Nigarançılıq
Ermənistana gedəcəyimiz günü dəqiqələri saya-saya gözlədiyim bir zamanda səfərin az qala baş tutmamasına səbəb ola biləcək bir hadisə baş verdi. Mayın sonlarında Ermənistan Parlamentinin sədri Artur Bağdasaryan gözlənilmədən istefa verib müxalifətə keçdiyini bəyan etdi. O Artur Bağdasaryan ki, Ermənistan dövləti adından bizə dəvət məktubu göndərmiş və Azərbaycan nümayəndə heyətinin təhlükəsizliyinə təminat vermişdi. Onun yerinə isə öz şovinist-millətçi baxışları ilə bizə Avropa Şurasından tanış olan Tiqran Torosyan seçildi. Vəziyyət köklü surətdə dəyişdi.
Baş Assambleyanın iclasına 10 gün qalmış Milli Məclis rəhbərliyinin yanında geniş müzakirələrdən sonra qərara alındı ki, Azərbaycan nümayəndə heyəti İrəvana getməsin və QDİƏT PA katibliyindən xahiş edək ki, orada sədrliyin Azərbaycana keçməsini bizsiz elan etsinlər, lazımi sənədlərə bizim yerimizə baş katib Aleksey Kudryavtsev yaxud onun müavinlərindən biri imza atsın.
Milli Məclisin beynəlxalq münasibətlər şöbəsi ilə QDİƏT PA-nın İstanbulda yerləşən qərargahı arasında intensiv yazışmalar başladı. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının katibliyi bizdən təşkilatın nizamnamə tələblərinə hörmətlə yanaşmağı, prosedur qaydaları pozmamağı tələb edirdi, əks təqdirdə bu nüfuzlu beynəlxalq təşkilatdan çıxarılacağımızla hədələyirdi.
Biz Azərbaycan deputatlarının təhlükəsizliyinə Ermənistan dövlətinin adından təminat verən Artur Bağdasaryanın artıq müxalifətdə olduğunu əsas gətirərək yeni təminat məktubu istəyirdik. Ermənistan tərəfi isə bizim düşdüyümüz seytnot vəziyyətindən istifadə edərək ikinci zəmanət məktubunu vermək məsələsini ləngidirdi.
Nəhayət uzun yazışmalardan sonra QDİƏT PA katibliyi qəti mövqe ortaya qoyaraq bildirdi ki, əgər Ermənistan Parlamentinin yeni rəhbərliyi Azərbaycan deputatlarının sessiyada iştirakına lazımi şərait yaratmasa Parlament Assambleyasının XXVII sessiyasının İrəvanda keçirilməsi məsələsi təxirə salına bilər.
Məhz bu qəti mövqedən sonra Ermənistan Parlamenti bizim təhlükəsizliyimizin və toxunulmazlığımızın təmin edilməsi ilə bağlı Tiqran Torosyanın imzası ilə katibliyə məktub göndərdi.
Beləliklə, səfərə 3-4 gün qalmış Asəf Hacıyevlə mənim İrəvana getməyimizə qərar verildi. Burada mən bir balaca haşiyə çıxaraq bildirmək istəyirəm ki, xarici siyasət daxili siyasətdən qat-qat çətin, mürəkkəb və dəyişkəndir. Azərbaycanın yerləşdiyi bölgə, üzləşdiyi münaqişə kifayət qədər enerji ehtiyatının mövcudluğu, müsəlman və türk respublikası olması bizim olduqca dəqiq, ölçülüb-biçilmiş, balanslaşdırılmış siyasət aparmağımızı tələb edir. Geosiyasi məkanda Azərbaycanın yeri olduqca mütəhərrik və kövrəkdir. Ümummilli liderimiz Heydər Əliyevin dahiyanə bir sərrastlıqla ifadə etdiyi kimi, biz indi dərin uçrumun üzərindən çəkilmiş çox nazik bir sapın üzərindəyik. Qarşı sahilə elə ehtiyatla çıxmalıyıq ki, nə sap qırılmasın, nə də müvazinətimiz pozulmasın.
Bəzi müxalifət partiyalarının, Qarabağ Azadlıq Təşkilatı və onunla həmfikir olan bəzi QHT-lərin «Bakıya erməni ayağı dəyməməlidir, bizimkilər də heç bir halda İrəvana getməməlidir», - tipli bəyanatları ilk baxışda deletant fikirlər kimi görünsə də, Azərbaycanı özünütəcrid və beynəlxalq təşkilatlarda Ermənistan qarşısında tərksilaha hesablanmış çox təhlükəli addımlardır.
Səfər ərəfəsində bərk nigarançılıq içindəyəm. Milli Məclisin sədri Oktay Əsədov Pribaltika respublikaları və Finlandiyada rəsmi səfərdədir, iyunun 4-ü qayıdacaqdır, iyunun 5-i isə biz Tbilisiyə uçmalı, oradan gürcü deputatlarla birlikdə Ermənistana getməliyik. Evi yıxılmış Tiqran Torosyan əhvalatından sonra Oktay müəllimlə görüşə bilməmişəm, Prezident Aparatında isə kimə Urud barədə desəm ola bilsin ki, İrəvana getmək də gündəlikdən çıxsın.
Gəncənin 3 deputatı - Vidadi Məmmədov, Asəf Hacıyev və mən demək olar ki, hər gün bir yerdəyik və hər gün də söhbətimizin əvvəli-axırı, Asəf müəllimlə mənim İrəvana səfərimiz barəsindədir. Ümumiyyətlə, bu səfərin əleyhinə olan Vidadi müəllim az qala mənə and verdirir ki, heç olmasa Urud sevdasını başımdan çıxarım. «Xata heç zaddan baş verir, - deyir. Gedərsən, allah eləməmiş bir peşmançılıq olar, anan yazıqdır, ailən var, balaların var, biz varıq». Çox mehriban və qayğıkeş insan olan Vidadi müəllimin ürəkdən gələn səmimi sözlərini zarafata salmaqdan başqa çarəm qalmır.
Sən heç fikir eləmə. Cavan ölsəm qiymətli olacam, Vətəndə ölsəm - qəhrəman. O ki qaldı arvad-uşağa, onun da çarəsini keçən çağırış deputat olanda qılmışam: (bir neçə deputatın, o cümlədən mənim təşəbbüsümlə «Deputat statusu haqqında» qanuna dəyişikliklər edilib, vəfat etmiş deputatın pensiyasının onun ailəsinə verilməsi müddəası qanunda öz əksini tapıb). Asəf müəllim daha təmkinli görünür, Uruda getsən bir yerdə gedərik, səni tək buraxmaram deyir.
Do'stlaringiz bilan baham: |