1. Prof. Valeh Hacılar Gürcüstan türklərinin folklorunun toplayıcısı kimi
Bəllidir ki, folklorun tədqiqi onun toplanmasından başlayır. Valeh Hacılar da həqiqi folklorşünas kimi, tədqiqata keçməzdən öncə, bu misilsiz və tükənməz xəzinəni əldə etməyə çalışmış, illər boyu gizli qalmış folklor incilərini bir araya gətirməyə cəhd göstərmişdir. O, uzun illər C.Orbeliani adına Tbilisi Dövlət Pedaqoji Universitetinin Azərbaycan bölməsinin tələbələrinin Gürcüstandakı azərbaycanlıların yaşadıqları regionlara etdiyi folklor ekspedisiyalarına rəhbərlik etmişdir. Bu folklor ekspedisiyaları külli miqdarda folklor materialının toplanması ilə nəticələnmişdir. Bu materialların sistemləşdirilməsi, bir araya gətirilməsi, nəhayət itib batmaqdan qorunması birbaşa professorun xidmətidir. Azərbaycan folklorşünaslığı məhz onun əməyi sayəsində Borçalı-Qarayazı və Axısqa-Cavaxetin türkdilli folklor örnəkləri ilə tanış olmuşdur. Təsadüfi deyildir ki, prof.V.Vəliyev yazırdı: “Düşünürəm ki, Valeh əgər Gürcüstanda yaşamasaydı bu gözəl mövzuları araşdırıb tapa bilərdimi? Əgər o, bu araşdırmaları etməsəydi, on ildən sonra bunların halı necə olardı? Çünki bu mövzu elə bir mövzudur ki, orada xalqın ruhu, mənliyi yatır. Üç-beş il sonra ona dönmək və ya onu eyni yerdə tapmaq mümkün olmur. Valehin əsərləri sayəsində Gürcüstanda yaşayan türkləri və onların folklorunu tanımaq üçün böyü bir qapı açıldı. Ondan başqasının bu işdə bu qədər bacarıqlı ola biləcəyini düşünmürəm” (8, 34).
Valeh Hacılar Borçalı-Qarayazı aşıq-şairlərini də elm aləminə tanıdan ilk alimlərimizdən olmuşdur. Çünki, bildiyimiz kimi, ona qədər bu aşıq-şairlər barədə qəzetlərdə yalnız kiçik həcmli informativ məlumatlar verilmişdir. Amma Valeh Hacılar bu aşıqların və şairlərin poetik irsini toplamağa müvəffəq olmuşdur. Maraqlıdır ki, o, Borçalıda yaşayıb yaradan azərbaycanlı aşıqları və el şairlərinin yaradıcılığını və poetik irsini toplamaqla kifayətlənməmiş, həm də Gürcüstanın Cənub-Qərbində, Tiflisdə və Trialetdə yaşayıb yaradan türkdilli gürcü, yunan, aysoru aşıq-şairlərin ədəbi irsini üzə çıxararaq tədqiq etmişdir. Təsadüfi deyil ki, yuxarıda qeyd etdiyimiz kimi, onun namizədlik dissertasiyasının mövzusu – Azərbaycan dilində söz qoşan gürcü aşıqları – olmuşdur. Bu dissertasiyanın tədqiqat obyektinə çevrilmiş materialı da müəllifin özü çoxsaylı folklor ekspedisiyaları zamanı toplamışdır ki, bu da onun bu elmi araşdırmasının elmi əhəmiyyətini ikiqat artırır.
Valeh Hacıların toplama fəaliyyətinin mühüm nəticələri Azərbaycan folkloru antologiyasının Borçalı folkloru cildində bir araya gətirilmişdir (2). Bu antologiyada ənənəvi folklor janrları ilə yanaşı, mərasim folkloru mətnləri, uşaq folkloru, aşıq yaradıcılığı nümunələri toplanmışdır. Janr baxımından folklorun bütün spektrinin əhatə etsə də, bu antologiyada toplanmış örnəklər Valeh Hacıların irihəcmli toplama fəaliyyətinin bütün nəticələrini əhatə edə bilmir. Antologiyanın bu cildinin tərtibçisi olan prof.İsrafil Abbaslının göstərdiyi kimi, “cild toplanmış söz sənəti örnəklərinin az bir qismini əhatə edir. Onu iki kitabda çap etmək nəzərdə tutulmuşdu. Lakin poliqrafiya-nəşr işlərinin mövcud vəziyyəti buna imkan vermədi. Bu səbəbdən də ayrı-ayrı tarixi kəsimlərdə yazıya alınıb Tbilisinin uyğun arxiv və fondlarında saxlanılan külli miqdarda Azərbaycan folkloru örnəkləri, bölgənin çoxəsrlik ozan-aşıq mühiti qoynunda ərsəyə çatıb püxtələşən, Azərbaycan türkcəsində düzüb-qoşan bir çox gürcü, aysoru, yunan aşıqlarının şeirləri, dastan rəvayətləri və onlarla bu qəbil materiallar tərtibdən kənarda qaldı” (1, 4). Bu antologiya ənənəvi olaraq mərasim folklorundan başlayır. Mövsüm və mərasim nəğmələri altında toplanmış örnəklər orijinal olub, Borçalı mahalına xasdır. Məsələn, buradakı yağışı kəsmə ovsununa Azərbaycanın digər mahallarında nadir hallarda rast gəlinir:
Yağma, yağış.
