Könüllü sosial sığortanın tətbiqi əsasında məcburi dövlət sosial sığortasından əlavə təminata imkan verən mexanizmlərin formalaşdırılması islahatların üçüncü vacib istiqamətini təşkil edir. Bu islahat tədbiri əmək pensiyalarının könüllü yığım komponentinin fəallaşdırılması və qeyri-dövlət pensiya institutlarının inkişaf etdirilməsini, bununla da vətəndaşların pensiya təminatının gücləndirilməsinə əlavə imkanların yaradılmasını nəzərdə tutur. Könüllü sosial sığortanın tətbiqi mürəkkəb mərhələ olmaqla ölkədə investisiya mühitindən, maliyyə və qiymətli kağızlar bazarının inkişafından və sığorta-pensiya sistemindən kənar digər amillərdən asılıdır və beynəlxalq təcrübə öyrənilməklə konseptual araşdırmaların aparılmasını zəruri edib. Bu sahədə qəbul ediləcək qanunvericilikdə könüllü sosial sığorta haqlarının toplanması mexanizmləri, vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin fərdi uçotunun aparılması, idarəedici şirkətlərə olan tələblər, investisiya qaydaları, qeyri-dövlət pensiya fondlarının yaradılması və fəaliyyətinin təşkili, bu institutlarda öhdəliklərin yerinə yetirilməsi üçün adekvat və səmərəli təminat mexanizmlərinin formalaşdırılması və effektiv idarəetmə sisteminin tətbiqi, qeyri-dövlət pensiyalarının təyinatı, ödənilməsi, bu sahədə dövlət tənzimlənməsi və nəzarətinin əsas istiqamətləri və digər məsələlər öz əksini tapmalıdır.
Könüllü sığortalanmanın stimullaşdırılması üçün bir sıra əlavə mexanizmlər də tətbiq edilməlidir. Dövlət Sosial Müdafiə Fondunda reallaşdırılan layihə çərçivəsində beynəlxalq ekspertlərin ölkəmizdə könüllü sosial sığortalanmanın tətbiqi sahəsində mütərəqqi dünya təcrübəsi əsasında hazırladığı normativ hüquqi bazanın növbəti ayda ictimaiyyətin müzakirəsinə təqdim olunması nəzərdə tutulub”.
Gözlənən pensiya islahatlarının istiqamətləri təqdim olunub
30.09.2015
Sentyabrın 30-u Bakıdakı “Hyatt Regency” otelində Dövlət Sosial Müdafiə Fondu və Dünya Bankının birgə təşkilatçılığı ilə “Azərbaycan Respublikasının pensiya təminatı sistemində islahatların aktuar qiymətləndirilməsi” mövzusunda təqdimat keçirilib. Tədbirdə beynəlxalq təşkilatların, dövlət orqanlarının və digər qurumların nümayəndələri iştirak ediblər.
DSMF sədri Elman Mehdiyev açılış nitqində deyib ki, sığorta-pensiya sisteminin inkişafı nəticəsində beynəlxalq təcrübədə pensiya sistemləri qarşısında qoyulan mühüm vəzifələrin həllinə nail olunub: “Bu nailiyyətlərdən birincisi ölkənin iqtisadi həyatı ilə pensiyaçıların sosial müdafiəsinin bazar iqtisadiyyatı prinsipləri əsasında əlaqələndirilməsinin təmin edilməsidir. Azərbaycanın müasir əsaslı sığorta-pensiya sistemi vasitəsilə iqtisadiyyatdakı əməkhaqqı fondu, bundan formalaşan sosial sığorta haqları və həmin haqlara görə təyin olunan pensiyalar həlqəsi qurulub ki, bu şəraitdə ölkə iqtisadiyyatının inkişafına uyğun sosial sığortaya cəlb olunan əmək haqlarının artımı pensiya artımlarını da şərtləndirir. Pensiyaların və fərdi hesablara toplanan sosial sığorta kapitallarının inflyasiya nəzərə alınmaqla hər il indeksləşdirilməsi isə sistemin mənfi fiskal təsirlərdən səmərəli şəkildə qorunmasını təmin edir.
