIX əsrin birinci yarısında neftçıxarmada daha bir mühüm hadisə ondan ibarət idi ki, neft quyularında hələ xanlıq dövrlərindən bura cəlb edilmlş Balaxanı kəndliləri təhkimçi kimi işləyirdilər. Ətraf kəndlərin kəndliləri neft mədənlərinə cəlb olunurdular və bundan imtina edə bilməzdilər. Onlar gördükləri işin müqabilində sabit şəkildə əmək haqqı alır, vergıdən azad olunurdular. Təhkimçi əməyi yalnız neft quyuları xəzinəyə məxsus olanda deyil, həm də bu quyular iltizamçıların əlinə keçəndə də tətbiq olunurdu.
XIX əsrin 25-ci illərindən çar Rusiyası Xəzər dənizinin qərb sahilinin, xüsusən Abşeron yarımadasının zəngin neft ehtiyatlarını tədqiq etməyə başlamışdı. Bura 1825-ci ildə “Zodiak” adlı korvetdə (üç dorlu qarovul hərb gəmisi) akademik E.İ.Eyxvald və dağ-mədən mühəndisi N.İ.Voskoboynikov göndərilmişdilər.
E.Eyxvald Abşeron yarımadasında çox məqsədli tədqiqat işləri aparmışdır. Suraxanıda, Şubanıda, Binəqədidə və Pirallahı adasında neft quyularını tədqiq etdıkdən sonra, o, təklif edir ki, “Ərazisi 30 kvadrat sajen olan, müxtəlif dərinliklərdən hər yerdən çıxan neftin çoxluluğuna görə tək olan Xəzərin sahilindəki Bakı əyalətinə” daha çox diqqət verilməlidir.
E. Eyxvald öz əsəri “Reise auf dem Caspischen Meere und Caucasus”-da Suraxanıda neft istehsalı haqqında ən dolğun təsviri veribdir. Onun tərəfindən edilmış xüsusən ağ neft çıxarılan kəhriz quyularının təsviri çox maraqlıdır: “Ağ neft çıxarılan quyular Suraxanı kəndinin şimal-qərbində, kənddən təxminən 1,5 verst məsafədə yerləşir. Neftin istehsalı üçün 16 quyu düzəldilib; neftin quyuda daha yaxşı yığılması məqsədilə onların içəri hissəsi geniş, yuxarı hissəsi isə əksinə ensiz, diametrdə 1 futdan artıq olmayaraq düzəldilib. Neftin buxarlanmaması məqsədilə quyular kip yapışan qapaqlarla örtülür. Neftin yavaş gəlməsi göstərirki burada qara neftin ötürülməsi baş verir. Bir çox quyularda ağ neft su ilə birgə yığılır, hər quyu qeyri-müəyyən miqdar – yayda daha çox, qışda daha az neft verir. Mustafa adlı quyu (dərinliyi 3 sajen 6 fut) yayda 10 gün ərzində 3 pud neft verir, soyuq havada isə 1pud 10 funt (gırvəngə). Çıxarılan ağ neft balaca tuluqlarla Bakıya anbarlarda saxlamaq məqsədi ilə göndərilir.Onun rəngi tam ağ deyil və o tez-tez sarı rəngə çevrilir. Nə qədər çox havada qalırsa o qədər də saralır və bozarır”. (Qeyd. “ 1832 –ci ildə Bakı əyalətinin kəndlərinin kameral təsviri”ndə Suraxanı barədə belə yazı vardır: “ həmçinin ağ neft olan quyular vardır”).
(Rusiyada neft sənayasinin ilk cağlarında aşağıdakı ölçmə vahidləri istifadə olunurdu: 1 pud = 16.38 kq; 1 sajen = 2.13 metr; 1 desyatin = 1.0925 ha).
