Çoxşaxəli əqli qabiliyyətlər – Əqli qabiliyyətlər nəzəriyyəsi Harvard Universitetinin təhsil professoru H.Qardner tərəfindən yaradılmışdır. H.Qardner əqli qabiliyyətləri “bir və ya bir neçə mədəni mühitdə qiymətləndirilən problem həlli və ya məhsul hazırlanması qabiliyyəti” kimi geniş şəkildə şərh etmişdir. Əvvəlcə o, çoxşaxəli qabiliyyətlərin (ÇQ) içərisindən 7 qabiliyyət müəyyən etmişdir: Linqvistik, məntiqi-riyazi, musiqi, məkan, kinestetik, şəxsiyyətlərarası, şəxsiyyətdaxili. Sonralar H.Qardner təbii, mənəvi, eqzistensial da daxil edilməklə başqa qabiliyyətlərin də mövcud olduğunu bildirmişdir. Hər bir kəsdə bütün əqli qabiliyyətlər olsa da, onlar müxtəlif dərəcədədirlər. Çoxşaxəli qabiliyyətlər yanaşmasından istifadə edən müəllimlər fənni şagirdlərə bir neçə qabiliyyətlərdən istifadə etməklə, öyrənməyə imkan verən yollarla təqdim etməyə çalışırlar. Konstruktivizmlə müqayisədə fərqli öyrənmə nəzəriyyəsi hesab edilsə də, həqiqətdə müəllimlər və məktəblər öyrənmə məqsədlərinə və təhsil standartlarına cavab vermək üçün konstruktivizm ilə çoxşaxəli qabiliyyətlər ideyalarını qarşılıqlı əlaqədə səmərəli yollarla həyata keçirirlər.
Davranış – canlı varlıqların ətraf mühitlə qarşılıqlı əlaqəsindən ibarətdir. Bu əlaqə orqanizmin daxili (psixi) və xarici (hərəkət) fəallığı vasitəsi ilə ifadə olunur.
Deduksiya – (latınca deducto – nəticə çıxartma) – təfəkkür prosesində ümumidən xüsusiyə doğru çıxarılan məntiqi nəticədir. Bilik və məlumatın daha çox ümumi olandan daha az daha az ümumi olana hərəkəti olub, mühakimələrdən nəticə çıxarmağa deyilir. Başqa sözlə, deduksiya nəticə çıxarmadan ibarət olan, ümumidən xüsusiyə gedən əqli nəticədir. Biliyin ümumidən xüsusiyə getməsi onun psixi proseslərdən, əqli fəaliyyətin quruluşundan asılılığı ilə izah olunur. Antonimi “induksiya”dır.
De-institutlaşdırma – dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi siyasətidir. Bu proses xüsusi proqram əsasında həyata keçirilir. Proqramın əsas məqsədi BMT-nin Uşaq Hüquqları Konvensiyasında təsbit olunmuş uşağın şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün ailə mühitində xoşbəxtlik, məhəbbət və anlaşma şəraitində böyüməsinin zəruriliyi nəzərə alınaraq, dövlət uşaq müəssisələrində olan uşaqların ailələrə verilməsi və alternativ qayğının təşkili mexanizmlərinin yaradılması və səmərəli işləmənin təmin edilməsidir.
Dəyər – fəlsəfə, etika, estetika və sosiologiyada gerçəkliyin müəyyən hadisələrinin cəmiyyət üçün sosial-tarixi əhəmiyyəti və fərd üçün şəxsi məna daşıyan anlayış kimi xarakterizə olunur. Dəyər insanların qarşılıqlı münasibətlərinin və şəxsiyyətin davranışının sosial tənziminin əsas amili kimi çıxış edir.
Dəyər meyli – şəxsiyyətin, cəmiyyətin sosial, siyasi və əxlaqi normalarına olan münasibətlər sistemidir.
Distant (məsafədən) təhsil – tədris prosesinin elektron, telekommunikasiya, proqram – texniki vasitələr əsasında təşkil olunduğu təhsilalma formasıdır.
Dissertasiya – müvafiq elmi dərəcə almaq üçün təqdim edilən elmi tədqiqat işidir.
Dissertant – dissertasiya işini yerinə yetirən şəxsdir.
Divergent təfəkkür – yaradıcı təfəkkürdür, yaradıcı fəaliyyətin ayrılmaz hissəsidir. C.Gilfordun intellektin struktur modelinin əsas anlayışlarından biridir.