Sığorta-pensiya islahatları ilə əldə olunmuş ikinci əsas nailiyyət qlobal yaşlanma fonunda dəyişən demoqrafik tendensiyaların pensiya sisteminə təsirinin uğurla tənzimlənməsidir. Ölkəmizdə qurulmuş müasir əsaslı sığorta-pensiya sistemi vasitəsilə bir tərəfdən əmək fəaliyyəti göstərən 3 milyondan çox şəxsin fərdi uçot əsasında bilavasitə öz gələcək pensiya təminatının iştirakçısına çevrilməsi, digər tərəfdən isə sığorta-pensiya sistemindəki bir sıra əlavə hüquq və imtiyazların demoqrafik göstəricilərə uyğunlaşdırılması, pensiya hüququ üzrə yaş və staja olan tələbin tənzimlənməsinə dair vaxtında qəbul edilmiş düzgün preventiv qərarlar sistemin maliyyə dayanıqlığı və islahatların davamı üçün əlverişli şəraiti təmin edib.
Üçüncüsü, mövcud maliyyə imkanlarının ölkə əhalisinin 13,5 faizini təşkil edən pensiyaçılar arasında ədalətli bölgüsünə nail olunub və onların yoxsulluq probleminin əsaslı şəkildə öz həllini tapıb. Pensiyaların orta aylıq məbləği hazırda pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyir, halbuki 2003-cü ildə bu göstərici yoxsulluq həddindən 2 dəfə aşağı idi. 2003-2015-ci illər ərzində əmək pensiyalarının orta aylıq məbləği 9,5 dəfə artıb. Eyni dövrdə yaşa görə pensiyaçılar üzrə əvəzetmə əmsalı 29,3 faizdən 43,4 faizə çatdırılıb ki, bu da beynəlxalq standartlara uyğundur”.
AZƏRTAC xəbər verir ki, Elman Mehdiyev pensiya təminatı sistemində gözlənən islahatların üç başlıca istiqamətindən danışıb: “Bunlardan birincisi pensiya təminatında sığorta prinsiplərinin gücləndirilməsini nəzərdə tutur və toplanan pensiya öhdəlikləri ilə yığılan maliyyə vəsaitlərinin balanslaşdırılmış tarazlığının təmin edilməsi, sistem iştirakçılarına münasibətdə ödənilən sosial sığorta haqlarının onun alacağı pensiya məbləğinə mütənasib olmasının gözlənilməsini təmin edən islahat tədbirləri ilə bağlıdır. Hazırda ödənilən cəmi sığorta haqqının yarısının fərdi hesablarda qeydiyyata alınması bu islahat tədbirini yüksək əməkhaqqından sosial sığorta haqları ödəyən şəxslərə münasibətdə daha aktual edir. Qeyd edilən halların aradan qaldırılması məqsədilə pensiya kapitalının formalaşmasında ödənilən sosial sığorta haqlarının tam məbləğdə nəzərə alınması kimi məsələlərə baxılması tövsiyə olunur ki, bu sosial sığorta ödəyicilərinə daha yüksək məbləğdə pensiya təyin olunmasına təminat verir.
İslahatların ikinci vacib istiqaməti dövlətin öhdəlikləri ilə pensiya sisteminin öhdəliklərinin maliyyə mənbələrinin fərqləndirilməsini əhatə edir. Hazırda pensiya sistemində bir sıra ödənişlərin məcburi dövlət sosial sığorta haqları ilə bağlı olmaması pensiya sisteminin əlavə maliyyə öhdəliklərinin yaranmasına səbəb olub. Pensiya sistemi üzərində sığorta prinsiplərinə əsaslanmayan dövlət öhdəliklərinin maliyyələşdirilməsinə hər il büdcə transfertlərindən əlavə olaraq sosial sığorta vəsaitləri də yönəldilir. Sığorta-pensiya sisteminin uzunmüddətli inkişaf dövrü üçün maliyyə dayanıqlığının daha da möhkəmləndirilməsi və bu sahədə səmərəliliyin artırılması məqsədilə bölüşdürücü funksiya daşıyan şərti yığım sistemi çərçivəsində dövlətin öhdəlikləri ilə sığorta-pensiya sisteminin öhdəliklərinin fərqləndirilməsi zərurətə çevrilib. Bu tədbirin reallaşdırılması ilə sığorta-pensiya sisteminin əlavə sərbəst vəsaitlərə malik olması və bunun pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə yönəldilməsi hədəflənir.
