Fotosintezin mənşəyi
Təkamül nəzəriyyəsini bitkilərin mənşəyi ilə bağlı çıxılmaz vəziyyətə salan digər məsələ bitki hüceyrələrinin fotosintez prosesini həyata keçirməyə necə başlaması sualıdır.
Fotosintez yer üzündəki ən əsas həyati proseslərdən biridir. Bitki hüceyrələri tərkiblərindəki xloroplastlar sayəsində su, karbondioksid və günəş işığından istifadə edərək nişasta hazırlayırlar. Heyvanlar isə öz qidalarını özləri hazırlaya bilmirlər və bitkilərdən gələn nişastadan istifadə edirlər. Elə bu səbəbdən, fotosintez kompleks həyatın əsas şərtidir. İşin daha da maraqlı cəhəti budur ki, çox mürəkkəb proses olan fotosintez prosesi hələ tam şəkildə aşkar edilməmişdir. Müasir texnologiya fotosintezi təqlid etmək bir yana qalsın, incəliklərini öyrənməyi belə hələ bacarmamışdır.
Bəs necə olur ki, təkamülçülər bu cür kompleks proses olan fotosintezin təbii və təsadüfi proseslərin məhsulu olduğuna inanırlar?
Təkamülçü fərziyyələrə əsasən, bitki hüceyrələri fotosintez etmək üçün fotosintez edən bakteriyaları udub xloroplasta çevirmişlər. Bəs bakteriyalar fotosintez kimi mürəkkəb prosesi etməyi necə öyrəniblər? Hətta daha əvvəl də nə üçün bu cür prosesi həyata keçirməyə başlayıblar? Təkamülçü ssenarinin digər suallara olduğu kimi, bu suala da verəcəyi heç bir elmi cavabı yoxdur. Bir təkamülçü mənbədə verilən izahlar bu mövzunun nə qədər səthi və “nağılabənzər” düşüncə tərzi ilə dəyərləndirildiyni göstərir:
İbtidai okeanlarda çox sayda bakteriya və qida molekulları vardı. Zaman ərzində okeanlardakı bakteriyaların qidası azaldı və bakteriyalar qida tapmadılar.
Birdən bakteriyalar öz qidalarını özləri hazırlamağa başladılar. Bu zaman yer üzünə gələn ultrabənövşəyi şüalar və görünən işıq arasından bakteriyalar ultrabənövşəyi şüaların zərərli, görünən işığın faydalı olduğunu bildilər. Qida əldə etmək üçün zərərli ultrabənövşəyi şüalardan deyil, görünən işıqdan istifadə etməyi kəşf etdilər.336
Başqa bir təkamülçü mənbə olan “Yer üzündə həyat” (Life on Earth) adlı kitabda fotosintezin mənşəyi belə izah edilir:
Bakteriyalar əvvəl okeanlarda müxtəlif karbon birləşmələri ilə qidalanırdılar. Sayları artdıqca qida qıtlığı əmələ gəldi. Müxtəlif qida mənbəyi tapa bilənlər yaşayacaqdı və nəticədə bəziləri bunu bacardı. Ətraf mühitdən hazır qida tapmaqdansa, günəşdən ehtiyacları olan enerjini alaraq hüceyrə divarları daxilində öz qidalarını hazırlamağa başladılar.337
Qısaca desək, təkamülçü mənbələr insanın belə malik olduğu bütün texnologiya və məlumata baxmayaraq, hələ bacara bilmədiyi fotosintez kimi prosesin bakteriyalar tərəfindən təsadüfən “kəşf edildiyini” söyləyirlər. Nağıldan heç fərqi olmayan bu hekayələrin heç bir elmi əsası yoxdur. Mövzunu daha ətraflı təhlil edənlər isə fotosintezin təkamül nəzəriyyəsini çıxılmaz vəziyyətdə qoyduğunu qəbul etməyə məcbur olurlar. Məsələn, prof. Əli Dəmirsoy bu məsələ ilə bağlı belə etiraf edir:
Fotosintez olduqca kompleks prosesdir və bir hüceyrənin içindəki orqanoiddə meydana gəlməsi qeyri-mümkün görünür. Çünki bütün mərhələlərin birdən əmələ gəlməsi qeyri-mümkün, bir-bir ortaya çıxması da faydasızdır.338
