1950-1969-cu illər - “Neft Daşları” yatağının istismara verilməsi ilə dünyada
dəniz neft sənayesinin inkişafının əsasının qoyulması dövrü
“Neft Daşları”ndan neftlə dolu ilk tanker 1951-ci ildə yola salındı. 1952-ci ilin əvvəllərində isə artıq 6 kəşfiyyat quyusundan neft istehsal olunurdu. Dənizin su səthinin 40 m-ə qədər dərinliyində estakadaların tikintisi aparılır və yatağın işlənməsi bu estekadalardan “kol” üsulundan istifadə etməklə maili quyuların qazılması yolu ilə həyata keçirilirdi. Belə maili quyuların qazılması dənizin su qatının hətta 60 m dərinliyində olan hissələrindən yatağin istismar olunmasına imkan verirdi. “Kol” üsulu ilə hər meydançadan 24-32 ədəd quyu qazılir, quyudibi məsafə isə şaquli xətdən 2000 m –dən artıq yana ola bilərdi.1950- 1960-cı illər ərzində dənizin 12-16 m dərinliyində 163,4 km uzunluğunda estakadalar tikilib istifadəyə verildi. 1980 –ci ilədək isə “Neft Daşları”nda inşa edilmış estakadaların ümumi uzunluğu 180 km təşkil edirdi. Hal-hazırda “Neft Daşlarında” 200 stasionar platforma var, küçələrin və döngələrin uzunluğu 350 km-ə çatır. Ötən 60 il ərzində burada 2000 yaxın quyu qazılmış, 160 mln. ton neft və 13 mlrd. kub m. səmt qazı hasil edilmışdir. Burada indi 380 istismar quyusu fəaliyyətdədir, orta hesabla hər quyu gündə 5 ton neft verir. “Neft Daşları” adi mədən deyil, dəniz girdabında özünəməxsus kommunikasiyası, nəqliyyatı, yaşayış evləri və s. olan bir şəhərdir.
1950-1960-ci illərdə dəniz axtarış-kəşfiyyat qazma işlərinin texnika-texnologiyası, hidrotexniki neft qurğularının tikintisi, dəniz neft hasilatının infrastrukturu müvəffəqiyyətlə inkişaf etdirilirdi. Bu illər Xəzər dənizinin əsas neft-qaz strukturları müəyyənləşdirildi. İri bloklu dəniz özüllərin tətbiqi – “Pirallahı”, “Darvin Bankası”, “Gürgan-dəniz”, “Çilov-dəniz”, “Palçıq pilpiləsi”, “Səngəçal-dəniz”, “Duvannı-dəniz”, “Bulla adası”, “Cənub”, “Bahar” və b. yeni neft yataqlarının sənaye istehsalına daxil edilməsinə imkan verdi. Bu strukturlarin bir çoxunda hələ 1949-1950-ci illərdə kəşfiyyat işləri aparılmışdı, lakin sənaye əhəmiyyətli neft və qaz alınması mümkün olmamışdı. Yalnız neft-qaz strukturlarının kəşfiyyatının geoloji-geofiziki üsulları düzgün seçildıkdən sonra, açılmış yataqların birbaşa qiymətləndirilməsinə və istismara verilməsinə imkan yarandı.
Kompleks mühəndis və elmi-texniki tədbirlərin tətbiqi sayəsində bu yataqlara xeyli əsaslı kapital qoyuluşu həyata keçirildi, yüksək əmək məhsuldarlığı əldə edildi, hasil edilən neftin maya dəyəri aşağı salındı.