Doktorantura – ali təhsilin ən yüksək səviyyəsi, doktorluq elmi dərəcəsinin alınmasını həyata keçirən yüksək səviyyəli elmi-pedaqoji kadr hazırlığı formasıdır.
Dosent – ali təhsil müəssisələrində müəllimlərə verilən ad və seçkili vəzifədir.
Dünyagörüş – ətraf aləmə münasibəti ifadə edən inam və biliyin ümumiləşdirilmiş formasıdır.
Eksteriorizasiya – əməliyyatların daxili, fikri planından əşyalarla icra olunan priyom və əməliyyatlar formasında həyata keçirilən xarici əməliyyatlara keçiddir.
Elmlər doktoru – elm sahələri üzrə doktoranturada verilən ən yüksək elmi dərəcədir.
Emosionallıq – insanın emosiya və hisslərinin keyfiyyət və dinamikasını, məzmununu müəyyən edən xüsusiyyətlərinə deyilir. Emosionallığın mahiyyəti subyekt üçün xüsusi əhəmiyyət daşıyan hadisə və situasiyaların inkişafından ibarətdir. O, şəxsiyyətin əsas xüsusiyyətləri – əxlaq normaları, motivasiya sahəsi, dünyagörüşü, dəyər meyli və s. ilə bağlıdır.
Epistemologiya – bilik və öyrənmənin mahiyyəti və təbiəti, xüsusilə də onun etibarlılığı və ya məhdudiyyətləri ilə əlaqədar araşdırma, nəzəriyyə və ya şəxsi inanclardır.
Evdə təhsil – müvafiq təhsil proqramlarına uyğun olaraq ümumi təhsilin evdə təşkili formasıdır.
Əqidə – şəxsiyyəti öz dəyərlər sisteminə uyğun olaraq hərəkət etməyə sövq edən dərk olunmuş tələbatdır. Möhkəm əqidənin formalaşması üçün ilk şərait erkən uşaqlıqda yaranır. Bu yaşda həyat tərzi və ailə ənənələri, ətrafdakılara münasibətin xarakteri daha çox əhəmiyyət kəsb edir. Əsl əqidə yeniyetməlik və ilk gənclik dövründə yaranır. Bu isə bu yaşda ətraflı və dərin biliklərə yiyələnmək, ətrafa şüurlu tənqidi münasibətin, təfəkkürün inkişaf etmiş formalarının yaranması, dünyagörüşün və fəal həyat mövqeyinin formalaşması ilə bağlıdır.
Əlavə təhsil – vətəndaşların hərtərəfli təhsil tələbatını ödəmək məqsədi ilə əlavə təhsil proqramları əsasında verilən təhsildir. Müasir dövrdə əlavə təhsil və peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi fasiləsiz təhsilin tərkib hissəsi olmaqla, peşə-ixtisas müəssisəsini bitirən və təhsil haqqında dövlət sənədi olan hər bir vətəndaşın fasiləsiz təhsil almaq imkanları sistemi kimi başa düşülür. Əlavə təhsilin ixtisasartırma, təkmilləşdirmə, stajkeçmə, yenidənhazırlanma, yaşlıların təhsili və s. kimi istiqamətləri müəyyənləşdirilmişdir.
Əvvəlki biliklər – hər bir fərdin əvvəlki təcrübəsindən öyrəndiklərinin məcmusudur. Bu, şagirdin yeni öyrəndiyi konsepsiyanı əvvəlki biliklər sistemi ilə inteqrasiya etməsini təmin etmək üçün həlledici əhəmiyyətə malikdir.
Əyani-əməli təfəkkür – cisimlərlə real şəkildə yerinə yetirilən iş və əməliyyatların iştirakı ilə cərəyan edən və əyani surətlərlə əməliyyat aparmağı müvəffəqiyyətin zəruri şərti kimi özünə daxil edən fikri prosesdir.
Fəaliyyət – insanın tələbat əsasında əmələ gələn, yüksək mərhələ kimi şüur tərəfindən tənzim olunan spesifik zahiri fəallığı, başqa sözlə, aktivliyin zahiri formasıdır. Onun özünəməxsus motivasiya, məqsəd və instrumental əsasları vardır. Fəaliyyət xarici aləmin dərk olunmasına, yaradıcı surətdə əks olunmasına və dəyişdirilməsinə yönəlir. Fəaliyyətin strukturunda məqsədə çatma üsulları, şərait və nəticə anlamları xüsusi yer tutur.
