PSIXOANALIZ VƏ SIYASƏT
p.ü.f.d. Piriyeva E.A, p.ü.f.d. Məmmədli İ.M.,
Sosial və pedaqoji psixologiya
kafedrası, Bakı Dövlət Universiteti
Acar sözlər: siyasət, psixoanaliz, şüursuzluq, analitik psixoloqiya.
Ключевые слова: политика, психоанализ, бессознательное, аналитическая психология.
Key words: politics, psychoanalysis, unconsciousness, analytical psychology.
Siyasi psixoanaliz uzunmüddətli ənənəyə malik olub, özündə həm Freydin kulturoloji məqalələrini, həm onun yazışmalarını (məsələn, A. Eynşteynlə - “Niyə müharibə?”), həm də Fenixel (Fenichel О.), Райх (Reich W.), kimi alimlərin müasir analitik psixologiyanın da qəbul etdiyi elmi işlərini özündə birləşdirir. [1]
Özünü “dünyəvi işlərdən uzaq bir nəzəriyyəçi” adlandıran Freyd real siyasətdən kənar durmağa çalışırdı və məhz siyasi problematikaya onun nisbətən az sayda işləri həsr edilmişdir: “Zamanın nəbzi: müharibə və ölüm haqqında” (1915), “Nədən müharibə?” (1933). Bu səbəbdən də siyasətin sonrakı psixoanalitik tədqiqatlarının əksəriyyəti Freyd metodikasının siyzsi-psixoloji hadisələrin adoptasiyasi üzərində qurulurdu. Freydin milli xarakteri analiz etmək üsülunu nümayiş etdirdiyi “Moisey (Musa) adlı insan və monoteistik din” (1937) adlı əsəri, sonrakı sosial və siyasi psixologiyaya böyük təsir göstərmiş “ Kütlə psixologiyası və insan “Mən”-nin analizi” elmi işi bu qəbildəndir [2].
Klassik psixoanalizin strukturunda inkişaf edən siyasi psixologiya problemlərinin məntiqini Z.Freyd və U.Vilsonun “Tomas Vudro Vilson. ABŞ-ın 28-ci prezidenti. Psixoloji tədqiqat” (1938) əsərində izləmək mümkündür [2]. İlk psixoanalitik siyasətçi bioqrafiyası olan bu əsər bu istiqamətdə aparılan gələcək araşdırmaların təməli olmuşdur. Freyd U.Bullitlə olan birgə elmi işində siyasətçinin şəxsiyyətini psixoanaliz mövqeyindən dərk etmək, siyasi baxışların və qəbul edilən qərarların formalaşmasına qeyri-şüuri proseslərin göstərdiyi təsiri qiymətləndirmək yolunda cəhdlər etmişlər.
Bizim fikrimizcə, psixoanalizə misal kimi bu nümunəni daha geniş şəkildə araşdırmaq məqsədə uyğun olardı.
Z.Freyd və U.Vilson gələcək Amerika prezidentində yüksək dərəcədə narsisizm əlamətləri olduğunu, yəni libidonun xarici obyektlərdən yayındırılaraq öz üzərinə çəkilməsini, reallıq prinsipinin pozulmasını qeyd edirdilər. Zəif, xəstəhal, atası, anası, bacıları tərəfindən qorunan, sevilən, ərköyün böyüdülən Tommi üçün öz üzərində hədsiz marağın cəmlənməsi qaçılmaz olmuşdu. ”O həqiqətən özünü həddindən artıq sevirdi. Əlimizdə olan bütün dəlillər ondan xəbər verir ki, o hər zaman özünə və ya öz böyük planlarına valehliklə yanaşırdı”.
Ümumiyyətlə, Z.Freyd narsisizmi siyasi liderlərin ayrılmaz əlaməti hesab etmişdir. Hökmlük, özünə qürrələnmə, müstəqillik, digər insanlar yalnız ona lazım olduqları məqama qədər sevilən olurlar, qorxu hissi doğurmaq – bütün bunlar Z.Freydə görə hər bir siyasətçinin malik olduğu keyfiyyətlərdir. Məhz belə keyfiyyətlər siyasətçiyə onu eyni dərəcədə sevən və nifrət edən, qorxan və tabe olan kütləni idarə etmək və ona hakim olmaq imkanı verir. Əsərdə Vilsonun atasının onun uşaqlığında oynadığı mühüm rol təsdiqlənir: ata onun üçün vacib məhəbbət obyekti olmuşdur.
