Təsəvvüfi məna ifadə edən semantik sistem: Təbii ki, vücudnamələrdə insanın yaradılış prosesi bununla bağlı dini-anatomik mülahizələr əsasında obrazlı şəkildə ifadə edilməkdədir:
Rahim içre peyda bol dip nida kildi,
Zikr ayt didi azalarım titrey-birdi,
Ruhum kirdi süngeklerim Allah didi,
Ol sebebdin altmış üçde kirdim yirge.
(Yesevi, 1998: 59-89)
“Bətn içrə peyda ol!”, - deyə nida gəldi,
“Zikr et!”, - dedi əzalarım titrətişdi,
Ruhum girdi, sümüklərim: “Allah!”, - dedi
Ol səbəbdən altmış üçdə girdim yerə.
Bəzi vücudnamələrdə isə təsəvvüfi məna daşıyan “qətrə”, “dərya”, “ümman”, “dəniz”, “qəvvas” kimi semantik sistem vasitəsilə Vəhdətlə (Allah) onun hissələri (bəndələr) arasındakı münasibət ifadə edilir.
Abi-atəş xak-baddan cəm oldum,
Adəm dəryasından sorağa gəldim.
Şərin biətindən dinin şərtindən,
Ana vücudunda yarpağa gəldim.
(Ağalar Mirzə, 1999, s. 139-141)
Müəllifin ifadə etdiyi “Adəm dəryası” bəzmi-ələstdəki ruhlar aləminə işarədir. Ümumiyyətlə, bir çox vücudnamələrdə insanın yaradılmasında dörd ünsürün rolundan bəhs olunur.
Başqa bir vücudnamədə isə hər bir müsəlmanın yetkinlik yaşı olan yeddi yaşında ilahi həqiqətləri dərk etməyə başlaması və ilahi eşqin qətrəsini dadması ifadə edilməklə, “qətrə” sözünün semantik baxımdan çoxmənalılığı ifadə edilir:
‘Aşktan lezzet aldım yedi yaşımda,
Katreyim ‘ummâna ulaşa geldim.
(Karasoy, 2009: 143-144)
Xəstə Qasımın başqa bir vücudnaməsində isə dərya sözü təsəvvüfi semantikasında çıxış edir:
...Dəryayi-movcdən keçdim,
Nagah quru yerə düşdüm.
Hümmətləşdim, yola düşdüm,
Döşəndim xaki- ğəltanə.
(Xəstə Qasım, 2010:173)
Ruhun dəryayi-mövcdən (burada: dalğalanan dəniz) keçməsi Mütləq Vücuddan (“Vücudi-Mütləq”) ayrılmasını, “quru yerə düşərək”80 ruhun cismə daxil olmasını ifadə edir. Bu dünya həyatını yaşadıqdan sonra yenidən Yaradanın hüzuruna dönən ruh qəbz halına dönür. Təsəvvüfdə ruhun “qəbz” halı “sıxılma” mənasındadır və “bəst”in (genişlənmə) qarşılığıdır. (Şıhıyeva, 2008: 232)
Ol zaman qəbz olur canım,
Qalır cismi-natəvanım,
Yığılır qovmü xahanım,
Gəlirlər bir dəm şivənə.
(Xəstə Qasım, 2010:180)
Nəticə: Beləliklə, ayrı-ayrı türk xalqlarının şifahi və yazılı ədəbiyyatından nəzər saldığımız vücudnamələrdə müxtəlif leksik-semantik paralellərin olduğunu gördük. Həm məna və məzmun etibarilə, həm də leksik baxımdan diqqəti cəlb edən bu paralellər “leksik-semantik variantlar” (Əliyeva, 1995: 33) olaraq da nəzərdən keçirilə bilər. Təsnif etdiyimiz qruplar üzrə verilən paralellərdə semantik məzmun müxtəlif türk dillərində daha çox fonetik fərqlə ayrılan leksik vahidlərlə ifadə olunmaqdadır. Xüsusilə də sayların ifadəsində bu cəhət özünü qabarıq şəkildə büruzə verməkdədir.
Do'stlaringiz bilan baham: |