150 il bundan öncə olduğu kimi yenədə insanlar Yer kürəsinin milyard illərlə yaratdığı və qoruyub saxladığı neft-qaz xəzinəsini əldə etməyə can atırlar. Neftin dünya ehtiyatlarına gəlincə , Britaniya şirkəti “BP”-nin hazırladığı məruzəyə görə neft hələ 40 ildə (2050-ci ilə qədər) bəs edər. Bundan öncə Beynəlxalq Enerji Agentliyinin (BEA) verdiyi proqnozlara əsasən neftin illik hasilat həcmi öz zirvəsinə 2030-cu ildə çatacaqdır. Bundan sonra sabitləşəcək, daha sonra isə yavaş-yavaş azalmağa başlayacaqdır.
Hətta gələcəkdə neft bir yanacaq kimi öz üstünlüyünü itirsə belə, onun qiyməti azalmayacaqdır. Bəşəriyyət əvvəlki kimi neftdən hazırlanan əşyalarsız ötüşə bilməyəcəkdir. Beləliklə, alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı ilə daha çox neft neftkimya kompleksinə yönəldiləcəkdir.
Azərbaycanda neftin əmələ gəlməsi barədə fikir yürütməyə əlavə məlumatlar
Palçıq vulkanları
Yer kurəsində 800 palçıq vulkanı mövcuddur. Azərbaycan palçıq vulkanlarının sayına görə dünyada birinci yer tutur. Palçıq vulkanlarından başqa onların «pilpilə», «yanardağ», «bozdağ», «axtarma», «qaynaca», və s. yerli adları da var. Azərbaycan Respublikasında 350 - cən palçıq vulkanlar var (Abşeron yarımadasında, Qobustanda, cənub-şərq Şirvan düzənliyində, Samur-Dəvəçi ovalığında, Abşeron və Bakı arxipelaqlarında). Ən böyükləri Qalmas, Torağay, Böyük Kənizdağ və s. Çoxlu kəsik konus şəklindədir. Hündürlüyü 20-400m, əsasının diametri 100-4500m olur.
Quruda yerləşən palçıq vulkanlarından başqa, gömülmüş və dəniz palçıq vulkanları da məlumdur. Xəzər dənizində 140-dan çox sualtı palçıq vulkanı var. Bakı arxipelaqında səkkiz ada (Xəzər-Zirə, Zənbil, Qarasu, Gil, Səngi-Muğan, Çigmil və s.) palçıq vulkanı mənşəlidir. Gömülmüş palçıq vulkanları quyularla aşkar olunmuşdur. Onların fəaliyyətinin izlərinə müxtəlif yaşlı layların arasında rast gəlinir. Təbiətdə hündür və alçaq, qrifli və basdırılmış, sualtı və yeraltıvulkanlar mövcuddur. Bunların hər biri özünəməxsus xassələrə və kimyəvi tərkibə malikdir. Məlumatlara görə, Azərbaycan Respublikası ərazisində palçıq vulkanlarının ilk fəaliyyəti təqribən 25 mln.il əvvələ aiddir. Adətən palçıq vulkanlarının püskürməsi güclü yeraltı uğultu və partlayışlarla başlanır. Yerin dərin qatlarından yer səthinə çıxan qazlar alışır. Bəzən vulkan üzərində alovun hündürlüyü 1000m-ə (Qarasu vulkanı) çatır. Azərbaycan Respublikası ərazisində 1810-cu ildən indiyə qədər 50 vulkan təqribən 200 dəfə püskürmüşdür. Lökbatan vulkanında 19 püskürmə qeydə alınmışdır. Palçıq vulkanları sülb, qaz və maye püskürür. Sülb püskürmə məhsullarında 100 dəfə artıq mineral və 30-a qədər mikroelement (bor, civə, manqan, mis, barium, stronsium, litium və s.) iştirak edir. Palçıq vulkanları mənşəcə neft və qaz yataqları ilə əlaqədardır. Palçıq vulkanlarının yerləşdiyi sahələrdə zəngin neft və qaz-kondensant yataqları aşkar edilmişdir (Lökbatan, Neft Daşları, Qaradağ, Mişovdağ və s.). Bu fakt Azərbaycanın zəngin karbohidrogen yataqlara malik olmasını bir daha sübut edir.
Palçıq vulkanları kimya və tikinti sənayesi və, həmçinin, farmakologiya üçün xammal mənbəyi rolunu oynayırlar. Vulkanların gili, palçığı və həmçinin buradan hasil olunan su bir çox xəstəliklərdən müalicə etmək gücünə malikdir. Onların tərkibində bir çox kimyəvi elementlər vardır. Palçıq vulkanları təbii laboratoriyalar olaraq alimlər üçün bir növ xəzinədir. Palçıq vulkanları turistlərin də marağına səbəb olurlar. Vulkanlar ətrafındakı mənzərə planetimizin ilkin çağlarını və ya ay görüntülərini xatırladır. Lakin ayın cansız səthindən fərqli olaraq Azərbaycan vulkanları canlıdır.
Azərbaycanın digər gözəl təbiət obyektləri kimi bu vulkanların 23-ü təbiət abidəsi statusunu alaraq dövlət tərəfindən qorunmaqdadır.
Do'stlaringiz bilan baham: |