Könüllü sosial sığortanın tətbiqi əsasında məcburi dövlət sosial sığortasından əlavə təminata imkan verən mexanizmlərin formalaşdırılması islahatların üçüncü vacib istiqamətini təşkil edir. Bu islahat tədbiri əmək pensiyalarının könüllü yığım komponentinin fəallaşdırılması və qeyri-dövlət pensiya institutlarının inkişaf etdirilməsini, bununla da vətəndaşların pensiya təminatının gücləndirilməsinə əlavə imkanların yaradılmasını nəzərdə tutur. Könüllü sosial sığortanın tətbiqi mürəkkəb mərhələ olmaqla ölkədə investisiya mühitindən, maliyyə və qiymətli kağızlar bazarının inkişafından və sığorta-pensiya sistemindən kənar digər amillərdən asılıdır və beynəlxalq təcrübə öyrənilməklə konseptual araşdırmaların aparılmasını zəruri edib. Bu sahədə qəbul ediləcək qanunvericilikdə könüllü sosial sığorta haqlarının toplanması mexanizmləri, vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin fərdi uçotunun aparılması, idarəedici şirkətlərə olan tələblər, investisiya qaydaları, qeyri-dövlət pensiya fondlarının yaradılması və fəaliyyətinin təşkili, bu institutlarda öhdəliklərin yerinə yetirilməsi üçün adekvat və səmərəli təminat mexanizmlərinin formalaşdırılması və effektiv idarəetmə sisteminin tətbiqi, qeyri-dövlət pensiyalarının təyinatı, ödənilməsi, bu sahədə dövlət tənzimlənməsi və nəzarətinin əsas istiqamətləri və digər məsələlər öz əksini tapmalıdır.
Könüllü sığortalanmanın stimullaşdırılması üçün bir sıra əlavə mexanizmlər də tətbiq edilməlidir. Dövlət Sosial Müdafiə Fondunda reallaşdırılan layihə çərçivəsində beynəlxalq ekspertlərin ölkəmizdə könüllü sosial sığortalanmanın tətbiqi sahəsində mütərəqqi dünya təcrübəsi əsasında hazırladığı normativ hüquqi bazanın növbəti ayda ictimaiyyətin müzakirəsinə təqdim olunması nəzərdə tutulub”.
13 dairədə yalnız bir namizəd qeydə alınıb
30.09.2015
1 noyabr parlament seçkisində namizədlərin qeydə alınması üçün sənədlərin qəbulu oktyabrın 2-də baş çatır. Transparency.az/cnews qeyd edir ki, sentyabrın 30-dək 13 dairədə yalnız bir nəfərin namizədliyi qeydə alınıb:
12 saylı Qaradağ-Binəqədi-Yasamal
24 saylı Nizami
25 saylı Nizami
29 saylı Səbail
30 saylı Suraxanı
33 saylı Xətai
47 saylı Mingəçevir
54 saylı Şabran-Siyəzən
77 saylı Astara
89 saylı Göyçay-Ağdaş
99 saylı Şəmkir kənd
103 saylı Gədəbəy
124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd.
MSK-ya ödənişli təşviqat üçün 11 media quruluşu müraciət edib
30.09.2015
1 noyabr parlament seçkisində təşviqat oktyabrın 9-dan 31-dək aparılacaq. Transparency.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyası ödənişli təşviqata qoşulmaq üçün məlumat təqdim etmiş KİV-lərin siyahısını açıqlayıb. Sentyabrın 30-dək 5 agentlik (APA, MİA, “Azadinform”, Azxeber.com, Editor.az), 6 qəzet (“Reytinq”, “Palitra”, “Üç nöqtə”, “Həftə içi”, “Unikal”, “Ana Kür”) MSK-ya məlumat təqdim edib (Ətraflı).
Teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları seçkinin təyin edilməsi haqqında qərarın rəsmi dərc olunmasından sonra ən geci 30 gün keçənədək dərc etməlidirlər.
Namizədlərə pulsuz efir veriləcəkmi?
30.09.2015
Seçki Məcəlləsinə görə, parlament seçkilərində dairələrin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılmalıdır. Mərkəzi Seçki Komissiyası elan yayaraq bildirib ki, noyabrın 1-nə təyin edilmiş parlament seçkisində ödənişsiz efir vaxtı İctimai Teleradioda, dərc üçün yer “Azərbaycan”, “Xalq qəzeti” və “Bakinski raboçi” qəzetlərində nəzərdə tutulur. Amma yalnız hakim Yeni Azərbaycan Partiyasının dairələrin 60-dan çoxunda namizədləri qeydə alınıb. Hakim partiya isə təkbaşına ödənişsiz təşviqat aparmaq istəmir.