Fəaliyyət tədqiqatları – səmərəliliyi yüksəltmək üçün müəllimlərin öz işlərinin bəzi aspektlərini sistematik araşdırmasıdır. Fəaliyyət tədqiqatı müəllimlər tərəfindən həyata keçirilən öyrətmə haqqında məsələlərin fundamental öyrənilməsidir. Fəaliyyət tədqiqatı sualın, yaxud problemin müəyyən edilməsini, sonra isə müvafiq məlumatların toplanmasını və təhlil edilməsini əhatə edir.
Fəaliyyətin birgə tədqiqatı – öz işinin bəzi aspektlərinin səmərəliliyini yaxşılaşdırmaq üçün iki və ya daha çox müəllim tərəfindən aparılan sistematik elmi tədqiqatdır. Fəaliyyətin elmi tədqiqatı sualın, yaxud problemin müəyyən edilməsi, sonra isə müvafiq məlumatların toplanması və analizini əhatə edir. Bu, ona görə fəaliyyətin elmi tədqiqatı adlanır ki, iştirakçılar öz işlərinin müəyyən cəhətlərini öyrənirlər və əldə edilən nəticələrdən özləri istifadə edirlər. O, ənənəvi, hamı tərəfindən qəbul edilmiş tədqiqatlardan fərqlənir, çünki iştirakçılar bu halda öz işlərinin aspektlərini öyrənir və nəticələrdən özləri istifadə edirlər.
Fəallıq – subyektin xüsusi vəziyyətidir. O, daxilən subyektin dünyaya münasibəti ilə şərtlənir, zahirən davranış proseslərində reallaşır. Fəallıq müasir psixologiyanın əsas kateqoriyalarından biridir. Onun motivasiya, məqsəd və instrumental əsasları zahiri tərəfləri (fəaliyyət) ilə bilavasitə bağlıdır.
Fənlərarası kurikulum – xüsusi bir mövzu və ya problem üzərində diqqəti cəmləşdirmək üçün məzmunun iki və ya artıq fənn sahəsindən əldə edildiyi tədris planını tərtib etməyin üsuludur. Fənlər arasındakı ümumilik diqqət mərkəzində dayanır.
Fənlərin sərhədlərindən kənar kurikulum – bu yanaşmaya görə fənlər arasındakı əlaqələr geniş və mürəkkəbdir. Mahiyyət etibarı ilə bu kurikulum fənlərin hüdudlarından kənarda olur. Müxtəlif fənlərə aid olan, iki və ya daha çox fənlərarası yanaşmalar üçün də xarakterik olan mövzular, strategiyalar və vərdişlər real həyati situasiyalarda öyrənilir.
Fəlsəfə doktoru – elm sahələri üzrə doktoranturada verilən yüksək elmi dərəcədir.
Fəaliyyət – insanın dərk olunmuş məqsədi ilə tənzim edilən daxili (psixi) və xarici (fiziki) fəallığıdır. Fəaliyyət fəallığın mənbəyi olan tələbatlardan törəyərək fəallığın tənzimedicisi olan düşünülmüş məqsədlə idarə olunur. Fəaliyyət idrakla və iradə ilə ayrılmaz surətdə bağlıdır, onlara istinad edir, idrak prosesləri və iradi proseslər olmadan mövcud deyildir. Fəaliyyətin gedişi zamanı insanın işləri icra, nəzarət və tənzim etmək üçün istifadə etdiyi yollar həmin fəaliyyətin priyomları adlanır. Fəaliyyətin sadə bir cari məsələni həll etməyə yönəlmiş nisbətən bitmiş elementi iş adlanır.
Fərdi təhsil – müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslər, habelə müəyyən bir sahə üzrə xüsusi istedadı ilə fərqlənən şagirdlər üçün tətbiq edilən təhsil formasıdır.
Fəxri professor (doktor) – elmi pedaqoji təcrübəsi və fəaliyyəti ilə fərqlənən professorlara və dosentlərə, eləcə də dünya elminin və təhsilinin inkişafında xüsusi xidmətləri olan xarici ölkə alimlərinə və ictimai xadimlərinə ali təhsil müəssisəsi tərəfindən verilən akademik ad (dərəcə) kimi başa düşülməlidir.
