Xəbər bülleteni № 9
http://transparency.az/cnews/
Ünvan: AZ1001, Bakı, Cəfər Cabbarlı, 16, mən. 7
Tel: (+994 12) 497 81 70; 497 68 15; Fax: (+994 12) 596 20 38
E-mail: info©transparency.az
Sentyabr 2015
Yunanlar yenidən SİRİZA-ya dəstək verdi
21.09.2015
Yunanıstanda sentyabrın 20-də keçirilmiş növbədənkənar parlament seçkisinin ilkin nəticələri açıqlanıb. Transparency.az-ın məlumatına görə, radikal solların SİRİZA Partiyası 35,47% səslə 300 yerlik parlamentdə 145 mandata sahib çıxıb. SİRİZA-nın müttəfiqi olan ANEL (Azad Yunanlar) Partiyası 3,69% səs toplayaraq 10 mandat qazanıb. Beləliklə, SİRİZA yenidən hökuməti formalaşdırmaq hüququ əldə edib.
Hakim koalisiyaya öncüllük edən SİRİZA Partiyasının lideri Aleksis Sipras avqustun 20-də baş nazir postundan istefa vermiş, xalqa müraciətində növbədənkənar parlament seçkisində quruma yenidən etimad göstərilməsini istəmişdi.
Bu ilin yanvarında hakimiyyətə gələn Aleksis Sipras hökumətinin istefası Avropa kreditorları ilə razılaşmaların koalisiyada ikitirəlik yaratması ilə bağlı idi. Avro zonası ölkələrinin qərarına əsasən, 2015-2018-ci illərdə Yunanıstana 86 milyard avro yardım ediləcək. Yunanıstan hökumətinin yardım müqabilində boyun olduğu islahat paketi vergilərin artırılmasını, hökumətdə ixtisarları, pensiya yaşının tədricən artırılmasını və başqa məsələləri nəzərdə tutur.
Yunanıstanın Avropa Sabitlik Mexanizminə, Avropa Mərkəzi Bankına, Beynəlxalq Valyuta Fonduna, ayrı-ayrı Avropa ölkələrinə, o cümlədən Almaniyaya, Fransaya, bəzi şəxsi kreditorlara üst-üstə 300 milyard avrodan çox borcu var.
Ekspert dəmir yollarının nazirlikdən alınmasını doğru qərar sayır
21.09.2015
Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılmasına fərman verib. Transparency.az-a danışan iqtisadçı ekspert Qubad İbadoğlu deyib ki, neft bölməsinin ildən-ilə kiçildiyi şəraitdə, eləcə də Azərbaycanın Asiya və Avropa arasında beynəlxalq nəqliyyat dəhlizi rolu oynadığı dönəmdə təsərrüfat və kommersiya fəaliyyətinə malik dəmiryol nəqliyyatının bu sahədə dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanının tərkibindən çıxarılması düzgün yanaşmadır: “Dəmir yolu xidmətləri genişlənir, Azərbaycan Bakı-Tbilisi-Qars, Şimal-Cənub dəmir yolu marşrutları üzrə regional tranzit daşımalarında iştirak edir. Bu amili, eləcə də digər nəqliyyat infrastrukturları ilə dəmir yolu arasında rəqabətli mühitin təmin edilməsi zərurətini nəzərə alanda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nəqliyyat Nazirliyindən alınmasını təqdir edirəm.
Belə qərarlar davam etməli, təsərrüfat və kommersiya fəaliyyəti ilə məşğul olan digər strukturlar, o sıradan “Avtonəqliyyatservis” Nəqliyyat Nazirliyinin tərkibindən çıxarılmalı, bu sahədə dövlət idarəetmə sistemi daha da təkmilləşdirilməlidir. Nəqliyyat sferasında ayrı-ayrı həlqələr arasında rəqabətli mühit yaratmaqla və ondan qaynaqlanan keyfiyyətli nəqliyyat xidmətləri göstərməklə izafi xərc tutumu olan struktur elementlərini özəlləşdirmək, mövcud vəsaitlərdən daha səmərəli istifadə edib həm təsərrüfat fəaliyyətini təkmilləşdirmək, həm də dövlət büdcəsinə daha çox töhfə vermək olar”.
Təkliflər hazırlanıb: Azərbaycanda əmək miqrasiyası sərtləşir
21.09.2015
Sentyabrın 19-u Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) xarici vətəndaşlar üçün əmək miqrasiyasının təkmilləşdirilməsi məqsədilə Dövlət Miqrasiya Xidməti (DMX) ilə birgə hazırlanmış təkliflərin müzakirəsi keçirilib. Transparency.az-a verilən rəsmi məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov siyasi və iqtisadi böhran prosesləri səbəbindən əksər ölkələrdə iqtisadi fəallığın və investisiya qoyuluşlarının azaldığını, belə şəraitdə çoxsaylı iş yerlərinin ixtisar edildiyini bildirib: “Azərbaycanda isə iqtisadi artım və ölkə iqtisadiyyatına investisiyaların yatırılması prosesi davam edir. Bu isə ölkəmizin əmək bazarında xarici işçi qüvvəsinin çoxalması ilə müşahidə olunur. Təkcə bu ilin birinci yarım ilində ƏƏSMN-ə xarici vətəndaşlara iş icazəsinə rəy verilməsi üçün DMX-dən göndərilən müraciətlərin sayı 9357 ədəd, ötən ilin müvafiq dövrünə nisbətən 11,8 faiz çox olub. Lakin bu müraciətlərin yalnız 7 faizə yaxın hissəsinin yüksək ixtisaslı mütəxəssislərə aid olması təəssüf doğurur və milli əmək bazarının ixtisassız əcnəbi işçi qüvvəsindən qorunması, yüksək ixtisaslı mütəxəssislərin iqtisadiyyatımıza cəlb edilməsinin stimullaşdırılması məsələsini aktuallaşdırır”.