Alman bioloq Hoymar Von Ditfurt isə fotosintezin bu bacarığa malik olmayan bir hüceyrə tərəfindən sonradan “öyrənilə bilməyən” bir proses olduğunu bildirir:
Heç bir hüceyrənin bioloji bir funksiyanı sözün əsl mənasında “öyrənmə” ehtimalı yoxdur. Bir hüceyrənin tənəffüs və ya fotosintez kimi bir funksiyanı əmələ gəlməsi əsnasında yerinə yetirməyə malik olmayıb, daha sonrakı həyat prosesində bunun öhdəsindən gələcək vəziyyətdə olması, bu prosesi təmin edəcək bacarığı qazanması mümkün deyil.339
Fotosintez təsadüflər nəticəsində əmələ gəlməyəcəyinə və bir hüceyrə tərəfindən sonradan öyrənilməyəcəyinə görə, yer üzündə yaşayan ilk bitki hüceyrələrinin fotosintez etmək üçün xüsusi yaradıldıqları aşkar olur. Yəni Allah bitkiləri fotosintez bacarığı ilə birlikdə yaratmışdır.
Dəniz yosunlarının mənşəyi Təkamül nəzəriyyəsi mənşəyini açıqlaya bilmədiyi bitki hüceyrələrinin zaman ərzində dəniz yosunlarını əmələ gətirdiyini fərz edir. Dəniz yosununun mənşəyi çox qədim dövrlərə gedib çıxır. Belə ki, 3.4-3.1 milyard yaşlı fosilləşmiş yosun qalıqları tapılmışdır. Maraqlısı budur ki, bu çox qədim canlılar belə kompleks və dövrümüzdə yaşayan nümunələrindən fərqsiz formalara malikdirlər. “Science news”da dərc olunan bir məqalədə belə deyilir:
3.4 milyard il əvvələ aid mavi-yaşılımtıl yosun və bakteriya fosillərinin hər ikisi də Cənubi Afrikadakı qayalarda tapılmışdır. Daha da maraqlısı budur ki, sianobakteriya (mavi-yaşıl dəniz yosunu) ilə müasir sianobakteriya, demək olar ki, bir-birlərinə uyğundurlar.340
Alman bioloq Hoymar Von Ditfurt isə “ibtidai”yosunun kompleks quruluşu haqqında belə izah verir:
Bu günə qədər tapılmış ən qədim fosillər nüvəsiz yosun növündən olan minerallar daxilindəki fosilləşmiş cisimlərdir və bunların 3 milyard ildən daha çox yaşı var. Nə qədər ibtidai olsalar da, bunlar belə olduqca kompleks və ustalıqla nizamlanmış həyat tərzini təmsil edirlər.341
Təkamülçü bioloqlar sözügedən yosunların zaman ərzində digər dəniz bitkilərini əmələ gətirdiklərini və 450 milyon il əvvəl “quruya çıxdıqlarını” qəbul edirlər. Başqa sözlə, heyvanların “sudan quruya keçid” ssenarisi olduğu kimi, bitkilərin də “sudan quruya keçid” ssenarisi var. Ancaq bu keçid ssenarisi də heyvanlarınkı kimi əsassız və ziddiyyətlidir. Təkamülçü mənbələr hər dəfə “yosunlar özlərini quruya atıb buraya uyğunlaşdılar” kimi nağılabənzər və elmdənkənar izahlarla mövzunun üstündən keçməyə çalışırlar. Ancaq bu çevrilməni qeyri-mümkün edən çox sayda amil var. Bunlardan ən mühümlərinə qısa nəzər salaq:
1- Quruma təhlükəsi: Suda yaşayan bir bitkinin quruda yaşaması üçün əvvəla səthi artıq su itkisindən qorunmalıdır. Əks-təqdirdə bitki quruyar. Qurudakı bitkilərin qurumadan qorunmaq üçün xüsusi sistemləri vardır. Bu sistemlərdə çox mühüm detallar var. Məsələn, bu qoruma elə bir yolla edilməlidir ki, oksigen və karbondioksid kimi mühüm qazlar heç bir maneə ilə qarşılaşmadan bitkinin içinə girib çölə çıxa bilsinlər, eyni zamanda buxarlanmanın təmin edilməsi də əsasdır. Əgər belə bir sistem bitkidə yoxdursa, bitkinin bu sistemin inkişaf etməsini gözləyəcək milyon illərlə vaxtı da yoxdur. Bu təqdirdə bitki bir müddət sonra quruyar və məhv olar.