Formal təhsil – dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil formasıdır.
Formalaşma – ekoloji, sosial, iqtisadi, ideoloji, psixoloji və s. amillərin təsiri altında insanın sosial varlıq kimi təşəkkülü prosesidir. Mütəşəkkil təhsil-tərbiyə şəxsiyyətin formalaşmasının mühüm amillərindən biridir.
Gizli tədris planı – məktəblərdə öyrədilən elə vərdiş və dəyərlər nəzərdə tutulur ki, onlar yazılı, rəsmi kurikulumda (tədris planında) təfsilatı ilə göstərmir. Bunlara, təhsil tənqidçilərinin fikrincə, itaətkarlıq, asılılıq və hər şəraitə uyğunlaşma kimi keyfiyyətlər xüsusilə aid edilə bilər.
Gimnaziya – əsasən humanitar sahədə istedad və qabiliyyəti ilə fərqlənən şagirdlər üçün təmayüllər üzrə təhsil xidmətləri göstərən ümumtəhsil müəssisəsidir.
Həyat boyu öyrənmə – müasir dünyada insanların bütün həyatları boyu öyrənməyi davam etdirməli olduqları üçün məktəblərin uşaqlara fundamental bilik və bacarıqları deyil, daha çox (yaxud əlavə olaraq) necə öyrənməyi öyrətməli olduqları haqqında ideyadır.
Holistik qiymətləndirmə sxemləri – şagirdin işi ilə bağlı ümumi təəssürat yaradır və əksər hallarda fəaliyyət səviyyələrini əks etdirən 4-5 ballıq şkalaya əsaslanır. Bu növ QS-lər şagird nailiyyətləri barədə ümumi mənzərəni təsvir edir. Holistik QS-dən fərqli olaraq analitik qiymətləndirmə sxemləri şagirdin ayrı-ayrı fəaliyyət sahələri üzrə qiymətlərini təyin edir və burada da 4-5 ballıq şkaladan istifadə olunur. Analitik sxemdə şagirdlərin fəaliyyətləri ardıcıl qiymətləndirilməklə onların nailiyyətləri haqda daha ətraflı informasiya verilir, lakin qiymətləndirmə üçün daha çox vaxt tələb edilir.
Xarakter – (yunanca – charakter – möhür) – şəxsiyyətin fəaliyyəti və ünsiyyətində formalaşan və təzahür edən, ancaq ona məxsus davranış tərzini şərtləndirən sabit fərdi xüsusiyyətlərin məcmusundan ibarətdir.
Xatırlama – şagirdlərin əvvəllər öyrəndiklərini, eləcə də məlum informasiyaları yada salması və yeni dərs kontekstində mənalandırması prosesidir.
İcra tapşırıqları – şagirdlərin nə edə bildiklərini nümayiş etdirməyi tələb edən fəaliyyətlər, tapşırıqlar və ya problemlərdir. İcra tapşırıqlarının bəziləri vərdişlərin qiymətləndirilməsi məqsədi ilə həyata keçirilir. Bəziləri isə şagirdlərə öz biliklərini tətbiq etməklə dərk etmə səviyyələrini nümayiş etdirmək məqsədi ilə planlaşdırılır.
İddia səviyyəsi – bu və ya digər fəaliyyət zamanı şəxsiyyətin seçdiyi və qarşısına qoyduğu məqsəd və vəzifələrin çətinlik dərəcəsi ilə müəyyən olunan xarakteristikasıdır.
İdentifikasiya – fikri əməliyyatdır. Onun vasitəsilə insan özü ilə başqa adamlar arasında əlaqələri müəyyənləşdirirlər. Başqa adamların və ya müəyyən bir sosial qrupun xarakteristikalarını şüurlu və şüursuz olaraq özünə şamil edir.
İdrak – insandan xaricdə mövcud olan obyektiv aləmin onun hiss üzvlərinə, beyninə təsirindən yaranan inikas prosesidir. Hissi və məntiqi olmaqla iki səviyyəsi müəyyən edilir.
İdraki öyrənmə – faktların və ideyaların yadda saxlanılması və dərk edilməsini əhatə edən əqli proseslərdir. Təhsil işçiləri insanların necə öyrənməsi ilə həmişə maraqlanmışlar, lakin son illərdə təfəkkür və öyrənmə haqqında çoxlu yeni məlumatlar toplanmış koqnitiv psixoloqların araşdırılmalarında idrak haqqında daha yaxşı məlumatlar almaqdadırlar. Müasir öyrənmə nəzəriyyəsi-konstruktivizmin yaradıcısı ən məşhur koqnivistlərdən biri olan Jan Pyajedir.