Lakin, 1953-cü ildə Stalinin ölümündən sonra SSRİ rəhbərliyində baş verən hərc-mərcliklərdən istifadə edən, İttifaqın rəhbər dairələrində məsul vəzifələr tutan və azərbaycan xalqına qarşı qərəzli mövqedə olan bəzi bədxah qüvvələr Azərbaycan neft sənayesinin inkişaf prosesini zəiflətmək üçün bütün səviyyələrdə fəallıq nümayiş etdirdilər və buna müəyyən qədər nail oldular. Azərbaycanda neft sənayesinin guya artıq tənəzzülə uğraması və gələcəkdə heç bir perspektivə malik olmaması kimi iyrənc fikirlər çox yüksək səviyyədə SSRİ rəhbərliyinin nəzərinə çatdırılmağa başlanıldı. Nəticədə 1954-cü ilin 9 iyulunda SSRİ Nazirlər Sovetinin “Neft sənayesinin inkişafı ilə bağlı tədbirlər haqqında” verdiyi qərarla, 1955-ci ildə Azərbaycan neft sənayesinə yönəldilən əsaslı kapital qoyuluşunun həcmi birdən-birə 2,2 dəfə azaldıldı. Bununla bağlı, həmən il 1954-cü illə müqayisədə neft hasilatı 2,2 dəfə, kəşfiyyat qazmasının həcmi isə 4,4 dəfə azaldı. Kapital qoyluşunun kəskin aşağı salınmasına baxmayaraq, 1955-ci ilin neft-qaz planı əvvəlki səviyyədə saxlanilirdı ki, buda onsuzda uzun illər amansız istismar olunan neft yataqlarını daha da pis vəziyyətə salırdı. Bu qərar təkcə Azərbaycan neft sənayesinə deyil, onun ümumi iqtisadiyyatına və gələcəyinə vurulan ağır zərbə idi. Beləki , ölkənin iqtisadi potensialının əsas bazası olan ağir sənaye sahələrinin inkişafı bir başa ( neft-qaz çıxarma və onun infrastrukturu, neft emali, neft kimya, neft maşınqayırma, energetika və d. sahələr) neft və qaz hasilatının artması ilə bağlı idi və bu qərəzli fikirlər həyata keçirilsə idi, respublikanın gələcəkdə sənaye ölkəsindən aqrar ölkəyə çevrilməsi təhlükəsi ortaya çıxırdı və Azərbaycan xalqının intellektual və elmi –texniki səviyyəsinin inkişafına ciddi təsir göstərə bilərdi. Bu azmış kimi, ardınca , 1956 –cı ilin sonunda SSRİ Plan Komitəsinin sədr müavini Mkrtıçyan Sov.İKP MK yaninda Partiya Nəzarəti Komitəsinin sədri N.Şvernikə Azərbaycan neft sənayesinin ölkə iqtisadiyyatı üçün səmərəsiz olduğu barədə müraciət məktubu göndərir və əsas dəlil kimi guya azərbaycan neftinin maya dəyərinin çox yuxarı olmasını göstərir. Əlbəttə bu heç bir çərçivəyə sığmayan ağ yalan idi və yalnız “təxribat” kimi qiymətləndirilməlidir. Yalnız Azərbaycan rəhbərliyinin işə qarışması və SSRİ rəhbərliyinin vəziyyəti düzgün qiymətləndirməsi nəticəsində bunun qarşısı alınır.
Bütün bu hərəkətlərə baxmayaraq azərbaycan neftçiləri yorulmadan sahənin inkişfında yeni uğurlar qazanırdılar. 50-ci illərin ortalarında “Dənizneftlayihə” institutunun əməkdaşları dənizin 20-26 m dərinliyində qazma işləri aparmaq üçün qurğunun layihəsini hazırladılar və 1957-ci ildə bir qurğu hazırlanıb istismara verildi. 1958-ci ildə isə institutun layihəsı əsasında “Qipromos” adlı yeni fərdi özüllər hazırlanıb bu cərgəyə daxil edildi. 50-ci illərin sonunda Xəzər dənizinin 10 yatağında kəşfiyyat və istismar qazıması ışləri aparmaq üçün 400- dən artiq iri metal özüllər fəaliyyət göstərirdi.
Dənizdə neft işlərini uğurla aparmaq üçün həmçinin dəniz neft donanmasının yaradılmasına ehtiyac duyulurdu. SSRİ Neft Sənayesi Nazirliyinin 1949-cu il 4 noyabr tarixli əmri ilə üzən vasitələr Baş idarəsi, həmən nazirliyin 1953-cü il 22 yanvar tarixli əmri ilə Xəzərdənizneftdonanma idarəsi yaradıldı. 1954-cü ildə bu idarənin balansında 170 müxtəlif təyinatlı üzən vasitə var idisə, 1955-ci ildə artiq bu rəqəm 213-ə yüksəlmişdi.