2010-cu ilin parlament seçkisində də eyni vəziyyət yaranmışdı. O zaman Mərkəzi Seçki Komissiyası 118 seçki dairəsi üzrə namizədliyi qeydə alınan şəxslərə İctimai Televiziyada pulsuz təşviqat vaxtı ayırmışdı. Namizədlərin sayı təbliğat-təşviqat gününə bölünmüş, hər bir dairə üzrə təşkil olunan dəyirmi masada namizədə 4 dəqiqə vaxt verilmişdi. Naxçıvan Muxtar Respublikasındakı 7 seçki dairəsi üzrə namizədlərə isə Naxçıvan Dövlət Televiziyasında və “Şərq qapısı” qəzetində pulsuz təşviqat üçün yer ayrılmışdı.
Bəs 1 noyabr seçkisində necə olacaq? Mərkəzi Seçki Komissiyasının media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli Transparency.az-a deyib ki, deputatlığa namizədlərə İctimai Televiziyada pulsuz təşviqat vaxtı ayırmaq məsələsi gündəmə gəlsə, komissiyanın bu barədə qərarı olacaq.
Nazirlik Beynəlxalq Ahıllar Günü ilə bağlı məlumat yayıb
30.09.2015
Oktyabr 1-i dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Transparency.az-a verilən məlumata görə, ahıl şəxslərin pensiya təminatı və ayrı-ayrı təqaüd növləri ilə təminatı ilbəil gücləndirilir: “Azərbaycanda 1 iyul 2015-ci ilə əmək pensiyalarının orta aylıq məbləği 175,1 manat olub. Ölkə üzrə yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin əmək haqlarının orta aylıq məbləğinə nisbəti 43 faizdən yuxarıdır, bu da Avropa Sosial Xartiyasının tələblərinə cavab verir.
Böyük Vətən müharibəsi əlillərinə verilən prezidentin təqaüdləri də əsaslı şəkildə artırılıb. 2014-cü il aprelin 1-dən təqaüdlər I qrup əlillər üçün 110 manatdan 150 manata, II qrup əlillər üçün 85 manatdan 130 manata və III qrup əlillər üçün 60 manatdan 100 manata çatdırılıb. Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə təyin olunan prezident təqaüdünün aylıq məbləği 2014-cü ilin may ayının 1-dən 82 faiz artırılaraq 55 manatdan 100 manata qaldırılıb.
İndiyədək 1068 nəfər Böyük Vətən müharibəsi əlili minik avtomobili, həmin təbəqədən olan 80 nəfərə yaxın ahıl isə mənzillə təmin edilib.
Hazırda 12 569 nəfərdən çox vətəndaşa evlərində sosial-məişət xidməti göstərilir, onlardan 10 251 nəfərdən çoxu 70 yaşdan yuxarı olanlardır. Sosial xidmət müəssisələrində 200 nəfərədək ahıl tam dövlət təminatında yaşayır”.
“Sosial xidmət haqqında” qanununa əsasən, ölkədə 70 yaşına çatmış vətəndaşlar ahıl hesab olunurlar.
Hesablama Palatası Belçikadakı səfirlikdə və daha üç büdcə təşkilatında yoxlamalarla bağlı qərar qəbul edib
30.09.2015
Hesablama Palatası Kollegiyasının iclası keçirilib. Ach.gov.az-ın məlumatına görə, iclasda nəzarət tədbirlərinin nəticələri üzrə hesabatlar müzakirə edilib. Hesabatlar Azərbaycanın Belçikadakı səfirliyinin fəaliyyətinə; dövlət büdcəsindən Yevlax Şəhər Təhsil Şöbəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına; Qobustan Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə; “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin Qəbələ Suvarma Sistemləri İdarəsinə ayrılan vəsaitlərin istifadəsinə aiddir.
Müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün qərarlar aidiyyəti dövlət qurumlarına göndərilib. Audit tədbirlərinin nəticələri barədə məlumatlar Milli Məclisə də təqdim olunacaq.
Media qanununa təkziblə bağlı müddəa əlavə edilir
30.09.2015
Sentyabrın 30-da Milli Məclisin mədəniyyət komitəsinin iclası keçirilib. AZƏRTAC xəbər verir ki, iclasda “Kütləvi informasiya vasitələri haqqında” qanunda dəyişiklik layihəsinə baxılıb. Layihəyə görə, qanunun 44-cü maddəsinə “kütləvi informasiya vasitəsində cinayət işləri üzrə ibtidai araşdırmanın mahiyyəti və nəticələri barədə həqiqətə uyğun olmayan və ya təhrif edilmiş məlumatlar verildikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən və ya ibtidai araşdırmanı aparan orqan məlumatın təkzib olunması və ya düzəliş verilməsi tələbi ilə müraciət etmək hüququna malikdir” hissəsi əlavə edilir.