Qeyd etmək lazımdır ki, ilk dəfə Bakı neft mədənləri birbaşa çar dövlət xəzinəsinin idarəçiliyinə 1825-ci ilin yanvarın 1-də verildi. Maliyyə naziri Kankrin həmin tarixdən neft quyularının dövlət xəzinə idarəçiliyinə verilməsi barədə qərar qəbul etdi. Ona görə də elə bu vaxtda Dağ-mədən ekspedisiyasının göstərişi ilə, sonralar istedadlı mühəndis kimi tanınan N.İ Voskoboynikov (1801-1860) Bakıya təcrübə keçməyə ezam olunur. Ona tapşırılır ki, “Bakı komendantının ezam etdiyi gizir Talalayevlə birgə Balaxanıda, Binəqədidə,Suraxanıda və Bakıda qara və ağ neft olan quyulara və yeraltı ambarlara baxış keçirsinlər və onların iltizamçısı Tarumovdan dövlət xəzinə təşkilatına alınmasını və quyuların və yeraltı ambarların sayı, vəziyyəti və ambarlarda qalan satılmamış neftin həcmi barədə; bu halda xəzinəyə və iltizamçıya hansı tikililərin və əşyaların məxsus olması barədə; həmçinin Bakıda, Masazırda və Zığda təpəaltı ambarlarda satılmamış və ehtiyat neftin miqdarı və yerləşməsinin rahat olub-olmaması barədə hər ikisinin imzası ilə ətraflı cədvəl hazırlasın”. [ГИА АР, Ф.24, оп.24, д. 390,с.2]. Xəzinə ilk dəfə olaraq neft mənbələrinin inhisar istismarına başladı, il ərzində 210 min pud neft hasil etdi və cəmisi 76 min rub. xalis mənfəət əldə etdi.
N.İ.Voskoboynikovun məlumatına görə ( 1 yanvar 1825-ci il) Bibiheybətin ətrafında M. Tarumova iltizama verilmiş 17 quyu və bir dənə şəxsi quyu var idi; Balaxanıda isə 82 dövlətə məxsus qara neft quyusu. N.Voskoboynikov qeyd edirdi ki, Bakının özündə, şimal qala divarları boyunca 16 daş anbar qurulmuşdur. Ora Abşeronun bütün neft quyularından arabalarla neft gətirilirdi (hal-hazırda bu anbarların yerində Milli Elimlər Akademiyasının Rəyasət Heyətinin binası və Sabir adına şəhər baxçası yerləşir).
Quyuların dərinlikləri müxtəlif rayonlarda eyni deyildi (2-3 m və daha çox), halbu ki, yuxarıda qeyd olunduğu kimi, Abşeronda ayrı-ayrı quyuların dərinliyi 35 m çatırdı. 1825-ci ildə Balaxanı quyularının orta dərinliyi 12 m bir az artıq, Suraxanı - 6,4 m, Bibiheybət - 3 m artiq idi. Yazılı mənbələr və arxıv sənədləri göstərir ki, Abşeron yarımadasında neft quyularının inşa texnikası xaricdəkindən üstün olmuşdur. Quyuların divarları süxurların bərkliyindən asılı olaraq müxtəlif formada olurdu. Süxur bərk olanda quyular tərsinə qoyulmuş ehrama (piramidaya) bənzər çoxpilləli konstruksiyaya malik idilər. N.Voskoboynikovun təsvirinə görə belə neft quyuları aşağıdakı şəkildə tikilirdi. Əvvəlcə çalanı (quyunu) neftin mənbəyinəcən qazırdılar. Bu çalanın yan tərəfində, fəhlələrin qazılmış torpağı aşağıdan bir-birinə ötürməsi üçün, pilləlı yer düzəldilirdi. Pilləli çıxıntıların sayı neft quyusunun dərinliyindən asılı idi, məsələn N.Voskoboynikov göstərir ki, orta dərinliyi 4,5 sajen (9,5 m) olan quyuya 7 pillə qoyurdular. Quyuların diametri müxtəlif süxurlar üçün müxtəlif idi. Quyu divarlarının torpağının dayanıqlığı zəif olan yerlərini uçmaqdan qorumaq üçün onun diametrini bərk torpaq olan yerlərə nisbətən daha böyük edirdilər. Adətən belə quyunun yuxarı hissəsinin diametri 0,6 – 0,9 m, aşağı hissəsi isə daha böyük olurdu və bu səbəbdən quyu dibinə neft axını artırdı. Nefti quyudan qoyun və ya keçi dərisindən hazırlanmış tuluqla dolamaçarxın köməyi ilə çıxarırdılar. Quyuların dərinliyi artdıqca onların hasilatı da artırdı, ona görə də daha iri həcmlı tuluqlar (5 puda yaxın) tələb olunurdu və bu səbəbdən onları at və ya camış dərisindən düzəldirdilər və yer səthinə atla dartırdılar. O ki qaldı quyuların məhsuldarlığına, rəsmi sənədlərdə onlar 3 qrupa bölünürdü: “iri”, “orta” və “kiçik”. N. Voskoboynikova görə quyuların gündəlik məhsuldarlığı 0,5- dən 140 pudacan idi.