Dəniz neft yataqlarının istismar tarixində digər vacib hadisələrdən biri də 1958-ci ilin avqust ayının 7-də Azərbaycan SSR Nazirlər Sovetinin qərarına əsasən elan olunmuş “Dənizin su qatının 25-100 m dərinliyində kəşfiyyat və istismar işləri aparmaq üçün dəniz özülünün hazırlanması barədə” keçirilən müsabiqə ilə əlaqədar “Dənizneftlayihə” institutunun layihələndirdiyi, 1800 m dərinliyə struktur-axtarış qazıması işləri aparmağa qadir olan fərdi üzən qazıma qurğusu oldu.
Dənizdə neft hasilatını artırmaq üçün dıgər üsullar da axtarılırdı. Dənizin sahilə yaxın hissəsində estakadaların və fərdi üzən özüllərin səmərəli olmadığı yerlərdə işləmək üçün, azərbaycan alim və mühəndisləri tərəfindən müasir hidrotexnikanın ən son nailiyyətlərini istifadə etməklə müasir bəndlər (damba) layihələndirildi və ilk dəfə Xəzər dənizinin Qaradağ rayonu ərazisində neft yataqlarının işlənməsində istifadə olundu. 1960-cı ildə bu yolla uzunluğu 6 km-ə çatan 6 bənd hazırlandı və 18 neft quyusu qazıldı. Həmçinin bu illər dəniz qurğularını aşınmadan qorumaq üçün alimlər və mütəxəssislər tərəfindən aşınmaya qarşı çox səmərəli vasitələr hazırlandı və tətbiq olundu.
Sahənin texniki cəhətdən yaraqlanması ilə yanaşı, respublikanın neft sənayesinin idarə olunması strukturunda da dəyişikliklər baş verirdi. SSRİ Ali Soveti Rəyasət Heyətinin 1954-cü il 18 may və SSRİ Nazirlər Sovetinin 1954-cü il 13 iyun tarixli qərarlarına əsasən və müvafiq olaraq Azərbaycan SSR Ali Sovetinin və Nazirlər Sovetinin 1954-cü il 26 iyul tarixli müvafiq qərarları ilə respublikanın Neft Sənayesi Nazirliyi yaradıldı.
Dənizdə yeni neft və qaz yataqlarının açılması o demək deyidi ki, quruda bu işlər davam etdirilmir. 1950-1960-cı illər ərzində Azərbaycanın quru sahəsində dərin qazıma üsulu ilə Kürovdağ, Mişovdağ, Qarabağlı, Qalmaz, Qaradağ və b. bu kimi bir sıra iri neft və qaz yataqları kəşf edilib istismara verildi.
1955-ci ilin əvvələrində Bakının cənub-qərbində Xəzər dənizinin sahilində yerləşən Qaradağ yatağında kəşfiyyat quyusundan çüclü qaz fontan vurdu. Qazla bərabər quyudan böyük miqdarda kondensat da gəlirdi. Qaradağın açılması (o illər SSRİ-də ən iri qaz-kondensat yataqlarından biri) Azərbaycanda yüksək məhsuldarlı qaz laylarının axtarışı və kəşfiyyatının yeni mərhələsinin başlanğıcı oldu. 1957-ci ildə bu böyük qaz-kondensat yatağının (16,5 mlrd. kub m) işlənilməsinə başlanıldı. Qaradağ-Bakı, Qaradağ - Kirovabad (Gəncə)-Ağstafa-Tbilisi- və Ağstafa - İrəvan magistral qaz boru kəmərləri çəkildi.
1960-cı ilədək Xəzər dənizində neft hasilatında aşağıdakı üsullaradan istifadə olunurdu:
- dəniz sahilində quyuların qazılması;
- dənizdə qumdan süni adaların yaradılması;
- fərdi özüllərin üstündən quyuların qazılması;
- estakada yanı meydançalardan quyuların qazılması.
