Əmin Abid “Oğuznamə” adlı əsər yazmışdırmı?
Prof. Bədirxan Əhmədov yazır: “Azərbaycan türklərinin ədəbiyyatı tarixi” kitabında rast gəldiyimiz bir fakt isə tədqiqatçının “Oğuznamə” barədə kitab yazdığını sübut edir. Çadır ədəbiyyatından danışarkən müəllif özü yazır: “Oğuznamə” haqqında kitabımızın “Cadır ədəbiyyatı” qismində əlavə izahat verilmişdir” (Əhmədov B., 2007:10). Bu cümlə Əmin Abidin “Oğuznamə” adlı əsər yazdığını isbatlayacaq gücdə deyil. Çünki araşdırıcı “Oğuznamə”dən “Azərbaycan türklərinin ədəbiyyatı tarixi” əsərinin “Cadır ədəbiyyatı” bölməsində əlavə izahat verdiyini yazır. Daha “Oğuznamə” adlı əsər yazdığını yox.
Əmin Abid yaradıcılığını dərindən bilən prof.Bədirxan Əhmədovun araşdırıcılıq duyumu repressiya qurbanının “Oğuznamə” mövzusunda əsərinin olduğunu söyləməyə məcbur edir. Tbilisidədki “Dan yıldızı” jurnalının 1929-cu il 5(29) və 8(32) saylarındakı “Türk el ədəbiyyatına elmi bir baxış. “Oğuznamə” məqaləsindəki “Oğuznamə”nin mahiyyətini göstərən izahatı gələcək məqaləmizdə buraxırıq” (Abid Ə., 1929:8, 28) qeydi məsələyə aydınlıq gətirir. Buradan aydın olur ki, Əmin Abidin “Oğuznamə”nin mahiyyətini göstərən” bir məqaləsi də hazırdı. AMDƏİA fond 170, siyahı 1, iş 15-də isə “Oğuznamə” başlıqlı, ərəb əlifbası ilə yazılmış 14 səhifəlik bir yarımcıq mətn də var.
“Azərbaycanı öyrənmə yolu” jurnalının 1930-cu il 3-cü sayında Əmin Abidin “Əşirət dövründəki Azərbaycan ədəbiyyatına dair vəsiqələr” adlı məqaləsi nəşr edilib. Bu “Oğuznamə”nin mahiyyətini göstərən” məqalə ola bilərmi? sualına cavab verə bilmirik. Əmin Abidin “Oğuznamə” adlı bir əsərinin tam mətnini tapa bilməsək belə prof. Samoyloviçə ithaf edilmiş “Türk el ədəbiyyatına elmi bir baxış. “Oğuznamə” və “Əşirət dövründəki Azərbaycan ədəbiyyatına dair vəsiqələr” məqalələrini və “Azərbaycan türklərinin ədəbiyyatı tarixi” kitabındakı yazdıqlarını birləşdirsək, bir kitab alınır. Həm də Sovet ideologiyasına uyğun gəlməyən bir kitab!
4. Sovetlərin folklora önəm verməsi və Əmin Abid
Folklorumuzun təməl daşlarını qoyan, onu elmi əsaslarla öyrənən və təbliğ edən Əmin Abid Sovetlərin ədəbiyyat və mədəniyyət siyasətilə razılaşa bilmirdi. Bolşeviklər hakimiyyəti silah gücünə ələ aldıqdan sonra sosial ədalət adı altında soyğunçuluğa, insanların min illər boyu formalaşdırdıqları adət-ənənəni məhv etməyə girişdilər. Onlar yeni ədəbiyyat, yeni mədəniyyət, yəni proletar ədəbiyyatı və mədəniyyəti yaradacaqlarını elan etdilər. Yazılı ədəbiyyat feodal-burjua ədəbiyyatı adlandırılır və onun əleyhinə təbliğat aparılırdı. Yeni yaradacaqları mədəniyyət və ədəbiyyatı tarixə bağlamaq üçün folklora önəm verirdilər. Folkloru məzlum, əməkçi xalqın yaratdığını və onların mənafeini əks etdirdiyini təbliğ edirdilər. Belə bir dönəmdə “Kitabi Dədə Qorqud”dan bəhs edən Əmin Abid yazır: “Əşirət dövründə şifahi mahiyyətdə başlayaraq sonralar qismən yazılı bir şəkil alan xalq ədəbiyyatının bütün məhsulları işci-kəndli sinfinin malı ədd olunamaz. Xalq əfsanə və əsətirlərində zəif mövzu (motiv) çox azdır. Olsa-olsa yalnız dil və şəkil etibarilə xalq ədəbiyyatının səciyyəsini daşıyırlar. Haman-haman cümləsi rəislərin, xanların, bəglərin şücaət və davalarından, onların ölümündən hasil olan təsirdən bəhs edər. “Qorqud əfsanələri buna gözəl bir misaldır” (AMDƏİA, fond 130, siyahı 1, səh. 135).
Bu, açıq-aşkar ədəbiyyatşünaslıqda Sovet ideologiyasına qarşı durmaq idi. Əmin Abid bu fikrini bir-iki dəfə söyləməklə kifayətlənmirdi. Dəfələrlə müxtəlif şəkildə təkrarlayırdı. Belə ki, çobanı, əkinçini, yəni Sovetlərin özünə dayaq sandığı əzilən xalqı tərənnüm edən əsərlər tapıb (yaxud süni mətnlər yaradıb) onu təbliğ etmək əvəzinə tayfa başçılarının, xanların, bəylərin cəsarətini, hünərini, igidliyini öyən əsərləri tədqiq və təbliğ edirdi. Onun üçün xalq bütöv idi. Xalqı bir-birinə qarşı qoyan sinfi mübarizə ideologiyası ilə barışmırdı. O, sosial ədalətin coşğun tərəfdarı olsa da, buna sinfi mübarizə vasitəsilə nail olunacağına inanmırdı. “Oğuznamə”dən bəhs edərkən yazırdı: “Əşirət bəgləri ətrafında vücudə gələn bu ədəbiyyatla saray padşahları ətrafında yaradılan divan-saray ədəbiyyatı arasında psixoloji cəhətdən heç bir fərq yoxdur” (AMDƏİA, fond 130, siyahı 1, səh. 136).
Əmin Abid sonralar yazdığı əsərlərində də ideologiyasına sadiq qalmışdır.
Do'stlaringiz bilan baham: |