Ailəsində və rəhbərlik etdiyi dini icmanın üzvləri arasında böyük nüfuza malik olan, oğluna qarşı diqqətli və mehriban olan, Həqq – təalanın seçilmiş bəndələrindən olub Allahın sözünü dini icmaya (prixoda) məxsus insanlara çatdıran pastor, mömin oğul üçün uşaqlığının nəhəng fiquruna çevrilir. “ Bir çox oğlanlar atalarına valeh olurlar; lakin balaca Tommi Vilson kimi atasına belə hədsiz və qeyd-şərtsiz olaraq valeh olanlar çox deyil” [1].
Bu, Vilsonda Edip kompleksi probleminin həlli spesifikasını müəyyən etdi. Onun atasına qarşı olan aqressivliyinin bir hissəsi saxışdırılıb kənarlaşdırıldığından və buna görə də yetkin vaxtlarında həmin aqressiya atası ilə az-çox hər hansı bir oxşarlığı olan obyektlər üzərində özünə çıxış yolu tapırdı. Onun digər hissəsi isə yüksək və tələbkar fövqəl – Mən yaratmış oldu. Belə psixoloji instansiyaya malik insan xakakteri haqqında artıq danışılmışdı.
Tommi Vilson atasının direktivləri ilə düşünürdü: onun ritorikaya olan ehtiraslı bağlılığı da buradandır, o atasının sözlərinin təkrar edir, onu təqlid edirdi: gəncliyində atası kimi geyindiyindən onu səhvən pastor kimi qəbul edirdilər, o da eynilə atası kimi presvitorian pastorunun evində doğulub, tərbiyə almış qadınla evlənir. Vilsonun xarakterində atasına qarşı bir passivlik müşahidə eilirdi, bu da onun siyasi fəaliyyətində passiv metodların üstünlüyünə gətirmişdi. O müttəfiqlərin liderləri ilə, - kitabda oxuyuruq, - kişi metodları ilə deyil, qadın metodları ilə: çağırışlar, yalvarışlar, güzəştlər, tabeçiliklə mübarizə aparırdı.
Atası ilə identifikasiya hədsiz dərəcədə dini xarakterdə idi, bu isə Vilsonda nəinki yerdəki atasına, hətta Göydəki Atasına bənzəmək kimi qarşısıalınmaz bir istək doğururdu. Bu isə Amerika prezidentinin Birinci Dünya müharibəsi dövründə və Paris Sülh Konfransında “bəşəriyyətin xilaskarı” rolunu oynamasına, Amerika xalqını “sülh uğrunda xaç yürüşünə çıxması” çağırışlarına gətirib çıxarmışdı. Təsadüfi deyildir ki, Fransanın Baş Naziri Jorj Klemanso Vilsonu təsvir edərkən qeyd edirdi; “O hesab edir ki, insanları islah etmək üçün Yerə enmiş növbəti İsa Məsihdir”.
Onun kiçik qardaşı ilə münasibətləri onun dostları ilə münasibətləri üçün bir modelə çevrilmişdi. Vilson həmişə kiçik qardaşa ehtiyac duymuşdur, yəni gənc, fiziki cəhətdən daha zəif olan kişi yanında ata rolunu oynamaq onun xoşuna gəlirdi. Lakin bu hisslərə düşmənçilik və “xəyanət” (valideyn hissləri uğrunda rəqabət) hissləri də qarışırdı. Həmmüəlliflər belə hesab edirlər ki, məhz belə emosiyalar prezidentin vaxtılə Prinston üzrə sevimli dostu olan və sonralar unudulmuş Con Q.Gibbenlə, polkovnik M. Edvardla, öz katibi Jozef P.Tyumalti ilə olan münasibətlərinə təsir göstərmişdi.
