I BOY. “DİRSƏ XAN OĞLU BUĞAC XAN BOYINI BƏYAN EDƏR, XANIM HEY!” boyunda Qam Gan oğlu Bayandır xanın əmri ilə oğuz bəyləri üçün təşkil etdiyi məclisdə oğuz bəylərindən-Dirsə bəyin övladı olmadığı üçün qara çadırda otuzdurur. Dirsə bəy övladı olması üçün ümidini Allaha bağladı, “Tanrıdan hacət dilədi” (4, 26) və Allah ona övlad verdi. Buğanın başını kəsdiyi üçün oğuz igidləri Dədə Qorqudu ad qoymağa çağırdılar. Dədə Qorqud uşağın atasına soylarkən: “Adını bən verdüm yaşını Allah versün” deyə yenə Ulu Tanrıya xitab etmişdir (4, 29).
İslam dininin ən vacib şərtlərindən biri də namaz qılmaqdır. Namazın növləri çoxdur və bunlardan yalnız üçünə - “hacət”, “vacib” (fərz) “cümə”- “Kitabi Dədə Qorqud” da rast gəlirik. Buradakı “Saqqalı uzun tat əri banladıqda” (4, 24), deyimi bilavasitə sübh azanı ilə bağlıdır.
II BOY. “SALUR QAZANIN EVİNİN YAĞMALANDIĞI BOYI BƏYAN EDƏR”. Oğuz igidləri kafirlərlə vuruşda islami ayinlər icra edir və çox vaxt Peyğəmbəri xatırlayır, adına salavat söyləyirlər ( 4, s. 50). Salavat isə Allaha peyğəmbər üçün müraciət olunan dualar sırasındadır. Salavatla yanaşı, boyların sonlarındakı dualarda “amin”də tez-tez təkrar olunur.
Həzrət Əlinin(ə) “Şahi Mərdan” adı “Qılınc çaldı, din açdı şahi-mərdan Əli görkli” (4, 49), “Şahi mərdan Əlinin Düldülinin əyəri ağac” (4, 46) şəklində iki dəfə xatırlanır. Bundan savayı, abidədə, Həzrət Əlinin (ə) oğlanları Həsən və Hüseyndən, məhşur atından (Düldül), atının yəhərindən, eləcə də Haçabaşlı qılıncından-“Zülfiqarın qınıyla qəbzəsi ağac”! Şah Həsənlə Hüseynün beşigi ağac! bəhs edilir.
“Dədə Qorqud kitabı”nda İslam dininin iki müqəddəs şəhərinin adı çəkilir. Bunlar “Tanrı evi Məkkə və Mədinə şəhərləridir”. Abidənin ikinci boyunda kafirlər Uruzu dardan asmaq istədikdə o, bu asılacağı ağacı öyür və ona “Məkkə və Mədinənin qapusı ağac”! (4, 55) - deyə müraciət eləyir.
III BOY. “QAM BÖRƏNİN OĞLI BAMSI BEYRƏK BOYINI BƏYAN EDƏR, XANIM HEY”. Allaha dua bu boyda da öz əksini tapmışdır. Baybörə və Baybican bəyin övladı olmadığı üçün bəylərdən Allaha dua etməsini xahiş edirlər. Oğuz bəyləri də əl qaldırıb dua edirlər: “Allah Taala sana bir oğul versün! Allah Taala sana da bir qız verə!” (4, 52).
Eyni zamanda Cəbrayıl və Əzrail mələklərinin, islam dininin ideyalarına əks tərəfdə duran “kafir” anlayışının, şeytanın, Allahın birliyinə, axirətə inam, Tanrıya edilən şükr və tövbə kimi islam ünsürləri də əks olunur: “Birligünə sıqındım, Əziz Allah, xocam, mana mədəd. Axirət hakkını halal etsün, Beyrək aşağa baqdı. Kəndözin yer yüzində gördi. Allaha şükr eylədi. Üç kərə ağzından iqrar eylədi.Günahına tövbə eylədi” (4, 65).
Sonra bu boyda Dədə Qorqudun Dəli Qacarın bacısı Banıçiçəyə elçi düşməsi səhnəsində islam dini elemetlərinin güclü təsirini görürük: “Tanrının buyruğıyla, Peyğəmbər qövliylə Aydan arı, gündən görkli qız qardaşın Banıçiçəyi Bamsı Beyrəgə diləməgə gəlmişəm!” (4, 58).
Boyun sonu Məhəmməd peyğəmbərin Mustafa adı ilə bitir: “Adi görkli Məhəmməd Mustafa yüzi suyuna bağışlasun, xanım hey!..” (4, 77).
Do'stlaringiz bilan baham: |