Bitmə qamış
Babam çöldədi
Yapıncısı öydədi
Çomağı çiynindədi,
Köynəyi əlindədi,
Dəsmalı cibindədi,
Ağacın dibindədi
Yağma, yağış
Bitmə, qamış.
Antologiyadakı mərasim folklorunun maraqlı istiqamətlərindən olan toy mərasiminə daxil edilən toy nəğmələri və əbədə-şəbədə adlandırılan qayınana-gəlin sözləri də diqqət çəkir. Qayınana gəlininə:
Evindən bezən,
Qapılar gəzən,
Dabanı çatdaq.
Balağı batdağ
Doğduğu söyülməz,
Bişirdiyi yeyilməz.
Gəlinin əbədə-şəbədəsi:
Baldızım, çuvalduzum
Zırıldayır ötür, mən neynim?
Qayınanam – qara köpək,
Mırıldayır ötür, mən neynim?
Antologiyada digər regionlarda rast gəlinməyən “Çoban Məhəmməd”, “Xıdır İlyaz”, “Balıqların sirri”, “Ovçu ilə padşah” və s. nağıllar sehrli nağılların bir çox xüsusiyyətlərini özündə qoruyub saxlamış, qədim mifoloji təsəvvürlər bu nağıllarda öz əksini tapmışdır.
Regiondan toplanmış lətifələr “Elat dodaqqaçdıları” adı altında verilmişdir. Bu lətifələrin böyük əksəriyyəti Molla Nəsrəddinin adı ilə bağlıdır ki, bu da Molla Nəsrəddinin Borçalıda da sevilən lətifə qəhrəmanı olduğunu göstərir. Digər lətifələr isə daha çox müasir dövrlə bağlı olan, çağdaş lətifə qəhrəmanlarının da yer tapdığı örnəklərdir. Bəzi lətifələr isə, sırf regionla əlaqəli, həmin folklor mühitinin yetirmələrinin də yer tapdığı örnəklərdir. Məsələn, “Aşıq Söyünlə Nadir”.
“Aşıx Söyün arannan qayıdırmış. Onu mindiyi atı qan-tər içində görən Nadir (Şair Nəbinin oğlu) özünü saxlıya bilmir:
Aə, bu gələn arıxdımı,
Əynindəki çarıxdımı?
Altındakı yağır yavı.
Böyründəki nöyüt qavı,
Nə minifdi çərrəmişi
Baldırrarı qırıxdımı?”
Antologiyanın maraqlı hissələrindən biri bayatılara həsr olunmuşdur. Bu bayatıları içində elələri vardır ki, özündə yalnız lirik-estetik funksiyaları ehtiva etmir, bu örnəklərdə həm də, regiona xas adət-ənənələr, ilkin mifoloji təsəvvürlər öz əksini tapır. Məsələn,
Qardaş enir enişdən,
Sinəbəndi gümüşdən
Qardaşa şax bəzərəm
Əlli löyün yemişdən,-
-
bayatısında Azərbaycanın yalnız Qərb regionlarına xas olan şax bəzəmək mərasimi öz əksini tapmışdır. Bəllidir ki, toy mərasimində xonça ilə yanaşı şax bəzəmək ən qədim adətlərdən olmuş və kökləri etibarilə ibtidai-mifoloji təsəvvürlərdən olan dünya-həyat ağacına inama bağlanır.
Bayatıların böyük qismində ərazinin toponimik adları əks olunmuşdur ki, bu da həmin örnəklərin bu ərazidə yaranma ehtimalını artırmış olur. Professorun topladığı müəllifli bayatılar içərisində Alxas ağa Hacallının adı ilə bağlı nümunələr əksəriyyət təşkil edir.
Valeh Hacıların Borçalıdan toplanmış “Cahangir” və “Cəlal-Sayad Səlvinaz” dastanları da öz əksini tapmışdır.
Do'stlaringiz bilan baham: |