Freydin yanaşmasına görə, insan bütün həyatı boyu qeyri-şüuri olaraq doğmaları ilə münasibətlərinin “dramında” oynayır və onu başqalarının üzərinə proyeksalayır. Bütün bunlar Vilsonun təkcə səxsi həyatında deyil, professional həyatında da baş verirdi. Qeyri-şüuri baş verənlər xarici aləmlə kontaktlara malik deyildir, və deməli, uşaqlıqda qeydə alınan insanlarla qarşılıqlı münasibət modelləri dəyişilə bilməz, belə çıxır ki, real beynəlxalq vəziyyət, ABŞ-ın Avropa siyasəti 28-ci prezidentin əməlləri və qərarlarını anlamaq üçün heç bir əhəmiyyət daşımır. Birinci Dünya müharibəsi dövründə dövlət və millətlərin siyasi dramı bir insanın qeyri-şüuri dramı fonunda baş verir. Həmçinin Freydə görə, sonuncu aşkar şəkildə baş verən proseslərin anlaşılmasında əsaslı rol oynayır.
Baxmayaraq ki, Vilson xarici görünüşcə cəlbedici deyildi, bədəncə zəif quruluşlu və nevrotik olsa da, güclü fövqəl-Mən onu Prinstona daxil olduğu zamandan bir uğurdan digərinə doğru aparmışdır. Qladsonla identifikasiya ona atasının oğlunu din xadimi görmək istəyini dəf etməkdə yardımçı oldu və onu ictimai və siyasi fəaliyyətə təhrik etdi.
Prezidentin atası tərəfindən ritorikaya, nitq söyləməyə aşılanmış olan məhəbbəti hamıya məlumdur. Atası ilə eyniləşdirmə ona gətirirdi ki, o öz natiqlik fəndlərini atasının ürəyinə yatan moizələrində olduğu kimi – dinləyici üçün xoş, ümimiləşdirmələrini isə parlaq etməyə çalışırdı. Bu ümumiləşdirmələrin faktlara uyğun olmaya biləcəyi isə onu az narahat edirdi. “Onlar yalnız özləri üçün, onun özünü atası ilə eyniləşdirməsi üçün mövcud idilər”. Və onun özü üçün yadda saxlamaq münasib olmadıqda, faktları ununmaq adəti heç də təəccüblü deyil. O, müttəfiqlərin müharibədən sonra dünyanı bölüşdürmək haqqında gizli razılaşmaya gəlməsi haqqında ona xoş gəlməyən fakta etinasızlıq göstərirdi. Bu səbəbdən də onun Parisdəki “ədalətli və möhkəm sülh” uğrundakı mübarizəsi uğursuzluğa məhkum idi.
Prezidentin İ Dünya müharibəsinin gedişatındakı fəaliyyəti, Versal Sülh müqaviləsinin imzalanması və Millətlər Liqasının təsis edilməsi ya onun İsa Məsihlə eyniləşdirmə prizmasından, yaxud da xasiyyətindəki passivliyin və aktivliyin nisbəti ilə izah olunur. Belə ki, Allahın-oğlu (İsa –Məsih) ilə identifikasiya onun döyüşkən meyllərini çəkib saxlayır, İngiltərəyə olan simpatiyanı tarazlaşdıraraq, Almaniyaya müharibə elan etməkdən çəkinməyə məcbur edir.
Vilsonun müvəqqəti barışığı bərqərar etmək üçün irəli sürdüyü 14 maddədən dramatik geridurma və açıq –aşkar ədalətsiz olan sülh müqaviləsinin bağlanmasına razılıq verməsi yenə də onun uşaqlığının inkişafının xüsusiyyətləri ilə izah olunur. Amerika prezidenti dünyada hakim olmaq və müharibədən sonrakı Avropada ədalətli “Allah qanunlarını” təsdiqləmək arzusunda idi, lakin siyasi reallıqlarla (müttəfiqlərin gizli bağladıqları müqavilələr) və öz dövlətlərinin maraqlarını təqib edən Lloyd Corc, Klemanso və Orlandonun müqaviməti ilə üzləşir.
Bir çox müəlliflərin fikrinə görə, səbəb ondadır ki, öz atasına qarşı dərin şəkildə passiv olan Vilsonun “naturasının qadın əsası” ona Avropa liderləri ilə güc vasitəsilə mübarizə aparmağa imkan vermədi. Vaxtaşırı olaraq qəti qararlar qəbul etmək məqsədi ilə, o gizli danışıqların gedişatı boyunca, nə cür olursa olsun, mümkün dərəcədə tez bir zamanda Avropada sülhü təmin etmək üçün daima öz mövqelərindən geri çəkilirdi.
