Qəriblik yaman olur
Həmin gündən hamımızın Urudsuzluğu başladı, Vətənsizliyi başladı. Həmin gündən içərimizdə bir yurd həsrəti yuva saldı. Xərçəng hüceyrələri get-gedə törəyib artaraq ətrafındakı bütün orqan və toxumaları yeyib-dağıtdığı kimi, yurd həsrəti də aylar-illər keçdikcə böyüdü, içərimizi didib-parçalamağa başladı.
Susuzluğu su içməklə, aclığı yemək yeməklə yatırmaq mümkün olduğu kimi, Vətənsizlik həsrətini yalnız Vətəni görməklə, Vətəndə yaşamaqla söndürmək olar.
Urud itirilən gündən Urudu görmək ehtiyacı içimdə baş qaldırdı. Bu ehtiyacın təhriki ilə dəfələrlə müxtəlif cəhdlər göstərməyimə baxmayaraq, yalnız 2006-cı ildə Uruda səfər etmək mənə müyəssər oldu. Hələ də mənə elə gəlir ki, bu səfərin baş tutmasında real həyat hadisələri ilə yanaşı, hansısa sirli, mistik bir qüvvənin də təsiri vardır. Nahaq yerə demirlər ki, insan uzun müddət sidq-ürəklə nəyisə arzulayarsa, o arzusuna çata bilir.
“Sim-Sim”, qapını aç
Azərbaycan Respublikası Milli Məclisinin deputatları Parlamentin sessiyalarında iştirak etməklə, Milli Məclisin daimi komissiyalarında çalışmaqla yanaşı, parlamentlər arası dostluq qruplarında və beynəlxalq təşkilatların Parlament Assambleyalarında da fəaliyyət göstərirlər. Mən üçüncü çağırış (2005-2010-cu illər) Milli Məclisə üzv seçiləndə əvvəlki çağırışda fəaliyyət göstərdiyim ATƏT-in Parlament Assambleyasında deyil, yeni bir beynəlxalq təşkilatda təmsil olunmaq istəyirdim.
Lakin hansı təşkilata (Avropa Şurası, NATO, Avropa Birliyi, MDB, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Ölkələri Konfransı) üstünlük verəcəyimi müəyyən edə bilmirdim. Həm də seçim Parlamentin rəhbərliyi ilə razılaşdırılmalı idi. Məsləhət almaq üçün Milli Məclisin Aparatının rəhbəri, görkəmli hüquqşünas, gözəl alim, tanınmış ziyalı, ümumiyyətlə, çox yaxşı adam olan Səfa Mirzəyevə müraciət etdim. Səfa müəllim Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında (QDİƏT PA) Azərbaycan deputat qrupunun tərkibində fəaliyyət göstərməyimi təklif etdi.
Mən razılaşdım. Söhbətin sonunda Uruda getmək arzumdan xəbərdar olan Səfa müəllim özünəməxsus şəkildə gülümsəyərək əlavə etdi: «Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının sessiyaları hər altı aydan bir əlifba sırası ilə üzv ölkələrdə keçirilir. Bəlkə qismət oldu, Ermənistana gedə bildin, onda Urudu da ziyarət edərsən». O zaman Səfa müəllimin zarafat kimi söylədiyi (yaxud mənim zarafat kimi qəbul etdiyim) bu sözləri sonradan bir neçə ciddi məqamda xatırladım və hər dəfə də mənim QDİƏT Parlament Assambleyasına üzv olmağımı Uruda gedən yolların qapılarını üzümə açan bir mistik qüvvə, «Sim-sim» sehri ilə əlaqələndirirəm.
QDİƏT PA-da deputatlar 3 komitədə - hüquq, mədəniyyət və sosial məsələlər komitələrində fəaliyyət göstərirlər. Azərbaycan Parlamentinin nümayəndə heyəti: Asəf Hacıyev (qrupun rəhbəri), Mübariz Qurbanlı (hüquq komitəsinin üzvü), İmamverdi İsmayılov və Jalə Əliyeva (mədəniyyət və sosial məsələlər komitəsinin üzvləri), Musa Quliyev (iqtisadiyyat və ekologiya komitəsinin üzvü) olmaqla 5 nəfərdən ibarət tərkiblə QDİƏT PA-da təmsil olunur.
2005-ci ilin martın 21-22-də QDİƏT PA-nın Buxarestdə keçirilən iqtisadiyyat və ekologiya komitəsinin XXVI konfransında Mübariz Qurbanlı və mən iştirak edirdik.
Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin iştirak etdikləri bir çox beynəlxalq tədbirlərdə olduğu kimi bu tədbirdə də biz erməniləri işğalçılıqda, onlar isə bizi Ermənistanı iqtisadi blokadada saxlamaqda ittiham etdilər. Mübahisə qızışdı. Mübariz Qurbanlı əsəbi şəkildə, ümumiyyətlə, Ermənistanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvlüyündən çıxarılması məsələsini qaldırdı. Belə bir gərgin vəziyyətdə tənəffüs elan olundu.
Tənəffüsdə Rusiyanın və Türkiyənin nümayəndələri bizi ermənilərlə «barışdırmağa» cəhd göstərdilər. Gec ya tez sülhün əldə olunmasının vacibliyi, iki qonşu ölkənin daimi düşmənlər kimi deyil, dost olaraq yanaşı yaşamasının və normal münasibət qurmasının gərəkliliyi barədə söhbətlər oldu. QDİƏT PA katibinin müavini moldovan İqor Balboçanu 2006-cı ilin yay sessiyasının İrəvanda keçiriləcəyini bildirərək Parlament Assambleyasına sədrliyin Azərbaycana keçməsi ilə əlaqədar olaraq Assambleyanın nizamnamə şərtlərinə görə Azərbaycan Respublikası Milli Məclisinin Sədrinin, o özü olmasa isə səlahiyyətli nümayəndəsinin Ermənistana getməsinin zəruriliyini söylədi və zarafatla əlavə etdi:
- Siz indi burada bir-birinizi qırsanız, bəs İrəvana kim gedəcək? Mübariz müəllim yenə də kəskin bir az da bəyanatvari şəkildə (baxmayaraq ki, biz Rumıniya Parlamentinin foyesində kofe stolu ətrafında qeyri-rəsmi söhbət edirdik) söylədi ki, nə qədər Qarabağ məsələsi həll olunmayıb, nə qədər sülh imzalanmayıb bizim İrəvanda, ermənilərin isə Bakıda işləri yoxdur. Bu kəskin qərardan sonra araya sükut çökdü və bir qədər də pərtlik yarandı. Onu da xatırlatmaq istəyirəm ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, adından göründüyü kimi üzv ölkələr arasında iqtisadi münasibətlərin tənzimlənməsi məqsədi ilə yaradılmışdır. Bu təşkilat digər problemlər, o cümlədən konfliktlər problemi ilə məşğul olmur (guya olsa idi, nə edəcəkdi? – M.U.). İqor Balbaçanu münaqişə həll edəndisə, elə özlərinin Dnestryanı problemlərini həll edərdi, sonra bizə əriştə kəsərdi.
Pərtliyi aradan qaldırmaq və münasibətləri yumşaltmaq üçün dedim:- - Əgər QDİƏT səfəri təşkil edərsə, Ermənistan tərəfi təhlükəsizliyə zəmanət verərsə, İrəvanda keçiriləcək yay sessiyasında mən iştirak edərəm.
Mübariz müəllim isə bilmirəm ciddimi, ya istehza iləmi əlavə etdi.
-Oradan da apararlar Urudunu görərsən!
Mən isə eyni tonda cavab verdim.
- Əgər Uruda getmək yoxdursa, onda İrəvana getməyin mənim üçün o qədər də əhəmiyyəti yoxdur. Əksinə, İrəvana gedib oradan Uruda getməmək cəzadan başqa bir şey deyildir. Söhbətdə iştirak edən hər iki erməni deputatı İrəvana gələrəmsə mənim Sisyana, Uruda getməyimə hər cür şərait yaradacaqlarını bildirdilər.
Beləliklə, əsəbi və qarşılıqlı ittihamlarla başlayan söhbət sakit və işgüzar məcraya düşdü. Üstəlik mənim Urud həsrətimin üstünə bir sığal da çəkildi.
Həmin günün axşamı Buxarestin “Lido” hotelinin foyesində Mübariz Qurbanlı ilə çay içə-içə sabahkı iclasın gündəliyini müzakirə edirdik. Birdən Mübariz müəllim üz-gözünü turşudaraq qarşı tərəfi göstərdi (Erməni deputatları bizim masaya doğru gəlirdilər):
- Bu oğr...ları görəndə gözüm ağrıyır, bunlar da bizdən əl çəkmirlər.
- Dəymə, qoy gəlsinlər söhbət eləyək, - bəlkə Uruda getmək məsələsi doğrudan reallaşacaq.
- Heç ağlım kəsmir.
Ermənilər yaxınlaşıb salam verdilər, heç nə olmayıbmış kimi çox mehriban görüşdülər masamızda əyləşmək üçün izn istədilər. Etiraz etmədik.