Müslümov dövlət başçısının 24 dekabr 2014-cü il fərmanında bununla əlaqədar konkret tapşırığın verildiyini vurğulayıb: ”Fərmanda ƏƏSMN və DMX-yə milli əmək bazarında ixtisassız əcnəbi kadrların iştirakının qarşısının alınması və yerli əmək ehtiyatlarından səmərəli istifadə olunması məqsədilə əmək miqrasiyası kvotasının sərtləşdirilməsi, habelə ölkədə innovativ rəqabətə davamlı iqtisadiyyatın formalaşdırılması tələblərinə uyğun olaraq yüksək ixtisaslı əcnəbi mütəxəssislərin cəlb olunması (patentləşdirmə) mexanizminin yaradılması üçün təkliflərin hazırlanması tapşırılıb. Hər iki qurumun müvafiq təklifləri hazırdır və müzakirələr şəraitində onlar daha da təkmilləşdirilərək dövlət başçısına təqdim olunacaq”.
DMX-nin rəisi Firudin Nəbiyev ixtisassız əcnəbi miqrantların ölkəyə axınının qarşısının alınması üçün həyata keçirilən tədbirlər barədə məlumat verib, hazırlanan yeni təkliflərin bu sahədə mexanizmin təkmilləşməsinə səbəb olacağını bildirib.
Tədbirdə hazırlanan təkliflər ətraflı müzakirə olunub. Təkliflərdə əmək bazarında ilk növbədə yerli işçi qüvvəsindən istifadəyə üstünlük verilməsi, yalnız müvafiq ixtisaslar üzrə yerli işçi qüvvəsi yetərli olmadığı halda həmin ixtisaslar üzrə iş yerlərinə əcnəbi işçi qüvvəsinin buraxılmasına icazə verilməsi məsələsi də əksini tapıb. Müzakirə zamanı bu məsələ ilə əlaqədar milli əmək bazarında iştirak üçün xarici işçi qüvvəsinə icazələrin verilməsi zamanı aidiyyəti informasiyaların əldə olunması üçün iki qurum arasında elektron məlumat mübadiləsinin həyata keçirilməsi, habelə əmək müqaviləsi bildirişləri üzrə elektron informasiya sisteminin imkanlarından miqrasiya orqanlarının geniş istifadə edə bilməsi barədə razılıq əldə olunub.
MSK deputatlığa namizədlərin siyahısını dərc etməyə başlayıb (Siyahı)
21.09.2015
Transparency.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyası 1 noyabr parlament seçkisində qeydə alınan namizədlərin siyahısını dərc etməyə başlayıb. Siyahı daim yenilənir (Seçki dairələri üzrə qeydə alınanlar).
Parlament seçkisinin təqvim planına əsasən, namizədin qeydə alınması üçün zəruri olan seçki sənədləri oktyabrın 2-dək təqdim edilir. Oktyabrın 12-dək MSK qeydə alınmış namizədlərin seçki dairələri üzrə siyahısını açıqlamalıdır.
Naxçıvanda ÜDM 5,9 faiz artıb
21.09.2015
Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 525 milyon 381 min manatlıq ümumi daxili məhsul istehsal olunub, bu da 2014-cü ilin yanvar-avqust ayları ilə müqayisədə 5,9 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2014-cü ilin yanvar-avqust ayları ilə müqayisədə 6,6 faiz artaraq 3458,1 manata çatıb.
Muxtar respublikada yaradılan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə 665 milyon 706 min manat həcmində məhsul istehsal edilib, bu da 2014-cü ilin müvafiq dövründəki göstəricini 3,3 faiz üstələyib.
İlham Əliyev Respublika Əlillərin Bərpa Mərkəzinin açılışında iştirak edib
21.09.2015
Sentyabrın 21-də prezident İlham Əliyev Bakıda Respublika Əlillərin Bərpa Mərkəzinin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov prezidentə bildirib ki, il ərzində ambulator, gündüz stasionarı və stasionar şəraitdə əlillərin reabilitasiyası və müalicəsi ilə məşğul olan mərkəz müasir tibbi avadanlıqla təchiz edilib, binanın həyətində geniş yaşıllaşdırma işləri görülüb, xəstələrin təmiz havada gəzintisi və istirahəti üçün bütün şərait yaradılıb.
Xəbəri AZƏRTAC yayıb.
Təhsil Nazirliyi “Elektron təhsil” respublika müsabiqəsinə start verib
21.09.2015
Sentyabrın 21-də Təhsil Nazirliyi “Elektron təhsil” respublika müsabiqəsinə start verib. Rəsmi məlumata görə, təhsildə informasiya texnologiyalarının tətbiqinə həsr olunmuş müsabiqə “Müəllim” və “Şagird” istiqamətləri üzrə 6 nominasiyada təşkil olunur. Məqsəd tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirmək və fəaliyyətlərini dəstəkləmək, ən yaxşı elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmaq, internetin imkanlarından istifadə etməklə həyata keçirilən yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün İKT-nin tətbiqinin yeni formalarını axtarmaq, təhsil müəssisələrində elektron resurslardan istifadəni genişləndirmək, müəllim və şagirdləri elektron resurslar yaratmağa və hazır resurslardan istifadəyə stimullaşdırmaqdan ibarətdir.