Freydin əsərlərində siyasi psixologiyaya münasibətdə psixoanalizin iki funksiyası mövcuddur:
1) Spesifik strukturlar kimi nəzərdən keçirilən və əsas funksiyalarından biri sosiumdakı asosial davranış tendensiyalarının yatırılmasından ibarət olan sivilizasiya və mədəniyyətin analizi məqsədi ilə psixoanalizin tətbiqi;
2) Psixanalizin konkret tarixi və ictimai personların öyrənilməsi metodu kimi istifadə olunması. Eləcə də (variant kimi) fərdi analiz üçün bu və ya digər siyasi liderlərdəki qeyri–şüuri faktorlarla şərtlənən simptomları və münasibətlərdəki pozulmaları aradan götürməyə imkan verir.
Siyasətçinin psixoanalitik portreti uğurlu sublimasiya tapmış nevrotik kimi nəzərdən keçirilir. Siyasətçi şəxsi (fərdi) və kütləvi nevrotikliyin təmas nöqtəsidir. Siyasi aktivliyin və davranışın dərin motivasiyasında siyasətçinin uşaqlıq dövrü həlledici əhəmiyyətə malikdir. Cəmiyyətin siyasi quruluş formalarının təkamülü psixoseksual inkişaf mərhələləri haqqında nəzəriyyənin mərhələləri ilə assosiasiya olunur, siyasi ideologiya isə kastrasion qorxunun müdafiə rasionallığının növlərindən biri kimi nəzərdən keçirilir.
Yeni siyasi anlayışların formalaşmasına psixoanaliz xüsusi töhvə vermişdir, məsələn, “qarşılıqlı zəmanət” konsepsiyası. Bu konsepsiyaya görə, konflikt iştirakçılarından heç biri digər konflikt tərəfinin hesabına məmnunluq ala bilməz və konfliktin həqiqi həlli yalnız digər insanın (sosial və ya milli qrupun) qorxu və həyəcanlarının empatik aydınlaşmasını nəzərdə tutan qarşılıqlı zəmanət şəraitində mümkündür.
Elmi biliklərin bu sahəsində bir çox hallarda subyektiv “fanatizm” şəklində reallaşan “düşmən obrazı” kimi fenomenin yaranması və onun funksionallığının özəllikləkəri ilə əlaqədar olan problemlərin analizi əhəmiyyətli rol oynayır.
Bu və bir sıra digər psixoanalitik konsepsiyalar israillilər və ərəblər arasında Kemp – Devid razılaşmasına hazırlıq zamanı uğurla sınaqdan çıxarılmışdır. ABŞ-ın bir sıra aparıcı psixiatrp və psixoanalitiklərinin iştirak etdikləri bu iş prosesində müəyyən edilmişdi ki, millətlərarası konfliktlər bir sıra hallarda “paranoyal” ssenarilər üzrə inkişaf edir, lakin onların qarşısının alınması və korreksiyası isə yalnız müasir psixoterapevtik texnikalardan məharətlə istifadə etməklə və yalnız uzunmüddətli sosial terapiya (digər “terapevtik faktorlarla”, o cümlədən iqtisadi də olmaqla) tətbiq etməklə mümkündür.
Dünyaya baxışları Z.Freydin ideyalarının güclü təsiri altında formalaşan Q.Lasuell siyasətdə qeyri-şüurinin roluna, ümumiyyətlə insanın varlığının, onun mövcudluğunun irrasional aspektlərinə xüsusu maraq göstərirdi. Və məhz onun "Psychopathology and Politics" adlı elmi əsəri sayəsində siyasət elminin sonrakı inkişafı üçün siyasətin institusional tərəfinin öyrənilməsindən davranışın analizinə tərəf çox vacib olan dönüş baş vermişdi. Amerika siyasətçilərinin şəxsiyyətlərinin analizi üçün tədqiqatçı onların tibbi kartlarından istifadə etmişdi. Bu zaman o heç də elə mövqe tutmamışdı ki, siyasətçilər də bütün insanlar kimi məhz bioqrafların marağı hədəfində olan bu və ya digər kənaraçıxmalara malik ola bilərlər.