Qazıma və təqiqatlar zamanı geoloji-kartoqrafik, geofiziki kəşfiyyat, seysmik kəşfiyyat və struktur axtarışı üsulları tətbiq olunurdu. Bundan başqa, dəniz neft mədənlərində “kol” üsulu ilə maili qazıma, iki gövdəlili qazıma üsulları və neft hasiltnda isə əsasən fontan üsulu tətbiq olunurdu. 1955-1960-cı illərdə dəniz yataqlarından hasil edilən neftin 70%-i, “Neft Daşları”ndan çıxarilan neftin isə 91%-i fontan üsulunun payına düşürdü. Sonralar azərbaycan neftçilərinin Xəzərin ağır şəraitində axtarış və istismar sahəsində tətbiq etdikləri üsullar başqa dəniz sahili yerlərdə və Sibirin zəngin neft və qaz yataqlarının cəmləşdiyi bataqlıq və su basan ərazilərdə də geniş tətbiqini tapmışdır.
1961-ci ildə bir qrup azərbaycan alim və neftçiləri dəniz neft yataqlarının mənimsənilməsində göstərdikləri müstəsna xidmətlərinə görə ən ali mükafata- Lenin mükafatına layiq görüldülər.
1966-cı ildə SSRİ-də ilk dəfə olaraq iki və habelə daha çox layın bir quyu ilə eyni zamanda ayrı-ayrılıqda istismar edilməsinin texnologiyası işləndi. 1968-ci ilin dekabrında “Neft Daşları”nda 2040 metr mailliklə quyu qazıldı ki, bu da o vaxt üçün Avropa rekordu sayılırdı. “Neft Daşları” yatağının açılmasından sonra bir necə il müddətində güclü Neft Donanması yaradıldı, estakada tikintisinin yeni bazaları, metalkonstruksiya hazırlanması üzrə sahələr işə salındı və bunlar da dənizin 25 metr dərinliyində 20 metr aralıqları olan estakadaların tikilməsinə imkan verdi. «Dənizneftqazlayihə» DETLİ-nin köməyi ilə ağır işlərin mexanikləşdirilməsinə nail olundu və nəticədə estakada tikintisində sürət artdı, bu isə Xəzərin daha böyük dərinlikləri istiqamətində, “Neft Daşları” yatağından cənub-şərqdə yerləşən perspektivli strukturlarda geoloji-kəşfiyyat işlərinin aparılmasına imkan verdi.
1966-cı ildə Kürsəngidə yeni neft-qaz yatağı kəşf edilmiş, 1969-cu ildə «Səngəçal–Duvannı», «Xərə–Zirə» və «Bahar» yataqları istismara verilmişdir.Nəticədə, 1964- 1968-ci illərdə respublikada neft hasilatının həcmi ildə 21 mln. tona qədər artırıldı.
Ona görə də 1950-1968-ci illəri Azərbaycan neft sənayesinin tarixində üçüncü “canlanma” dövrü adlandırmaq olar. Bu dövrdə Azərbaycan Cənubi Qafqazın yanacaq bazasına çevrilmışdı, ondan enerjidaşıyıcıları (neft,neft məhsulları, qaz) qonşu dövlətlərə - Ermənistana və Gürcüstana mineral sudan da ucuz qiymətə göndərilirdi.
1969-1991-ci illər – Ümümmilli lider Heydər Əliyevin Azərbaycana ilk rəhbərliyi zamanı ölkə iqtisadiyyatının, o cümlədən neft və qaz sənayesinin bütün sahələrinin dinamik inkişaf dövrü.
Bu illər Azərbaycan neft və qaz sənayesinin tarixində, xüsusən dəniz neftinin hasilatının inkişaf tarixində yeni bir dövr başlayir.
1969-cu ilədək Azərbaycanda respublikanın iqtisadiyyatında əsasını təşkil edən və Moskvadan mərkəzləşdirilmiş şəkildə idarə olunan Neft Sənayesi Nazirliyi fəaliyyət göstərirdi. Bu nazirlik bir tərəfdən Azərbaycan SSR Nazirlər Sovetinə, dıgər tərəfdən isə SSRİ Neft Sənayesi Nazirliyinə tabe idi.
