Açar sözlər: Əmin Abid, “Kitabi Dədə Qorqud”, Oğuznamə, qorqudşünaslıq, repressiya, ədəbi oğurluq.
Giriş
“Kitabi-Dədə Qorqud” yazılan kitabların və məqalələrin siyahısını gözdən keçirən oxucuda elə təsəvvür yaranar ki, daha qaranlıq bir məsələ qalmayıb, mövzu gen-bol araşdırılıb. Son illər mövzu ilə bağlı nəşr edilən məqalə və kitablar və alimlərin toplantılarda söylədikləri öyrənilməmiş bir çox problemlərin qaldığını göstərir. Ətraflı araşdırılmamış mövzulardan biri də Azərbaycanda “Kitabi Dədə Qorqud”un ilk araşdırcısı Əmin Abidin yaradıcılığıdır.
20-ci yüzilliyin birinci yarısında yaşamış ədəbiyyatşünas alim Əmin Abid haqqında dəyərli araşdırmalar aparmış, onun əsərlərini toplayıb nəşr etdirmiş prof. Bədirxan Əhmədov yazır: “Şair, alim, ədəbiyyatşünas və folklorşünas tədqiqatçı, qorqudşünas və axundovşünas, görkəmli ədəbiyyat tarixçisi Ə.Abid zəngin elmi irs qoyub getmişdir. Sistemli araşdırmaların məhsulu olan bu elmi irs hələ tədqiqatçılar tərəfindən hərtərəfli araşdırılmamışdır” (Əhmədov B., 2007:9).
-
“Kitabi-Dədə Qorqud”un öyrənilməsində və tanıdılmasında Əmin Abidin rolu
Əmin Abidin “sistemli araşdırmaların məhsulu olan bu elmi irsi”nin hərtərəfli öyrənilməməsindən və təbliğ edilməməsindən prof. Bədirxan Əhmədovun rahatsız olması heç də təsadüfi deyil. Onun arxasında çox mətləblər durur. 1929-30-cu illərdə Tbilisidə və Bakıda “Kitabi Dədə Qorqud”la bağlı iki dəyərli məqalə - “Türk el ədəbiyyatına elmi bir baxış (“Oğuznamə”)” (Abid Ə., 1929:5-8) və “Əşirət dövründəki Azərbaycan ədəbiyyatına dair vəsiqələr” (Abid Ə., 1930:3) adlı məqalələri nəşr etdirən, heca vəzninin tarixi və bayatılarımızı öyrənərkən “Kitabi Dədə Qorqud” dan da bəhs edən, 1927-ci ildə tamamladığı çoxcildlik “Azərbaycan ədəbiyyatının tarixi” əsərinin birinci cildinin (AMDƏİA, fond 130, siyahı 1) böyük qismini əvəzsiz abidəmizə həsr edən Əmin Abidin nə zəhməti lazımınca dəyərləndirilib, nə də əsərləri gərəyincə təbliğ olunub. Ürək ağrıdıcı haldır ki, texniki tərəqqinin bugünkü inkişaf mərhələsində, yəni nəşriyyat işləri çox sadələşdiyi bir dövrdə belə Əmin Abidin “Azərbaycan türklərinin ədəbiyyatı tarixi” nəşr edilərək nəinki çoxsaylı oxucuya, hətta azsaylı mütəxəssislərin belə ixtiyarına verilməyib. Yenə də prof. Bədirxan Əhmədovun yazdıqlarına qayıdırıq. Əmin Abidin “Seçilmiş əsərlərini tərtib edən və ona ön söz yazan professor B. Əhmədov qeyd edir ki, “şübhəsiz, 1920-30-cu illərdə Ə.Abidin apardığı tədqiqatlararın bir qismi folklorşünaslığımızın ilk tədqiqat mərhələsi üçün ən qiymətli araşdırma hesab olunmalıdır” (Əhmədov B., 2007:10).
Prof. B.Əhmədov Əmin Abidin “Kitabi Dədə Qorqud”la bağlı əsərləri haqqında geniş bilgi verdiyindən (Əhmədov Bədirxan, 2003: 86-117) biz həmin mövzuya təkrar qayıtmadan, yalnız “Oğuznamə” ilə bağlı əsərinin olub-olmadığına münasibət bildirəcəyik.
-
Do'stlaringiz bilan baham: |