Müsabiqədə ümumtəhsil müəssisələrinin pedaqoji heyəti, pedaqoji kadrların ixtisasartırma və yenidən hazırlanması ilə məşğul olan qurumların metodist mütəxəssisləri və şagirdlər iştirak edə bilər. İştirak arzusunda olanlar www.musabiqe.edu.az səhifəsində qeydiyyatdan keçməli və ərizəni doldurmalıdırlar. Qaliblərə noutbuk, planşet, printer və digər xüsusi mükafatlar təqdim olunacaq.
Çağrı Mərkəzinin fəaliyyəti barədə arayış açıqlanıb
21.09.2015
Vergilər Nazirliyinin Çağrı Mərkəzinin avqust ayında fəaliyyəti barədə arayış açıqlanıb. Transparency.az xəbər verir ki, Çağrı Mərkəzinə daxil olan müraciətlərin 36,49 faizi gün ərzində, 26,7 faizi növbəti iş günü ərzində, 8,77 faizi 2 gün ərzində, 8,53 faizi 3 gün ərzində, 17,77 faizi 4-7 gün ərzində, 1,42 faizi 8-15 gün ərzində, 0,95 faizi 16-30 gün ərzində cavablandırılıb.
Əli Həsənov: “Bir sıra xarici media orqanları və onların əməkdaşları ölkə daxilində qeyri-qanuni fəaliyyət göstərirlər”
21.09.2015
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov hüquq mühafizə orqanlarının son günlər bəzi xarici KİV əməkdaşlarını saxlamasına münasibət bildirib. O, AZƏRTAC-a bildirib ki, 2015-ci il martın 18-də “Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələrinin akkreditasiya qaydaları” təsdiq edilib: “Xarici KİV-lərin, onların Azərbaycandakı nümayəndəliklərinin və əməkdaşlarının elektron qaydada akkreditasiyası məqsədilə Xarici İşlər Nazirliyinin internet saytında müvafiq bölmə də yaradılıb (Xarici KİV nümayəndələrinin elektron akkreditasiyası üçün müraciətlər).
Təəssüf ki, “İnteraz”, “Euroaz” televiziya kanalları, “Amerikanın səsi” radiosu, “Meydan TV” internet saytı və bir sıra digər xarici media orqanları və onların əməkdaşları dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq bu günə qədər müvafiq qaydalara əməl etmir və ölkə daxilində qeyri-qanuni fəaliyyət göstərirlər. Son günlər hüquq mühafizə orqanlarının bəzi xarici KİV əməkdaşlarını saxlaması da onları öz fəaliyyətlərini “Azərbaycan Respublikasında xarici kütləvi informasiya vasitələrinin akkreditasiya qaydaları”na uyğun qurmağa dəvət etmək məqsədi daşıyır”.
Hökumət hansı hədəfləri seçməlidir?
21.09.2015
Rövşən Ağayev
Azərbaycan hökuməti manatın, dövlət büdcəsinin və cari hesablar balansının neftin 40-45 dollarlıq qiymətinə uyğunluğunu təmin etmək üçün bəzi hədəflər seçməlidir:
1) İdxalı əvəzləyən qabaqcıl istehsalın yaradılması və “tüfeyli istehlak” üçün idxalın məhdudlaşdırılması hesabına idxalın hazırkı səviyyəsini ən azı 35-40% azaltmaq.
Söhbət real idxal səviyyəsindən gedir. “Güzgü statistikası” (gömrük göstəricilərinin tutuşdurulması) əsasında qiymətləndirmələr göstərir ki, real idxal səviyyəsi statistikanın qeydə aldığı idxaldan azı 30-35% çoxdur.
İdxalın hazırkı səviyyəsini qida məhsullarının və yüngül sənaye məhsullarının daxili (amma keyfiyyətli) əvəzedicilərini yaratmaqla təmin etmək mümkündür. Əlavə olaraq hökumətin lazımsız istehlak mallarının (məsələn, bahalı xidməti avtomobillərin və avadanlıqları) idxalını məhdudlaşdırmaqla bu hədəfə töhfə vermək olar. İdxalı əvəzləyən qabaqcıl istehsalın yaradılması və “tüfeyli istehlak” üçün idxalın məhdudlaşdırılması sayəsində idxala xərclənən ən azı 2,5-3 milyard dollara qənaət etmək mümkündür.
2) Xarici sərmayə əsasında qurulan ixrac yönümlü və rəqabətə davamlı məhsul hesabına qeyri-neft ixracının hazırkı 1,5 milyard dollardan ən azı 5-6 milyard dollara çatdırılması.
3) Ticarət balansının qeyri-neft kəsirinin hazırkı 6-6,5 milyard dollardan 2-2,5 milyard dollara endirilməsi.
4) Qeyri-neft sektoruna xarici sərmayə axınını hazırkı 1,2-1,3 milyard dollardan heç olmasa 7-8 milyard dollara çatdırılması.