Əlbəttə, Azərbaycanda dəniz sahəsində neftçıxarmanın inkişaf etdiyi, quruda isə əksinə neft hasilatının azaldığı bir zamanda belə bir idarəçilik üsulunun saxlanması artıq mərkəzi qane etmirdi və məqsədəuyğun sayılmırdı. Ona görə də 1970-ci ildə bu nazirliyin yerinə respublikada iki yeni istehsalat birliyi- “Azərneft” və “Xəzərdənizneft” yaradıldı. “Azərneft” İB-nə respublikanın quru sahəsində, “Xəzərdənizneft” İB-nə (sonralar - “Xəzərdənizneftqazsənaye” Ümumittifaq İstehsalat Birliyi) isə SSRİ-nin Xəzər dənizi akvatoriyasının bütün sektorlarında (məhz həmən il Xəzərin SSRİ-yə məxsus hissəsi 4 respublika – RSFSR, Qazaxıstan SSR, Azərbaycan SSR və Türkmənistan SSR arasında sektorlara bölünmüşdü) geoloji-kəşfiyyat, qazıma, yataqların işlənməsi , istismarı və sahə ilə bağlı digər işlərlə məşğul olmaq həvalə olundu.
1971-ci ildə respublikada, neftin Azərbaycanda sənaye üsulu ilə hasilatına başlanandan bəri ilk milyard ton neftin çıxarılması təntənəli şəkildə qeyd olundu.
1970-1980-ci illərdə dəniz neft sənayesinin infrastrukturunun müasirləşdirilməsi sahəsində Heydər Əliyev tərəfindən çox mühüm və Azərbaycanın bü gününə hesablanmış böyük işlər görüldü.
1970-ci ilə qədər Xəzər dənizində istifadə olunan texniki vasitələr dənizin dərinliynin 40 m-də işləməyə imkan verirdi və Xəzər dənizinin Azərbaycan sektorunda bu dərinliklərdə olan perspektiv strukturlardakı neft və qaz yataqları demək olar ki, kəşf olunmuşdu. Dəniz neft və qaz sənayesinin gələcək inkişafı dənizin daha dərin hissəsində yeni yataqların axtarışından asılı idi. Ona görədə bu illər əvvəlcə dənizin 70 m dərinliyində kəşfiyyat-qazıma işləri aparmağa imkan verən “Xəzər” tipli üzən qazıma qurğuları alındı və bu da “Bahar” və “Bulla-dəniz” qaz-kondensat yataqlarının açılması ilə nəticələndi.
Sonra isə dənizin 200 metrdən çox dərinliyində işləməyə imkan verən “Şelf” tipli ən müasir yarımdalma üzən qazma qurğularının alınması nəticəsində dərinsulu sahələrdə zəngin neft və qaz yataqlarının kəşf olunmasına imkan yarandı. Bu qurğular müstəqillik dövründə «Dədə Qorqud» və «İstiqlal» qurğularının yaranması üçün təməl rolu oynadı. 80-ci illərdə üzən qazma qurğularının sayı artıq 11-ə çatdı və onlardan səmərəli istifadə olunması nəticəsində Xəzər dənizinin Azərbaycan sektorunda dənizin 80-350 metr dərinliyində zəngin neft ehtiyatlarına malik “Günəşli” (1979), “Çıraq” (1985), “Azəri” (1987), Kəpəz (1989) və başqa yataqlar (Şərqi-Livanovo yarğanı - dənizin Türkmənistan sektorunda, Qayalı dəniz - Qazaxıstan sahillərində) kəşf olundu.