2- Qidalanma: Su bitkiləri ehtiyacları olan suyu və mineralları birbaşa içində olduqları sudan alırlar. Ona görə, quruya çıxıb yaşamağa çalışan su yosununun qidalanma problemi də ortaya çıxacaqdır. Bunu həll etmədən həyatına davam etməsi qeyri-mümkündür.
3- Çoxalma: Su yosununun qurudakı qısa ömrü əsnasında çoxalmaq üçün heç fürsəti də olmaz. Çünki çoxalma hüceyrələrini yaymaq üçün sudan istifadə edirlər. Quruda çoxalmaları üçün quru bitkilərində olduğu kimi, çox hüceyrəli çoxalma orqanlarına malik olmalıdır. Qurudakı bitkilərin çoxalma hüceyrələri isə onları qurumaqdan qoruyan xüsusi hüceyrələrlə örtülüdürlər. Quruya çıxan su yosununun da bu çoxalma hüceyrələri quruma təhlükəsinə qarşı heç bir şəkildə qoruna bilməyəcəkdir.
4-Oksigenin məhvedici təsirindən qorunma: Quruya keçdiyi iddia edilən su yosunu oksigeni o vaxta qədər suda həll olunmuş şəkildə qəbul edir. Təkamülçülərin iddiasına görə, quruya keçdiyi anda oksigeni daha əvvəl heç qəbul etmədiyi şəkildə, yəni birbaşa havadan almaq məcburiyyətində qalır. Məlumdur ki, normal şərtlər daxilində havadakı oksigenin üzvi madələrə məhvedici təsiri var. Quruda yaşayan canlıların bu təsirdən zərər almamaları üçün xüsusi sistemləri var. Su yosunu isə su bitkisidir, ona görə oksigenin mənfi təsirlərindən qorunmaq üçün lazımi hormonlara malik deyil. Buna görə, quruya keçdiyi anda oksigenin zərərli təsirindən xilas olması mümkün deyil. Belə bir sistemin əmələ gəlməsini “gözləməsi” də mümkün deyil, çünki bu şəkildə yaşaya bilməz.
Yosunların sudan quruya keçidi iddiasını ziddiyyətli edən başqa bir cəhət də belə bir keçidi tələb edən təbii bir amilin olmamasıdır. 450 milyon il əvvəlki yosunların təbii mühitlərini düşünək. Dənizlərin suyu onlar üçün ideal mühitdir. Məsələn, su onları həddindən artıq isti temperaturdan qoruyub təcrid edir və ehtiyacları olan hər cür qeyri-üzvi mineralla təmin edir. Eyni zamanda da fotosintez yolu ilə günəş şüalarını sorur, suda həll olan karbondioksiddən özlərinə lazım olan karbonhidratları (şəkər və nişasta) hazırlaya bilirlər. Ona görə də su yosunlarının quruda yaşamalarına tələbat yaradan, təkamülçü ifadə ilə bunun üçün “seçici üstünlük” təmin edən heç bir vəziyyət yoxdur.
Bütün bunlar yosunların quruya çıxaraq quru bitkilərini əmələ gətirdikləri kimi təkamül nəzəriyyəsinin tamamilə elmdənkənar fərziyyə olduğunu göstərir.
Do'stlaringiz bilan baham: |