Vedinin yanı dağlar
İrəvan şəhəri tezliklə arxada qalır. Ermənilərin Ararat vadisi dediyi Vedibasarın bərəkətli torpaqları ilə Dərələyəzə doğru irəliləyirik. Yol boyu aqrotexniki standartlara uyğun becərilən üzüm plantasiyaları diqqəti cəlb edir. Müsahibimin söhbətindən bəlli olur ki, bu plantasiyaları İrəvan konyak zavodu ilə birlikdə Fransanın hansısa bir şirkəti alıbdır. Üzüm sortları da Fransadan gətirilib. Lakin Sovet hökuməti vaxtında «Axtamar», «Ani», «Ararat» konyaklarının yerini verən bir şey istehsal edə bilmirlər. Dağ döşündə iki kiçik kəndin xarabalıqları görünür. 1988-ci ildə azərbaycanlılar deportasiya olunandan sonra boşalmış belə kəndlər Ermənistanda çoxdur.
Vedibasardan Dərələyəzə keçirik. Vaxtilə Naxçıvan xanlığının, daha sonra isə İrəvan quberniyasının tərkibində olmuş Şərur-Dərələyəz mahalı 1920-ci ildə heç bir əsas olmadan 2 yerə bölünmüş, ərazisi 2308 kvadrat km olan Dərələyəz Azərbaycandan alınıb Ermənistanın tərkibinə qatılmışdır. Sovet hökuməti dövründə Dərələyəzdə 2 inzibati rayon – Yexeqnadzor (Qamışlı dərə) və Əzizbəyov (1956-cı ilə qədər Paşalı, 1989-cu ildən Vayk) rayonları mövcud olmuşdur.
Öz şəfa verici mineral süfrə suyu ilə tanınan Cermuq qəsəbəsi də Dərələyəz mahalının Əzizbəyov rayonunda yerləşir. Məşhur Kəlbəcər “İsti su”yunun əkiz qardaşı olan, Kəlbəcərlə eyni dağ silsiləsinin əks yamacından qaynayıb çıxan bu mineral bulağın əski və əsl adı “Səfolular İistisuyu” dur ki, bu ad da həmin bulağın başında kənd salmış, bu gözəl məkanı yaşayış məskəninə çevirmiş Səfo adlı bir kişi və onun nəsli ilə bağlıdır.
Dərələyəzin də azərbaycanlılar yaşayan kəndlərinin çoxusu xaraba qalmışdır. Ümumiyyətlə, içərisindən keçdiyimiz yaşayış məntəqələrində tək-tük adam gözə dəyir. Azərbaycanda və Gürcüstanda gördüyüm insan sıxlığını, həyat coşqunluğunu Ermənistanda müşahidə etmirəm.
Mənim əslən Dərələyəzdən olan dost-tanışım çoxdur. Amma nədənsə, bu qədim türk torpaqlarından keçəndə onların ikisi daha çox yadıma düşdü: Görkəmli alim və pedoqoq, el ağsaqqalı, bir çox dəyərli əsərlərin, o cümlədən «Qərbi Azərbaycanın Dərələyəz mahalı» adlı ensiklopedik monoqrafiyanın müəllifi professor Həsən Mirzəyev və Dərələyəzin Amağu kəndindən olan, sadiq Heydər Əliyevçi və YAP-çı kimi tanıdığım, təmənnasız və xeyirxah insan olan Aydın Heydərov. Dağlar və dərələr diyarı Dərələyəzin bənzərsiz təbiət mənzərələrini - dar dərələri, sıldırım yamacları, sərt qayalı dağları, dumduru bulaqları arxada qoyaraq Zəngəzur aşırımına doğru irəliləyirik.
Ümumiyyətlə İrəvanla Sisyan rayonu arasındakı 240 km-lik yolu mənə elə gəldi ki, çox rahat və bir göz qırpımında qət etdik. Yolun Əzizbəyov rayonuna aid olan hissəsindəki sonuncu aşırımı qalxıb, Sisyan rayonunun ərazisinə daxil oluruq. Dərələyəzlə Zəngəzurun sərhəddi dəniz səviyyəsindən 2500 metr yüksəklikdə Zəngəzur silsiləsindən keçir, burada Əzizbəyov (Vayk) rayonu qurtarır və Zəngəzurun Sisyan rayonu başlayır.
Do'stlaringiz bilan baham: |