5) Xaricə investisiya formasında rezidentlərin ölkədən çıxardığı ən azı 8-10 milyard dollar sərmayənin 1,5-2 milyard dollara qədər enməsinə nail olmaq.
Söhbət qadağanedici və inzibati tədbirlərdən yox, kapitalı ölkədə saxlayanlara əlverişli siyasi, hüquqi (mülkiyyətə təminat, müstəqil məhkəmə və s.), iqtisadi mühitin yaradılmasından gedir.
Bu hədəflərə nail olmaq o deməkdir ki, neftin qiymətinin hətta 40-45 dollar olduğu şəraitdə belə manatın məzənnəsinin sabitliyinə, tədiyyə balansının ümumi saldosunun müsbət olmasına, qeyri-neft büdcə gəlirlərinin azı 8-9 milyard manata çatdırılması şərti ilə dövlət büdcəsinin gəlirlərinin 15-16 milyard dollar səviyyəsində saxlanmasına (Neft Fondunun transfertlərinin büdcədə payını hazırkı 50-55%-dən 20-25%-ə endirmək şərti ilə) dayanaqlı baza formalaşacaq.
Hökumət antiböhran proqramı qəbul edərsə, baza hədəfləri kimi bunlar seçilməlidir.
Beynəlxalq Bankın sabiq məsul vəzifəli əməkdaşları və iş adamları həbs olunub
21.09.2015
Azərbaycan Beynəlxalq Bankından yüksək məbləğdə kredit götürüb qaytarmayan bir qrup şəxs həbs edilib. Hüquq mühafizə orqanlarından APA-ya verilən məlumatda deyilir ki, tutulanlar bu şəxslərdir: Beynəlxalq Bankın Mərkəzi filialının direktoru olmuş İlqar Abdullayev, Nəqliyyat filialının direktoru vəzifəsində işləmiş Kənan Orucov, Beynəlxalq Bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, “Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənov, “Azərinşaatservis” MMC-nin təsisçisi olduğu “Trek İnvest”in direktor əvəzi Əli Əlişov və “İnter Glass” ASC-nin direktoru Fariz Muradov.
Bu il martın 18-də Beynəlxalq Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyev istefa verib.
İyulun 15-də prezident İlham Əliyev Beynəlxalq Bankın dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması haqqında fərman verib. Fərmanda qeyd olunub ki, son illər bankın idarə edilməsində və investisiya-kredit siyasətində yol verilmiş nöqsanlar, o cümlədən səmərəsi aşağı olan riskli investisiya layihələrinin maliyyələşdirilməsi bankın maliyyə vəziyyətinin pisləşməsinə, problemli aktivlərinin artmasına və likvidliyinin daralmasına səbəb olub, yaranmış vəziyyətin aradan qaldırılması, bankın maliyyə mövqeyinin bərpası və dayanıqlığının təmin edilməsi üçün problemli aktivlərin bankın idarəetməsindən çıxarılaraq ixtisaslaşmış quruma verilməsi zərurəti yaranıb.
Sənədə görə, problemli aktivlər dövlətə məxsus “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının idarəetməsinə verilib.
İyulun 22-də Beynəlxalq Bankın yeni İdarə Heyəti seçilib. Sədr Elmar Məmmədovdur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi şikayət statistikası yayıb
21.09.2015
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”inə yanvar-avqust ayları ərzində ölkə ərazisində ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması və ekoloji qanun pozuntuları ilə əlaqədar 2482 şikayət daxil olub. Sentyabrın 21-də yayılan rəsmi məlumata görə, 2482 şikayətdən 2200-ü yerində araşdırılıb, qanuna müvafiq tədbirlər görülüb. Digər müraciətlərin araşdırılması davam etdirilir.
Şikayətlər əsasən məişət tullantılarının qalaqlanması, çirkab suların axıdılması, ağacların qanunsuz kəsilməsi, aşma təhlükəsinin olması, atmosfer havasının çirklənməsi, yerin təkindən istifadə, flora və faunanın mühafizəsi ilə əlaqədar olub.
“Volkswagen”in Amerikadakı fırıldağı şirkətin dəyərini 16 milyard avro azaltdı
21.09.2015
Almaniyanın “Volkswagen” avtomobil konserninin səhmləri sentyabrın 21-də 22 faiz ucuzlaşıb. Transparency.az xəbər verir ki, 2008-ci ildən bəri ən böyük ucuzlaşma (1 səhm 126,4 avrodur) nəticəsində şirkət 16 milyard avro dəyər itirib.
Bu cür ucuzlaşmaya konsernin ABŞ-da ekoloji normaları pozduğuna görə 18 milyard dollar cərimələnəcəyi xəbəri səbəb olub. ABŞ-ın Ətraf Mühitin Mühafizəsi Agentliyi “Volkswagen” avtomobil konserninin 2009-2015-ci illərdə bu ölkəyə ixrac etdiyi 500 min maşının havaya normadan 10 dəfə çox zərərli maddə buraxdığını aşkara çıxarıb. Həmin avtomobillərə quraşdırılmış xüsusi qurğu ekoloji testlər zamanı hər şeyi normada göstərirmiş.
Dizel mühərriki ilə işləyən avtomobillərlə bağlı fırıldaq üzə çıxandan sonra “Volkswagen”in baş direktoru üzrxahlıq mesajı yayıb.