İnikas nəzəriyyəsi – psixi hadisələrə canlı orqanizmin xarici maddi gerçəkliyi əksetdirmə formalarından biri kimi baxan elmi psixologiyanın materialist – fəlsəfi əsasıdır.
İnduksiya – təfəkkür prosesində xüsusidən ümumiyə doğru çıxarılan məntiqi nəticə. Antonimi – “deduksiya”dır
İnteriorizasiya – cisimlərlə aparılan xarici və real əməliyyatların daxili, ideal əməliyyatlara çevrilməsi, başqa şəklə düşməsidir.
İnformal təhsil – özünütəhsil yolu ilə biliklərə yiyələnmənin formasıdır.
İnnovasiya – müxtəlif təşəbbüslər, elmi tədqiqatlar əsasında formalaşan mütərəqqi xarakterli yeniliklərdir. İnnovasiyanı geniş mənada təlim, təhsil-tərbiyə prosesinin gedişini və nəticələrini yaxşılaşdırmaq məqsədilə pedaqoji sistemdə həyata keçirilən yenilik kimi başa düşmək olar. İnnovasiya, yəni yenilik pedaqoji sistemin daxili ehtiyatları hesabına baş verir. Kənardan gətirilən hər nə varsa, onlara innovasiya demək olmaz. İnnovasiya keyfiyyətcə təkmilləşmiş pedaqoji sistemdə vəhdət halında götürülmüş ideyalar, proseslər, vasitələr və nəticələrdir.
İnkişaf – insanın orqanizmində kəmiyyət və keyfiyyət dəyişiklikləri prosesi və onun nəticəsidir. Şəxsiyyətin inkişafı obyektiv aləmin mürəkkəb prosesidir. Müasir elm bu prosesi dərindən öyrənmək üçün şəxsiyyətin inkişafının fiziki, psixi, mənəvi, sosial və digər komponentlərini (tərəflərini) göstərmişdir. Ona görə də elmdə insanın bioloji, psixoloji və sosial inkişafı anlayışları işlədilir. Pedaqogika şəxsiyyətin inkişafının həmin komponentləri ilə qarşılıqlı əlaqədə onun mənəvi inkişaf problemlərini də öyrənir.
İnteraktiv öyrənmə – təlim mənbələri ilə öyrənci bir başa əlaqədə olduğu zaman və cavablar şagirdin ehtiyaclarına uyğun şəkildə formalaşdırıldıqda baş verir. Bir müəllimin bir şagirdi öyrətməsi yüksək dərəcədə interaktiv fəaliyyətdir. Kompyuterlər və digər müasir texnoloji avadanlıqlar istənilən fənn üzrə hər hansı bir öyrəncini səmərəli interaktiv təlimlə təmin etmək üçün nəzəri cəhətdən imkan yaradır.
İnkluziv təhsil – xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsil hüquqlarının yerinə yetirilməsi ilə bağlı inteqrasiyalı təlimə keçidin reallaşdırılması ilə bağlıdır. Azərbaycanda “xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili ilə əlaqədar “İnkişaf Proqramı” həyata keçirilir. Proqramda xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil hüququnun yerinə yetirilməsi, belə kateqoriyadan olan uşaqların hamısı üçün bərabər təhsilalma şəraitinin yaradılması, inteqrasiyalı (inkluziv) təlimə keçidin reallaşdırılması, təhsil müəssisələrində bütün uşaqların təhsili üçün bərabər imkanların yaradılması, dövlət himayəsində olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi, müvafiq klassifikasiyaya uyğun olaraq bütün kateqoriyadan olan xüsusi qayğıya ehtiyacı olan uşaqların ölkə üzrə qeydiyyatının aparılması və təhsilə cəlb edilməsi, xüsusi təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının müasir standartlara uyğunlaşdırılması və digər məsələlər öz əksini tapır.
İnstitut (ali məktəb) – müstəqil və ya universitetlərin struktur bölməsi olaraq, konkret ixtisaslar üzrə ali təhsilli mütəxəssis hazırlığını və əlavə təhsil proqramlarını həyata keçirən, tətbiqi tədqiqatlar aparan ali təhsil müəssisəsidir.