Azərbaycanlı toplumunun hər bir təbəqəsində ermənilərə qarşı izah edilməz bir kin, nifrət vardır. Bu nifrət hələ maddiləşmədiyindən potensial enerji şəklində içimizdə qaynayır, içimizi deşib-dağıdır, hər hansı beynəlxalq tədbirdə bir erməni görəndə bizi özümüzdən çıxarır. Çox zaman ağlımızın deyil, emosiyamızın diqtəsi ilə qərar verir, hərəkət edirik. Ətrafdakılar isə bizi ağıllı deyil, emosional bir toplum kimi qəbul edir. Ermənilər isə bizdən fərqli olaraq daha tez ab-havaya uyğunlaşır, daha tez ünsiyyət qurmağı bacarır, tərəf müqabilinin eşitmək istədiyini daha rahat, daha yumşaq şəkildə deyə bilirlər. Bu dəfə də belə oldu.
Bizim yanımızdakı boş kreslolara əyləşən erməni deputatlar, -“gəlin daha yaxından tanış olaq”,- söyləyərək özlərini təqdim etdilər.
Qaqik Minasyan - QDİƏT Parlament Assambleyasında Ermənistan deputat qrupunun rəhbəri, Ermənistan Parlamentində büdcə komissiyasının sədri. O da məlum oldu ki, əslən Bayazid ermənisi olan Qaqik Minasyanın 45 yaşı var, iqtisad elmləri namizədidir. Robert Köçəryanın sədri olduğu Respublikaçılar Partiyasının üzvüdür, partiyanın proporsional siyahısı üzrə deputat seçilmişdir.
İkinci Qaqik Xaçaturyan adlı erməni isə Ermənistan Kənd Təsərrüfatı nazirinin müavini idi. Sessiyada region ölkələrində quş qripinin yayılma vəziyyəti məsələsi də müzakirə olunduğundan erməni tərəfi mütəxəssis kimi onu göndərmişdi.
Söhbətimiz əsasən Ermənistan-Azərbaycan münaqişəsi, münaqişənin doğurduğu fəsadlar, onun aradan qaldırılması yolları barədə daha çox diplomatik tonda və bir-birimizə dözümlü münasibət şəraitində keçdi. Beynəlxalq tədbirlərdə hər iki ölkənin nümayəndə heyətlərinin daha sıx təmasda olmasına imkan verən nöqtələrin tapılması zərurəti qeyd olundu. Daha sonra söhbət 2006-cı ilin iyununda İrəvanda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının XXVII sessiyasında Azərbaycanın iştirakı məsələsi üzərinə gəldi. Qaqik Minasyan açıq etiraf elədi ki, Ermənistan İrəvanda keçirilən bütün beynəlxalq tədbirlərə Azərbaycanı həvəslə dəvət edir, Bakıda keçirilən bütün tədbirlərə də qatılmağa can atır.
Bu siyasətdə bir incə məqam var ki, onu Azərbaycan ictimaiyyətinin də bilməsi gərəklidir. Özlərinin Bakıya gəlmək istəmələri, yaxud bizi İrəvana dəvət etmələri ilə erməni siyasətçiləri heç də bu və ya digər beynəlxalq tədbirin yüksək səviyyədə keçməsinə töhvə vermək marağından çıxış etmirlər. Bakıya ermənilərin gəlməsinə, bizim İrəvana getməyimizə Azərbaycanın etiraz edəcəyini çox gözəl bilən ermənilər belə tədbirlərdən bir şou düzəltmək, Azərbaycanın dialoqa hazır olmadığı görüntüsü yaratmaq, respublikamızı beynəlxalq təşkilatlara və onların tədbirlərinə sayğısız yanaşan bir tərəfdaş kimi qələmə vermək vasitəsi kimi istifadə edirlər.
Mən erməni deputatdan Sisyan rayonu, doğma kəndim Urud haqqında yeni bir bilgi almaq üçün müxtəlif suallar versəm də, Qaqik Minasyan o bölgədə, ümumiyyətlə, olmadığını bildirərək yalnız aşağıdakıları söylədi:
-Sisyan artıq rayon mərkəzi deyildir. Ermənistanın mövcud ərazi-inzibati bölgüsünə görə rayonlar ləğv olunub. Sovet dönəmində mövcud olmuş 3-4 rayonun ərazisi birləşdirilərək yeni inzibati vahid-marz (fars sözüdür, “hər hansı bir şəxsə, yaxud icmaya məxsus, sərhədləri məlum torpaq sahəsi” anlamındadır, sasanilər dövründə inzibati vahid forması kimi işlənmişdir- M.U.) yaradılmışdır. Ermənistanda 7 marz vardır ki, onlardan biri də Qafan, Sisyan, Gorus və Meyri rayonlarını əhatə edən Zəngəzur marzıdır. Bölgənin mərkəzi Qafan şəhəridir. Urud kəndinin adını eşitsə də, indi orada yaşayış olub-olmamasından xəbəri yoxdur. Ancaq İrəvana qayıdanda Sisyanın deputatı Hovik Azoyandan Urud kəndi barədə soruşa bilər.