Q.Lasuell ilk növbədə siyasət xadimlərinin əməli hərəkətlərinin gizlin, aşkarda olmayan qeyri –şüuri motivlərini axtarır və onları uşaqlıq inkişafının özəlliklərində, gələcək siyasətçinin psixoloji travmalarının səbəbi olan konfliktlərdə tapırdı. Hakimiyyət isə Q.Lassuel və onun sələfi olan A.Adlerə görə, həmin travmaları kompensasiya edən vasitədir və onun belə cazibədar olması da bununla izah olunur.
Müxtəlif siyasi davranış üslublarını tədqiq edən Q.Lassuel belə bir hipotez irəli sürmüşdü ki, nitq üslubu, şəxsi münasibətlər üslubu və liderlərin digər özəllikləri ümumi şəxsi xüsusiyyətlərlə əlaqədardır. Beləliklə, o üç tip siyasətçi seçib ayırmış: ”təşviqatçı”, “inzibatçı” və “nəzəriyyəçi” və bu tipik əlamətlərin konkret daşıyıcılarını təsvir etmişdir. Məsələn, tipik təşviqatçı belə görünüşə malikdir. Bu, kütləvi çıxışlara qarşısı alınmaz meylliyi olan bir insandır. O, əqidəsinə görə sosialistdir. Təsvir olunan siyasətçi tipinin bu ideoloqiyaya tərəfdarlığını onun sırf ailə vəziyyəti ilə izah edir, konkret olaraq onun öz qardaşına qarşı hiss etdiyi qibtə hissi ilə izah edir. Belə hisslər adətən cəmiyyət tərəfindən yaxşı qarşılanmadığından çox səylə gizlədilir, lakin gizlin formada olan qibtə hissi də ona əzab verməkdə davam edirdi, o özünü günahkar hiss edirdi və yaşadığı günah hissi gələcəkdə bərabərlik və qardaşlıq ideyalarının sosialistik interpretasiyasına tərəfdaşlığa transformasiya edir.
Psixoanaliz siyasətin və siyasi psixologiyanın öyrənilməsinə çox vacib təsir göstərmişdir. Psixoanalizin bir sıra müddəaları siyasi davranışın motivasiyalarının və individ üçün direktiv göstərişlərin sonrakı tədqiqatları üçün, müharibə və sülh məsələlərinin, aqressiya və milli xarakterin xüsusiyyətlərinin öyrənilməsinə əsas olmuşdur. Psixoanalitik metodika Q.Olport tərəfindən irqi və etnik mövhümatların öyrənilməsində istifadə edilmişdir. T.Adornonun psixoanalitik tədqiqatları faşizm və totalitarizmin psixoanalitik əsaslarının işıqlandırılmasına yardımçı olmuşdur.
Ədəbiyyat:
1. В.В. Козлов, В.В.Новиков, Е.В.Гришин Политическая психология. М.: 2010, с. .240
2.Фрейд З. Очерки по психологии сексуальности, М.: Попурри, 1997, 480 с.
3. Фрейд З. Психологические этюды, Минск: 2001, 608 с.
Rezüme
Psixoanaliz siyasətin və siyasi psixologiyanın öyrənilməsinə çox vacib təsir göstərmişdir. Psixoanalizin bir sıra müddəaları siyasi davranışın motivasiyalarının və individ üçün direktiv göstərişlərin sonrakı tədqiqatları üçün, müharibə və sülh məsələlərinin, aqressiya və milli xarakterin xüsusiyyətlərinin öyrənilməsinə əsas olmuşdur.
РЕЗЮМЕ
В статье показано влияние психоанализа на политические процессы. Ряд положений психоанализа стали определяющими для национального характера. Психоанализ оказал большое влияние на формирование некоторых понятий в политике.
SUMMARY
The article shows the influence of psychoanalysis on political processes. Several provisions of psychoanalysis were decisive for the national character. Formation of certain concepts in politics had a great influence of psychoanalysis.
Do'stlaringiz bilan baham: |