Hərbi pilotların hazırlığı mərkəzi açılıb
21.09.2015
Müdafiə Nazirliyinin 21 sentyabr məlumatına görə, Hərbi Hava Qüvvələri pilotlarının hazırlığı mərkəzi açılıb. Mərkəzin açılışında iştirak edən müdafiə naziri general-polkovnik Zakir Həsənov Mi-35 zərbə helikopteri ekipajlarının hazırlığı üçün nəzərdə tutulan kompleks trenajor mərkəzində idarəetmə, paraşüt-desant, axtarış-xilasetmə, helikopter trenajorları, hündürlük ləvazimatları, laboratoriya və digər otaqlardakı şəraitlə tanış olub. Bildirilib ki, real şəraitə tam uyğunlaşdırılan müasir tipli helikopter trenajorları otağında quraşdırılan avadanlıq təsdiqlənən hazırlıq proqramına uyğun olaraq ekipajların nəzəri təlim hazırlığını artırmaq, bacarıqlarını lazımi döyüş səviyyəsində saxlamaq, o cümlədən digər hava vasitələrini idarə edən uçuş heyətinin yenidən öyrədilməsi məqsədini daşıyır. Pilotların hazırlığında istifadə olunan trenajorlar uçuşu, döyüş atışlarını və digər fəaliyyətləri virtual olaraq həyata keçirmək imkanı verir.
Həqiqi helikopterin kabinəsinin interyerini əks etdirən, eyni zamanda cihaz, ləvazimatlar, idarəetmə qurğuları quraşdırılan və operator tərəfindən idarə olunan trenajorda uçuş heyəti verilən proqrama uyğun marşrut üzrə, havanın və sutkanın rejimi, manevr imkanları, texniki vəziyyət və digər amillər nəzərə alınmaqla hazırlıq keçir.
General-polkovnik Zakir Həsənov döyüş helikopterlərinin dayanması, onlara texniki xidmətin göstərilməsi və təmiri məqsədilə yeni tikilən və müasir avadanlıqla təchiz olunan anqarlara da baxıb.
Daxili dövlət borclanmasının yuxarı həddi 3 milyard manat artırılır
21.09.2015
Azərbaycan Respublikasının 2015-ci il üzrə daxili və xarici dövlət borclanmasının yuxarı həddi (limiti) 1,5 milyard manat təsdiq edilib. APA-Economics-in məlumatına görə, 2015-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsi hazırlanıb və daxili dövlət borclanmasının yuxarı həddi 4,5 milyard manata qədər artırılır.
Dəyişikliyi nəzərdə tutan qanun layihəsi Milli Məclisin sentyabrın 30-da keçiriləcək plenar iclasında müzakirə olunacaq. Yenilik parlamentdən keçsə, 2015-ci ilin iyulun 15-dən tətbiq ediləcək.
Prezident üç məhkəmənin köhnə sədrlərini postunda saxladı
22.09.2015
Prezident İlham Əliyev sentyabrın 21-də sərəncamlar imzalayaraq üç məhkəmə sədrinin səlahiyyət müddətini uzadıb. İman Məmməd oğlu Nağıyev Bakı Apellyasiya Məhkəməsinin, Mübariz Dosməmməd oğlu Əkbərov Şəki Apellyasiya Məhkəməsinin, Vəli Əsgər oğlu Abdullayev Kəpəz Rayon Məhkəməsinin sədri postunda qalıblar.
Transparency.az bildirir ki, 58 yaşlı İman Nağıyev 2007-ci ildən Bakı Apellyasiya Məhkəməsinin sədridir.
Mübariz Əkbərovun 51 yaşı var, o, Şəki Apellyasiya Məhkəməsinin sədri postunu 2010-cu ildən tutur.
47 yaşlı Vəli Abdullayev 2009-cu ildən Kəpəz Rayon Məhkəməsinə sədrlik edir.
Lənkəranda əmək yarmarkası: 693 nəfərdən 102-si iş tapdı
22.09.2015
Lənkəran şəhərində əmək yarmarkası keçirilib. AZƏRTAC-ın 22 sentyabr məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkil etdiyi yarmarkaya 19 müəssisə 269 vakant iş yeri çıxarıb.
Əmək yarmarkasında iştirak edən 693 nəfərdən 102 nəfərinə ixtisaslarına uyğun müvafiq iş yerlərinə göndəriş vərəqələri verilib, 30 nəfər isə peşə hazırlığı kurslarına cəlb olunub.
Varşavada Azərbaycanla bağlı aksiya
22.09.2015
Sentyabrın 21-i Varşavada ATƏT-in insan ölçüsü üzrə 2015-ci il konfransı açılıb. İnsan hüquqları və demokratiya məsələlərinə həsr olunan konfransı qərargahı Polşa paytaxtında yerləşən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu keçirir.
“Azadlıq” radiosunun məlumatına görə, konfransda xarici iştirakçılardan ibarət qrup üzərinə Azərbaycandakı məhbus hüquq müdafiəçiləri və jurnalistlərin fotoları həkk edilmiş maykalarla Azərbaycan nümayəndə heyətinin qarşısına çıxıb. Qeyri-hökumət təşkilatı olan Vətəndaş Həmrəyliyi Platformasının fəalları məhbuslara azadlıq tələb ediblər. Onlar Azərbaycan nümayəndə heyətinin təmsilçisi və ATƏT sədri, Serbiyanın xarici işlər naziri İvitsa Daçiç çıxış edərkən ayağa qalxıblar.