Stop!!!
Azoyan? - Bu ki Urudun qonşuluğunda yerləşən azərbaycanlılarla-ermənilərin qarışıq yaşadığı Vağədi kəndində yaşayan, millətçi kimi tanınan bir ailənin familiyası idi. Ailə başçısı – Bağdasar Azoyan 1918-ci ildə Türkiyədən Sisyana gəlib Vağədi kəndində məskunlaşan ermənilərdən idi. Sovet hökuməti qurulandan sonra o Kommunist partiyasının fəal üzvü olmuş, təhsil almış, Sisyan rayonunda uzun müddət kolxoz sədri, sovxoz direktoru işləmiş, Sosialist Əməyi Qəhrəmanı kimi yüksək adla təltif olunmuşdu. Xeyirxahlığı, səxavəti, azərbaycanlılara qarşı xoş rəftarı ilə tanınan ata Azoyan övladlarını millətçi və daşnaq kimi böyütmüşdü.
1978-ci ilə qədər Urud kəndində orta məktəb olmadığından urudlu uşaqlar IX-X sinifləri Vağədi məktəbində oxuyurdular. 1960-70-ci illərdə Vağədi məktəbini bitirənlər yaxşı xatırlayırlar ki, o illər məktəbdə azərbaycanlı və erməni oğlanlar arasında tez-tez düşən davalar zamanı erməni tərəfin başında həmişə Azoyanın oğlanları dayanırdı.
Azoyanların azərbaycanlılara qarşı münasibəti 1968-ci ildən sonra daha da pisləşdi. Həmin il Azoyan ailəsinin ortancıl oğlu - Əfqanıstandakı Sovet Səfirliyində diplomatik fəaliyyətə başlayar-başlamaz bir əfqanla dava zəminində öldürüldü. Kabildən Vağədiyə gətirilən diplomatın nəşi nədənsə, kənd qəbiristanlığında deyil, kəndin ayağında, Bazar çayın qırağında yerləşən XİİI əsrə aid olduğu söylənilən xaraba vəngdə dəfn edildi. Sisyan rayon sovet və partiya rəhbərlərinin də iştirak etdiyi dəfn mitinqində sovet hökuməti qurulandan sonra rayonda ilk dəfə olaraq anti- islam, antitürk şüarları səsləndi.
Bu hadisədən sonra azoyanların azərbaycanlılara qarşı münasibəti açıq-aşkar düşmənçilik müstəvisinə keçdi. Bütün bu olayları bir anlığına yaddaşımın süzgəcindən keçirib yenidən Buxarestə, “Lido” mehmanxanasının foyesinə, Mübariz Qurbanlı ilə Qaqik Minasyanın yanına qayıtdım:
- Hovik Azoyan Vağədi kəndindəndir?
- Kəndini bilmirəm, ancaq dəqiq Sisyanlıdır.
“Lido” hotelinin foyesindəki söhbətdən mənə qalan o oldu ki, Qaqik Minasyan, əgər mən İrəvana gələrəmsə Sisyana, Urud kəndinə səfərimi təşkil edəcəyinə söz verdi.
Martın 23-də komitə iclası başa çatdı. QDİƏT PA Baş katibi, Rusiyanın nümayəndəsi Aleksey Kudryavtsev Mübariz müəllimlə mənə yaxınlaşaraq yayda İrəvanda keçiriləcək Baş Assambleyanın XXVII sessiyasına hazırlıqla bağlı fikir mübadiləsi etdi.
O, bildirdi ki, sədrliyin Azərbaycana keçməsi ilə əlaqədar olaraq bizim parlament sədrinin rəhbərliyi ilə nümayəndə heyətinin tam tərkibdə İrəvanda olması zəruridir. Lakin Ermənistanla Azərbaycan arasında diplomatik münasibətlərin olmaması səbəbindən yəqin ki, sizin Spiker İrəvana getməyəcəkdir. Ancaq nümayəndə heyətinin Ermənistanda keçiriləcək sessiyaya qatılmağı vacibdir ki, sədrlik postu və simvolik taxta çəkic və zindan Azərbaycana verilə bilsin. Biz bu barədə sizin parlamentin rəhbərliyinə rəsmi müraciət göndərəcəyik. Ancaq məsələni sizin də bilməyiniz və öncədən Bakıda müzakirələr aparmağınız faydalı olardı.
Do'stlaringiz bilan baham: |