Neft layını daha böyük dərinlikdə (35 m) açdıqda kankan quyusu gündəlik neft axınının daimiliyini təmin edirdi. Bununla əlaqədar neft təsərrüfatını daha mürəkkəb və mükəmməl təşkil etmək tələb olunurdu. Çıxarılan nefti yığıb saxlamaq üçün aralıq tutuma ehtiyac yarandı, yəni quyunun yanında açıq torpaq və ya daşla hörülmüş dəyirmi və dördkünc formada anbarlar tikilirdi. Qapalı anbarların divarlarını daş və ya kərpiclə hörürdülər. Bu anbar dolduqda ondan nefti daha iri həcmlı tutumlara nəql edir və istehlak bazarlarına göndərirdilər. 1825-ci ildə Bakı rayonunda 35 daş anbar var idi, ondan 13 mədən ərazisində və 22 şəhərdə idi. Quyuları tıkərkən əmək bölgüsü baş verdi, belə ki, neftin axtarışı, quyuların inşaası, neftin çeşidlənməsi və nəqli, neft anbarlarının tikintisi və təmizlənməsi ilə xüsusi adamlar məşğul olmağa başladılar.
“Dağ-mədən jurnal”ında (1827-ci il) o, qeyd edir: ”Abşeron yarımadası ağacsız və demək olar məhsul verməyən torpaq zonasıdır. Təbiət bu ölkənin çatışmamazlıqlarını bol neft və duz mənbələri ilə əvəz edib;onlar nəinki əhalinin tələblərini ödəyir, həttda onların var-dövlətini arırır.Qara neft isə qara qatrandır.O əsasən torpağın içinə axır,amma müxtəlif hündürlükdə günəş işığına və hətta dəniz dibinə çıxır”. Sonra N.Voskoboynikov хəbər verir ki, “1825-ci ildə Baki əyalətində orta dərinliyi 5 sajendən artıq, illik hasilatı 21085 pud olan 125 neft quyusu fəaliyyət göstərir”. (Sonralar N.Voskoboynikov Bakı neft və duz mədənlərinin müdir vəzifəsini tutacaq (1825 və 1834-38-ci illər) və bu Azərbaycan neftinin inkişafına müsbət təsir göstərəcək. Neft hasilatı, tədqiqatı, saxlanılması, daşınması, təhvil vermə sahəsi üzrə geniş hərəkət planı işlənməsi onun əsas xidmətlərindəndir. Hökumət adamlarının N.Voskoboynikova qarşı maneçiliyinə baxmayaraq, o, Abşeronda neft sənayesinin yaranmasına və inkişafına səbəb olan bir sıra tədbirlər həyata keçirmişdir. Yəni betonlaşma, Suraxanı neftinin emalı vasitəsilə işıqlandırıcı kerosinin əldə edilməsi üçün qurğu, neft anbarlarında bölmə vasitəsilə hesabat aparmaq, evləri, küçə və dəniz fənərlərini işıqlandırmaq üçün, habelə gəmilərin su üstü hissələrinin tikilməsində istifadə olunan tikintiyə yarar ağacların hopdurulması məqsədilə skipidar, qatran və balıq yağı yerinə ağ və qara neftin istifadəsi kimi təkliflər N. Voskoboynikova məxsus olmuşdur.
Qafqazda neftin istifadəsi haqqında məlumatın yığılması ilə məşğul olan Zaqafqaziya sənayeyə və ticarətə dəstək cəmiyyəti 1837-ci ildə N.Voskoboynikovun təşəbbüsü ilə yaranır. Bu cəmiyyətin fəaliyyəti Azərbaycanda və bütün Cənubi Qafqazda neftin təhvil verilməsinin yaxşılaşdırılmasına səbəb olur.
Azərbaycan ustalarının kankan üsulu ilə quyu qazımaq təcrübəsindən Rusiyanın digər bölgələrində də istifadə olunmuşdur. XIX əsrin əvvələrində Abşeron yarımadası ilə yanaşı Taman yarımadasında olan neft quyuları da sahibkarları cəlb edirdi. Yeni neft yataqları aşkar etməklə neftli sahələri genişləndirmək və neft hasilatını mövcud quyulardan artırmaq məqsədilə Qaradəniz kazak ordusunun rəhbərliyi bakılılar Kərbalayi Yusif Əmirbəy oğlu və Hacı Nəbi Səfi oğlunu dəvət etmiş və onlar Kubandakı (Ekaterinador) əməklərinə görə 1833-cü ildə “ Neftin aşkarlanmasında və quyuların qurulmasında səylərinə və əməklərinə görə” çar fərmanı ilə gümüş medalla təltif olunmuşlar.