Hökumət daxili borclanma limitini niyə artırır? (Ekspert rəyləri)
22.09.2015
2015-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsi hazırlanıb: Azərbaycanın daxili dövlət borclanmasının yuxarı həddi 1,5 milyard manatdan 4,5 milyard manata artırılır. Qanun layihəsi Milli Məclisdən keçsə, yenilik 2015-ci ilin iyulun 15-dən tətbiq ediləcək.
Transparency.az-a danışan iqtisadçı ekspert Qubad İbadoğlu deyib ki, daxili dövlət borclanmasının yuxarı həddində artım dövlət layihələrinin maliyyələşdirilməsi üçün vəsaitin cəlbi və Beynəlxalq Bankın borclarının idarə edilməsi zərurətindən irəli gəlir. Mexanizmə gəlincə, Maliyyə Nazirliyinin buraxdığı istiqrazlar satışa çıxarılacaq, Mərkəzi Bank da onların alınmasında iştirak edəcək və beləliklə, maliyyələşmə açılacaq, yekunda dövlətin daxili borcları artacaq”.
Digər ekspert Rövşən Ağayev də qeyd edib ki, hökumət 3 milyard manat daxili borclanmaya ilk növbədə Beynəlxalq Bankın sağlamlaşdırılması məqsədilə gedir: “Əlavə olaraq Dövlət Neft Şirkətinin daxili və xarici layihələrinin dəstəklənməsi üçün 1,8 milyard manat daxili borclanma planlaşdırlır. Qısa bir zaman kəsiyində dövriyyədə olan pul kütləsinin az qala 70 faizi qədər daxili borclanmaya ölkənin maliyyə sisteminin davam gətirə bilib-bilməyəcəyini isə söyləmək çətindir”.
Yer kürəsi əhalisinin internetdən istifadəsi barədə hesabat yayılıb
22.09.2015
BMT-nin genişzolaqlı rabitə üzrə komissiyası hesabat yayıb. www.mincom.gov.az-ın məlumatına görə, 2015-ci ildə qlobal miqyasda internetləşmənin artım tempi 8,1 faiz olub. Bir il əvvəl bu göstərici 8,6 faiz idi. 2012-ci ilədək bu göstərici uzun illər ərzində ikirəqəmli ədədlərlə artıb. Ekspertlərin proqnozlarına görə, bu say nəzərə alınmaqla 2020-ci ilədək internet istifadəçilərinin sayı 4 milyarda çatacaq.
Hazırda Yer kürəsi əhalisinin təxminən 57 faizi (4 milyard nəfərdən çox) internetdən mütəmadi və ya aktiv istifadə etmir. Bu vəziyyət operatorların ölkələrin ucqar regionlarında telekommunikasiya infrastrukturunun inkişafına çoxlu vəsait xərcləmək istəməməsi, eləcə də mobil rabitə abunəçilərinin sayının artım tempinin kəskin azalması ilə əlaqədardır.
2014-cü ildə 2,9 milyard insan internet istifadəçisi olub, cari ilin sonunadək bu göstəricinin 3,2 milyard nəfərədək artacağı gözlənilir, bu da planetin ümumi əhalisinin təxminən 43,4 faizi deməkdir.
“ASAN xidmət”ə qəbul: imtahan mərhələsi başa çatdı (Nəticələr)
22.09.2015
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində inzibati vəzifələrin yeddinci təsnifatına uyğun olan 11 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün avqustun 6-da elan edilən müsabiqənin test imtahanları sentyabrın 21-də başa çatıb.
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın açıqlamasına görə, müsabiqədə iştirak etmək üçün 189-u qadın olmaqla 772 namizəd qeydə alınıb. Onlardan 362 nəfəri (46,89 faiz) imtahana gəlməyib.
Test imtahanı mərhələsində iştirak edən 344 namizəddən 19-u qadın olmaqla 66 nəfəri bu mərhələdə uğur qazanıb. Qaliblərin 90,91 faizi gənclərdir.
İmtahan mərhələsində uğur əldə edən namizədlər müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün 10 iş günü ərzində qanunvericiliklə müəyyən olunmuş sənədlərini komissiyaya təqdim etməlidir.
Yarım milyon manata yaxın vergi borcu olan iş adamı beynəlxalq axtarışa verilib
22.09.2015
Azərbaycanda külli miqdarda vergi borcu olan iş adamı Kazımov Azər Əkbər oğlu beynəlxalq axtarışa verilib. 1968-ci il təvəllüdlü Azər Kazımova Cinayət Məcəlləsinin 213-cü (vergidən yayınma) və 192-ci (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb.
Azər Kazımov ölkədən qaçdığı üçün hüquq mühafizə orqanları İnterpola müraciət edib.
APA-nın əldə etdiyi məlumata görə, Azər Kazımov “MST Tikinti-Quraşdırma” MMC-nin rəhbəri olub. Onun 500 min manata yaxın vergi borcu var.