Həmçinin dənizdə çətin əməliyyatların aparılmasının təşkili məqsədilə 1970-1980-сi illərdə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və yorulmaz fəaliyyəti nəticəsində Xəzərdənizneft donanması üçün çoxlu sayda müxtəlif təyinatlı gəmilər- qaldırıcı gəmi-kranlar, borudaşıyan gəmilər, seysmik, sərnişin daşıyan və s. gətirildi. Xəzərdə «Süleyman Vəzirov», «İsrafil Hüseynov» kimi borudüzən gəmilər, 2500 ton yük qaldıra bilən «Azərbaycan» kran gəmisi, geofiziki kəşfiyyat gəmiləri və başqa texniki üzən vasitələr fəaliyyətə başladılar .Ümumiyyətlə, o illərdə Xəzərdə 75 növdə 400-dən çox gəmi fəaliyyət göstərirdi.
Neft-qaz sənayesində tətbiq olunan yeniliklər tezliklə bəhrələrini verdi: yeni kəşf olunan neft və qaz yatağları hesabına neft ehtiyatları 2, qaz ehtiyatları isə 3 dəfə artırıldı. 1975-ci ildə neft və qazın ümumi hasilatı respublika üzrə 27,1 mln. ton şərti yanacağa çatdırıldı. Neft hasilatının azalma sürəti qısa müddət ərzində nəzərəçarpacaq dərəcədə aşağı endi. 1975-ci ildə isə «Bulla-dəniz» yatağının işlənilməsinə başlanıldı. «Bulla-dəniz» və «Bahar» kimi qaz-kondensat yataqlarının kəşf edilməsi nəticəsində 1981-ci ildə Azərbaycanda rekord həcmdə - 15 mlrd. kub m.qaz hasil edildi. Bu qaz yataqlarından hasil olunan qazın bir hissəsi o vaxtlar “Dostluq kəməri” adlanan boru xətti ilə Ermənistana və Gürcüstana ötürülürdü.
Həmin dövrdən başlayaraq Azərbaycan neftçiləri Xəzər dənizinin bütün sektorlarında axtarış – kəşfiyyat işlərinin aparılmasına başladılar. 1970-1988-ci illər ərzində «Xəzərdənizneftqaz» İstehsalat Birliyi tərəfindən Xəzərin şimalından başlamış cənubuna qədər geoloji – kəşfiyyat işləri aparılmış və dərin quyular qazılmışdır. Azərbaycan geofizikləri tərəfindən isə 350-yə qədər perspektivli struktur aşkar edilmişdir.
SSRİ-də ilk dəfə olaraq 1975-ci ildə Balaxanıda istifadəsiz qalmış neft mədənləri sahəsində neft şaxtasının tikintisinə başlandı və bu qeyri-adi üsul “1976-1980-ci illərdə SSRİ xalq təsərrüfatının inkişafının əsas istiqamətləri” Proqramına daxil edildi. Şaxta üsulu ilə neft hasilatı texniki və texnoloji baxımdan ənənəvi üsullardan fərqli idi və azməhsuldarlı, enejisini itirmiş dayaz kollektorlarin işlənməsində layların neftvermə imkanlarını artıra bılər. Lakin çoxsaylı texniki problemlərin həll olunmaması ucbatından onun tikintisi sona çatdırılmadan 1986-cı ildə dayandırıldı.
1977-ci ildə neft hasilatı ilə bağlı olmasa da, lakin Yer təkinin geologiyasının öyrənilməsi, böyük dərinliklərdə mineral və enerji mənbələrinin aşkara çıxarılması və qazma elminin, texnikasının və texnologiyasının inkişafı və təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyan , 15000 m dərinliyə qazılması nəzərdə tutulan Saatlı quyusunda qazıma işlərinə start verildi (quyu 8229 m dərinliyə qədər çatdırılmış (bu Azərbaycan ərazisində qazılmış ən dərin quyudur), lakin bu dərinlikdə qazıma alətinin tutulması nəticəsində qəza vəziyyətinə dümüşdür və 1989-cu ildə ləğv edilmişdir). Dünyanın cəmi 5 ölkəsində (ABŞ, SSRİ, Kanada, AFR və Yaponiyada) qazılması planlaşdırılmış 11 quyudan (onun 2-si SSRİ-nin öhdəsinə düşmüşdü, ikinci quyu Kola yarımadasında qazılmışdır) birinin respublikamızın payına düşməsi bu sahədə çalışan Azərbaycan alimlərinin və mühəndis-texnik işçilərinin bacarığına olan yüksək etimadın təzahürü kimi qiymətləndirilməlidir. Təsadüfü deyildir ki o illər Bakını Sovet İttifaqının “Neft Akademiyası” adlandırırdılar.