İnsayt – problemin həlli prosesində onun həllinin gözlənilmədən tapılmasına deyilir.
İnterpretasiya – mənanın izah edilməsi prosesidir.
İntellekt – (latınca intelectus – dərketmə, dərrakə, anlama) – fərdin əqli qabiliyyətinin nisbətən sabit strukturuna deyilir. Müasir psixologiyada intellektin strukturu müxtəlif aspektlərdə öyrənilir.
İradə – insanın işin icrası prosesində çətinlikləri şüurlu surətdə dəf etməsi prosesidir. Fəallığın təmin olunmasında xüsusi əhəmiyyətə malikdir.
İstedad – 1) fəaliyyəti müvəffəqiyyətlə icra etmək imkanı verən qabiliyyətlərin keyfiyyətcə özünəməxsus uzlaşmasına deyilir; 2) ümumi qabiliyyətlər və intellekt anlamlarının sinonimi kimi də işlədilir.
İxtisas – müvafiq təhsil sənədində təsbit olunan peşə, bir peşə daxilində fəaliyyət növüdür.
Kampus – müvafiq maddi-texniki bazaya və infrastruktura malik təhsil kompleksidir (şəhərciyidir).
Keyfiyyət araşdırması – Antropologiya və digər sosial elmlərdən götürülmüş, müşahidə və müsahibə kimi üsullardan müntəzəm istifadə etməklə həyata keçirilən tədqiqatdır. Yaxın vaxtlara qədər təhsil sahəsində yerinə yetirilən tədqiqatların əksəriyyəti kəmiyyətin aşkar edilməsinə yönəldilirdi. Bəzi tədqiqatçılar indi keyfiyyətin müəyyən edilməsinə xidmət edən üsullardan istifadə edirlər, onların fikrincə, statistik proseslər pedaqoji hadisələrin mahiyyətini dərk etməyə imkan vermir.
Kollec – orta ixtisas proqramları əsasında təhsil xidmətləri göstərən və subbakalavr peşə-ixtisas dərəcəsi vermək hüququ olan təhsil müəssisəsidir.
Konservatoriya – musiqi sahəsi üzrə yüksək ixtisaslı mütəxəssislər hazırlayan ali təhsil müəssisəsidir.
Konvergent təfəkkür – məntiqi, ardıcıl, xətti təfəkkürdür.
Kontent analiz – müxtəlif mətnlərin öyrənilməsi metodu olub, onların özünəməxsus xüsusiyyətlərini (məlumatın janrını, adamların qarşılıqlı təsirinin növlərinin və s.) açıqlamaq və qiymətləndirmək imkanı verir.
Koqnitiv – (latınca koqnito) – bilik, idrak deməkdir.
Kəmiyyət araşdırması – ənənəvi elmi yanaşma olub, klassik eksperiment vasitəsilə, müxtəlif yanaşmaların səmərəliliyini müqayisə etmək üçün statistik əməliyyatlardan istifadə etməklə yerinə yetirilən tədqiqatdır. Bəzi tədqiqatçılar bu yanaşmanı məhdud hesab edir və keyfiyyətyönümlü araşdırmalardan daha çox istifadə edirlər.
Konstruktivizm – öz mahiyyətinə görə konstruktivizm bilik və öyrənmə haqqında elə nəzəriyyə qrupuna aiddir ki, onun həlledici prinsipini biliyin yeni ideyaların əvvəlki biliklərlə sintezinin əsasında yaradılması təşkil edir. Bu o deməkdir ki, bilik passiv şəkildə əldə edilmir, o, insanın həyat təcrübəsi əsasında yaranır. Bu, insanların necə öyrənməsi haqqında tədqiqata əsaslanan təlim yanaşmasıdır.
Qabiliyyətlər – insanın elə psixoloji xüsusiyyətləridir ki, onlardan asılı olaraq bilik, bacarıq və vərdişlərə yiyələnmək işində müvəffəqiyyət əldə edilir. Ancaq qabiliyyətlərin özü bilik, bacarıq və vərdişlərin mövcudluğundan ibarət deyildir. Qabiliyyətlər yalnız fəaliyyətdə, özü də həmin qabiliyyətlər olmadan icrası qeyri-mümkün olan fəaliyyətdə aşkar olunur. Qabiliyyətlər şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətləri olub, müəyyən fəaliyyətin müvəffəqiyyətlə icrasına imkan yaradır və həmin fəaliyyət üçün zəruri sayılan bilik, bacarıq və vərdişlərə yiyələnmə dinamikasındakı fərqləri meydana çıxarır. Qabiliyyətin ən yüksək inkişaf mərhələsi talant adlanır. Talant insana hər hansı mürəkkəb əmək fəaliyyətini müstəqil, müvəffəqiyyətlə və orijinal surətdə icra etməyə imkan verən qabiliyyətlər kompleksidir.