Rusiya 30 dollarlıq neft qiymətlərinə hazırlaşır
22.09.2015
Rusiya 30 dollarlıq neft qiymətlərinə hazırlaşır. AZƏRTAC-ın məlumatına görə, www.rbc.ru saytında qeyd olunur ki, Rusiya hökuməti qarşıdakı illərdə neftin bir barrelinin qiymətinin 30 dollara qədər geriləməsi nəticəsində yaranacaq çətin iqtisadi şərtlərin öhdəsindən necə gələ biləcəyini araşdırır. Neftin bir barrelinin qiymətinin 30 dollaradək enməsi vəziyyətində görüləcək işlər Rusiya hökumətinin toplantısında müzakirə edilib. Enerji nazirinin köməkçilərindən biri neftin qiymətinin 40 dollardan aşağı enəcəyi təqdirdə neft istehsalının azaldıla biləcəyini deyib.
Rusiyanın İqtisadiyyat Nazirliyi neftin bu il üçün orta qiymətinin 52 dollar, 2016-ci ildə isə 56 dollar olacağını təxmin edir.
Sentyabrın 22-də Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 46,34 dollara, Londonun İCE birjasında “Brent” markalı neftin bir barreli 48,43 dollara satılıb.
London birjasında “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 49,67 dollardır.
AXCP proqram dəyişikliyini növbəti qurultaya saxlaya bilər
22.09.2015
Azərbaycan Xalq Cəbhəsi Partiyası sentyabrın 27-də Bakının Əmircan qəsəbəsindəki Səttar Bəhlulzadə adına mədəniyyət sarayında VI (IX) qurultayını keçirəcək. Transparency.az-a danışan AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib ki, 400 nümayəndənin seçildiyi qurultayda partiya fəalları ilə birgə 800 nəfərin iştirakı gözlənir: “Diplomatik korpusun, media və vətəndaş cəmiyyətinin nümayəndələri, tanınmış ziyalılar da qurultaya dəvət olunub”.
Fuad Qəhrəmanlının sözlərinə görə, qurultayın gündəliyində duran əsas məsələlərdən biri seçkili orqanların yenidən formalaşdırılması, partiya sədrinin seçkisidir: “Qurultayda partiya sədri və Nəzarət-Təftiş Komissiyası seçiləcək, Ali Məclisin yerli təşkilatlardan seçilən nümayəndələri təsdiqlənəcək”.
AXCP sədrliyinə iki iddiaçı var: 2000-ci ildən həmin postu tutan Əli Kərimli və partiya funksioneri Sahib Kərimov.
Partiya sədrinin müavini əlavə edib ki, AXCP-nin yeni proqramı hazırlanıb: “Layihə əlimizdədir. Amma bununla bağlı müxtəlif yanaşmalar var. Konkret qərar yoxdur ki, bu layihə qurultaya çıxarılsın, yoxsa proqramla bağlı sonradan ayrıca qurultay çağırılsın. Qurultaya hazırlıq üzrə təşkilat komitəsi bu həftə məsələyə aydınlıq gətirəcək. Böyük ehtimalla 27 sentyabr qurultayında proqram məsələsinə baxılmayacaq”.
Partiyanın təşkilati quruluşunda isə dəyişiklik nəzərdə tutulmur, AXCP indiki nizamnaməni saxlamaq qərarı verib.
Transparency.az-ın əldə etdiyi məlumata görə, AXCP-nin yeni proqramının layihəsində dövlət idarəçiliyi, dövlət-vətəndaş münasibətləri, hakimiyyət bölgüsü, hüquq siyasəti və islahatlar, partiyanın sosial siyasəti, təhsil, səhiyyə sahəsində aparılacaq islahatlar, gənclər siyasəti, Dağlıq Qarabağ münaqişəsi, ordu quruculuğu, xarici siyasət, iqtisadiyyat, biznes və özəl sektorla bağlı yeni müddəalar yer alır.
Dövlət Məşğulluq Xidməti 577 nəfəri kvota üzrə ayrılmış iş yerləri ilə təmin edib
22.09.2015
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, Dövlət Məşğulluq Xidməti bu ilin yanvar-avqust aylarında sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 577 nəfər vətəndaşı kvota üzrə ayrılmış iş yerləri ilə təmin edib. Həmin şəxslərin 208 nəfəri əlil, 130 nəfəri məcburi köçkün, 95 nəfəri yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlər olub.
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi qaydası”na görə, belə şəxslər üçün müəssisələrdə işçilərin sayı 25-dən 50-dək olduqda işçilərin orta illik siyahı sayının 3 faizi, 50-dən 100-dək olduqda 4 faizi, 100-dən çox olduqda isə 5 faizi miqdarında kvota yerinin müəyyən edilməsi nəzərdə tutulur.
Cari ilin 8 ayında Dövlət Məşğulluq Xidməti tərəfindən ümumilikdə 18 min 678 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin edilib.
Əli Əhmədov: “Dərman qıtlığı olmayacaq”
22.09.2015
Baş nazirin müavini Əli Əhmədov sentyabrın 22-də paytaxt apteklərində əhaliyə göstərilən xidmətlərin vəziyyəti ilə maraqlanıb. “Zeytun” aptekinə gələn Əli Əhmədov burada dərman preparatlarının qiyməti və keyfiyyəti ilə tanış olub, aptek işçilərinin problemləri ilə maraqlanıb və onlara öz tövsiyələrini verib. Söhbət zamanı əczaçılar dərman vasitələrinin satışının yeni qayda ilə həyata keçirildiyini, dərmanların qiymətlərinin tənzimlənməsi ilə bağlı qərarı alqışladıqlarını bildiriblər.