Burada bir məqamı qeyd etmək lazımdır ki, o illər Azərbaycanın neft-qazçıxarma müəssisələri SSRİ-nin ayrı-ayrı nazirliklərinin tabeliyinə verilmişdi. “Azərneft”İB –yi SSRİ Neft Sənayesi, “Xəzərdənizneftqaz” İB-yi isə SSRİ Qaz Sənayesi nazirlikləri tərəfindən idarə olunurdular. 80-ci illərdə Xəzər dənizinin Azərbaycan hissəsində yeni perspektiv yataqlar (Günəşli, Azəri, Çıraq və s.) aşkar edildiyi halda, quru sahəsində bu bir o qədər də müşayət olunmurdu. Bununla əlaqədar, 1986-cı ildə SSRİ Neft Sənayesi Nazirliyi tərəfindən Azərbaycanın quru sahəsinə əsaslı vəsaitin qoyulmasının səmərə vermədiyi əsas gətirilirdi ki, buda neft sənayesi və onunla bağlı olan diğər sənaye sahələrinin ləğv olunmasına və respublikanın sonda sənaye-aqrar ölkədən aqrar-sənaye ölkəsinə çevrilməsinə gətirib çıxara bilərdi. Moskvadan Heydər Əliyevin təkidi ilə Azərbaycana gələn nazir, burada ona təqdim olunan hesabat sənədləri və aparilan işlərlə yaxından tanış olduqdan sonra, öz fikrini dəyişmiş və quru neft sənayesinin rentabelliyini artırmaq üçün yeni quyuların qazılması təklifi ilə razılaşmışdır.
Ancaq bunu da qeyd etmək lazımdır ki, 1982-ci ildə Heydər Əliyevin SSSİ Nazirlər Sovetinin birinci müavini təyin edilməsi ilə əlaqədar respublikadan getməsi və “yenidənqurma”nın yaratdığı siyasi-iqtisadi təzadlar respublikanın iqtisadiyyatinda, o cümlədən neft sənayesində də müəyyən geriləmələrə səbəb oldu. Beləki, SSRİ- nin süqutu ərəfəsində 1990-cı ildə Azərbaycanda neft hasilatı 12,9 milyon ton, qaz isə 8 milyard kub metr təşkil etmişdi.
Deyilənlərə yekun kimi qeyd etmək olar ki, sovet dövrü Azərbaycan neft sənayesi tarixində olduqca mühüm mərhələ təşkil edir. Sovet imperiyası Azərbaycanın neft sərvətlərindən səmərəli bəhrələnmək üçün geniş imkanlar açmış, böyük maddi-texniki baza yaratmış, bacarıqlı mütəxəssislər, peşəkar neftçilər nəsli yetirmiş, onların köməyi ilə yeni zəngin yataqları aşkara çıxarmış, neft hasilatında və emalında ən mütərəqqi üsulların tətbiqinə nail olunmuşdur. Bu dövrdə ölkəmizdə neft maşınqayırma, neft-kimya, energetika və sənayenin digər sahələri də sürətlə inkişaf etmiş və bu sahələrlə bağlı güclü elmi-texniki baza yaradılmışdır. Azərbaycan iqtisadiyyatı neftin və neft məhsullarının hətta ən aşaqı qiymətlərlə satışı zamanı SSRİ iqtisadiyyatına gəlir gətirmiş, yəni 15 respublika arasında Rusiya Federasiyasından sonra müsbət saldo ilə işləyən yeganə respublika olmuşdur.
Lakin, bütün bu nailiyyətlərlə yanaşı, sovet dövründən Azərbaycan neft sənayesinə ciddi ekoloji problemlər də miras qalmışdır və indi onların həlli üçün hədsiz ölçüdə maliyyə vəsaitlərinin qoyulması tələb olunur və bu vəsaitlər xərclənir.
Do'stlaringiz bilan baham: |