Layihə plenar iclasa tövsiyə olunub.
Transparency.az bildirir ki, 44-cü maddənin (Təkzib, düzəliş və cavab vermək hüququ) indiki redaksiyası belədir:
- Kütləvi informasiya vasitəsində fiziki və hüquqi şəxslərin şərəf və ləyaqətini ləkələyən, böhtan və təhqir xarakterli məlumatlar verildikdə, fikirlər təhrif olunduqda fiziki şəxsin özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərlərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin kütləvi informasiya vasitəsində bir ay müddətində cavab vermək, həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, habelə üzr istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır.
Şikayətçi müraciət edərkən, yaxud məhkəmə qərar çıxararkən kütləvi informasiya vasitəsi müvəqqəti olaraq dayandırılmışsa və ya onun istehsalına (yayımına) xitam verilmişsə təkzib, cavab və ya düzəliş cavabdehin vəsaiti hesabına iddiaçının istədiyi kütləvi informasiya vasitələrindən birində dərc oluna (efirə verilə) bilər.
Torpaq sahəsinin təyinatına uyğun olmayan istifadəsinə görə cərimələr artır
30.09.2015
Sentyabrın 30-da Milli Məclis İnzibati Xətalar Məcəlləsinin 88-1-ci və 88-3-cü maddələrinə əlavə və dəyişikliklər edib. APA-nın məlumatına görə, 88-1-ci maddənin adı dəyişdirilərək “Torpaq sahəsinin məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi” variantında verilib. Yeniliyə əsasən, torpaq sahəsinin məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə fiziki şəxslər 300 manat, vəzifəli şəxslər 600 manat, hüquqi şəxslər isə 3000 manat miqdarında cərimə edilir. Hazırda bu cərimələrin yuxarı həddi 32 manatdır.
Qeyd edilən əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə fiziki şəxslər 500 manat, vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər 5000 manat miqdarında cərimə olunacaq. Hazırda bu cərimənin yuxarı həddi 35 manatdır.
88-3-cü maddəyə edilən dəyişikliyə görə, torpaq sahələrinin tikinti üçün ayrılması qaydalarının pozulması 1500 manat miqdarında cərimə tətbiqinə gətirəcək. Hazırda bu cərimə 60 manatdan 90 manata qədərdir.
Teleradio Şurası ANS-in iki verilişinin yayımını dayandırdı
30.09.2015
Sentyabrın 30-da Milli Televiziya və Radio Şurasının iclası keçirilib. İclasda ANS televiziyasının “Televiziya və radio yayımı haqqında” qanunun tələblərini pozması faktı üzrə inzibati icraata baxılıb. Rəsmi məlumata görə, ANS televiziyasının efirində yayımlanan “Sən tək deyilsən”, “Xoşqədəmlə axtarıram səni” proqramlarının yayımının 5 oktyabr 2015-ci ildən etibarən 1 ay müddətinə dayandırılması barədə qərar qəbul edilib.
Novator.az-ın məlumatına görə, qərar həmin proqramlarda saxta şouların mövcudluğu, ailədaxili münaqişələr, digər bu kimi ayrı-ayrı neqativ halların müzakirə mövzusuna çevrilməsi, insanların həyatı üzərində şou yaradılması, milli-mənəvi dəyərlərin qorunmasına ardıcıl şəkildə əməl edilməməsi, sponsorluqla bağlı qanunvericiliyin tələblərinin pozulması və başqa məsələlərlə əsaslandırılıb.
Bu ay “Televiziya və radio yayımı haqqında” qanunda dəyişiklikləri nəzərdə tutan 24 fevral 2015-ci il qanununun tətbiqinə fərman verilib. Prezident İlham Əliyevin 16 sentyabr fərmanı ilə Milli Televiziya və Radio Şurasının əsasnaməsi yenilənib.
Yeniliyə əsasən, Milli Televiziya və Radio Şurası “Televiziya və radio yayımı haqqında” qanunla müəyyən edilmiş hallarda xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi üçün məhkəmə qarşısında iddia qaldırmaq, teleradio yayımçıları xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərini və ya “Televiziya və radio yayımı haqqında” qanunun tələblərini pozduqda xüsusi razılığın (lisenziyanın) qüvvəsini və ya hər hansı proqramın yayımını bir ayadək müddətə müvəqqəti dayandırmaq, həmin qanunla müəyyən edilmiş hallarda isə xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam vermək səlahiyyəti alıb.
Do'stlaringiz bilan baham: |