Neft mənbələrini əlinə keçirdıkdən sonra çar hökuməti neft texnikasının təkmilləşdirilməsinə qayğı göstərmirdi. Neft mədənlərinin idarə olunmasının çətin bir iş olduğunu görən hökumət neft quyularını yenidən iltizama verməyə tələsdi. 1826-1834-cü illərdə xəzinə yenidən neft quyularını şəxsi adamlara iltizama verir və bundan ildə 91-97 min rub. gəlir əldə edir. O zamanlar Bakı rayonunda artıq 82 quyu fəaliyyət göstərirdi, neftin hasilatı isə ildə 340 min puda (5570 tona) qədər artdı.
1834 –cü ildə iltizam müddəti başa çatdı, lakin elan olunmuş satışa heç bir sahibkar gəlmədi və xəzinə 1850-ci ilədək neft mənbələrini özü istismar etməyə məcbur oldu. Dövlət Əmlakı Nazirliyinin Dövlət Əmlakının Xəzər palatasının 1842-ci il üçün məlumatına əsasən Abşeronda hər il 221 min pud (3776 ton) neft verən 136 quyu fəaliyyət göstərirdi. Həmdə nəzərə almaq lazımdır ki, hasil olunan neftin böyük hissəsi Rusiyaya yox, İrana daşınırdı. Quyuların ən dərini 14 sajen idi. Quyuların sayının artmasına baxmayaraq XIX əsrin 40-cı illərinin birinci yarısında illik neft hasilatı 220 min pud (3600 ton) səviyyəsində idi. Lakin 40-cı illərin ortalarından başlayaraq neft hasılatı artmağa başladı və 1850-ci ildə 260-270 min puda (4260-4420 tona) çatdırıldı.
Gəlirləri artırmaq üçün çar hökuməti və iltizamçılar neft satışına yüksək qiymət qoyurdular. Beləki, məsələn 14 noyabr 1839-cu ildə “Əlahəzrətin göstərişi” ilə Balaxanıda neftin bir puduna 35 qəp. qiymət qoyulmuşdu. 1846-cı ilin yanvarında Qafqaz canişini knyaz Vorontsov Xəzər palatasına neftin dəyərinin hər pudunu 40 qəp. qədər qaldırmağı əmr etdi, 1847-ci ilin əvvəlində isə Şamaxı ticarət palatısına tapşırdı ki, neftin artıq hər pudunu 45 qəp. satsınlar.
Məşhur fransız yazıçısı Aleksandr Düma (ata) 1858-ci ildə Bakıda və Abşeronda olarkən gördüklərini belə təsvir etmişdir: “...Sonra biz böyük quyulara baxmağa getdik. Quyular dərin idi, ən dərini 60 futa yaxın idi, ondan nə vaxtsa su çıxarırdılar. Su bir az şoran imiş, lakin o da yoxa çıxıbmış. Nə baş verdiyini öyrənmək üçün quyuya yandırılmış kəlitkə (lif) atmışlar və quyu o dəqiqə alovlanmışdır, indiyədək də sönməyib. Quyunun içinə əyilmək təhlükəlidir, çünki buxarlanmadan baş gicəllənə bilər, ayaqlar yerdən üzülər və siz quyunun yanan hissəsinin qurbanı olarsınız. Ona görədə quyu məhəccərlə əhatə olunmuşdur. Digər quyuların ağzı yerlə bərabərdir. Onların üzərinə barmaqliq qoyulub, barmaqlığın üzərinə isə daş düzüblər. Bu daşlar 12 saatdan sonra istidən gipsə dönüblər”.Sonra Düma yazırdı: “...Dünyanın çox yerində neft çıxarılır. Lakin onun ən böyük mənbələri Bakı və onun ətrafındadır. Şəhərin ətrafında dənizin bütün sahil boyu dərinliyi 3-20 m olan quyular qazılmışdır; neftin hopduğu merkel (gilli-əhəngli süxur) qatından keçərək ağ və qara neft ayrılır. İldə 100 min sentner neft hasil edilir. Bu nefti İrana, Tiflisə və Həştərxana göndərirlər”.
Do'stlaringiz bilan baham: |