Qiymətləndirmə – şagirdlərin və ya müəllimlərin öyrənməsinin və icrasının ölçülməsidir. Müxtəlif növ ənənəvi qiymətləndirmə vasitələrinə – minimum səriştə testləri, inkişafın izlənməsi testləri, qabiliyyət testləri, müşahidə vasitələri, icra tapşırıqları və həqiqi qiymətləndirmə daxildir. Qiymətləndirmədə hər hansı yanaşmanın səmərəliliyi onun nə dərəcədə nəzərdə tutulan məqsədlərə uyğun olmasından asılıdır.
Qeyri-formal təhsil – müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil formasıdır.
Lisenziya – təhsil fəaliyyətinə dövlət tərəfindən verilən xüsusi razılıqdır.
Lisey – ümumi və tam orta təhsil səviyyələrində istedadlı şagirdlər üçün müvafiq təmayüllər üzrə təhsil xidmətləri göstərən ümumtəhsil müəssisəsidir.
Magistratura – ali təhsilin ikinci səviyyəsidir.
Magistr – magistraturanı bitirmiş şəxslərə verilən ali-elmi-ixtisas dərəcəsidir.
Mentor (rəhbər) – başqa bir insana yardım təklif edən nümunəvi şəxsdir. Mentorun müvafiq sahə üzrə biliyi və təcrübəsi var və onu rəhbərlik etdiyi şəxslə bölüşür.
Meta – yunan mənşəli prefiksdir. Müxtəlif mənalarda (haqqında, kənar, vasitəsilə, sonra və s. mənalarda) açıqlanır. Psixologiyada metakoqnitiv və ya metahafizə anlamlarına az təsadüf olunmur.
Metodologiya – idrak və gerçəkliyin dəyişdirilməsi metodları haqqında təlim kimi, dünyagörüşü prinsiplərinin idrak prosesinə, ümumiyyətlə, mənəvi fəaliyyətə və praktikaya tətbiqi kimi anlaşıla bilər. Həm də burada yalnız fəlsəfənin deyil, həmçinin konkret elmi tədqiqatın metodları nəzərdə tutulur. Buna görə də, metodologiyaya bəzən bu və ya digər elm çərçivəsində tətbiq olunan müəyyən metodlar sistemi kimi tərif verirlər.
Mədəniyyət – tarixən dəyişən, sosial tələblərlə şərtlənən geniş anlayış olub, konkret tarixi dövrün məhsulu, onun siyasi və iqtisadi təsirinin nəticəsidir. O, insanın şüuru, psixikası və davranışı ilə bağlı olmaqla yanaşı, həm də dövlətin və xalqın tarixi inkişafı ilə sıx əlaqədədir.
Sosial fenomen və noumen olan mədəniyyət həyat və fəaliyyətin müəyyən sahəsində onun keyfiyyətini ifadə edən kontekstual anlamda da öz əksini tapır. İntellektual, siyasi, iqtisadi, etik, hüquqi, tibbi, ekoloji, idarəetmə mədəniyyəti, məişət mədəniyyəti, sülh mədəniyyəti, gender mədəniyyəti, məsuliyyət mədəniyyəti və s. mədəniyyətlər vardır.
Mənalı öyrənmə – şagirdin məktəbdə və gələcək peşə fəaliyyətində, şəxsi və vətəndaş həyatında müvəffəqiyyət qazanması üçün zəruri olan öyrənmədir. O, geniş bir anlayış olub əhəmiyyət kəsb edən məsələlərin, eyni zamanda real, dünyəvi və cəmiyyətin tələbatları ilə əlaqədar məsələlərin öyrənilməsini əhatə edir.
Məfhum və ya anlayış – cisim və hadisələr haqqında onların bir sıra mühüm və birlikdə spesifik əlamətlərini ayırd edən ümumiləşdirilmiş biliklərə deyilir.
Do'stlaringiz bilan baham: |