Ata yurdunda doqquz saat
Gəncədən çıxandan az qala bir sutka sonra, avqustun otuz birində səhər saat 4.15-də evimizə çatırıq. Anam və bacım bütün gecəni yatmayıb bizi gözləyiblər. Dayım Kamran və anamın xalası nəvəsi Həsən də bizdədir. Gəncəyə daşınası əşyaların hamısını karton qutulara, zənbillərə, çamadanlara, boxçalara qablaşdırıb evimizin birinci mərtəbəsinin eyvanına yığıblar. Son dərəcə yorğun və yuxusuz olduğumuzdan nə hal-əhval tutmağa, nə də çay-çörək yeyib-içməyə heyimiz yoxdur. Sürücü Həsənə biz durana qədər maşının palçığını yuyub təmizləməyi və saat 9.00-da bizi oyatmağı tapşırdıqdan sonra ikinci mərtəbədəki «qonaq otağı» dediyimiz otaqda açılmış yataqlarımıza girib daş kimi yatırıq.
Səhər sürücünün hay-həşirinə oyandım. Sən demə anam bizim şirin yatmağımıza qıymayıb saat 9-da deyil, 10-da sürücünü oyadıb ki, maşının yüklənməsinə nəzarət etsin. Sürücü isə gecikib qaranlığa qalacağımızdan narahat idi.
Həyətə düşəndə bütün qohum-qonşuların bizdə olduğunu gördüm. Atamın dayısı oğlu Əvəz dayı arvadı Zeynəb xala və oğlu Ələkbərlə gəlmişdi. Qonşularımız Əsəd müəllim, Hüseyn kişi, Əbülfəz dayı, Fərrux oğlu Rahid, Səmayə xala, Rəfi kişi də bizdə idilər.
Səhər yeməyi yeyəndən sonra sürücü ilə birlikdə qəbiristana getdik. Seyid Mir İsmayıl Ağanın, atamın, əmimin, dayımın, nənəmin, babamın və digər qohum-qonşuların uyuduğu qəbiristanlıqda sonuncu dəfə dua oxudum, salavat çevirdim.
Bazar çayın sol sahilindəki düzənlikdə yerin dərin qatlarından qaynayıb çıxan, təkcə Urudun deyil, bütün Zəngəzur mahalının şəfa bulağı sayılan «İsti su»ya baş çəkirəm. Ətrafda heç kəs yoxdur. Soyunub çimmək istəyirəm. Sürücü etiraz edir:
-Vaxt yoxdur, nə qədər ertədən kənddən çıxsaq o qədər salamatlıq olar.
İnad edirəm.
-Bəlkə bir də qismət olmadı, qoy doyunca çimək.
Etiraz etmir. Özü də soyunub 40-45 dərəcə hərarəti olan bu möcüzəli mineral suyun hovuzuna girir, «İsti su»da doyunca çimdikdən sonra evə qayıdırıq. Cavanlar Əsəd müəllimin və Kamran dayımın rəhbərliyi altında maşını yükləyib hazır vəziyyətdə bizi gözləyirlər. Məlum olur ki, anam kənddə qalır. İnad etdiyimi görüb məni dilə tutur:
-Yurdu boş qoymaq bizə yaraşmaz. Bir də eldən-obadan ayıbdır. Sən bacını götür get. Sağ-salamatlıq olar, ara sakitləşər, öz yurd-yuvamızda qalıb yaşayaram. Siz də yaydan-yaya gələrsiniz. Yox, əgər ara qarışsa, dayınla bir yerdə çıxıb gələrəm.
Kənddə bizə tövsiyyə elədilər ki, Gorusa girmədən Xınzirək-Çayzəmi yolu ilə Qubadlıya enək. Oradan Füzuli-Ağdam yoluna çıxaraq Gəncəyə gedək. Yol boyu Ermənistan ərazisində 3 yerdə post qurulubdur. Üçtəpədə, Xınzirəyin başında, bir də Çayzəminin çıxacağında. Hər postun haqqı 50 rubldur. Haqqını verdin, arxayın keçib gedəcəksən. Verməsən maşını axtaracaq, əşyaları yerə töküb yüz qəmbərqulu çıxaracaqlar.
Sentyabrın biri günorta saat birdə bacımı da götürüb kənddən çıxdıq. Hər üç postda sürücü «Kamaz»ı saxlayır, buraxılış məntəqəsinə yaxınlaşır, bir göy əlliliyi stolun üstünə qoyub çıxırdı. Kimik, hara gedirik, nə aparırıq soruşan olmadı. Yəqin ki, özləri hər şeyi yaxşı başa düşürdülər.
Postlarda xərclədiyi 150 manatı sürücüyə vermək istəsəm də götürmədi. “Axı biz belə danışmamışıq, yolun xərcini mən çəkməliyəm”-, deyəndə gəncəli dostum, -“ dünən gecə bizi fermada güllələsə idilər, yaxud soysa idilər,onda - nə olacağını da danışmamışdıq”, - dedi.
Azərbaycan tərəfdə maşınımızı saxlayan olmadı. Axşam saat yeddidə Gəncəyə çatdıq. Gəncənin ikinci hissə deyilən yaşayış massivində 2 ay qabaq Ararat adlı bir ermənidən 45 min rubla aldığımız həyət evinə çatanda bacım Gülsümün, qohumlarımız Kamil müəllimin, Faiq müəllimin, Nizaminin, Vidadinin, şair dostlarım Nizami Aydının (o, 1992-ci Qarabağda ildə Sırxavənd döyüşündə qəhrəmanlıqla şəhid oldu. Allah rəhmət eləsin. – M.U.) və İlhamın bizi səbirsizliklə gözlədiklərini gördük.
Səhərisi gün axşamüstü işdən gələndə bacım dedi ki, dünənki sürücü bir büküm ət gətirib, qurban payı.
Do'stlaringiz bilan baham: |