Müzakirə
Bakıya qayıtdıqdan sonra Mübariz Qurbanlı ilə birlikdə Milli Məclisin sədri cənab Oktay Əsədovun qəbuluna getdik. Buxarestdə keçirilən komitə iclası barədə sədrə məlumat verdikdən sonra iyun ayında İrəvanda keçiriləcək Baş Assambleyada Azərbaycanın iştirakı ilə bağlı təklifləri ona söylədik. Oktay müəllim bildirdi ki, bu məsələdə tələsik qərar vermək olmaz, gözləyin rəsmi müraciətlər gəlsin. Ermənistanın daxilində və qoşunların təmas xəttindəki vəziyyətdən asılı olaraq sessiya ərəfəsində öz münasibətimizi bildirərik.
2006-cı ilin aprelin sonlarında Oktay müəllim Səfa Mirzəyevi, Mübariz Qurbanlını və məni QDİƏT Parlament Assambleyasının İrəvanda keçiriləcək XXVIII sessiyasında Azərbaycan nümayəndə heyətinin iştirak edib-etməməsi məsələsinin müzakirəsi ilə əlaqədar qəbul etdi. Milli Məclisin sədri bildirdi ki, İrəvan sessiyasında Azərbaycan nümayəndə heyətinin iştirakı ilə bağlı həm QDİƏT PA-ın baş katibi Aleksey Kudryavtsev, həm də Ermənistan Parlamentinin sədri Artur Bağdasaryan dəvət məktubu göndəriblər. Hər iki məktubda İrəvan sessiyasında QDİƏT PA-na sədrliyin Azərbaycana keçməsi ilə əlaqədar olaraq bizim iştirakımızın zəruriliyi göstərilir və təhlükəsizliklə bağlı təminat verilir. Mənim İrəvana getməyəcəyim aydındır və bu məsələnin müzakirəsinə ehtiyac yoxdur. Əgər sədrliyin Azərbaycana keçməsi məsələsi olmasa idi, deputatlarımızın Ermənistana getməsini qeyri-məqbul saymaq olardı, lakin indiki vəziyyətin müzakirəyə ehtiyacı vardır. Buyurun, fikrinizi bildirin.
Səfa Mirzəyevlə mən QDİƏT PA sədrliyini qəbul etmək üçün Azərbaycan deputatlarından bir, ya iki nəfərin İrəvana getməsinin zəruriliyini söylədik. Mübariz Qurbanlı bizim fikirlərimizə etiraz etmədi, lakin özünün İrəvana getməyəcəyini bildirdi.
Oktay müəllim müzakirəyə yekun vuraraq söylədi ki, bizimlə düşmən olan bir ölkəyə nümayəndə heyətimiz, təbii ki, tam tərkiblə gedə bilməz, bir nəfəri də tək-tənha oraya göndərə bilmərik. Mübariz Qurbanlı getmək istəmir, Jalə Əliyevanı qadın olduğu üçün göndərmək olmaz, onda Musa ya İmamverdi İsmayılovla, ya da həmin vaxta qədər Mərkəzi Seçki Komissiyası və Konstitusiya məhkəməsi mandatını təsdiq etsə, Asəf Hacıyevlə gedər. (Asəf Hacıyev ikinci turda seçilmişdi, lakin hələ təsdiq prosesduru qurtarmamışdı).
Do'stlaringiz bilan baham: |