AZƏRTAC xəbər verir ki, jurnalistlərə danışan baş nazirin müavini deyib ki, sentyabrın 15-dən Tarif Şurasında təsdiq edilmiş 25 təsiredici maddə üzrə 1057 adda dərman vasitəsinin yeni qiymətləri qüvvəyə minib: “Artıq ölkənin bütün apteklərində həmin dərman vasitələrinin eyni qiymətə satışı həyata keçirilir. Satışına icazə verilən digər dərmanların qiymətləri isə yaxın vaxtlarda müəyyənləşəcək. Bu addımın atılması heç də təsadüfi deyil. Son vaxtlaradək Azərbaycanın dərman bazarında dərman satışında vahid qiymətin olmaması əsas problemlərdən biri idi. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunan iclasındakı nitqində dərmanların qiymətləri ilə bağlı iradlarından sonra bu istiqamətdə müvafiq tədbirlər görülməyə başlanıb. Məqsəd əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəlməsinə nail olmaq, dərmanların baha satılmasının qarşısını almaqla vətəndaşların büdcəsinə müsbət təsir göstərməkdir”.
Baş nazirin müavini vurğulayıb ki, Azərbaycanda lazımi dərman ehtiyatı var və bu, daim idarə olunan bir prosesdir: “Səhiyyə Nazirliyi bu istiqamətdə qabaqlayıcı tədbirlər görür. Ola bilsin ki, dərmanların qiymətlərinin tənzimlənməsi ilə əlaqədar qısa vaxtda problemlər ortaya çıxsın, amma gələcəkdə onlar tamamilə aradan qaldırılacaq. Ölkədə dərman qıtlığı olmayacaq. Dünyada çoxlu dərman növləri var. Apteklərimizdə bir adda dərmanın tapılmaması o tərkibdə dərmanın olmaması anlamına gəlmir”.
125 dairənin 32-də namizəd qeydə alınıb (Siyahı)
22.09.2015
1 noyabr parlament seçkisinin təqvim planına əsasən, namizədlərin qeydə alınması üçün sənədləri oktyabrın 2-dək təqdim edilməlidir. Transparency.az dairə seçki komissiyalarında sentyabrın 22-dək qeydə alınmış namizədlərin siyahısını diqqətə çatdırır:
1 saylı Şərur-Sədərək: Vasif Talıbov, YAP
3 saylı Babək-Kəngərli-Naxçıvan: Hüseynqulu Bədəlov, BQP; Səttar Möhbalıyev, bitərəf; Nəriman Quliyev, BAXCP
6 saylı Culfa-Babək: Mətanət Əliyeva, bitərəf; Ülviyyə Həmzəyeva, YAP; Amil Hüseynzadə, BQP; Abdulla Məhərrəmov, bitərəf
7 saylı Ordubad-Culfa: Niyazi Quliyev, bitərəf; Əlyar Səfərov, BQP
10 saylı Binəqədi: Madər Musayev, bitərəf
13 saylı Xəzər-Pirallahı: Rauf Əliyev, YAP
14 saylı Xəzər: Mehriban Əliyeva, YAP
19 saylı Nərimanov: Hikmət Babaoğlu, YAP; Anar Umudov, bitərəf
20 saylı Nərimanov: Adil Əliyev, bitərəf
34 saylı Xətai: Əli Ağaevli, VHP; Mahir Cəfərov, bitərəf
35 saylı Xətai: İqbal Ağazdə, Ümid Partiyası
47 saylı Mingəçevir: Aydın Mirzəzadə, YAP
52 saylı Quba: Vahid Əhmədov, bitərəf
61 saylı Neftçala: Arif Rəhimzadə, YAP
63 saylı Sabirabad: Elçin Quliyev, YAP
64 saylı Sabirabad: Rüstəm Xəlilov, YAP
70 saylı Masallı şəhər: Ədalət Həşimov, bitərəf
72 saylı Yardımlı-Masallı: Musa Qasımlı, bitərəf
86 saylı İsmayıllı: Novruzəli Aslanov, bitərəf
87 saylı Ağsu-İsmayıllı: Vaqif Əsgərov, YAP; Amil Hüseynov, bitərəf
92 saylı Zərdab-Ucar: Günel İbadova, Ümid Partiyası
96 saylı Goranboy-Naftalan: Mahir Aslanov, bitərəf
102 saylı Samux-Şəmkir: Valeh Ələsgərov, bitərəf; Rahil Həsənov, YAP
104 saylı Gədəbəy-Tovuz: Əfqan Cəfərov, bitərəf
112 saylı Qax: Paşa Məmmədov, bitərəf; Əhməd Şahidov, bitərəf
113 saylı Şəki şəhər: Yaqub Mahmudov, YAP
114 saylı Şəki kənd birinci: Xanlar Ağabəyov, YAP; İbrahimxəlil Balayev, bitərəf; Mürsəl Mustafayev, bitərəf
115 saylı Şəki kənd ikinci: Elçin Qarayev, YAP
120 saylı Cəbrayıl-Qubadlı: Astan Şahverdiyev, YAP
121 saylı Laçın: Mahir Abbaszadə, YAP
122 saylı Xankəndi: Ceyhun Ələkbərov, bitərəf
125 saylı Zəngilan-Qubadlı: İmamverdi İsmayılov, YAP.
Biznesə icazə dolanbacı
22.09.2015
Do'stlaringiz bilan baham: |